Məhkəmə qərarları › İş №2(125)-896/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-896/2025

04.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-896/2025 04.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X15 Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması və aliment» tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı «nikahın pozulması və aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə arasında 29 dekabr 2005-ci ildə Şəmkir rayon İHB Qaracəmirli kənd icra nümayəndəliyində bağlanmış nikahın pozulması, birgə nikahdan xx.xx.2012-ci ildə doğulmuş X3 nikah pozulduqdan sonra onun yanında saxlanılması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikahlarını 29 dekabr 2005-ci ildə Şəmkir rayon İHB Qaracəmirli kənd icra nümayəndəliyində qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X8 adında iki övladları doğulmuşdur. Cavabdehlə ailədə yola gedə bilmirlər. Aralarında mütəmadi olaraq narazılıqlar olur. Buna görə 2 ilə yaxın bir müddətdir ki, cavabdehlə faktiki olan ayrılmışlar. Onların bir yerdə yaşamaqları artıq mümkün deyildir. Cavabdeh özü də nikahlarının saxlanmasının mümkün olmamasını dərk edir. Buna görə onlar qarşılıq razılığa gələrək nikahlarının pozulmasına qərara vermiş və xx.xx.2024-cü il tarixdə keçirilən mediasiya sessiyasında bununla bağlı barışıq sazişi bağlamışlar. Həmin barışıq sazişini nəzərə alaraq onlara barışmaq üçün vaxt verilmədən nikahlarının pozulmasını istəyirlər. Qeyd etmək istəyir ki, övladlarından Fatimə artıq yetkinlik yaşına çatmışdır. Nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan övladı Sayadın onun himayəsində saxlanılmasını istəyir və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən aliment tələb edir. İddiaçı məhkəmənin 21 yanvar 2025-ci il tarixində keçirilən hazırlıq iclasında məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək, bildirmişdir ki, Cavabdeh ilə mediasiyada bağlanılmış barışıq sazişinə əsasən birgə nikahdan doğulmuş Sayad adlı uşağın onun himayəsinə verilməsi ilə bağlı razılığa gəlmişlər. Odur ki, məhkəmədə yalnız nikahın pozulması və himayəsində saxlanılan Sayad adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 250 manat aliment təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Tərəflərin izahatı: Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, Cavabdeh ilə arasında bağlanmış nikahın pozulmasında fikri qətidir. Məhkəmə tərəfindən də barışıq üçün üç ay vaxt verilsə də barışmamışlar. Cavabdeh ilə birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü Fatimə və xx.xx.2012-ci il təvəllüdlü Sayad adında 2 uşaqları anadan olmuşdur. Fatimə yetkinlik yaşına çatmış, Sayad adlı uşağın isə onun himayəsində qalması ilə bağlı cavabdehlə arasında xx.xx.2024-cü il tarixli, MŞG-02402 nömrəli barışıq sazişi bağlanmışdır. Halhazırda nikahın pozulması və Sayad adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən aliment tələb edir. Odur ki, iddia tələbinin dəqiqləşdirilməsi hissəsi nəzərə alınmaqla təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; AZ-T seriyalı, 010073 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X7 arasında nikah 29 dekabr 2005-ci il tarixdə Şəmkir rayon İHB Qaracəmirli kənd icra nümayəndəliyində 50 nömrə ilə qeyd edilmişdir. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 50 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Əhmədov”, arvada “Əhmədova” soyadı verilmişdir. AZ-T seriyalı, 039017 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.2005-ci il tarixdə doğulmuşdur. Atası – Cavabdeh, anası – İddiaçıdır. İV-AK seriyalı, 535590 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.2012-ci il tarixdə doğulmuşdur. Atası – Cavabdeh, anası – İddiaçıdır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-896/2025 nömrəli, 04 fevral 2025-ci il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması və aliment» tələbinə dair mülki iş üzrə məhkəmə baxışı, ər-arvadın barışması üçün 03 (üç) ay müddət müəyyən edilməklə təxirə salınması və işə baxılması 05 may 2025-ci il tarixə, saat 10:00-a təyin edilməsi qərara alınmışdır. Məhkəmə tərəfindən müəyyən olunan hallar: İddiaçı Cavabdeh ilə 29 dekabr 2005-ci il tarixdə ailə həyatı qurmuş və nikahlarını həmin tarixdə Şəmkir rayon İHB Qaracəmirli kənd icra nümayəndəliyində 50 nömrə ilə qeyd etdirmişlər. Tərəflərin birgə ailə münasibətlərindən xx.xx.2005-ci il təvəllüdlü Fatimə və xx.xx.2012-ci il təvəllüdlü Sayad adında 2 uşaqları doğulmuşdur. Tərəflər yola gedə bilmədiklərindən ayrılmışlar, məhkəmə tərəfindən barışıq üçün 3 ay vaxt verilsə də ailə münasibətlərini bərpa etməmişlər. Mediasiya prosesində tərəflər arasında xx.xx.2024-cü il tarixli, MŞG-02402 nömrəli barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən 1. tərəflər 1-ci tərəf İddiaçı və 2-ci tərəf Cavabdeh xx.xx.2005-ci il tarixdə Şəmkir rayon İHB Qaracəmirli kənd İcra nümayəndəliyi tərəfindən 50 qeydiyyat nömrəsi ilə qeydə alınmış rəsmi nikahın pozulmasına razıdırlar və ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etmədən “dərhal” nikahın pozulması üçün məhkəməyə ərizə veriləcəyinə dair razılığa gəlmişlər. Cavabdeh rəsmi nikahlarından anadan olmuş övladı xx.xx.2005-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X3 hüquqi cəhətdən anası – İddiaçı himayəsində qalmasına etiraz etmir. 3. İddiaçı rəsmi nikahlarından anadan olmuş övladı xx.xx.2005-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X3 onun himayəsində qalmasına etiraz etmir. 4. İddiaçı və Cavabdeh övladlarının ünsiyyət vaxtını tərəflər özləri könüllü müəyyən edirlər. Rəsmi nikahlarından anadan olmuş övladı xx.xx.2005-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X3 atası Cavabdeh ilə sərbəst ünsiyyətinə və 2-ci tərəf ana olaraq mane olmayacağını öz öhdəsinə götürür. 5. Tərəflər bu sazişin 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci bəndində qeyd edilən öhdəliklərin həyata keçirilməsi üçün tələb olunan bütün sənədləşdirmə işlərinin görülməsini öz öhdəsinə götürür. xx.xx.2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi hissəsi nəzərə alınmaqla təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etməmişdir. Tətbiq olunan hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq üçün könüllü ittifaqıdır. 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 20.2-ci maddəsinə əsasən tərəflərin birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. 21.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ərarvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. 22.2.1-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. 22.2.2-ci maddəsinə əsasən, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə hesab edir ki, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan Sayad adlı uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mediasiya mərhələsində barışıq sazişi imzalanmaqla razılıq əldə edildiyindən, bu hal nəzərə alınmalı və tərəflər arasında nikah pozularkən uşağın kimin yanında saxlanılması məsələsi təkrarən həll edilməməlidir. Məhkəmə hesab edir ki, tərəflərin ailələrinin bərpası qeyri-mümkündür və nikahda olan şəxslər arasında əlaqə tamamilə itirildiyindən nikahın təməl prinsipi olan könüllülük prinsipi pozulmuş və iddiaçı nikahın pozulmasına razıdır. Bu səbəbdən ər-arvada barışmaları üçün əlavə vaxtın verilməsinin əhəmiyyəti yoxdur. Ona görə də İddiaçı ilə Cavabdeh arasında 29 dekabr 2005-ci il tarixdə Şəmkir rayon İHB Qaracəmirli kənd icra nümayəndəliyində bağlanaraq, 50 saylı akt qeydi ilə bağlanmış nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. «Azərbaycan Respublikasında 2025-ci ildə yaşayış minimumu haqqında» 16 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2025-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanılmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini «xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir). Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə həmçinin, uşağın mənafeyini, tərəflərin maddi və ailə vəziyyətini habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, uşağın sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi, birgə nikahdan doğulmuş uşağın atasından ayrı olaraq anası ilə birlikdə yaşamasını, uşağın saxlanılması üçün cavabdeh tərəfindən maddi köməklik göstərilməməsini və cavabdehin gəlirləri barədə sübut olmamasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə 2024-cü il üçün hər ay 207 manat, yəni sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,60 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin normanın tələbinə əsaslanmaqla məhkəmə həmçinin hesab edir ki, tərəflər faktiki ayrı yaşadıqlarından və uşaq anasının yanında olduğundan, alimentin tutulması iddianın məhkəməyə daxil olduğu 17 dekabr 2024-cü il tarixdən etibarən tutulmalı və qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Bundan əlavə, məhkəmə hesab edir ki, tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Bu baxımdan tərəflərə, nikah pozulduqda 3 il müddətində birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi ilə iddia qaldırmaq hüquqlarının olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı iddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 29 dekabr 2005-ci il tarixdə Şəmkir rayon İHB Qaracəmirli kənd icra nümayəndəliyində bağlanaraq, 50 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. 17 dekabr 2024-cü il tarixdən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,60 misli həddində sabit pul məbləğində aliment tutulsun. Hazırki qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. İddia tələbi alimentə dair qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Tərəflərə, nikah pozulduqda 3 il müddətində birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi ilə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar