Məhkəmə qərarları › İş №2(125)-6768/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6768/2023

14.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6768/2023 14.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X18 Şakir oğlunun sədrliyi, X5 iclas katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus olan Gəncə şəhəri, Şahsevənlər küçəsi, ev 22 ünvanından istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Şahsevənlər küçəsi, ev 22 ünvanında yerləşən yaşayış evi ona məxsusdur. Evin ona məxsus olması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ******* nömrəli çıxarışı ilə təsdiq olunur. Cavabdehlər Cavabdeh1 onun qardaşı, Cavabdeh2 qardaşı Eldarın arvadı, Cavabdeh3 isə qardaşının oğludur. Gəncə şəhəri, Şahsevənlər küçəsi, ev 22 ünvanında yerləşən yaşayış evi atası X2 adına olmuşdur, atası 24 noyabr 2002-ci il tarixdə vəfat etmişdir. Gəncə şəhəri 6 saylı notariusun 21 aprel 2006-cı il tarixli, 2v-1-46 saylı vərəsəlik şəhadətnaməsi ilə Gəncə şəhəri, Şahsevənlər küçəsi, ev 22 ünvanında yerləşən yaşayış evi ona verilmişdir. Həmin vaxt, yəni 10 aprel 2006-cı il tarixdə qardaşı Cavabdeh1 12000 (on iki min) ABŞ dolları məbləğində qarşılıqlı razılaşmaya əsasən pul vermiş, qardaşı Cavabdeh1 ata evində olan payından imtina etmişdir. Ancaq cavabdehlər hal-hazırda ona məxsus olan Gəncə şəhəri, Şahsevənlər küçəsi, ev 22 ünvanında yerləşən yaşayış evində qeydiyyatda qalsalar da onlar Gəncə şəhəri, Sevinc qəsəbəsində yaşayırlar. O, məcbur olaraq məhkəməyə müraciət etmişdir. İş üzrə cavabdehlər ailə üzvüdür. Həmin şəxslərin qeyd olunan evdə istifadə hüquqlarının olub-olmaması, eləcə də həmin hüquqa xitam verilməsi, səlahiyyəti məhkəmə tərəfindən araşdırılmalı və qiymət verilməlidir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hələ də mənzilində qeydiyyatda dururlar. Cavabdehlərin onun evindən istifadə hüquqları olmadığından onların yaşayış yeri üzrə qeydiyyata alınması “Yaşayış yeri və pasport qeydiyyatı haqqında” Qanunun 5-ci və 9-cu maddələrinə əsasən öz yaşayış yeri üzrə istifadə etdikləri evə pasport qeydiyyatına alınmalıdırlar. Hazırda cavabdehlərin həmin evdə pasport qeydiyyatında qalmaları onun əmlak üzərində mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək əlavə olaraq izahatında bildirdi ki, cavabdehlərdən Cavabdeh1 onun dayısı, digər cavabdehlər isə dayısının ailə üzvləridir. Mübahisəli əmlak olan Gəncə şəhəri, Şahsevənlər küçəsi, ev 22 ünvanı babası Əsgər Daşdəmirova məxsus olmuş, babası vəfat etdikdən sonra iddiaçı olan anası İddiaçı cavabdeh olan dayısı Cavabdeh1 12000 ABŞ dolları məbləğində pul vermiş, dayısı da həmin evə olan payından imtina etmişdir. Cavabdehlər 2005-ci ilə qədər mübahisəli evdə yaşamış, anası İddiaçı tərəfindən dayısının evdəki payının əvəzi olaraq 12000 ABŞ dolları məbləğində pul verildikdən sonra cavabdehlər oradan köçərək, Sevinc qəsəbəsində yaşamağa başlamışlar və hal-hazırda da orada yaşayırlar. Cavabdehlər 2005-ci ildən bəri faktiki olaraq iddiaçı olan anasına məxsus olan mübahisəli evdə yaşamırlar. Cavabdehlər tərəfindən iddiaçı Ofelya Əsgərovanın qanunla müəyyən edilmiş sərəncam hüquqları pozulur. Cavabdehlər daimi yaşamaq üçün başqa yerə getmişlər və onların uzun müddət mübahisəli evdə yaşamamaqlarına görə onların həmin evdə əvvəllər mövcud olan istifadə hüquqları artıq itirilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, İddiaçı onun doğma bacısıdır. Mübahisəli əmlak olan Gəncə şəhəri, Şahsevənlər küçəsi, ev 22 ünvanı X13a məxsus olmuşdur. X13 24 noyabr 2002-ci il tarixdə vəfat etmişdir. Atası vəfat etdikdən sonra iddiaçı Ofelya Əsgərova ona 12000 ABŞ dolları məbləğində pul vermiş, o da bunun müqabilində sözügedən əmlaka olan miras payından imtina etmiş və mübahisəli ev bacısı İddiaçı adına keçmişdir. 2005-ci ilə qədər Gəncə şəhəri, Şahsevənlər küçəsi, ev 22 ünvanında yaşamış, 2006-cı ildə isə iddiaçının verdiyi pul hesabına Gəncə şəhəri, Sevinc qəsəbəsində ev almış və ailəsi ilə birlikdə ora köçərək yaşamışlar. Təxminən 18 ildir ki, mübahisəli evdə yaşamır və ora getmir. Gəncə şəhəri, Şahsevənlər küçəsi, ev 22 ünvanından qeydiyyatdan çıxarsa qeydiyyata düşəcəyi başqa ünvan yoxdur. Belə ki, yaşadığı evin sənədləri olmadığına görə ora qeydiyyata düşə bilmir. Bundan başqa iddiaçı ona məxsus evin sənədləşdirilməsini üzərinə götürsə də bunu etmir. Odur ki, iddia tələbinin rədd məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, 2005-ci ilə qədər mübahisəli əmlak olan Gəncə şəhəri, Şahsevənlər küçəsi, ev 22 ünvanında yaşamışlar. İddiaçı tərəfindən atasına 12000 ABŞ dolları məbləğində pul verildikdən sonra həmin evdən köçüb başqa ünvanda yaşamağa başlamışlar. Təxminən 18 ildir ki, o, anası Ziyafət və atası Eldar mübahisəli evdə yaşamırlar. Onların Sevinc qəsəbəsində olan evlərinin sənədi olmadığına görə ora qeydiyyata düşə bilmirlər. Ailəlidir və hal-hazırda ailəsi ilə birlikdə Sevinc qəsəbəsində yerləşən evdə yaşayır. Mübahisəli evdən pasport qeydiyyatından çıxacaqları halda, qeydiyyata düşməyə başqa yerləri yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, digər Cavabdeh2 üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; MH seriyalı, ******* nömrəli, **********13-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2006-cı il tarixli Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Gəncə şəhəri, Şahsevənlər küçəsində istifadəsində olan 0,0229 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 28,9 kvadratmetr yaşayış, 21 kvadratmetr köməkçi sahədən ibarət 22 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 21 iyul 2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı, xx.xx.1965-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.2013-cü il təvəllüdlü X10, xx.xx.1976-cı il təvəllüdlü Nümayəndə, xx.xx.1952-ci il təvəllüdlü Cavabdeh1,xx.xx.1978-ci il təvəllüdlü X4, xx.xx.2022-ci il təvəllüdlü X6, xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.1996-cı il təvəllüdlü X7, xx.xx.1986-cı il təvəllüdlü X1 şəhəri, Şahsevənlər küçəsi, ev 22 ünvanında qeydiyyatdadırlar. xx.xx.2006-cı il tarixli ünvan 1də yaşayan Cavabdeh1 ünvan 2 ünvanlanmış ərizəsinin surətindən görünür ki, ünvan 3nun atası X2 adına şəxsi ev vardır. O, 24 noyabr 2002-ci ildə Gəncə şəhərində vəfat etmişdir. Atasının adına olan evdən ona çatası payın əvəzinə bacısı İddiaçı ona 12000 (on iki min) ABŞ dolları məbləğində qarşılıqlı razılaşmaya əsasən pul vermişdir. Buna görə də o, atası evindən miras paydan imtina edir və gələcəkdə bununla əlaqədar o, heç bir iddia və tələb irəli sürməyəcəkdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsinin 31 iyul 2023-cü il tarixli, 3-13-57/2-D-22473/11/23 nömrəli məktubunda Gəncə şəhəri, Şahsevənlər küçəsi, ev 22 ünvanında yaşayan İddiaçı bildirilmişdir ki, xx.xx.1965-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1952-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh3 Gəncə şəhəri, Şahsevənlər küçəsi, ev 22 ünvanından qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, cavabdehlərdən Cavabdeh1 İddiaçı qardaşı, digər cavabdehlər isə onun ailə üzvləridir. Mübahisəli əmlak olan Gəncə şəhəri, Şahsevənlər küçəsi, ev 22 ünvanı İddiaçı və Cavabdeh1 atasına məxsus olmuş, ataları vəfat etdikdən sonra İddiaçı cavabdeh olan qardaşı Cavabdeh1 mirasdan ona çatası payın əvəzində 12000 ABŞ dolları məbləğində pul vermiş, Cavabdeh1 isə ona çatası miras paydan imtina etmişdir. Gəncə şəhəri, Şahsevənlər küçəsində istifadəsində olan 0,0229 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 28,9 kv,m yaşayış, 21 kv,m köməkçi sahədən ibarət 22 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehlər 2005-ci ildən mübahisəli ünvandan köçərək getmiş və 2006-cı ildə özlərinə ünvan 4in vaxtdan bəri orada yaşamağa başlamışlar. Cavabdehlər iddiaçıya məxsus fərdi yaşayış evində formal olaraq pasport qeydiyyatında qalmışlar. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 Ələsgər oğlu və Cavabdeh3 bu faktı təsdiq etsələr də qeydiyyata düşəcəyi ünvanları olmadığından iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişlər. Digər Cavabdeh2 isə məhkəmə iclasında iştirak etmədiyindən onun iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə qeyd edir ki, cavabdehlərin mübahisəli evə istifadə hüququ 2000-ci ilin sentyabrın 1-dən əvvəl yarandığından hazırki mübahisənin həlli ilə bağlı Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Belə ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsinin birinci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı və ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün əsas, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu və həmin şəxsin yaşayış sahəsinə olan ehtiyacını məhz bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində qalması tələb olunur. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün və ya kənar şəxsin istifadə etməsi hüquqi cəhətdən əsassızdır. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı (itməsi) ilə nəticələnir. İşin müəyyən olunmuş hallarından da görünür ki, mübahisəli evdə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 faktiki olaraq müəyyən bir müddət yaşamış, hətta cavabdehlər Cavabdeh1 və Cavabdeh3 özlərinin etirafına əsasən 2005-ci ildən (18 il müddətdir) həmin evdən çıxıb getmiş, həmin evə daha sonra qayıtmamış, daimi olaraq başqa ünvanda yaşamamışlar. Bu isə məhkəmə üçün o qənaətə gəlməyə əsas verir ki, cavabdehlər mübahisəli evdə uzun illər yaşamamaqla onların orada yaşamalarına dair ehtiyacı aradan qalxmış, eləcə də mübahisəli evdən getdikdən sonra aralarında olan razılaşmaya əsasən, yəni Cavabdeh1 ona çatası miras paydan imtina etməsinin əvəzində İddiaçı ona verdiyi 12000 ABŞ dolları məbləğində pul vəsaiti ilə Gəncə şəhəri, Sevinc qəsəbəsində yerləşən evi alaraq yaşayış sahəsi ilə təmin edildiyindən mübahisəli evə sonradan köçüb yaşamaq kimi hüquqi maraqları da olmamışdır. Məhkəmə hesab edir ki, cavabdehlər uzun müddət bundan əvvəl iddiaçıya məxsus yaşayış sahəsini tərk edərək özlərinə daimi olaraq başqa yaşayış yeri seçdiklərindən, onların iddiaçıya məxsus yaşayış sahəsindən istifadə hüquqları artıq itirilmişdir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehlərin iddiaçıya məxsus evin yaşayış sahəsindən istifadə hüququnun əldə edilməsini zəruri edən əsaslar aradan qalxdığından, yəni hazırda onların həmin yaşayış sahəsinə ehtiyacı olmadığından cavabdehlərin iddiaçıya məxsus evin tərkib hissəsindən istifadə hüquqları itirilmiş hesab olunmalıdır. Məhkəmə onu da qeyd ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan evdə pasport qeydiyyatında olmaları cavabdehlərin həmin evdən istifadə hüququ əldə etməsi kimi qiymətləndirilə bilməz və cavabdehlərin qeydiyyatı formal xarakter daşıyır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə İddiaçı mülkiyyətçi kimi kompensasiya ödəmədən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə bağlı iddia tələbini irəli sürməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsini qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Konstitusiyası Məhkəməsi Plenumu həmin qərarında, həmçinin qeyd etmişdir ki, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Konstitusiyası Məhkəməsi Plenumu həmin qərarında daha sonra formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Həmin qərarında Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, formalaşdırdığı hüquqi mövqeyində qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələbinə görə yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Gəncə şəhəri, Şahsevənlər küçəsi, ev 22 ünvanından istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək belə qənaətə gəlir ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat məbləği tələb etmədiyindən həmin məbləğ onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Gəncə şəhəri, Şahsevənlər küçəsi, ev 22 ünvanından istifadə hüquqları itirilmiş hesab edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar