Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-957/2025 26.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi) birgə nikah dövründə əldə edilmiş əmlaka payların müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş Gəncə şəhəri, 20 yanvar küçəsi, 7-ci dalan, ev 3, mənzil 1-in ½ hissəsinə (yarısına) iddiaçının payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin mübahisəsiz hallarına görə tərəflər xx.xx.1981-ci il tarixdə 761 nömrə ilə qeyd etdirməklə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan doğulmuş uşaqları yetkinlik yaşına çatmışdır. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2287/2013 nömrəli, xx.xx.2013cü il tarixli qətnaməsi ilə hazırkı iş üzrə Cavabdeh hazırkı iş üzrə İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında bağlanmış nikahın pozulması, 03 fevral 2000-ci il təvəllüdlü X2 anası Cavabdeh yanında saxlanılması, 03 fevral 2000-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 22 oktyabr 2013-cü il tarixdən başlayaraq, hər ay atası İddiaçı sabit pul məbləğində 100 (yüz) manat miqdarında alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı cavabdeh, yəni Cavabdeh ilə 06 iyun 1981ci il tarixdə rəsmi olaraq ailə qurmuş və Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(044)-2287/2013 saylı qətnaməsi ilə boşanmışlar. Rəsmi nikahlarından dörd övladları olmuş və boşanarkən yalnız xx.xx.2000-ci il təvəllüdlü X4 azyaşlı olmuşdur. Onlar birgə nikah dövründə, yəni 22 oktyabr 1991-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına Gəncə şəhəri, 20 yanvar küçəsi, 7-dalan, ev 3, mənzil 1-i əldə etmişlər. Hazırda həmin mənzil Cavabdeh faktiki istifadəsində və sahibliyindədir. İddiaçı ilə cavabdehin ər-arvad münasibətlərinə son qoyulsa da, ailə üzvlərinin münasibətləri daim normal olmuş, övladları ilə həmişə münasibətdə olmuşlar. Hətta kiçik övladı X4 öz toy gününə qədər, yəni 10 sentyabr 2024-cü ilə qədər həmin evdə anası, yəni cavabdehlə yaşamışdır. Lakin toy ərəfəsində Cavabdeh məlum olmayan səbəbdən münasibətləri korlayaraq, normal münasbətlərin kəskin mübahisəyə çevrilməsinə səbəb olmuşdur. Hətta cavabdeh oğlunun toyunda belə iştirak etməmişdir. Toydan sonra cavabdeh oğlu X3 evə buraxmayaraq başqa yerdə yaşamasını israrla tələb etmiş, səbəbi soruşulduqda isə həmin evdə, nə uşaqların, nədə ki iddiaçının heç bir payının olmamasını, həmin evin ona öz qohumları tərəfindən alındığını iddia etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş arayışdan da, məlum olur ki, mübahisəli ev alqısatqı müqaviləsi ilə əldə edilmişdir. Mübahisəli evin yalnızca ona məxsus olmasını iddia edən cavabdehin bu hərəkəti iddiaçıda kəskin ikrah hissi doğurmuş və nəticədə hazırki iddianın verilməsi ilə nəticələnmişdir. Bundan başqa Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin 3-cü şəxs qismində işə cəlb edilməsi əmlaka payın müəyyən edilməsi məqsədi ilə icra işlərinin görülməsi zamanı işdən məlumatlı olmaları və icra zamanı çətinliklərin yaradılmaması məqsədi ilə edilmişdir. Dəfələrlə icra vərəqəsinin icrası zamanı işə onların cəlb edilməmələrini bəhanə gətirərək əsassız süründürməçilik etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin əlavə etdi ki, 1981-ci ildə cavabdeh ilə rəsmi nikaha daxil olmuş, 1992-ci ildə alqı-satqı müqaviləsi əsasında sözügedən mübahisəli əmlakı almışdır. 2013-cü ildə cavabdehlə nikahları pozulana qədər sözügedən əmlakda cavabdehlə birgə ailə kimi yaşamışdır. Nikahları pozulduqdan sonra həmin evdən çıxmışdır. Birgə nikahdan dörd övladı – iki qız, iki oğlu olmuş, qızlarından biri vəfat etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddiaçı ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, sözügedən mənzili ona öz anası pay kimi almışdır. İddiaçı ilə ailə həyatı quranda onun evi olmamışdır. İddiaçı ilə ayrıldıqları vaxtdan bəri evin bütün kommunal xərclərini özü ödəyir. Öz adına olan evi satıb qızı və ailəsi üçün sənədi olmayan evi almağa razılaşmadığı üçün iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ikinci dəfə ailə qurmuşdur, özünəməxsus evi də var. Ona maraqlıdır ki, iddiaçı nəyə görə indiyə kimi məhkəməyə müraciət etməmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, lakin üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının, onun nümayəndəsinin və cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin 3-21-3-33/2-12973/2024 nömrəli, xx.xx.2024-cü il tarixli vəkil sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, 30 iyul 1991ci il tarixli, Gəncə şəhər İcraiyyə Komitəsi İclasının dövlət evlərinin və mənzillərinin pulsuz olaraq vətəndaşların şəxsi mülkiyyətinə verilməsi haqqında 8 nömrəli qərardan çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən mənzil X1 adına qeyd edilmiş, ona 22 avqust 1991-ci il tarixində 5262 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Mənzilin ümumi sahəsi 77,20 kv.m, yaşayış sahəsi 44.90 kv.m, köməkçi sahə 32.30 kv.m olmuşdur. Mənzil Gəncə şəhər 1 saylı notariat kontorunda təsdiq olunmuş 22 oktyabr 1991-ci il tarixli, 2-6-858 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh satılmış, ona 23 oktyabr 1991-ci il tarixində 5262 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 210348 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 10 nömrəli akt qeydi aparılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Məcəllənin 32.2.1 və 32.2.2-ci maddələrinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Qeyd edilən müddəalarda ər-arvadın ümumi birgə əmlakının əldə olunmasının qanuni əsasları, həmçinin həmin əmlakın ər-arvadın birgə əmlakı hesab edilməsi üçün üç dispozitiv şərt müəyyən edilmişdir. 1) tərəflərin birgə nikahda olmaları, 2) əmlakın nikah müddətində əldə olunması və 3) əmlakın ər-arvadın birgə qazancları hesabına əldə olunması. Qeyd edilən şərtlərdən birinin mövcud olmaması əmlakın ər-arvadın birgə mülkiyyəti hesab olunması üçün hüquqi əsasları aradan qaldırmış olur. İş materialları ilə müəyyən edilir ki, tərəflər xx.xx.1981-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və birgə nikahda olduqları müddətdə, qeyd edilən əmlakı əldə etmişlər. Belə ki, iş materiallarından görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil ünvan 31-ci il tarixli, 2-6-858 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh satılmış, ona 23 oktyabr 1991-ci il tarixində 5262 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Sözügedən mənzilin üzərində hər hansı yüklülüyün olması cavab məktubundan müəyyən edilmir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, həmin mənzil tərəflərin birgə nikahda olduqdarı müddətdə əldə edildiyindən, həm də bu əmlakın ailə büdcəsindən maliyyələşdirilməklə, əvəzli surətdə əldə edildiyi təkzib edilmədiyindən, göstərilən əmlak tərəflərin birgə ümumi mülkiyyətidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən mənzilin ailənin birgə qazancı hesabına əldə edildiyini sübut etmək yükü iddiaçının üzərində deyil. Çünki Ailə Məcəlləsinin 32-ci maddəsi ər-arvadın birgə nikahı dövründə əldə edilmiş əmlakın onların ümumi birgə mülkiyyəti sayılması barədə qanuni prezumpsiya müəyyən edir. Bu baxımdan hər hansı əmlakın nikah dövründə əvəzli əldə olunması sübuta yetirilirsə, həmin qanuni ehtimala əsasən əşya ər-arvadın ümumi gəlirləri hesabına qazanılmış əmlak hesab edilir. Bu halda pay tələb edən ər (arvad) əşyanı birgə təsərrüfat hesabına aldıqlarını sübuta yetirmək vəzifəsi daşımır. Belə sübut etmə yükü əksini iddia edən (etiraz edən) tərəfin üzərinə düşür. Cavabdeh tərəf isə məhkəmə iclasında yalnız ümumi sözlərlə sözügedən mənzili ona öz anasının pay aldığını bildirmiş, lakin qeyd etdiklərini təsdiq edən hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Ailə Məcəlləsinin 37.1 və 37.2-ci maddələrinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Həmçinin, Mülki Məcəllənin 213.5-ci maddəsində müəyyən edilmişdir ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, qeyd edilən mənzil tərəflərin birgə nikahı müddətində əldə edildiyindən və birgə nikah müddətində əldə edilmiş əmlaka dair tərəflər arasında hər hansı razılaşma olmadığından, habelə onların aralarında nikah sazişi olmadığından və bununla da tərəflər arasında əmlakın bölünməsinə dair başqa qaydalar nəzərdə tutulmadığından, tərəflərin birgə nikah müddətində əldə etdikləri mübahisəli mənzildə tərəflərin payları müəyyən olunmalı, tərəflərin birgə nikah müddətində əldə etdikləri əmlak bərabər bölünməlidir. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə, xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki mülki iş üzrə ilkin mediasiya sessiyasından sonra proses davam etdirilməsə də, iddia təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci, eləcə də iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 50 manatın əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən mənzilə 1/2 (ikidə bir) hissədə İddiaçı və 1/2 (ikidə bir) hissədə Cavabdeh payı (mülkiyyət hüquqları) müəyyən edilsin. Məhkəmə xərcinin əvəzi olaraq 100 (bir yüz) manat pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-957/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-957/2025
26.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver