Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-842/2024 05.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, Ərizəçi və etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı əqdin bağlanması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (Bundan sonra- 3 saylı Gəncə Ərazi İdarəsi) qarşı ərizə ilə məhkəməyə müraciət edərək, atası X3 ilə X2 arasında Gəncə şəhəri, Şıxlınski küçəsi, 9 saylı binanın 2 saylı mənzilinə dair alqı-satqı müqaviləsinin bağlanması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Yapışdırıcı materiallar qəsəbəsi, 9 saylı binanın 2 saylı mənzili X1 adınadır. Belə ki, Gəncə şəhəri 4 saylı notariat kontorunun 15 iyun 1992-ci il tarixli, 1/642 saylı dövlət mənzillərinin alqı-satqı müqaviləsinə əsasən, Melixova Rozanın adına qeyd edilmiş və ona 26 iyun 1992-ci il tarixli 6743 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Melixova Roza evi 1992-ci ildə 11000 rus rubluna onun atasına satmışdır. Atası Rusiyada ticarətlə məşğul olan şəxs idi. Həmin zaman Melixova Rozanın yaxın qohumları onun Azərbaycandan köçüb Rusiyaya gedəcəyini bildirmişlər və atası həmin evə pul verərək almışdır. Sonradan ev daima onların istifadələrində olmuşdur. Əvvəl atası həmin evi yaxın qohumlarına yaşamaq üçün vermişdir. Evin sənədləşdirilməsi barədə söhbət düşəndə atası hər zaman demişdir ki, Melixovanın qohumlarını tanıyır. Rusiyadan lazımi sənədi alacaqdır. Lakin sonradan atası vəfat etmiş və hətta onun eşitdiyinə görə Melixova Roza da Rusiyaya getdikdən sonra bir neçə ildən sonra vəfat etmişdir. Atası həmin evi onun üçün almışdır, hətta o, yetkinlik yaşına çatdıqdan sonra ev tamamilə onun sərəncamında olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dinlənilmiş Şahid ifadəsində göstərdi ki, əvvəllər ərizəçi ilə qonşu olmuşdurlar. Ərizəçinin atasını tanımışdır. Roza tək yaşamış, sonra evi İnqilaba satdığını demişdir. Təxmini 1990-1992-ci illər olmuşdur. Sonra Roza rəhmətə getmişdir. Rozanın heç kəsi olmamış yaşlı və tənha olmuşdur. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dinlənilmiş X4 ifadəsində göstərdi ki, 1958-ci ildən həmin ünvanda yaşayırlar, ərizəçi Anar qonşuları olmuşdur. Evi 1992-ci ildə almışdırlar. Roza rus idi, tək yaşayırdı. 80-85 yaşı olardı. Evi İnqilaba satmışdır. Roza 1993-cü ildə rəhmətə getmişdir. Evi satacağını anasıgilə demişdir. Öldüyünü də elə anası ona demişdir. Anargil Rusiya adamıdırlar. Evin sənədində problem olmuşdur. Anargil Rusiyaya qayıtdıqdan sonra həmin evdə Xatirə qalmışdır. Maraqlı şəxs 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti başçısının Şıxzamanlı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 503 nömrəli arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********92 nömrəli məktubdan görünür ki, Gəncə şəhəri 4 saylı notariat kontorunun 15 iyun 1992-ci il tarixli, 1/642 saylı dövlət mənzillərinin alqı-satqı müqaviləsinə əsasən, Gəncə şəhəri, Kəpəz rayonu, Yapışdırıcı Materiallar qəsəbəsi, bina 9, 2 saylı mənzil (18.2 kv.m, 10.5 kv.m iki yaşayış otaqları, 14,5 kv.m açıq eyvan, 3,4 kv.m dəhliz, 6,7 kv.m mətbəx) X1 adına qeydiyyata alınmışdır və ona xx.xx.1992-ci il tarixli 6743 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05/Q-368 nömrəli məktubdan görünür ki, Gəncə şəhər Qeydiyyat şöbəsinin arxivində vətəndaş X1 ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, tədqiq olunmuş sübutlarla birlikdə hüquqi qiymət verib hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlərdən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi qanunvericilik hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsini iki halla şərtləndirmişdir. Birincisi ərizəçinin həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi, ikincisi isə itirilmiş sənədlərin bərpasının mümkün olmaması. İş üzrə ərizəçi atası X3 ilə X2 arasında alqı-satqı müqaviləsinin bağlanması faktının müəyyən edilməsini tələb etsə də, həmin müqavilənin mövcud olması, onun itirilməsi, digər qaydada əldə olunmasının və ya bərpasının mümkünsüzlüyünün nədə ifadə olunmasını əsaslandırmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında ərizəçinin vəsatəti üzrə dindirilmiş şahidlər ifadələrində Rozanın 80-85 yaşında olduğunu və evini İnqilaba satdığını eşitdiklərini və Rozanın özünün bu barədə ona deməsini göstərmişlər. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi maraqlı şəxs 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı əqdin bağlanması faktının müəyyən edilməsinə dair ərizəsi əsassız olduğundan təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı əqdin bağlanması faktının müəyyən edilməsinə dair ərizəsi əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-842/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-842/2024
05.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver