Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-7079/2023 07.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşaqların himayəsində saxlanılmaları və aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə qeyri-rəsmi nikahlarından doğulmuş övladları xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016cı il təvəllüdlü X2 onun himayəsində saxlanılmaları və onların saxlanmaları üçün hər uşağa görə hər ay sabit pul məbləği ilə 250 manat olmaqla, ümumilikdə 500 manat alimentin cavabdehdən tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa iddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdehdən hər uşağın saxlanması üçün 150 manat alimentin onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, izahatında göstərdi ki, cavabdehlə 2014-cü ilin fevral ayında qeyri-rəsmi nikaha daxil olaraq, evlənmişdirlər. Birgə qeyri-rəsmi nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X4 adlı iki övladları vardır. Uşaqlara münasibətdə cavabdehin atalığı müəyyən edilmişdir. Lakin bir müddətdir ki, cavabdehlə anlaşa bilməmiş və faktiki olaraq ayrılmışdırlar. Cavabdeh onu təqib edib, təhqir etmiş, uşaqları onun əlindən alacağını demişdir. Lakin uşaqlar kiçik olduqları üçün onun himayəsində saxlansalar daha məqsədə müvafiq olacaqdır. Onların saxlanması üçün hər uşağa 150 manat olmaqla aliment kəsilməsinə razıdır. Həmçinin, uşaqlar özləri də onunla qalmaq istəyirlər. Uşaqların onun himayəsində saxlanılmaqla, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, izahatında göstərdi ki, uşaqların analarının yanında qalmalarına heç bir etirazı yoxdur. Əmək haqqı 470 manat olmaqla, hər uşaq üçün 130 manat məbləğində aliment ödəməyə maddi imkanı çatır. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ 321329 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə İddiaçı doğulmuş Şəkərin atası Cavabdeh hesab edilmişdir. AZ-İ 321314 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə İddiaçı doğulmuş Selcanın atası Cavabdeh hesab edilmişdir. AZ-İİİ 859358 nömrəli və AZ-İİİ 859307 nömrəli doğum haqqında şəhadətnamələrin əsli ilə üzləşdirilmiş surətlərindən görünür ki, tərəflərin xx.xx.2015-ci il tarixdə Şəkər və xx.xx.2016-cı il tarixdə Selcan adlı uşaqları anadan olmuşdur. xx.xx.2023-cü il tarixli, MŞG-03128 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər xx.xx.2023-cü il tarixdə, saat 14:30-da keçirilən ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat məbləğində xərci tam ödəmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə tərəflərin birgə ailə münasibətlərindən xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 müddət ərzində analarının yanında qalmalarını, tərəflərin qarşılıqlı razılıqlarını və onların mənafeyini nəzərə alaraq hesab edir ki, onlar anaları İddiaçı yanında saxlanılmalı və onların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən etməli olduğu halda, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 56 manat alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Tərəflərin birgə ailə münasibətlərindən xx.xx.2015-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X4 anaları İddiaçı yanında saxlanılsın. xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh dövlət rüsumu hesabına 56 (əlli altı) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-7079/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-7079/2023
07.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver