Məhkəmə qərarları › İş №2(125)-930/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-930/2023

13.04.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-930/2023 13.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Əli oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi, İddiaçı və nümayəndəsi vəkil X3, Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı uşaqları ilə birlikdə Gəncə şəhəri, Sevinc qəsəbəsi 18-ci küçədə yerləşən evə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirmişdir ki, iddiaçı iş üzrə Cavabdeh2 ilə 2011-ci il tarixdə rəsmi nigaha daxil olaraq ailə qurmuşdur. Birgə nigahlarından xx.xx.2013-cü il tarixdə X6, xx.xx.2016-cı il tarixdə X4 və xx.xx.2019-cu il tarixdə X5 adlı üç övladları dünyaya gəlmişdir. Cavabdeh2 ilə nigaha daxil olduqdan sonra digər Cavabdeh1 razılığı ilə sahibliyində və istifadəsində olan Gəncə şəhəri, Sevinc qəsəbəsi 18-ci küçədə yerləşən evə gəlin köçmüşdür. Sonradan cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində o, həmin evdən qovulmuşdur. Ona məxsus olan bütün əmlaklarım həmin evdə yerləşir. Qeyd olunan fərdi yaşayış evi tam olaraq yaşayış üçün yararlı olmaqla Cavabdeh1 “Farforist” bağçılıq təsərrüfatı tərəfindən ayrılımış torpaq sahəsində layihə əsasında inşa edilmişdir. Cavabdehlər onu həmin evdən çıxardığından həmin evə köçməyi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qeyd olunan tələblə bağlı ilk olaraq mediasiya qaydasında təklif və müraciətlə bağlı rəsmi olaraq müraciət etsə də, cavabdehlər tərəfindən heç bir hərəkət edilməmişdir. Hər bir vətandaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə olan siyasətini əks etdirməklə heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum edilməsinin mümkünsüzlüyünü istisna edir. Beləki, iddia ərizəsinə əlavə etdiyi sənədlərdən göründüyü kimi tərəflər arasında hüquq münasibəti mübahisəsiz olaraq 2011-ci il tarixdən yaranmış və bu münasibətləri tənzimləyən hüquq normasının mövcud olmadığı üçün tənzimlənməsi ilə bağlı qeyd etmək lazımdır ki, AR Mülki Məcəlləsinin 11.1-ci və AR Mülki Prosessual məcəlləsinin 13.4-cü maddəsinin tələbinə əsasən qanunun analogiyası üzrə analoji münasibətləri tənzimləyən hüquq normalarına, yəni tərəflər arasında hüquq münasibətləri yarandığı dövrdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci maddələrinə uygun həll edilməsi də mümkündür. xx.xx.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin-vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəi ilə birlikdə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideyinləri aiddir. Digər qohumlar, əmlak qabiliyyəti olmayan himayədə olanlar o, halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birlikdə təsərrüfat aparırlar. Bu Məcəllənin 68.2-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələr malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. İddiaçı hətta bu halda da, Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən qanunun analogiyası baxımından cavabdehləri kirayəçi hesab etməklə və iddiaçının həmin evə cavabdehlər tərəfindən yaşayış sahəsinə köçürüldüyündən və onlarla birgə təsərrüfat apardığından iddiaçınında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsinin kirayəçisinin yəni cavabdehlərin ailə üzvü hesab edərək və işin həqiqi halını və vəziyyətini hüquqi qiymətləndirərək iddanı təmin etməkdə ədalətli və haqlı olmuş olardı. O mübahisəli evə cavabdehlərin razılığı ilə köçdüyündən, cavabdehlərlə birlikdə həmin evdə yaşamaq hüququna malikdir və həmin hüquqdan mərhum edilə bilməz. Bu səbəbdən də, məhkəməyə müraciət etməli olmuşdur. Azyaşlı uşaqları ilə birlikdə Gəncə şəhəri, Sevinc qəsəbəsi 18-ci küçədə yerləşən evə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi vəkil X11 iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, o, iddiaçının qaynanasıdır. İddiaçı oğlu Cavabdeh2la evləndikdə digər cavabdeh o, Rusiya Federasiyasında olub və ev yaşamaq üçün hazır olmayıb. Həmin evi öz hesabına tikdirib. İddiaçı həmin evin tikintisində iştirak etməyib, həmin evə evləndikdən sonra gəlin kimi gəlməyib. Bu faktlarla bağlı şahidləri də var. Lakin iddiaçı tərəf hər hansı əsaslı sübutlar nə də, faktlar təqdim etməmişdir. İddiaçının köçürülməsini tələb etdiyi ev özbaşına tikili olmaqla, onun tərəfindən inşa edilmişdir. Ona görə mübahisəli tikiliyə iddiaçının keçmiş qaynanası, yəni onun gözlənilən hüququ var. Gözlənilən hüquq dedikdə təkcə özbaşına tikiliyə mülkiyyət hüququnun əldə edilməsi ehtiva olunmur. Analoji işlərdə bu hüquq daha geniş təsfir olunmalıdır. Zaman-zaman özbaşına tikililərə mülkiyyət hüququnun qeydə alınmasına dair normativ aktların qəbul edilməsi təcrübəsi də, mövcud olmuşdur. Dövlət müəyyən mərhələlərdə belə hüquqi rejimdə olan tikililəri tanımışdır. Hazırda qüvvədə olan qanunvericilik özbaşına tikililərə mülkiyyət hüququnu istisna edir. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək — onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Lakin, həmin tikiliyə çəkilən xərclərin tikinti aparan şəxsə məxsus olması və ondan bəhrələnmək hüququnun da məhz həmin şəxsə məxsus olması istisna deyil. Mübahisəli evin inşasına sərf edilən vəsait onun vəsaiti olmuşdursa, iddiaçının ondan bəhrələnmək hüququ vəsaitin sahibinin icazəsi ilə baş tuta bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxtı əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və möhtəbər sübütlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləki, Mənzil Məcəlləsinin 68.1. və 68.2 maddələrinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri(arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, norma dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisinin qanuni əsaslarla bağladığı kirayə müqavilələrindən irəli gələn münasibətləri nizama salır. Mənzil Məcəlləsinin 59.1. maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf - dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin məntiqlə yanaşsaq, onda mübahisəyə cavabdehin, yəni mənzilin sahibinin xeyrinə Mülki Məcəllənin 228-ci maddəsinin müddəalarının tətbiq olunması da müzakirə ola bilərdi. Çünki özbaşına tikilinin cavabdehin vəsaiti hesabına inşa edilməsi və onun istifadəsində olması işin mübahisəsiz halıdır. Hazırki halda sosial kirayə müqaviləsindən irəli gələn münasibətləri nizama salan maddi hüquq normalarının tətbiqini əsaslı hesab etmir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, mübahisəli fərdi ev onun tərəfindən, onun vəsaiti hensabına inşa edilmiş və iddiaçı həmin evə gəlin köçənədək onun istifadəsində olmuşdur. Həmin evin özbaşına inşa edilmiş ev olması ilk iddianın təmin olunması üçün müstəqil əsas hesab oluna bilməz. Gözlənilən hüquq dedikdə təkcə özbaşına tikiliyə mülkiyyət hüququnun əldə edilməsi ehtiva olunmur. Analoji işlərdə bu hüquq daha geniş təsfir olunmalıdır. Zaman-zaman özbaşına tikililərə mülkiyyət hüququnun qeydə alınmasına dair normativ aktların qəbul edilməsi təcrübəsi də mövcud olmuşdur. Dövlət müəyyən mərhələlərdə belə hüquqi reyimdə olan tikililəri tanımışdır. Hazırda qüvvədə olan qanunvericilik özbaşına tikililərə mülkiyyət hüququnu istisna edir. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Baxılan iş üzrə mübahisəli evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəməyə nəinki belə sübutlar təqdim etməmişdir. İddiaçı mübahisəli evə yaşamaq üçün gəlmiş və sonra həmin evi tərk edərək yaşamaq üçün başqa ünvana getmiş, illər keçəndən sonra hazırkı tələblə çıxış etmişdir. Keçmiş gəlinlərin mənzilə köçürülmə tələbi ilə bağlı hazırda istifadə olunan hüququn ümumi prinsipləri və ya hüququn konkret sahələrinə aid prinsipləri ilə bağlı qeyd olunur ki, analoji mübahisələrin həlli ilə bağlı vahid məhkəmə təcrübəsinin yaranmasına zərurət var. Bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən (əşyanın maddiləşmiş kütləsində payı olmayan) digər şəxsin hüquqları ilə yüklü edilə bilməz. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir. Ona görə analoji işlərdə də, məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır. Məhkəmə qərarının ədalətli olması şərtlərindən 1-cisi tərəflər arasında ədalətli tarazlığın qorunmasıdır. Hazırkı işdə mübahisəli evi cavabdeh inşa etmiş, uzun illərdir ki, orada yaşayırlar. İddiaçı 2011-ci ildə evə köçmüş və 2019-cu ildə oranı tərk etmişdir. Evi tərk etməsinin səbəbi cavabdehin ailəsi ilə birlikdə yaşamağın mümkün olmamasıdır. Evi tərk etdikdən iki il sonra hazırkı iddia irəli sürülmüşdür. Yekun qərar qəbul edən məhkəmə tərəflərin mənafeyləri arasındakı ədalətli tarazlığı işin sübuta yetirilən faktiki halları fonunda müəyyən etməlidir. Odur ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi Vəkil Cavabdeh1 ilə eyni məzmunlu izahat verərək İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, işdə olan materialları nəzərdən keçirərək hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, məhkəmə iclasında Cavabdeh1 vəsatəti əsasında dindirilmiş şahid X7 izahatında göstərmişdir ki, Cavabdeh1 onun xalası qızıdır. Almaz iki oğlu ilə birlikdə Gəncə şəhərində yaşamışlar. Sonradan həmin evi sataraq özü və iki oğlu arasında bölmüşdür. Almaz bir müddət kirayədə yaşadıqdan sonra hazırkı Sevinc qəsəbəsində yerləşən torpaq sahəsində ev tikərək oraya yerləşmişdir. Şəhla və Ruslan isə evlənəndən sonra bir müddət sonra kirayədə yaşamışlar. Evlənəndən təxminən 3-4 il keçdikdən sonra Almaz onları yanına gətirmişdir. Məhkəmə iclasında Cavabdeh1 vəsatəti əsasında dindirilmiş şahid X8 izahatında göstərmişdir ki, Cavabdeh1 onun xalasıdır. Almaz iki oğlu ilə birlikdə 2013-cü ilədək Gəncə şəhərində 3-cü mikrorayonda yaşayıb. 2013-cü ildə, oradakı evi satdıqdan sonra oğlunun biri çıxıb getmiş, digəri isə kirayədə yaşayırdı. Xalası Almaz isə Sevinc qəsəbəsinə gəlmişdir. Bir müddət sonra Şəhla və Ruslanı yanına gətirmişdir. Məhkəmə iclasında Cavabdeh1 vəsatəti əsasında dindirilmiş şahid X1 izahatında göstərmişdir ki, Cavabdeh1 onun əri Elnurun xalasıdır. Almaz iki oğlu ilə birlikdə 2013-cü ilədək Gəncə şəhərində 3-cü mikrorayonda yaşayıb. 2013-cü ildə Almaz Sevinc qəsəbəsinə gəlmişdir. Bir müddət sonra Şəhla və Ruslanı yanına gətirmişdir. İş materiallarında olan Göranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Göranboy Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh2 ilə İddiaçı arasında nikah xx.xx.2022-ci ildə pozulmuşdur. İş materiallarında olan Goranboy rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli 2(045)- 842/2022 saylı qətnaməsinə əsasən Cavabdeh2 ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqında akt qeydləri kitabında 107 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X6,xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X2 anaları İddiaçı yanında saxlanılması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X6,xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən Cavabdeh2 İddiaçı xeyrinə hər ay hər uşaq üçün 120 manat olmaqla, 360 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan “Farforist” bağçılıq yoldaşlıq birliyinin xx.xx.1993-cü il tarixli 281 saylı arayışından görünür ki, Gəncə şəhər X12 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 11 saylı qərarına əsasən Sevin qəsəbəsi, Gəc zavodu ərazisindən Cavabdeh1 Y. q. Bağ yeri üçün kb54 saylı məhəllədə sahəsi 400 kv.m. yer ayrılmışdır. İş materiallarında olan “Farforist” bağçılıq yoldaşlıq birliyinin xx.xx.1988-ci il tarixli 11 saylı protokolundan çıxarışdan görünür ki, Gəc zavodu ərazisindən bağçılıq üçün birliyin üzvü Cavabdeh1 00.4 ha torpaq sahıəsinin bağçılıq üçün ayrılması qərara alınmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh2 ilə İddiaçı xx.xx.2012-ci il tarixdə ailə qurmaqla nikahlarını rəsmiləşdirmişlər. Nikaha daxil olduqdan sonra Cavabdeh2 anası Cavabdeh1 “Farforist” bağçılıq yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahəsində inşa edilmiş evə köçmüş və ayrılanadək həmin ünvanda yaşamışlar. Goranboy rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli 2(045)-842/2022 saylı qətnaməsinə əsasən Cavabdeh2 ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqında akt qeydləri kitabında 107 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X6,xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X2 anaları İddiaçı yanında saxlanılması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X6,xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən Cavabdeh2 İddiaçı xeyrinə hər ay hər uşaq üçün 120 manat olmaqla, 360 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı mübahisəli mənzilə 2012-ci il tarixdə köçdüyünü və həmin tarixdə yaranmış münasibətləri tənzimləyən hüquq normasının mövcud olmadığını, sosial kirayə müqaviləsinə uyğun olaraq həmin evə cavabdehlərin razılığı ilə köçdüyünü və cavabdehlərlə birlikdə həmin evdən yaşamaq hüququnun olduğunu qeyd edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası ilə əlaqədar qeyd etməyi vacib hesab edir ki, iddiaçının tələbi azyaşlı uşaqları ilə birlikdə Cavabdeh2 və Cavabdeh1 istifadəsində və sahibliyində olan fərdi yaşayış evinə köçürülməsi ilə bağlı olduğundan tərəflərin arasında yaranan münasibətlərə mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə ilə bağlı normalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İddiaçı xx.xx.2012-ci il tarixdə ailə qurduqdan sonra Cavabdeh2 anası Cavabdeh1 “Farforist” bağçılıq yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahəsində inşa edilmiş mülkiyyət sənədi olmayan evə köçmüşlər. İddiaçı mübahisəli mənzildə 2012-ci ildən yaşamağa başladığından və həmin mənzilə dair aralarında münasibətlər 2012-ci ildə yarandığından həmin münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə iddiaçının Cavabdeh2 və Cavabdeh1 məxsus Gəncə şəhəri, Sevinc qəsəbəsi 18-ci küçə ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddiasına qiymət verərkən, ilk növbədə iddiaçının mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsində yaşamaq hüququnun yaranması əsaslarının mövcud olub-olmamasının və onun əsasında da, iddiaçının subyektiv hüququnun pozulub-pozulmaması ilə bağlı iddiaçının cavabdehə qarşı iddia irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olubolmaması məsələsinin müəyyən edilməsini zəruri hesab edərək qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə iddia tələbi əsaslı deyildir. Belə ki, iddiaçının izahatından göründüyü kimi iddiaçı 2011-ci ildə mübahisəli fərdi yaşayış evinə köçmüşdür. 2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir, digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Goranboy rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli 2(045)-842/2022 saylı qətnaməsinə əsasən Cavabdeh2 ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqında akt qeydləri kitabında 107 nömrə ilə qeyd edilmiş nikahın pozulmuşdur. İddiaçı Mənzil Məcəlləsinin 30.1-ci maddəsində sadalanan mülkiyyətçinin ailə üzvləri sırasına daxil deyildir. Ona görə də, məhkəmə iş üzrə araşdırılmış sübutların tədqiqi nəticəsində bir daha müəyyən etdi ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən subyektiv hüquqa malik olmamışdır. Belə ki, iddiaçı mübahisəli fərdi yaşayış evinə 2011-ci il tarixdə köçdüyündən, 2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından iddiaçı mübahisəli mənzilə münasibətdə evdən istifadə hüququna malik olmasını təsbit etdiyi şəxslərin dairəsinə daxil olmadığından iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülməsini tələb etmək hüququ mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumu “M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli Qərarı”nda formalaşmış hüquqi mövqeyində qeyd etmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının mübahisəli fərdi yaşayış evindən yaşamaq hüququ olmadığına görə subyektiv hüququn birinci elementi olan hüquqi ixtiyara malik olmamışdır. Bu da onu deməyə əsas verir ki, iddiaçının bütövlükdə hazırkı tələblə bağlı iddia irəli sürmək üçün subyektiv hüququ yaranmamışdır. Qeyd edilənlər baxımından iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddaçının tələbinin Mənzil Məcələsinin sosial kirayə müqaviləsini tənzimləyən normalarının analogiya üzrə tətbiq edilməklə mübahislə fərdi yaşayış evinə köçürülməsi hissəsi ilə bağlı qeyd edir ki, Mənzil Məcələsinin sosial kirayə müqaviləsini tənzimləyən normaları dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisinin bağladığı kirayə müqaviləsindən irəli gələn münasibətləri tənzimləyir. Mənzil Məcələsinin sosial kirayə müqaviləsini tənzimləyən normalarında tərəf kimi dövlət orqanı və ya bələdiyyə çıxış edir. Hazırkı iş üzrə iddiaçı ilə cavabdehlər Cavabdeh1 arasında yaranmış münasibətlər isə Cavabdeh1 keçmiş SSRİ dövründə bağçılıq məqsədilə ayrılmış, sonuncunun gözlənilən mülkiyyət hüququnun olduğu torpaq sahəsi və onun üzərində inşa edilmiş evlə bağlıdır. Bu baxımdan həmin münasibətlərə analogiya üzrə Mənzil Məcələsinin sosial kirayə müqaviləsini tənzimləyən normalarının Cavabdeh1 hüquqlarının pozulması ilə nəticələnərdi. Məhkəmə həmçinin Cavabdeh2 münasibətdə iddia tələbi bağlı qeyd edir ki, iddiaçı cavabdehlərə, o cümlədən Cavabdeh2 məxsus evə köçürülməsini xahiş etsə də, Cavabdeh2 məxsus evin olmasını təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan iddia tələbi həmin hissədə də, əsassız olduğundan təmin edilməməlidir. İddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar