Məhkəmə qərarları › İş №2(125)-865/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-865/2022

30.11.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-865/2022 30.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Gəncə şəhəri, M.C.Paşayev adına 39 nömrəli Tam orta məktəbinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Gəncə şəhəri, M.C.Paşayev adına 39 nömrəli Tam orta məktəbinə qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, M.C.Paşayev adına 39№-li tam orta məktəbin direktoru X3 barəsində verdiyi 01 aprel 2022-ci il tarixli 188 nömrəli əmrini ləğv edib, onu öz əvvəlki işinə-gənclərin çağırışa qədərki hazırlıq rəhbəri və müəllimi vəzifəsinə işə bərpa edilməyinə və məcburi işə buraxma dövrləri üçün cavabdeh tərəfindən əmək haqqının ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ali təhsilli olmaqla 2003-cü ildən Gəncə Şəhəri M.C.Paşayev adına 39№-li Tam orta məktəbin “gənclərin çağınşaqədəki hazırlıq rəhbəri və müəllimi" kimi fəaliyyətə başlamışdır. İşlədiyi müddət ərzində müəllim kimi və hazırlıq rəhbəri kimi işinin öhdəsindən layiqincə gəlmiş, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması və ordu quruculuğu sahəsində qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirmiş, hərbi oyunların keçirilməsində, hərbi hissələrdə və şəhərdə keçirilən müxtəlif tədbirlərdə məktəbin gənc şagirdləri ilə birlikdə iştirak etmişdir. O və hərbi kollektivi dəfələrlə Gənclər və idman nazirinin Səfərbərlik və hərbi xidmətə Çağırış üzrə Dövlət xidmətinin, Gənclər və İdman baş idarəsinin, hərbi hissələrin rəhbərliyinin, Gəncə şəhəri Təhsil idarəsinin müdriyyətinin fəxri fərman və tərifnamələrinə layiq görülmüşdür. Onun 2 uşağı var və ailənin başqa yerdən gəliri yoxdur. Həmçinin bildirmişdir ki, Gəncə şəhəri, M.C.Paşayev adına 39 nömrəli orta məktəbə qarşı işə bərpa tələbinə dair iddia qaldırmış, mülki işin məhkəmə iclası 06 sentyabr 2022-ci il tarixə saat 12:20-ə təyin edilmişdir. O, Gəncə şəhəri, M.C.Paşayev adına 39 nömrəli orta məktəbdə 2003-cü ildən, yəni 19 ildir ki, hərbi rəhbər vəzifəsində işləyir. Onun işlədiyi dövrdə uğurlu fəaliyyəti ilə əlaqədar 26 fəxri fərmanla təltif edilmiş, heç bir intizam məsuliyyətinə cəlb edilməmiş və ya ona hər hansı xəbərdarlıq, töhmət verilməmişdir. Məktəbdə işlədiyim dövrdə məktəbin nüfuzuna və rəhbərliyinə xələl gətirəcəyi hər hansı bir nöqsanı olmamışdır. 2021-ci ilin ilk tədris ayından başlayaraq birinci yarım ilinin sentyabr, oktyabr və noyabr ayları müddətində həmin məktəbin 11Ə və 11Ç sinif şagirləri dərsə gəlmədikləri və davamiyyəti pozduqlarına görə onun tərəfindən həm sinif, həm də elektron jurnallara qayıb qoyulmuş, bundan sonra həmin məktəbin direktoru X7 onu kobinetinə çağıraraq jurnalda yazdığı qayıblara görə ona irad bildirərək bununla məktəbin şagirdlərinin davamiyyət göstəricilərinin aşağı səviyyəyə düşməsini və buna görə də üstünə yüksək tonla qışqırararaq “sənin axırına çıxacağam” deyərək ona qarşı kobud davranmışdır. Bundan sonra o, 24 noyabr 2021-ci il tarixdə məktəbin direktorunun özbaşınalığı barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmiş, 29 noyabr 2021-ci il tarixdə Gəncə şəhəri Təhsil İdarəsinin inspektoru Rauf adlı şəxs həmin məktəbə onun yazmış olduğu şikayətlə əlaqədar gələrək bir sıra araşdırma aparmışdır. Bundan sonra 30 noyabr 2021-ci il tarixdə və 10 dekabr 2021-ci il tarixdə saat 12-dən sonra işdə olmadığına görə onun barəsində qərəzli olaraq aktlar tərtib olunmuşdur. O, 30 noyabr 2021-ci il tarixdə və 10 dekabr 2021-ci il tarixdə saat 12-dən sonra işdə olmamağı səbəbi həmin vaxtlarda həmin məktəbin 2007-ci il təvəllüdlü şagirdlərin ilkin hərbi qeydiyyata alınması, həkim komissiyasından həmin şagirdlərin keçirilməsi və sənədlərin rəsmiləşdirilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami Rayon şöbəsində olmuşdur. Bundan başqa o, 17 dekabr 2021-ci il tarixdə və 30 dekabr 2021-ci il tarixdə saat 12-dən sonra işdə olmamağının səbəbi həmin vaxtlarda həmin məktəbin 2006-2007-ci il təvəllüdlü şagirdlərin ilkin hərbi qeydiyyata alınması həkim komissiyasmdan həmin şagirdlərin keçirilməsi və sənədlərin rəsmiləşdirilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz Rayon şöbəsində olmuşdur. 28 fevral 2022-ci il tarixdə saat 12-dən sonra işdə olmamağının səbəbi həmin vaxtı məktəbin yeddi nəfər yeniyetmə şagirdini hərbi qeydiyyatla bağlı Gəncə şəhəri 2 saylı Uşaq Poliklinikasından həkim komissiyasmdan müayinədən keçirməyi ilə bağlı olmuşdur. Bundan başqa o, 14 mart 2022-ci il tarixdə və 15 mart 2022ci il tarixdə saat 12-dən sonra işdə olmamağının səbəbi həmin vaxtlarda həmin məktəbin şagirdləri ilə N saylı hərbi hissədə Novruz bayramı münasibəti ilə keçirilmiş tədbirdə iştirak etməyi ilə əlaqədar olmuşdur. O, aktlarda göstərilən vaxtlarda özünün şəxsi işi ilə əlaqədar hər hansı bir yerə getməmişdir. Məktəbdə 14 yaşı tamam olmuş oğlan şagirdlərinin həkim müayinəsindən keçirilməsi və hərbi qeydiyyata uçota alınması məktəbin hərbi rəhbəri tərəfindən həyata keçirilir. Onun barəsində tərtib edilən aktlardan isə ümumiyyətlə xəbəri olmamış və işdən kənarlaşdırılarkən Həmkarlar İttifaqı tərəfindən ona hər hansı bir məlumat verilməmişdir. Bundan sonra o, həmin məktəbin 11Ç və 11Ə sinif şagirdlərinin 2021-ci ilin dekabr, 2022-ci ilin yanvar, fevral və mart aylarında hərbi dərslərə gəlmədikləri üçün onun tərəfindən qayıblar qoyulmuş və həmin sinif şagirlərinin 2021-ci ilin oktyabr ayından 2022-ci ilin yanvar ayına qədər olan və mənim tərəfindən keçirilmiş summativ qiymətləndirmə sinif jurnalı təhrif olunaraq saxtalaşdırılmış və şagirdlərə əla qiymətlər yazılmışdır. Onun tərəfindən keçirilmiş summativ qiymətləndirmə sinif jurnalına baxış keçirilərsə göstərdiyi xüsusatlar öz təsdiqini tapmış olar. Bundan əlavə olaraq Gəncə şəhəri M.C.Paşayev adına 39 nömrəli məktəbin müavini X9 tərəfindən tərtib olunan məlumatdan görünür ki, 10-cu və 11-ci sinif şagirdlərinin davamiyyəti aşağı olmuş, 10Ç və 10E-nin riyaziyyat müəllimi Günel Zeynalova işdə olmamışdır. Lakin məhkəmə araşdırarsa, görərik ki, Günel Zeynalova barəsində məktəbin rəhbəri tərəfindən işdə olmadığına görə hər hansı akt tərtib edilməmişdir. Bundan əlavə o, hər hansı bir müəllim barəsində təhqiramiz ifadələr işlətməmiş, hər hansı qeyri etik davranışlara yol verməmişdir. Əgər belə bir hal olmuş olsaydı, həmin neqativ hal işlədiyi 19 il müddətində üzə çıxmış olardır. Məhkəməyə sübut növündə təqdim etdiyi sənədlərdən də aydın olur ki, Gəncə şəhəri M.C.Paşayev adına 39 nömrəli məktəbin direktoru X3 onun barəsində vermiş olduğu 01 aprel 2022-ci il tarixli 188 nömrəli əmr qərəzli olaraq qeyri qanunidir. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizələrinin məzmununa uyğun izahat verərək həmçinin bildirdi ki, TTİÜDM Rəna Misginova tərəfindən tərtib edilmiş xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2022, xx.xx.2022-ci il tarixli məlumatlardan və iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2022, xx.xx.2022-ci il tarixli aktlardan, habelə barəsində verilmiş əmrlərdən məlumatsızdır, həmin sənədlər onun iştirakı olmadan tərtib edilmişdir. Bundan başqa, həmkarlar ittifaqı tərəfindən onun barəsində keçirilmiş iclasdan da məlumatsız olmuşdur. İddaçı həmçinin bildirdi ki, xx.xx.2021-ci ildən cavabdeh məktəb rəhbərliyi tərəfindən davamiyyət kitabının imzalanmasının ona qadağan edilmişdir və bu qadağa xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur. Bundan başqa, iddiaçı sinif jurnallarında yol verilmiş əsassız qeydiyyatlara görə iradını bildirməsi, habelə şagirdlərin dərsdə iştirak etməməsini jurnalda qeyd etdiyi üçün ona irad bildirilməsi nəticəsində cavabdeh məktəbin direktoruyla aralarında baş vermiş münaqişə, sonrasında onun şikayəti əsasında araşdırma aparıldığı üçün onun əmək müqaviləsinə qərəzli olaraq xitam verildiyini bildirmişdir. İddiaçı tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının təmsilçisi ərizələrinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək həmçinin bildirdi ki, məktəbdə hərbi işlərlə bağlı tədbirlərin həyata keçirilməsi hərbi müəllimin öhdəsindədir, bu işlərə şagirdlərin hərbi həkim komissiyasından keçirilməsi, bununla bağlı sənədləşdirmələrin aparılması, şagirdlərin hərbi komissarlığa təqdim edilməsi aiddir. Bundan başqa, hərbi müəllim direktorun tapşırığıyla məktəbdənkənar hərbi tədbirləri də görür. İddiaçı iş vaxtı işdə olmurdu. Bundan başqa, sinif jurnallarında hər hansı səhvə yol verildiyi və düzəliş aparıldığı zaman bu barədə mütləq həmin jurnalın arxa hissəsindəki müvafiq bölmədə müvafiq qeydiyyat aparılır. Bundan başqa, işə gecikdiyi üçün və işdən vaxtından əvvəl çıxdığı üçün İddiaçı davamiyyət kitabının imzalanmasına icazə verilməmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, İddiaçı onun iş yoldaşıdır. Məktəb haqqında şikayət etmişdir, araşdırma aparılmışdır. Onun əxlaqsız danışıqlarına görə qadın müəllimələrin iradı olub. O və digər kişi müəllimlər onunla bu barədə söhbət etsələr də, vəziyyət düzəlməmişdir. Dəfələrlə “Kişi qızı” ifadəsindən istifadə etməsi narazılıq yaradırdı. Son dövrlər daha əsəbi olmuşdur. Bu hallar ilə bağlı aktlar tərtib olunmuşdur, o iştirakdan imtina etmişdir. İş gününün sonunadək işdə oturmurdu. Yoxlamanın, şikayətin, aktların xx.xx.2021-ci il tarixdən tərtib olunmağa başlamasının səbəblərini bilmir. İş materiallarına əlavə edilmiş əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2003-cü ildə 492 nömrəli əmrlə Gəncə şəhəri, M.C.Paşayev adına 39 nömrəli Tam orta məktəbdə gənclərin çağırışa qədərki hazırlığı müəllimi və hərbi rəhbər təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə 188 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə ləğv edilmişdir. İş materiallarında olan Gəncə şəhəri, M.C.Paşayev adına 39 nömrəli Tam orta məktəbin xx.xx.2022-ci il tarixli, 188 nömrəli əmrdən görünür ki, İddiaçı - məktəbin gənclərin çağırışaqədərki hazırlıq rəhbəri və müəllimi ilə bağlanmış əmək müqaviləsi 01 aprel 2022 ci il tarixdən əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə ləğv edilməsi, sonuncu haqq-hesabı ödənilməsi, İddiaçı öhdəsində olan inventarların təhvil-təslimi məktəbin təsərrüfat işlər üzrə direktor müavini X2 və məktəbin fiziki tərbiyə müəllimi X4 həvalə edilməsi əmr edilmişdir. İş materiallarında olan Gəncə şəhəri, M.C.Paşayev adına 39 nömrəli Tam orta məktəbin X6 xx.xx.2022-ci il tarixdə keçirilən iclasının 11 nömrəli protokolundan çıxarışdan görünür ki, gündəlik məsələ-Məktəb direktoru X5 məktəbin gənclərin çağırışaqədərki hazırlıq müəllimi İddiaçı ilə bağlı X14 Komitəsinə təqdim etdiyi təqdimatın müzakirəsi. Məktəbin X14 Komitəsinin sədri X1 çıxış edərək iclas üzvlərinə və İddiaçı onunla bağlı şikayətlərin olduğunu, məktəb rəhbərinin bu barədə X14 Komitəsinə təqdimatı göndərdi. Bildirdi ki, İddiaçı 23 noyabr 2021-ci il tarixdə “Müəllimlərin etik davranış Qaydaları”na və əmək intizamına, şagirlərin təlim-tədris qaydalarına düzgün əməl etmədiyi üçün sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Bunlara baxmayaraq əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməməyə ştat işçi olmasına baxmayaraq saat 11-12 olmamış iş yerini tərk edir. 01 mart 2022-ci il tarixdə tədris qaydalarını pozduğuna görə yazılı xəbərdarlıq edilmişdir. İddiaçı etik davranışlardan kənar məktəbin müəllim və şagird kollektivi arasında işlətdiyi ifadələr müəllimlərin ciddi narazılığına səbəb oldu. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Məmmədova və digər çıxış edən müəllimlər də ümumi deyilənlərə öz ciddi etirazlarını və iradlarını bildirib, məktəbin direktoru Nizami Rzayevin məktəbin gənclərin çağırışaqədərki hazırlıq müəllimi İddiaçı ilə bağlı X14 Komitəsinə təqdim etdiyi təqdimata razılaşdılar. Məktəb direktoru X5 məktəbin gənclərin çağırışaqədərki hazırlıq müəllimi İddiaçı ilə bağlı X14 Komitəsinə təqdim etdiyi təqdimatda nöqsanlar məqsədə müvafiqdir, müəllim kimi vəzifəsindən və hərbi rəhbərlikdən uzaqlaşdırılmasından etiraz edilməməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri, M.C.Paşayev adına 39 nömrəli Tam orta məktəbin X12 Komitəsinə həmin məktəbin direktoru X10 tərəfindən ünvanlanmış təqdimatda göstərilmişdir ki, İddiaçı 23 noyabr 2021-ci il tarixdə “Müəllimlərin etik davranış Qaydaları”na və əmək intizamına, şagirlərin təlim-tədris qaydalarına düzgün əməl etmədiyi üçün sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Bunlara baxmayaraq əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməməyə ştat işçi olmasına baxmayaraq saat 11-12 olmamış iş yerini tərk edir, rəhbərliyə və müəllimlərə qarşı lazımsız ifadələr işlədir., xx.xx.2022-ci il tarixdə isə bütün günü işdə olmamışdır. Bütün bunları, ən əsası da əmək intizamını ciddi şəkildə pozduğuna görə işdən çıxarılmasına münasibət bildirilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri, M.C.Paşayev adına 39 nömrəli Tam orta məktəbin xx.xx.2022-ci il tarixli, 175 nömrəli əmrinin surətindən görünür ki, X20 adına 39 nömrəli tam orta məktəbin gənclərin çağırışaqədərki hazırlıq rəhbəri İddiaçı 15 mart 2022-ci il tarixdə üzürsüz səbəbdən işdə olmadığına görə və işinə qeyri ciddi yanaşdığı üçün töhmət verilməsi, 1 (bir) günlük əmək haqqının tutulması əmr edilmişdir. İş materiallarına əlavə edilmiş əmrlər kitabından çıxarışa əsasən, X20 adına 39 nömrəli tam orta məktəbin hazırlıq müəllimi İddiaçı xx.xx.2021-ci il tarixli, 593 nömrəli inzibati tənbeh barədə əmrə əsasən müəllimlərin etik davranış qaydalarına və əmək intizamına, şagirdlərin təlim tədris qaydalarına düzgün əməml etmədiyi üçün xəbərdarlıq edilməsi, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi əmr edilmişdir. İş materiallarına əlavə edilmiş əmrlər kitabından çıxarışa əsasən, X20 adına 39 nömrəli tam orta məktəbin xx.xx.2021-ci il tarixli, 595 nömrəli əmr ilə hazırlıq müəllimi İddiaçı tədris qaydalarını pozduğuna görə yazılı xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər birləşmiş xəstəxanası Publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, M.C. Paşayev adına 39 nömrəli tam orta məktəbin Hərbi rəhbəri İddiaçı 28 fevral 2022ci il tarixdə təxminən saat 12 dən sonra 2 saylı uşaq poliklinikasında olmuşdur və yeddi nəfər yeniyetməni hərbi qeydiyyatla bağlı həkim komisiyasından (stomotologiyadan) müayinədən keçirmişdir. İş materiallarına əlavə edilmiş 777 nömrəli Hərbi Hissənin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhəri M.C.Paşayev adına 39 saylı tam orta məktəbin çağırışaqədərki hazırlıq rəhbəri İddiaçı 14 mart 2022-ci il və 15 mart 2022-ci il tarixlərdə təxminən saat 12-00-dan sonra hərbi hissədə Novruz bayramı münasibəti ilə keçirilmiş tədbirdə iştirak etmişdir. İş materiallarına əlavə edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 2033 nömrəli məktubundan görünür ki, Gəncə şəhəri M.C.Paşayev adına 39 saylı tam orta məktəbin çağırışaqədərki hazırlıq rəhbəri İddiaçı xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində təxminən saat 14:00-dan sonra məktəbin 2006-2007-ci il təvəllüdlü kişi cinsli şagirdlərinin sənədlərini təqdim etmək və onların hərbi-həkim komissiyasından keçirilmələri ilə əlaqədar olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsində olmuşdur. İş materiallarına əlavə edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 1006 nömrəli məktubundan görünür ki, M.C.Paşayev adına Gəncə şəhəri 39 saylı tam orta məktəbin hərbi rəhbəri İddiaçı 2007-ci il təvəllüdlü oğlan şagirdlərinin ilkin hərbi qeydiyyata alınması, həkim komissiyasından həmin şagirdlərin keçirilməsi və sənədlərin rəsmiləşdirilməsi ilə əlaqədar 30 noyabr 2021-ci il və 10 dekabr 2021-ci il qeyd olunan saatlarda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsində yuxarıda göstərilən xüsusatlarla bağlı iştirak etmişdir. İş materiallarına əlavə edilmiş, TTİÜDM Cəmilova A.T, TTİÜDM Məhərrəmova T.C, TTİÜDM Miskinova R.Ş, təşkilatçı NümayəndəC, psixoloq Səmədova E.S, loqofed Qarayeva M.B, UBTR Hüseynova S.M, dram dərnəyi rəhbəri Bayramova S.S, xor dərnəyi rəhbəri Rəfiyeva E.M, musiqi dərnəyi rəhbəri Rüstəmova L.Q, poeziya dərnəyi rəhbəri Baratzadə G.R, informatika laborantı İsmayılzadə A.S, kimya laborantı Qocayeva N.İ, informatika laborantı Seyidova T.A, informatika laborantı Kazımova İ.Z, kitabxana müdiri Bağırova V.S, kitabxanaçı Qəribova L.A tərəfindən imzalanmış, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2022, xx.xx.2022-ci il tarixli aktların təsdiq olunmuş surətindən görünür ki, məktəbin ştat işçiləri əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmiş, hər biri öz iş vaxtında məktəbdə işlərində olmuşlar. Məktəbin Gənclərin çağırıça qədərki hərbi hazırlıq rəhbəri İddiaçı günün ikinci yarısında, yəni təxminən 12:00-da sonra işdə olmur və məktəbin ştat işçilərinin imza kitabına atmamışdır. Aktı imzalamaqdan da imtina etmişdir. İş materiallarında olan M.C.Paşayev adına Gəncə şəhəri 39 saylı tam orta məktəbin direktoru Nizami Rzayevə həmin məktəbin TTİÜDM Rəna Misginova tərəfindən ünvanlanmış xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2022, xx.xx.2022-ci il tarixli məlumatların təsdiq olunmuş surətindən görünür ki, məktəbin bütün ştat işçiləri iş qrafikinə uyğun olaraq işlərində olmuşlar. Məktəbin GÇQHHR İddiaçı səhər işə gəlsə də, saat 12:00-da sonra əmək müqaviləsi üzrə iş saatlarında işdə olmamışdır. Nəzərə alınması xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş, M.C.Paşayev adına Gəncə şəhəri 39 saylı tam orta məktəbin direktoru Nizami Rzayevə həmin məktəbin riyaziyyat müəlliməsi X11 tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin təsdiq olunmuş surətindən görünür ki, məktəbin hərbi müəllimi İddiaçı müəllimlər otağında müəllimlərə layiq olmayan, etik normalara uyğun gəlməyən, nalayiq sözlər işlətdiyi üçün o, otağı tərk etmişdir. Ölçü götürülməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş, M.C.Paşayev adına Gəncə şəhəri 39 saylı tam orta məktəbin direktoru Nizami Rzayevə həmin məktəbin müəllimi Əhmədova Cəlalət tərəfindən ünvanlanmış tarixsiz izahatdan görünür ki, xx.xx.2022-ci il tarixdə məktəbin hərbi müəllimi İddiaçı müəllimə yaraşmayan, etik davranış qaydasına uyğun olmayan ifadələr işlətmişdir. O da “Bu nə tərbiyəsizlikdir?! Bura müəllimlər otağıdır.” deyib otağı tərk etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallardır. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən, a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin2-ci bəndinə əsasən, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən, a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Hazırkı işin mübahisəsiz halları ondan ibarətdir ki, Gəncə şəhəri, M.C.Paşayev adına 39 nömrəli Tam orta məktəbdə İddiaçı xx.xx.2003-cü ildə gənclərin çağırışa qədərki hazırlığı müəllimi və hərbi rəhbər təyin edilmiş, tərəflər arasında əmək münasibətlərinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işəgötürən tərəfindən xitam verilmişdir. İşəgötürən əmrini İddiaçı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsiylə əsaslandırmışdır. Hazırkı iş üzrə iddiaçı həmin əmri qanunsuz hesab edərək ləğv olunmasını xahiş etmişdir. Məhkəmə çəkişmə prinsipini təmin etmək məqsədiylə, əmrin qanunvericiliklə müəyyən edilmiş qaydada verilməsini təsdiqləyə bilməsi üçün cavabdeh tərəfə sübutlar təqdim etməyə şərait yaradilmışdır. Həmin əmr İddiaçı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsiylə əsaslandırılsa da, hansı funksiya və (ya) öhdəliyini yerinə yetirməməsinə dair hər hansı sübut, araşdırma materialı təqdim edilməmişdir. Bundan başqa, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilə bilməsi Həmkarlar İttifaqına işəgötürən tərəfindən verilmiş təqdimat və (ya) həmkarlar ittifaqının bu barədə qərarı əmək qanunvericiliyiylə nəzərdə tutulmuş münasibətə xitam verilməsinin zəruriliyi ilə əsaslandırılmamış, İddiaçı işin qurtarma saatından əvvəl getməsiylə, etik davranış qaydalarını pozmasıyla və sair bu kimi hallarla əsaslandırılmışdır. Halbuki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, Əmək Məcəlləsinin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Bundan başqa, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2022, xx.xx.2022-ci il tarixli eyni əl yazısıyla tərtib olunmuş, məzmunu sözbəsöz eyni olan, eyni şəxslərin iştirakıyla, onlar tərəfindən eyni ardıcıllıqla imzalanmış aktların iddiaçıya təqdim edilməsi təsdiq olunmur. Hətta həmin aktların məzmunu tərtib edilərkən İddiaçı imzalamaqdan imtina etməsi aktda sadalan hallarla yanaşı qeyd edilmişdir. Halbuki, məntiqi ardıcıllığa əsasən, aktın tərtibatı başa çatıb təqdim edildikdən sonra imzalamaqdan imtina edilsə, sonradan bu barədə qeyd aparılmalı idi, aktın məzmunu tərtib edilərkən deyil. Həm aktlar, həm də aktların hər biriylə eyni tarixli olan, TTİÜDM Rəna Misginova tərəfindən tərtib edilmiş məlumatlar üzrə hər hansı araşdırma aparılması, həmin sənədlərə dair İddiaçı münasibət bildirməyə cavabdeh tərəfdən şərait yaradılması müəyyən olunmur. Bununla yanaşı, iddiaçı təqdim edilmiş həmin məlumatlardan və aktlardan məlumatsız olduğunu, həmin sənədlərin onun iştirakı olmadan tərtib edildiyini bildirmişdir. Halbuki, Əmək Məcəlləsinin 186-cı maddəsinin 1, 2 və 3-cü bəndələrinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Həmin Məcəllənin 187-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Cavabdeh tərəf iddiaya etirazını iddiaçının iş saatları ərzində işdə olmaması ilə əsaslandırır. Bu halın sübutu kimi məhkəməyə təqdim edilmiş dəvamiyyət kitabının araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək İddiaçı tərəfindən imzalanmamışdır. İddiaçı bu halı cavabdeh məktəb rəhbərliyi tərəfindən davamiyyət kitabının imzalanmasının ona qadağan edilməsi ilə izah etmişdir. Cavabdehin nümayəndəsi işə gecikdiyi üçün və işdən vaxtından əvvəl çıxdığı üçün İddiaçı davamiyyət kitabının imzalanmasına icazə verilmədiyini bildirsə də, təxminən 4,5 ay hər gün təkrarlanan bu hala dair araşdırma materialı, İddiaçı izahatı və (ya) izahat verməkdən imtinası təqdim edilməmişdir. Bununla yanaşı, həmin kitabın araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2022, xx.xx.2022-ci il tarixli aktlar və məlumatlar həmin tarixlərdə İddiaçı istisna olmaqla, bütün işçilərin iş yerində olması bildirilsə də, həmin tarixlərdə müxtəlif işçilərin işdə olmamışdır. Bundan başqa, davamiyyət kitabında İddiaçı imzalamadığı hər gün üzrə rəhbərlik və ya nəzarətçi tərəfindən müvafiq qeyd aparılması əvəzinə, bir neçə günü əhatə edən davamlı xəttin çəkilməsi və digər içilər üçün deyil, sadəcə İddiaçı imzalamalı olduğu günlər üzrə tam xəttin çəkilməsi işdə iştirak etməmənin təsadüfilik xarakteri daşımadığını nümayiş etdirir. Belə uzun müddət ərzində İddiaçı bir dəfə belə vaxtında işə gəlməməsi və (ya) vaxtında işdən çıxmaması, üstəlik bu halla bağlı hər hansı izahat alınmaması, araşdırma aparılmaması ağlabatan və məntiqli deyil. Bundan başqa, cavabdehin təqdim etdiyi əmrlər kitabına əsasən, barəsində tərtib edilmiş xx.xx.2021, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli əmrlərlə İddiaçı tanış edilməsi barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Habelə, xx.xx.2021 və xx.xx.2022-ci il tarixli əmrlərin də əsli və ya lazımi qaydada təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilməmişdir. Halbuki, həmin əmrlərin biri istisna olmaqla, digərləri intizam tənbehinin tətbiqini nəzərdə tutur. Belə ki, Əmək Məcəlləsinin 189-cu maddəsinin 3-cü bəndinə əsasən, intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Əmrlər kitabında qeyd olunan məzmunundan görünür ki, yuxarıda qeyd olunan əmrlərdən istisna təşkil edən xx.xx.2022-ci il tarixli əmr isə İddiaçı yazılı xəbərdarlıq edilməsini nəzərdə tutur və hansı tədris qaydasını pozduğu üçün yazılı xəbərdarlıq edilməsi əmrin məzmunundan müəyyən olunmur. Əmrin əsası olaraq qeyd edilmiş, valideynlərin və şagirdlərin izahatları məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixli əmrdən görünür ki, İddiaçı 15 mart 2022-ci il tarixdə üzürsüz səbəbdən işdə olmadığına görə və işinə qeyri-ciddi yanaşdığı üçün töhmət verilməsi, 1 (bir) günlük əmək haqqının tutulması əmr edilmişdir. Halbuki, bu halın araşdırılması sübuta yetirilməməklə yanaşı, əmək haqqından tutulma əsaslandırılmamışdır. Belə tutulma intizam tənbehi kimi nəzərdə tutulmasa da, nəzərə alınmalıdır ki, İddiaçı üçün maddi itkiyə səbəb olur. Belə ki, Əmək Məcəlləsinin 189-cu maddəsinin 1-ci bəndinə əsasən, bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Əmrlər kitabında qeyd olunan məzmunundan görünür ki, İddiaçı xəbərdarlıq edilməsi, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi xx.xx.2021-ci ildə əmr edilsə də, əmrin verilməsinə əsas kimi göstərilmiş TTİUDM Afət Cəmilova tərəfindən tərtib edilmiş aktdan başqa, şagirdlərin izahatları və (ya) İddiaçı izahatı məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, əmək müqaviləsinə Əmək Məcəlləsinin ç) bəndində nəzərdə tutulmuş işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsindən başqa, həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallar əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Cavabdeh əmri bununla əsaslandırmasa da, nümayəndəsi məhkəmə icraatı zamanı iddiaçının iş vaxtı işdə olmamasına istinad etmiş, habelə təqdim etdiyi aktlar və məlumatlarda da həmin hal qeyd edilmişdir. Lakin nəzərə alınmalıdır ki, 72-ci maddənin a) bəndi heç bir üzrlü səbəb olmadan işçinin bütün iş günü işə gəlməməsi kobud pozuntu sayılır. Lakin həm cavabdeh tərəfdən İddiaçı bütün iş günü işə gəlməməsi sübut olunmur, həm də təqdim edilən aktlar və məlumatlar İddiaçı səhər işə gəlsə də, saat 12:00-dan sonra işdə olmadığını əks etdirir. Digər tərəfdən, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilə bilməsi işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi sübuta yetirilmir. Digər tərəfdən, iddiaçının müvafiq (xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il) tarixlərdə saat 12-dən sonra işdə olmamağının səbəbini təsdiqləyən sənədlər məhkəməyə təqdim edilmişdir. Məhkəmə nəzərə alır ki, cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, məktəbdə hərbi işlərlə bağlı tədbirlərin həyata keçirilməsinin hərbi müəllimin öhdəsində olması, bu işlərə şagirdlərin hərbi həkim komissiyasından keçirilməsi, bununla bağlı sənədləşdirmələrin aparılması, şagirdlərin hərbi komissarlığa təqdim edilməsi aiddir. Cavabdehin nümayəndəsi həmçinin şifahi izahatında bildirmişdir ki, hərbi müəllim direktorun tapşırığıyla məktəbdənkənar hərbi tədbirləri görür. Beləliklə, iddiaçının müvafiq vaxtlarda məktəbdə olmamasının səbəblərinin haqlı olması cavabdehin nümayəndəsinin izahatıyla təsdiq olunmuşdur. Qeyd edilən hallar habelə, “Gənclərin ibtidai hərbi hazırlıq əsasnaməsi” ilə təsdiqlənir. Belə ki, həmin Əsasnaməyə uyğun olaraq, gənclərin hərbi bilikləri dərindən öyrənmələri və təcrübədə möhkəmləndirmələri məqsədilə hərbi-idman oyunlarının keçirilməsinin təşkili və keçirilməsi, gənclərin hərbi vətənpərvərlik tərbiysəi işinin forma və metodlarını, bu barədə şagirdlərlə sinifdənzaric, məktəbdənkənar hərbi vətənpərvərlik və kütləvi müdafiə işlərini təşkil etmək və keçirmək və sair nəzərdə tutulmuşdur. Bundan başqa, cavabdeh tərəfin iddiaya etirazını əsaslandırmaq məhkəməyə digər sübutlar qismində təqdim etdiyi şahid ifadəsi, Cəlalətə Əhmədovanın izahatı, Afət Hüseynovanın ərizəsi, Dövlət Xidmətinin xx.xx.2021 və xx.xx.2021-ci il tarixli məktubları əmək müqaviləsinə xitam verilməsinin əsaslı olmasını təsdiqləmir. Bundan başqa, iddiaçı sinif jurnallarında aparılmış qeydiyyatlara görə cavabdeh məktəbin direktoruyla aralarında baş vermiş münaqişə, sonrasında onun şikayəti əsasında araşdırma aparıldığı üçün onun əmək müqaviləsinə qərəzli olaraq xitam verildiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh məktəbin “Xİ Ə” sinfinin jurnalında çağırışaqədərki hazırlıq fənni üzrə qeyd edilmiş qiymətlərin təhrif edilməsi aşkar görünürdü. Həmin sinif jurnalının aparılmasına dair qeydlər bölməsində isə qiymətlər üzrə yol verilmiş səhvlərin düzəldilməsi barədə hər hansı qeydiyyat aparılmamışdır. Digər tərəfdən, sinif jurnalında şagirdlərin dərsdə dəflərlə iştirak etməməsi barədə müvafiq qeydiyyat aparılmışdır. Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcələsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilərkən, bu barədə lazımi araşdırma aparılmadığından, əmrdə bunun zəruriliyi əsaslandırılmadığından, eləcə də əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsinin yuxarıda qeyd olunan tələbləri pozulduğundan, verilmiş iddia təmin edilməli, iddiaçının əmək müqaviləsinin ləğv edilməsi barədə əmr ləğv edilməli, o, əvvəlki işinə bərpa edilməli və məcburi iş buraxma dövrünün əmək haqqı ona tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair Gəncə şəhəri, M.C.Paşayev adına 39 nömrəli Tam orta məktəbin xx.xx.2022-ci il tarixli 188 nömrəli əmri ləğv edilsin. İddiaçı əvvəlki işinə bərpa edilsin və məcburi iş buraxma dövrü üçün əmək haqqı tam hesablanıb ona ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar