Məhkəmə qərarları › İş №2-2(1-8)-218/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-218/2026

21.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-218/2026 21.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətindən imtina qəbul edilərək kassasiya icraatına xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qarayev Sənan Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətindən imtinaya dair ərizəyə yazılı icraat qaydasında baxılmışdır. Iş üzrə məhkəmə icraatı

1. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) “xxxx” MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2024-cü il # ### tarixli ***/** nömrəli müqavilə üzrə 55.253,54 manat gecikdirilmiş əsas borc, ümumi məbləğin 5 faizi həcmində 2.762,67 manat dəbbə pulu, əldən çıxmış fayda qismində ümumi məbləğin 5 faizi həcmində 2.762,67 manat məbləğ və ödənilmiş 273 manat dövlət rüsumu olmaqla, ümumilikdə 61.051,89 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # ####### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən 55.253,54 manat əsas borc, 1.466,64 manat illik beş faizlə hesablanmış faiz borcu, 260,16 manat dövlət rüsumu, ümumilikdə 56.980,34 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamış, iddia ərizəsi verilərkən ödənilmiş 12,84 manat dövlət rüsumunun iddiaçının özünə aid edilmişdir (hakim – Ü.Həsənova).

3. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilmişdir (sədrlik edən hakim – Z.Şirinov, hakimlər – T.Mahmudova və L.Əliyeva).

5. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2026-cı il # ##### tarixli *-*(*-*)- ***/**** nömrəli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir.

7. Kassasiya baxışı zamanı *-*(*-*)-***/**** nömrəli iş üzrə cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 2026-cı il # #### tarixli ərizədə hazırki iş üzrə verilmiş kassasiya şikayətindən imtina edildiyi bildirilmiş və həmin imtinanın qəbul olunaraq kassasiya icraatına xitam verilməsi xahiş edilmişdir.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il ## ##### tarixli qərarında aşağıdakılar nəzərdə tutulur:

“... dispozitivlik prinsipinin ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyətini qeyd edərək vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edirlər. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. ...”

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 191. Iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1. Iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.2-1. Tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir.”

“Maddə 410. Kassasiya şikayətindən imtina edilməsi 410.1. Kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. 410.2. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. Işdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. 410.3. Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır.”

Kassasiya instansiya məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası MPM-nin 410-cu maddəsinə tələblərinə (bax § 8) əsaslanaraq qeyd edilməsini zəruri hesab edir ki, qanunla kassasiya şikayətindən imtina kassasiya şikayəti vermiş şəxsin hüququ olaraq müəyyən edilmişdir. Şikayətdən imtina şikayət verən şəxsin prosessual qanunvericiliklə nəzərdə tutulmuş şikayət hüququnu reallaşdırması barədə sərəncamını ehtiva etməklə, kassasiya instansiyasındakı icraatdan imtinanı və bununla da apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi məhkəmə aktı ilə razılaşmasını nəzərdə tutur. Məhz bu baxımdan mülki prosessual qanunvericilik şikayətdən imtina etmiş şəxsin şikayətlə məhkəməyə təkrar müraciət etməsinə yol vermir.

11. Kollegiya cavabdeh tərəfindən verilmiş kassasiya şikayətindən imtina barədə 2026-cı il # #### tarixli ərizəyə yuxarıda qeyd olunan prosessual hüquq normalarının tələbləri baxımından qiymət verərək hesab edir ki, şikayətdən imtinanın qəbul edilməməsi üçün MPM-nin 410.2-ci maddəsində nəzərdə tutulmuş prosessual əsaslar olmadığından, imtina qəbul edilməli və cavabdehin şikayətinə münasibətdə kassasiya icraatına xitam verilməlidir.

12. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 410-cu maddələsi rəhbər tutaraq,

QƏRARA ALDI:

Cavabdeh “xxxx” MMC-nin kassasiya şikayətindən imtinası qəbul edilsin. Hazırki iş üzrə “xxxx” MMC-nin kassasiya şikayətinə münasibətdə kassasiya icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar