Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-13/2026 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: xidmət müqaviləsi, təhvil təslim aktı, cavabdehin risk dairəsi, pretenziya Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 53228S Ş-DƏ KS45721 Xüsusi.TƏY. kamaz markalı **SY*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi qismində X1 qeyd olunmuşdur.
2. 2024-cü il # ######## tarixli etibarnaməyə əsasən 53228S Ş-DƏ KS45721 Xüsusi.TƏY. kamaz markalı **SY*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi X1 tərəfindən İddiaçı sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxartmaq, ərizə vermək səlahiyyətləri verilməklə 2025-ci 2 sentyabr tarixədək etibar edilmişdir.
3. İddiaçı ilə Cavabdeh arasında imzalanmış 2024-cü il tarixli, xxxx/008/24 saylı Xidmət Müqaviləsinə əsasən Sifarişçi bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə Razılaşma sənədlərinə əsasən xidmətlərin göstərilməsini sifariş verir, Icraçı isə Sifarişçinin müəyyən etdiyi qaydada adı gedən xidmətləri (bundan sonra «Xidmət») göstərməyi öz öhdəsinə götürür; -Icraçı Sifarişçinin sifariş verdiyi xidmətləri həyata keçirir (işi icra edir). Icraçı bu Müqavilədə nəzərdə tutulan müddət ərzində xidmətləri icra etməlidir. Icraçının yerinə yetirdiyi işlər bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Təhvil-təslim aktı imzalanmaqla Sifarişçi tərəfindən təhvil almır.
4. İddiaçı ilə Cavabdeh arasında imzalanmış ##.##.2024-cü il tarixli, xxxx/008/24 saylı Xidmət Müqaviləsinə * saylı Əlavənin: 1-ci bəndinə əsasən sifarişçi ilə Icraçı arasında bağlanmış ##.##.2024-cü il tarixli xxxx/008/24 nömrəli Xidmət Müqaviləsinə aşağıdakı formada yeni № * saylı Əlavə Razılaşma əlavə edilsin: KAMAZ 53228S Ş-DƏ KS45721 Xüsusi. Təy. markalı **-SY-*** dövlət qeydiyyat nişanlı AVTOKRAN ilə xidmətin göstərilməsi üçün gündəlik iş vaxtı 10 saat olmaqla, aylıq xidmət haqqı 5 000 manat müəyyən edilmişdir.
5. İddiaçı tərəfindən Cavabdeh göstərilmiş işlərin təhvil-təslimi barədə ##.##.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 5000 manat məbləğində KAMAZ 53228S Ş-DƏ KS45721 xüsusi təy. markalı **-SY-*** dövlət qeydiyyat nişanlı AVTOKRAN ilə xidmət göstərilmiş (23 gün), ##.##.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 5000 manat məbləğində KAMAZ 53228S Ş-DƏ KS45721 Xüsusi. Təy. markalı **- SY-*** dövlət qeydiyyat nişanlı AVTOKRAN ilə xidmət göstərilmiş (19 gün), ##.##.2025ci il tarixli təhvil-təslim aktına əsasən 5000 manat məbləğində KAMAZ 53228S Ş-DƏ KS45721 xüsusi təy. markalı 77- SY-064 dövlət qeydiyyat nişanlı AVTOKRAN ilə xidmət göstərilmiş, ##.##.2025-ci il tarixli təhvil-təslim aktına əsasən 5000 manat məbləğində KAMAZ 53228S Ş-DƏ KS45721 Xüsusi. Təy. markalı **-SY-*** dövlət qeydiyyat nişanlı AVTOKRAN ilə materialların qaldırılması xidməti göstərilmişdir. Aktlar hər iki tərəfin imzası və cavabdeh şirkətin möhürü ilə təsdiq edilmişdir.
6. İddiaçı tərəfindən Cavabdeh MMC-yə göstərilmiş xidmətlərə dair ##.##.2024-cü il tarixli MT2412 seriyalı ******** nömrəli e-qaimə üzrə 5000 manat məbləğində, ##.##.2025-ci il tarixli MT2502 seriyalı ******** nömrəli e-qaimə üzrə 5000 manat məbləğində, ##.##.2025-ci il tarixli MT2502 seriyalı ******** nömrəli e-qaimə üzrə 5000 manat məbləğində, ##.##.2025-ci il tarixli MT2504 seriyalı ******** nömrəli eqaimə üzrə 5000 manat məbləğində e-qaimələr göndərilmişdir.
7. 2024-cü il ## ###### tarixli ödəniş qəbzinə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı hesabına 2024-cü il # ####### tarixli, xxxx/008/24 saylı Xidmət Müqaviləsi üzrə 3000 manat məbləğində ödəniş edilmişdir.
Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
8. Iddiaçı İddiaçı ( bundan sonra-“iddiaçı”) cavabdeh Cavabdeh MMC-yə ( bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə arasında bağlanmış 2024-cü il # ####### tarixli, xxxx/008/24 saylı Xidmət Müqaviləsinə ( bundan sonra-“xidmət müqaviləsi”) əsasən 17.000 manat əsas borcun, gecikdirilmiş günlərə görə hesablanmış 124,90 manat cərimə məbləğinin, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 200 manat pul vəsaitinin, cəmi 17,324,90 manat pul vəsaitinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 141,97 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Iddia ərizəsi işin yuxarıda qeyd edilən hallarına istinadla əsaslandırılmış, eyni zamanda qeyd edilmişdir ki, cavabdehin ## ### 2025-ci il tarixinədək iddiaçıya əsas borcu 17.000 manat, gecikdirilmiş günlərə görə hesablanmış cərimə məbləği isə 124,90 manat təşkil etmiş, göstərilən borc məbləğinin ödənilməsi tələbi ilə bağlı cavabdehə 2025ci il ## ### tarixində elektron qaydada pretenziya məktubu göndərilməsi və borcun ödənilməsi üçün 3 günlük vaxt təyin edilməsinə baxmayaraq, cavabdeh tərəfindən bundan sonra da heç bir ödəniş olunmamışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən tərəflərin hər ikisinin üzərinə düşən icra hərəkətləri olmuşdur. Iddiaçı həmin hərəkətləri müqavilə ilə müəyyən edilmiş vaxtda və qüsursuz şəkildə yerinə yetirməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb olmadan qarşılıqlı olaraq öz üzərinə düşən öhdəliklərini yerinə yetirməmiş və yaranmış borcu qəsdən ödəməmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir ( hakim G.Namazova).
11. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı müqavilədə nəzərdə tutulan nəqliyyat vasitəsi ilə cavabdehə xidmətlər göstərmiş, müqavilə üzrə iddiaçı öz üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdehin iddiaçıya ödənilməmiş borcu qalmışdır.
12. Tərəflər arasında bağlanmış müqavilə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, müqavilə üzrə sifarişçinin tapşırığı ilə onu nəqliyyat vasitəsilə təmin edir və həmin nəqliyyat vasitəsi ilə ona xidmət göstərir və həmin xidmətə görə aylıq xidmət haqqı müəyyən edilmişdir. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyildir. Ona görə də , Mülki Prosessual Məcəllənin ( bundan sonra-“MPM”) 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin ( bundan sonra-“MM”) 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir ( qanunun analogiyası). Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd etmişdir ki, hazırki mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
13. Iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunmuşdur ki, tərəflərin razılaşması əsasında müəyyən olunmuş xidmətlər həm müqavilə şərtlərinə uyğun olaraq, həmçinin, Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada iddiaçı tərəfindən cavabdeh MMC-yə təhvil verilmiş, sonuncu tərəfindən xidmətlər qəbul olunsa və qismən ödəniş edilsə də, ödənilməmiş borcu qalmışdır. Hazırkı iş üzrə iddianın əsas borcun ödənilməsi tələbinin əsaslı olması yalnız elektron vergi-hesab fakturaları ilə deyil, həmçinin xidmətlərin göstərilməsinə dair təhvil-təslim aktı və qismi ödənişlər ilə də təsdiqini tapmışdır. Belə olduğu halda, iddia təmin edilməli, 17 000 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
14. Iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış Xidmət Müqaviləsinə əsasən hesablanmış 124,90 manat məbləğində cərimə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür
15. Məhkəmə hesab etmişdir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə MM-in 467-ci maddəsinə istinadla tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm iddiaçının, həm də cavabdehin əsaslı mənafeyini nəzərə alaraq cavabdehdən tutulacaq dəbbə pulunu 124,90 manat məbləğində etmişdir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 390.1, 390.4, 427.3, 442, 443.1, 448.1, 462.1, 467, 752.1, 753.1 və 769-cu maddələrinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə istinadla əsaslandırmışdır.
17. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən- məruzəçi hakim L.Əliyeva, hakimlər T.Mahmudova və Z.Şirinov).
19. Məhkəmə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, MM-də xidmət müqaviləsini tənzimləyən normaları nəzərdə tutan xüsusi fəsil yer almadığından, xidmət müqaviləsindən irəli gələn hazırkı mübahisəyə oxşar hüquq münasibətləri tənzimləyən podrat müqaviləsinə dair normalar tətbiq edilməlidir. Odur ki, hazırkı halda cavabdehin, iddiaçı tərəfindən mübahisəli müqavilə əsasında göstərilmiş xidmətlərə görə 17.000 manat məbləğində borcunun yaranması işin materialları (elektron qaimələr, təhvil-təslim aktları, 3000 manat dəyərində xidmət haqqının ödənilməsinə dair ödəniş qəbzi) ilə təsdiq olunduğundan, iddiaçı MM-in 752.1-ci maddəsinə əsasən həmin borcun cavabdehdən tutulmasını tələb etmək hüququna malikdir.
20. Dəbbə pulunun tutulmasına dair iddia tələbi ilə bağlı qeyd edilmişdir ki, cavabdeh tərəfindən xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödənilməsinin gecikdirilməsi işin materialları ilə öz təsdiqini tapdığından, xidmət müqaviləsində həmin öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də tələb edilən dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən 124,90 manat məbləğində dəbbə pulunun tutulması hissəsində də qətnamə qanuni və əsaslıdır.
21. Borc məbləğinin müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinin zəruri olması barədə cavabdehin dəlillərinə münasibətdə qeyd edilmişdir ki, hazırkı işdə cavabdehin borcunun məbləğinin müəyyən edilməsi mühasibatlıq sahəsində xüsusi bilik tələb etmir. Belə ki, həmin borc məbləğinin adi riyazi hesablama yolu ilə müəyyən edilməsi mümkündür. Müqavilədən irəli gələn öhdəliklərinin icrasının gecikdirilməsinin üçüncü şəxslər tərəfindən onun qarşısında olan öhdəliklərin vaxtında icra edilməməsi ilə bağlı olmasına dair cavabdehin arqumentinə gəldikdə qeyd olunur ki, üçüncü şəxslərin cavabdehin qarşısında olan öhdəliklərini vaxtında icra etməməsi cavabdehin risk dairəsinə aid olan hal olmaqla cavabdehi mübahisəli müqavilə üzrə xidmətlərin dəyərini ödəmək öhdəliyindən, eləcə də həmin öhdəliyin icrasının gecikdirilməsinə görə məsuliyyətdən azad etmir.
22. Prosessual pozuntu kimi apellyasiya şikayətində istinad edilən hallara münasibətdə kollegiya müəyyən etmişdir ki, pretenziya qaydası tərəflər arasında yaranmış mübahisədə iddia qaldırmazdan əvvəl qarşı tərəfə yazılı tələbin (məsələn, ödəniş, şərtlərin yerinə yetirilməsi və s.) təqdim edilməsini nəzərdə tutan prosedurdur. Həmin prosedurun tətbiqinin məqsədi tərəflərin mübahisənin məhkəməyə gətirmədən həll edilməsi imkanlarından istifadə etmələrindən ibarətdir. Işin yuxarıda göstərilən hallarından isə görünür ki, hazırkı halda pretenziya məktubu cavabdehin Dövlət Vergi Xidmətində yaradılmış elektron kabinetinə yerləşdirilməklə cavabdehə çatdırılmış, yəni faktiki olaraq mübahisənin pretenziya qaydasında həllinə cəhd edilməklə yuxarıda göstərilən prosessual tələbin məqsədinə nail olunmuşdur. Işə birinci instansiya məhkəməsində baxıldığı dövrdə cavabdehin mübahisənin məhkəmədən kənar qaydada nizamlamaq üçün kifayət qədər vaxtı və imkanı mövcud olmuş, yəni tərəflərin mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi imkanları məhdudlaşdırılmamışdır. Eyni zamanda, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi vətəndaşların məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, icraatın effektivliyinin yüksəldilməsi məqsədini daşıyır ki, bu da yeni, elektron müraciət vasitələrinin şəxslərin məhkəməyə müraciətinə maneə yaratmaq, məhkəmə əlçatanlığını çətinləşdirmək vasitəsi kimi nəzərdən keçirilməsini istisna etmişdir.
23. Kollegiya hazırkı halda iddiaçının pretenziya məktubunu “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə göndərməməsini və məhkəmənin həmin halı nəzərə almadan iddia ərizəsini icraata qəbul edərək mahiyyəti üzrə baxmasını işin nəticəsinə təsir edən və belə olan halda birinci instansiya məhkəməsinin mahiyyətcə qətnaməsinin ləğvi üçün əsas verən prosessual pozuntu kimi qiymətləndirməmişdir.
24. Məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun olmuşdur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 398.1, 442, 443.1, 448.1, 462.1, 467, 752.1, 753.1-ci maddələrinə, MPM-in 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
26. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
27. MM-in 385.1, 425.1, 527, 540-cı maddələrinin tələbləri üzrə-iddiaçı tərəfindən təqdim olunan məbləğlər məhkəmə tərəfindən araşdırılmamışdır. Belə ki, göstərilən hallarla bağlı məhkəmənin tam, hərtərəfli və obyektiv araşdırmasını təmin etmək məqsədilə məhkəmə mühasibatlıq ekspertizası keçirilməklə borc məbləği yenidən hesablanmalı idi. Işgüzar adətlərdən də məlum olduğu kimi, cavabdeh şirkətə üçüncü şəxslər tərəfindən öhdəliklərin icrasının gecikdirilməsinə səbəb olmuşdur. Beləliklə, şikayətdə göstərilən hallar, AR MM-in istinad edilən müvafiq maddələri nəzərə alınmadan əsassız və qanunsuz qətnamə qət edilmişdir.
28. MPM-in 14, 88-ci maddələri üzrə-birinci instansiya məhkəməsi tərəflərə işin barışıq sazişi ilə bağlanmasını yaxud mübahisənin mediasiya vasitəsilə həll edilməsini təklif etməmiş, yalnız iddia tələbinin təmin edilməsində maraqlı olmuşdur. Məhkəmə tərəfindən tərəflərin çəkişməsi, məhkəmə araşdırmasının tam, obyektiv və hərtərəfli aparılması prinsipləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
Kassasiya baxışının hədləri
30. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”
“Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi
443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. ...” “Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti
448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. ...”
Maddə 462. Dəbbə pulu anlayışı
462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. ...”
Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması
Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
Maddə 752. Podrat müqaviləsi
752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. ...” Maddə 753. Muzd barəsində razılaşma
753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. ...”
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
““Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”
“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”
“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. ... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. ...”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
35. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir. Belə ki, həmin dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil etməklə, iş üzrə borcun miqdarının müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməməsi ilə bağlıdır. Həmin dəlil üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri qiymətləndirmə aparılaraq qeyd edilmişdir ki, cavabdehin borcunun məbləği işdə olan elektron qaimələr, təhvil təslim aktları və aparılan qismən ödənişlərlə müəyyən edilir. Həmin borc məbləğinin adi riyazi hesablama yolu ilə müəyyən edilməsi mümkün olduğundan, bununla bağlı mühasibatlıq sahəsində xüsusi bilik tələb edilmir.
36. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətində göstərilən pozuntulara yol verilməmiş, şikayətin dəlilləri əsassızdır.
37. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
38. MPM-in 416, 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara alır:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.