Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-147/2026 23.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qarayev Sənan Məmməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Mahmudov Murad İlqar oğlunun katibliyi, iddiaçının qanuni təmsilçisi Həsənov Vüsal Mirzərəhim oğlunun, nümayəndəsi və vəkili Nümayəndə cavabdeh Cavabdeh, nümayəndəsi və vəkili İmanzadə Nicat Ramiz oğlunun iştirakları ilə, iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli, *- *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları 1.“xxxx” MMC və Cavabdeh arasında bağlanmış 2021-ci il ## ###### tarixli RZA**/*** nömrəli “Ödəniş xidmətlərinin göstərilməsi haqqında” müqaviləsi ilə ödəniş təşkilatı ödəyicidən onun tapşırığı əsasında, ödəyicinin müvafiq xidmət təchizatçılarına (qaz, su, elektrik, rabitə və s.) olan borcunun ödənilməsi məqsədilə, ödəyicidən vəsaitləri qəbul edərək öz ödəniş sistemi və ödəniş alətlərindən istifadə edərək ödəniş xidmətlərini göstərməyi öhdəsinə götürmüşdür. 2.2023-cü il # ###### tarixli “audit hesabatı”nda göstərilmişdir ki, “xxxx” MMC-nin diler-ödəyicisi maddi məsul şəxsi Cavabdeh 2021-ci il # ###### tarixindən 2022-ci il # ###### tarixinə cəmiyyətin ödəmə platformasından ona ayırdığı elektron pul vəsaitindən səmərəli istifadə olunmamış, onunla bağlanılmış xidməti müqavilənin şərtlərinə əməl edilməmiş, 2022-ci il # ###### tarixinə 313.091 manat nağd pul vəsaiti cəmiyyətin hesablaşma hesabına az köçürülərək mənimsəmə və israfçılıq hallarına yol verilməklə cəmiyyətin büdcəsinə ziyan dəymişdir. 3.Baş İstintaq və Təhqiqat İdarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 2024-cü il # ##### tarixli */*** nömrəli ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan auditor hesabatının, cədvəl məlumatlarının, ödəniş qəbzləri məlumatlarının və bank hesabından çıxarış məlumatlarının düzgünlüyü istintaq orqanı tərəfindən nəzərə alındığı təqdirdə, “X4” MMC-də yaranmış çatışmazlıq 103.818,70 manat məbləğində müəyyən olunur. 4.## ###### 2024-cü il tarixli auditor hesabatında göstərilmişdir ki, “X4” MMC ilə Ödəyici Cavabdeh arasında bağlanmış “##.##.2021-ci il tarixli, RZA**/*** №-li “ÖDƏNİŞ XİDMƏTLƏRİNİN GÖSTƏRİLMƏSİ HAQQINDA MÜQAVİLƏ-də nəzərdə tutulmayan ümumi əməliyyat xərcləri çıxıldıqdan sonra icra edilməmiş qalıq öhdəlik 103 818.70 (bir yüz üç min, səkkiz yüz on səkkiz min, yetmiş qəpik) manat təşkil etmişdir. 5.“xxxx” ASC tərəfindən Cavabdeh pretenziya məktubu ünvanlanaraq, 2023-cü il ## ###### tarixli RZA**/*** nömrəli kredit müqaviləsinə əsasən yaranmış 313.082 manat borcun 3 iş günü müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 6.İddiaçı İddiaçı MMC (bundan sonra - “iddiaçı”) 2025-ci il ## ###### tarixində cavabdeh Cavabdeh (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 313.091 manat əsas borc və ödənilmiş 603,09 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçını xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 7.İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən iddiaçıya “ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2024-cü il # #### tarixli EPT-*** nömrəli lisenziya verilmiş və şirkət “Portmanat.az” portalı vasitəsilə müxtəlif xidmət təchizatçıları və dövlət qurumları üzrə onlayn ödəniş xidmətləri göstərir. Bu fəaliyyət çərçivəsində tərəflər arasında 2021-ci il ## ###### tarixli RZA**/*** nömrəli “ödəniş xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmış, müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehin “portmanat.az” portalında açılmış şəxsi kabineti vasitəsilə “xxxx” ASC-dəki tacir kart hesabına ödəniş əməliyyatlarının həyata keçirilməsi məqsədilə avans vəsaitləri köçürülmüş, cavabdeh isə istifadə etdiyi vəsaitləri sonradan iddiaçıya qaytarmalı olmuşdur. Aparılmış audit yoxlamasının nəticələrinə görə 2021-ci il # ######-2022-ci il # ###### tarixləri arasında cavabdehin hesabına ümumilikdə 8.729.899 manat köçürülmüş, lakin cavabdeh cəmiyyətin hesabına yalnız 8.416.808 manat qaytarmış, nəticədə 313.091 manat vəsait geri ödənilməmiş və iddiaçıya ziyan vurulmuşdur. Cavabdeh həmin məbləğin istifadəsi barədə hesabat təqdim etməmiş və vəsaiti geri qaytarmamışdır. İddiaçı tərəfindən cavabdehə 2025-ci il ## ###### tarixli pretenziya məktubu göndərilərək borcun 3 gün müddətində ödənilməsi tələb edilsə də, tələb yerinə yetirilməmiş, cavabdeh müqavilə öhdəliklərini icra etməkdən yayınmışdır. Bu səbəbdən iddiaçı hüquqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 8.Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, tərəflər arasındakı müqaviləyə əsasən cavabdehlə iddiaçı arasında 2021-ci ildən 2022-ci il tarixlərində 8.723.873,50 manat pul dövriyyəsi olmuş, cavabdeh işlədiyi dövrdə iddiaçı ilə aralarında heç bir narazılıq olmamışdır. 2022-ci il ## ###### tarixində Neftçala rayon polis şöbəsinin istintaq qrupunun baş müstəntiqinə tərəflər arasında bağlanmış müqavilə təqdim olunaraq, müqavilənin 9.3 və 10.3-cü bəndlərinə əsasən mübahisənin müvafiq məhkəmələrdə və ya aralarına razılaşma yolu ilə həll olunması barədə məlumat verilmişdir. Cavabdeh iddiaçının Yasamal rayonunda yerləşən ünvanına gedərək rəhbər işçilərlə görüşmüş, lakin aralarında olan danışıq alınmamışdır. Cavabdeh iddiaçıya məhkəməyə müraciət etməsini tövsiyə etmiş, lakin sonuncu onu dələduzluqda ittiham edərək Neftçala rayon polis şöbəsinə şikayət etmişdir. Nəticədə cavabdeh barəsində 2022-ci il ## ###### tarixli ********* nömrəli cinayət işinin başlanması və icraata qəbul edilməsinə dair qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin ********* nömrəli cinayət işi icraatdadır. İddiaçı şirkət cavabdeh barəsində hüquq mühafizə orqanlarına şikayət edərək ********* nömrəli cinayət işini başlatmışdır. Həmin cinayət işi üzrə məhkəmənin yekun qərarı qəbul edilənədək hazırkı iş üzrə icraat dayandırılmaldır. 9.Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, cavabdehdən 103.818,70 manat pul və ödənilmiş 393,82 manat dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 104.212,52 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamış, iddiaçı tərəfindən artıq ödənilmiş 209,27 manat dövlət rüsumunun iddiaçıya geri qaytarılması qət edilmişdir (hakim Z.Abbasov).
10. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış elektron ödəniş xidmətlərinin göstərilməsi haqqında müqavilə hüquqi mahiyyəti etibarı ilə xidmət göstərilməsi haqqında müqavilədir. Tərəflər arasında yaranmış münasibətləri tənzimləyən yazılı müqavilə mövcud olduğuna, iddiaçının hazırkı tələblə çıxış etməsi üçün subyektiv hüququnun həmin müqavilə üzrə cavabdehin öhdəliklərini yerinə yetirməməsi nəticəsində yarandığı iddia edildiyinə görə, iddia tələbinin faktiki əsası kimi istinad edilən hallar qeyd olunan müqavilə şərtləri əsas götürülərək qiymətləndirilməlidir.
11. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
12. Məhkəmə qeyd etmişdir ki, müqavilənin şərtlərində hesabdakı vəsaitdən müştərilərin adından “portmanat.az” portalı vasitəsilə bir sıra ödənişlər həyata keçirildikdən sonra hesabdan istifadə olunmuş vəsaitin cavabdeh tərəfindən iddiaçıya geri ödənilməsinin nəzərdə tutulmasına baxmayaraq, cavabdeh üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmişdir. Cavabdehin öhdəliklərin icrasını tam şəkildə yerinə yetirməməsi işdə olan audit hesabatı və ekspert rəyi ilə öz təsdiqini tapmışdır.
13. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı etiraz ərizəsində iddianın tam və ya qismən əsassızlığına dair münasibət bildirməmiş, yalnız müqavilədə mübahisənin qarşılıqlı razılaşma və ya məhkəmə yolu ilə həllinin nəzərdə tutulduğunu qeyd etmişdir. İşin məhkəmə araşdırması zamanı da iddia tələbini təkzib edəcək sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Belə olan halda, cavabdeh tərəfindən göstərilmiş xidmətin dəyərinin tam şəkildə ödənilməməsi barədə iddiaçının tələbi qanuni və əsaslı olmuşdur.
14. Beləliklə, məhkəmə cavabdehin xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq tam icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq, iddia tələbinin mahiyyət etibarı ilə əsaslı olması qənaətinə gəlmişdir.
15. Məhkəmə pul məbləğinin həcminə münasibətdə tələbi qismən əsaslı hesab edərək bildirmişdir ki, işdə olan audit hesabatı və məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2021-ci il ## ###### tarixli RZA**/*** nömrəli “Ödəniş xidmətlərinin göstərilməsi haqqında” müqavilədə nəzərdə tutulmayan ümumi əməliyyat xərcləri çıxıldıqdan sonra icra edilməmiş qalıq öhdəliyin həcminin 103.818,70 manat təşkil etdiyi müəyyən olunmuşdur.
16. İddiaçı tərəfindən audit hesabatı və ekspert rəyi ilə müəyyən olunmuş məbləğdən artıq məbləğdə borcun olmasına dair sübutlar təqdim edilmədiyinə görə, məhkəmə iddia tələbinin həmin hesabat və rəydə göstərilən həcmdə təmin olunması qənaətinə gəlmişdir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 425, 427.3, 442, 448.1 və 448.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2018-ci il ## #### tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
18. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin qismən, yəni iddianın təmin olunmayan hissəsində ləğv edilərək, iddianın tam təmin olunması xahiş edilmişdir.
19. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması xahiş edilmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim Q.Əliyev, hakimlər T.Kərimov və C.İmanov).
21. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında formalaşan münasibət mahiyyət etibarı ilə xidmət göstərilməsi müqaviləsi üzərində qurulmuşdur. MMin 7-ci bölməsində (xüsusi hissə) xidmət müqaviləsi ilə bağlı hər hansı müqavilə növü mövcud deyil. Lakin bu cür müqavilə növünün tərəflər arasında bağlanması və onun tərəfləri üçün hüquq və vəzifələrinin yaranması əsası mülki qanunvericiliklə qadağan edilməmişdir. Birinci instansiya məhkəməsi MM-in 11.1-ci maddəsinə istinadla haqlı olaraq mübahisəni tərəflər arasında yaranmış münasibətləri tənzimləyən yazılı müqavilənin şərtlərini əsas götürərək həll etmişdir.
22. Müqavilənin şərtlərinə əsasən hesabdakı vəsaitdən müştərilərin adından “portmanat.az” portalı vasitəsilə bir sıra ödənişlər həyata keçirildikdən sonra hesabdan istifadə olunmuş vəsait cavabdeh tərəfindən iddiaçıya geri ödənilməli olduğu halda, cavabdeh üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmişdir. Qeyd olunan hal iş üzrə alınan audit hesabatı və ekspert rəyi ilə təsdiqini tapmışdır.
23. Kollegiya ekspert rəyini daha mötəbər sübut kimi qəbul edərək cavabdeh tərəfindən icra olunmamış öhdəliyin həcmini həmin rəy əsasında müəyyən edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Belə ki, ekspert rəyinin həqiqiliyini şübhə altına alacaq sübutlar iş materiallarında mövcud olmamışdır.
24. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, MM-in 1, 6.2, 11.1, 11.5, 13, 14.2.1, 329.2, 329.3, 385.1, 386.1, 390.1, 404.1, 404.2, 425, 427.3, 442, 448.1, 448.2 və 777.2ci maddələrinə, MPM-in 4.1, 14.2, 76.1, 76.2, 77.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
25. İddiaçı tərəfindən həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddianın isə tam təmin olunmasını xahiş etmişdir.
26. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a)İddiaçının kassasiya şikayətinin dəlilləri
27. MM-in 443-cü maddəsi üzrə- tərəflər arasında bağlanmış 2021-ci il ## ###### tarixli “ödəniş xidmətlərinin göstərilməsi haqqında” müqavilə çərçivəsində iddiaçı tərəfindən “portmanat.az” saytında cavabdehin adına açılmış şəxsi kabinet vasitəsilə “xxxx” tacir kart hesabına avans məbləğlər köçürülmüşdür. Həmin hesabdakı vəsaitdən müştərilərin adından “portmanat.az” portalı vasitəsilə bir sıra ödənişlər həyata keçirildikdən sonra hesabdan istifadə olunmuş vəsait cavabdeh tərəfindən distribütor vasitəsilə iddiaçının hesabına geri ödənilməli idi.
28. İş materiallarında olan cavabdeh barəsində aparılan cinayət işi ilə bağlı Neftçala Rayon Polis Şöbəsinin müraciəti əsasında iddiaçının diler-ödəyicisi olan cavabdehə 2021-ci il # ###### tarixindən 2022-ci il # ###### tarixinə kimi ödənilmiş pul vəsaitinin hərəkətinin qiymətləndirilməsinə görə audit yoxlaması aparılmışdır. Həmin yoxlamanın nəticəsinə dair 2023-cü il # ###### tarixində tərtib edilmiş auditor hesabatına əsasən, “2021-ci il # ###### tarixindən 2022-ci il # ###### tarixinə olan dövrdə cəmiyyət tərəfindən maddi-məsul şəxs (diler) cavabdehin hesabına 8.729.899 pul köçürülmüşdür. Cavabdeh isə hesabında olan pul vəsaitindən müxtəlif məqsədli xidmətlərə tam istifadə etməklə məxaricə vermiş və əldə olunmuş 8.729.899 manat nağd pul vəsaitindən xidmət etdiyi cəmiyyətin bankda olan hesablaşma hesabına isə 8.416.808 manat pul köçürmüşdür. Nəticədə 2022-ci il ## ####### tarixinə (8.729.899 - 8.416.808)= 313.091 nağd pul vəsaitini az köçürməklə cəmiyyətə ziyan vurmuşdur.” Göründüyü kimi, cavabdeh onun hesabına ödənilmiş 313.091 manat vəsaiti istifadə etsə də, həmin məbləğlərin ödəniş təyinatı barədə heç bir hesabat, məlumat verməmiş və həmin məbləği iddiaçıya qaytarmamışdır. Halbuki, tərəflər arasında mülki münasibətlər müqavilə ilə yaranmış və həmin müqavilə üzrə də cavabdeh üzərinə öhdəliklər götürmüşdür.
29. Birinci instansiya məhkəməsinin 2025-ci il # ###### tarixli *-****/*-*****/** nömrəli sorğusuna cavab məktubu olaraq, Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən istintaq olunan ********* nömrəli cinayət işi üzrə təyin olunmuş audit hesabatı və məhkəmə-mühasibatlıq ekspertizasının rəyi təqdim edilmişdir. Həmin rəylərdən görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2021-ci il ## ###### tarixli RZA**/*** nömrəli “ödəniş xidmətlərinin göstərilməsi haqqında” müqavilədə nəzərdə tutulmayan ümumi əməliyyat xərcləri çıxıldıqdan sonra icra olunmamış qalıq öhdəlik 103.818,70 manat təşkil etmişdir.”
30. Məhkəmə də həmin rəylərə istinad etməklə iddia tələbini qismən təmin etmişdir. Lakin nəzərə alınmamışdır ki, ödəniş sistemlərinin fəaliyyəti ilə məşğul olan iddiaçı ilə diler - cavabdeh arasında bağlanmış 2021-ci il ## ###### tarixli RZAO*/*** nömrəli “ödəniş xidmətlərinin göstərilməsi haqqında” müqavilədə cavabdehin hesabına köçürülən pul vəsaitlərinin istifadəsinə görə yaranan əməliyyat xərcləri ilə bağlı tənzimləmə nəzərdə tutulmasa belə, MM-in 448-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallara görə məsuliyyət daşıyır. Hazırkı vəziyyətdə riskin müqavilədə tənzimlənməməsi, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya ziyan dəyməsi həmin məsələnin qanunvericiliklə tənzimlənməsini istisna edə bilməz.
31. Əməliyyat xərclərinin yaranmasına səbəb cavabdehin “xxxx”da olan hesabına iddiaçı tərəfindən köçürülmüş elektron pul vəsaitini digər şəxslərə məxsus müxtəlif bank kartlarına köçürməsi və nağdlaşdırması olmuşdur. Bu isə müqavilə üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərə uyğun deyil. Məhkəmə cavabdehin müqavilə öhdəliklərini pozmasını, habelə iş üzrə mövcud olan sübutları qiymətləndirməmişdir. Belə ki, 2023-cü il # ###### tarixli auditor hesabatında qeyd olunmuşdur ki, “diler cavabdeh fəaliyyəti dövründə atası X2 adına olan bank kartına 815,352.00 manat, X10 adına olan bank kartına 760,060.00 manat, X8 adına olan bank kartına 632,709.00 manat, X5 adına olan bank kartına 321,305.00 manat, öz adına, yəni cavabdehin adına olan bank kartına 748,755.00 manat, X3 adına olan bank kartına 263,110.00 manat, X7 adına olan bank kartına 330,000.00 manat və sairə adamların bankda olan kart hesablarına iri məbləğlərdə pul vəsaitini köçürmüşdür.”
32. Göründüyü kimi, tələbin təmin olunmamış hissəsi -209.273 manat əməliyyat xərcləri də cavabdehin qəsdən edilmiş təqsirli hərəkətləri nəticəsində yaranmış, bu səbəbdən həmin məbləğ də cavabdehdən tutulmalıdır.
33. MPM-in 77-ci maddəsi üzrə - Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin müraciəti əsasında hazırlanmış auditor hesabatı və ekspert rəyində əməliyyat xərcləri vurulmuş zərər kimi nəzərə alınmamış, bu hal müqavilədə əməliyyat xərcləri ilə bağlı xüsusi müddəanın olmaması ilə əsaslandırılmışdır. Halbuki, sübutların hüquqi baxımdan qiymətləndirilməsi, eləcə də əməliyyat xərclərinin borcun tərkibinə daxil edilibedilməməsi məsələsinin həlli məhz məhkəmənin səlahiyyətinə aid olan məsələdir.
34. MPM-in 88 və 217-ci maddələri üzrə - məhkəmə iş üzrə auditor hesabatlarına və rəyə sübut kimi düzgün hüquqi qiymət verməmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı hesab oluna bilməz. Məhkəmə qətnaməsini iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, yalnız mövcud maddi və prosessual hüquq normalarını qeyd etməklə kifayətlənmişdir.
b) Cavabdehin kassasiya şikayətinin dəlilləri
35. MM-in 423-cü maddəsinə əsasən öhdəlik icrası icra olunmalı olduğu məqsəd və şərtlərə uyğun aparılmalıdır. Hazırkı halda isə kart hesabında baş vermiş əməliyyatlar tranzit xarakteri daşıdığı halda, məhkəmə göstərilən normanın tələblərinə zidd olaraq, bu əməliyyatları öhdəlik icrası kimi qiymətləndirmişdir. MM-in 447-ci maddəsinə əsasən, pul öhdəlikləri yalnız real borc mövcudluğu və onun həcmi dəqiqləşdirildikdən sonra tələb oluna bilər, lakin apellyasiya məhkəməsi belə dəqiqləşdirmə aparmadan vəsait dövriyyəsini birbaşa borc hesab etmişdir.
36. MM-in 1096-cı maddəsi əsasında mülki iddia irəli sürülə bilər ki, əmlak hüquqi əsas olmadan əldə edilsin. Hazırkı iş üzrə isə cavabdeh yalnız əmək haqqı əldə etmiş, başqa hüquqi əsas olmadan hər hansı vəsait əldə etməmişdir. Buna görə də əsassız varlanma halları mövcud deyil. Kart hesabı üzərindən keçən məbləğlər cavabdehin sərəncamında qalmamış və dərhal başqa hesaba köçürülmüşdür, buna görə də qeyd olunan norma ilə iddia irəli sürülə bilməz.
37. Bir qayda olaraq verilən tapşırıqlar və göstərilən fəaliyyətlər müqavilənin predmetinə uyğun olmamışdır. Verilən izahatlar və ödəniş təşkilatının əməliyyatları olduğu kimi qəbul etməsi faktı əsasında məlum olur ki, göstərilən fəaliyyət şifahi olaraq tərəflər arasında müqavilə öhdəliyi kimi verilən tapşırıqları (virtual məbləğləri nağdlaşdıraraq yenidən ödəniş təşkilatının hesabına köçürməsi əməliyyatlarını) əhatə etmişdir. Cavabdeh tərəfindən iddiaçı şirkətdə ona ayrılmış pul kisəsi (portmanat hesabı) üzərindən pul vəsaitlərinin müxtəlif bank təşkilatlarında açılmış kart hesablarına köçürülməsi həyata keçirilmişdir. Pul vəsaitlərinin hərəkəti onu göstərir ki, cədvəl 4 və cədvəl 5-də “xidmətlər üzrə ödənişlər əks edilmiş sütunlarda qeyd olunmuş 33.200,42 manat (kommunal, mob rabitə xid, inzibati cərimələr və s), AccessBank: 22.292,53 manat, Unibank: 6.963,98 manat, Kapital Bank: 10.232,82 manat, Bank of Baku: 30,45 manat (müşteri kredit ödənişləri) və s. olmaqla, ümumilikdə 72.720,20 manat məbləğ istisna edilməklə, qalan məbləğlərin heç bir iqtisadi əsasları müəyyən olunmamışdır.
38. Ödəyicinin fəaliyyət sferasına aid olmayan əməliyyatların həyata keçirilməsi, habelə pul vəsaitlərinin faktiki xidmətlərin həcminə münasibətdə dəfələrlə yüksək səviyyədə dövriyyəsi onu göstərir ki, həmin pul vəsaitlərinin ayrı-ayrı şəxslərin kart hesabları vasitəsilə nağdlaşdırılaraq, təkrar olaraq cəmiyyətin hesabına qaytarılmasına əsassız şübhəli əməliyyatlar kimi qiymətləndirilməmiş, bildiriş və digər əsasverici sənədlər müəyyənləşdirilmədən əməliyyatlar davam etdirilmişdir. Belə əməliyyatlar istənilən halda ödəyici üçün pul vəsaitlərinin itkisini şərtləndirir. Belə ki, cəmiyyət tərəfindən ödəyicidən müqavilədə nəzərdə tutulmayan komissiya və digər bank təşkilatlarına köçürülən pul vəsaitlərinin (xidmət haqları, komissiya və digər şəkildə tutulan vəsaitlərə görə yaranan) itkilərinə səbəb olmuşdur.
39. Apellyasiya məhkəməsi bu tranzit əməliyyatların mahiyyətini araşdırmamış, banklararası köçürmələr zamanı tutulmuş komissiyaların, texniki çıxarışların və digər kiçik məbləğdə fərqlərin hüquqi qiymətləndirilməsini aparmamışdır. Halbuki həmin komissiyalar bank əməliyyatlarının qaçılmaz nəticəsi olmuşdur, nə cavabdehin iradəsindən, nə də onun hər hansı kommersiya marağından irəli gəlmişdir. Bu cür texniki fərqlərin sonradan borc kimi təqdim edilməsi mülki hüququn mahiyyətinə ziddir.
40. MM-in 390-cı maddəsinə əsasən, öhdəlik yalnız hüquqi əsas mövcud olduqda yaranır, hazırkı halda isə cavabdehin üzərinə düşən hər hansı borc öhdəliyini yaradan müqavilə, razılaşma və ya digər hüquqi əsas mövcud olmamışdır. Cavabdeh işçi funksiyasını icra etmiş, əmək fəaliyyəti nəticəsində yalnız əmək haqqı almış və əmək haqqından başqa hər hansı əlavə gəlir əldə etməmişdir, bu hal iş üzrə toplanmış sübutlarla da təsdiq olunur.
41. Apellyasiya məhkəməsi MM-in 422 və 423-cü maddələrinin tələblərinə uyğun olaraq öhdəliyin həcmini, icra olunma formasını və icra edilməməsinin nəticələrini müəyyən etməmişdir. Məhkəmə kart hesabı üzrə bütün dövriyyəni vahid borc kimi qiymətləndirmişdir ki, bu yanaşma kommersiya dövriyyəsinin və əmək münasibətlərinin hüquqi sərhədlərini qarışdırılması ilə nəticələnmişdir.
42. Bununla yanaşı, məhkəmə əsassız varlanma institutunun tətbiqi üçün zəruri olan şərtləri də araşdırmamışdır. Halbuki MM-in 1096 və 1097-ci maddələrinə əsasən əmlakın hüquqi əsas olmadan əldə edilməsi sübuta yetirilməlidir. Mövcud iş üzrə isə cavabdehin əldə etdiyi yeganə vəsait əmək haqqı olmuş, hesabından keçən digər məbləğlər isə tam olaraq şirkətin VÖEN hesabına köçürülmüşdür.
43. Apellyasiya məhkəməsi sübutetmə yükünün düzgün bölgüsünə də əməl etməmişdir. MPM-in 77-ci maddəsinə əsasən iddiaçı öz tələbinin əsasını təşkil edən halları sübuta yetirməli olduğu halda, borcun real mövcudluğu, məbləği və hüquqi əsası sübuta yetirilməmiş, buna baxmayaraq məhkəmə iddia tələblərini təmin etmişdir.
c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
44. Kassasiya şikayətlərinə qarşı tərəf etiraz təqdim etməmişdir.
d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları
45. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni təmsilçisi Həsənov Vüsal Mirzərəhim oğlu kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
46. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
47. Məhkəmə iclasında iştirak edən Cavabdeh kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
48. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili İmanzadə Nicat Ramiz oğlu kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
Kassasiya baxışının hədləri
49. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə, yəni iddiaçı tərəfindən iddianın təmin olunmayan hissəsində, cavabdeh tərəfindən isə iddianın təmin edilən hissəsində mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
50. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
51. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 11. Mülki qanunvericiliyin analogiya üzrə tətbiqi 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). ... 11.5. Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz.”
“Maddə 13. Sahibkarlıq fəaliyyəti Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.”
“Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi ... 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. ...”
“Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. ...”
“Maddə 404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. ...”
“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. ...”
“Maddə 427. Öhdəliyin icrası müddəti ... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. ...”
“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”
“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. ...”
“Maddə 777. Tapşırıq müqaviləsi ... 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. ...”
52. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. ...”
“Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”
“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”
“Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər ... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.”
Kassasiya instansiya məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
54. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarına görə tərəflər arasında bağlanmış 2021-ci il ## ###### tarixli RZA**/*** nömrəli “Ödəniş xidmətlərinin göstərilməsi haqqında” müqaviləsi ilə iddiaçı cavabdehdən onun tapşırığı əsasında, cavabdehin müvafiq xidmət təchizatçılarına (qaz, su, elektrik, rabitə və s.) olan borcunun ödənilməsi məqsədilə, cavabdehdən vəsaitləri qəbul edərək öz ödəniş sistemi və ödəniş alətlərindən istifadə edərək ödəniş xidmətlərini göstərməyi öhdəsinə götürmüşdür. İddiaçının cavabdeh barəsində müraciəti əsasında başlanmış cinayət işi üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 2024-cü il # ##### tarixli rəyinə əsasən, qeyd olunan müqavilədə nəzərdə tutulmayan ümumi əməliyyat xərcləri çıxıldıqdan sonra icra edilməmiş qalıq öhdəlik 103.818,70 manat təşkil etmişdir. Məhkəmələr həmin rəyi, eyni zamanda auditor hesabatını işdə olan digər sübutlarla yanaşı, mötəbər sübut kimi qiymətləndirərək iddianın qismən (103.818,70 manat pulun tutulması hissəsində) təmin edilməsi qənaətinə gəlmişlər.
55. İddianın təmin edilməyən (209.272,3 manat) hissəsi ilə bağlı kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, məhkəmələr tərəfindən mötəbər sübut kimi 2024-cü il # ##### tarixli ekspert rəyinə əsasən 209.272,3 manat məbləğ cavabdehin hesabına köçürülmüş vəsait üzrə komissiya xərclərini təşkil etmişdir. Lakin tərəflər arasında bağlanmış müqavilədə həmin xərclərin cavabdehə aid olmasına dair hər hansı müddəa nəzərdə tutulmamışdır.
56. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin olunmayan hissəsində məhkəmələrin gəldikləri nəticə tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci 11 iyun tarixli Qərarı ilə ifadə olunmuş hüquqi mövqeyə uyğun olmuş, şikayətdə istinad olunan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.
57. “...tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il ## #### tarixli Qərarı).
58. Cavabdehin kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası nəzərə alır ki, cavabdeh iddianın təmin olunan hissəsi ilə bağlı iddiaçı qarşısında hər hansı öhdəliyinin olmamasını, eləcə də işdə sübut kimi qiymətləndirilmiş ekspert rəyi müəyyən edilənləri təkzib edəcək sübutları işə mahiyyəti üzrə baxılarkən təqdim etməmişdir.
59. Şikayətin, iddiaçı tərəfindən cavabdehin hesabına köçürülmüş vəsaitlər üzrə faktiki olaraq nağdlaşdırılma əməliyyatının aparılması barədə dəlilləri üzrə baxılan işdə məhkəmə tərəfindən xüsusi qərardad qəbul edilmişdir.
60. Kassasiya şikayətlərinin işin faktiki hallarına əsaslanan dəlillərinə münasibətdə qeyd edilir ki, hazırkı icraat çərçivəsində məhkəmənin həmin dəlillər üzrə MPM-nin 407.2ci maddəsinin tələblərinə əsasən araşdırma aparılmır və onlara qiymət verilmir. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır.
61. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri isə təmin edilməməlidir.
62. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara alır:
Kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.