Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-519/2026 22.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və Inzibati Kollegiyalarının İddiaçının cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti barədə fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlu (məruzəçi), Mülki Kollegiyasının hakimi Şamayev Elşad Yaquboviç və Inzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, Iş üzrə məhkəmə icraatı a) Gədəbəy Rayon Məhkəməsindəki icraat
1. İddiaçı cavabdehə qarşı “tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz olaraq * saylı RMTM-nin Yanıxlı meşəbəyliyinin ** saylı dolayının ** saylı kvartalında quraşdırmış olduğu tikililərin sökülməsi və həmin torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, * saylı RMTM-nin əməkdaşları tərəfindən 2024cü il ## ##### tarixində meşələrin qorunub mühafizə olunması, meşə fondu torpaqlarının istifadə vəziyyəti ilə əlaqədar Mərkəzin Yanıxlı meşəbəyliyinin ** saylı dolayının ** saylı kvartalında təbii adı “Şahzadə” bulağı adlanan ərazisində yoxlama apaılrmışdır. Yoxlama zamanı Gədəbəy rayon Qoşabulaq kənd sakini Cavabdeh lazımı icazə olmadan özbaşına olaraq 0.39 ha ərazidə yerləşən 1 ədəd 12.0x6.0 m ölçüdə manqalxana, 1 ədəd 4.0x3.0 m ölçüdə kətə bişirmək üçün yer və 5 ədəd 5.0x3.0 m ölçüdə söhbətgah quraşdırılması faktı müəyyən edilmişdi. Bu barədə ***** nömrəli akt tərtib edilmişdir. Bununla Cavabdeh meşə fondu torpağını zəbt etdiyinə görə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin və özbaşına tikililər quraşdırdığına görə Mülki Məcəllənin 180.1-ci maddəsinin tələblərini pozmuşdur.
3. Gədəbəy Rayon Məhkəməsinin 2026-cı il ## ### tarixli *(***)-**/**** nömrəli qərardadı ilə mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim - F.Mirzəquliyev).
4. Qərardad onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə Informasiya Sistemindən tərəflərin vergi məlumatları üzrə çıxarışdan vergi ödəyicisi kimi qeydiyyata alınmaları müəyyən olunur. Digər şərtin, yəni hüquq münasibətlərinin xarakterinin yoxlanılmasına gəldikdə isə mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olması öz təsdiqini tapır. Işdə olan sənəddən görünür ki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 5.
b) Gəncə Kommersiya Məhkəməsindəki icraat
6. Gəncə Kommersiya Məhkəməsinin 2026-cı il ## #### tarixli *-*(*-**)-****/**** nömrəli qərardadı ilə məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün iş materialları Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim – Ə.Məmmədli).
7. Məhkəmə iş materiallarına əsasən müəyyən etmişdir ki, tərəflər arasında mübahisə fərdi sahibkar statusuna malik olan fiziki şəxsin meşə fonduna aid torpaq sahəsinə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan həmin torpaq sahəsini özbaşına zəbt etməsindən və orada istirahət məqsədilə tikinti və quruculuq işləri aparması ilə əlaqədar yaranmışdır. Iddiaçı isə öz iddia ərizəsində cavabdehdən qanunsuz olaraq meşə fonduna aid torpaq sahəsində quraşdırılmış olduğu tikililərin sökülməsini və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsini xahiş edir. Göründüyü kimi tərəflər arasında mübahisə əşya hüquqi münasibətlərdən irəli gələn mübahisədir.
8. Qanunvericilik normalarından göründüyü kimi, meşə fondu torpaqları dövlət mülkiyyətində olan torpaqlardır. Meşə fondu torpaqlarından səmərəli və məqsədyönlü istifadənin təmin olunması, onun mühafizəsi, qorunması və bərpası sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən qurum Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətidir. İddiaçı isə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətidir yerli bölməsidir.
9. Belə olan halda məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il ## ######## tarixli ** saylı qərarınının 25-ci bəndinə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidmətinin İddiaçı ilə cavabdeh fərdi sahibkar Cavabdeh arasında olan münasibətlərin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2, 13.2.37-ci; Meşə Məcəlləsinin 11-ci; Mülki Prosessual Məcəlləsinin 24.1, 24.2, 25.1, 26.1, 31.1, 31.2, 32.3, 32.7, 35.1-ci maddələrinə; “Sahibkarlıq fəaliyyəti haqqında” Qanununun 1-ci maddəsinə; Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin Inkişafı Xidməti haqqında Əsasnamənin 1.1, 1.3, 1.6-cı bəndlərinə; “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il ## ######## tarixli ** nömrəli Qərarının 11, 12, 25-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 24. Mübahisələrin məhkəməyə aidiyyəti ... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır.”
“Maddə 25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. ...”
“Maddə 26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.”
“Maddə 31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. ...”
“Maddə 32. Aidiyyət məsələlərindən şikayət verilməsi ... 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir.”
“Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması ... 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. ... 403-1.9. Kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələsinə baxarkən: 403-1.9.1. işi məhkəmə aidiyyəti üzrə göndərə bilər; 403-1.9.2. məhkəmələr arasında fikir ayrılığının yaranmasına əsas olmuş hallarla bağlı əlavə araşdırmanın aparılmasını zəruri hesab etdikdə, məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün işi iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə göndərə bilər. ...”
Ali Məhkəmənin mövqeyi
12. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin gəldiyi nəticələri, iş materiallarında olan sübutları və tətbiq edilməli prosessual hüquq normalarını qiymətləndirərək belə qənaətə gəlir ki, işə baxılması aidiyyəti üzrə Gədəbəy Rayon Məhkəməsinə göndərilməlidir.
13. Ilk olaraq qeyd edilməlidir ki, mübahisənin kommersiya məhkəməsinin aidiyyətinə aid edilməsi üçün eyni vaxtda üç şərtin mövcudluğu zəruridir: tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması. Bu hal Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2, 25.1 və 26.1-ci maddələrinin məzmunundan irəli gəlir.
14. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair" 2020-ci il ## ######## tarixli ** nömrəli Qərarının 11-ci bəndində müəyyən edilmiş hüquqi mövqeyə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Məhkəmə aidiyyətini yeni qaydada müəyyən edilməsi zamanı, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb olunur. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir.
15. Hazırkı mübahisədə iddiaçı dövlət orqanı, cavabdeh isə fərdi sahibkar kimi qeydiyyatdan keçmiş fiziki şəxsdir. Iddia tələbi özbaşına tutulduğu iddia edilən meşə fondu torpağından istifadəyə xitam verilməsi, həmin ərazidə inşa edilmiş tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılması və təhvil verilməsi ilə bağlı əşya hüququndan irəli gələn tələblərdən ibarətdir.
16. X2 25-ci bəndində də qeyd edildiyi kimi, müqavilə öhdəliklərindən irəli gələn münasibətlərdən fərqli olaraq, əşya hüququ və delikt münasibətlərindən yaranan mübahisələr, hətta tərəflər sahibkarlıq subyektləri olduqda belə, mahiyyət etibarilə iqtisadi xarakter daşımadığından onların ümumi məhkəmələr tərəfindən baxılması tələb olunur. Bu səbəbdən hazırkı mübahisə kommersiya mübahisəsi kimi qiymətləndirilə bilməz.
17. Gədəbəy Rayon Məhkəməsinin mübahisəni sahibkarlıq subyektlərinin fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar mübahisə kimi qiymətləndirməsi işin hallarına və tətbiq edilməli hüquq normalarına uyğun deyildir.
18. Iş materiallarında mübahisə predmeti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hüquq münasibətlərindən irəli gəldiyini təsdiq edən hər hansı sübut mövcud deyildir.
19. Qarışıq məhkəmə tərkibi göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 403-1.7 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq
QƏRARA ALDI:
İddiaçının cavabdehə qarşı “meşə fondu ərazisində olan tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.