Məhkəmə qərarları › İş №2(125)-7169/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-7169/2025

28.01.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-7169/2025 28.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 İsa oğlunun sədrliyi, Xudaverdiyeva Nilgün Elbrus qızının katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı əmək zədəsi nəticəsində alınmış əlilliyə görə ödənilən konpnsasiyanın qanunvericiliyin tələbinə uyğun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X6 ASC-yə qarşı əmək zədəsi nəticəsində alınmış əlilliyə görə ödənilən kompensasiyanın qanunvericiliyin tələbinə uyğun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, X6 Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona ödənilən ölkə üzrə minimum əmək haqqının 80 faizi miqdarında zərər ödəncinin dəyişdirilərək haırki gündə X6 Açıq Səhmdar Cəmiyyətində çilingər peşəsinin və yaxud statistik məlumata əsasən ona bərabər tutulmuş peşənin orta aylıq əmək haqqının 80 faizi miqdarında zərər ödəncinin ödənilməsi, bundan başqa əvvəlki illər üzrə ona kəsirlə ödənilmiş zərər ödəncinin yenidən hesablanaraq yerdə qalmış hissəsinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X6 ASC-nin nümayəndəsi X2 məhkəməyə etiraz ünvanlayaraq 2(125)-7169/2025 nömrəli iş üzrə tərəflər arasında, eyni predment barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olmasına görə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçını və X6 ASC-nin nümayəndəsi X1 dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə eyni tərəflər arasında eyni mübahisəyə dair Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)-367/2019-cu il nömrəli qətnaməsi qəbul edildiyindən və həmin qətnamə artıq qüvvəyə mindiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinin tələbinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)-367/2019-cu il nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X6 ASC qarşı əmək zədəsi nəticəsində alınmış əlilliyə görə ödənilən kompensasiyanın işlədiyi zavoda uyğun zavodda və ya müəssisədə işləyən 4-cü dərəcəli çilingərin əmək haqqı ilə müqayisə edib, həmin məbləğin 80 faizi miqdarında müavinətin artırılmasını xahiş etmişdir. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin həmin qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı istehsalat qəzası nəticəsində sağlamlığının pozulmasına görə ödənilməli olan ödəncin kəsiri – 586 (beş yüz səksən altı) manat pulun Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməsi, 1 mart 2019-cu il tarixdən etibarən hər ay minimum əməkhaqqı məbləğinin 80 %-i miqdarında ödəncin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. X4 X7 Cəmiyyətidə çilingər peşəsinin və yaxud statistik məlumata əsasən ona bərabər tutulmuş peşənin orta aylıq əmək haqqının 80 faizi miqdarında zərər ödəncinin ödənilməsi tələbi hissədə iddia təmin edilməmişdir. Qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qətnamə qanuni qüvvəyə minmişdir. Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263- 264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh X6 ASC qarşı əmək zədəsi nəticəsində alınmış əlilliyə görə X6 Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona ödənilən ölkə üzrə minimum əmək haqqının 80 faizi miqdarında zərər ödəncinin dəyişdirilərək, hazırda X6 Açıq Səhmdar Cəmiyyətində çilingər peşəsinin və yaxud statistik məlumata əsasən ona bərabər tutulmuş peşənin orta aylıq əmək haqqının 80 faizi miqdarında zərər ödəncinin ödənilməsi, bundan başqa əvvəlki illər üzrə ona kəsirlə ödənilmiş zərər ödəncinin yenidən hesablanaraq yerdə qalmış hissəsinin ödənilməsi tələbinə dair iddia üzrə mülki işin icraatına xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun rəsmi qaydada veriməsindən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar