Məhkəmə qərarları › İş №2-2(1-8)-151/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-151/2026

11.06.2026 · Sair işlər - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-151/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı işi üzrə QƏRAR Açar sözlər: qanunsuz inşa edilmiş tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ###### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. 2010-cu il ## ##### tarixli çıxarışa əsasən, Daşkəsən rayonu Bayan kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və üzərindəki 1 mərtəbəli yaşayış evi və yardımçı tikili cavabdeh Cavabdeh xüsusi mülkiyyətində dövlət qeydiyyatına alınmışdır.

2. 2010-cu il ## ##### tarixli texniki pasporta əsasən, Daşkəsən rayonu Bayan kəndində yerləşən 0,06 ha torpaq sahəsindəki fərdi yaşayış evi cavabdeh Cavabdeh adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Əsas: 2008-ci il ## ######## tarixli alğı-satqı müqaviləsi.

3. Eskiz layihənin surətinə əsasən, Cavabdeh Daşkəsən rayonu Bayan kəndində mülkiyyətində fərdi yaşayış evinin eskiz layihəsi işlənib hazırlanmışdır. Eskiz layihəsi Daşkəsən Rayon Icra Hakimiyyətinin baş memarı tərəfindən imza və möhürlə təsdiq olunmuşdur.

4. “xxxx” QSC Infrastruktur Departamenti * nömrəli X1 rəisi tərəfindən Gəncə stansiyasında XPŞ-nin rəisinə ünvanlanmış ## ###### 2020-ci il tarixli *** saylı məktubuna əsasən, * nömrəli X1 xidməti ərazisində Daşkəsən qolunun Qızılca-Bayan mənzilinin 26 km pk 8-də kilometr istiqaməti ilə yolun sağ tərəfində dəmir yolunun təhkim mühafizə zolağı 21 metr və 26 km pk 9; 10 da 40 metr təşkil etdiyi halda, mühafizə zolağının 3 metrliyində həmin ərazi kənar şəxslər tərəfindən dəmir hasara alınmış və 26 km pk 10-da tikililər tikilmişdir.

5. 2021-ci il ## ###### tarixli akta əsasən, mühafizə zonasına baxış zamanı cavabdehin dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, Qırıxlı-Bayan mənzilinin 26 km pk 10-da mühafizə zolağı 40 metr olduğu halda, 15 metr məsafədən başlayaraq 5 tikili inşa etdiyi, 4 çardaq quraşdırdığı və dəmir yolundan 3 metr məsafədə hasar çəkdiyi müəyyən edilmişdir.

6. 6. Mühafizə zolağında tikilmiş tikililərin və çardaqların sxemindən və foto şəkillərindən görünür ki, Daşkəsən qolunun Qızılca-Bayan mənzilinin 26 km pk 10-da dəmir yolunun mühafizə zolağının 40 metr təşkil etdiyi halda, dəmir yolunun 3 metrliyində yüngül dəmir konstruksiyalı dəmir hasar dəmir yolu xəttindən 3 metr, mühafizə zolağından 15 metr məsafədə isə 5 ədəd tikinti inşa edilmişdir.

7. 2022-ci il ## ####### tarixli yerquruluşu planına əsasən, cavabdehin mülkiyyətində olan torpaq sahəsi fərdi yaşayış məqsədli olmaqla, bütövlükdə dəmir yolunun mühafizə zolağında yerləşir.

8. 2022-ci il ## ####### tarixli mütəxəssis rəyinə əsasən, mübahisəli əraziyə baxış zamanı cavabdehin faktiki istifadə etdiyi 0,255 ha torpaq sahəsinin yalnız 0,06 ha hissəsinin onun xüsusi mülkiyyətində olduğu, qalan 0,115 ha hissəsinin bələdiyyə, 0,08 ha hissəsinin isə bələdiyyə və dövlətin birgə mülkiyyətində olduğu müəyyən edilmişdir. “xxxx” QSC-nin təqdim etdiyi məlumata əsasən mühafizə zonasının eni 40 metr təşkil etdiyindən, cavabdehin həm mülkiyyətində olan, həm də faktiki istifadə etdiyi torpaq sahəsi və üzərində yerləşən tikili və qurğuların bütövlükdə həmin mühafizə zonasında yerləşdiyi müəyyən olunmuşdur. Rəyə əsasən, cavabdeh tərəfindən inşa edilmiş tikililər fərdi yaşayış evi, hamam və mətbəx kimi istifadə olunur və birbaşa dəmir yolu xəttinin üzərində yerləşməsə də, onların dəmir yolunun istismarına mane olubolmaması məsələsinin qiymətləndirilməsi mütəxəssisin səlahiyyətinə aid deyildir.

9. 2023-cü il # ### tarixli məktuba əsasən, “xxxx” QSC-nin balansında olan Daşkəsən qolunun Qızılca-Bayan-Quşçu körpüsü sahəsində dağlıq relyef və iqlim şəraiti səbəbindən dəmir yolu infrastrukturu yararsız hala düşdüyündən, 2016-cı ildən həmin sahədə qatarların hərəkəti dayandırılmışdır. Bununla belə, dəmir yolu xəttinin gələcəkdə təmir edilərək yenidən istifadəyə verilməsi nəzərdə tutulur. Eyni zamanda qeyd edilmişdir ki, əhalinin və infrastrukturun təhlükəsizliyinin təmin olunması məqsədilə dəmir yolu ətrafında xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılır və bu zonalarda yalnız dəmir yolunun dayanıqlığını təmin edən işlərə icazə verilir, digər təsərrüfat fəaliyyətləri isə qadağandır.

10. “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 2023-cü il ## ######## tarixli **-*-**/*-***/**** nömrəli arayışa əsasən, cavabdeh tərəfindən qanunsuz tikinti aparılan ərazi dəmir yolunun Daşkəsən qolunun Qızılca-Bayan-Quşçu körpüsü sahəsinin 26 km pk 10-da yerləşir və mühafizə (təhkim) zolağına daxildir. Nazirlər Kabinetinin 2005-ci il ## ###### tarixli ** nömrəli qərarına uyğun olaraq həmin ərazidə mühafizə zolağının eni sağ tərəfdə 40 metr, sol tərəfdə isə 10 metr müəyyən edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, cavabdehin inşa etdiyi tikililərdən biri ərazidə yerləşən və sel sularının Qoşqarçaya axıdılması üçün nəzərdə tutulmuş süni qurğunun (körpünün) qarşısını kəsməklə suyun axınına maneə yaradır.

11. 2024-cü il ## ###### tarixli mütəxəssis rəyinə əsasən, cavabdehin istifadəsində olan torpaq sahəsi və üzərindəki tikililərin dəmir yolu xəttinin konkret kilometr və piket üzrə yerləşməsi sxem təqdim olunmadığı və mütəxəssis tərəfindən dəqiq müəyyən edilmədiyi üçün dəqiqləşdirilməmişdir. Eyni zamanda iş materiallarında dəmir yolu mühafizə zonasını təsdiq edən rəsmi sənəd mövcud olmasa da, qərardadda bu məsafə 40 metr kimi qəbul edilmişdir. Bununla belə, müəyyən edilmişdir ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsindən kənarda inşa etdiyi və faktiki yaşayış üçün istifadə etdiyi 3 tikili qeyd olunan mühafizə zonasında yerləşir.

12. 2024-cü il ## #### tarixli mütəxəssis rəyinə əsasən, cavabdehin mülkiyyətində olan 0,06 ha torpaq sahəsindən kənarda inşa edilmiş və yaşayış məqsədilə istifadə olunan 3 tikilinin, həmçinin mətbəx, çardaqlar və köməkçi tikililərin əhəmiyyətli hissələrinin iş materiallarına əlavə edilmiş plana əsasən dəmir yolu mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Belə ki, yaşayış tikililərinin və digər qurğuların bir qismi tam, digər qismi isə qismən (müəyyən kvadratmetrlər üzrə) mülkiyyət sərhədlərindən kənarda yerləşərək mühafizə zonasına düşür. Bu hal cavabdehin faktiki istifadə etdiyi tikili və qurğuların əhəmiyyətli hissəsinin dəmir yolunun mühafizə zonasını əhatə etdiyini göstərir.

13. Azərbaycan Respublikası Daşkəsən rayon Icra Hakimiyyəti Başçısının Bayan kənd Inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 2025-ci il ## #### tarixli arayışa əsasən, Gəncə-Daşkəsən istiqamətində yükdaşıma üçün nəzərdə tutulan dəmir yolunun Qızılca-Bayan-Quşçu stansiyası 2016-cı ildən fəaliyyətini dayandırmış, yükləmə məntəqəsi sökülmüş və dəmir yolu xətti yararsız vəziyyətdə olduğundan işlək vəziyyətdə deyil.

14. “xxxx” QSC tərəfindən verilmiş 2025-ci il # #### tarixli arayışa əsasən, mübahisəli ərazi Daşkəsən qolunun Qızılca-Bayan-Quşçu körpüsü sahəsinin 26 km pk 10-da yerləşir və Nazirlər Kabinetinin 2005-ci il ## ###### tarixli ** nömrəli qərarına uyğun olaraq mühafizə zolağının eni sağ tərəfdə 40 metr, sol tərəfdə isə 10 metr təşkil edir. Eyni zamanda qeyd edilmişdir ki, dəmir yolu xəttinin 21-ci km-dək olan hissəsi istismar olunur, Qızılca stansiyasından sonrakı hissə isə 2023-cü ildən istifadə edilməsə də istismara yararlı vəziyyətdədir və sökülməsi nəzərdə tutulmamışdır. Bu hissənin gələcəkdə yük və sərnişin daşımaları üçün istifadə olunması mümkün hesab edilir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

15. Iddiaçı “xxxx” QSC (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 Daşkəsən qolunun Qırıxlı-Bayan mənzilinin 26 km pk 10-da dəmir yolu oxundan 15 metr məsafədə mühafizə zonasında inşa edilmiş qanunsuz tikililər 5 ədəd tikili, 4 ədəd çardaq və 3 metr məsafədə quraşdırılmış metal konstruksiyalı çəpərin cavabdehin hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılması və ödənilmiş 10 manat dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçının balansında olan X1 ərazisinə baxış keçirilərkən, dəmir yolu xəttinin Daşkəsən qolunun Qırıxlı-Bayan mənzilinin 26 km pk 10-da cavabdeh tərəfindən dəmir yolunun mühafizə zonasında torpaq sahəsinin zəbt edilərək qanunsuz tikinti işlərinin aparılması aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, həmin ərazidə dəmir yolunun mühafizə zonasının eni 40 metr təşkil edir və 15 metr məsafədə ayrı-ayrılıqda 5 ədəd tikili inşa edilmiş, 4 ədəd çardaq quraşdırılmış və dəmir yolundan 3 metr məsafədə isə metal konstruksiyalı çəpərləmə işləri aparılmışdır. Bununla bağlı iddiaçının aidiyyəti işçilərinin iştirakı ilə 2021-ci il ## ###### tarixdə akt tərtib olunmuş, tikinti işlərinin təxirə salınmadan dayandırılması və qanunsuz tikilinin sökülməsi üçün cavabdehə xəbərdarlıq edilmiş, ona dəmir yolunun mühafizə zonasında tikinti işlərinin aparılmasının qanunvericiliklə qadağan olunması izah edilmişdir. Buna baxmayaraq, həmin qanunsuz tikililər cavabdeh tərəfindən könüllü şəkildə sökülməmiş və tikinti işləri davam etdirilməkdədir.

17. Daşkəsən Rayon Məhkəməsinin 2021-ci il # #### tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmiş, həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2023-cü il ## ###### tarixli **/*** nömrəli ekspert rəyinə əsasən, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinin * saylı Gəncə Ərazi Idarəsinin mütəxəssisləri tərəfindən elektron bazasında araşdırılmış və mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunmuşdur: Mübahisəli əraziyə baxış keçirilərkən, cavabdehin faktiki istifadə sahəsi olaraq təqdim etdiyi 0,255 ha (25 sot 50 kv.m) torpaq sahəsinin, 0,06 ha hissəsi RX seriyalı ******* nömrəli Çıxarışa əsasən cavabdehin öz mülkiyyətində, 0,115 ha (11 sot 50 kv.m) hissə bələdiyyə, 0,08 ha (8 sot) isə bələdiyyə və dövlətin birgə mülkiyyətində olduğu müəyyən olundu. Qərardad materiallarında, iddiaçının verdiyi məlumata əsasən, dəmir yolunun mübahisəli ərazinin yaxınlığından keçən hissəsinin mühafizə zolağının 40,0 metr olduğu göstərilmişdir. Belə olan təqdirdə, cavabdehin mülkiyyətində və mülkiyyətindən əlavə faktiki istifadəsində olan torpaq sahəsi və üzərində mövcud olan tikili və qurğular bütünlüklə mühafizə zolağında yerləşir. Cavabdehə məxsus RX seriyalı ******* nömrəli çıxarışın texniki pasportunda göstərilən tikililərin, cavabdehin sözlərinə əsasən özü tərəfindən sökülmüşdür, RX seriyalı ******* nömrəli Çıxarışa əsasən cavabdehin mülkiyyətində olan 0.06 ha torpaq sahəsi və üzərində olan əlavə tikililər, qərardad materiallarında iddiaçı tərəfindən qeyd olunan 40,0 metr mühafizə zolağında yerləşir. Qərardad materiallarında qeyd olunan, iddiaçının təyin etdiyi 40 metr mühafizə zolağında yerləşən tikililərdən, ekspertiza baxışı zamanı cavabdehin bildirdiyinə əsasən 3 ədədi fərdi yaşayış evi, 1 ədədi hamam və 1 ədədi isə mətbəx məqsədi ilə istifadə edilir. Cavabdeh tərəfindən inşa edilmiş tikililər, dəmir yolunun üzərində inşa edilməmişdir. Lakin həmin tikililərin dəmir yolundan istifadə edilməsinə hər hansı mane və ya məhdudiyyət yaratması barədə münasibət bildirilməsi səlahiyyətlərində deyildir. Cavabdehin faktiki istifadə sahəsi olaraq təqdim etdiyi 0,255 ha (25 sot 50 kv.m) torpaq sahəsinin 0,06 ha hissəsi RX seriyalı ******* nömrəli çıxarışa əsasən cavabdehin öz mülkiyyətində 0,115 ha (11 sot 50 kv.m) hissəsi bələdiyyə, 0,08 ha (8 sot) isə bələdiyyə və dövlətin birgə mülkiyyətində olmaqla dəmir yollarının balansında olan torpaq sahəsidir.

19. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2024-cü il # ##### tarixli 3- 16 **/*-**/*** nömrəli ekspert rəyinə əsasən, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Gəncə Ərazi Idarəsi tərəfindən 2024cü il ## ###### tarixli *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, cavabdehin mülkiyyətində və istifadəsində olan torpaq sahəsinin və onun üzərində inşa edilmiş tikililərin dəmir yolu xəttinin Daşkəsən qolunun Qırıqlı-Bayan mənzilinin neçənci kilometrinin, neçənci piketində yerləşdiyinə dair mütəxəssis rəyinə hər-hansı bir sxem əlavə olunmadığı və eləcədə mütəxəssis tərəfindən cavablandırılmadığından cavabdehin istifadəsində olan torpaq sahəsinin və onun üzərində inşa edilmiş tikililərin dəmir yolu xəttinin Daşkəsən qolunun Qırıqlı-Bayan mənzilinin neçənci kilometrinin, neçənci piketində yerləşdiyinin müəyyən edilməsi mümkün olmamışdır. Sözügedən ərazidən keçən dəmir yolu xəttinin mühafizə zonası barədə, daxil olmuş mülki iş materiallarında, iddiaçı tərəfindən təsdiqlənmiş rəsmi sənəd mövcud deyildir. Lakin kommersiya işinin qərardadının “Müəyyən etdi” hissəsində dəmir yolu xəttinin mühafizə zonasının 40.0 metr olduğu qeyd olunmuşdur. Belə olan təqdirdə, RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh, xüsusi mülkiyyətində olan torpaq sahəsindən kənarda inşa etdiyi və onun öz sözlərinə əsasən 3 ədəd fərdi yaşayış evi olaraq faktiki istifadə etdiyi tikililərin, mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Tədqiqatın dəyəri 100 manat təşkil etmişdir.

20. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2025-ci il ## ##### tarixli 3- 16 **/*-**/****/**** nömrəli ekspert rəyinə əsasən, RX seriyalı ******* nömrəli çıxarışa və həmin Çıxarışın texniki pasportuna əsasən cavabdehin öz mülkiyyətində olan 0.06 ha (600 kv.m) torpaq sahəsindən kənarda inşa etdiyi və öz sözlərinə əsasən fərdi yaşayış evi kimi istifadə etdiyi 3 tikilidən hər biri 38.0 kv.m olmaqla, birinci tikilinin yerləşdiyi 38.0 kv.m, ikinci tikilinin yerləşdiyi 38.0 kv.m sahənin 30.0 kv.m hissəsi, iş materiallarına əlavə edilmiş, mühafizə zonasına dair tərtib olunmuş plana istinadən dəmir yolu xətinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Mətbəx kimi istifadə etdiyi 89.0 kv.m tikilinin yerləşdiyi sahənin, mülkiyyətində olan torpaq sahəsindən kənarda yerləşən 14.0 kv.m hissəsi, iş materiallarına əlavə edilmiş, mühafizə zonasına dair tərtib olunmuş plana istinadən dəmir yolu xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən quraşdırılmış 4 ədəd çardaqdan birinci çardaq 28.0 kv.m, ikinci çardaq 24.0 kv.m, üçüncü çardaq 22.0 kv.m olmaqla, üçü RX seriyalı ******* nömrəli Çıxarışa əsasən 0.06 ha(600 kv.m) torpaq sahəsindən kənarda yerləşməklə, iş materiallarına əlavə edilmiş, mühafizə zonasına dair tərtib olunmuş plana istinadən dəmir yolu xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən olunmuşdur. 1 ədəd yeni dördüncü çardaq isə 22.0 kv.m olmaqla 17.0 kv.m hissəsi, RX seriyalı ******* nömrəli Çıxarışa əsasən 0.06 ha (600.0 kv.m) torpaq sahəsindən kənarda yerləşməklə, iş materiallarına əlavə edilmiş, mühafizə zonasına dair tərtib olunmuş plana istinadən dəmir yolu xəttinin mühafizə zonasında yerləşir. Cavabdeh tərəfindən inşa edilmiş 3 ədəd köməkçi tikili olmaqla birinci 26.0 kv.m, ikinci 38.0 kv.m və üçüncü isə 65.0 kv.m olmaqla, birinci 26.0 kv.m tikilinin 14.0 kv.m hissəsi, ikinci 38.0 kv.m tikilinin 9.0 kv.m hissəsi, RX seriyalı ******* nömrəli Çıxarışa əsasən 0.06 ha (600 kv.m) torpaq sahəsindən kənarda yerləşməklə iş materiallarına əlavə edilmiş, mühafizə zonasına dair tərtib olunmuş plana istinadən dəmir yolu xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir.

21. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il ## ### tarixli *(***)-**/**** nömrəli qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Daşkəsən Rayon Məhkəməsinin 2021-ci il # #### tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi, işə baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

22. Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli, *-*(***)-*/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – R.Məmmədov).

23. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehə məxsus 0,06 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq ona bu barədə çıxarış verilmişdir. Cavabdeh tərəfindən 2010-cu ildən mülkiyyətində olan torpaq sahəsində müvafiq qaydada tikinti işləri aparılmış və tikililərin eskiz layihə sənədləri icra hakimiyyətinin baş memarı tərəfindən təsdiq olunaraq hazırlanmaqla bir mərtəbəli fərdi yaşayış evi və digər yardımçı tikililər inşa edilmişdir. Cavabdehin mülkiyyətində olan torpaq sahəsi, onun üzərində yerləşən tikililər və onunla əlaqəli digər tikililərin bir hissəsi faktiki olaraq dəmir yolunun mühafizə zonasında yerləşir.

24. Bununla yanaşı məhkəmə tərəflərin izahatları və iş materiallarında olan video görüntü və fotoşəkillərə baxış keçirilən zaman müəyyən etmişdir ki, dəmir yolu xətti istifadəyə yararsız vəziyyətdədir və hazırda dəmir yolu xətti fəaliyyət göstərmir. Belə olan vəziyyətdə cavabdehin tikililəri dəmir yolu xəttinə heç bir təhlükə yaratmır.

25. Məhkəmə hesab etmişdir ki, nə qədər ki, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir və tikililər hazırda istifadəyə yararsız dəmir yoluna təhlükə yaratmır, belə vəziyyətdə tikililərin sökülməsi tələbinə dair iddia təmin edilə bilməz.

26. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ və II hissələrinə, 29-cu maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 139.1, 139.3, 140, 152.1, 152.5, 178.1 və 180-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14, 77-ci maddələrinə istinadla əsaslandırmışdır.

27. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir.

b)Apellyasiya instansiya məhkəməsindəki icraat

28. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ###### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi tam ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilərək, X1 Daşkəsən qolunun Qırıxlı-Bayan mənzilinin 26 km pk 10-da dəmir yolu oxundan 15 metr məsafədə cavabdehin ## ##### 2010-cu il tarixli, ********** qeydiyyat nömrəli, 506013000959-***** reyestr nömrəli, MA Seriyalı ******* nömrəli çıxarışla mülkiyyətində olan 0,06 ha torpaq sahəsində inşa edilmiş tikililər istisna olmaqla mühafizə zonasında inşa edilmiş bütün tikililər cavabdehin hesabına sökülərək dəmir yolunun mühafizə zonasından çıxarılması qət edilmiş, iddia qalan hissədə rədd olunmuşdur (sədrlik edən hakim – R.Məcidov, hakimlər – G.Cavadova, Ş.Rzaquliyev).

29. Məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2005-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonası torpaqlarından istifadə olunması Qaydaları”nın 2, 3, 6 və 15-ci bəndlərinə istinadən qeyd etmişdir ki, mülkiyyətçinin əmlakdan istifadə hüququ məhdudiyyətsiz deyildir və bu hüquq yalnız qanunla müəyyən edilmiş sərhədlər daxilində, üçüncü şəxslərin və ictimai maraqların qorunması təmin edilməklə həyata keçirilə bilər. Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlar və onların xüsusi mühafizə zonaları təhlükəsizlik, mühəndis dayanıqlığı və ictimai maraqlar baxımından xüsusi hüquqi rejimli ərazilərdir, bu zonalarda özbaşına tikinti aparılması qanunvericiliklə qadağan edilmiş və belə tikintilər hüquqi baxımdan mülkiyyət hüququnun predmetini təşkil etmir.

30. Yuxarıda göstərilən bütün normativ aktların sistemli təhlili onu göstərir ki, mülkiyyətçinin əmlakdan istifadə hüququ məhdudiyyətsiz deyildir və bu hüquq yalnız qanunla müəyyən edilmiş sərhədlər daxilində, üçüncü şəxslərin və ictimai maraqların qorunması təmin edilməklə həyata keçirilə bilər. Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlar və onların xüsusi mühafizə zonaları təhlükəsizlik, mühəndis dayanıqlığı və ictimai maraqlar baxımından xüsusi hüquqi rejimli ərazilərdir, bu zonalarda özbaşına tikinti aparılması qanunvericiliklə qadağan edilmiş və belə tikintilər hüquqi baxımdan mülkiyyət hüququnun predmetini təşkil etmir.

31. Məhkəmə iş üzrə toplanmış sübutları, tərəflərin izahatlarını, yazılı sənədləri, reyestr çıxarışlarını, kadastr planlarını, ekspert rəylərini, foto-video materialları və iddiaçı tərəfindən təqdim edilmiş rəsmi arayış və aktları hərtərəfli araşdıraraq göstərmişdir ki, cavabdehin mülkiyyətində olan 0,06 hektar həyətyanı torpaq sahəsinə dair 2010-cu il ## ##### tarixli, 506013000959-***** reyestr nömrəli, MA seriyalı ******* saylı çıxarış mövcud olmuş və həmin çıxarışda yalnız 15,1 kv.m sahəsi olan 1 otaqlı yaşayış evi və 5,9 kv.m sahəsi olan əl damı göstərilmişdir, başqa tikililər barədə hər hansı hüquqi göstərici və ya müvafiq icazə mövcud olmamışdır.

32. Məhkəmə iş materiallarında olan 2022-ci il ## #######, 2023-cü il ## ######, 2024-cü il # ##### və 2025-ci il ## ##### tarixli ekspert rəyləri, kadastr məlumatları, fotoşəkillər və baxış aktları ilə müəyyən etmişdir ki, cavabdeh öz mülkiyyət sahəsinin sərhədlərini aşaraq ərazidə çoxsaylı tikililər inşa etmiş, həmin tikililərin əhəmiyyətli hissəsi çıxarışda müəyyən edilmiş sərhədlərdən kənarda yerləşmiş, xüsusilə də dəmir yolunun mövcud olan 40 metr mühafizə zolağına daxil olmuşdur. Aparılmış ölçmələr nəticəsində təsbit edilmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş üç ədəd 38 kv.m-lik tikilidən ikisi tam, biri qismən sərhəddən kənarda yerləşmiş, 89 kv.m sahəsi olan mətbəx tipli tikilinin 14 kv.m hissəsi, dörd çardaqdan üçü tam, biri qismən mühafizə zonasına düşmüş, həmçinin 26 kv.m, 38 kv.m və 65 kv.m-lik əlavə tikililərdə də sərhəddən kənara çıxma faktları aydın şəkildə müəyyən edilmişdir.

33. Həmçinin cavabdeh tərəfindən dəmir yolundan cəmi 3 metr məsafədə metal konstruksiyalı hasar quraşdırıldığı təsdiqlənmişdir ki, bu, mühafizə zonasında tikinti qadağalarını birbaşa pozur.

34. Eyni zamanda, iddiaçı tərəfindən təqdim edilmiş 2021-ci il ## ###### tarixli baxış aktında, 2020-ci il ## ###### tarixli məktubda, eləcə də 2023-cü il ## ######## və 2025-ci il # #### tarixli arayışlarda cavabdeh tərəfindən mühafizə zolağının qanunsuz şəkildə zəbt edildiyi, dəmir yolu xəttinin 26-cı kilometrinin 10-cu piketində yerləşən 8,7 metrlik suötürücü körpünün önünün qismən bağlandığı, tikililərin sel sularının təbii axınına maneə yaratdığı və körpünün təhlükəsiz istismarına real təhlükə formalaşdırdığı xüsusi qeyd edilmişdir. Həmin arayışlarda həmçinin bildirilmişdir ki, yolun gələcəkdə bərpa edilməsi və yenidən istismara qaytarılması planlaşdırılır və cavabdehin mühafizə zonasında yerləşdirdiyi tikililər bu prosesə bilavasitə mane olur.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə dəmir yollarının mühafizə zonalarının hüquqi rejimi müəyyən edilmiş və mübahisə predmeti olan sahə üzrə mühafizə zolağının eni 40 metr olaraq təsbit edilmişdir. Qeyd olunan Qərarın müddəalarından aydın şəkildə görünür ki, mühafizə zolağında istənilən tikinti və qurğu yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş layihə və xüsusi icazə əsasında aparıla bilər, əks halda belə müdaxilələr dəmir yolunun istismarını, mühəndis qurğularının təhlükəsiz fəaliyyətini və gələcək bərpa işlərini pozduğundan qadağandır.

36. Məhkəmə bildirmişdir ki, mühafizə zonasının hüquqi rejimi obyektin faktiki fəaliyyət göstərib göstərməməsindən asılı olmayıb müstəsna təhlükəsizlik məqsədi daşıdığından, birinci instansiya məhkəməsinin “yolun hal-hazırda istifadə olunmaması” arqumenti hüquqi əhəmiyyət kəsb etmir və normativ tələblərə uyğun deyildir.

37. Həmçinin məhkəmə qeyd etmişdir ki, toplanmış sübutların məcmusu xüsusilə kadastr ölçmələri, mütəxəssis və ekspert rəyləri, rəsmi arayışlar və foto-video materialları cavabdehin tikililərinin torpaq sərhədlərini aşmaqla mühafizə zonasına düşdüyünü, mühafizə rejiminin pozulması nəticəsində dəmir yolunun təhlükəsizliyinə və mühəndis qurğularının funksional dayanıqlığına zərər vurduğunu, habelə sel sularının ötürülməsinə mane olmaqla fövqəladə təhlükə riski yaratdığını açıq şəkildə təsdiqləyir. Bu səbəbdən tikililərin saxlanılması mümkün deyil və tikililərin sökülməsi qanunvericiliyin tələblərindən irəli gələn yeganə hüquqi nəticədir.

38. Məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş tikililər mühafizə zonasının hüquqi rejimini pozmaqla qanunsuz və icazəsiz aparılmış özbaşına tikinti xarakteri daşıyır, dəmir yolu xəttinin mövcud mühəndis qurğularının təhlükəsiz fəaliyyətini, gələcək bərpa işlərini və ictimai təhlükəsizliyi ciddi şəkildə riskə atır və bu səbəbdən də həmin tikililərin sökülməsi həm hüquqi, həm texniki, həm də təhlükəsizlik baxımından qaçılmaz və zəruri tədbirdir.

39. Bununla paralel məhkəmə bildirmişdir ki, 2023-cü il ## ###### tarixli **/*** nömrəli ekspert rəyi ilə, RX seriyalı ******* nömrəli çıxarışa əsasən cavabdehin mülkiyyətində olan 0.06 ha torpaq sahəsi və üzərində olan əlavə tikililər, iddiaçı tərəfindən qeyd olunan 40,0 metr mühafizə zolağında yerləşməsi müəyyən olunmuşdur. Ekspert rəyində bu hal dəqiq koordinatlar əsasında təsbit olunmuş və cavabdehə məxsus torpaq sahəsinin sərhədlərinin dəmir yoluna yaxın məsafədə yerləşməsi faktiki olaraq təsdiqlənmişdir.

40. Məhkəmə qeyd etmişdir ki, MM-in 140-cı maddəsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci və 16.6-cı maddələrində təsbit olunmuş dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası baxımından, reyestrin məzmununda qeyri-dəqiqlik sübuta yetirilməyincə və ya reyestr qeydi etibarsız sayılmayınca, həmin qeyd hüquqi baxımdan həqiqi hesab edilməlidir. Məhz buna görə də cavabdehin mülkiyyət hüququna dair reyestr çıxarışının ləğvi həyata keçirilmədiyindən, torpaq sahəsinin mühafizə zonası daxilində yerləşən hissələri üzrə mülkiyyət hüququ qüvvədə qalmaqda davam edir və bu hissələr üzrə mülkiyyət hüququnun mövcudluğu faktı məhkəmə tərəfindən də nəzərə alınmalıdır.

41. Bu baxımdan məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsinin xüsusi mühafizə zonasının hüdudları daxilinə düşsə də, hazırki vəziyyətdə reyestr qeydiyyatının ləğvi və ya etibarsızlığı faktı müəyyən edilmədiyindən və dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası baxımından, həmin mühafizə zonasında düşən cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşən tikililərin sökülməsi və ya həmin torpaq sahəsində hər hansı hüquqi qadağaların qoyulmasının hüquqi əsası yoxdur.

42. Bununla belə, həmin torpaq sahəsinin sərhədlərindən kənarda və mühafizə zonasının daxilində yerləşdirilmiş sonradan inşa edilmiş tikililər özbaşına tikinti hesab olunduğundan və dəmir yol nəqliyyatı obyektlərinə real təhlükə yaratdığından qanunla nəzərdə tutulmuş qaydada sökülməlidir.

43. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, iddiaçının hazırkı iddianın irəli sürülməsi üçün subyektiv hüququ mövcuddur.

44. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisəli ərazidən dəmir yolu xətti keçir və Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarına əsasən hər bir ərazi üzrə dəmir yolunun mühafizə zolağı müəyyən edilmişdir.

45. Mühafizə zolağının müəyyən edilməsinin məqsədləri və təyinatı isə yuxarıda məhkəmə tərəfindən qanunvericiliyə əsasən şərh edilmişdir ki, dəmir yollarının mühafizə zolaqlarında qanunvericiliklə müəyyən edilmiş işlərin görülməsinə isə iddiaçı cavabdehdir.

46. Eyni zamanda məhkəmə vurğulamışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması” Qaydalarının 23-cü bəndinə əsasən, iddiaçı və Daxili Işlər Nazirliyi dəmir yolunun xüsusi mühafizə zonası, təhkim zolağı və sanitariya mühafizə zonası hüdudlarında torpaq sahələrindən istifadə edən şəxslər tərəfindən torpaqdan istifadə qaydalarına riayət olunmasına nəzarət edir, bu zonalarda qanunsuz tikililərin yerləşdirilməsinin qarşısını alırlar.

47. Göründüyü kimi mühafizə zonalarında qanunsuz tikililərin yerləşdirilməsinin qarşısının alınması iddiaçının vəzifəsidir ki, qanunsuz tikililərin mühafizə zonalarından sökülməklə çıxarılması hüququ eyni zamanda iddiaçıya da məxsusdur.

48. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60, 125-ci maddələrinə, MM-in 139.1, 139.3, 140, 144.1, 146.2, 152.1, 152.5, 178.1, 180.1-ci maddələrinə, Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 9, 22, 84.1, 111.1, 111.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 2, 3, 5, 6, 15-ci bəndlərinə, MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

49. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini, bu mümkün olmadıqda isə həmin qətnamənin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri:

50. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi üzrə - iddiaçı xxxx QSC tərəfindən qaldırılmış iddia əvvəlcə Daşkəsən Rayon Məhkəməsində rədd edilmiş, lakin sonradan apellyasiya qaydasında baxılaraq iş aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Həmin məhkəmədə dəfələrlə ekspertiza təyin edilsə də, rəy və mütəxəssis nəticələrinin natamam olmasına baxmayaraq iddiaçı tikililərin sökülməsi tələbində israrlı olmuşdur. Şikayətdə həmçinin qeyd olunur ki, mübahisəli dəmir yolu xətti faktiki olaraq uzun illərdir fəaliyyət göstərmir, istismara yararsız vəziyyətdədir və bu hal fotoşəkillər, video görüntülər, habelə bələdiyyə və icra nümayəndələrinin arayışları ilə sübuta yetirilmişdir. Eyni zamanda, həmin xəttə xidmət edən stansiya və filizayırma kombinatının fəaliyyəti dayandırıldığından, dəmir yolunun artıq hüquqi və praktiki əhəmiyyəti qalmamış, bu səbəbdən də tikililərin sökülməsi tələbi əsassız hesab edilmişdir.

51. MM-in 157.1-ci maddəsi üzrə - iddia üzrə yanaşma fərdi xarakter daşıyaraq obyektiv hüquqi əsaslara deyil, subyektiv mülahizələrə əsaslanmışdır. Gəncə Apellyasiya Məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmadan, maddi hüquq normalarını düzgün tətbiq etmədən və iddiaçının subyektiv hüququnun mövcudluğunu müəyyən etmədən birinci instansiya məhkəməsinin qanuni qətnaməsini ləğv edərək iddianı təmin etmişdir. Şikayətdə həmçinin göstərilir ki, qəbul edilmiş qətnamə cavabdehin mülkiyyət hüquqlarını pozur və bu səbəbdən qanunsuz hesab edilir.

52. MM-in 152.1-ci maddəsi üzrə - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə istinad edən kassasiya şikayətində qeyd olunur ki, Gəncə Apellyasiya Məhkəməsinin ilkin iclasında hakim tərəfindən iddiaçı xxxx QSC-nin belə iddia qaldırmaq üçün subyektiv hüququnun olmadığı, bu səlahiyyətin əslində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə aid olduğu bildirilsə də, sonrakı iclasda məhkəmə tərkibi dəyişdirilərək bu məsələyə hüquqi qiymət verilməmişdir. Şikayətdə göstərilir ki, məhkəmə işin faktiki hallarını və təqdim edilmiş sübutları araşdırmadan, verilmiş vəsatətləri müzakirə etmədən və mülkiyyət hüquqlarını nəzərə almadan apellyasiya şikayətini təmin etmişdir. Eyni zamanda qeyd olunur ki, mübahisəli dəmir yolu xətti tikililərdən müəyyən məsafədə yerləşir və onlara real təhlükə yaratmır, üstəlik ətraf ərazilərdə analoji vəziyyətdə olan digər tikililərə münasibətdə heç bir tədbir görülməmişdir. Bu səbəbdən, iddianın yalnız cavabdehə qarşı yönəldilməsi qərəzli və fərdi yanaşma kimi qiymətləndirilmiş, qəbul edilmiş qətnamənin cavabdehin mülkiyyət hüquqlarını pozduğu bildirilmişdir.

53. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi üzrə - Şikayətdə qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsinin bu qərarı ilə razılaşmaq mümkün deyil və həmin məhkəmə aktı hüquq və qanunauyğunluq tələblərinə cavab vermir. Bu səbəbdən, göstərilən əsaslara görə apellyasiya qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsi üçün kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətində qeyd olunur ki, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən çəkişmə və ədalətli məhkəmə araşdırması prinsiplərinin tələblərinə əməl edilməmiş, konstitusion və imperativ maddi hüquq normaları kobud şəkildə pozulmuşdur. Cavabdeh hesab edir ki, iddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ və səlahiyyəti mövcud olmamışdır. Eyni zamanda bildirilir ki, faktiki fəaliyyət göstərməyən və formal xarakter daşıyan dəmir yolu xətti əsas götürülərək cavabdehə məxsus əmlakın sökülməsinin tələb edilməsi obyektiv hüquqi zərurətdən deyil, fərdi yanaşmadan və qərəzli münasibətdən irəli gəlir.

54. MPM-in 88, 389-cu maddələri üzrə - Gəncə Apellyasiya Məhkəməsi iş üzrə sübutları obyektiv, hərtərəfli və qərəzsiz qiymətləndirməmiş, onlara şəxsi mülahizələr əsasında yanaşaraq birinci instansiya məhkəməsinin əsaslı qətnaməsini ləğv etmişdir. Cavabdeh hesab edir ki, iddiaçının tələblərinin hüquqi əsaslılığı məhkəmə tərəfindən ümumiyyətlə əsaslandırılmamış, sübutlara lazımi hüquqi qiymət verilməmişdir. Eyni zamanda göstərilir ki, məhkəmə prosessual qaydalara riayət etməyərək işi faktiki olaraq bir iclasla yekunlaşdırmış, təqdim olunmuş vəsatətləri, o cümlədən subyektiv hüquq və ekspertiza ilə bağlı məsələləri müzakirə etməmişdir. Həmçinin iddiaçının belə iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmaması məsələsinə ümumiyyətlə hüquqi qiymət verilməmiş, bu hal isə kobud prosessual pozuntu kimi qiymətləndirilmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

55. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

56. Iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

57. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

58. Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 13. Mülkiyyət 13.1.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 13.2.Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 13.3.Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları,cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.”

“Maddə 29. Mülkiyyət hüququ ... III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. ...”

“Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. ...”

“Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi ... VII. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

59. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. ... 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.”

“Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.”

“Maddə 144. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. ...”

“Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi ... 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. ...”

“Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. ... 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (2015-ci il ## ######## tarixli ****-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 152.5-ci maddəsində “qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə” sözləri “qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla” sözləri ilə əvəz edilmişdir). ...”

“Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir (2017-ci il ## ###### tarixli ***-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 178.1-ci maddənin birinci cümləsində “mülkiyyət hüququ” sözlərindən sonra “qanunla müəyyənləşdirilmiş əsaslarla” sözləri əlavə edilmişdir). ...”

“Maddə 180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. ...”

60. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkib ... 9.2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. ...”

“Maddə 22. Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar 22.1. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. 22.2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. ...”

“Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. ...”

“Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. ...”

61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ###### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

63. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və ilkin olaraq bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından, həmçinin məhkəməyə bildirdiyi faktiki halların müvafiq maddi hüquq normasının nizamlama təsirinin dairəsinə düşüb-düşməməsinin yoxlanılması və qiymətləndirilməsindən ibarətdir. Hazırki iş üzrə irəli sürülmüş iddia tələbinin təmin olunan hissədə qanuni əsası apellyasiya instansiyası məhkəməsində işin faktiki halları və sübutlar əsasında müəyyən edilmiş, faktiki hallar qanunvericiliyin müvafiq normalarındakı qaydalarla uzlaşmış, habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmamışdır.

64. Məhkəmə kollegiyası bildirir ki, kassasiya şikayətində istinad olunan hallara dair mötəbər sübutlar aşağı instansiya məhkəmələrinə təqdim olunmamış, iddiaçı isə istinad etdiyi hallara dair müvafiq sübutları təqdim etmişdir. Belə vəziyyətdə əksini sübutetmə vəzifəsi cavabdehin üzərində olmuş, sonuncu isə şikayətində göstərdiyi məsələlər üzrə mötəbər sübutlarını təqdim edə bilməmişdir.

65. MPM-in 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız MPM-in 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

66. Digər tərəfdən, kassasiya şikayətinin dəlilləri əsassız olmaqla yanaşı, əsasən məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır. MPM-in 385-ci maddəsinin tələbinə görə belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi işə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.

67. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qətnaməsini mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət edilib-edilməməsi maraqlandırır, çünki kassasiya məhkəməsinin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən edilmiş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmiş olsun. Hazırkı halda mübahisələndirilən məhkəmə aktında kassasiya şikayətinin dəlilləri üzrə maddi və prosessual hüquq normalarının pozuntusunun aşkar edilməsi müəyyən olunmur.

68. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ###### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

69. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ###### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar