Məhkəmə qərarları › İş №2(125)-96/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-96/2023

27.04.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-96/2023 27.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, ilkin iddiaçı və qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X1, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddiaçının nümayəndəsi (vəkili) X3 iştirakı ilə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Cavabdeh qarşı «ödənilməmiş icarə haqqının əvəzi qismində pul tələbi» barədə iddiasına, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı «icarə müqaviləsinin ləğv edilməsi və icarə haqqının azaldılması tələbi» barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Cavabdeh qarşı cavabdehdən icarə haqqı borcu üzrə 4.973 manat 42 qəpik məbləğində vəsaitin iddiaçının xeyrinə tutularaq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan Respublikasl Mərkəzi Bankının Əməliyyat İdarəsindəki AZ53 NABZ********************4 saylı hesabına (kod 501004, AZ74NABZ******************** saylı VÖEN**********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Həmçinin Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2016-cı il tarixli 25 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, Gəncə şəhərinin 1-ci zonasında yerləşən «Gəncə Univermaq» Əmlak kompleksinin yerləşdiyi 4199,9 kvadrat metr torpaq sahəsinin normativ qiymətinin 18.899 manat 55 qəpik olması və həmin torpaq sahəsinin illik icarə haqqının 377 manat 99 qəpik, aylıq icarə haqqının 31 manat 50 qəpik olmasının müəyyən edilməsi və tələb edilən 4.973 manat 42 qəpik məbləğində icarə haqqı borcu tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddiaçı və qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi M.A.Hüseynov izahatında ilkin iddianı müdafiə edərək bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin «İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında» 629 nömrəli, xx.xx.1997-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi 50, «Gəncə Univermaq» ünvanında yerləşən Əmlak kompleksinin yerləşdiyi 4199.9 kvadrat metr torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2016-cı il tarixli, 25 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtlərinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. Cavabdeh həmin müqavilə üzrə ödənilməli olan 4.973 manat 42 qəpik məbləğində icarə haqqı borcu vardır. Cavabdehə xx.xx.2017-ci il tarixli, **********04 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilsə də cavabdeh icarə haqqını ödəməkdən imtina etmişdir. Buna görə də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda M.A.Hüseynov ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddiaçının nümayəndəsi (vəkili) H.R.Salahov izahatında qarşılıqlı iddianı müdafiə edərək, bildirdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi 50, «Gəncə Univermaq» ünvanında yerləşən Əmlak kompleksinin yerləşdiyi 4199.9 kvadrat metr torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2016-cı il tarixli, 25 nömrəli icarə müqaviləsi bağlanmışdır. Bu icarə müqaviləsi üzrə icarəyə götürülmüş 4199,9 kvadrat metr torpaq sahəsinin illik icarə haqqı 8.399 manat 80 qəpik, aylıq icarə haqqı 699 manat 98 qəpik göstərilmişdir. Cavabdeh əmlak kompleksinin və torpaq sahəsinin başqa şəxsə satılmasının qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə onun üçün sərfəli olmayan ağır şərtli əqd bağlamışdır. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi öz irəli sürdüyü şərtlər əsasında icarə müqaviləsi bağlanmadığı təqdirdə əmlakın hərrac vasitəsi ilə başqa şəxslərə satılacağını bildirmişdir. Habelə xx.xx.2016-cı il tarixli **********67 nömrəli sənədlə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh bildirilmişdir ki, yaxın müddət ərzində icarə müqaviləsinin şərtləri ilə razılaşmadığı təqdirdə torpaq sahəsi hərrac vasitəsi ilə başqa şəxslərə satılacaqdır. Buna görə də Cavabdeh icarə müqaviləsi bağlayarkən müqavilə şərtlərini araşdırmamış və illik icarə haqqının hesablanması qaydası Cavabdeh bildirilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi 4199,9 kvadrat metr torpaq sahəsinin qara bazar qiymətini, yəni onların özlərinin müəyyən etdikləri 420.000 manat qiymətin 2 faizi həcmində illik icarə haqqı hesablamışdır. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi 420.000 x 2% = 8.400 manat qaydasında hesablamaqla illik icarə haqqının 8.400 manat, aylıq icarə haqqının isə 699 manat 98 qəpik olduğunu müəyyən etmişdir. Halbuki, «Gəncə-Univermaq» Əmlak kompleksinin yerləşdiyi 4199,9 kvadrat metr torpaq sahəsi Gəncə şəhərinin 1-ci zonasında yerləşir və normativ qiyməti 18.899 manat 55 qəpikdir. İcarə haqqı hesablanarkən qiymətləndirilmiş 420.000 manat deyil, 18.899 manat 55 qəpiyin 2 faizi hesablanmalı, illik icarə haqqının 377 manat 91 qəpik, aylıq icarə haqqının isə 31 manat 49 qəpik məbləğində olması müəyyən edilməli idi. Göründüyü kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən tələb edilən 4.973 manat 42 qəpik məbləğində icarə haqqı borcunun yaradılması mövcud qanunvericiliyin tələblərinə ziddir. Torpaq sahəsinin icarəyə götürülməsi zamanı torpaq sahəsinin qiyməti qara bazar qiyməti ilə hesablandığına görə yalnışdır. Buna görə də torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2016-cı il tarixli 25 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, Gəncə şəhərinin 1-ci zonasında yerləşən «Gəncə Univermaq» Əmlak kompleksinin yerləşdiyi 4199,9 kvadrat metr torpaq sahəsinin torpaq sahəsinin normativ qiymətinin 18.899 manat 55 qəpik olması və həmin torpaq sahəsinin illik icarə haqqının 377 manat 99 qəpik, aylıq icarə haqqının 31 manat 50 qəpik olması və tələb edilən 4.973 manat 42 qəpik məbləğində icarə haqqı borcu tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmalıdır. Sonda H.R.Salahov qarşılıqlı iddianın təmin, ilkin iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin və qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan «Özəlləşdirilən müəssisə və obyektlərinin, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında» 19 dekabr 2016-cı il tarixli 25 nömrəli müqavilədən görünür ki, icarəyə verən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin icarəyə verdiyi Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi 50, «Gəncə Univermaq» ünvanında yerləşən Əmlak kompleksinin yerləşdiyi 4199.9 kvadrat metr torpaq sahəsi icarəçi Cavabdeh tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilmişdir. Torpaq sahəsinin illik icarə haqqı 8.399 manat 80 qəpik, aylıq icarə haqqı 699 manat 80 qəpikdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh ünvanlanmış 31 may 2017-ci il tarixli **********04 nömrəli məktubdan görünür ki, «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin «Özəlləşdirilən müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında» 19 dekabr 1997-ci il tarixli 659 nömrəli Fərmanına uyğun olaraq, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi 50, «Gəncə Univermaq» ünvanında yerləşən Əmlak kompleksinin yerləşdiyi 4199.9 kvadrat metr torpaq sahəsinin icarəyə verilməsinə dair bağlanılmış 25 nömrəli xx.xx.2016-cı il tarixli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2017-ci il tarixə 3.573 manat 46 qəpik məbləğində icarə haqqı borcu yarandığı Cavabdeh bildirilmiş və həmin borcun 7 gün müddətində dövlət büdcəsinə ödənilməsi xahiş edilmişdir. İşdə olan 18 iyul 2017-ci il tarixli aktdan görünür ki, Cavabdeh icarə haqqı borcunun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsindən imtina etmişdir. Əmlak Məsələləri Dövlət Komitəsindən icarəçiyə xx.xx.2017-ci il tarixli **********04 nömrəli bildiriş göndərilmiş, ona rəsmi xəbərdarlıq edilsə də icarəçi borcun ödənilməsindən imtina etmişdir. Obyekt hazırda fəaliyyət göstərir və çox saylı ticarət obyektləri icarəyə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh ünvanlanmış 31 oktyabr 2016-cı il tarixli **********67 nömrəli məktubun surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən və Cavabdeh tərəfindən özəlləşdirilmiş əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi və ya satınalma hüququ ilə icarəyə götürülməsi şərtləri, eləcə də imtina etdiyi halda komitə tərəfindən görüləcək müvafiq tədbirlər barəsində Cavabdeh 29 sentyabr 2016-cı il tarixli, **********11 nömrəli müvafiq bildiriş göndərilmişdir. Həmin bildirişin icra müddəti 15 oktyabr 2016-cı il tarixdə bitmişdir. Yaxın müddət ərzində bildirişdə qeyd edilən şərtlərə münasibət bildirilmədiyi təqdirdə torpaq sahəsi hərrac vasitəsi ilə başqa şəxslərə satılacaqdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 oktyabr 2019-cu il tarixli 2-1(102)-2858/2019 nömrəli qərarından görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi 50-də yerləşən «Gəncə Univermaq» kompleksinin mülkiyyətçisi Cavabdehdır. Həmin əmlak kompleksinin yerləşdiyi 4199 kvadrat metr torpaq sahəsi dövlət mülkiyyətindədir. Cavabdeh 01 mart 2014-cü il və 02 aprel 2014-cü il tarixli ərizələrlə cavabdehə müraciət edərək, «Gəncə Univermaq» əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsini xahiş etmiş, lakin müraciət təmin olunmamışdır. Bundan sonra Cavabdeh məhkəməyə müraciət edərək, «Gəncə Univermaq» əmlak kompleksinin yerləşdiyi 4199 kvadrat metr torpaq sahəsinin 1-ci zona, əmsalının 5 olmasını nəzərə alınmaqla onun adına özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 08 iyun 2016-cı il tarixli, 2-1(83)-335/2016 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)-11/2017 nömrəli, 03 iyul 2017ci il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 08 iyun 2016-cı il tarixli, 2-1(83)-335/2016 nömrəli qərarı ləğv edilərək, iddia tələbi təmin edilmiş və «Gəncə Univermaq» əmlak kompleksinin yerləşdiyi 4199 kvadrat metr torpaq sahəsinin 1-ci zona, əmsalının 5 olması nəzərə alınmaqla, «Gəncə Univermaq» əmlak kompleksinin mülkiyyətçisi Cavabdeh adına özəlləşdirilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə vəzifə olaraq qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(102)-1936/2017 nömrəli, 15 noyabr 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin kassasiya şikayəti təmin olunaraq, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(104)- 11/2017 nömrəli, 03 iyul 2017-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(104)-154/2018 nömrəli, 07 iyun 2018-ci il tarixli qərarı ilə Cavabdeh apellyasiya şikayət təmin edilməmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 08 iyun 2016-cı il tarixli, 2-1(183)-335/2016 nömrəli qərarı ləğv edilərək, yeni qərar qəbul olunmaqla iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-2233/2018 nömrəli, 19 dekabr 2018-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(104)-154/2018 nömrəli, 07 iyun 2018-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(04)- 249/2019 nömrəli 24 may 2019-cu il tarixli qərarı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 08 iyun 2016-cı il tarixli 2-1(83)-335/2016 nömrəli qərarından C.Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 08 iyun 2016-cı il tarixli 2-1(83)-335/2016 nömrəli qərarı ləğv edilmiş və iş üzrə yeni qərar qəbul olunmuş, iddia tələbi təmin edilmiş, «Gəncə Univermaq» əmlak kompleksinin yerləşdiyi 4199 kvadrat metr torpaq sahəsinin 1-ci zona, əmsalının 5 olması nəzərə alınaraq alqısatqı qiymətinin 18.895 manat 50 qəpik məbləğində müəyyən edilməklə, torpaq sahəsinin Cavabdeh satılması (özəlləşdirilməsi) vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 oktyabr 2019-cu il tarixli 2-1(102)-2858/2019 nömrəli qərarı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 08 iyun 2016cı il tarixli 2-1(83)-335/2016 nömrəli qərarından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin kassasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 08 iyun 2016-cı il tarixli 2-1(83)-335/2016 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi 50-də yerləşən «Gəncə Univermaq» kompleksinin mülkiyyətçisi Cavabdehdır. Həmin əmlak kompleksinin yerləşdiyi 4199 kvadrat metr torpaq sahəsi dövlət mülkiyyətindədir. Cavabdeh 01 mart 2014-cü il və 02 aprel 2014-cü il tarixli ərizələrlə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edərək, «Gəncə Univermaq» əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsini xahiş etmiş, lakin həmin müraciət təmin olunmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh ünvanlanmış 31 oktyabr 2016-cı il tarixli **********67 nömrəli məktubda isə ünvan 2 ünvanında yerləşən və Cavabdeh tərəfindən özəlləşdirilmiş əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi və ya satınalma hüququ ilə icarəyə götürülməsi şərtləri, eləcə də imtina etdiyi halda komitə tərəfindən görüləcək müvafiq tədbirlər barəsində Cavabdeh 29 sentyabr 2016-cı il tarixli, **********11 nömrəli müvafiq bildirişin göndərildiyi və həmin bildirişin icra müddətinin 15 oktyabr 2016-cı il tarixdə bitdiyi göstərilmiş, yaxın müddət ərzində bildirişdə qeyd edilən şərtlərə münasibət bildirilmədiyi təqdirdə torpaq sahəsinin hərrac vasitəsi ilə başqa şəxslərə satılacağı barədə xəbərdarlıq edilmişdir. Bundan sonra «Özəlləşdirilən müəssisə və obyektlərinin, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında» 19 dekabr 2016-cı il tarixli 25 nömrəli müqaviləyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin icarəyə verdiyi Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi 50, «Gəncə Univermaq» ünvanında yerləşən Əmlak kompleksinin yerləşdiyi 4199.9 kvadrat metr torpaq sahəsi Cavabdeh tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilmişdir. Torpaq sahəsinin illik icarə haqqı 8.399 manat 80 qəpik, aylıq icarə haqqı 699 manat 80 qəpik məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Cavabdeh qarşı cavabdehdən icarə haqqı borcu üzrə 4.973 manat 42 qəpik məbləğində vəsaitin iddiaçının xeyrinə tutularaq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan Respublikasl Mərkəzi Bankının Əməliyyat İdarəsindəki AZ53 NABZ********************4 saylı hesabına (kod 501004, AZ74NABZ******************** saylı VÖEN**********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Lakin həmin iddia tələbi Cavabdeh tərəfindən qəbul olunmamış, tərəflər arasında bağlanmış icarə müqaviləsinin qanuniliyi mübahisələndirilmiş və qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yalnız ilkin iddianı müdafiə, qarşılıqlı iddiaya isə etiraz etməklə kifayətlənmiş, ilkin iddianın əsaslarını və qarşılıqlı iddiaya öz etirazlarını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, mülki işin istər əvvəlki məhkəmə iclaslarında, istərsə də 12 aprel 2023-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsinə tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə illik icarə haqqının hansı əsaslarla və hansı qaydada hesablanmasına dair sübutları məhkəməyə təqdim etmək təklif olunmuş, hətta 12 aprel 2023-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi müvafiq sübutların təqdim olunması üçün məhkəmə iclasının 2 həftə müddətə təxirə salınmasını xahiş etmiş və bu məqsədlə məhkəmə iclası 2 həftə müddətə təxirə salınaraq, 27 aprel 2023-cü il tarixə təyin edilmişdir. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi ilkin iddianın əsaslarını və qarşılıqlı iddiaya öz etirazlarını təsdiq edən sübutları yenə də məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 106.2-ci maddəsinə görə digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1 və 324.2-ci maddələrinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitrəfəli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-ci maddəsinə görə müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 389.1 və 389.2-ci maddələrinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 417.1-ci maddəsinə görə müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydaların vasitəsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 420.2-ci maddəsinə görə müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 710.2-ci maddəsinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi onların təyinatından, sahəsindən, coğrafı yerləşməsindən və keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş «Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında» Əsasnamənin 8-ci bəndində göstərilmişdir ki, torpaq sahələrinin icrayə verilməsi şərtləri və müddəti «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq icarəyə verənlə icarəçi arasında bağlanmış müqavilə əsasında müəyyən edilir. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqı Bakı şəhəri üzrə torpağın bazar dəyərinin 3 faizi həcmində müəyyən edilir. Respublikanın digər şəhər və rayonlarında icarə haqqı torpağın bazar dəyərinin 2 faizi həcmində müəyyən edilir. «Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə» Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli 02/2022 nömrəli Qərardadının 36-cı bəndində məhkəmələrə izah edilmişdir ki, əqdin etibarlılığının yoxlanılmasının zəruri şərti etibarsızlıq barədə tələbin irəli sürülməsi deyil, sadəcə tələbin əqdə söykənməsidir. Odur ki, məhkəmə «əqdin etibarsız sayılması, əqdən doğan öhdəliyin icrası üzrə və s.» tələbləri, yaxud bu iddialara etiraz əsasında tərəflərin faktiki münasibətlərində baş vermiş halları, varsa əqdi mübahisələndirmə (iradənin qarşı tərəfə çatdırılması) faktını araşdırır, əqdin etibarlı olubolmamasına görə mübahisəni həll edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1-ci maddəsinə görə hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.5-ci maddəsinə görə əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Həmin Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki işin məhkəmə tədqiqi ilə müəyyən edilmiş hallarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(04)-249/2019 nömrəli 24 may 2019-cu il tarixli qərarı ilə «Gəncə Univermaq» əmlak kompleksinin yerləşdiyi 4199 kvadrat metr torpaq sahəsinin alqı-satqı qiyməti 18.895 manat 50 qəpik məbləğində müəyyən edilməklə, torpaq sahəsinin Cavabdeh satılması (özəlləşdirilməsi) vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə qoyulması qərara alınmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 oktyabr 2019-cu il tarixli 2-1(102)-2858/2019 nömrəli qərarı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 08 iyun 2016-cı il tarixli 2-1(83)-335/2016 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi hazırki halda «Gəncə Univermaq» əmlak kompleksinin yerləşdiyi 4199 kvadrat metr torpaq sahəsinin alqı-satqı qiymətinin 18.895 manat 50 qəpik məbləğində olması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş «Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında» Əsasnaməyə uyğun qaydada hesablandıqda isə həmin torpaq sahəsinin illik icarə haqqının 377 manat 91 qəpik (18.895 manat 50 qəpik x 0,02% = 377 manat 91 qəpik), aylıq icarə haqqının isə 31 manat 49 qəpik (377 manat 91 qəpik ÷ 12 ay = 31 manat 49 qəpik) olduğu müəyyən edilir. Lakin «Özəlləşdirilən müəssisə və obyektlərinin, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında» 19 dekabr 2016-cı il tarixli 25 nömrəli müqavilədə illik icarə haqqının 8.399 manat 80 qəpik, aylıq icarə haqqının isə 699 manat 98 qəpik məbləğində olduğu qeyd olunmuşdur. Bununla da «Özəlləşdirilən müəssisə və obyektlərinin, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında» 19 dekabr 2016-cı il tarixli 25 nömrəli müqavilə üzrə qiymətin müəyyənləşdirilməsi zamanı dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin hesablanmasına dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398.1 və 710.2-ci maddələrinin tələbləri pozulmuşdur. Bununla yanaşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi təklif olunan müqavilə şərtləri əsasında icarə müqaviləsi bağlanmadığı halda torpaq sahəsinin hərrac vasitəsi ilə başqa şəxslərə satılması barədə Cavabdeh müxtəlif tarixli məktublarla, eləcə də 31 oktyabr 2016-cı il tarixli məktubla xəbərdarlıq etmişdir. Halbuki, həmin vaxt tərəflər arasında mübahisəli əmlakın hərracda satılması və hərrac qiymətinin müəyyənləşdirilməsinə dair mübahisə olmuş, 19 dekabr 2016-cı il tarixdə müqavilə bağlanarkən qeyd olunan inzibati iş Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının icraatında olmuşdur. Belə olan halda Cavabdeh mübahisəli əmlakın hərracda başqa şəxsə satılmasının qarşısının müvəqqəti alınmasına nail olmaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ağır şərtlərlə əqd bağlamaq məcburiyyətində qalmışdır. Cavabdeh torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2016-cı il tarixli 25 nömrəli icarə müqaviləsinin qanuniliyini və ya etibarlılığı məsələsini məhkəməyə ünvanladığı vəsatətlərlərində, qarşılıqlı iddiasında və izahatlarında mübahisələndirmişdir. Qeyd olunan səbəblərdən də ağır şərtlərlə bağlanmış əqd etibarlı hesab edilə və ona əsaslanan tələb təmin oluna bilməz. Lakin Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi 50, «Gəncə Univermaq» ünvanında yerləşən Əmlak kompleksinin yerləşdiyi 4199.9 kvadrat metr torpaq sahəsindən istifadə etmiş və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə uyğun olaraq, əmlakdan istifadəyə görə ödənişlər etmək vəzifəsi yaranmışdır. Buna görə də Cavabdeh 31 dekabr 2016-cı il tarixdən 03 avqust 2017-ci il tarixədək, yəni iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək torpaq sahəsindən istifadə ilə əlaqədar 220 manat ödəniş etmişdir. Hazırki halda torpaq sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş «Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında» Əsasnamənin 8-ci bəndinə uyğun hesablanmış bir aylıq icarə haqqının 31 manat 49 qəpik olması və iddia tələbinin 19 dekabr 2016-cı il tarixdən 03 avqust 2017-ci il tarixədək olan müddəti əhatə etməsi nəzərə alındıqda, həmin müddət ərzində Cavabdeh (31 manat 49 qəpik x 7 ay + 1 manat 04 qəpik x 14 gün – 220 manat) 14 manat 99 qəpik məbləğində borcunun yarandığı müəyyən edilir. Belə ki, Cavabdeh ilə bəhs edilən icarə müqaviləsi 19 dekabr 2022-ci il tarixdə bağlanmış, müqavilənin bağlandığı vaxtdan məhkəmədə iddia qaldırıldığı vaxtadək 7 ay 14 gün müddət keçmiş və iddia tələbi həmin 7 ay 14 gün müddətə dair dövrə aid olmuşdur. Belə olan halda torpaqdan istifadəyə görə hesablanmalı olan 31 manat 49 qəpik pul vəsaiti 7 ay 14 günə (bir günlük icarə haqqı 1 manat 04 qəpik) vurulmalı və hasildən ödənilmiş 220 manat məbləğində pul vəsaiti çıxılmaqla ödənilməli vəsait əldə edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin olunmalı, Cavabdeh 14 manat 99 qəpik məbləğində pul vəsaiti tutularaq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan Respublikasl Mərkəzi Bankının Əməliyyat İdarəsindəki AZ53 NABZ********************4 saylı hesabına (kod 501004, AZ74NABZ******************** saylı VÖEN**********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməli, həmçinin qarşılıqlı iddia aylıq və illik icarə haqqı qiymətinin müəyyən olunmasına dair hissədə edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə qanunvericiliyin qeyd olunan normalarının tələbini nəzərə alaraq, hesab edir ki, qarşılıqlı iddia tərəflər arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsinə dair hissədə və digər hissələrdə təmin oluna bilməz və həmin hissələrdə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, ilkin və qarşılıqlı iddia qismən təmin olunmalı, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi 50, «Gəncə Univermaq» ünvanında yerləşən əmlak kompleksinin yerləşdiyi 4199,9 kvadrat metr torpaq sahəsindən bir illik istifadəyə görə haqqın 377 manat 91 qəpik və bir aylıq istifadəyə görə haqqın 31 manat 49 qəpik olması müəyyən edilməli, Cavabdeh 14 manat 99 qəpik məbləğində pul vəsaiti tutularaq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan Respublikasl Mərkəzi Bankının Əməliyyat İdarəsindəki AZ53 NABZ********************4 saylı hesabına (kod 501004, AZ74NABZ******************** saylı VÖEN**********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməli, ilkin və qarşılıqlı iddia qalan hissələrdə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin ilkin iddiası qismən təmin edilsin. Cavabdeh 14 (on dörd) manat 99 (doxsan doqquz) qəpik məbləğində pul vəsaiti tutularaq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan Respublikasl Mərkəzi Bankının Əməliyyat İdarəsindəki AZ53 NABZ********************4 saylı hesabına (kod 501004, AZ74NABZ******************** saylı VÖEN**********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülsün. Cavabdeh qarşılıqlı iddiası qismən təmin edilsin. Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi 50, «Gəncə Univermaq» ünvanında yerləşən əmlak kompleksinin yerləşdiyi 4199,9 kvadrat metr torpaq sahəsindən bir illik istifadəyə görə haqqın 377 (üç yüz yetmiş yeddi) manat 91 (doxsan bir) qəpik və bir aylıq istifadəyə görə haqqın 31 (otuz bir) manat 49 (qırx doqquz) qəpik olması müəyyən edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin ilkin iddiası və Cavabdeh qarşılıqlı iddiası qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar