Məhkəmə qərarları › İş №2-2(1-8)-121/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-121/2026

25.05.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-121/2026 25.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsindən irəli gələn mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması və cavabdehin hesabına əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi tələbinə dair” kommersiya işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-***/**** nömrəli 2025-ci il ## ###### tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. Icarəyəverən Sumqayıt Bələdiyyəsi ilə icarəçi Cavabdeh arasında bağlanmış 2017-ci il ## ###### tarixli ** nömrəli torpaq icarəsi müqaviləsinin 1-ci bəndinə əsasən icarəyəverən daşınmaz əmlakın 2017-ci il ## ###### tarixli AN-İ ****** nömrəli alqısatqı müqaviləsi əsasında ünvan 1 18, ”Xovlu Iplik” fabriki ərazisində yerləşən 10000 kv.m (ha) olan torpaq sahəsini müvəqqəti istifadə üçün icarəçiyə verir, icarəçi isə həmin torpaq sahəsini qəbul edir. Həmin müqavilənin: 3.2-ci bəndinə əsasən 1 kv.m sahə üçün illik icarə haqqı 0,48 manat olmaqla illik ümumi icarə haqqı 4800 manatdır; 5.4-cü bəndinə əsasən torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması Azərbaycan Respublikası mülki qanunvericiliyində və ya müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır; 5.5-ci bəndinə əsasən torpaq icarəsi müqaviləsi azı üç il müddətinə bağlandıqda bu müqavilə üzrə hüquqi münasibətləri o halda qeyri-müəyyən müddətə uzadılır ki, iştirakçılardan biri bu barədə sorğu verdikdən sonra digər iştirakçı həmin münasibətlərin davam etdirilməsindən üç ay ərzində imtina etməsin. Sorğu və imtina yazılı formada tərtib edilməlidir. Əgər sorğuda ona riayət edilməməsinin nəticələri birbaşa göstərilməmişdirsə, onun qüvvəsi yoxdur; 5.6-cı bəndinə əsasən torpaq icarə haqqının qanunvericiliklə müəyyən edilmiş minimal (aşağı) həddinin və ya torpaq vergisinin məbləğində vergi qanunvericiliyinə və yaxud digər normativ-hüquqi aktlara əsasən dəyişikliklər edildiyi halda torpaq icarə müqaviləsində göstərilmiş icarə haqqının məbləği “Icarəyəverən” tərəfindən “Icarəçi”yə yazılı xəbərdarlıq edilməklə birtərəfli qaydada dəyişdirilə bilər; 6.1-ci bəndinə əsasən icarə müqaviləsi 2021-ci il ## ###### tarixə qədər bağlanmışdır.

2. RX seriyalı ******* nömrəli çıxarışa görə ünvan 1 18, ”Xovlu Iplik” fabriki ünvanında yerləşən 1 ha torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir, həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 4075,7 kv.m. olan əmlak kompleksi kimi müəssisə Cavabdeh xüsusi mülkiyyətindədir və torpaq sahəsi üzərində hüququn növü icarədir.

3. 2023-cü il ## ###### tarixli ********* nömrəli ödəniş qəbzinə əsasən Cavabdeh tərəfindən İddiaçı 4800 manat məbləğində ödəniş həyata keçirilmişdir.

4. 2024-cü il ## ###### tarixli tədiyyə bildirişinə əsasən İddiaçı tərəfindən Cavabdeh 1221,71 manat borc hesablanmışdır.

5. ## ### 2024-cü il tarixli Sumqayıt Bələdiyyəsi tərəfindən Cavabdeh göndərilmiş xəbərdarlıq məktubunda icarə müqaviəsinin qüvvədə olma müddətinin ## ###### 2021-ci il tarixədək müəyyən edilməsi, icarəyə verilmiş torpaq sahəsinin 1 kvadrat metrinin illik icarə haqqının 0,48 manatdan hesablanması və illik icarə haqqının 4800 manat olaraq müəyyən edilməsi, Cavabdeh icarə müqaviləsinin müddəti başa çatdıqdan sonra icarə münasibətlərinin davam etdirilməsindən imtina etməsi və özünün müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi qeyd olunmuşdur. Məktubda həmçinin göstərilir ki, bələdiyyə tərəfindən Cavabdeh bazar məzənnələri nəzərə alınmaqla yeni icarə qiymətləri əsasında yeni icarə müqaviləsi bağlanılaraq icarə münasibətlərinin davam etdirilməsi təklif olunsa da, sonuncu bu təklifdən imtina etmişdir.

Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin icarəsinə verilmiş ünvan 1 18, ”Xovlu Iplik” fabriki ünvanında yerləşən 1 (bir) ha torpaq sahəsinin boşaldılması və cavabdehin hesabına əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Iddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, cavabdeh icarə müqaviləsinin müddəti başa çatdıqdan sonra icarə münasibətlərinin davam etdirilməsindən imtina etmişdir. Belə ki, cavabdehə bazar məzənnələri nəzərə alınmaqla yeni icarə qiymətləri əsasında qanunverciliklə müəyyən edimiş qaydada yeni torpaq icarə müqaviləsi bağlanılaraq icarə münasibətlərinin davam etdirilməsi təklif olunsa da, sonuncu bu təklifdən imtina etmiş, bununla da torpağın mülkiyyətçisi olaraq Sumqayıt Bələdiyyəsinin maraqlarını və qanuni mənafeyini pozmuşdur. Icarə müqaviləsinin müddəti başa çatdığından və cavabdeh icarə münasibətlərinin davam etdirilməsində maraqlı olmadığından Sumqayıt Bələdiyyəsi mübahisələndirilən torpaq sahəsinin geri qaytarılması üçün qanunamüvafiq tədbirlər görmək məcburiyyətində qalmışdır. Belə ki, cavabdeh icarəsinə verilmiş torpaq sahəsindən 2021-ci ilin ## ######ından sonra qeyri-qanuni istifadə etməkdədir.

8. Cavabdeh etiraz ünvanlayaraq, iddiaçının boşaldılmasını tələb etdiyi sahə 2017-ci il ## ###### tarixdə DƏDRX Sumqayıt ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı dövlət reyestrindən çıxarışa əsasən onun xüsusi mülkiyyət huququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və ünvan 1, 18 ünvanda yerləşən 'Xovlu Iplik” fabriki ərazisidir. Həmin ünvanda sahibkarlıq fəaliyyəti ilə məşğul olur, dövlətə, o cümlədən bələdiyyəyə əmlak və icarə haqqı vergilərini vaxtı-vaxtında ödəyir. Iddiaçı qeyd olunan torpaq sahəsinə dair yeni icarə müqaviləsinin bağlanılmasını tələb etsə də, həmin torpaq sahəsi üzərində hər hansı hüququnun olması barədə hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Sumqayıt bələdiyyəsi hesab edirsə ki, bu torpaq sahəsi hər hansı hüquqmüəyyənedici sənəd əsasında ona məxsusdur, bu zaman həmin hüquqları daşınmaz əmlakın dövlət reyestrində ilkin olaraq qeydə aldırmalı, daha sonra icarə müqaviləsi bağlanılması tələbi ilə ona müraciət etməli idi. Hazırkı vəziyyətdə isə Sumqayıt bələdiyyəsi geri qaytarılmasını tələb etdiyi torpaq sahəsi üzərində hər hansı hüququnu dövlət qeydiyyatına aldırmamış, eləcə də həmin torpaq sahəsini torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə mülkiyyət və ya icarəyə verilməsini təklif etməmişdir. Bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Iddiaçının təqdim etdiyi 2017-ci il ## ###### tarixli icarə müqaviləsinə baxış zamanı müəyyən olunur ki, həmin müqavilədə icarəyəgötürən qismində onun rekvizitləri ümumiyyətlə qeyd edilməmiş, müqavilədəki imzanın ona məxsus olmadığını bildirir. Onun fabrik üzərində mülkiyyət hüquqları hələ 2017-ci il ## ###### tarixdə dövlət qeydiyyatına alındığı halda, ondan 1 gün əvvəl 2017-ci il ## ###### tarixdə onunla hansı əsasla müqavilə bağlanıb, eləcə də, həmin müqavilənin 6.2-ci bəndində də icarə müqaviləsinin torpaq hərracları vasitəsilə uzadılması qeyd edilmişdir ki, hazırkı vəziyyətdə bu torpaq sahəsi ilə bağlı hər hansı hərrac keçirilməmiş və cavabdehə təklif edilməmişdir. Habelə cavabdehin həmin torpaq sahəsi və xüsusi mülkiyyətində olan müəssisəyə görə bələdiyyəyə heç bir vergi borcu və ya öhdəliyi mövcud deyildir.

9. Sumqayıt Kommersiya Məhkəməsinin 2025-ci il ## ### tarixli e-*-*(***)-**/**** nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim H.Alıyeva).

10. Məhkəmə belə nəticəyə gəlmişdir ki, “Icarə haqqında” Qanununun 13.5-ci maddəsinin tələblərinə əsasən icarə müqaviləsində müəyyən edilmiş icarə müddəti bitdikdə müqaviləyə avtomatik olaraq xitam verilmir. Əksinə tərəflərdən birinin müqavilənin xitam verilməsi barədə ərizə verildiyi hallar istisna olmaqla müqavilənin müddəti eyni müddətə uzadılmış hesab edilir. Hazırkı halda isə 2017-ci il ## ###### tarixli torpaq icarəsi müqaviləsinin müddəti bitdikdə tərəflərdən hər hansı birinin müqaviləyə xitam verilməsi barədə ərizə verməsi iş materialları ilə müəyyən edilmir. Bununla yanaşı məhkəmə araşdırması zamanı tərəflər arasında icarə münasibətlərinin davam etdiyi, iddiaçı tərəfindən cavabdehə müqavilə müddəti bitdikdən sonra tədiyyə bildirişi göndərildiyi, cavabdehin icarə haqqı ödədiyi, habelə sözügedən müqavilənin 6.2-ci bəndinə əsasən həmin torpaq sahəsi ilə bağlı hər hansı hərrac və ya müsabiqə keçirilmədiyi müəyyən edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra –“MM”) 385.1, 675, 700.1, 706.1, “Icarə haqqında” Qanunun 13.5-ci, Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

12. Iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Məmmədov, hakimlər – R.Xəlilov və İ.Dəmirov).

14. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya məhkəməsi göstərmişdir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada yeni torpaq icarə müqaviləsi bağlanılaraq icarə münasibətlərinin davam etdirilməsi ilə bağlı təkliflərin cavabdehə təqdim edilməsini təsdiq edən hər-hansı mötəbər sübutu nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya baxışı zamanı məhkəmə kollegiyasına təqdim etməmişdir. Həmçinin cavabdeh tərəfin məhkəmə iclaslarında verdiyi izahatlarından da görünür ki, sözügedən xəbərdarlıq məktubu göndərilənədək yeni icarə müqaviləsinin bağlanması üçün iddiaçı tərəfdən cavabdehə hər hansı yazılı müraciət olunmamış, o cümlədən, icarə müqaviləsinin 5.6-cı bəndinə əsasən iddiaçı tərəfindən icarə haqqının məbləğinin birtərəfli qaydada dəyişdirilməsi üçün cavabdehə yazılı xəbərdarlıq göndərilməmişdir.

15. Məhkəmə göstərmişdir ki, iş materiallarından və tərəflərin izahatlarından görünür ki, icarə müqaviləsinin müddəti 2021-ci il ## ###### tarixində bitməsinə baxmayaraq, cavabdeh 2024-cü il daxil olmaqla icarə haqqını tam şəkildə ödəmişdir və iddiaçının nümayəndəsi etiraf edir ki, cavabdehə qarşı hər hansı pul tələbləri yoxdur. 2023-cü il ## ###### tarixli ödəniş qəbzindən görünür ki, həmin il üçün icarə haqqı tam şəkildə ödənilmişdir. Son olaraq 2024-cü il ## ###### tarixli tədiyyə bildirişindən görünür ki, iddiaçı cavabdehə 2024-cü il üçün 1221.71 manat icarə haqqının 31 yanvar tarixinədək ödənilməsini bildirmişdir. Iddiaçının nümayəndəsi hazırkı iş üzrə apellyasiya baxışı zamanı verilmiş suala cavab olaraq cavabdeh tərəfindən 2024-cü il üçün də icarə haqqının ödənildiyini bildirmişdir. 2017-ci il ## ###### tarixli icarə müqaviləsinin 5.4-cü maddəsinə əsasən torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması AR mülki qanunvericiliyi və ya müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilənin müddəti bitdikdən sonra cavabdeh tərəfindən iddiaçıya icarə haqqının ödənilməsinə dair tədiyyə bildirişlərinin göndərilməsi, ödənilmiş icarə haqlarının qəbul edilməsi bu nəticəyə gəlməyə əsas verir ki, iddiaçı icarə haqlarını cavabdehdən tələb edərək icarə münasibətlərini davam etdirmiş və cavabdeh də icarə haqqını ödəməklə torpaq sahəsindən istifadə etmişdir.

16. Beləliklə cavabdeh tərəfindən icarə müqaviləsi üzrə icarə haqqı ödənişlərinin tam həcmdə həyata keçirilməsi, bununla bağlı sübutların məhkəməyə təqdim edilməsi və həmin ödənişlərin icarəyəverən, yəni iddiaçı Sumqayıt Bələdiyyəsi tərəfindən qəbul edilməsi icarə müqaviləsi üzrə münasibətlərin davam etdirilməsini özündə ehtiva etməklə iddiaçının apellyasiya şikayətinin dəlili kimi qeyd etdiyi cavabdehin icarəsinə verilmiş sözügedən torpaq sahəsindən 2021-ci ilin ## ######ından sonra qeyri-qanuni istifadə etməsi ilə bağlı halı aradan qaldırmış olur.

17. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra –“MM”) 385.1, 675, 700.1, 706.1, 720.5, Torpaq Məcəlləsinin 48.2, 55, 82, 84, “Icarə haqqında” Qanunun 13.5, MPM-nin 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

18. Iddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

19. Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 127-ci maddələri və “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın * saylı Protokolu üzrə - mübahisələndirilən qətnamə sadalanan normaların tələbləri ilə ziddiyyət təşkil edir.

20. MM-in 152, 157, 164, 165-ci maddələri üzrə - qətnamə mülkiyyət hüququna dair sadalanan hüquq normalarının tələblərinə açıq-aşkar zidd olaraq çıxarılmışdır. Məhkəmə iddiaçının mübahisəli torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnu yanlış və əsassız şəkildə heçə sayaraq aşkar qanun pozuntusuna, o cümlədən mülkiyyət hüququna dair yuxarıda sadalanan qanun normalarının pozuntusuna yol vermişdir.

21. Torpaq Məcəlləsinin 719, 722, “Icarə haqqında” Qanunun 2, “Normativ hüquqi aktlar haqqında” Qanunun 2.2-ci maddələri üzrə - məhkəmə tərəfindən sadalanan maddi hüquq normaları səhv təfsir edilərək cavabdehin qanunsuz əməllərinə düzgün hüquqi qiymət verilməmiş və cavabdehin hər hansı hüquqi əsaslar olmadan bələdiyyə torpağından istifadəni davam etdirməsinə qanuni don geyindirilməyə çalışılmışdır.

22. MPM-in 88, 217, 218, 385-ci maddələri üzrə - məhkəmə işə baxarkən iş üçün əhəmiyyətli olan bütün halları müəyyən etməmiş, cavabdehin bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən icarə müqaviləsinin müddəti başa çatdıqdan sonra istifadəsi üzrə yaranmış münasibətləri qanunvericiliyə uyğun şəkildə dəyərləndirə bilməmiş, onun torpaq sahəsindən istifadə etməsinə görə tələb olunan illik ödənişləri hər il üzrə tam şəkildə yerinə yetirməməsini diqqətə almamış, iş üçün əhəmiyyət kəsb etdiyi halda tərəflər arasında olan qarşılıqlı münasibətləri səciyyələndirən halları düzgün müəyyən etməmişdir.

23. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il ## ###### tarixli * saylı Qərarına istinad edərək göstərilmişdir ki, qətnamədə iş üzrə bütün faktlar əks etdirilməmiş, əks etdirilən faktlar da öz növbəsində mötəbər sübutlarla təqdiqlənməmiş, məhkəmənin gəldiyi nəticə iş materialları ilə uyğunsuzluq təşkil etmişdir.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2025-ci il ## #### tarixli Qərardadına istinad edərək göstərmişdir ki, mübahisələndirilən qətnamə həmin qərardad ilə ziddiyət təşkil edir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

26. Iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...”

“Maddə 675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.”

“Maddə 700. Icarə müqaviləsi 700.1. Icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. ...”

“Maddə 720. Torpaq icarəsi haqqında müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsi ... 720.5. Icarəyə verən müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsindən o halda imtina edə bilər ki, onlara xitam verilməsinə azı bir il qalmış icarəçi hüquq münasibətlərinin davam etdirilməsini tələb etməsin və ya bu Məcəllənin 719.2-ci maddəsinə müvafiq surətdə icarəyə verənin sorğusuna cavab olaraq hüquq münasibətlərini davam etdirməkdən imtina etsin. Əgər ləğvetmə haqqında xəbərdarlıq müddəti 12 ay və ya daha az təyin edilmişdirsə, münasibətlərin davam etdirilməsi tələbinin ləğvetməyə dair bildiriş alındıqdan sonra bir ay ərzində irəli sürülməsi kifayətdir. ...”

29. Torpaq Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 48.2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.” “Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.”

“Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.”

30. “Icarə haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 13.5. Müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. Icarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər.”

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi

77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi

Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri

416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

34. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).

35. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

36. Işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına əsasən icarə müqaviləsinin müddəti 2021- ci il 31 dekabr tarixində bitməsinə baxmayaraq, cavabdeh 2024-cü il daxil olmaqla icarə haqqını tam şəkildə ödəmişdir və iddiaçının nümayəndəsi etiraf edir ki, cavabdehə qarşı hər hansı pul tələbləri yoxdur. 2023-cü il ## ###### tarixli ödəniş qəbzinə əsasən həmin il üçün icarə haqqı tam şəkildə ödənilmişdir. Son olaraq 2024-cü il ## ###### tarixli tədiyyə bildirişindən görünür ki, iddiaçı cavabdehə 2024-cü il üçün 1221.71 manat icarə haqqının 31 yanvar tarixinədək ödənilməsini bildirmişdir. Iddiaçının nümayəndəsi apellyasiya baxışı zamanı verilmiş suala cavab olaraq cavabdeh tərəfindən 2024-cü il üçün də icarə haqqının ödənildiyini bildirmişdir. Müqavilənin müddəti bitdikdən sonra cavabdeh tərəfindən iddiaçıya icarə haqqının ödənilməsinə dair tədiyyə bildirişlərinin göndərilməsi, ödənilmiş icarə haqlarının qəbul edilməsi bu nəticəyə gəlməyə əsas verir ki, iddiaçı icarə haqlarını cavabdehdən tələb edərək icarə münasibətlərini davam etdirmiş və cavabdeh də icarə haqqını ödəməklə torpaq sahəsindən istifadə etmişdir.

37. Qeyd olunanlara əsasən cavabdehin icarəsinə verilmiş sözügedən torpaq sahəsindən 2021-ci ilin ## ######ından sonra qeyri-qanuni istifadə etməsi halı aradan qalxmış olur.

38. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

40. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-***/**** nömrəli 2025-ci il ## ###### tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar