Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6559/2023 18.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X13 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, doğulub boyabaşa çatdığı, ardıcıl olaraq yaşadığı Gəncə şəhəri, 3-cü mikrorayon, ev 22A, 2 saylı mənzildən istifadə hüququnun tanınmasına və həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxx 1987-ci ildə ünvan 1 ünvanda böyüyüb, boya-başa çatmışdır. Ailəli olmuşdur və ailəsi ilə birlikdə doğulub, boyabaşa çatdığı mənzildə yaşamışdır. Hal-hazırda müəyyən səbəblərə görə birgə nikahları pozulmuşdur. Gəncə şəhəri, 3-cü mikrorayon, ev 22A, mənzil 2 ünvanda atası, anası və yaşca ondan kiçik olan qardaşı ilə birlikdə 10 gün bundan öncəyə qədər yaşamışdır. Lakin, mənzilin sahibi doğma anası Cavabdeh onu mənzildən çıxarmışdır. Cavabdeh onu mənzildən çıxarmasını onunla əsaslandırmışdır ki, ona məxsus mənzili kiçik qardaşı X4 bağışlayacaqdır. Qeyd etmişdir ki, ailə üzvlərinin sayı 4 nəfərdən ibarətdir. Hal-hazırda Cavabdeh onu doğulub, boya-başa çatdığı mənzildən qovduqdan sonra, yaşamağa başqa yaşayış yeri olmadığından çöllərdə qalmışdır. Maddi durumu aşağı olduğundan kirayə ev tuta bilməmişdir. Buna görə də yaşayış yeri olmadığından Gəncə şəhəri, 3-cü mikrorayon, ev 22A, mənzil 2 ünvanda yerləşən mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etməsi qanununun müddəalarına müvafiqdir. Cavabdehə məxsus Gəncə şəhəri, 3-cü mikrorayon, ev 22A, mənzil 2 ünvanda yerləşən mənzildə yetkinlik yaşına çatan vaxtdan yəni xx.xx.2005-ci il tarixdən bu günə kimi qeydiyyatda olaraq yaşamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, evə yalnız özü köçmək istəyir, ailəsi qayınanasıgildə qalacaqdır. Evə köçsə, həmin evdə anası, atası, qardaşı və onun ailəsi qalacaqlar. 2 otaqlı evdir, sığışarlar. Əvvəllər də 3 ailə həmin evdə yaşamışdır. Bir otaqda qardaşı, bir otaqda onlar, artırmada isə anasıgil qalmışlar. Qardaşı və onun ailəsi qayınatasıgildə qeydiyyatdadırlar. Daşkəsəndə Almalı kəndində müəllim işləməklə, həftədə 3 dəfə dərsə gedir. Daşkəsəndəki torpaq nənəsinindir. Ötən ilin avqust ayından etibarən evdən çıxmışdır, onu qovmuşdurlar. 2 dəfə atası nalayiq ifadələr işlətməklə qovmuşdur. Həmin evdə qeydiyyatdadır, orada payı vardır. Evi yoxdur, çöllərdə qalmışdır, uşağı xəstədir, kirayəyə pul vermək üçün maddi imkanı yoxdur. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, 1988ci ildə evi öz gücünə işləyib, qazanıb almışdır. 2 oğlu vardır, nə eləmişdirsə onlar üçün etmişdir. 3 ailə 2 otaqlı evdə yaşamışdırlar. O, mətbəxdə yatıb-durmuşdur ki, uşaqlar rahat yaşasın. Avqustun 15-dən sonra evdən çıxmışdır. Gözündə nasazlıq olmuş, nervisi qopmuşdur, imkanı yoxdur. Oğlu Rüfətin 37 yaşı vardır, öz başını saxlamalıdır. Qayınanası Daşkəsəndə ev bağışlamışdır, “ gedib orda qalsın.” Oğlu Rüfətin onu saymadığını qeyd edərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş- xx.xx.2007-ci il tarixli, MH Seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, 3-cü mikrorayonda istifadədə olan 0,0346 ha torpaq sahəsində yerləşən 22A nömrəli, 9 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 55 kv.m ümumi, 30,7 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 2 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyata alınmışdır. Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, İddiaçı, X2, X6, X5, X3, Cavabdeh və X1 şəhəri, 3-cü mikrorayon, ev 22A, mənzil 2 ünvanında qeydiyyatdadırlar. Xİ-JQ 492787 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1987-ci ildə anadan olmuş İddiaçı ata qrafasında X7, ana qrafasında isə Cavabdeh kimi qeyd olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Göründüyü kimi iddiaçı hazırki mübahisəli mənzildə 1987-ci ldə doğulmuş və 2022-ci ilin avqust ayına kimi həmin mənzildə yaşamışdır. İddiaçının 2022-ci ilin avqust ayına kimi həmin mənzildə yaşamasını cavabdeh özü də etiraf etmişdir. Cavabdeh iddia tələbinə qarşı etirazını iddiaçının 37 yaşı olması, öz başını saxlamalı olması, habelə qayınanası, yəni iddiaçının nənəsi tərəfindən Daşkəsəndə iddiaçıya ev bağışlanması və iddiaçının onu saymaması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2000-ci ilin sentyabr ayının 1-dək yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun, 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin qaydalarına uyğun həll edilir. Ona görə də hazırki mübahisə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinə uyğun həll edilməlidir. 1 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə, 43-cü maddəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğunluğu haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 aprel 2000-ci il tarixli qərarında göstərilmişdir ki, mənzil hüquq münasibətləri, o cümlədən yaşayış sahəsinə köçürmək, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları ilə tənzimlənir. Göründüyü kimi iddiaçı 1987-ci ildə hazırki mübahisələndirilən mənzildə doğulmuş, 2022-ci iln avqust ayına kimi həmin mənzildə yaşayaraq həmin mənzildə yaşayan digər şəxslərlə bərabər surətdə istifadə hüququ əldə etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, İddiaçı Gəncə şəhəri, 3-cü mikrorayon, ev 22A, 2 nömrəli mənzilə köçürülməli və həmin mənzildən istifadə hüququ tanınmalıdır. İş üzrə ödənilmiş 100 manat dövlət rüsümü iddiaçı tərəfindən tələb edilmədiyi üçün iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. İddiaçı Gəncə şəhəri, 3-cü mikrorayon, ev 22A, 2 nömrəli mənzilə köçürülsün və həmin mənzildən istifadə hüququ tanınsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-6559/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6559/2023
18.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver