Məhkəmə qərarları › İş №2-2(3-8)-21/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-8)-21/2026

29.04.2026 · Sair işlər - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2-2(3-8)-21/2026 29.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Dəmirov Ilqar Kamal oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, Iddiaçı İddiaçı nümayəndəsi nümayəndə3, cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi və vəkili nümayəndə1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “tikililərin sökülməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e- *-*(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI Işin halları:

1. Iddiaçı tərəfindən əlavə edilmiş ## ######## 2020-ci il tarixli arayışın məzmununa əsasən, Heydər Əliyev adına NEZ-dən ** saylı sahəyə (Güzdək) neft məhsulları nəql olunan Dş-500 mm. (dizel yanacağı) və Dş-300 mm. (reaktiv mühərrik yanacağı) neft boru kəmərləri 1993-cü ildə, “Azərikimya” IB-nin EtilenPolietilen Zavoduna neft məhsulları nəql olunan Dş-200 mm. (quru qaz), Dş-250 mm. (nafta) neft boru kəmərləri isə 2011-ci ildə çəkilmiş və zavodun balansındadır. Arayışa neft boru kəmərlərinin texniki parametrlərini əks etdirən cədvəl əlavə edilmişdir.

2. Iddiaçı təşkilatın əməkdaşları tərəfindən tərtib edilərək imzalanmış ## ###### 2023-cü il tarixli aktın məzmununda qeyd edilmişdir ki, Heydər Əliyev adına NEZ-ə məxsus neft məhsulu nəql olunan Dş-200 mm neft boru kəmərinin mühafizə zonasının 0,5 metrliyində tikinti işləri aparılan əraziyə, Bakı-Quba yolunun 30-cu km ünvanına baxış keçirilərkən Cavabdeh MMC tərəfindən NEZ-ə aid boru xəttinin yaxınlığında “hasar” faktı aşkarlanmışdır. Həmin ərazidən Dş-250 mm neft boru kəmərinə paralel Dş-250 mm neft boru kəmərləri keçir.

3. Iddiaçı təşkilatın əməkdaşları tərəfindən tərtib edilərək imzalanmış ## ###### 2024-cü il tarixli aktın məzmununda qeyd edilmişdir ki, Abşeron rayonu, Qobustan kəndi, Quba-Rostov yolunun 33-cü kilometrliyində yerləşən ərazidə NEZ-ə məxsus neft məhsulları nəql olunan neft boru kəmərlərinin mühafizə zonasında Cavabdeh MMC tərəfindən 104 x 3 metr ölçülərdə mişar daşlarından hasar tikilisi, hasarın içəri tərəfindən çöl tərəfinə Dş-75 mm-lik plastik borudan istifadə etməklə kanalizasiya xəttinin çəkilməsi və hasara bitişik 8x6x3 metr ölçülərdə əlavə otaq tikilisinin inşa olunması aşkar edilmişdir. NEZ-in Istehsalat departamentinin istehsalat üzrə mühəndisi Süleyman Əliyev, SDM-in Mühəndislik və layihə departamentinin boru işləri üzrə böyük mühəndisi Suliddin Məmmədəliyev tərəfindən qeyd olunan ərazi barədə təqdim olunmuş aidiyyəti sənədlərə əsasən, sözügedən hasar tikilisi Heydər Əliyev adına NEZ-ə məxsus neft məhsulu nəql olunan Dş-250 mm (yeraltı) neft boru kəmərinin mühafizə zonasının 0,5 metrliyində, quraşdırılan kanalizasiya xətti (yeraltı) boru kəmərinin üzərində, hasara bitişik əlavə otaq tikilisi isə 33,6 metr məsafədə yerləşir. Bundan başqa, həmin ərazidən Dş-250 mm (yeraltı) neft boru kəmərinə paralel, Dş-350 mm (yeraltı) neft boru kəməri keçir.

4. Abşeron Rayon Icra Hakimiyyətinin ##.##.2024-cü il tarixli məktubu ilə iddiaçının Abşeron rayonu, Qobustan kəndi (39T X******.93; Y-4491802.** saylı koordinatlar) ərazisində Cavabdeh dəmirəritmə zavodu tərəfindən Heydər Əliyev adına NEZ-in yeraltı DŞ-350 mm-lik quru qaz və DŞ 250 mm-lik nafta xətlərinin mühafizə zonasında aparılan qeyri-qanuni hasar tikinti işləri barədə məktubuna cavab olaraq bildirilmişdir ki, qeyd olunan ünvanda aparılan tikinti işlərinə dair Abşeron RIH tərəfindən heç bir icazə sənədi verilməmişdir. Qeyd olunan ünvanlara baxış keçirilmiş, aparılan tikinti işləri dayandırılmış, tikinti işlərinə dair icazəverici sənədlər əldə olunanadək inşaat işlərinin aparılmasının mümkünsüzlüyü barədə tikinti sahiblərinə xəbərdarlıq olunmuşdur və qanunsuzluğun təkrarlanmasına yol verilməməsi üçün ünvanlar nəzarətə götürüldüyü, aparılan qeyriqanuni tikinti işləri barəsində hüquq-mühafizə orqanlarına məlumat verildiyi göstərilmişdir.

5. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış ## ###### 2023-cü il tarixli *-**-*/*-*****/**** nömrəli məktubda “Heydər Əliyev adına NEZ 3 və * saylı istehsalatlarından Sumqayıt “Azərkimya” IB-yə gedən DŞ-200 mm-lik quru qaz və DŞ-250 mm-lik nafta xətlərinin mühafizə zonasında Abşeron rayonu, Qobustan kəndi ərazisində Cavabdeh MMC tərəfindən qanunsuz tikinti işlərinin aparılması müraciətə baxıldığı, sözügedən tikiliyə tikintiquraşdırma işlərinin aparılmasına icazə sənədi olmadığına görə tikinti işlərinin dayandırılması barədə Agentlik tərəfindən ## ###### 2023-cü il tarixli 0010 və ## ####### 2023-cü il tarixli **** saylı “Qərar”lar verildiyi və işlərin dayandırıldığı qeyd olunmuşdur.

6. “xxxx” publik hüquqi şəxsinin * saylı Sumqayıt Ərazi Idarəsi tərəfindən məhkəməyə ünvanlanmış ## ###### 2025-ci il tarixli *-**-*-**/*-***/**** nömrəli və ## ###### 2025-ci il tarixli 3-21-3- **/*-***/**** nömrəli məktublara texniki baxış zamanı tərtib olunmuş müayinə (baxış) aktı, koordinatlar və ortofoto qoşma edilərək məhkəməyə təqdim olunmuşdur.

7. “xxxx” MMC tərəfindən məhkəməyə təqdim edilmiş ## ###### 2025-ci il tarixli **/GM/*** nömrəli mütəxəssis rəyindən görünür ki, hasar ilə istismar olunan yeraltı DŞ-300 mm-lik quru qaz və DŞ-250 mm-lik nafta xətlərinin ən yaxın hissəsi arasında olan məsafə 2,54 metr, ən uzaq hissəsinə qədər olan məsafə isə 6,6 metr olaraq müəyyənləşdirilmiş, mühafizə otağından, yəni 1-ci sualda qeyd olunan 8x6x3 (faktiki olaraq 6x8,3x3) metr ölçülərdə inşa edilmiş tikilidən (otaqdan) boru xəttinə qədər olan ən yaxın məsafə 32,54 metr olaraq müəyyənləşdirilmiş, eyni zamanda Abşeron rayonu, Qobustan kəndi, Bakı- Quba yolunun 30-cu kilometrliyində yerləşən, cavabdeh Cavabdeh MMC tərəfindən inşa edilmiş hasarın 170 metr uzunluğa malik hissəsinin, həmçinin hasara bitişik olmaqla inşa edilmiş mühafizə otağı və ona bitişik digər köməkçi otağın tamamının, əlavə həmin tikililərə yanaşı olaraq uzanan tikilinin 30 kvadratmetrlik hissəsinin Heydər Əliyev adına NEZ-in 3 və * nömrəli istehsalatlarından Sumqayıt “Azərkimya” IB-nə paralel gedən yeraltı DŞ-300 mm-lik qum qaz və DŞ-250 mm-lik nafta xətlərinin mühafizə zonasında yerləşməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat:

8. Iddiaçı cavabdehə qarşı “tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh MMC tərəfindən Heydər Əliyev adına NEZ-in 3 və * saylı istehsalatlarından Sumqayıt “Azərkimya” IB-yə gedən DŞ-200 mm-lik quru qaz və DŞ-250 mm-lik nafta xətlərinin mühafizə zonasında yerləşən hasarın sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC tərəfindən Heydər Əliyev adına NEZ-in 3 və * saylı istehsalatlarından Sumqayıt “Azərkimya” IB-yə paralel gedən yeraltı Dş-350 mm-lik quru qaz və Dş 250 mm-lik nafta xətlərinin mühafizə zonasında 0,5 metrlikdə hasar çəkilməsi faktı ilə bağlı iddiaçıya məlumat daxil olduqdan sonra ## ###### 2023-cü il tarixdə sözügedən ünvana komissiya üzvlərinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı iddiaçıya məxsus Dş-200 mm-lik quru qaz və Dş-250 mm-lik nafta xəttinin mühafizə zonasında kəmərdən təqribən 0,5 metr aralı məsafədə Cavabdeh MMC tərəfindən qanunsuz olaraq hasar tikilməsi faktı öz təsdiqini tapmışdır. Qanunvericiliyin tələbinə görə, mühafizə zonasında Energetika Nazirliyinin və X3 Dövlət Agentliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan tikinti işlərinin aparılması qadağan olduğundan tikilinin könüllü olaraq sökülməsi məqsədilə iddiaçı tərəfindən cavabdehə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada həll edilməsi haqqında ## ###### 2024-cü il tarixli **-*-**/*-***/**** nömrəli məktub ünvanlanmışdır. Həmin məktubda iddiaçıya məxsus neft məhsulu nəql olunan neft boru kəmərinin mühafizə zonasında kəmərdən təqribən 0,5 metr aralı məsafədə cavabdeh tərəfindən qanunsuz olaraq tikilmiş hasarın 10 gün müddətində sökülməsi xahiş olunmuş və həmin müddətdə qanunsuz tikilmiş hasarın sökülməyəcəyi təqdirdə, həmin tikilinin sökülməsi barədə məhkəməyə müraciət olunacağı cavabdehin nəzərinə çatdırılmışdır. Məktubun göndərilməsindən xeyli vaxt keçməsinə baxmayaraq, cavabdeh tərəfindən hasarın sökülməsi istiqamətində hər hansı tədbir həyata keçirilməmişdir. Iddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. Ilk olaraq boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneəçilik törədir. Bütün bunlar nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir.

10. Iddiaçının nümayəndəsi ## ###### 2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfindən hazırki iddia tələbi ilə məhkəməyə müraciət olunduqdan sonra - ## ###### 2024-cü il tarixdə keçirilən baxış zamanı iddiaçıya məxsus neft məhsulu nəql olunan Dş-250 mm-lik (yeraltı) neft boru kəmərinin mühafizə zonasında, kəmərdən təqribən 33,6 metr aralı məsafədə hasara bitişik 8x6x3 metr ölçülərdə əlavə otaq tikilisinin inşa olunması faktının aşkar olunduğunu, bu barədə ## ###### 2024-cü il tarixli akt tərtib edildiyini, buna görə də iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yarandığını qeyd etmişdir. Iddiaçı cavabdeh Cavabdeh MMC tərəfindən Heydər Əliyev adına NEZ-in 3 və * saylı Istehsalatlarından Sumqayıt “Azərkimya” IB-yə gedən Dş-200 mm-lik quru qaz və Dş-250 mmlik nafta xətlərinin mühafizə zonasında, kəmərdən təqribən 0,5 metr aralı məsafədə tikilmiş hasarın və həmin boru xətlərindən təqribən 33,6 metr aralı məsafədə mühafizə zonasında 8X6X3 metr ölçülərdə tikilmiş qanunsuz tikilinin sökülməsi, məhkəməyə iddia ərizəsi ilə müraciət edilən zaman ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun və mütəxəssis rəyinin alınması üçün ödənilmiş 95 (doxsan beş) manat məbləğində xidmət haqqının əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)- **/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Cavabdeh MMC tərəfindən iddiaçı Heydər Əliyev adına NEZ-in 3 və * saylı Istehsalatlarından Sumqayıt “Azərkimya” IB-yə gedən Dş-200 mm-lik quru qaz və Dş-250 mm-lik nafta xətlərinin mühafizə zonasında (Abşeron rayonu, Qobustan kəndi, Bakı-Quba yolunun 30-cu kilometrliyində) inşa edilmiş hasar və mühafizə zonasında inşa edilmiş 8x6x3 metr ölçülərdə tikilinin sökülməsi, cavabdeh Cavabdeh MMC-dən mütəxəssis rəyinin alınması ilə əlaqədar ödənilmiş 95 (doxsan beş) manat məbləğində xidmət haqqının və 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 195 (yüz doxsan beş) manat məbləğində pul vəsaitinin iddiaçı Heydər Əliyev adına NEZ-in xeyrinə tutulması, iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaitinin cavabdeh Cavabdeh MMC-dən “xxxx” MMC-nin xeyrinə tutulması qət edilmişdir.

12. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və apellyasiya şikayətinə etirazın dəlilləri:

13. Cavabdeh Cavabdeh MMC birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslandırdığı hüquqi aktlara istinad edərək apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sözügedən normalarda “mühafizə zonasının” müəyyənləşdirilməsi qaydaları magistral neft kəmərləri üçün nəzərdə tutulub, nafta kəmərləri üçün şamil oluna bilməz. Əlavə olaraq, quru qaz kəmərləri də bu Qaydaların tətbiq dairəsinə daxil deyil. Bu baxımdan məhkəmənin qətnaməsi normativ hüquqi aktın tətbiq dairəsinin düzgün müəyyən edilməməsi səbəbindən əsassızdır və ləğv olunmalıdır. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, hasar çəkilərkən və tikinti inşa edilərkən bu qərarda nəzərdə tutulmuş mühafizə zonasının hesab edilməsi barədə tələbə riayət edilməmişdir. Lakin, nəzərə alınmalıdır ki, məhkəmə qərarının istinad etdiyi normativ hüquqi akt - Istismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları- yalnız ixrac məqsədli xam neft kəmərlərinə şamil olunur. Qaydaların 1.2-ci maddəsində açıq şəkildə göstərilir ki, bu qaydalar yalnız ixrac neft boru kəmərlərı və onlarla bağlı nasos stansiyaları, neft anbarları və digər texnoloji obyektlər üçün nəzərdə tutulub. Işin materiallarından məlum olur ki, nəzərdə tutulan boru kəmərləri nafta (emal olunmuş neft) və quru qaz kəmərləridir. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Heydər Əliyev adına NEZ tərəfindən təqdim edilən ##.##.2020-ci il tarixli arayışdan və Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Heydər Əliyev adına NEZ-in (qeydiyyat № ***) balansında olan daşınmaz dövlət əmlakı haqqında ## ### 2021-ci il tarixli registrdən çıxarışdan da görünür ki zavodun balansında olan kəmərlər nafta və qaz kəmərləridir. Sözügedən sənədlərdən, boru kəmərlərinin nafta və quru qaz üçün istifadə olunduğu açıq-aydın görünür. Nafta (emal olunmuş neft) və quru qaz ixrac neft (xam neft) kateqoriyasına daxil deyillər və texniki xüsusiyyətlərinə görə bu Qaydaların tətbiq dairəsinə aid edilmir. Beləliklə, məhkəmə tərəfindən tətbiq olunan mühafizə zonası tələbləri xam neftin nəqli üçün müəyyən edilmiş texniki və təhlükəsizlik tədbirlərinə əsaslanır, nafta və quru qaz boru kəmərlərinə birbaşa tətbiq edilə bilməz. Cavabdeh MPM-in 88 və 97.1-ci maddələrinə istinad edərək bildirmişdir ki, hasar və tikilinin mühafizə zonasında yerləşib-yerləşmədiyinin müəyyən edilməsi xüsusi texniki bilik tələb edən məsələ deyildir, boru kəmərlərinin hüquqi statusunun, onların mühafizə zonasının mövcudluğunun və sərhədlərinin müəyyən edilməsi normativ hüquqi aktların tətbiqi və hüquqi qiymətləndirmə ilə bağlıdır və bu məhkəmənin müstəsna səlahiyyətinə aid olan hüquqi məsələdir. Əlavə olaraq qeyd edilməlidir ki, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi də məhz ekspertiza qarşısında qoyulan tapşırıqdan “xüsusi bilik tələb etməməklə hər hansı tədqiqat metodu ilə həll edilmir və tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid deyildir” əsası ilə imtina etmişdir. Bununla yanaşı bildirmişlər ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iki dəfə “xüsusi bilik tələb etmir” əsası ilə imtina edilmiş ekspertizanın keçirilməsi məhkəmə tərəfindən çıxış yolu tapmaq məqsədilə özəl ekspertiza mərkəzinə həvalə edilmişdir. Lakin sözügedən özəl ekspertiza mərkəzinin hansı meyarlar və ya hansı metod əsasında seçildiyi iş materiallarında əks olunmamışdır. Lakin məhkəmənin qətnaməsindən göründüyü kimi, məhkəmə mütəxəssis rəyini faktiki olaraq həlledici sübut kimi qəbul etmiş, mütəxəssis rəyində əks olunmuş hüquqi xarakterli nəticələri müstəqil hüquqi qiymətləndirmə aparmadan əsas götürmüşdür. Məhkəmə, mütəxəssis rəyində Nazirlər Kabinetinin qərarına istinad edilməklə boru kəmərlərinin mühafizə zonasında yerləşdiri barədə nəticəni qəbul etməklə, həmin normativ hüquqi aktların bu konkret hüquqi münasibətlərə şamil edilib-edilməməsi məsələsini özü araşdırmamış və hüquqi qiymətləndirmə aparmamışdır. Bu isə məhkəmə tərəfindən sübutlara hərtərəfli və tam qiymət verilmədiyini, habelə mütəxəssis rəyinə qabaqcadan müəyyən edilmiş sübut quvvəsi verildiyini göstərir.

14. Iddiaçı apellyasiya şikayətinə etiraz ünvanlamış və AR NK-nın ## ###### 2004cu il tarixli *** nömrəli qerarı ilə təsdiq ediImiş "Istismar olunan ixrac neft boru kəmərlərinin "Mühafizə Zonası"nın müəyyəniləşdirilməsi Qaydaları"nın 1.2, 4.1, 6.1-cı bəndlərinə, AR Torpaq Məcəlləsinin 22, 111-ci maddələrinə, "Texniki təhlükəsizlik haqqında" ##.##.1999-cu il tarixli AR Qanununun 2-ci maddəsinə, həmin Qanunun əlavəsinə, AR NKnın 2025-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş "Təhlükə potensiallı obyektlərin siyahısı"na, Mülki Məcəllənin 152.5, 180.4, 240.1-ci maddələrinə istinad etməklə qeyd etmişdir ki, cavabdeh Abşeron rayonu, Qobustan kəndi, Bakı-Quba yolunun 30-cu kilometrliyində tikililəri inşa edərkən qanunvericilikde müəyyən ediImiş məhdudiyyəti nəzərə almamış, əhali və ətraf mühit üçün təhükə yaradan təhlükə potensiallı obyekt hesab edilən iddiaçının balansında olan D-200 mm-Iik quru qaz və D-250 mm-Iik nafta boru xətlərinin oxlarının hər tərəfindən mühafizə zonası kimi müəyyən ediImiş 50 metrllk məsafəni pozaraq tikililər inşa etməklə qanunvericillyin istinad edilen normalarının tələblərini pozmuşdur. Qeyd olunanlara əsasən, iddiaçı cavabdeh Cavabdeh MMC tərəfindən veriImiş apellyasiya şikayətinin təmin edilməməsini və Sumqayıt Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə prosesi iştirakçılarının izahatları:

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi və vəkili nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi nümayəndə3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 22. Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar

1. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır.

2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.

3. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.

4. Təsərrüfat dövriyyəsindən çıxarılan torpaq sahələri xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq müəssisələrə verilir və ya ehtiyat fondu torpaqlarına aid edilir.

5. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir.

18. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1 Əhali və ətraf mühit üçün təhlükə yaradan (Əlavə 1-də göstərilən) təhlükəli maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadəsi və ləğvi ilə məşğul olan, həmçinin radioaktiv və ionlaşdırıcı şüa mənbələrinə, partlayış və digər qəza təhlükəli tikililərə, qurğulara və avadanlıqlara malik istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir. Həmin Qanuna əlavə edilmiş “Əlavə 1”in 6-cı bəndinə əsasən, neftqazçıxarma sənayesi (magistral neft-qaz boru kəmərlərini daxil etməklə) və geoloji kəşfiyyat işləri təhlükə potensiallı istehsal obyektləri kateqoriyasına aiddir.

19. Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin ## ###### 2002-ci il tarixli 45№-li əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən “03” yanvar 2003-cü il tarixdə qeydə alınmış (Qeydiyyat N ****) hazırda qüvvədə olan “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”:

1. Ümumi müddəalar. 1.1. Bu qaydaların tələbləri Azərbaycan Respublikasının ərazisində yerləşən magistral neft kəmərlərinin obyektlərində (beynəlxalq sazişlərlə müəyyən olunmuş obyektlər istisna olunmaqla) neft nəqli ilə bağlı fəaliyyət göstərən hüquqi şəxslər üçün məcburidir. 1.2. Bu Qaydaların şamil edildiyi magistral boru kəmərlərinə aşağıdakılar daxildir: - lupinq və qollardan ibarət kəmər (mədəndən çıxan və hazır məhsulu uzaq məsafəyə ötürən), bağlayıcı armaturlar, təbii və süni maneələrdən keçən, neftvurma stansiyalarına qoşulan qovşaq vasitələri, neftin nəql edilməsi üçün nəzərdə tutulan kompleksli avadanlıqlarla təchiz edilən yeraltı, torpaqüstü və yerüstü xətti hissə, metanolu daxil edən qurğularla birlikdə boru kəmərləri;

6. Magistral neft boru kəmərlərinin mühafizə zonaları və istismarı. Ümumi tələblər 6.1. Magistral neft boru kəmərlərinin istismarı, əsaslı təmir olunan, genişləndirilən, texniki cəhətdən yeniləşdirilən və sınaq işini, “magistral neft boru kəmərlərinin texniki istismarı qaydaları”, “magistral neft boru kəmərlərinin istismarı zamanı yanğın təhlükəsizliyi qaydaları” və yeraltı boru kəmərlərinin əsaslı təmir qaydalarının tələblərinə uyğun olaraq aparmaq lazımdır. 6.2. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə “Magistral neft boru kəmərlərinin təhlükəsizlik qaydaları”nın tələblərinə cavab verən mühafizə zonası təyin edilir. 6.3. Boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. ... Çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; Neft və neft məhsullarının, kondensatlarının, sıxılmış qarışıqların qəza vəziyyətində axıdılması üçün torpaq anbarlarının əhatəsində göstərilən obyektlərin ərazisinin sərhədlərindən hər tərəfə 50 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır. 6.7. Boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri;

20. Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirinin 2010-cu il ## #### tarixli ** saylı əmri ilə təsdiq edilmiş və ##.##.2010-cu ildən ##.##.2015-ci ilədək olan müddətdə qüvvədə olmuş “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik qaydaları”nın: 4.1.2-ci bəndinə əsasən MNK-nın marşrutu boyunca-boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; -çoxxətli MNK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; * kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır; 4.1.3-cü bəndinə əsasən, “Mühafizə zonasında” Sənaye və Energetika Nazirliyinin və ARDNŞ-nin (istismarçı təşkilatın rəyini almaqla) rəsmi icazəsi olmadan aşağıdakıların edilməsi qadağandır: - bina və qurğuların tikintisi;

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il # ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Istismar olunan ixrac neft boru kəmərlərinin "Mühafizə Zonası"nın müəyyənləşdirilməsi Qaydaları"nın: 3.1. Bu normativ sənəddə aşağıdakı terminlər, təriflər və ixtisarlar işlədilir: Terminlər və təriflər Magistral qaz kəməri – yanar qazları çıxarılan yerdən işlədici məntəqələrə nəql etmək üçün boru kəmərləri və köməkçi qurğular kompleksi Magistral neft kəməri – nefti çıxarıldığı yerdən uzaq məsafədə yerləşən emal yerlərinə nəql etmək üçün kompleks qurğu. 6.1-ci bəndinə görə “Mühafizə Zonası”nda Energetika Nazirliyinin və X3 Dövlət Agentliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan aşağıdakılar üzrə işlərin edilməsi qadağandır. bina və qurğuların tikintisi;

22. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin ## ##### 2023cü il tarixli 20/01-*** №-li Qərarı ilə təsdiq edilmiş “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”: Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.2. Neft və neft məhsulları üçün magistral boru kəməri: qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun olaraq tikilmiş, neftin (neft məhsulunun) qəbul məntəqələrindən alıcıya (istehlakçıya) təhvil vermə məntəqələrinə nəqli, başqa nəqliyyat növünə ötürülməsi və (və ya) saxlanması üçün nəzərdə tutulmuş, onun ayrılmaz texnoloji hissəsi olan qarşılıqlı əlaqəli obyektlərdən ibarət, texnoloji cəhətdən bölünməyən, mərkəzləşmiş qaydada idarə olunan əmlak istehsal kompleksidir. 6.1. Magistral neft kəmərlərinin mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları 6.1.1. MNK-nin istismarı üçün şərait yaratmaq və onların çəkiliş üsulundan asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: MNK-nin marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; çoxxətli MNK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; 6.2. Magistral neft kəmərlərinin mühafizə zonasında işlərin aparılması 6.2.1. “Mühafizə Zonası"nda Azərbaycan Respublikasının Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) razılığı olmadan aşağıdakılar üzrə işlərin edilməsi qadağandır: - bina və qurğuların tikintisi;

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları 2.7. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. 2.11. Boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır. Boru kəmərlərinin mühafizə zonasında iş aparılmasına yazılı şəkildə icazə almış hüquqi və fiziki şəxslər, boru kəmərlərinin mühafizəsini təmin edən şərtlərə əməl etməyə borcludurlar. Boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən Dövlət Neft Şirkətinin yerli orqanları tərəfindən təyin edilir və müvafiq icra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. 6.2.1. “Mühafizə Zonası"nda Azərbaycan Respublikasının Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) razılığı olmadan aşağıdakılar üzrə işlərin edilməsi qadağandır: - bina və qurğuların tikintisi; “Mühafizə Zonası"nda bu Qaydaların 6.2.1-ci bəndində göstərilmiş işlərin aparılması üçün fiziki və hüquqi şəxslər bu işləri boru kəmərlərinin mühafizəsini təmin edən şərtlərə riayət etməklə, həmin bəndin ikinci abzasında göstərilmiş işlərin aparılması aidiyyəti üzrə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırma əsasında həyata keçirməlidirlər. Bu şərtlər Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən müəyyən edilir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Təhlükə potensiallı obyektlərin Siyahısı

12. magistral boru kəmərləri sahəsi üzrə: 12.1. neft, qaz boru kəmərləri və onların üzərindəki qurğu və avadanlıqlar

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 64. Işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 207.1. Zəruri hallarda yazılı və ya maddi sübutları müayinə edərkən, səsyazmaları dinləyərkən, videoyazılara baxarkən, ekspertiza təyin edərkən, şahidləri dindirərkən, sübutların təmini üçün tədbirlər görərkən məhkəmə məsləhət, şərh və bilavasitə texniki kömək göstərmək üçün (şəkil çəkmək, plan və sxem tərtib etmək, ekspertiza üçün nümunələr seçmək, əmlakı qiymətləndirmək və s.) işə mütəxəssis cəlb edə bilər. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

26. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Cavabdehin apellyasiya şikayətinin əsas dəlilləri odur ki, birinci instansiya məhkəməsinin qətnaməsində istinad edilmiş “mühafizə zonasının” müəyyənləşdirilməsinə dair qaydalar magistral neft kəmərləri üçün nəzərdə tutulub, nafta kəmərləri və quru qaz kəmərləri bu Qaydaların tətbiq dairəsinə daxil deyil. Eləcə də, “Istismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası” nın müəyyənləşdirilməsi Qaydaları” yalnız ixrac məqsədli xam neft kəmərlərinə şamil olunur.

28. Kollegiya cavabdehin apellyasiya şikayətinin müvafiq dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, “Istismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası” nın müəyyənləşdirilməsi Qaydaları”na əsasən neft və neft məhsulları üçün magistral boru kəməri dedikdə qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun olaraq tikilmiş, neftin (neft məhsulunun) qəbul məntəqələrindən alıcıya (istehlakçıya) təhvil vermə məntəqələrinə nəqli, başqa nəqliyyat növünə ötürülməsi və (və ya) saxlanması üçün nəzərdə tutulmuş, onun ayrılmaz texnoloji hissəsi olan qarşılıqlı əlaqəli obyektlərdən ibarət, texnoloji cəhətdən bölünməyən, mərkəzləşmiş qaydada idarə olunan əmlak istehsal kompleksi başa düşülür. Bu Qaydaların 3.1-ci maddəsində qeyd olunan təriflərə əsasən magistral qaz kəməri – yanar qazları çıxarılan yerdən işlədici məntəqələrə nəql etmək üçün boru kəmərləri və köməkçi qurğular kompleksidir. Beləliklə, “magistral neft kəmərləri” anlayışı təkcə xam nefti deyil, neft məhsulları (nafta, dizel yanacağı, quru qaz) nəql edən kəmərləri də əhatə edir.

29. Nazirlər Kabinetinin 2025-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı obyektlərin Siyahısı”nın 12.1-ci bəndində neft, qaz boru kəmərləri və onların üzərindəki qurğu və avadanlıqlar təhlükə potensiallı obyektlərə aid edilmişdir. Fövqəladə Hallar Nazirliyinin ## ##### 2023-cü il tarixli 20/01-*** №-li Qərarı ilə təsdiq edilmiş “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.1-ci bəndinə görə MNK-nin istismarı üçün şərait yaratmaq və onların çəkiliş üsulundan asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə mühafizə zonaları MNK-nin marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır.

30. Qeyd olunan normalardan aydın olur ki, “mühafizə zonası” yalnız ixrac neft boru kəmərlərinə deyil, bütün magistral neft və qaz boru kəmərlərinə şamil olunur. “Istismar olunan ixrac neft boru kəmərlərinin ‘Mühafizə Zonası’nın müəyyənləşdirilməsi Qaydaları” yalnız istismar olunan ixrac neft boru kəmərlərinə (Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəmərləri istisna olmaqla) şamil edilsə də, digər magistral neft və qaz boru kəmərləri üçün də ayrıca mühafizə zonaları nəzərdə tutulur və bu zonaların tətbiqi yuxarıda qeyd olunan normativ-hüquqi aktlarla tənzimlənir.

31. Cavabdeh apellyasiya şikayətində onu da qeyd etmişdir ki, hasar və tikilinin mühafizə zonasında yerləşib-yerləşmədiyinin müəyyən edilməsi xüsusi texniki bilik tələb edən məsələ deyil, lakin məhkəmə mütəxəssis rəyini faktiki olaraq həlledici sübut kimi qəbul etmiş, mütəxəssis rəyində əks olunmuş hüquqi xarakterli nəticələri müstəqil hüquqi qiymətləndirmə aparmadan əsas götürmüşdür. Bununla bağlı kollegiya qeyd edir ki, mütəxəssis rəyində yalnız tikililərin kəmərlərə olan məsafələrini və onların ərazi üzərində yerləşməsini müəyyən etmişdir. Məhkəmə məhz həmin faktiki rəyə əsasən, qətnamədə qeyd olunan qanunvericilik normalarını tətbiq edərək həmin tikililərin mühafizə zonası daxilində yerləşməsi nəticəsinə gəlmişdir. Işə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi də öz izahatında hasar və tikilinin nafta və quru qaz kəmərlərindən 50 metrlik məsafədə yerləşməsini inkar etmədiklərini bildirmişdir. Beləliklə bu işin mübahisəsiz halıdır.

32. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh Abşeron rayonu, Qobustan kəndi, Bakı-Quba yolunun 30-cu kilometrliyində tikililəri inşa edərkən qanunvericilikdə müəyyən edilmiş məhdudiyyəti nəzərə almamış, əhali və ətraf mühit üçün təhlükə yaradan təhlükə potensiallı obyekt hesab edilən iddiaçının balansında olan, Dş- 200 mm-lik quru qaz və Dş-250 mm-lik nafta boru xətlərinin oxlarının hər tərəfindən mühafizə zonası kimi müəyyən edilmiş 50 metrlik məsafəni pozaraq tikililər inşa etməklə qanunvericiliyin istinad edilən normalarının tələblərini pozmuşdur. Bu qərarın 18-24-cü bəndlərində istinad olunmuş normativ hüquqi aktlarda boru kəmərlərinin mühafizə zonasında tikinti-quraşdırma, abadlaşdırma işlərinin yalnız müvafiq qurumların icazəsi (razılığı) ilə həyata keçirilməli olması nəzərdə tutulmuşdur. Odur ki, cavabdehin istismarda olan nafta və quru qaz kəmərlərinin mühafizə zonasında tikinti işlərini aparması qanuna zidd olmuşdur.

33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, işə baxan birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar