Məhkəmə qərarları › İş №2-2(1-8)-198/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-198/2026

11.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-198/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı Azərbaycan Respublikası XXX cavabdeh Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına (LPO Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşı iş üzrə QƏRARİ Açar sözlər: girov predmetinin ilkin satış qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçı Azərbaycan Respublikası XXX cavabdeh Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı (LPO Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) “borcun girova yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. Azərbaycan Respublikası XXX ilə borcalan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC arasında 3 ədəd kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilələr aşağıdakı kimidir: - 2013-cü il ## ##### tarixli, KBQ **-**** nömrəli krеdit müqaviləsinə əsasən borcalana 2014-cü il ## ##### tarixədək, illik 4,75% dərəcəsi ilə 20.000.000 manat məbləğində; - 2013-cü il # #### tarixli KBQ**-**** nömrəli kredit müqaviləsinə əsasən borcalana 360 gün müddətinə illik 4,75% olmaqla 10.000.000,00 manat məbləğində; - 2013-cü il # #### tarixli KBQ**-**** nömrəli kredit müqaviləsinə əsasən borcalana 31 gün müddətinə illik 4,75% olmaqla 20.000.000,00 manat məbləğində kredit verilmişdir.

2. Sonradan hər 3 kredit müqaviləsinə dair 2014-cü il ## ###### tarixli əlavələr bağlanmış, əlavələrə görə kreditlərin faiz dərəcəsi 3,8%-ə endirilmiş, habelə kreditlərin ödənilmə vaxtı uzadılaraq 2015-ci il # ##### tarixinədək müəyyənləşdirilmişdir.

3. Qeyd olunan kredit müqavilələrinin təminatı kimi Azərbaycan Respublikası Mərkəzi Bankı ilə Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında GBQ**-**** nömrəli, 2015-ci il ## #### tarixli girov müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Filiala məxsus olan “DREKO Skidding” markalı qazma qurğusu Azərbaycan Respublikası Mərkəzi Bankı qarşısında girovla yüklü edilmişdir. Girov predmeti tərəflər arasında 39.000.000 ABŞ dolları dəyərində qiymətləndirilmişdir.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

4. Iddiaçı Azərbaycan Respublikası XXX (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına (bundan sonra – “cavabdeh”) qarşı (LPO Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla - (bundan sonra – “üçüncü şəxs”)) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxsin 2013cü il ## ##### tarixli KBQ**-**** nömrəli kredit müqaviləsi üzrə 20.000.000 manat əsas, 2.040.916,64 manat faiz borcu olmaqla, ümumilikdə 22.040.916,64 manat, 2013-cü il # #### tarixli KBQ**-**** nömrəli kredit müqaviləsi üzrə 2.817.958,3 manat əsas və 2013-cü il # #### tarixli KBQ**-**** nömrəli kredit müqaviləsi üzrə 20.000.000 manat əsas, 2.083.548,20 manat faiz borcu olmaqla, ümumilikdə 22.083.548,20 manat kredit borcunun ödənilməsi üçün tutmanın cavabdehə məxsus “Dreko Skidding” markalı qazma qurğusuna yönəldilməsi, girov predmetinin ilkin satış qiyməti göstərilməklə üçüncü şəxsin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına üçüncü şəxsin qeyd olunan kredit müqavilələri üzrə Mərkəzi Bank qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Iddiaçı sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, üçüncü şəxsin 2013-cü il ## ##### tarixli, KBQ**-**** nömrəli kredit müqaviləsi üzrə 10.769.916,64 manat əsas, 2013-cü il # #### tarixli, KBQ**-**** nömrəli kredit müqaviləsi üzrə 2.817.958,30 manat əsas və 2013-cü il # #### il tarixli, KBQ**-**** nömrəli kredit müqaviləsi üzrə 19.406.048,20 manat əsas borc olmaqla, ümumilikdə 32.993.923,14 manat kredit borcunun ödənilməsi üçün tutmanın cavabdehə məxsus “Dreko Skidding” markalı qazma qurğusuna yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Iddia onunla əsaslandırılmışdır ki, * saylı Bakı Inzibati Iqtisadi Məhkəməsinin 2016-cı il # ###### tarixli *-*(**)-****/**** nömrəli qərarı ilə üçüncü şəxs müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu qeyd edilən bankın ləğvedicisi kimi fəaliyyətə başlamışdır. Hazırda bank barəsində iflas prosedurunun həyata keçirilməsi davam etdirilir. Göstərilən kredit müqavilələri üzrə qalıq borc məbləği həcmində iddiaçının kreditor tələbləri üçüncü şəxsin ləğvedicisinə 2016-cı il # ###### tarixli, **- *****-**** nömrəli məktubla təqdim edilməsinə və bu tələblərin ləğvedici tərəfindən qeydə alınmasına baxmayaraq, bankın vəsaitinin olmaması səbəbindən borcun ödənilməsi indiyə kimi mümkün olmamışdır. Üçüncü şəxsin hazırkı günə iddiaçı qarşısında kredit müqavilələri üzrə faiz borcları “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq 2016-cı il # ###### tarixinədək, yəni bankın iflası barədə məhkəmə qərarı qüvvəyə mindiyi günədək hesablanmışdır.

7. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli, e-*-*(***)-**/**** saylı qətnaməsi ilə iddia təmin edilmiş, kredit müqavilələri üzrə tələb edilən borcların ödənilməsi üçün tutmanın cavabdehə məxsus “Dreko Skidding” markalı qazma qurğusuna ilkin satış qiyməti 664.765 manat müəyyən edilməklə yönəldilməsi, cavabdehdən 100 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 manat ekspertiza xərcinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim – Ü.Həsənova).

8. Məhkəmə qeyd etmişdir ki, işin araşdırılan hallarından ləğv prosesində olan üçüncü şəxsin 2013-cü il ## ##### tarixli KBQ**-**** nömrəli kredit müqaviləsi üzrə 10.769.916,64 manat əsas, 2013-cü il # #### tarixli KBQ**-**** nömrəli kredit müqaviləsi üzrə 2.817.958,30 manat əsas və 2013-cü il 2 iyul tarixli KBQ**-**** nömrəli kredit müqaviləsi üzrə 19.406.048,20 manat əsas borcu olmaqla, ümumilikdə 32.993.923,14 manat kredit borcunun olması müəyyən edilmişdir.

9. Odur ki, iddia təmin edilməli, göstərilən borcların ödənilməsinin təmin edilməsi məqsədilə tutma cavabdehə məxsus “Dreko Skidding” markalı qazma qurğusuna yönəldilməlidir. Məhkəmə hesab etmişdir ki, girov predmetinin ilkin satış qiyməti “xxxx" MMC-nin 2024-cü il # ##### tarixli, */***** saylı mütəxəssis rəyinə uyğun müəyyən edilməlidir. Belə ki, girov müqaviləsi 2015-ci il ## #### tarixdə bağlanmış, həmin tarixdən sonra onun qiymətləndirilməsi aparılmamış, hazırkı vəziyyətdə olan bazar qiyməti mütəxəssis rəyi ilə 664.765 manat müəyyən edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 296.1, 317.1, 319.1, 319.5, 739.1, 739.2 və 741-ci, “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1, 34, 39.3, 41.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 217.1, 217.2 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

11. Üçüncü şəxs apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə üçüncü şəxsin apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən (əmlakın ilkin satış qiymətinə dair) hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – T.Qocayev, hakimlər-S.Cəfərov və E.Həsənov).

13. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, işin müəyyən edilən hallarına əsasən üçüncü şəxsin iddiaçıya üç müqavilə üzrə ümumilikdə 32.993.923,14 manat kredit borcunun olması müəyyən edilmiş, üçüncü şəxs borcun olmasını və miqdarını mübahisələndirməmişdir.

14. Iddiaçı, həmin borcun ödənilməsi üçün cavabdehlə aralarında bağlanmış GBQ**-**** nömrəli, 2015-ci il ## #### tarixli girov müqaviləsinə uyğun olaraq tutmanın cavabdehə məxsus “Dreko Skidding” markalı qazma qurğusuna yönəldilməsini xahiş etmişdir. Tərəflər arasında bağlanan 2015-ci il ## #### tarixli girov müqaviləsinin 1.2ci bəndinə əsasən girov predmeti 39.000.000 ABŞ dolları dəyərində qiymətləndirilmişdir. Işə birinci instansiya məhkəməsində baxılarkən mübahisə üzrə girov predmeti olan əmlakın bazar dəyərinin müəyyən edilməsi məqsədilə keçirilmiş qiymətləndirmədə qiymətləndirici təşkilat “xxxx” MMC 2024-cü il ## #### tarixli qiymətləndirmə hesabatında mübahisə predmeti olan qazma qurğusunun istifadəyə tam yararsız vəziyyətdə olduğunu, ağır korroziya prosesinə məruz qaldığını və dizel generatorlarının komplektsiz, yəni dağıdılmış halda olduğunu müəyyən etmişdir. Bu səbəbdən, həmin qurğunun bütün metal konstruksiyaları metal qırıntısı kimi qiymətləndirilmiş və onun bazar dəyəri 664.765 manat məbləğində müəyyən edilmişdir.

15. Daha sonra, üçüncü şəxsin müvafiq vəsatəti əsasında iş üzrə təkrar əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur. Lakin həmin qurum 2024-cü il # ####### tarixli məktubla ekspertizanın aparılmasından imtina etmişdir. Bundan sonra, yenə də üçüncü şəxsin vəsatəti əsasında növbəti dəfə təkrar qiymətləndirmə təyin olunmuş, bu dəfə qiymətləndirmə “Abak-Az Crowe” LTD-yə (üçüncü şəxsin istəyi ilə) həvalə edilmişdir. Lakin bu təşkilat da 2025-ci il ## #### tarixli məktubla qərardadın icrasının qeyri-mümkün olduğunu bildirmişdir.

16. Birinci instansiya məhkəməsi “xxxx” MMC-nin 2024-cü il ## #### tarixli rəyini əsas götürərək, mübahisələndirilən qətnamə üzrə girov predmeti olan əmlakın ilkin satış qiymətinin 664.765 manat olmasını qət etmişdir.

17. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi girov predmeti olan qazma qurğusunun dəyərinin müəyyən edilməsində yalnız qiymətləndiricinin rəyinə əsaslanmış, lakin tərəflər arasında bağlanmış girov müqaviləsinə və onun şərtlərinə hüquqi qiymət verməmişdir. Rəydə müəyyən edilmiş dəyər (664.765 manat) qazma qurğusunun müqavilədə nəzərdə tutulmuş dəyərindən təqribən 100 qat azdır, bu isə rəyin əsaslılığına ciddi şübhələr yaradır.

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə razılaşmamışdır. Belə ki, həqiqətən də girov müqaviləsində qazma qurğusunun dəyəri 39.000.000 ABŞ dolları olaraq göstərilmişdir, lakin bu dəyər müqavilə bağlandığı tarixə aiddir və görünən odur ki, həmin vaxt qazma qurğusu tam işlək vəziyyətdə olmuşdur. Iddiaçı tərəfindən girov predmetinə yönəlmiş tutma tələbi müqavilənin bağlanmasından təxminən 8 il sonra irəli sürülmüş, bu müddət ərzində girov predmetinin texniki və fiziki vəziyyəti əhəmiyyətli dərəcədə dəyişmişdir. Qiymətləndirmə rəyində qurğunun ağır korroziyaya məruz qalması, istifadəyə yararsız vəziyyətdə olması və bəzi hissələrinin komplektsizləşdirilməsi səbəbilə onun yalnız metal qırıntısı kimi dəyərləndirilməsi kifayət qədər geniş, ətraflı şəkildə əsaslandırılmış və real bazar şəraitinə uyğun qiymət müəyyən edilmişdir. Bu baxımdan girov müqaviləsində göstərilən nominal dəyər, mövcud bazar və texniki reallıqlarla uyğun gəlmədiyi üçün hüquqi əhəmiyyət kəsb etmir.

19. Üçüncü şəxs sözügedən qiymətləndirmə rəyi ilə razılaşmasa da, nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatında həmin rəyin obyektivliyinə və ya düzgünlüyünə əsaslı şübhə yarada biləcək sübut və ya arqument (məsələn, qazma qurğusunun işlək vəziyyətdə olmasına dair başqa bir rəy və s.) təqdim etməmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsi tərəflərin sonrakı vəsatətləri əsasında iş üzrə təkrar qiymətləndirmə təyin etsə də, bunun üçün zəruri şərait təmin edilmədiyindən nəticəsiz qalmışdır. Bu baxımdan mövcud vəziyyətdə ilkin rəy işin halları baxımından əsas sübut kimi qəbul edilmiş və onun əsasında hüquqi nəticələr çıxarılmışdır.

20. Üçüncü şəxs tərəfindən qazma qurğusunun dəyərinin qiymətləndirmə rəyində müəyyən edilən məbləğdən artıq olmasına dair heç bir əsaslı sübut təqdim edilmədiyi nəzərə alınaraq məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi mövcud rəyə əsasən qurğunun ilkin satış qiymətini müəyyən etməkdə haqlı olmuşdur. Bu səbəbdən apellyasiya şikayətində göstərilən arqumentlər qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas verməmişdir.

21. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 269.1, 269.3, 269.4, 295, 296.1-ci, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.1, 8.1-ci, MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

22. Üçüncü şəxs həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

23. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsi üzrə - məhkəmə qərardadı ilə təyin edilmiş qiymətləndirmə ekspertizasının aparılması üçün əsas həmin məhkəmə qərardadı olmalıdır və rəy təqdim ediləndən sonra xidmət haqqının ödənilməsi iddiaçı və ya cavabdehin üzərinə qoyulmalıdır. Mübahisəli qiymətləndirmə rəyində sifarişçi iddiaçıdır. Belə olan halda ekspert rəyinin mötəbərliyi, dürüstlüyü, ədalətliliyi şübhə altına düşür. Məhz bu səbəbdən də birinci instansiya məhkəməsi təkrar qiymətləndirmə təyin etmişdir. Lakin apellyasiya instansiya məhkəməsi bütün bunları nəzərə almamışdır.

24. MPM-in 283.1-ci maddəsi üzrə - iddiaçı tərəfindən ayrılmış kredit məbləğinin təminatı olaraq 39.000.000 ABŞ dolları dəyərində olan qazma qurğusunun 664.765 manata düşməsinin kimin məsuliyyətsizliyi səbəbindən baş verdiyi araşdırılmamışdır.

25. MPM-in 102.2-ci maddəsi üzrə - məhkəmə əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla təkrar ekspertiza təyin edə bilər. Iddiaçı ilə cavabdeh arasında 2015-ci il ## #### tarixli GBQ**-**** nömrəli girov müqaviləsi bağlanılmış və həmin girov müqaviləsinə əsasən girov predmeti 39.000.000 ABŞ dolları dəyərində qiymətləndirilmişdir. “xxxx” MMC tərəfindən qiymətləndirmə rəyində “Dreko Skidding” markalı qazma qurğusunun istifadəyə tam yararsız olması, ağır korroziyaya məruz qalması, həmçinin dizel generatorlarının komplektsizləşdirilmiş (dağıdılmış) vəziyyətdə olması səbəbindən qiymətləndirilən obyektin tərkib hissəsi olan bütün metal konstruksiyaları metal qırıntısının mövcud bazar qiyməti əsasında müəyyən edilmişdir. Lakin, həmin qazma qurğusu uzun illər istifadə üçün nəzərdə tutulduğundan onun tamamilə yararsız hesab edilərək tərkib hissələri olan metal konstruksiyalarının metal qırıntısı kimi qiymətləndirilməsi düzgün deyildir. Belə ki, həmin qazma qurğusu sökülməmiş vəziyyətdədir, ekspert rəyində göstərilən problemlərin aradan qaldırılması ilə həmin qurğunu işlək vəziyyətə gətirmək mümkündür. Belə olan halda həmin qurğunun qiymətinin ipoteka müqaviləsində nəzərdə tutulmuş 39.000.000 ABŞ dollarından təqribən 100 qat ucuz qiymətləndirilməsi ağlasığmaz və qəbuledilməzdir.

26. MPM-in 103.1-ci maddəsi üzrə - qiymətləndirmə şirkəti tərəfindən ipoteka predmetinin təkrar qiymətləndirilməməsi səbəbindən məhkəmə məcbur qalaraq mübahisələndirilən rəydəki qiymətlə razılaşaraq yekun nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi müəyyən edilən qiymətə şübhə ilə yanaşmasaydı, təkrar qiymətləndirmə ekspertizası ümumiyyətlə təyin etməzdi. Apellyasiya instansiya məhkəməsi isə birinci instansiya məhkəməsində təyin edilmiş təkrar qiymətləndirmə ekspertizası qiymətləndirmə şirkəti tərəfindən geri qaytarıldığından ekspertizanın keçirilməsi barədə vəsatətini təmin etməmişdir. Bundan başqa sözügedən qiymətləndirmə rəyində ipoteka predmetinin dəyəri 1.478.965 manat müəyyən edilmişdir. Lakin 814.200 manat demontaj, gəmilərin və qaldırıcı qurğuların icarəsi, müvəqqəti saxlama meydançalarının icarəsi və nəqliyyat xərcləri hesablanmış və nəticədə bazar dəyəri olaraq 664.765 manat müəyyən edilmişdir. Məhkəmə tərəfindən qiymətləndirmə rəyində 814.200 manatın əlavə xərc kimi göstərilməsi və həmin xərcin əmlakın dəyərindən çıxılmasına diqqət yetirilməmişdir. Qeyd edilən xərclər əmlak hərracdan satıldıqdan sonra alıcının çəkəcəyi xərclərə aiddir. Alıcının kim olacağı, nəyə və nə qədər xərcləyəcəyinin əvvəldən hansı meyarlar əsasında ekspert tərəfindən müəyyən edilməsi ümumiyyətlə anlaşılmazdır. Bununla yanaşı sözügedən rəydə işlək vəziyyətdə olmadığı qeyd edilən enerji tezlikli generatoru olan modul dizel elektrik stansiyalarının biri istisna olmaqla digərlərinin istehsal ili qeyd edilməmişdir. Birinin isə istehsal ili 2022-ci il göstərilmişdir. Ekspertiza 2024-cü ilin yanvar ayından iyun ayınadək keçirilmişdir. Deməli 2 il əvvəldəki qazma qurğusu işlək vəziyyətdə olmuşdur ki, 2022-ci il istehsalı olan yeni avadanlıq alınıb quraşdırılmışdır. 2 il ərzində həmin əmlakın yararsız vəziyyətə salınmasının hansı hallardan baş verdiyinə aydınlıq gətirilməmişdir və ekspertiza rəyində əmlakın uzun müddət istifadəsiz qaldığı qeyd edilir. Qiymətləndirmə rəyində və apellyasiya instansiya məhkəməsinin qətnaməsində əmlakın ağır korroziyaya uğradığı qeyd edilir. Lakin rəyə əlavə edilən fotoşəkillərdən əmlakın ümumiyyətlə ağır korroziyaya məruz qalmadığı açıq-aşkar görünür. Dənizdə yerləşdiyinə görə bəzi hissələrində korroziya müşahidə oluna bilər, amma fotoşəkillərdən də göründüyü kimi qazma qurğusunun əksər hissələrində boyalar tamamilə yerindədir. Əlavə olaraq sözügedən ekspert rəyində “Qiymətləndirmənin Sifarişçisi” hissəsində iddiaçı qeyd edilmişdir. Məhkəmə tərəfindən qərardadla qiymətləndirmə ekspertizası təyin edildiyi halda, qiymətləndirmə rəyində qiymətləndirmənin sifarişçisi qismində Mərkəzi Bankın qeyd edilməsi, yəni qiymətləndirmənin sifarişçisinin iddiaçı tərəf olması rəyin qərəzli olmasına əsaslı şübhələr yaradır. Görünür ki, qiymətləndirmə xidməti də Mərkəzi Bank tərəfindən ödənilib və məhz elə bu səbəbdən də qətnamədə qiymətləndirmə şirkətinə ödənilən qiymətləndirmə xərci göstərilməmişdir. Ümumiyyətlə iş materiallarında olan və qətnamədə ipoteka predmetinin dəyərini müəyyən edən ekspert rəyi nöqsanlıdır və təkrar ekspertizanın keçirilməsi zəruridir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

28. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.

Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 269. Girov və ipoteka hüququ anlayışı

269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 269.4. Ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.”

“Maddə 295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları

Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.”

“Maddə 296. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydası

296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir.”

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı

217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”

“Maddə 220. Qətnamənin məzmunu

220.6. Məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri

416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiya məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

32. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, iddiaçı ilə üçüncü şəxs arasında bağlanmış kredit müqavilələrinin təminatı kimi cavabdehə məxsus olan və hazırda mübahisə predmetini təşkil edən “DREKO Skidding” markalı qazma qurğusu iddiaçı qarşısında girovla yüklü edilmişdir.

33. Iddiaçı girov predmetinə tutmanın yönəldilməsi ilə yanaşı, həmin əmlakın ilkin satış qiymətinin də müəyyən edilməsini xahiş etmiş və aşağı instansiya məhkəmələri iddianı təmin edərək girov predmetinin ilkin satış qiymətini 664.765 manat məbləğində müəyyən edilməsi nəticəsinə gəlmişlər.

34. Kollegiya hesab edir ki, aşağı instansiya məhkəmələri bu hissədə maddi hüquq normalarını düzgün tətbiq etməmişlər.

35. Belə ki, MM-in 295 və 296-cı maddələri girov predmetinə tutmanın yönəldilməsinin əsaslarını və qaydasını müəyyən etsə də, həmin normalarda və ümumiyyətlə MM-in girovla bağlı münasibətləri tənzimləyən digər normalarında girov predmetinin ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilməsinə dair hər hansı göstəriş nəzərdə tutulmamışdır.

36. Qanunverici girov və ipoteka institutlarını fərqli hüquqi rejimlərə tabe etmişdir. Hər iki institut öhdəliyin təminat üsulu olsa da, onların predmeti, hüquqi təbiəti və icra mexanizmləri müxtəlif olmaqla qanunvericiliklə dəqiq müəyyən edilmişdir. Buna görə də ipoteka münasibətlərinə aid edilmiş xüsusi normaların qanunda nəzərdə tutulmadığı hallarda girov münasibətlərinə analogiya qaydasında tətbiq edilməsi yolverilməzdir.

37. Məhz bu səbəbdən "Ipoteka haqqında" Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsində nəzərdə tutulmuş ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi qaydası girov münasibətlərinə şamil edilə bilməz. Həmin norma yalnız ipoteka predmeti barədə qəbul edilən məhkəmə qərarlarına münasibətdə tətbiq edilir.

38. Hazırkı iş üzrə də mübahisə predmetini ipoteka deyil, tərəflər arasında bağlanmış girov müqaviləsi üzrə girov predmeti təşkil edir. Buna görə də "Ipoteka haqqında" Qanunun göstərilən müddəalarının tətbiqi üçün hüquqi əsas mövcud olmamışdır.

39. Kollegiya qeyd edir ki, girov predmetinin ilkin satış qiymətinin müəyyən olunması ayrıca maddi-hüquqi tələb kimi qəbul edilə bilməz. Bu məsələ iddiaçının pozulmuş hüququnun müdafiəsinə deyil, qəbul ediləcək qətnamənin icrasının təşkilinə xidmət edən prosessual xarakterli məsələdir.

40. Bu baxımdan iddia ərizəsində girov predmetinin ilkin satış qiymətinin müəyyən edilməsinə dair göstərilən xahiş müstəqil iddia tələbi kimi deyil, qətnamənin icra üsulunun müəyyən edilməsinə dair vəsatət kimi qiymətləndirilməlidir.

41. MPM-in 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir.

42. Həmin norma məhkəməyə hər bir iş üzrə icra qaydasını müəyyən etmək vəzifəsi deyil, zərurət yarandıqda belə səlahiyyət verir. Həmin zərurət isə bir qayda olaraq icra prosesində yarana bilinəcək qeyri-müəyyənliyin aradan qaldırılmasından irəli gəlir.

43. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə qətnaməsi haqqında" Qərarının 11.1-ci bəndində də izah edilmişdir ki, məhkəmə tərəfindən qətnamənin icra qaydası qanunun tələbindən və işin hallarından asılı olaraq müəyyən olunur. Əgər məhkəmə öz qətnaməsinin icrası üçün bu və ya digər qaydanı tətbiq etməyi məqsədəuyğun hesab edirsə və yaxud həmin qayda qanuna əsasən tətbiq edilməlidirsə, qətnamənin mətnində onun icra qaydası da müəyyənləşdirilməlidir.

44. Göründüyü kimi məhkəmə qətnaməsinin icra qaydası yalnız qanunun tələbindən və ya işin konkret hallarından irəli gəldiyi təqdirdə müəyyən edilir və belə hallarda məhkəmə bunun səbəblərini əsaslandırmalıdır.

45. Lakin hazırkı iş üzrə nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsi girov predmetinin ilkin satış qiymətinin icra mərhələsində deyil, məhz qətnamə ilə müəyyən edilməsini zəruri edən konkret halları və əsaslandırılmış mövqe göstərməmişlər.

46. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri girov predmetinin ilkin satış qiymətini qətnamə ilə müəyyən etməklə maddi hüquq normalarının tətbiq dairəsini düzgün müəyyən etməmişlər. Bu məsələnin prosessual hüquq normalarını tətbiq etməklə məhkəmə tərəfindən həll edilməsi zəruriliyi isə əsaslandırılmamışdır. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz.

47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyinə görə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Işə yenidən baxılarkən hazırkı qərarda əks olunan hüquqi mövqe nəzərə alınmaqla qanuni və əsaslı, habelə iş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırılmış qətnamə qəbul edilməlidir.

48. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Üçüncü şəxs LPO Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar