Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-985/2023 07.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, İddiaçı cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus olan Dədə Qorqud küçəsi, ev 3, 17 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Dədə Qorqud küçəsi, ev 3, 17 saylı mənzil 17 xx.xx.2018-ci il tarixdən alqı-satqı müqaviləsi əsasında onun mülkiyyətindədir. Cavabdeh1 oğlu onun oğlu, Cavabdeh2 Cavabdeh1 oğludur. Kəlbəcər rayon notariat kontorunun xx.xx.2007-ci il tarixli 4Ə-1-12 saylı alqı-satqı müqaviləsinə əsasən Həsənov X1 şəhəri, A.Kazımov küçəsi, 23 saylı fərdi yaşayış evini almış, ona məxsus evdə qeydiyyatda olmasına baxmayaraq, bir gün də olsa ona məxsus mənxzildə yaşamamış, ailəsi ilə birlikdə hazırkı vaxta qədər daim özünə məxsus olan evdə yaşamışlar. O, ağır diares xəstəsidir və müalicə almağa maddi imkanı yol vermir. Ona görə mənzilini satmaq istəyir, cavabdehlər isə mənzildən qeydiyyatdan çıxmaqdan imtina edirlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə icraat xitam verilməlidir. Belə ki, iddianın əsaslandığı hallardan da göründüyü kimi, mübahisəli yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. İddia ərizəsində cavabdeh kimi göstərilmiş şəxslər isə həmin yaşayış sahəsində formal olaraq pasport qeydiyyatında olsa da, orada yaşamırlar. İddia tələbində bir tərəfdən cavabdehlərin həmin evdə yaşamadığı və formal qeydiyyata alındığı qeyd edilsə də, digər tərəfdən onların mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi tələb edilmişdir. Mövcud olmayan istifadə hüququnun itirilməsi isə qeyri-mümkündür. Cavabdehlərin mübahisəli yaşayış sahəsindən qeydiyyatdan çıxarılması məqsədi ilə hazırki iddia tələbi irəli sürülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumunun qərarındakı mövqeyə əsasən hazırkı əsaslarla mülki iş üzrə icraata xitam verilməli və iddiaçıya cavabdehlərin ona məxsus evdən pasport qeydiyyatından çıxarılmaları tələbi ilə ilkin olaraq Gəncə Şəhər Baş Polis İdarəsinə müraciət etməsi, onun müraciətindən imtina edildikdə isə həmin orqana qarşı Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3 və 262.4-cü maddələrinə əsasən, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-985/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-985/2023
07.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver