Məhkəmə qərarları › İş №2(125)-734/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-734/2023

20.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-734/2023 20.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Əli oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı və Cavabdeh3 qarşı “cavabdehlərin qeydiyyatda olduqları evə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ona məxsus olan ünvan 1 mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı və Cavabdeh3 istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1-ci Qarabağ müharibəsinin veteranıdır. Gəncə şəhəri, Y.H.Əliyev Qar., küçəsi, ev 4, mənzil 3-də yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası Dövlət tikinti və Arxitektura Komitəsinin Gəncə X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2005-ci il tarixli 17801 nömrəli qeydiyyat vəsiqəsi əsasında onun xüsusi mülkiyyətindədir. Onun xüsusi mülkiyyətində qeydiyyatda olan cavabdehlərdən Cavabdeh1 onun keçmiş arvadı, Cavabdeh2 qızı və Cavabdeh3 onun uşuqlarıdır. Sözügedən fərdi yaşayış evini 2004-cü il tarixdə atası almış və 2005-ci il tarixdə ona bağışlamışdır. O, 2006-cı ilin iyul ayında Cavabdeh1 ilə el adəti ilə ailə qurmuşdur. Nikahlarını 21 fevral 2011-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan 22 iyul 2007-ci il tarixdə Cavabdeh3, 31 may 2012-ci il tarixdə Cavabdeh2 qızı anadan olmuşdur. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(043)-349/2020 nömrəli qətnaməsinə əsasən aralarında olan 21 fevral 2011-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində bağlanmış 103 saylı nikah qeydinin pozulması, birgə nikahdan doğulmuş 22 iyul 2007-ci il təvəllüdlü Cavabdeh3 və 31 may 2012-ci il təvəllüdlü Cavabdeh2 qızının anaları Cavabdeh1 yanında saxlanılması, xx.xx.2019-cu il tarixdən başlayaraq ondan hər ay, hər birinə sabit pul məbləğilə 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat alimentin tutularaq 22 iyul 2007-ci il təvəllüdlü Cavabdeh3 və 31 may 2012-ci il təvəllüdlü Cavabdeh2 qızının yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh1 ödənilməsi qət edilmişdir. O, təyin olunmuş alimenti vaxtlı-vaxtında ödəyir. Hazırda heç bir borcu yoxdur. Cavabdeh1 ondan ayrıldıqdan sonra uşaqları da götürüb getmişdir. Hazırda başqa ünvanda yaşayırlar və onda olan məlumata görə özünə ev almışdır. Cavabdeh1 özünün şəxsi evi var. Ona görə də məcbur olub hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Onların qeydiyyata düşməyə evləri var, lakin onun evində qeydiyyatdadırlar və ona öz mülkiyyətindən özü istədiyi kimi istifadə etməyinə, sərəncam verməyinə şərait yaratmırlar. Bütün bu olanlara görə o, cavabdehlərin onun mülkiyyətində olan evdən qeydiyyatdan çıxarılmaları üçün Gəncə Şəhər Baş Polis İdarəsinə müraciət etmiş, oradan ona imtina məktubu verilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Odur ki, mülkiyyət hüququ ona məxsus olan ünvan 1 mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı və Cavabdeh3 istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəməyə teleqram ünvanlayaraq işi ilə əlaqədar olaraq heç bir məhkəmə iclasında iştirak etməyə vaxtı olmadığı üçün iclasların onun iştirakı olmadan keçirilməsini xahiş etmiş və iddia tələbinin təmin olunmasına heç bir etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh2 qızı və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət tikinti və Arxitektura Komitəsinin Gəncə X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2005-ci il tarixli 17801 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhəri, Y.H.Əliyev qardaşları küçəsi, ev 4,mənzil 3-də yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2005-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh1, 22 iyul 2007-ci il təvəllüdlü Cavabdeh3 və 31 may 2012-ci il təvəllüdlü Vəliyeva X2 şəhəri, Y.H.Əliyev Qardaşları küçəsi, ev 4, 3 nömrəli mənzildə qeydiyyatdadırlar. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, ünvan 1 mənzil xx.xx.2005-ci il tarixdən iddiaçının mülkiyyətindədir. İddiaçı ilə Cavabdeh1 21 fevral 2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və mübahisəli mənzilə köçmüşlər. Birgə nikahlarından 22 iyul 2007-ci il tarixdə Cavabdeh3 və 31 may 2012-ci il tarixdə Cavabdeh2 qızı anadan olmuşdur. Cavabdehlər iddiaçının ailə üzvü olmaqla həmin mənzildə yaşamış və qeydiyyata alınmışdır. Cavabdehlər həmin fərdi yaşayış evindən 2020-ci ildən köçmüş, daimi yaşamaq üçün başqa ünvana göçmüş və həmin fərdi yaşayış evi ilə bütün əlaqələrini kəsmişlər. Lakin, onlar hələ də iddiaçıya məxsus fərdi yaşayış evində pasport qeydiyyatında formal olaraq qalmışdır ki, bu da iddiaçının mülkiyyətində olan əmlaka sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konversiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüquqi ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Мəcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-ъi maddəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Мəcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair 22 yanvar 2015-ci il tarixli qərardadında qeyd edilir ki, “nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi).” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 262.6-cı maddəsinə əsasən, əgər ixtiyarı verilmiş daşınmaz əşya üçün servituta hər cür maraq itmişdirsə, yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi ona xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, “гeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya юdəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Qeyd olunmalıdır ki, müraciətdə qaldırılan məsələnin həlli zamanı məhkəmə təcrübəsində qanunun analogiyası üzrə tətbiq edilən Mənzil Məcəlləsinin 82.3-cü maddəsinin deyil, məhz Mülki Məcəllənin 262-ci maddəsinin müddəalarının tətbiqi bu institutun mahiyyətindən irəli gəlir. Belə ki, qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür.” İşin faktiki halları ilə müəyyən olunur ki, əvvəllər mübahisəli mənzildə yaşasalar da, sonraдан daimi yaşamaq üçün başqa ünvana köçmüşlər və həmin 2020-ci ildən Cavabdeh1 mübahisəli mənzildə yaşamamışdır. Bu baxımdan məhkəmə Cavabdeh1 mübahisəli mənzili tərk edərək yaşamaq üçün başqa yerə getməsini yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacının aradan qalxması kimi qiymətləndirir və bu baxımdan hesab edir ki, Cavabdeh1 daimi yaşamaq üçün başqa yerə köçdüyü üçün mübahisəli mənzildən istifadə hüquqlarını itirmişdirr. Məhkəmə digər cavabdehlərin istifadə hüququna xitam verilməsi ilə bağlı qeyd edir ki, Cavabdeh3 22 iyul 2007-ci il tarixdə və Cavabdeh2 qızı isə 31 may 2012-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Belə ki, həmin şəxslər anasının himayəsində oldğu üçün onların yaşayış eyri də, analarının yaşadığı ev hesab edilir. Bu baxımdan həmin şəxslərin istifadə hüququna xitam verilməsi hissədində iddia tələbi əsassızdır və təmin edilməməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin olunmalı, Cavabdeh1 iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar