Məhkəmə qərarları › İş №2-2(1-8)-138/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-138/2026

15.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-138/2026 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: avans ödənişinin geri qaytarılması və zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı avans ödənişinin geri qaytarılması və zərərin əvəzinin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *- *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. Icraçı Cavabdeh MMC ilə sifarişçi “xxxx” MMC (hazırda “xxxx” MMC) arasında 2022ci il ## #### tarixli, PMDH-TCH ** saylı proqram təminatının alqı-satqısı və texniki dəstək müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icraçı sifarişçiyə proqram təminatının quraşdırılması və həmin proqrama dair texniki dəstək göstərilməsini, sifarişçi isə proqram təminatını və texniki dəstəyi təhvil-təslim aktı əsasında qəbul edərək dəyərini müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə ödəməyi öhdəsinə götürmüşdür.

2. Müqavilə üzrə sifarişçi tərəfindən icraçıya avans ödənişi qismində 20.400 manat ödənilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsindəki icraat

3. Iddiaçı “xxxx” MMC (bundan sonra – “iddiaçı”) cavabdeh “xxxx” MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia və onun həcminin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilmiş 20.400 manat avansın, 31.570 manat məbləğində vurulmuş zərərin, həmçinin 151,2 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddia onunla əsaslandırılmışdır ki, xidmət müqaviləsinə əlavə ilə xidmətlərin hissəhissə4.icra olunması və mərhələli şəkildə təhvili nəzərdə tutulmuşdur. Xidmətin əsas texniki xüsusiyyətləri və konkret tələblər müqavilənin 2022-ci il ## #### tarixli “Xidmətlərin Xüsusiyyətləri” adlı Əlavəsində açıq şəkildə göstərilmiş və sistemin əsas hissəsinin (HR və Əmək haqqı modullarının) 4-6 ay müddətində quraşdırılması nəzərdə tutulmuşdur. Lakin cavabdeh tərəfindən bu müddətlərə nəinki əməl olunmamış, əksinə, proqram təminatı heç bir müəssisəyə tam funksional şəkildə təqdim edilməmişdir. 5 müəssisədə quraşdırılma işlərinə formal olaraq başlanılsa da, təqdim olunan proqramlar texniki və funksional baxımdan yararsız, sistem baxımından qeyri-stabil, təhlükəsizlik və məxfilik baxımından isə ciddi risklərlə müşayiət olunmuşdur. Belə ki, fərqli müəssisələrin məlumatları bir-biri ilə qarışmış, bəzi müəssisələr digər müəssisələrin məlumatlarına çıxış əldə etmiş, bu isə kommersiya sirri və iş etikasına ciddi zərbə vurmuşdur. Müqavilənin 2.3.1ci bəndinə əsasən, cavabdeh xidmətləri iddiaçını qane edəcək şəkildə təqdim etməyi öhdəsinə götürmüşdür. Lakin bugünkü tarixə qədər nə bir təhvil-təslim aktı təqdim olunmuş, nə də proqram təminatı normal işlək vəziyyətdə istifadəyə verilməmişdir. Iddiaçı tərəfindən dəfələrlə rəsmi müraciət göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən problemi aradan qaldırmaq üçün real və təsirli tədbirlər görülməmiş, bu isə iddiaçının fəaliyyətini ciddi şəkildə ləngitmiş və strateji planlarını pozmuş, maddi itkiyə səbəb olmuşdur. Belə ki, proqram təminatının düzgün çalışmaması səbəbindən iddiaçı öz müəssisəsində oxşar xidmətlərlə bağlı fəaliyyət göstərən 1C proqram təminatı xidmətlərindən də istifadə etmiş, nəticədə eyni xidmətə görə iki dəfə ödəniş etməli olmuşdur. Cavabdeh, müqavilənin 6.2.1-ci bəndinə əsasən, xidmətlərin peşəkar və səlahiyyətli şəkildə həyata keçirilməsinə təminat versə də, bu təminat yalnız kağız üzərində qalmış, əməldə isə öz təsdiqini tapmamışdır. Yaranmış vəziyyət iddiaçını birtərəfli qaydada müqaviləyə xitam vermək məcburiyyətində qoymuş və bu barədə cavabdeh 2025-ci il ## ###### tarixli № T*-25 saylı rəsmi xəbərdarlıq məktubu ilə məlumatlandırılmışdır. Həmin məktubda xidmətlərin göstərilmədiyi qeyd olunmuş və bu səbəbdən ödənilmiş avansın geri qaytarılması tələb olunmuşdur. Lakin cavabdeh bu haqlı tələbi əsassız olaraq rədd etmiş və iddiaçının maddi və reputasiya baxımından zərərə uğramasına səbəb olmuşdur.

5. Iddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, müqavilənin 2022-ci il ## #### tarixli “Xidmətlərin xüsusiyyətləri” adlı əlavəsində açıq şəkildə sistemin əsas hissəsinin (HR və əmək haqqı modullarının) 4-6 ay müddətində qurulması nəzərdə tutulmuşdur. Lakin bu müddətlərə əməl olunmamış, əksinə proqram təminatı heç bir müəssisədə təhvil verilməmişdir. Lakin cavabdeh müqaviləyə əsasən proqram təminatını istifadəyə yararlı təhlükəsiz və stabil şəkildə təqdim etməli olduğu halda heç bir müəssisəyə proqram təminatı tam işlək vəziyyətdə təhvil verilməmiş, təhvil-təslim aktı tərtib edilməmiş, əlavədə nəzərdə tutulan texniki tələblər və mərhələlər icra olunmamışdır. Cavabdeh tərəfindən problemlər aradan qaldırılmadığı və proqram təminatının düzgün işləməməsi səbəbindən iddiaçı öz müəssisələrində oxşar xidmətlər göstərən 1C proqram təminatından istifadə etmək məcburiyyətində qalmışdır. Həm HRB, həm də 1C proqram təminatlarının əsas funksiyası əməkhaqqının avtomatlaşdırılmış şəkildə hesablanmasını təmin etməkdir. HRB proqramı müqaviləyə əsasən iddiaçının 13 müəssisəsində qurulmalı idi. Lakin cavabdeh tərəfindən proqram tam funksional təqdim olunmadığı üçün iddiaçı bu funksiyanı alternativ olaraq 1C vasitəsilə həyata keçirmişdir. Bu isə eyni funksiyanı yerinə yetirən ikinci proqram təminatı üçün əlavə ödəniş edilməsinə və nəticədə iddiaçı üçün maddi zərərin yaranmasına səbəb olmuşdur. Nəticədə iddiaçı eyni xidmətə görə iki dəfə ödəniş etməli olmuşdur. Iddiaçı alternativ təminatçıdan xidmət almaq məcburiyyətində qaldığı üçün 2024-cü il ## #### tarixindən 2025-ci il ## ###### tarixinədək digər şirkətə eyni xidmət üzrə 31.570 manat əlavə maliyyə xərci çəkmişdir. Əgər HRB proqram təminatı vaxtında təhvil verilsəydi, bu xərclər yaranmayacaqdı. Beləliklə, qeyd olunan məbləğ tərəflər arasında bağlanmış müqavilənin 6.2.2 və 8.1-ci maddələrinə uyğun olaraq birbaşa zərər hesab edilir və ödənilməlidir.

6. Cavabdeh iddiaya qarşı etiraz etmiş və bildirmişdir ki, iddiaçı cavabdehə məktubla müraciət edərək müqaviləyə xitam verilməsini istəmişdir. Iddiaçı müqavilənin xitam verilməsinə dair tutarlı səbəb gətirməmişdir. Tutarlı səbəb olmadan müqaviləyə xitam verilə bilməz. Cavabdeh iddiaçıya məktubla müraciət etmiş, məktubda sistemin 90% tamamlanması, sərf olunan vaxt və resurslara görə borclu olduqlarını xəbərdar etmiş, əgər ödənişdən imtina edilərsə sistemin vəziyyəti ilə bağlı müstəqil audit araşdırmasının başladılmasının mümkünlüyü bildirilmişdir. Layihənin gecikməsinə iddiaçı şirkəti səbəb olmuşdur. Gecikmə ilə bağlı bütün müvafiq sənədlər, yazışmalar var. Tərəflərindən bütün ağlabatan tələblər yerinə yetirilmişdir. Iddiaçıya göndərilən məktubda qrupun baş direktoru və mümkünsə menecerləri ilə görüşüb gələcək addımları müzakirə etməyə hazır olduqlarını bildirmişlər. Həmçinin məktubda əks iddia qaldırılıb müəssisədə proqramın vəziyyətinin müstəqil auditini aparmağa hazır olduğu bildirilmişdir. Göründüyü kimi cavabdehin ucbatından deyil, iddiaçının müqaviləyə xitam vermək istəməsi səbəbindən işin tamamlanmaması cavabdehin məsuliyyəti deyildir. Iddiaçı müqavilənin şərtlərini çətinləşdirmişdir ki, iş icra olunmasın və beləliklə də müqavilənin ləğvi ilə bağlı tələb irəli sürə bilsinlər. Müqavilənin pozulması şəraitini yaratmağa çalışmışlar. Halbuki özləri müqavilənin şərtlərini pozublar. Iddiaçı müqaviləni pozmaqla cavabdehi təqsirkar hesab etmək istəyir. Əgər iddiaçı müqaviləni pozmaq istəsə cavabdehə kompensasiya ödəməli olardı. Iddia tələbinin hüquqi əsası yoxdur.

7. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən müqavilə üzrə ödənilmiş 20.400 manat avans məbləğinin və 151,2 manat dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur (hakim – İ.Əhmədov).

8. Məhkəmə ilkin olaraq tələbin avans ödənişinin geri qaytarılması hissəsinə hüquqi qiymət verərək, bununla bağlı aşağıdakıları qeyd etmişdir.

9. Tərəflər bağladıqları müqavilənin şərtlərinə əsasən (5.1-ci bənd) proqram təminatının quraşdırılmasının təhvil-təslim aktı əsasında rəsmiləşdiriləcəyi barədə razılığa gəlmişlər. Digər tərəfdən iş materiallarına əlavə edilmiş 2025-ci il ## ###### tarixli məktubdan görünür ki, iddiaçı cavabdehə müraciət edərək 20.400 manat avans ödənişinin geri qaytarılmasını tələb etmişdir. Iddiaçının iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəldiyindən həmin tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir.

10. Iddiaçı cavabdeh tərəfindən xidmətlərin lazımi qaydada göstərilməməsinə, hər hansı bir təhvil sənədinin təqdim edilməməsinə istinad edərək avans ödənişini geri tələb etdiyindən, cavabdeh isə proqram təminatının təhvil verildiyinə istinad etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1-ci maddəsinin tələbləri baxımından müqavilə üzrə göstərilmiş xidmətlərin təhvil verilməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh məhkəmə iclasında bu aktların mövcud olmasına istinad etməsinə baxmayaraq, həmin sənədləri və etirazında göstərdiyi digər dəlilləri (xidmətlərin lazımi qaydada göstərilməməsinin iddiaçının hərəkətləri ilə bağlı olmasını) təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, bununla da tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəliyin lazımi qaydada icrasını məhkəmədə sübuta yetirə bilməmişdir.

11. Iş materiallarına əlavə edilmiş e-mail yazışmalarına münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin yazışmalar proqram təminatı quraşdırılan zaman tərəflər arasında danışıqları və əmələ gələn qüsurları əhatə etməklə, proqramın cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulmuş qaydada təhvil verilməsini sübut etməyə əsas vermir. Cavabdeh tərəfindən müqavilə üzrə xidmətlərin lazımi qaydada icra edilməməsi iddiaçının proqram təminatının quraşdırılması üçün digər şirkətlərlə yeni müqavilə bağlaması ilə də təsdiq edilir. Belə ki, iddiaçı həmin müqaviləni və ödəniş tapşırıqlarını iş materiallarına əlavə etmişdir.

12. Qeyd edilənlərə əsasən məhkəmə cavabdeh tərəfindən öz öhdəliklərinin icra edilmədiyini, tərəflər arasında bağlanan müqaviləyə xitam verilməsini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı avans ödənişinin geri qaytarılmasını tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli, cavabdehdən 20.400 manat avans məbləği tutularaq iddiaçıya ödənilməlidir.

13. Məhkəmə iddia tələbini 31.570 manat məbləğində vurulmuş zərərin tutulması hissəsində əsassız hesab etmiş və bununla bağlı qeyd etmişdir ki, iddiaçı tələbin əsası kimi ikinci proqram təminatından istifadə olunması nəticəsində eyni xidmətə görə iki dəfə ödəniş edilməsinə, nəticədə iddiaçıya maddi zərər dəyməsinə istinad etmişdir. Həmçinin iddiaçının nümayəndəsi sonuncu məhkəmə iclasında məhkəmənin sualına cavab olaraq 31.570 manat məbləğin real zərər növünə aid olduğunu qeyd etmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə delikt üzrə məsuliyyətin yaranmasının şərti - zərərin mövcudluğu öz təsdiqini tapmır. Hazırkı işin hallarından delikt üzrə məsuliyyətin əmələ gəlmə əsasları baxımından qiymətləndirilməsi cavabdehin iddiaçı qarşısında mülki hüquqi məsuliyyət daşıması nəticəsinə gəlməyə əsas vermir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21, 386.1, 398.1, 399.1, 425.1, 442, 445.2.1, 448.1, 491.3, 1096, 1097-ci maddələrinə, MPM-in 14.1, 14.2, 77.1, 217.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

16. Iddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən, yəni iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə təmin olunmasını xahiş etmişdir.

17. Cavabdeh də apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiya məhkəməsindəki icraat

18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının 31.570 manat məbləğində vurulmuş zərərin xeyrinə tutulması tələbinin təmin edilməməsi ilə bağlı hissədə ləğv olunması və həmin hissədə yeni qətnamə çıxarılması, həmin tələbin qismən təmin edilməsi, cavabdehdən iddiaçının xeyrinə 553,83 manatın tutulması, həmin iddia tələbinin qalan hissədə təmin olunmaması, cavabdehin apellyasiya şikayətinin təmin olunmaması və qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması, iddiaçının apellyasiya şikayəti üçün ödədiyi dövlət rüsumunun əvəzi qismində 50 manatın cavabdehdən alınıb iddiaçıya ödənilməsi, cavabdehin apellyasiya şikayəti üçün ödədiyi dövlət rüsumu məbləğinin onun özünə aid olunması qət edilmişdir (sədrlik edən hakim - E.Həsənov, hakimlər- S.Cəfərov, T.Qocayev).

19. Kollegiya hesab etmişdir ki, müvafiq tələbin qanuni əsası kimi mülki qanunvericiliyin podrat (xidmət) müqaviləsi ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. Çünki tərəflər arasında bağlanmış 2022-ci il ## #### tarixli PMDH-TCH ** saylı müqavilə həm podrat (proqram təminatının quraşdırması öhdəliyi üzrə), həm də xidmət (həmin proqram təminatına aid texniki dəstəyin göstərilməsi öhdəliyi üzrə) münasibətlərini ehtiva edir.

20. Məhkəmə qeyd etmişdir ki, MM-in ayrı-ayrı fəsillərində xidmət xarakterli öhdəlik münasibətlərinə dair müddəalar (tapşırıq, brokerlik, daşıma və s.) təsbit olunsa da, “Xidmət müqaviləsi” adlı ayrıca müqavilə növü nəzərdə tutulmamışdır – lakin bu hal, podratla birgə digər müqavilələrin əlamətlərini ehtiva edən qarışıq tipli müqavilələr (podrat-xidmət-alqısatqı, podrat xidmət-icarə və s.) bağlanılması imkanını istisna etmir. Qarışıq müqavilədən yaranan mübahisə üzrə isə, ilk olaraq mübahisənin ünsürləri olan müqavilələrin hansı birinə aid hissədə əmələ gəldiyi müəyyən edilməli və mübahisə həmin müqaviləyə dair qaydalar tətbiq edilməklə həll edilməlidir.

21. Iddiaçının iddia tələb(lər)ini əsaslandırdığı hallardan görünür ki, tərəflər arasında mübahisə iddiaçının, cavabdeh tərəfindən proqram təminatının quraşdırması öhdəliyinin (podrat öhdəliyi) icra edilmədiyinin irəli sürülməsi kontekstində yaranmışdır.

22. Bu baxımdan nəzərə alınmalıdır ki, işin görülməsi üçün podratçıya verdiyi pul vəsaitinin məbləğini və işin qüsurlarla yerinə yetirildiyini sübutetmə yükü iddiaçının, işin icrasının qüsursuz həyata keçirilməsi ilə bağlı sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Xüsusilə qeyd olunmalıdır ki, əgər iddiaçı (sifarişçi) müqaviləni ləğv etməsinə səbəb kimi bilavasitə podratçının hərəkətlərini (hərəkətsizliyini) göstərirsə, podratçının belə hərəkətlərə (hərəkətsizliyə) yol verib-verməməsinə MM-in 442-ci maddəsinə əsasən qiymət verilməli, eyni zamanda sifarişçi həmin halların mövcudluğunu sübuta yetirməlidir.

23. Iddiaçı tərəfindən cavabdeh şirkətə avans ödənişi qismində 20.400 manat ödənildiyi işin mübahisələndirilməyən halıdır. Buna görə də iddiaçı həmin hissədə sübutetmə yükündən ümumiyyətlə azad hesab olunur. Başqa sözlə, hazırkı mübahisə üzrə sübutetmənin predmetini podratın nəticəsinin qüsurlu olub-olmadığı təşkil edir.

24. Tərəflər müqavilə üzrə proqram təminatının quraşdırılmasının təhvilinin səlahiyyətli nümayəndələri tərəfindən imzalanan yekun təhvil-təslim aktı əsasında rəsmiləşdiriləcəyi, çatışmazlıq aşkar edilməzsə sifarişçinin təhvil-təslim aktını 15 təqvim günü ərzində imzalayıb bir nüsxəsini icraçıya qaytaracağı, aktın imzalandığı tarixin faktiki olaraq xidmətlərin təhvil verilməsi tarixi hesab olunacağı, təhvil-təslim aktını imzalamaqdan imtina etdikdə sifarişçinin, 15 gün müddətində həmin çatışmazlıqların (qüsurların) siyahısını icraçıya təqdim edəcəyi barədə razılaşmışlar.

25. Işin hallarından görünür ki, proqram təminatının sifarişçiyə (iddiaçıya) təhvil verilməsi ilə bağlı təhvil-təslim aktı tərtib olunmamış, iddiaçı tərəfindən cavabdehə ünvanlanan 2025-ci il ## ###### tarixli məktubda podratın qüsurları barədə məlumatlar verilmiş, 2025-ci il ## ###### tarixli məktubda isə cavabdehin hesabına 20.400 manat avans köçürüldüyü, lakin həmin pul müqabilində hər hansı xidmətin təhvil verilmədiyi, bu çatışmazlıqların aradan qaldırılması üçün dəfələrlə həm yazılı, həm şifahi müraciət edilməsinə baxmayaraq, hər hansı bir tədbir görülmədiyi və çatışmazlıqların aradan qaldırılmadığı bildirilmiş, müqavilə üzrə müəyyən edilmiş öhdəliklərə xitam verildiyi diqqətə çatdırılmaqla ödənilmiş 20.400 manatın geri qaytarılması xahiş olunmuşdur. Işin hallarından həmçinin aydın olur ki, iddiaçının mövcudluğunu irəli sürdüyü qüsurlar cavabdeh tərəfindən aradan qaldırılmamışdır.

26. Qeyd olunanları, həmçinin məhkəmə prosesində nümayəndələrinin iştirakını təmin və apellyasiya şikayətində istinad etdikləri hallarla bağlı sübutları (müvafiq proqram təminatı, təhvil-təslim aktı, qüsurların aradan qaldırılması barədə təklif və s.) təqdim etməyəcəkləri halda MPM-in 106.2-ci maddəsinin tətbiq olunacağı barədə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehin məhkəməyə nümayəndəsini göndərmədiyini də nəzərə almaqla kollegiya hesab etmişdir ki, iddiaçının podratın qüsurları ilə bağlı irəli sürdüyü hallar müəyyən olunmuş hallar olaraq qəbul edilməlidir.

27. Məhkəmə kollegiyası xüsusilə nəzərə almışdır ki, iddiaçının nümayəndəsi müvafiq proqram təminatına girişlərinin mümkün olmadığını və onu məhkəməyə təqdim edə bilməyəcəklərini bildirmişdir; belə olan halda isə həmin məhsulda qüsurların olubolmadığının yoxlanılması üçün (ekspertiza təyinatı ilə, mütəxəssis məsləhəti ilə və s.) məhsul, onu hazırlayan və qüsurlarının olmadığını iddia edən cavabdeh tərəfindən təqdim olunmalı idi.

28. Buna görə də kollegiya, birinci instansiya məhkəməsinin, cavabdehdən müqavilə üzrə ödənilmiş 20.400 manat avans məbləğinin tutulub iddiaçıya ödənilməsi qənaəti ilə razılaşmış və cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etməmişdir. Kollegiya vurğulamışdır ki, cavabdeh, məhkəmənin gəldiyi həmin nəticənin doğru olmadığı qənaətinə gəlinməsinə əsas verə biləcək hər hansı mötəbər sübut təqdim etməmiş, ümumiyyətlə buna təşəbbüs belə göstərməmişdir.

29. Bununla belə kollegiya, iddiaçının 31.570 manat məbləğində vurulmuş zərərin xeyrinə tutulması tələbi üzrə məhkəmənin gəldiyi nəticə ilə razılaşmamışdır.

30. Ilk növbədə kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsi həmin tələb üzrə qiymətləndirmə apararkən tətbiq edilməməli olan maddi hüquq normalarını tətbiq etmiş, müqavilə öhdəliyinin pozulmasına istinadla irəli sürülən həmin tələbi delikt üzrə məsuliyyətin yaranmasının şərti - zərərin mövcudluğu öz təsdiqini tapmır qənaəti ilə təmin etməməklə tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməkdə səhvə yol vermiş, bu səbəblə də gəldiyi nəticə işin hallarına uyğun olmamışdır.

31. Müvafiq iddia tələbi üzrə iddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, cavabdeh tərəfindən öhdəliklər müqavilədə nəzərdə tutulmuş 6 aylıq müddət ərzində tam və funksional şəkildə icra edilmədiyindən və təmin edilməli proqram təminatı tam və işlək vəziyyətdə olmadığından, eyni funksiyanı icra edə bilmək üçün 1C proqram təminatından məcburi şəkildə istifadəni davam etdirmiş və aylıq ödənişlər həyata keçirmiş, bu isə MM-in 21.2-ci maddəsi mənasında “real zərər” kimi qiymətləndirilən “eyni xidmətə görə ikiqat ödəniş yükü”nün yaranmasına səbəb olmuşdur.

32. Kollegiya qeyd etmişdir ki, podratçı üzərinə düşən öhdəliyi yerinə yetirmədikdə və nəticədə sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilmək imkanından məhrum olduqda, o, podratçıdan dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. MM-in 759.2-ci maddəsində sifarişçinin belə hüququ birbaşa göstərilməsə də, qanunverici müəyyən edir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Müqavilə üzrə təsdiqlənmiş xidmət haqqını müəyyən edən 2022-ci il ## #### tarixli Əlavə №*-in şərtlərindən aydın olur ki, HRB proqram təminatının aylıq xidmət haqqı hər bir müəssisə üçün 184,61 manat, 1C proqram təminatının aylıq xidmət haqqı isə 2024-cü il # ###### tarixli Əlavə əsasında 400 manat təşkil edir.

33. Başqa sözlə, bu xidmətlər arasında yaranan aylıq fərq 215,39 manat olmaqla, HRB proqram təminatının müqavilə üzrə tam funksional istifadəyə verilməməsi səbəbindən, həmin proqram təminatının təhvil verilməli olduğu 2024-cü ilin avqust ayından müqaviləyə iddiaçı tərəfdən xitam verilən 2025-ci il ## ###### tarixinədək olan dövrdə digər proqram təminatçısı olan “xxxx” MMC-yə həyata keçirilən ödənişlərin fərqi zərər kimi qiymətləndirilməlidir. Iddiaçı tərəfindən “xxxx” MMC-nin hesabına 2024-cü il ## ###### tarixdə 125 manat, 2024-cü il ## ######## tarixdə 400 manat, 2024-cü il ## ###### tarixdə 400 manat, 2024-cü il ## ###### tarixdə 400 manat köçürülmüşdür (cəmi 1325 manat) – hansı ki, HRB proqram təminatı təhvil verilmiş olsa idi, 400 manat olan ödəmələr 215,39 manat təşkil edəcəkdi (cəmi 646,17 manat - 3 x 215,39). Iddiaçının cavabdehə avans ödəmiş olmasını və nəzərdə tutulan müddətdə (2024cü 34. ilin avqust ayında) işlərin yekunlaşaraq ona təhvil veriləcəyinə güman etməyə haqqı olduğunu nəzərə almaqla kollegiya hesab etmişdir ki, iddiaçının “xxxx” MMC-yə ödədiyi 1200 manatla (3 x 400 manat), HRB proqram təminatı təhvil verilmiş olsa idi ödəyəcəyi 646,17 manat (3 x 215,39) arasında olan fərq, yəni 553,83 manat cavabdehin öz öhdəliyini pozması nəticəsində iddiaçının məruz qaldığı zərərin əvəzi kimi cavabdehdən onun xeyrinə tutulmalıdır.

35. Iddiaçı müvafiq zərər məbləğini “xxxx” MMC ilə “xxxx” MMC, “X1 Company” MMC, “xxxx” MMC, “xxxx” MMC, “X3 Company” MMC, “X4 Company” MMC, “xxxx” MMC, “xxxx” MMC, “xxxx” MMC və “X2” MMC arasında bağlanmış proqram təminatı ilə bağlı texniki xidmətlərin göstərilməsi barədə müqavilələr üzrə adı çəkilən hüquqi şəxslər tərəfindən “xxxx” MMC-nin hesabına köçürülmüş pul vəsaitlərini nəzərə almaqla hesablasa da, kollegiyanın qənaətinə görə, digər hüquqi şəxslərin öz adlarından və özlərinin bağladıqları müqavilələr əsasında apardıqları ödənişlər iddiaçıya dəymiş ziyanın hesablanması zamanı nəzərə alına bilməz.

36. Kollegiya həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən “xxxx” MMC-nin hesabına MT************ saylı 2024-cü il ## ######## tarixli, EBEH****** saylı 2025-ci il ## ###### tarixli və MT************ saylı 2024-cü il ## ###### tarixli elektron qaimələr üzrə 2025-ci il # #### tarixdə cəmi 1200 manat köçürülmüş olmasına dair apellyasiya icraatı zamanı təqdim olunan sənəd sübut kimi qəbul olunmamalıdır. Çünki iddiaçının nümayəndəsi həmin sənədi birinci instansiya məhkəməsinə təqdim etməmişdir – hansı ki, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən, tərəf yalnız onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdığı halda qəbul oluna bilər.

37. Məhkəmə gəldiyi nəticəni MM-in 386.1, 390.1, 390.4, 390.5, 390.6, 404.1, 404.2 421.1- 421.3, 425.1, 443.1, 752.1, 759.1, 759.2, 760.1, 762.1-762.3, 763.1, 763.2, 764.1, 765, 766-cı, MPM-in 14.1, 14.2, 76.1, 76.2, 77.1, 81, 88, 106.1-106.3, 217.3, 372.2, 385-ci maddələrinə istinadla əsaslandırmışdır.

38. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tamamilə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri:

39. MM-in 5.3, 13,14.2.1, 21.1, 21.2, 385.1, 385.2, 386.1, 390.1, 390.4, 390.5, 390.6, 404.1, 404.2, 421.1, 421.2, 421.3, 425. 1, 443.1, 752.1, 759.1, 759.2, 760.1, 762.1, 762.2, 762.3, 763.1, 763.2, 764.1, 765, 766-cı maddələri üzrə - apellyasiya instansiya məhkəməsi qeyd olunan maddələrə istinad edərkən nəzərə almamışdır ki, cavabdeh proqram təminatı üzrə xidmətlərin iddiaçıya təhvil verildiyinə və müqavilə şərtlərinin iddiaçı tərəfindən pozulduğuna istinad edərək iddia tələbinin əsassız olduğunu bildirsə də, məhkəmə əsassız iddianı qismən təmin etmiş, lakin qətnaməsini əsaslandıra bilməmişdir. Belə ki, məhkəmə avans pulun tutulmasında səhvə yol vermiş, bu hallara lazımi hüquqi qiymət verməmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı cavabdehə məktubla müraciət edərək, müqaviləyə xitam verilməsini istəmişdir. Iddiaçı müqavilənin xitam verilməsinə dair tutarlı səbəb gətirməmişdir. Tutarlı səbəb olmadan müqaviləyə xitam verilə bilməz. Cavabdeh iddiaçıya məktubla müraciət etmişdir. Həmin məktubda sistem 90% tamamlanması, sərf olunan vaxt və resurslara görə borclu olduqlarını xəbərdar etmişdir. Əgər ödənişdən imtina edilərsə sistemin vəziyyəti ilə bağlı müstəqil audit araşdırmasının başladılmasının mümkünlüyü bildirilmişdir. Layihənin gecikməsinə iddiaçı səbəb olmuşdur. Gecikmə ilə bağlı bütün müvafiq sənədlər, yazışmalar var. Tərəflərindən bütün ağlabatan tələblər yerinə yetirilmişdir. Iddiaçıya göndərilən məktubda qrupun baş direktoru və mümkünsə menecerləri ilə görüşüb gələcək addımları müzakirə etməyə hazır olduqlarını bildirmişlər. Həmçinin məktubda əks iddia qaldırılıb müəssisədə proqramın vəziyyətinin müstəqil auditini aparmağa hazır olduğu bildirilmişdir. Göründüyü kimi iddiaçının müqaviləyə xitam vermək istəməsi səbəbindən işin tamamlanmaması cavabdehin məsuliyyəti deyildir. Iddiaçı müqavilənin şərtlərini çətinləşdirmişdir ki, iş icra olunmasın və beləliklə də müqavilənin ləğvi ilə bağlı tələb irəli sürə bilsinlər. Müqavilənin pozulması şəraitini yaratmağa çalışmışlar. Halbuki özləri müqavilənin şərtlərini pozublar. Iddiaçı müqaviləni pozmaqla cavabdehi təqsirli hesab etmək istəyir. Əgər iddiaçı müqaviləni pozmaq istəsə cavabdehə kompensasiya ödəməli olardı.

40. MM-in 425.1-ci maddəsi üzrə - iddiaçı bu maddənin tələblərinə əməl etməmiş, cavabdehdən əsassız olaraq avans pulun qaytarılmasını tələb etmişdir.

41. MPM-in 88-ci maddəsi üzrə - apellyasiya instansiyası məhkəməsi bir sıra sübutlara qərəzli qiymət vermişdir. Məhkəmə müəyyən edilmiş hallara və toplanmış sübutlara MPMin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə və mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Apеllyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən MPM-in tələbləri yеrinə yеtirilməmişdir ki, bununlа dа işə bахаn hаkimlər tərəfindən prоsеssuаl hüquq nоrmаlаrı pоzulmuşdur.

42. MPM-in 14.2-ci maddəsi üzrə - apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin dəlillərinə lazımi hüquqi qiymət verilməmişdir. Məhkəmə tərəfindən cavabdeh tərəfindən irəli sürülmüş dəlillərin tədqiqini tam, hərtərəfli aparmamış və bu hal özlüyündə məhkəmə tərəfindən prosessual hüquq normalarının pozulması ilə müşayiət olunan qətnamənin qəbulu ilə nəticələnmişdir. Bununla da məhkəmə tərəfindən prosessual normalara riayət etməmiş, nəticə üçün mühüm əhəmiyyətə malik olan sübutları obyektiv aydınlaşdırmamış, nəticədə əsassız qətnamə çıxarmışdır.

43. MPM-in 217.1, 217.2, 217.3-cü maddələri üzrə - apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi hər hansı bir tutarlı, mötəbər sübutlarla əsaslandırılmamış və bu zaman konkret qanunun normasına yox, formal mülahizələrə əsaslanmışdır.

44. MPM-in 77.1-ci maddəsi üzrə - məhkəmə nəzərə almamışdır ki, cavabdeh tərəfindən kifayət qədər dəlillər təqdim edilmişdir. Həmin dəlillərin iş materiallarında mövcud olmasına baxmayaraq məhkəmə əsassız iddianı tam təmin etmişdir, bu da cavabdehin hüquqlarının pozulması ilə nəticələnmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

45. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

46. Kassasiya şikayətində iddianın qismən təmin olunmuş hissəsi mübahisələndirildiyi üçün apellyasiya məhkəməsinin qətnaməsi yalnız həmin hissədə və MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə yoxlanılacaqdır.

Tətbiq edilən hüquq

47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.”

“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.”

“Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.”

“Maddə 404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.”

“Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.” “Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.”

“Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.”

“Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.”

“Maddə 759. Podrat müqaviləsinin ləğvi 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.”

“Maddə 760. Müqaviləyə podratçının təşəbbüsü ilə xitam verilməsi 760.1. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun.”

“Maddə 762. Podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.”

“Maddə 763. Qüsurlar olduqda əlavə icra tələbi 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər.”

“Maddə 764. Məmulatın qüsurunun sifarişçi tərəfindən düzəldilməsi 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər.”

“Maddə 765. Məmulatın qüsuru nəticəsində podrat müqaviləsindən imtina Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.”

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.”

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”

“Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.”

“Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”

“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. 50.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir. 51.Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz. 52.Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar üzrə hüquqi dəyərləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi dəyərləndirmə ilə razılaşır və təkrarlanmasına zərurət görmür. 53.Kassasiya şikayətində qeyd edilən prosessual hüquq normalarının pozulması barədə dəlillər də əsassızdır. Belə ki, həmin dəlillər işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əsaslandırılmışdır. 54.Halbuki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz. 55.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı). 56.Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır. 57.Kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən MPM-in 14.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasın, cavabdehin istinad etdiyi dəlillərə və təqdim edilmiş sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən cavabdehin şikayətinin təmin edilmədiyini qətnamədə göstərmişdir. 58.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 59.Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar