Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-95/2025 02.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, İddiaçı və nümayəndəsi, Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tikilinin və hasarın sökülməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tikilinin və hasarın sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, məh. A-2 torpaq sahəsində inşa etdiyi tikilinin və hasarın cavabdehlərin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, məh. A-2 ünvanı X1 alqı-satqı yolu ilə alınmışdır. Qeyd olunan torpaq sahəsi və torpaq sahəsində yerləşən fərdi yaşayış evini X1 4000 manata almış və bununla bağlı xx.xx.2014-cü il tarixli etibarnamə verilmiş öz adına xx.xx.2024-cü il tarixli çıxarış almışdır. Qeyd olunan torpaq sahəsində əvvəllər hər-hansı bir tikili olmamış, boş torpaq sahəsi kimi qalmış, heç bir tikinti işləri aparılmamışdır. Sonradan yəni 2023-cü ilin aprelində qeyd olunan torpaq sahəsinə baş çəkdikdə orada hasarın və hörgü işlərinin aparılması müəyyən edilmişdir. Bununla bağlı cavabdehlərə tikilinin sökülməsi üçün dəfələrlə xəbərdarlıq edilsə də, cavabdehlər buna əməl etməyərək tikinti işlərinin aparılmasını davam etdirirlər. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, məh. A-2 torpaq sahəsində inşa etdiyi tikilinin və hasarın cavabdehlərin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi, Vəkil iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı etiraf etməyərək, verdiyi izahatda göstərmişdir ki, mütəxəssis rəyi ilə razılaşır və iş üzrə yenidən ekspertiza keçirilməsinə zərurət olmadığını bildirir. Sonda cavabdeh iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə məhkəməyə gəlmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Sevinc qəsəbəsi, məh. A-2 ünvanında yerləşən 0,045 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə İddiaçı adına mülk kimi qeydə alınmışdır. Məhkəmə baxışı zamanı işin hallarının müəyyən edilməsində xüsusi bilik tətbiqinə ehtiyac olduğu üçün iddiaçının istifadəsində olan ümumi torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək üçün iş üzrə mütəxəssis rəyi alınmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, qərardadda mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə tərəflərin və mütəxəssisin iştirakı ilə iddia olunan torpaq sahəsinin yerləşmə mövqeyi və ölçülən yerində müəyyən edildikdən sonra, kameral şəraitdə Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirildi. “Hüquqların dövlət qeydiyyatı haqqında" daşınmaz əmlakın dövlət reyestrindən **********27 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.045 ha (450.0 kv.m) torpaq sahəsinin, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) baza məlumatlarına əsasən 242.0 kv.m hissəsi iddiaçının öz faktiki istifadəsində, 50.98 kv.m hissəsi Cavabdeh2 faktiki istifadəsində olmaqla, həmin torpaq sahəsi üzərində inşa edilmiş (daş hasar) tikili aşkarlandı. **********27 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.045 ha (450.0 kv.m) torpaq sahəsinin 12.98 kv.m və 144.1 kv.m hissələri isə başqa şəxsin və ya şəxslərin istifadəsində olduğu müəyyən olunmaqla, həmin torpaq sahələri üzərində inşa edilmiş (daş hasar) tikili aşkarlandı. Əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 405.0 kv.m torpaq sahəsinin 39.20 kv.m hissəsi elektron kadastr sistemi məlumatlarına əsasən **********92 reyestr nömrəli Çıxarışla, 6.8 kv.m hissəsi **********74 reyestr nömrəli Çıxarışla 110.35 kv.m hissəsi **********76 reyestr nömrəli Çıxarışla və 3.25 kv.m hissəsi isə **********41 reyestr nömrəli Çıxarışla üst-üstə düşdüyü müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iclasında tədqiq edilməş sübutlarla işin faktiki halı kimi müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Sevinc qəsəbəsi, məh. A-2 ünvanında yerləşən 0,045 ha torpaq sahəsinin 50.98 kv.m hissəsi Cavabdeh2 faktiki istifadəsində olmaqla, həmin 50.98 kv.m torpaq sahəsi üzərində Cavabdeh2 tərəfindən (daş hasar) tikili inşa edilmişdir. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddiaçıların tələbi xüsusi mülkiyyətdə olan torpaq sahəsinin zəbtdən azad edilməsi və həmin sahədə qoyulmuş maneənin aradan qaldırılması ilə əlaqədar olduğundan həmin münasibətlərə xüsusi mülkiyyətdə olan torpaqla bağlı münasibətləri tənzimləyən normalar tətbiq edilməlidir. Məhkəmə bununla bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konversiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüquqi ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84–cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göründüyü kimi “Hüquqların dövlət qeydiyyatı haqqında" daşınmaz əmlakın dövlət reyestrindən **********27 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.045 ha (450.0 kv.m) torpaq sahəsinin 50.98 kv.m hissəsi Cavabdeh2 tərəfindən istifadə edilir. İrəli sürülən iddianın Cavabdeh2 aid olan hissədə təmin edilməsi üçün qanuni əsaslar vardır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı mülkiyyətində olan 450.0 kv.m torpaq sahəsinin Cavabdeh2 faktiki istifadəsində olan 50.98 kv.m hissəsi üzərində Cavabdeh2 tərəfindən inşa edilmiş tikili(daş hasar) Cavabdeh2 hesabına sökülməli, zəbt edilmiş həmin sahə zəbtdən azad edilməlidir. Bununla bərabər məhkəmə qeyd edir ki, digər Cavabdeh1 aid olan hissədə iddianın təmin edilməsi üçün əsaslar yoxdur, belə ki, iddiaçının mülkiyyətində olan həmin torpaq sahəsinin hansısa hissəsinin Cavabdeh1 faktiki istifadəsinə olduğu işin halı kimi müəyyən olunmur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, Gəncə şəhəri, Sevinc qəsəbəsi, məh. A-2 ünvanında yerləşən 450.0 kv.m torpaq sahəsinin Cavabdeh2 faktiki istifadəsində olan 50.98 kv.m hissəsi üzərində Cavabdeh2 tərəfindən inşa edilmiş daş hasar Cavabdeh2 hesabına sökülsün, zəbt edilmiş həmin sahə zəbtdən azad edilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-95/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-95/2025
02.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver