Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-7388/2023 07.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, faktik yaşadığı Gəncə şəhəri, Çaparidze küçəsi, 2-ci döngə ev 51 ünvanda yerləşən mülk üzərində onun mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüququna dair faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırda yaşadığı ünvan 1 ünvanda yerləşən mülk X2 adına dövlət reyesterində 1882 nömrə ilə qevdə alınmışdır. Bu evi onun mərhum valideynləri 1997-ci ildə X1 faktiki alıb, mülk sahibi 01 aprel 1997-ci ildə notarial qaydada etibarnamə verərək onun adına qeydə alınmış həmin evi ərizəçinin atası X3 tərəfindən satması, pulu və sənədləri alması üçün səlahiyyətləri vermişdir. Etibarnamə 3 il müddətinə (həmin dövrdə olan qanunvericiliyə əsasən) verilmişdir. Ancaq atası həmin müddətdə evi özgəninkiləşdirməmişdir. Bundan sonra atası və anası vəfat etmişdir. Onlar evi alan vaxtdan hazırkı vaxtadək o və digər ailə üzvləri mübahisəsiz olaraq 26 ildir ki, ünvan 2 ünvanda yaşayırlar. Arvadı və uşaqları həmin ünvanda pasport qeydiyyatındadırlar. Valideynləri vəfat etdiyindən və evin sahibi X4 barədə heç bir məlumatları olmaması səbəbindən yaşadıqları evin onun mülkiyyətimə keçməsi ilə bağlı məhkəmədə iddia icraatı qaydasında (alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və s.haqda) iddia qaldıra bilmir. Məsələnin məhkəmədənkənar qaydada həlli edilməsi, evin reyestr xidmətində qeydiyyatının onun adına keçirilməsi üçün sənədlərin əldə edilməsi mümkün deyil. Sənədlər olmadan isə valideynləri tərəfindən pulu faktiki ödənilmiş evin adına keçirilməsi qeyri-mümkündür. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır (305.1.1). Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1). Məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli qərarının 7-ci bəndində əks olunmuş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıbalınmadığı aydınlaşdırılmalıdır. Məhkəmələrə izah edilsin ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Hazırkı iş üzrə ərizəçi, X2 adına qeydə alındığını və atası tərəfindən alındığını bildirdiyi Gəncə şəhəri, Çaparidze küçəsi, 2-ci döngə ünvanda yerləşən 51 nömrəli evin üzərində onun mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüququna dair faktın müəyyən edilməsini xahiş etmişdir. Lakin qeyd edilən qərarda əks olunmuş hüquqi mövqeyə əsasən, başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Ərizəçi, X4 barəsində rəsmi məlumat əldə edə bilmədiyi üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etdiyini bildirmişdir, lakin qeyd edilən qərarda ümumi qaydadan belə bir hal üçün istisna nəzərdə tutulmamışdır. Bundan başqa, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, hazırkı ərizənin icraata qəbul edilməsindən imtina edilməli, əmlaka hüququn yaranmasını təsdiqləyən müqavilənin bağlanmış hesab edilməsinə dair tələblə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatını aparan orqana qarşı iddia ərizəsi ilə “ünvan 3 ünvanı nəzərə alınmaqla Gəncə Şəhər Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-7388/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-7388/2023
07.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver