Məhkəmə qərarları › İş №2(125)-767/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-767/2024

08.02.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-767/2024 08.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, ünvan 1 ünvanında yerləşən evə azyaşlı övladları ilə birlikdə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nigahlarından xx.xx.2010-cu il təvəllüdlü X5 dünyaya gəlmişdir. Hazırda o, Cavabdeh ilə nigaha daxil olduqdan sonra onun razılığı ilə sahibliyində və istifadəsində olan Gəncə şəhəri, ünvan 1 ünvanda yerləşən evə gəlin köçmüşdür. Sonradan cavabdeh qanunsuz hərəkətləri ilə onu həmin zorla çıxarmışdır. Hazırda ona məxsus olan bütün əmlakları həmin evdə yerləşir. Qeyd olunan fərdi yaşayış evi tam olaraq yaşayış üçün yararlı olmaqla cavabdehin babasının adına texniki sənəd əsəasında inventarlaşmışdır. Cavabdeh onu həmin evdən çıxardığından həmin evə köçməyi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı və təmsilçisi hər biri ayrı-ayrılıqda iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddiaya etiraz edərək rədd olunmasını xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhər notariat kontorunda X6 ilə bağlanmış xx.xx.1933-cü il tarixli 14321 saylı müqaviləyə əsasən X2 fərdi yaşayış evinin tikintisi üçün 138.0 kvm torpaq sahəsi ayrılmışdır. X1 adına Gəncə şəhəri, 1-ci hissə, 24-cü məhəllə, Kolxoz küçəsinin döngəsində yerləşən fərdi yaşayış evinə aid 138.0 kvm torpaq sahəsinə dair xx.xx.1933cü il tarixli torpaq qeydi tərtib edilmişdir. Ünvanı Kirovabad şəhəri, Sverdlov küçəsi, 36 olan bu əmlaka dair sonradan tərtib edilmiş texniki sənədlərdə İbrahimov İbrahimin atasının adı Məmməd kimi yazılmışdır. Hal- hazırda ünvanı Gəncə şəhəri, ünvan 2rində qeydiyyatdan keçirtmişdir. Hazırkı iş üzrə iddiaçı mübahisəli evə köçürülməsini xahiş etmiş və tələbini cavabdeh ilə nikaha daxil olduqdan sonra mübahisəli ünvana köçməsi ilə əsaslandırmışdır. Lakin iddiaçı həmin yaşayış sahəsinə istifadə hüququnun yaranmasını, cavabdehlə rəsmi nikaha daxil olması və (ya) həmin ünvana köçməsi tarixi barədə hər hansı sübut təqdim etməmişdi. Bundan başqa, cavabdehin tələbin yönəlməli şəxs olduğunu təsdiqləyən, yəni cavabdehin mülkiyyətçi və ya mülkiyyətçi ilə qohumluq münasibətlərini təsdiqləyən hər hansı sübut təqdim edilməmişdir. Bundan başqa, iddiaçı tələbinin hüquqi əsasları qismində 2009-cu il oktyabrın 1-dən qüvvəyə minmiş Mənzil Məcəlləsinin sosial kirayə müqaviləsinə dair normalarını qeyd etsə də, faktiki əsaslarla səbəbli əlaqə müəyyən edilməmişdir. İddiaçının həmin istinadına əsaslanaraq, mübahisəli yaşayış sahəsinə istifadə hüququnun yaranıb-yaranmamasını müəyyən etmək üçün hazırkı işin faktiki əsaslarına 2009-cu il oktyabrın 1-dən qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Belə ki, “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər (30.1). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar (30.2). Mülkiyyətçinin ailə üzvləri dedikdə, onun arvadı (əri), uşaqları və valideynləri başa düşülür. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən “digər qohumlar” ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Məhkəmə qeyd edir ki, iddiaçı yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü və ya özünün saxlanılmasını tələb etmək hüququna malik digər qohum olmasını, beləliklə istifadə hüququnun yaranmasını təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının mübahisəli yaşayış sahəsinə istifadə hüququnun yaranması təsdiq olunmadığından evə köçürülmə tələbi təmin edilməməlidir. Bundan başqa, doğum və nikah haqqında şəhadətnamələrin surətləri lazımi qaydada təsdiq olunmadığından, sübut qismində qəbul edilə və qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar