Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-899/2024 19.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı övladları xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X2 ilə birlikdə ünvan 1 ünvandakı evə köçürülmələri haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh onun keçmiş həyat yoldaşıdır. Belə ki, xx.xx.2017-ci il tarixdə onunla rəsmi nikaha daxil olaraq evlənmişdirlər. Birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X4 adlı bir övladları vardır. Lakin cavabdehlə ailə münasibətlərini davam etdirmək mümkün olmamış və ayrılmışdırlar. O, birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbi ilə Gəncə Şəhər Məhkəməsində iddia qaldırmışdır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1056/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Lakin məsələ burasındadır ki, birgə nikah dövründə atasıgilin ona aldığı torpaq sahəsində tikdirdikləri mübahisəli evin çıxarışı olmadığına görə həmin əmlakın bölünməsi mümkün olmamışdır. Cavabdeh hazırda həmin əmlakı tamamilə öz sahibliyində saxlamış və onu evə buraxmamışdır. Halbuki, torpaq sahəsi sərəncamla onun adınadır və bu evi birlikdə inşa edib, birlikdə orada yaşamışdırlar. Cavabdeh onu evə buraxmadığı üçün məcbur qalaraq iki azyaşlı uşaqla valideynlərinin 2 otaqlı dar mənzilinə sığınmışdır. Atası xəstədir, qardaşı da ailə qurmaq üzrədir. Burada daimi qalması mümkün deyildir. Hesab edir ki, azyaşlı övladları ilə birlikdə mübahisəli mənzilə köçürülməsi qanunlara müvafiqdir. Maddi vəziyyətləri olduqca ağırdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq göstərdi ki, Gəncə şəhəri, Natiq Novruzov küçəsində yerləşən 0,4 ha torpaq sahəsi üzərində yerləşən mübahisəli evi onun atası almışdır. Həmin evin yerləşdiyi torpaq sahəsi cavabdehin adına qeydə alınmışdır. Həmin torpaq sahəsi üzərində məhkəmə qətnaməsi əsasında cavabdehlə ½ hissədə payları müəyyən edilmişdir. Payları müəyyən edilmiş Gəncə şəhəri, Natiq Novruzov küçəsində yerləşən 0,4 ha torpaq sahəsi üzərində 2 otaqlı evləri vardır və hazırda həmin evdə cavabdeh yaşayır. Bundan başqa birgə nikah dövründə əldə etdikləri və sərəncamla onun adına olan Gəncə şəhəri Nizami küçəsi, 3 «C» ünvanda yerləşən 0,02 ha torpaq sahəsi üzərində inşa etdikləri evdə onun əşyaları yerləşir. Ailə münasibətləri pozulmuş, cavabdeh onu döymüş, 2022-ci ildə nikahları pozulmuşdur. Azyaşlı uşaqları ilə birlikdə atası evinə gəlmişdir. Atası evində yaşaması mümkün olmadığı üçün birgə nikah dövründə tikdirdikləri evə köçmək istəmiş lakin savabdeh buna imkan verməmişdir. Gəncə şəhəri, Natiq Novruzov küçəsində, 0,4 ha torpaq sahəsi üzərində yerləşən evdə cavabdeh yaşadığı üçün, əmlakları yerləşən və əvvəl yaşadığı Gəncə şəhəri Nizami küçəsi, 3 «C» ünvanda yerləşən 0,02 ha torpaq sahəsi üzərində inşa etdikləri evə köçürülməsini tələb etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, Nizami küçəsi, 3 «C» ünvanda yerləşən 0,02 ha torpaq sahəsi ona məxsusdur, qarşı tərəf onun evinə və torpağına yiyələnmək istəyir. Həmin torpaq sahəsini özü almış, evi də özü tikdirmişdir. Hətta həmin torpaq sahəsini almaq üçün əvvəllər nikahda olduğu Hüseynova Şəhla ona notariusda rəsmiləşdirməklə 1700 manat köməklik etmiş, həmçinin iddiaçı ilə nikaha daxil olmamışdan əvvəl aldığı avtomobili də satıb həmin torpaq sahəsini almış, evin tikintisinə başlamışdır. Daha sonra “Kapital Bank”dan kredit götürüb evin inşasını başa çatdırmışdır. İddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1056/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin bölnməsi, cehiz və qızıl-zinət əşyalarının geri qaytarılması barədə ilkin iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh İddiaçı qarşı torpaq sahəsinin bölünməsi və əmlak tələbi barədə qarşılıqlı iddia təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)- 753/2023 nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1056/2022 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1056/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyanın xx.xx.2023-cü il tarixli, 2(102)-2799/2023 nömrəli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-753/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-753/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 230 nömrəli sərəncamının surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən 200,0 kv.m torpaq sahəsində İddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi qərara alınmışdır. AZ-İV 115280 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2018-ci il tarixdə Nazir adlı uşaqları anadan olmuşdur. AZ-İİ 708903 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2011-ci ildə anadan olmuş X1 ata qrafasında X5, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin izahatını dinləyib, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər birgə nikah dövründə ünvan 3 ünvanda 0,02 ha torpaq sahəsi əldə edərək həmin torpaq sahələri üzərində ev inşa etdirmişlər. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1056/2022 nömrəli qətnaməsinə əsasən Gəncə şəhəri, Natiq Novruzov küçəsində yerləşən 0,4 ha torpaq sahəsindən tərəflərin 1\2 hissədə payları müəyyən edilmiş, lakin həmin torpaq sahələri üzərində yerləşən ev rəsmi reyestrdə qeydiyata alınmamışdır. İddiaçı iddia etmişdir ki, cavabdehlə paylı mülkiyyətlərində olan 0,4 ha torpaq sahəsində yerləşən evdə cavabdeh yaşadığı üçün birgə nikah dövründə əldə etdikləri digər torpaq sahəsində, yəni Gəncə şəhəri Nizami küçəsi, 3 «C» ünvanda yerləşən 0,02 ha torpaq sahəsində tikilmiş və əmlaklarının hazırda yerləşdiyi evə köçürülməlidir. Cavabdeh tərəf qeyd olunan torpaq sahəsinin onun tərəfindən alındığını və həmin torpaq sahəsində öz hesabına evi inşa etdiyini göstərərək iddia tələbinə qarşı etiraz etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1056/2022 nömrəli qətnaməsindən görünür ki,İddiaçı Cavabdeh qarşı «torpaq sahəsinin bölünməsi, cehiz və qızıl-zinət əşyalarının geri qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi verərək birgə nikah dövründə İddiaçı adına alınmış, Gəncə şəhəri Nizami küçəsi, 3 «C» ünvanda yerləşən 0,02 ha torpaq sahəsinin ½ hissədə bölünməsini və həmin torpaq sahəsində tikilmiş mənzilə aralarında bərabər payların sahiblik və istifadə hüququnun müəyyənləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Bununla belə qeyd olunan qətnamədən müəyyən olunur ki, iddiaçıya məxsus əşyalar da Gəncə şəhəri Nizami küçəsi, 3 «C» ünvanda yerləşən evdə olmuşdur. Göründüyü kimi iddiaçının iddia etdiyi Gəncə şəhəri Nizami küçəsi, 3 «C» ünvanda yeləşən 0,02 ha torpaq sahəsini tərəflər birgə nikah dövründə əldə edərək həmin torpaq sahəsində ev inşa etmişlər. Həmin torpaq sahəsi və üzərində inşa etdikləri ev rəsmi reyestrdə qeydiyyata alınmasa da iddiaçı həmin evdə yaşamışdır və hazırda əmlakları da həmin evdə yerləşir. İddiaçının paylı mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş evdə cavabdeh yaşadığı üçün və onların nikahları pozularaq münaqişəli olduqları üçün iddiaçı əmlaklarının yerləşdiyi və yaşadığı Gəncə şəhəri Nizami küçəsi, 3 «C» ünvanda yeləşən evə köçürülməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının köçmək istədiyi yaşayış evi özbaşına tikili olsa da, onların birgə nikahları dövründə və birgə vəsaitləri hesabına iddiaçının adına verilmiş sərəncama əsasən inşa edilmişdir və iddiaçı həmin evdə yaşamaqla əmlakları da həmin evdə yerləşir. Cavabdeh həmin əmlak üzərində hüququnu təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Ona görə də cavabdehin mübahisələndirilən evdə iddiaçının yaşamasına törədilən maneənin heç bir hüquqi əsası yoxdur. Belə ki, iddiaçının keçən müddət ərzində həmin evdə yaşamasına hər hansı şəxs tərəfindən etiraz olmamış, əksinə Gəncə Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 230 nömrəli sərəncamına əsasən torpaq sahəsində İddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. Bununla belə iddiaçının paylı mülkiyyətlərində olan torpaq sahəsində inşa olunmuş evə köçmək istəməməsinin səbəbi cavabdehlə münaqişəli olması və əvvəldən həmin evdə yaşamaqla, əmlaklarının da həmin evdə olması ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 8.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. MPM 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddiaçının uşaqları yetkinlik yaşına çatmadığından anasının yanına köçürülməsi üçün hər hansı razılıq tələb edilə bilməz və onların da mübahisəli evə köçürülmək hüququ vardır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, İddiaçı azyaşlı uşaqları xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X2 ilə birlikdə ünvan 1 ünvanda yerləşən evə köçürülmədirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. İddiaçı azyaşlı uşaqları xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X2 ilə birlikdə ünvan 1 ünvanda yerləşən evə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-899/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-899/2024
19.02.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver