Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-142/2025 03.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Heydər Əliyev adına X23 cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Abiyeva Fidan Əfqan qızının katibliyi, İddiaçı Heydər Əliyev adına X23 nümayəndəsi Nümayəndə, Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi X13 iştirakları ilə İddiaçı Heydər Əliyev adına X23 cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı (Abşeron rayon İcra Hakimiyyəti və X16 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “çoxmərtəbəli yaşayış binasının özbaşına tikili hesab edilməsi və tikilinin sökülərək mühafizə zonasından çıxarılması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 22 iyul 2025-ci il tarixli, e-2-2(119)-775/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları
1. 25 sentyabr 2020-ci il tarixli arayışın məzmununa əsasən, Heydər Əliyev adına X20 10 saylı sahəyə (Güzdək) neft məhsulları nəql olunan Dş-500 mm. (dizel yanacağı) və Dş-300 mm. (reaktiv mühərrik yanacağı) neft boru kəmərləri 1993-cü ildə, “Azərikimya” İB-nin Etilen-Polietilen Zavoduna neft məhsulları nəql olunan Dş-200 mm. (quru qaz), Dş-250 mm. (nafta) neft boru kəmərləri isə 2011-ci ildə çəkilmiş və zavodun balansındadır. Arayışa neft borcu kəmərlərinin texniki parametrlərini əks etdirən cədvəl əlavə edilmişdir.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX, ******* nömrəli, 01 may 2015-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində 0,396 ha ehtiyyat fondu torpaq sahəsi X10 xüsusi mülkiyyətindədir.
3. Abşeron Rayon İcra Hakimiyyətinin Başçısının 08 iyun 2015-ci il tarixli 175 nömrəli sərəncamından görünür ki, Cavabdeh2 MMC-yə mülkiyyətində olan, Xırdalan şəhəri, Həsən Əliyev küçəsində yerləşən 1,0186 ha torpaq sahəsində 7 girişli, 15-16 mərtəbəli yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilmiş, tikiləcək çoxmərtəbəli yaşayış binasının layihə sənədlərinə X3 Baş idarəsindən müsbət rəy alınmasının təmin edilməsi, layihə-smeta sənədlərinin memarlıq və tikinti şöbəsi ilə razılaşdırılması, eskiz layihə-smeta sənədlərinin tam tərkibdə qeydiyyata alınmaq üçün memarlıq və tikinti şöbəsinə təqdim edilməsi, tikinti nəzərdə tutulan ərazinin rayonun müvafiq təşkilatları ilə razılaşdırılması, tikinti quraşdırma işlərinin Azərbaycan Respublikasının müvafiq qanunlarına və normativ sənədlərinə uyğun aparılması, layihə sənədlərinin mərhələsindən asılı olmayaraq, memarlıq fəaliyyəti ilə lisenziya əsasında məşğul olan hüquqi və ya fiziki şəxslər tərəfindən işlədilməsi, tikinti müddətində və gələcək istismar dövründə ərazinin sanitar vəziyyətinin normalara uyğunluğunu qoruyub saxlaması və tikinti-quraşdırma işləri başa çatdırıldıqdan sonra işçi layihə-smeta sənədlərinin İHB yanında tikintisi başa çatmış obyektlərin istismara qəbulu komissiyasına təqdim edilməsi sifarişçiyə tapşırılmışdır.
4. Heydər Əliyev adına X23 Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən tərtib edilərək imzalanmış 07 noyabr 2023-cü il tarixli aktın məzmununda qeyd edilmişdir ki, 07.11 2023-ci il tarixdə saat 12:50-də 19 saylı postun ərazisində keçirilən baxış (H.Əliyev adına NEZ-ə məxsus boru kəmərləri üzrə (saat 08:00-dan 20:00-a kimi) müşahidə) zamanı Abşeron rayonu, Xırdalan şəhəri, R.Bağırov küçəsində yerləşən NEZ-ə məxsus Dş-300 mm yer üstü nafta xəttinin 26.5 km-də xətdən təqribən 35 metr aralı məsafədə Cavabdeh2 MMC tərəfindən təqribən 27x18 metr ölçülərdə çoxmərtəbəli yaşayış binası üçün tikinti işlərinin aparılması aşkarlandı. Sözügedən ərazidə tikinti işlərini aparan “Fatimə B“ MMC-nin direktoru Cavabdeh1 aparılan tikinti işlərinin mühafizə ərazisinə düşdüyü üçün qanunazidd olduğu bildirilmiş və əlavə işlərin aparılmaması üçün şifahi xəbərdarlıq olunsa da, həmin şəxs ******* nömrəli çıxarışı və tikinti ilə bağlı digər sənədləri təqdim edərək aparılan işlərin qanuni olduğunu bildirərək tikinti işlərini dayandırmayacağını bildirmişdir. Tikinti ilə bağlı təqdim olunmuş çıxarış X8 adınadır. Faktla bağlı Tİ XTŞ-nin növbə rəisinə və NEZ-in (SDM-in) rəhbərliyinə məlumat verilmişdir. Bu barədə NEZ-in MP-nin rəis müavini Rəşid Nəcəfovla əlaqə saxlanılmış, onun verdiyi məlumata əsasən müvafiq sənədləşdirmə aparılaraq ərazini nəzarətdə saxlayacaqlar.
5. "xxxx" MMC-nin əməkdaşları tərəfindən tərtib edilərək imzalanmış 01 dekabr 2023-cü il tarixli 22/021 nömrəli akta əsasən, ünvan 1 ünvanına baxış keçirilərkən mühafizə zolağında 27x18 metr ölçüdə çoxmərtəbəli yaşayış binasının tikintisi aşkar olunmuşdur. Aktda, həmçinin qeyd edilmişdir ki, tikinti işləri “Fatimə B“ MMC tərəfindən aparılır və həmin ərazidən Dş-300 mm neft boru kəmərinə paralel Dş-250 mm neft boru kəməri keçir.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən təqdim edilmiş 19 oktyabr 2024-cü il tarixli 3-21-3- 32/2-15382/2024 nömrəli məktuba əlavə edilmiş mütəxəssis rəyində : “1. Heydər Əliyev adına X25 məxsus neft məhsulu nəql olunan Dş300 mm neft boru kəmərinin və Dş-300 mm neft boru kəmərinə paralel X25 məxsus DŞ-250 mm neft boru kəmərinin mühafizə zonasının 37-metrlə 42 metr artan məsafədən Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsində “Fatimə B" MMC tərəfindən tikilən 27x18 metr ölçüdə yarımçıq tikili mövcuddur.
2. Heydər Əliyev adına X25 məxsus neft məhsulu nəql olunan DŞ300 mm neft boru kəmərinin və Dş-300 mm neft boru kəmərinə paralel X25 məxsus Dş-250 mm neft boru kəmərinin mühafizə zonasının 37-metrlə 42 metr artan məsafədən Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsində Cavabdeh2 MMC tərəfindən tikilən 27x18 metr ölçüdə yarımçıq tikilinin 0.011 ha hissəsi **********55 reyestr nömrəli çıxarışla X2 üzrə mülkiyyətinə verilmiş torpaq sahəsindən kənarda yerləşir” qeyd edilmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş 23 dekabr 2024-cü il tarixli 10/9598 nömrəli ekspert rəyinin nəticə hissəsində “Qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 19 oktyabr 2024-cü il tarixli 3-21-3-32/2-15382/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Heydər Əliyev adına X25 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin və Dş-300 mm neft boru kəmərinə paralel X25 məxsus Dş-250 mm neft boru kəmərinin “Mühafizə Zonası’nın 37 metrlə 42 metr artan məsafədən Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsində Cavabdeh2 MMC tərəfindən tikilən 27x18 metr ölçüdə yarımçıq tikili mövcuddur. Qərardadın ikinci sualı üzrə: mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Heydər Əliyev adma X25 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin və Dş-300 mm neft boru kəmərinə paralel X25 məxsus Dş-250 mm neft boru kəmərinn mühafizə zonasının 37 metrlə 42 metr artan məsafədən Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsində Cavabdeh2 MMC tərəfindən tikilən 27x18 metr ölçüdə yarımçıq tikilinin 0.011 ha hissəsi **********55 reyestr nömrəli çıxarışla X2 üzrə mülkiyyətinə verilmiş torpaq sahəsindən kənarda yerləşir” qeyd edilmişdir.
8. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(012)-492/2023 nömrəli qərardadından görünür ki, ərizəçi Heydər Əliyev adına X23 müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilərək hazırkı işə mahiyyəti üzrə baxılıb qurtaranadək Heydər Əliyev adına X25 məxsus neft boru kəmərlərinin mühafizə zonasında yerləşən Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsində tikinti işlərinin aparılması Cavabdeh1 qadağan edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Heydər Əliyev adına X27 21 dekabr 2023-cü il tarixində cavabdeh X4 qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsində Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 tərəfindən 27x18 metr ölçüdə inşa edilmiş çoxmərtəbəli yaşayış binasının özbaşına (qanunsuz) tikili hesab edilməsi və tikilinin sökülərək mühafizə zonasından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin mühafizə zonasının 35 metrliyində, Abşeron rayonu Xırdalan şəhəri, Həsən Əliyev küçəsində Cavabdeh2 MMC tərəfindən 27x18 metr ölçüdə çoxmərtəbəli yaşayış binasının inşa olunması aşkar edilmişdir. Bundan başqa, həmin ərazidən iddiaçıya məxsus Dş-250 mm neft boru kəməri də keçir. Boru kəmərlərinin mühafizə zonasında hər hansı tikintinin aparılmasının qanunla yol verilməməsi həmin şirkətin direktoru Cavabdeh1 nəzərinə çatdırılmış, ondan tikintinin dayandırılması və sökülməsi tələb edilmişdir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 02 noyabr 2004cü il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”na əsasən ixrac neft boru kəmərlərinin marşrutu boyunca - boru kəmərinin oxunun hər tərəfindən 50 metrlik məsafə mühafizə zonasına aid edilir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı, insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər, digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneəçilik törədir.
11. İddiaçının nümayəndəsi iddia ərizəsində dəyişiklik edilməsi barədə 25 yanvar 2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin “cavabdeh” hissəsində “Cavabdeh1” sözlərinin “Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1” sözləri ilə əvəz edilməsini xahiş etmişdir.
12. Abşeron Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixində keçirilən məhkəmə iclasında Abşeron rayon İcra Hakimiyyətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır.
13. Abşeron Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli 2(102)-107/2025 nömrəli qərardadı ilə iddiaçı Heydər Əliyev adına X23 Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 qarşı (Abşeron Rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “inşa edilmiş çoxmərtəbəli yaşayış binasının özbaşına tikili hesab edilməsi və tikilinin sökülərək mühafizə zonasından çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işin baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
14. İddiaçının nümayəndəsi 26 may 2025-ci il tarixində Sumqayıt Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edərək X6 ilə yanaşı, Cavabdeh2 MMC-nin cavabdeh qismində işə cəlb edilməsini xahiş etmiş, məhkəmənin 30 iyun 2025-ci il tarixdə keçirilmiş iclasında X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır.
15. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, hazırkı iş üzrə əsl Cavabdeh2 MMC-dir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Cavabdeh1 Cavabdeh2 MMC-nin icra orqanının rəhbəridir.
16. Sumqayıt Kommersiya Məhkəməsinin 22 iyul 2025-ci il tarixli, 2-2(119)- 775/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri Həsən Əliyev küçəsində iddiaçı Heydər Əliyev adına X23 balansında olan və neft məhsulu nəql olunan Dş-300 mm-lik və ona paralel Dş-250 mm-lik neft boru kəmərlərindən 37 metrdən 42 metrədək artan məsafədə Cavabdeh2 tərəfindən inşa edilmiş 27x18 metr ölçülərdə yarımçıq tikilinin sökülməsi, Cavabdeh2ndən 100 (yüz) manat məbləğində dövlət rüsumunun, 95 (doxsan beş) manat məbləğində mütəxəssis rəyinin verilməsi ilə əlaqədar çəkilmiş xərclərin əvəzi olmaqla, cəmi 195 (yüz doxsan beş) manat məbləğində pul vəsaitinin iddiaçı Heydər Əliyev adına X23 xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
17. Cavabdeh2 MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və apellyasiya şikayətinə etirazın dəlilləri
18. Cavabdeh2 MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon İcra Hakimiyyətinin Başçısının 08 iyun 2015-ci il tarixli 175 nömrəli sərəncamından görünür ki, Cavabdeh2 MMC-yə mülkiyyətində olan, Xırdalan şəhəri, Həsən Əliyev küçəsində yerləşən 1,0186 ha torpaq sahəsində 7 girişli, 15-16 mərtəbəli yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX, ******* nömrəli, 01 may 2015-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində 0,396 ha ehtiyat fondu torpaq sahəsi X10 xüsusi mülkiyyətindədir. Məhkəmə tərəfindən bir tərəfli qaydada araşdırma aparılmış, qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (“Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150;“Skordino İtaliyaya qarşı” iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). Kommersiya işində məhkəmə yuxarıda sadalanan sübutları bir tərəfli qaydada ancaq iddiaçının xeyrinə şəhr edərək, qanunsuz olaraq Cavabdeh2 MMC-nin həmin torpaq sahəsinə sahiblik, istifadə və sərəncam vermək barədə sübutların məhkəməyə təqdim edilməsi üçün şərait yaradılmamış, məhkəmə onun sübutlarını nəzərə almayaraq işə birtərəfli qaydada baxmış, əsassız iddiadan müdafiə olunmaq hüququnu müəyyənləşdirərək hər hansı bir araşdırma aparmadan Cavabdeh2 MMC-yə qarşı irəli sürülmüş iddianı qismən təmin etmişdir. Məhkəmə bir tərəfli qaydada ekspertizası keçirərək iddianın qismən təmin edilməsi barədə qərar qəbul etmişdir. Hazırki iş üzrə iddiaçının hərəkətləri nəticəsində cavabdehin həmin tikintini aparmağa səlahiyyətli olması tam təsdiq olıunduğu halda, birinci instansiya məhkəməsi yuxarıda göstərilən maddi hüquq normalarının tələblərini kobud şəklildə pozmaqla iddianı qismən təmin etmişdir. İddiçının iddiaya qarşı irəli sürdüyü dəlilləri ilə bağlı istinad etdiyi hallara dair heç bir sübut təqdim etməmişdir. Belə bir sübutlar olmadan birinci instansiyası məhkəməsi tərəfindən iddianın təmin edilməsi nəticəsində MPM-nin 77ci maddəsinin tələbi pozulmuşdur. Cavabdeh tərəf olaraq hesab edirlər ki, birinci instansiyası məhkəməsi tərəfindən iş üzrə sübutlar düzgün qiymətləndirilməmiş, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-nin 88-ci maddəsinin tələbi kobud şəkildə pozulmaqla iş üzrə sübutlar birtərəfli qaydada, cavabdehin zərərinə qiymətləndirilmiş və reallığı əks etdirməyən qətnamə qəbul olunmuşdur. Şikayətdə iş üzrə təqdim edilmiş 23 dekabr 2024-cü il tarixli ekspert rəyinə istinad edilərək göstərilir ki, ekspertiza natamam şəkildə aparıldığı halda məhkəmə tərəfindən həmin natamamlığa qiymət verilməmiş və həmin natamam ekspertiza rəyi ilə kifayətlənməklə qətnamə qəbul olunmuşdur. Qeyd edilənlərlə tam təsdiq оlunur ki, ekspertiza keçirilərkən Azərbaycan Respublikası MPM-nin 99.1-ci maddəsinin tələbi pоzulmuşdur. Ekspertiza keçirilməsi zamanı tərəf kimi cavabdehin dəlilləri nəzərə alınmamış, cavabdeh tərəfin iştirakı təmin edilməmiş və yalnız iddiaçının ehtimalları əsas götürülməklə rəy verilmiş, həmin dəlillərlə bağlı cavabdeh tərəfin öz etiraz və sübutlarını təqdim etmək üçün şərait yaradılmamışdır. Bununla da çəkişmə prinsipi pоzulmuşdur. Mülki-Prosessual Məcəllənin 102.1-ci maddəsində göstərilmişdir ki, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Hazırki iş üzrə ekspert rəyi tam olmadığı halda məhkəmə əlavə ekspertiza təyin etməklə həmin natamamlığı aradan qaldırmalı olduğu halda qeyd olunan prosessual hüquq normasının tələbini pozmaqla bunu etməmişdir. Apellyasiya şikayətinin məzmununda hazırkı işə aidiyyəti olmayan bir sıra hallar da qeyd edilmişdir.
19. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MMC apellyasiya şikayətində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüququnun Dövlət xüsusi mülkiyyətində olduğunu, ekspertiza tədqiqatı zamanı əraziyə baxış keçirilən vaxt onlara məlumat verilmədiyini, iştiraklarının təmin olunmadığını, haqlı etirazlarını bildirməklərinə şərait yaradılmadığını, maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulmasını, qətnamənin düzgün tərtib edilməməsi ilə qəbul edilməsini, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmadığını qeyd etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” 02 noyabr 2004-cü il tarixli 167 nömrəli Qərarına və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin xx.xx.2023-cü il tarixli 20/01-020 nömrəli Qərarilə təsdiq olunmuş “Maqistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydalarının” 6.1.1.-ci bəndinin 1-ci abzasına əsasən ixrac neft boru kəmərinin və maqistral neft kəmərinin marşrutu boyunca-boru kəmərinin oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır. “Mühafizə Zonası” ixrac neft boru kəmərinin və maqistral neft kəmərinin təhlükəsiz istismarı və xidməti üçün şərait yaratmaq, həmçinin boru kəmərinin zədələnmə ehtimalının qarşısının alınması məqsədi ilə müəyyənləşdirilmişdir. “Mühafizə Zonası”nda Azərbaycan Respublikasının Energetika Nazirliyinin və X5 Dövlət Agentliyinin (istismarçı təşkilatın rəyini almaqla) rəsmi icazəsi olmadan hər hansı tikinti işlərinin aparılması və həmin ərazinin digər məqsədlər üçün istifadə olunması qadağandır. SOCAR-ın Təhlükəsizlik İdarəsindən daxil olmuş sənədlərdə qeyd olunan faktla bağlı xx.xx.2023-cü il tarixdə müəssisədaxili komissiyanın üzvləri həmin ərazidə olarkən, ünvan 2 ünvanında Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 tərəfindən iddiaçıya məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin “Mühafizə Zonası”nın 35 metrliyində 27x18 metr ölçülərdə çoxmərtəbəli yaşayış binasının inşa edilməsi aşkar olunmuş, müvafiq akt tərtib edilmiş və məhkəməyə təqdim olunmuşdur (həmin neft boru kəmərinə paralel Dş-250 mm neft borularıda keçir). Bundan başqa məhkəməyə Dş-300 mm və Dş-250 mm neft boru kəmərlərinin 2011-ci il tarixdə çəkildikləri, balansda olduqları və texniki parametrləri barədə rəsmi arayış, neft boru kəmərlərinin cizgisi (sxem) təqdim edilmişdir. ƏMDX-nın 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisi tərəfindən, inşa olunmuş çoxmərtəbəli yaşayış binasına Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 iştirakı ilə baxış keçirilmişdir. Beləliklə də, birinci instansiya məhkəməsinin çıxartdığı qətnamənin ləğv edilməsinin heç bir hüquqi əsası yoxdur.
Məhkəmə prosesi iştirakçılarının izahatları:
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Heydər Əliyev adına X23 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi X18 apellyasiya şikayətinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.
23. İş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Abşeron Rayon İcra Hakimiyyəti və X16 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.” Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. ...
25. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolu”nun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər.
27. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 22. Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar
1. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır.
2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.
3. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.
4. Təsərrüfat dövriyyəsindən çıxarılan torpaq sahələri xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq müəssisələrə verilir və ya ehtiyat fondu torpaqlarına aid edilir.
5. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir.
28. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1 Əhali və ətraf mühit üçün təhlükə yaradan (Əlavə 1-də göstərilən) təhlükəli maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadəsi və ləğvi ilə məşğul olan, həmçinin radioaktiv və ionlaşdırıcı şüa mənbələrinə, partlayış və digər qəza təhlükəli tikililərə, qurğulara və avadanlıqlara malik istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir. Həmin Qanuna əlavə edilmiş “Əlavə 1”in 6-cı bəndinə əsasən, neftqazçıxarma sənayesi (magistral neft-qaz boru kəmərlərini daxil etməklə) və geoloji kəşfiyyat işləri təhlükə potensiallı istehsal obyektləri kateqoriyasına aiddir.
29. Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin 18 dekabr 2002-ci il tarixli 45№-li əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən “03” yanvar 2003-cü il tarixdə qeydə alınmış (Qeydiyyat N 2951) hazırda qüvvədə olan “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”:
1. Umumi müddəalar. 1.1. Bu qaydaların tələbləri Azərbaycan Respublikasının ərazisində yerləşən magistral neft kəmərlərinin obyektlərində (beynəlxalq sazişlərlə müəyyən olunmuş obyektlər istisna olunmaqla) neft nəqli ilə bağlı fəaliyyət göstərən hüquqi şəxslər üçün məcburidir. 1.2. Bu Qaydaların şamil edildiyi magistral boru kəmərlərinə aşağıdakılar daxildir: - lupinq və qollardan ibarət kəmər (mədəndən çıxan və hazır məhsulu uzaq məsafəyə ötürən), bağlayıcı armaturlar, təbii və süni maneələrdən keçən, neftvurma stansiyalarına qoşulan qovşaq vasitələri, neftin nəql edilməsi üçün nəzərdə tutulan kompleksli avadanlıqlarla təchiz edilən yeraltı, torpaqüstü və yerüstü xətti hissə, metanolu daxil edən qurğularla birlikdə boru kəmərləri;
6. Magistral neft boru kəmərlərinin mühafizə zonaları və istismarı. Ümumi tələblər 6.1. Magistral neft boru kəmərlərinin istismarı, əsaslı təmir olunan, genişləndirilən, texniki cəhətdən yeniləşdirilən və sınaq işini, “magistral neft boru kəmərlərinin texniki istismarı qaydaları”, “magistral neft boru kəmərlərinin istismarı zamanı yanğın təhlükəsizliyi qaydaları” və yeraltı boru kəmərlərinin əsaslı təmir qaydalarının tələblərinə uyğun olaraq aparmaq lazımdır. 6.2. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə “Magistral neft boru kəmərlərinin təhlükəsizlik qaydaları”nın tələblərinə cavab verən mühafizə zonası təyin edilir. 6.3. Boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. ... Çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; ... Neft və neft məhsullarının, kondensatlarının, sıxılmış qarışıqların qəza vəziyyətində axıdılması üçün torpaq anbarlarının əhatəsində göstərilən obyektlərin ərazisinin sərhədlərindən hər tərəfə 50 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır. ... 6.4. Boru kəmərlərinin mühafizə zonasına daxil olan, torpaq sahəsi, torpaq istifadəçilərindən, mülkiyyətçilərdən və icraçılardan alınmır, bu Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir. ... 6.7. Boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri;
30. Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirinin 2010-cu il 28 iyul tarixli 39 saylı əmri ilə təsdiq edilmiş və xx.xx.2010-cu ildən xx.xx.2015-ci ilədək olan müddətdə qüvvədə olmuş “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik qaydaları”nın: 4.1.2-ci bəndinə əsasən MNK-nın marşrutu boyunca-boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; -çoxxətli MNK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; * kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır; 4.1.3-cü bəndinə əsasən, “Mühafizə zonasında” Sənaye və Energetika Nazirliyinin və ARDNŞ-nin (istismarçı təşkilatın rəyini almaqla) rəsmi icazəsi olmadan aşağıdakıların edilməsi qadağandır: - bina və qurğuların tikintisi;
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "İstismar olunan ixrac neft boru kəmərlərinin "Mühafizə Zonası"nın müəyyənləşdirilməsi Qaydaları"nın: 4.1-ci bəndinə görə İNBK-nın istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: İNBK-nin marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; çoxxətli İNBK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; 6.1-ci bəndinə görə “Mühafizə Zonası”nda Energetika Nazirliyinin və X5 Dövlət Agentliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan aşağıdakılar üzrə işlərin edilməsi qadağandır. bina və qurğuların tikintisi;
32. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 13 aprel 2023-cü il tarixli 20/01-020 №-li Qərarı ilə təsdiq edilmiş “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”: 6.1. Magistral neft kəmərlərinin mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları 6.1.1. MNK-nin istismarı üçün şərait yaratmaq və onların çəkiliş üsulundan asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: MNK-nin marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; çoxxətli MNK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; 6.2. Magistral neft kəmərlərinin mühafizə zonasında işlərin aparılması 6.2.1. “Mühafizə Zonası"nda Azərbaycan Respublikasının Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) razılığı olmadan aşağıdakılar üzrə işlərin edilməsi qadağandır: - bina və qurğuların tikintisi;
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası tərəflərin və işdə iştirak edən digər şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Belə ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və bunu onunla əsaslandırmışdır ki, Cavabdeh2 MMC Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsində yerləşən torpaq sahəsində tikili inşa edərkən qanunvericilikdə müəyyən edilmiş məhdudiyyəti nəzərə almamış, əhali və ətraf mühit üçün təhlükə yaradan təhlükə potensiallı obyekt hesab edilən iddiaçının balansında olan, neft məhsulunun nəql olunduğu Dş-300 mm-lik və ona paralel Dş-250 mm-lik neft boru kəmərlərinin oxlarının hər tərəfindən mühafizə zonası kimi müəyyən edilmiş 50 metrlik məsafəni pozaraq 37 metrdən 42 metrədək artan məsafədə yarımçıq tikili inşa etməklə qanunvericiliyin istinad edilən normalarını pozmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri Həsən Əliyev küçəsində iddiaçının balansında olan, neft məhsulu nəql olunan Dş-300 mm-lik və Dş-250 mm-lik neft boru kəmərlərindən 37 metrlə 42 metr artan məsafədə Cavabdeh2 MMC tərəfindən tikilmiş 27x18 metr ölçülərdə yarımçıq tikili sökülməlidir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiya məhkəməsi tərəfindən iş üzrə bütün sübutlar araşdırılmış, tərəflərin gətirmiş olduğu dəlillərə, habelə işin faktiki hallarına və prosessual normalara əsasən hüquqi qiymət verilməklə iddianın qismən təmin edilməsi qənaətinə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır və kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
37. Belə ki, iş materiallarından müəyyən edilir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısının 08 iyun 2015-ci il tarixli 175 nömrəli sərəncamına əsasən, Cavabdeh2 MMC-yə mülkiyyətində olan, Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsində yerləşən 1,0186 ha torpaq sahəsində yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. Həmçinin yuxarıda istinad edilən Abşeron Rayon İcra Hakimiyyətinin başçısının 08 iyun 2015-ci il tarixli sərəncamına əsasən də tikinti işlərinə icazə bilavasitə adıçəkilən hüquqi şəxsə verilmişdir. Həmin Sərəncamın məzmununda da tikinti quraşdırma işlərinin Azərbaycan Respublikasının müvafiq qanunlarına və normativ sənədlərinə uyğun aparılması Cavabdeh2 MMC-yə həvalə olunmuşdur.
38. İş materiallarında olan 25 sentyabr 2020-ci il tarixli arayışda, 07 noyabr 2023-cü il tarixli və 01 dekabr 2023-cü il tarixli 22/021 nömrəli aktlarda tikinti işlərinin bilavasitə Cavabdeh2 MMC tərəfindən görüldüyü göstərilmiş və bu işin mübahisəsiz halıdır.
39. İş üzrə ekspert rəyindən də görünür ki, neft boru kəmərinin “Mühafizə Zonası’nın 37 metrlə 42 metr artan məsafədən Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsində Cavabdeh2 MMC tərəfindən tikilən 27x18 metr ölçüdə yarımçıq tikilinin mövcud olması müəyyən olunmuşdur.
40. Apellyasia şikayətinin müvafiq dəlillərinin araşdırılması məqsədi ilə məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 60-cı maddəsinə əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyi iş üzrə rəy vermək üçün prosesdə iştirak etməyə cəlb edilmiş, həmin qurumun nümayəndəsi X12 öz izahatında bildirmişdir ki, Fövqəladə Hallar Nazirliyi tikintinin aparılması üçün icazəverici orqan deyil, FHN TTNDA yalnız binanın dayanıqlılığına dair ekspert rəyi verə bilər. Tikintinin aparılması üçün icazəverici orqan qismində icra hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura komitəsi çıxış edir. İcra Hakimiyyətinin sərəncamı olduqda onlar tikintinin konstrusiyasına dair hesabatlar əsasında həmin binanın dayanıqlılığını yoxlayır, onların torpaq sahəsinə yerində baxış və ya yoxlama keçirmək səlahiyyəti yoxdur, tikintinin aparılacağı yerin mühafizə zonasına düşüb-düşmədiyini yoxlamırlar. Sərəncam daxil olduqda həmin torpaq sahəsinin kimə məxsus olmasını müəyyənləşdirir, layihələnin binanın dayanıqlılıq şərtlərinə uyğun olub-olmadığını yoxlayaraq bu barədə rəy veriliu. FHN TTNDA tərəfindən verilən rəyin nəticə hissəsində “bütün işlərin icrasının AR qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərtilə razılaşdırılması” dedikdə, tikintinin aparılmasının ayrı-ayrı zonalar üzrə nəzərdə tutulmuş normativlərə və ballara uyğun olub-olmamasının yoxlanması başa düşülür.
41. Bundan əlavə məhkəmə iclasında iştirak edən X11 Görülməsi və X14 Agentliyinin əməkdaşı X9 bildirmişdi ki, Nazirlər Kabinetinin 2025-ci il 15 may tarixli, 159 nömrəli qərarına əsasən neft boru kəmərləri təhlükə potensiallı obyektlər sayılır. Həmin bəndə əsasən neft və qaz boru kəmərlərinin təhlükə potensiallı sayılması üçün diametr tələbi yoxdur. Onların təhlükəliliyi ondan ibarətdir ki, neft və qaz boru kəmərlərində müəyyən təzyiq olduğuna görə partlayış riski var və partlayış baş verəcəyi təqdirdə onun yayılma ərazisi 50 metr müəyyən olunub, lakin bunun səbəblərini demək onun səlahiyyətlərinə aid deyil. Partlayış olacağı təqdirdə onun radiusunun nə qədər olacağı və nə qədər əraziyə yayılacağı barədə məlumat vermək səlahiyyətlərinə malik deyil.
42. Bundan əlavə, məhkəmə kollegiyası tərəfindən Fövqəladə Hallar Nazirliyi hazırkı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilərək Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli 26694 saylı rəyi ilə razılaşdırılmış Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsində inşa edilən yaşayış kompleksinin (Blok A-2, B-1 və C-1) “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi” Qaydalarının və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 13 aprel 2023-cü il tarixli 20/01-020 №-li Qərarı ilə təsdiq edilmiş “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğunluğu barədə rəy verilməsi təkrarən xahiş olunsa da, bu barədə məhkəməyə yazılı rəy təqdim olunmamış, məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.
43. İşin yuxarıda qeyd edilən hallarına əsasən kollegiya qeyd etməyi zəruri hesab edir ki, neft kəmərlərinin ətrafında torpaq sahələrinin rejimini tənzimləyən normalara görə boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası hesab edilir. Hazırkı halda cavabdeh tətəfindən müvafiq sərəncama əsasən mülkiyyətdə olan torpaq sahəsi üzərində inşa edilmiş tikili iddiaçının balansında olan neft kəmərinə 50 metrdən az məsafədə yerləşməsi və belə olan halda həmin kəmərin “mühafizə zonası”na düşməsi iş materiallarına əlavə edilmiş mütəxəssis və ekspert rəyləri ilə təsdiq olunur. Bu qərarın 29-32-ci bəndlərində istinad olunmuş normativ hüquqi aktlarda boru kəmərlərinin mühafizə zonasında tikinti-quraşdırma, abadlaşdırma işlərinin yalnız müvafiq qurumların icazəsi (razılığı) ilə həyata keçirilməli olması nəzərdə tutulmuşdur. Odur ki, cavabdehin istismarda olan neft kəmərinin mühafizə zonasında tikinti işlərini aparması qanuna zidd olmuşdir
44. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, tikilinin inşa edildiyi ərazidə neft boru kəmərlərinin keçməsindən cavabdehin xəbərdar olması vizual müşahidə ilə mümkün olmuşdur, cavabdehin özü müvafiq normativ hüquqi aktların və tikintiyə dair sərəncamın tələblərinə uyğun davranmamış və mövcud şərtlər daxilində həyata keçirilən inşaatın mühafizə zonasına düşmə ehtimalını və bu riski əvvəlcədən görməli olduğu halda görməmiş, bu barədə iddiaçı təşkilatın nümayəndələri tərəfindən ona məlumat verilərək tikintinin dayandırılması tələb olunan zaman tikili hələ ikinci mərtəbədə olmuşdur. Sonradan Abşeron Rayon Məhkəməsi tərəfindən Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadla hazırkı işə mahiyyəti üzrə baxılıb qurtaranadək neft boru kəmərlərinin mühafizə zonasında yerləşən ərazidə tikinti işlərinin aparılması qadağan edilsə də cavabdeh tərəfindən tikinti işləri davam etdirilərək müvafiq tikili 10-cu mərtəbəyədək inşa edilmişdir.
45. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına” qarşı iş üzrə 16 oktyabr 2018-ci il tarixli qərarında qeyd olunur ki, “...ərizəçi anlamalı idi ki, torpaq sahəsi neft kəmərlərinin yaxınlığında yerləşir. Bundan başqa, ərizəçi, heç bir vaxt Baş plandan çıxarışla tanış ola bilmədiyini qeyd etməmişdir. Həmçinin, o, boru kəmərlərini qoruyan torpaq təpəsinin mövcudluğundan xəbərdar olmaya bilməzdi. Belə ki, torpaq təpəsi onun əldə etdiyi torpaq sahəsinin yaxınlığında idi və ərizəçi heç olmazsa bunun nə olduğu barədə maraqlanmalı idi və kooperativin sədri və ya yerli hakimiyyət orqanlarından bu haqda məlumat almalı idi”.
46. Bundan əlavə cavabdehin nümayəndəsi və vəkili apellyasiya baxışı zamanı məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə vəsatətlə müraciət edərək Cavabdeh2 MMC tərəfindən tikilmiş 27x18 metr ölçülərdə yarımçıq tikilinin xx.xx.2015- ci il tarixli, 175 №-li sərəncamda qeyd edilmiş 1,0186 ha torpaq sahəsində yerləşibyerləşməməsi, Cavabdeh2 MMC tərəfindən layihə sənədlərinə və qanunvericiliyin tələblərinə uyğun olaraq tikilmiş 27x18 metr ölçülərdə yarımçıq tikili DŞ-300 mm neft boru kəmərinə və DŞ-250 mm neft boru kəmərinə təhlükə yaradıb-yaratmaması, həmin kəmərlərin mühafizəsinə maneəçilik törədib-törətməməsi ilə bağlı sualların qoyulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfindən qeyd edilən vəsatət tərəflərin iştirakı ilə müzakirə edilmiş, iddiaçının nümayəndəsi vəsatətin əsassız olduğunu və hazırkı mübahisənin mahiyyəti üzrə həlli üçün əhmiyyət kəsb etmədiyini, habelə vəsatət təmin ediləcəyi halda cavabdeh tərəfindən tikinti işlərinin davam etdirilməsinə şərait yaradıcılağını bildirərək onun təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfinedən inşa edilən mübahisəli tikilinin iddiaçının balansında olan neft kəmərlərinin mühafizə zonasında yerləşməsinin müvafiq mütəxəssis və ekspert rəyləri ilə, habelə iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapmasını, vəsatətdə qeyd edilən sualların mühafizə zonasına dair yuxarıda istinad edilən qanunvericilik aktlarının tələbləri baxımından hazırkı mübahisənin mahiyyəti üzrə həllinə aidiyyətinin olmaması baxımından təmin etməmişdir. Belə ki, verilmiş suallara cavab olaraq cavabdehin nümayəndəsi və vəkili də tikilinin neft kəmərəindən 50 metrədək (təxminən 49 metr) məsafədə yerləşdiyini bildirmişdir.
47. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 öz izahatında mühafizə zonasına düşdüyünə görə sökülməsi tələb edilən yarımçıq tikilinin artıq 10-cu mərtəbəsinin inşa edildiyini, hazırda tikintinin dayandırıldığını, o cümlədən, həmin tikilidən 10-a yaxın mənzilin müştərilərə satılmasına dair müqavilələr bağlandığını bildirmişdir. Qəbul ediləcək qərarın həmin şəxslərin maraqlarına toxunması ehtimalını nəzərə alan məhkəmə kollegiyası müvafiq müqavilələrin surətinin tədim edilməsini təklif etməsinə baxmayaraq, hər-hansı müqavilə təqdim olunmamışdır.
48. Bundan əlavə, məhkəmə kollegiyası tərəfindən məhkəmə iclasıları tərəflər arasında mübahisənin məhkəmədənkənar həllinə şərait yaradılması və müvafiq qanunvericiliyə uyğun olaraq aidiyyəti qurumlarla razılıq əldə olunması məqsədilə bir neçə dəfə təxirə salmasına baxmayaraq belə razılaşma əldə olunmamışdır.
49. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, işə baxan birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 22 iyul 2025-ci il tarixli, e-2-2(119)-775/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.