Məhkəmə qərarları › İş №e-2-2(119)-49/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-49/2025

15.12.2025 · Sair işlər - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-49/2025 15.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı Heydər Əliyev adına X5 nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Heydər Əliyev adına X5 Cavabdehnə qarşı “tikililərin sökülməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Heydər Əliyev adına X7 Cavabdehnə qarşı “tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən Heydər Əliyev adına X5 (NEZ) 3 və 5 saylı istehsalatlarından Sumqayıt “Azərkimya” İstehsalat Birliyinə gedən DŞ-200 mm-lik quru qaz və DŞ-250 mm-lik nafta xətlərinin mühafizə zonasında yerləşən hasarın sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC tərəfindən Heydər Əliyev adına X5 3 və 5 saylı istehsalatlarından Sumqayıt “Azərkimya” İstehsalat Birliyinə paralel gedən yeraltı Dş-350 mm-lik quru qaz və Dş 250 mm-lik nafta xətlərinin mühafizə zonasında 0,5 metrlikdə hasar çəkilməsi faktı ilə bağlı iddiaçıya məlumat daxil olduqdan sonra 07 noyabr 2023-cü il tarixdə sözügedən ünvana komissiya üzvlərinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı iddiaçıya məxsus Dş-200 mm-lik quru qaz və Dş-250 mm-lik nafta xəttinin mühafizə zonasında kəmərdən təqribən 0,5 metr aralı məsafədə Cavabdeh MMC tərəfindən qanunsuz olaraq hasar tikilməsi faktı öz təsdiqini tapmışdır. Qanunvericiliyin tələbinə görə, mühafizə zonasında Energetika Nazirliyinin və X1 Dövlət Agentliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan tikinti işlərinin aparılması qadağan olduğundan tikilinin könüllü olaraq sökülməsi məqsədilə iddiaçı tərəfindən cavabdehə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydasında həll edilməsi haqqında 19 fevral 2024-cü il tarixli 14-2-27/2-438/2024 nömrəli məktub ünvanlanmışdır. Həmin məktubda iddiaçıya məxsus neft məhsulu nəql olunan neft boru kəmərinin mühafizə zonasında kəmərdən təqribən 0,5 metr aralı məsafədə cavabdeh tərəfindən qanunsuz olaraq tikilmiş hasarın 10 gün müddətində sökülməsi xahiş olunmuş və həmin müddətdə qanunsuz tikilmiş hasarın sökülməyəcəyi təqdirdə, həmin tikilinin sökülməsi barədə məhkəməyə müraciət olunacağı cavabdehin nəzərinə çatdırılmışdır. Məktubun göndərilməsindən xeyli vaxt keçməsinə baxmayaraq, cavabdeh tərəfindən hasarın sökülməsi istiqamətində hər hansı tədbir həyata keçirilməmişdir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneəçilik törədir. Bütün bunlar nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. İddiaçının nümayəndəsi 21 yanvar 2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfindən hazırki iddia tələbi ilə məhkəməyə müraciət olunduqdan sonra - 29 noyabr 2024-cü il tarixdə keçirilən baxış zamanı iddiaçıya məxsus neft məhsulu nəql olunan Dş-250 mm-lik (yeraltı) neft boru kəmərinin mühafizə zonasında, kəmərdən təqribən 33,6 metr aralı məsafədə hasara bitişik 8x6x3 metr ölçülərdə əlavə otaq tikilisinin inşa olunması faktının aşkar olunduğunu, bu barədə 29 noyabr 2024-cü il tarixli akt tərtib edildiyini, buna görə də iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yarandığını qeyd etmişdir. İddiaçı Cavabdeh MMC tərəfindən Heydər Əliyev adına X5 3 və 5 saylı İstehsalatlarından Sumqayıt “Azərkimya” İstehsalat Birliyinə gedən Dş-200 mm-lik quru qaz və Dş-250 mm-lik nafta xətlərinin mühafizə zonasında, kəmərdən təqribən 0,5 metr aralı məsafədə tikilmiş hasarın və həmin boru xətlərindən təqribən 33,6 metr aralı məsafədə mühafizə zonasında 8X6X3 metr ölçülərdə tikilmiş qanunsuz tikilinin sökülməsi, məhkəməyə iddia ərizəsi ilə müraciət edilən zaman ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun və mütəxəssis rəyinin alınması üçün ödənilmiş 95 (doxsan beş) manat məbləğində xidmət haqqının əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni müdafiə edərək və onun məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş 25 sentyabr 2020-ci il tarixli arayışın məzmununa əsasən, Heydər Əliyev adına X4 10 saylı sahəyə (Güzdək) neft məhsulları nəql olunan Dş-500 mm. (dizel yanacağı) və Dş-300 mm. (reaktiv mühərrik yanacağı) neft boru kəmərləri 1993-cü ildə, “Azərikimya” İB-nin Etilen-Polietilen Zavoduna neft məhsulları nəql olunan Dş-200 mm. (quru qaz), Dş-250 mm. (nafta) neft boru kəmərləri isə 2011-ci ildə çəkilmiş və zavodun balansındadır. Arayışa neft boru kəmərlərinin texniki parametrlərini əks etdirən cədvəl əlavə edilmişdir. İş materiallarında olan iddiaçı təşkilatın əməkdaşları tərəfindən tərtib edilərək imzalanmış 07 noyabr 2023-cü il tarixli aktın məzmununda qeyd edilmişdir ki, Heydər Əliyev adına X6 (NEZ-ə) məxsus neft məhsulu nəql olunan Dş-200 mm neft boru kəmərinin mühafizə zonasının 0,5 metrliyində tikinti işləri aparılan əraziyə, Bakı-Quba yolu 30-cu km ünvanına baxış keçirilərkən Cavabdeh MMC tərəfindən NEZ-ə aid boru xəttinin yaxınlığında “hasar” faktı aşkarlanmışdır. Həmin ərazidən Dş-250 mm neft boru kəmərinə paralel Dş-250 mm neft boru kəmərləri keçir. İş materiallarında olan iddiaçı təşkilatın əməkdaşları tərəfindən tərtib edilərək imzalanmış 29 noyabr 2024-cü il tarixli aktın məzmununda qeyd edilmişdir ki, Abşeron rayonu, Qobustan kəndi, Quba-Rastov yolunun 33-cü kilometrliyində yerləşən ərazidə NEZ-ə məxsus neft məhsulları nəql olunan neft boru kəmərlərinin mühafizə zonasında Cavabdeh MMC tərəfindən 104 x 3 metr ölçülərdə mişar daşlarından hasar tikilisi, hasarın içəri tərəfindən çöl tərəfinə Dş-75 mm-lik plastik borudan istifadə etməklə kanalizasiya xəttinin çəkilməsi və hasara bitişik 8x6x3 metr ölçülərdə əlavə otaq tikilisinin inşa olunması aşkar edilmişdir. NEZ-in İstehsalat departamentinin istehsalat üzrə mühəndisi Süleyman Əliyev, SDM-in Mühəndislik və layihə departamentinin boru işləri üzrə böyük mühəndisi Suliddin Məmmədəliyev tərəfindən qeyd olunan ərazi barədə təqdim olunmuş aidiyyəti sənədlərə əsasən, sözügedən hasar tikilisi Heydər Əliyev adına X6 məxsus neft məhsulu nəql olunan Dş-250 mm (yeraltı) neft boru kəmərinin mühafizə zonasının 0,5 metrliyində, quraşdırılan kanalizasiya xətti (yeraltı) boru kəmərinin üzərində, hasara bitişik əlavə otaq tikilisi isə 33,6 metr məsafədə yerləşir. Bundan başqa, həmin ərazidən Dş-250 mm (yeraltı) neft boru kəmərinə paralel, Dş-350 mm (yeraltı) neft boru kəməri keçir. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçı Heydər Əliyev adına X6 ünvanlanmış 10 yanvar 2024-cü il tarixli 5-29/1-3602/2023 nömrəli məktubun məzmununda “Abşeron rayonu, Qobustan kəndi (39T X-381216.93; Y- 4491802.42 saylı koordinatlar) ərazisində Cavabdeh dəmirəritmə zavodu tərəfindən Heydər Əliyev adına X5 yeraltı DŞ-350 mm-lik quru qaz və DŞ 250 mm-lik nafta xətlərinin mühafizə zonasında İlqar adlı şəxs tərəfindən aparılan qeyri-qanuni hasar tikinti işləri barədə məktubunuza baxılmışdır. Məktubda qeyd olunan ünvanda aparılan tikinti işlərinə dair Abşeron RİH tərəfindən heç bir icazə sənədi verilməmişdir. Məktubda qeyd olunan ünvanlara baxış keçirilmiş, aparılan tikinti işləri dayandırılmış, tikinti işlərinə dair icazəverici sənədlər əldə olunanadək inşaat işlərinin aparılmasının mümkünsüzlüyü barədə tikinti sahiblərinə xəbərdarlıq olunmuşdur və qanunsuzluğun təkrarlanmasına yol verilməməsi üçün ünvanlar nəzarətə götürülmüşdür. Əlavə olaraq bildiririk ki, aparılan qeyri-qanuni tikinti işləri barəsində hüquq-mühafizə orqanlarına məlumat verilmişdir” qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən iddiaçı Heydər Əliyev adına X6 ünvanlanmış 19 dekabr 2023-cü il tarixli 3-18-2/2-11583/2023 nömrəli məktubun məzmununda “Heydər Əliyev adına X5 (NEZ) 3 və 5 saylı istehsalatlarından Sumqayıt “Azərkimya” İstehsalat Birliyinə gedən DŞ- 200 mm-lik quru qaz və DŞ-250 mm-lik nafta xətlərinin mühafizə zonasında Abşeron rayonu, Qobustan kəndi ərazisində Cavabdeh MMC tərəfindən qanunsuz tikinti işlərinin aparılması barədə 20 noyabr 2023-cü il tarixli 14-2-27/2-2430/2023 nömrəli müraciətinizə baxılmışdır. Sözügedən tikiliyə tikinti-quraşdırma işlərinin aparılmasına icazə sənədi olmadığına görə tikinti işlərinin dayandırılması barədə Agentlik tərəfindən 06 yanvar 2023cü il tarixli 0010 və 31 oktyabr 2023-cü il tarixli 0988 saylı “Qərar”lar verilmiş və işlər dayandırılmışdır” qeyd edilmişdir. İş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 23 yanvar 2025-ci il tarixli 3-21-3-31/2-192/2025 nömrəli və 13 fevral 2025-ci il tarixli 3-21-3- 31/2-498/2025 nömrəli məktublara texniki baxış zamanı tərtib olunmuş müayinə (baxış) aktı, koordinatlar və ortofoto qoşma edilərək məhkəməyə təqdim olunmuşdur. İş materiallarından görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin 12 avqust 2024-cü il tarixli e-2-2(119)-893/2024 nömrəli qərardadı ilə kommersiya işi üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilərək ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmışdır. 18 dekabr 2024-cü il tarixində Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən tərtib olunmuş 02 dekabr 2024-cü il tarixli “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında” məlumatla “Qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən qərardadda qoyulmuş suallarla əlaqədar tədqiq olunan torpaq sahəsinə dair faktiki koordinatların, baza məlumatlarının və mütəxəssis rəyinin Mərkəzə təqdim edilməsi zəruri olduğundan, bu barədə məhkəməyə xx.xx.2024-cü il tarixli vəsatət göndərilmiş, vəsatətin verildiyi tarixdən 1 aydan artıq müddət keçməsinə baxmayaraq, mütəxəssislər tərəfindən tərtib edilməli müvafiq mütəxəssis rəyi Mərkəzə təqdim olunmamışdır” əsası ilə ekspertizanın keçirilməsindən imtina edilərək iş məhkəməyə geri qaytarılmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli e-2-2(119)-49/2025 nömrəli qərardadı ilə Sumqayıt Kommersiya Məhkəməsinin 12 avqust 2024-cü il tarixli e- 2-2(119)893/2024 nömrəli qərardadının icrasının təmin edilməsi məqsədilə kommersiya işi üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilərək ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən “Qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən qərardadda qoyulmuş suallarla əlaqədar tədqiq olunan torpaq sahəsinə dair faktiki koordinatların, baza məlumatlarının və mütəxəssis rəyinin Mərkəzə təqdim edilməsi zəruri olduğundan, bu barədə məhkəməyə xx.xx.2025-ci il tarixli vəsatət göndərilmiş, məhkəmə tərəfindən tədqiq olunan obyektə baxış keçirilməsi xx.xx.2025-ci il tarixə təyin edilmiş, lakin baxış təyin olunduğu tarixdən bu günə qədər müvafiq mütəxəssis rəyi Mərkəzə təqdim olunmamışdır.” əsası ilə tərtib olunmuş 10 iyun 2025-ci il tarixli “Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında” məlumatla Sumqayıt Kommersiya Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli qərardadı icra olunmadan iş məhkəməyə geri qaytarılmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 15 avqust 2025-ci il tarixli e-2-2(119)-49/2025 nömrəli qərardadı ilə Sumqayıt Kommersiya Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli e-2- 2(119)-49/2025 nömrəli qərardadının icrasının təmin edilməsi məqsədilə kommersiya işi üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilərək ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən “tikintitexniki ekspertizasının aparılması və rəy verilməsi qeyd edilən səbəblərə görə mümkün olmamışdır: qərardadda ekspert qarşısında qoyulmuş inşa olunmuş tikili ilə neft kəməri arasındakı məsafənin müəyyən olunması, neft kəmərinin nə vaxt çəkilməsinin müəyyən olunması, tikililərin yerləşdiyi ərazinin neft hasilatı üçün istifadə olunub-olunmadığının müəyyən olunması, tikilinin neft kəmərinin mühafizə zolağına düşüb-düşmədiyinin müəyyən olunması və s. məsələləri xüsusi bilik tələb etməməklə hər hansı tədqiqat metodu ilə həll edilmir və tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid deyildir” əsası ilə tərtib olunmuş 19 sentyabr 2025-ci il tarixli “Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında” məlumatla Sumqayıt Kommersiya Məhkəməsinin 15 avqust 2025-ci il tarixli qərardadı icra olunmadan iş məhkəməyə geri qaytarılmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli e-2-2(119)- 49/2025 nömrəli məktubu ilə məhkəmənin 23 yanvar 2025-ci il tarixli e-2-2(119)-49/2025 nömrəli qərardadının icrasının təmin edilməsi məqsədilə e-2-2(119)-49/2025 nömrəli kommersiya işi yenidən Mərkəzə göndərilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən “tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi qeyd edilən səbəblərə görə mümkün olmamışdır: qərardadda ekspert qarşısında qoyulmuş inşa olunmuş tikili ilə neft kəməri arasındakı məsafənin müəyyən olunması, neft kəmərinin nə vaxt çəkilməsinin müəyyən olunması, tikililərin yerləşdiyi ərazinin neft hasilatı üçün istifadə olunubolunmadığının müəyyən olunması, tikilinin neft kəmərinin mühafizə zolağına düşübdüşmədiyinin müəyyən olunması və s. məsələləri xüsusi bilik tələb etməməklə hər hansı tədqiqat metodu ilə həll edilmir və tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid deyildir” əsası ilə tərtib olunmuş 14 oktyabr 2025-ci il tarixli “Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında” məlumatla iş məhkəməyə geri qaytarılmışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş 02 dekabr 2025-ci il tarixli 11/GM/011 nömrəli mütəxəssis rəyindən görünür ki, hasar ilə istismar olunan yeraltı DŞ-300 mm-lik quru qaz və DŞ-250 mm-lik nafta xətlərinin ən yaxın hissəsi arasında olan məsafə 2,54 metr, ən uzaq hissəsinə qədər olan məsafə isə 6,6 metr olaraq müəyyənləşdirilmiş, mühafizə otağından, yəni 1-ci sualda qeyd olunan 8x6x3 (faktiki olaraq 6x8,3x3) metr ölçülərdə inşa edilmiş tikilidən (otaqdan) boru xəttinə qədər olan ən yaxın məsafə 32,54 metr olaraq müəyyənləşdirilmiş, eyni zamanda Abşeron rayonu, Qobustan kəndi, Bakı-Quba yolunun 30-cu kilometrliyində yerləşən, Cavabdeh MMC tərəfindən inşa edilmiş hasarın 170 metr uzunluğa malik hissəsi həmçinin hasara bitişik olmaqla inşa edilmiş mühafizə otağı və ona bitişik digər köməkçi otağın tamamı, əlavə həmin tikililərə yanaşı olaraq uzanan tikilinin 30 kvadratmetrlik hissəsi Heydər Əliyev adma X5 3 və 5 nömrəli istehsalatlarından Sumqayıt “Azərkimya” İB-nə paralel gedən yeraltı DŞ-300 mm-lik qum qaz və DŞ-250 mm-lik nafta xətlərinin mühafizə zonasında yerləşir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 5-ci hissəsinə əsasən, xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 240.1-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci hissəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin Məcəllənin 22-ci maddəsinin 3-cü hissəsinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən, əhali və ətraf mühit üçün təhlükə yaradan (Əlavə 1-də göstərilən) təhlükəli maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadəsi və ləğvi ilə məşğul olan, həmçinin radioaktiv və ionlaşdırıcı şüa mənbələrinə, partlayış və digər qəza təhlükəli tikililərə, qurğulara və avadanlıqlara malik istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir. Həmin Qanuna əlavə edilmiş “Əlavə 1”in 6-cı bəndinə əsasən, neftqazçıxarma sənayesi (magistral neft-qaz boru kəmərlərini daxil etməklə) və geoloji kəşfiyyat işləri təhlükə potensiallı istehsal obyektləri kateqoriyasına aiddir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 02 noyabr 2004-cü il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan X8 kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən, X8 kəmərləri yeraltı, yer üzərində, tökmə torpaq altında, yerüstü dayaqlarda, sualtı boru kəmərləri və onlarla bağlı neftin istehlakçıya nəqlini, qəbulunu, təhvilini, boşaldılıb-yüklənməsini təmin edən nasos stansiyaları, neft anbarları və digər texnoloji obyektlərdən ibarət mühəndis qurğularıdır. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən, bu Qaydaların tələbləri torpaq mülkiyyətçiləri ilə yanaşı, torpaq istifadəçilərinə də şamil edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən, X8 Kəmərlərinin marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. Həmin Qaydaların 6.1-ci bəndinin birinci abzasına əsasən, “Mühafizə Zonası”nda Energetika Nazirliyinin və X1 Dövlət Agentliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan bina və qurğuların tikintisi qadağandır. Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin 18 dekabr 2002-ci il tarixli 45 nömrəli əmri ilə təsdiq edilmiş (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və X3 İstehsalat Birliyi ilə razılaşdırılmış, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 03 yanvar 2003-cü il tarixdə 2951 nömrə ilə qeydiyyata alınmış) “X3nin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 1.2-ci bəndinə əsasən, magistral boru kəmərlərinə lupinq və qollardan ibarət kəmər (mədəndən çıxan və hazır məhsulu uzaq məsafəyə ötürən), bağlayıcı armaturlar, təbii və süni maneələrdən keçən, neftvurma stansiyalarına qoşulan qovşaq vasitələri, neftin nəql edilməsi üçün nəzərdə tutulan kompleksli avadanlıqlarla təchiz edilən yeraltı, torpaqüstü və yerüstü xətti hissə, metanolu daxil edən qurğularla birlikdə boru kəmərləri aiddir. Həmin Qaydaların 6.2-ci bəndinə əsasən, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə “Magistral neft boru kəmərlərinin təhlükəsizlik qaydaları”nın tələblərinə cavab verən mühafizə zonası təyin edilir. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən, boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər tərəfindən Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və quraşdırma işlərinin (a) aparılması qadağandır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 13 aprel 2023-cü il tarixli 20/01-020 №-li Qərarı ilə təsdiq edilmiş “X3nin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.1.1-ci yarımbəndinə əsasən, X3nin istismarı üçün şərait yaratmaq və onların çəkiliş üsulundan asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə birinci və üçüncü abzaslarına əsasən, X3nin marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır, çoxxətli X3nin xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır. Həmin Qaydaların 6.2.1-ci yarımbəndinin birinci abzasına əsasən, “Mühafizə Zonası"nda Azərbaycan Respublikasının Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) razılığı olmadan bina və qurğuların tikintisi qadağandır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən iddiaçı Heydər Əliyev adına X5 balansında olan, neft məhsulunun nəql olunduğu Dş-200 mm-lik quru qaz və Dş-250 mm-lik nafta kəmərlərinin bilavasitə mühafizə zonasında - həmin kəmərlərdən 6,6 metr aralı məsafədə (Abşeron rayonu, Qobustan kəndi, Bakı-Quba yolunun 30-cu kilometrliyində) hasar çəkilmiş, 32,54 metr aralı məsafədə isə 8x6x3 metr ölçülərdə tikili (otaq) inşa edilmişdir. Həmin hasar çəkilərkən və tikili inşa edilərkən Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 02 noyabr 2004-cü il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan X8 kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 4.1-ci bəndində, Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin 18 dekabr 2002-ci il tarixli 45 nömrəli əmri ilə təsdiq edilmiş “X3nin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.3-cü bəndində və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 13 aprel 2023-cü il tarixli 20/01- 020 №-li Qərarı ilə təsdiq edilmiş “X3nin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.1.1-ci yarımbəndində nəzərdə tutulmuş məsafəyə, yəni boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafənin mühafizə zonası hesab edilməsi barədə tələbə riayət edilməmişdir. Qeyd edilməlidir ki, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə və həmin qanunun 1 nömrəli Əlavəsinin 6-cı bəndinə əsasən, neftqazçıxarma sənayesi (magistral neft-qaz boru kəmərləri daxil olmaqla) əhali və ətraf mühit üçün təhlükə yaradan təhlükə potensiallı obyektlər hesab edilir. Cavabdeh Abşeron rayonu, Qobustan kəndi, Bakı-Quba yolunun 30-cu kilometrliyində tikililəri inşa edərkən qanunvericilikdə müəyyən edilmiş məhdudiyyəti nəzərə almamış, əhali və ətraf mühit üçün təhlükə yaradan təhlükə potensiallı obyekt hesab edilən iddiaçının balansında olan, Dş-200 mm-lik quru qaz və Dş-250 mm-lik nafta boru xətlərinin oxlarının hər tərəfindən mühafizə zonası kimi müəyyən edilmiş 50 metrlik məsafəni pozaraq tikililər inşa etməklə qanunvericiliyin istinad edilən normalarının tələblərini pozmuşdur. Digər tərəfdən qeyd edilməlidir ki, “İstismar olunan X8 kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 6.1-ci bəndinin, Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin 18 dekabr 2002-ci il tarixli 45 nömrəli əmri ilə təsdiq edilmiş “X3nin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.7ci bəndinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 13 aprel 2023-cü il tarixli 20/01-020 №-li Qərarı ilə təsdiq edilmiş “X3nin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.2.1-ci yarımbəndinin tələblərinə əsasən, boru kəmərlərinin mühafizə zonasında müvafiq olaraq Energetika Nazirliyinin və X1 Dövlət Agentliyinin, Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının və Azərbaycan Respublikasının Energetika Nazirliyinin razılığı olmadan tikinti və quraşdırma işlərinin aparılması qadağan edilmiş, eyni zamanda hər üç normativ-hüquqi aktın istinad edilən normalarında tikinti işlərinin aparılması zamanı istismarçı təşkilatın (hazırkı vəziyyətdə iddiaçının) rəyini alınmalı olduğu qeyd edilmişdir. Məhkəmə prosesləri dövründə cavabdeh tərəfindən mühafizə zonasında görülmüş işlərlə bağlı istər adıçəkilən dövlət orqanlarından hər hansı razılıq və ya icazə sənədi, istərsə də istismarçı təşkilatdan rəy məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı Heydər Əliyev adına X5 3 və 5 saylı İstehsalatlarından Sumqayıt “Azərkimya” İB-yə gedən Dş-200 mm-lik quru qaz və Dş-250 mm-lik nafta xətlərinin mühafizə zonasında (Abşeron rayonu, Qobustan kəndi, Bakı-Quba yolunun 30-cu kilometrliyində) inşa edilmiş hasar və mühafizə zonasında inşa edilmiş 8x6x3 metr ölçülərdə tikili sökülməlidir. Bundan başqa, iddia tələbinin 100 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə gəldikdə, iş materiallarında olan 07 may 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda istinad edilən normalar nəzərə alınaraq, hazırkı iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, iş materiallarına əlavə edilmiş 16 yanvar 2025-ci il tarixli debit haqqında bildiriş və eyni tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən. mütəxəssis rəyinin verilməsinə görə 95 manat məbləğində pul vəsaiti iddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin hesabına ödənilmişdir. Hazırkı iddia təmin edildiyindən yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən, mütəxəssis rəyinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 95 manat məbləğində pul vəsaitinin əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bunlardan əlavə, "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 02 dekabr 2025-ci il tarixli 11/GM/011 əlavə edilmiş hesabatdan görünür ki, aparılan tədqiqatın dəyəri 300 manat təşkil etmişdir. Hazırkı iddia ərizəsi təmin edildiyindən iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilmiş 119.1-ci maddəsinə əsasən, cavabdehdən "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC tərəfindən iddiaçı Heydər Əliyev adına X5 3 və 5 saylı İstehsalatlarından Sumqayıt “Azərkimya” İstehsalat Birliyinə gedən Dş-200 mm-lik quru qaz və Dş-250 mm-lik nafta xətlərinin mühafizə zonasında (Abşeron rayonu, Qobustan kəndi, Bakı-Quba yolunun 30-cu kilometrliyində) inşa edilmiş hasar və mühafizə zonasında inşa edilmiş 8x6x3 metr ölçülərdə tikili sökülməli, cavabdehdən mütəxəssis rəyinin alınması ilə əlaqədar ödənilmiş 95 manat məbləğində xidmət haqqının və 100 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 195 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti cavabdehdən "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh tərəfindən iddiaçı Heydər Əliyev adına X5 3 və 5 saylı İstehsalatlarından Sumqayıt “Azərkimya” İstehsalat Birliyinə gedən Dş-200 mm-lik quru qaz və Dş-250 mmlik nafta xətlərinin mühafizə zonasında (Abşeron rayonu, Qobustan kəndi, Bakı-Quba yolunun 30-cu kilometrliyində) inşa edilmiş hasar və mühafizə zonasında inşa edilmiş 8x6x3 metr ölçülərdə tikili sökülsün. Cavabdehndən mütəxəssis rəyinin alınması ilə əlaqədar ödənilmiş 95 (doxsan beş) manat məbləğində xidmət haqqının və 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 195 (yüz doxsan beş) manat məbləğində pul vəsaiti iddiaçı Heydər Əliyev adına X5 xeyrinə tutulsun. İş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti Cavabdehndən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar