Məhkəmə qərarları › İş №2(125)-6298/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-6298/2024

25.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-6298/2024 25.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlu, İddiaçı cavabdeh «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidmətinin» Gəncə Sukanal İdarəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək Müfəttişliyi Xidməti) qarşı «işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi» tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidmətinin» Gəncə Sukanal İdarəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək Müfəttişliyi Xidməti) qarşı «İri Şəhərlərin Birləşmiş Su Təhcizat Xidmətinin» Gəncə Sukanal İdarəsində iddiaçının sonuncu vəzifəsi üzrə işə bərpa edilməsi, iddiaçı qanunsuz işdən çıxarıldığı günün sonrakı günündən yəni xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, iddia ərizəsinin xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmasından sonra məlumatların «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə yoxlanılması zamanı «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidmətinin» Gəncə Sukanal İdarəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxs olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 49.1-ci maddəsinə görə öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 44.1-ci maddəsinə görə hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Məhkəmə «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidmətinin» Gəncə Sukanal İdarəsinin hüquq qabiliyyətinin olmamasını nəzərə alaraq, hesab edir ki, İddiaçı cavabdeh «İri Şəhərlərin Birləşmiş Su Təhcizat Xidmətinin» Gəncə Sukanal İdarəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək Müfəttişliyi Xidməti) qarşı «işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığına görə həmin iddia ərizəsini qəbul etməkdən imtina edilməli, İddiaçı hazırki iddia ərizəsi ilə «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» publik hüquqi şəxsinin ünvanının olduğu yerə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldırmaq hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İddiaçı cavabdeh «İri Şəhərlərin Birləşmiş Su Təhcizat Xidmətinin» Gəncə Sukanal İdarəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək Müfəttişliyi Xidməti) qarşı «işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçı izah edilsin ki, hazırki iddia ərizəsi ilə «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» publik hüquqi şəxsinin ünvanının olduğu yerə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ümumi qaydada müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar