Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-228/2026 16.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, alınmış əşyanın ödənilməsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *- *(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. Satıcı “X2” MMC və alıcı “xxxx” MMC arasında 2021-ci il # ###### tarixli alqısatqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, bu müqavilənin şərtlərinə müvafiq olaraq satıcı cəmiyyətdə istehsal olunan məhsulların alıcıya satışını təmin edir, alıcı isə elektron qaimə və ya rəsmi qaimə fakturalar əsasında həmin malları qəbul edib məhsulların dəyərini ödəmək barədə öhdəlik götürür; - 2.1-ci bəndinə əsasən, malların təhvil verilməsi satıcının anbarında rəsmi qaimə fakturanın (və ya elektron qaimənin) imzalanmasından sonra alıcı tərəfindən qəbul edilir; - 3.1-ci bəndinə əsasən, qiymət elektron qaimə və ya rəsmi qaimə fakturada qeyd edilir; 3.2-ci bəndinə əsasən, ödəniş bank vasitəsi ilə və ya nağd formada elektron qaimə (və ya rəsmi qaimə faktura) əsasında həyata keçirilir; 3.3-cü bəndinə əsasən, dəyəri əvvəlcədən ödənilmədiyi halda alıcıya məhsul satışı dayandırılır; - 4.1-ci bəndinə əsasən, hazırkı müqavilə qeyd olunan hər iki tərəfin səlahiyyətli edilmiş nümayəndələri tərəfindən imzalandığı və möhürləndiyi tarixdən etibarən qüvvəyə minir və 2022-ci il ## ###### tarixinədək qüvvədə qalır. Tərəflərdən hər hansı biri müqavilənin pozulması haqqında yazılı müraciət etməzsə, müqavilənin müddəti daha 1 il uzadılır.
2. “X1” MMC-nin iştirakçılarının ümumi yığıncağının 2023-cü il ## ###### tarixli qərarı ilə nizamnaməsinin 1.5-ci bəndinə əsasən “X2” MMC-nin adı dəyişdirilərək “X1” MMC edilmişdir.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
3. Iddiaçı “X1” MMC (əvvəlki adı-“X2” MMC, bundan sonra - “iddiaçı”) cavabdehə “xxxx” MMC-yə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında elektron qaimə əsasında yaranmış və təsdiq olunmuş 57.000 manat və dövlət rüsumu üçün ödənilmiş 262 manat olmaqla, ümumilikdə 57.262 manat pulun cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında müxtəlif yemlərin alınması ilə bağlı alqı-satqı müqaviləsi imzalanmış və qarşılıqlı olaraq ticari əlaqələrdə olunmuşdur. Müqaviləyə əsasən müxtəlif vaxtlarda müxtəlif miqdarda quş yemləri cavabdehə satılmış və satılan malların dəyəri cavabdehə rəsmi qaydada elektron qaimə əsasında göndərilmişdir. Lakin cavabdeh öz üzərinə düşən öhdəliyi tam və vaxtında icra etməmiş, cavabdehin iddiaçıya 57.000 manat elektron qaimədən yaranan borcu yaranmışdır.
5. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 2025-ci il # ######## tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, cavabdehdən 57.000 manat pulun və iddiaçı tərəfindən ödənilmiş 262 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim - Q.Məmmədov).
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında müqavilə imzalanaraq, hər iki tərəf üzərinə müqavilədən irəli gələn öhdəliklər götürmüşdür. Iddiaçı, cavabdehin həmin müqavilədən irəli gələn öhdəliyini yerinə yetirmədiyini iddia edib, cavabdehin borcunun olmasını təsdiq edəcək sənədlər (elektron qaimələr və ödəniş məlumatları) təqdim edərək məhkəməyə müraciət etmişdir. Həmin elektron qaimələrə və ödəniş məlumatlarına nəzər yetirdikdə məlum olur ki, cavabdehin iddiaçıya 57.000 manat məbləğində borcu vardır. Belə ki, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək cavabdehə quş yemini təqdim etmiş, cavabdeh isə üzərinə düşən öhdəliyini yerinə yetirməyərək malların dəyərini, yəni 57.000 manatı ödəməmişdir.
7. Tərəflər arasında 2023-cü il # ###### tarixindən 2024-cü il ## ###### tarixinədək satış olunan, kassadan və bankdan daxil olan vəsaitlər haqqında məlumatdan görünür ki, həmin müddət ərzində satış olunan malların dəyəri 1.008.641,60 manat təşkil etmiş, həmin məbləğdən 346.536,26 manat məbləği bank vasitəsilə 605.105,34 manat məbləği nağd qəbul edilmiş, 57.000 manat məbləği qalıq borc olaraq qalmışdır.
8. Məhkəmə cavabdehin iddiaçıdan mal almaması, müqavilənin “X2” MMC ilə bağlanması barədə dəlilinə münasibətdə bildirmişdir ki, iş materiallarında olan iddiaçı cəmiyyətin iştirakçılarının ümumi yığıncağının 2023-cü il ## ###### tarixli qərarı ilə “X2” MMC-nin adı dəyişdirilərək “X1” MMC edilmişdir.
9. Cavabdeh iddianı qəbul etməyərək iddiaçı tərəfindən onlara satılmış quş yeminin dəyərinin ödənildiyini bildirmiş, lakin məhsulun dəyərinin ödənilməsini təsdiqləyən hər hansı sənəd və ya sübut təqdim etməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 324.1, 324.2, 329.2, 329.3, 385.1 və 442-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 9.1, 14.2, 76.1, 76.2, 77.1, 88, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
11. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv ediməsi və iddianın rədd olunması xahiş edilmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməklə, iddia qismən təmin olunaraq, cavabdehdən 22.317,80 manat pulun alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir (sədrlik edən-məruzəçi hakim S.Bəylərli, hakimlər V.Kuimova və V.Quliyev).
13. Apellyasiya instaniyası məhkəməsi qeyd etmişdir ki, tərəflər azad iradə ifadəsi əsasında, mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtlərə riayət olunmaqla qeyd edilən alqı-satqı müqaviləsini bağlamış, bu müqavilə iddia qaldırılanadək mübahisələndirilməmiş, nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsində onun etibarsızlığını təsdiq edən hər hansı bir sübut təqdim olunmamış və bununla bağlı heç bir mötəbər dəlil müəyyən edilməmişdir.
14. Iş materiallarına əlavə edilmiş elektron qaimə-fakturaları, iddiaçı tərəfindən təqdim olunmuş “2023-cü il # ###### tarixindən 2024-cü il ## ###### tarixinə satış olunan, kassadan və bankdan daxil olan vəsaitlər haqqında məlumat”, cavabdeh tərəfindən təqdim edilən “2023-cü il # ###### tarixindən 2025-ci il ## ### tarixinədək” aparılmış bank əməliyyatları barədə çıxarış və ödəniş sənədlərinin, eləcə də mütəxəssis məsləhətinin əlaqəli tədqiqi ilə müəyyən olunmuşdur ki, 16 ədəd elektron qaimə-fakturaya əsasən iddiaçı tərəfindən cavabdehə 2023-cü il # ######## tarixindən 2024-cü il ## ##### tarixinə olan dövrdə 59.200 manat məbləğində quş yemi satılmışdır. Həmin qaimələrdən bir qismi üzrə müəyyən müddət keçdikdən sonra cavabdeh tərəfindən bank vasitəsilə iddiaçının hesabına bəzən qaimədə göstərilən eyni məbləğdə, bəzən az və bəzən artıq məbləğlərdə, cəmi 34.682,2 manat köçürülmüş, digər qaimələr üzrə isə bank vasitəsilə ödənişlər edilməmiş və iddia tələbi üzrə 57.000 manat məbləğdən 22.317,80 manat borc qalmışdır. Məsələn, 2023-cü il # ####### tarixli EBDP ****** nömrəli qaimənin məbləği 1.503,80 manat olmuş, bu qaimə üzrə “xxxx” ASC vasitəsilə 2024-cü il ## ### tarixində 275 manat və 2024-cü il ## #### tarixində 1.228,80 manat (cəmi 1.503,80 manat) ödəniş olunmuşdur.
15. Iddiaçının təqdim etdiyi və cavabdeh tərəfin də istinad etdiyi “məlumat” cədvəlindən görünür ki, “2023-cü il # ######## tarixinə cavabdehin iddiaçıya 78.225,94 manat qalıq borcu olmuş, cavabdeh tərəfindən iddiaçının kassasına ödənişlər edilmiş, müxtəlif dəyərlərdə ödənişli və ödənişsiz quş yemi verilmiş, beləliklə həm nağd şəkildə kassa, həm də bank ödənişləri ümumi borca hesablanmaqla, həmin tarixə 57.000 manat borc qalmışdır”.
16. Mübahisələndirilən elektron qaimə-fakturalar üzrə quş yeminin təhvil verildiyi gün iddiaçının kassasına ödənilmiş eyni, az və ya çox məbləğdə pul vəsaitlərinin isə iddiaçının təqdim etdiyi “məlumat”ın açıqlamasında “borcdan mədaxil”, “yem pulu” və ya “**BB*** yaxud **AF***” kimi qeyd olunmasından asılı olmayaraq, məhz həmin verilən mallara görə ödənilməsi mötəbər sübutlarla təsdiq olunmamışdır.
17. Cavabdeh tərəf “məlumat”da qeyd edilən qaydada malı almamışdan əvvəl onun dəyərini ödədiyini və iddiaçının həmin “məlumat”da bunu “etiraf etdiyini” göstərmiş olsa da, eyni mallarla bağlı ona elektron qaimə-fakturalar göndərildikdən sonra həmin qaimələrin bir qismi üzrə bank vasitəsilə müvafiq ödənişləri iddiaçının hesabına köçürmüşdür. Halbuki belə olan təqdirdə ödəniş olunmamalı idi.
18. Iddiaçının nümayəndəsi isə cavabdeh tərəfin göstərdiklərini təkzib edərək qeyd olunan nağd şəkildə kassaya ödənilən pul vəsaitlərinin cavabdehin ümumi borcuna hesablandığını və cavabdehin nümayəndəsinin də bunu bildiyini göstərmişdir.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, müqavilə münasibətlərindən irəli gələn mübahisələrin həlli zamanı ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin şərtləri əsas götürülür. Hazırkı halda müqavilədə tərəflər satılan malın dəyərinin əvvəlcədən ödənilməsi, ödənilmiş vəsaitə uyğun dəyərdə malın isə qaimə-faktura əsasında təqdim olunmasına dair razılığa gəlmişlər. Lakin yuxarıda göstərilənlərdən məlum olur ki, tərəflər arasında quş yeminin alqı-satqısı zamanı həm müqaviləyə uyğun olaraq malın dəyərinin öncədən ödənilməsi, həm də müqavilə şərtlərindən fərqli qaydada malın dəyərinin ümumiyyətlə ödənilməməsi və ya qismən ödənilməsi üzrə işgüzar adət formalaşmışdır. Tərəflərin qarşılıqlı münasibətlərində yaranmış bu praktika qeyd olunduğu kimi, iddiaçının təqdim etdiyi “məlumat”, cavabdehin təqdim etdiyi “bank çıxarışı”, ödəniş sənədləri və işdə iştirak edən şəxslərin izahatları ilə təsdiq olunmuşdur.
20. Işin materiallarından görünür ki, cavabdeh sonuncu dəfə 2024-cü il ## ##### tarixində iddiaçıdan 2.725 manat dəyərində quş yemi almış, kassaya nağd ödəniş etməmiş, bununla bağlı ona EBEC 017185 seriya nömrəli eyni tarixli elektron qaiməfaktura göndərilmiş, həmin qaimə təsdiq olunmuş və göstərilən məbləğ 2024-cü il ## ### tarixində “xxxx” vasitəsi ilə iddiaçının hesabına köçürülmüşdür. Həmçinin qeyd edildiyi kimi tərəflər arasında sonuncu alqı-satqı 2024-cü il ## ##### tarixində olsa da, əvvəlcədən alınıb dəyəri ödənilməmiş mallar üzrə pul vəsaitini cavabdeh 2024-cü il ## #### tarixində bank köçürməsi, 2024-cü il ## ###### tarixində isə nağd şəkildə ödəmişdir.
21. Işin materiallarından müəyyən olunmuşdur ki, iddia üzrə tələb olunan məbləğ 57.000 manat, elektron qaimə-fakturalar üzrə ödənilmiş məbləğ 34.682,20 manat, ödənilməmiş məbləğ isə 22.317,80 manat təşkil etmişdir.
22. Kollegiya tərəflərin müqavilədən fərqli, mübahisəsiz halda göstərilən praktikaya istinadla hərəkət etmələrini nəzərə almışdır.
23. Kollegiya apellyasiya şikayətinin “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” ilə bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən həmin “Qaydalar”ın 2.5.3-cü bəndinin “əsas” qrafasında nəzərdə tutulan sənədlərdən heç biri qeyd olunmayaraq düzgün tərtib olunmaya riayət edilməmiş, sadəcə “quş yemi” yazılmışdır. Lakin tərəflər arasında sözügedən müqavilə qüvvədə olmuş, elektron qaimə-fakturalar iddiaçı tərəfindən hazırlanıb təsdiq edilərək portal vasitəsilə cavabdehin elektron kabinetinə göndərilmiş, cavabdeh elektron qaimə-fakturaların formasına əməl olunmaması və həmin qaimələr üzrə malların təhvil verilməməsi barədə iddiaçıya heç bir pretenziya göndərməmiş və həmin qaimələr “Qaydalar”ın 3.3-3.4-cü bəndlərinə müvafiq olaraq 5 gün müddətində düzəliş üçün qaytarılmayaraq cavabdehin özü yaxud proqram təminatı tərəfindən təsdiq edilmişdir.
24. Şikayətdə cavabdehin özü “mübahisəli elektron qaimə-fakturaların əsasında malın satışı və cavabdehə təhvil verilməsinin sübuta yetirilməməsini” qeyd etmiş, eyni zamanda “elektron qaimələrdə göstərilən məbləğlərin cavabdeh tərəfindən ödənilməsinin bank çıxarışı və iddiaçının sübut qismində təqdim etdiyi cədvəldə etiraf edildiyini” göstərməklə malın cavabdehə təhvil verilməsinin sübuta yetirilməməsi barədə dəlilini təkzib etmiş, apellyasiya baxışı zamanı da tərəflərin izahatları ilə elektron qaiməfakturalarda qeyd olunan məbləğlərdə quş yeminin cavabdehə təhvil verilməsi sübuta yetirilmişdir.
25. Kollegiya apellyasiya şikayətinin prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlilləri ilə razılaşır və xüsusilə vurğulamışdır ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfdən təqdim olunmuş bank çıxarışını araşdırmamış, cavabdehin nümayəndəsinin 2025-ci il # ######## tarixli yazılı izahatını qətnamədə göstərsə də, ona heç bir münasibət bildirməmiş, sübutları qiymətləndirərkən həmin yazılı sübutlara ümumiyyətlə əhəmiyyət verməmiş, həmçinin cavabdehin nümayəndəsi və vəkilinin məhkəmə iclasında iştirak edə bilməyəcəklərinə görə işə baxılmasının təxirə salınmasını xahiş etməklə bunun üzrlü səbəbləri barədə təqdim etdikləri sübutlara biganə yanaşmışdır.
26. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 10.1, 385.1, 386.1, 425.1, 441.4, 448.1, 567, 599.1 və 599.2-ci maddələrinə, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 71-1.1.1, 71-1.1.2 və 71-1.5.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il # ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları”nın 1.2, 2.5.3 və 3.2-3.4cü bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il ## ##### tarixli Qərarına, MPM-in 14.2, 77.1, 81 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
27. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin qismən-“cavabdehdən 22.317,80 manat pulun tutulması” hissəsində ləğv olunaraq, iddianın tam rədd olunması xahiş edilmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
28. Apellyasiya məhkəməsi MM-in 599-cu maddəsinə əsaslanmaqla yanlışa yol vermişdir. Tərəflər arasında 2021-ci il # ###### tarixli müqavilə ilə malın dəyərinin əvvəlcədən ödənilməsi razılaşdırılmış, lakin məhkəmə bu faktı nəzərə almamışdır.
29. Eyni zamanda, məhkəmə MM-in 385, 386, 389, 390, 425, 441 və 442-ci maddələrini əlaqəli şəkildə tətbiq etməməklə tərəflər arasındakı müqavilə münasibətinə yanlış qiymət vermişdir. Iddiaçı cavabdehlə aralarında olmuş müqavilə üzrə bütün satılmış malların ödənilməyən qalıq məbləğinə dair tələb irəli sürməmişdir. Iddiaçı yalnız 2023-cü il # ########-2024-cü il ## ##### tarixləri aralığında olan 16 e-qaimə fakturada göstərilən məbləğlərin ödənilmədiyini və həmin 16 e-qaimə faktura üzrə cəmi 57.000 manat pulun tutulmasını tələb etmişdir.
30. Apellyasiya məhkəməsi 2023-cü il # ###### tarixindən 2024-cü il ## ###### tarixinə satış olunan, kassadan və bankdan daxil olan vəsaitlər haqqında məlumatı tədqiq etməsinə baxmayaraq, yalnız bank hesabından köçürülən məbləğlərini toplayaraq, 34.681.2 manat ödənildiyini nəzərə almış, nağd qaydada ödənişləri (cəmi 32.320 manat) nəzərə almamışdır.
31. Iddiaçı tərəfin özünün sübut qismində təqdim etdiyi məlumat adlı sənəddə malın satışına dair göstəriciləri qəbul etmiş, eyni sənəddə nağd pul ödənişlərinə dair göstəriciləri isə qəbul etməmişdir. Həmin göstəricilər isə məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir.
32. Apellyasiya Kollegiyası tərəflər arasında müqavilədə razılaşdırılmış şərtlərdən kənar-işgüzar praktikanın formalaşmasına dair qənaətə gəlsə də, alınmış malların dəyərinin nağd qaydada ödənilməsinin məhz bu praktikaya uyğun olduğunu nəzərə almamışdır. Bu mənada MM-in 10.2-ci maddəsinin tələbini nəzərə alınmalı idi. Tərəflər arasında formalaşmış praktika qanunvericiliyə və müqaviləyə zidd olmamışdır. Iddiaçı cavabdehin aldığı malın dəyərinin nağd qaydada ödənildiyini etiraf etmişdir. 2023-cü il # ######## tarixindən başlayaraq alınan malların dəyərinin əvvəlcədən nağd qaydada ödənilməsi iddiaçının özünün təqdim etdiyi məlumat adlı sənədlə təsdiqlənməsinə baxmayaraq, kollegiya yalnız həmin dövrdə verilmiş e-qaimələrə uyğun bank vasitəsilə köçürmələri nəzərə almaqla, işin həqiqi hüquqi halına MM-in 10.2, 385, 425, 441 və 442-ci maddələrini tətbiq etməmişdir.
33. Həmçinin, məhkəmə işin müəyyən edilmiş həqiqi hüquqi halına münasibətdə MM-in 567 və 599-cu maddələrini düzgün təfsir etməməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, cavabdehin ödənilməmiş öhdəliyinin yaranması üçün aldığı malın dəyərini ödəmədiyi müəyyən olunmalı idi. Lakin qeyd olunduğu kimi, cavabdeh aldığı malın dəyərinin bir hissəsini bank köçürməsi, bir hissəsini isə nağd qaydada ödədiyinə görə, MM-in 567 və 599-cu maddələrinin tələblərini icra etmişdir. Belə olan halda, öhdəliyini icra etmiş cavabdehin davranışlarına münasibətdə MM-in 385, 425 və 567-ci maddələri tətbiq edilməklə iddia tələbi rədd olunmalıdır.
34. Məhz MM-in 385, 386, 425, 442, 567 və 599-cu maddələrinin tələbləri baxımından, cavabdeh tərəfin aldığı malın dəyərini ödədiyi müəyyən olunduğu, bununla da öhdəliyi icra etdiyi halda, bunun nəzərə alınmaması və onun üzərinə təkrar icranın qoyulması əsassız olmuşdur. Müqavilə tərəfinin öhdəliyini icra etməməsi onun üzərinə bu vəzifənin icrasının qoyulmasına əsas verə bilərdi. Apellyasiya məhkəməsinin isə cavabdeh tərəfindən nağd ödənişləri müəyyən etməsi, lakin qiymətləndirmə baxımından nəzərə almaması, MM-in 442-ci maddəsini tətbiq etməməsi qanunsuz nəticəyə gəlməyə səbəb olmuşdur.
35. Apellyasiya məhkəməsi müqavilənin 3.2-ci bəndinə uyğun olaraq, malın alındığı gün nağd qaydada ödənişləri nəzərə almamaqla, tərəflərin arasında formalaşmış münasibətə yuxarıda göstərilən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Həmçinin, iddiaçı tərəfin vicdanlılıq prinsipinə əməl etmədiyini, nağd ödənişlər olduğu halda, eyni mala dair e-qaimə fakturanın “ödənilməmiş” qalmasından sui-istifadə etdiyi də düzgün qiymətləndirilməmiş, MM-in 425-ci maddəsini tətbiq edilməli olduğu halda tətbiq edilməmişdir.
36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il # ###### tarixli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları” üzrə - məhkəmə bu qaydaların tələbinə zidd nəticəyə gəlinmişdir. Kollegiya iddia tələbinin təmin olunmasına əsas kimi, yalnız iddiaçının verdiyi e-qaimələrin cavabdeh tərəfindən geri qaytarılmadığına istinad etmişdir. Halbuki, iddiaçının özünün təqdim etdiyi məlumatdan müəyyən olunur ki, cavabdeh e-qaimələrdə göstərilən məbləğlərin bir hissəsini nağd qaydada malı alan günü və ya əvvəlcədən ödəmişdir. Alınan malın dəyəri ilə həmin gün nağd ödənilmiş məbləğ eyni zamanda e-qaimədə öz əksini tapmışdır. Lakin malın dəyərinin həmin gün nağd qaydada ödənildiyi halda, məhkəmə əsassız olaraq eyni məbləğin təkrar tutulması qənaətinə gəlmiş, MM-in 385, 404, 425 və 442-ci maddələrini tətbiq etməmişdir.
37. Iddiaçının imzası və möhürü ilə təsdiqlənmiş bu məlumatda 2023-cü il # ######## tarixindən 2024-cü il ## ##### tarixinədək iddiaçının cavabdehə satdığı quş yeminin həcmi, dəyəri, cavabdehin bank və nağd ödənişləri əks olunmuşdur. Məhkəmə həmin məlumatda malların satılmasına dair göstəriciləri iddiaçının dəlili kimi əsas götürmüş, lakin cavabdehin nağd ödənişlərinə dair göstəriciləri nəzərə almamışdır. Halbuki, həmin məlumatdakı qeydlər iddiaçının ödənişlərlə bağlı etirafı olmaqla, cavabdehi həmin nağd ödənişləri həyata keçirdiyini sübut etmək vəzifəsindən azad etmişdir. Lakin məhkəmə MPM-in 88 və 106.3-cü maddələrinin tələblərini pozaraq iddiaçının məlumatdakı etirafını düzgün hüquqi qiymətləndirməmişdir.
38. MPM-in 218.3 və 372.3-cü maddələri üzrə - iddiaçı 2023-cü il # ######## tarixinədək qalıq borcun mövcud olduğunu və ya müqavilə üzrə ümumilikdə satılmış malın qalıq dəyəri kimi 57.000 manat pul tələb etməmişdir. Iddianın faktiki əsası kimi 2023-cü il # ######## tarixindən 2024-cü il ## ##### tarixinədək e-qaimə fakturalar əsasında satılmış malın 57.000 manat dəyərinin tutulması göstərilmişdir. Yalnız apellyasiya baxışında iddiaçının nümayəndəsi 2023-cü il # ######## - 2024-cü il ## ##### tarixləri aralığında ödənilmiş pulların bir hissəsinin “qalıq borca silindiyini” qeyd etmişdir. Halbuki, apellyasiya baxışında iddianın faktiki əsasının dəyişdirilməsinə yol verilmir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
Kassasiya baxışının hədləri
40. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi qismən, yəni cavabdehdən 22.317,80 manat pulun tutulması hissəsində mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq qismən hissədə yoxlanılacaqdır.
41. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
42. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 10. Işgüzar adətlər 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. ...”
“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. ...”
“Maddə 441. Öhdəliklərin qarşılıqlı icrası ... 441.4. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. ...”
“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. ...” “Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”
“Maddə 599. Alınan əşyaların qabaqcadan ödənilməsi 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. 599.2. Alıcı əşyanı qabaqcadan ödəmək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. ...”
43. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 71-1. Elektron qaimə-fakturaları 71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaiməfakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71-1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt; 71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; ... 71-1.1.5. bu Məcəllənin 71-1.5.12-ci maddəsində nəzərdə tutulmuş halda–avansın alındığı vaxtadək (2023-cü il # ###### tarixli ****-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 71-1.1.4-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və həmin maddəyə yeni məzmunda 71-1.1.5-ci maddə əlavə edilmişdir. 2025-ci il # ###### tarixli ***-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 71-1.1.5-ci maddədə “gün” sözü “vaxtadək” sözü ilə əvəz edilmişdir.). ...”
44. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“1. Ümumi müddəalar ... 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir (2022-ci il tarixli 25 avqust Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 1.2. Elektron qaiməfaktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir). ...”
“2. Elektron qaimə-fakturanın tərtib edilməsi ... 2.5. Elektron qaimə-faktura aşağıdakı qaydada doldurulur: ... 2.5.3. elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaiməfakturanın “Əsas” sətrində qeyd olunur; ...”
“3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi ... 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir (2022-ci il ## ###### tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 3.2-ci bəndə, 3.3-cü bəndin birinci cümləsinə və 3.6-cı bəndin üçüncü cümləsinə “qaimə-faktura” sözlərindən sonra “(bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla)” sözləri əlavə edilmişdir). 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-sı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir (2022-ci il ## ###### tarixli *** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 3.4-cü bənddə “və 2.2.9-cu” sözləri “, 2.2.9cu və 2.2.10-cu” sözləri ilə əvəz edilmişdir) ...”
45.
“... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. ...”
46. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”
“Maddə 81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.”
“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiya məhkəməsinin mövqeyi
47. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir” (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).
48. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir. Belə ki, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, mübahisə predmeti olan 16 elektron qaimə-faktura üzrə təqdim edilmiş malların dəyərinin yalnız 34.682,20 manat hissəsi ödənilmiş, 22.317,80 manat məbləğində öhdəlik isə icra edilməmiş qalmışdır.
49. Kassatorun nağd ödənişlərin nəzərə alınmaması nəticəsində şikayətdə göstərilən maddi hüquq normalarının pozulmasına dair dəlili ilə bağlı qeyd edilməlidir ki, apellyasiya məhkəməsi həmin ödənişləri hər iki tərəfin mübahisəsiz qaydada qəbul etdiyi sübutlar əsasında araşdırmış, lakin iddiaçının mübahisələndirdiyi ödənişlərin məhz hazırki iddia ilə tələb olunan-2023-cü il # ########-2024-cü il ## ##### aralığında verilmiş elektron qaimələr üzrə təqdim edilmiş malların dəyərinin ödənilməsinə aid olduğunu təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir.
50. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh hazırda mübahisələndirdiyi borcun iddiaçıya tam olaraq ödənilməsinə dair sübutları təqdim edə bilmədiyindən, iş üzrə gəlinən nəticə MM-in alğı-satqı münasibətlərini tənzimləyən normalarının tələblərinə uyğun olmuş, kassasiya şikayətində istinad olunan hüquq normalarının pozuntusuna yol verilməmişdir.
51. Məhkəmə kollegiyası kassasiya şikayətinin işin faktiki hallarına əsaslanan dəlillərinə münasibətdə vurğulayır ki, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, hazırkı icraat çərçivəsində həmin dəlillər üzrə MPM-nin 407.2-ci maddəsinin tələblərinə əsasən araşdırma aparılmır və onlara qiymət verilmir. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır.
52. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir
53. Gösərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmə tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
54. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara alır:
Kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2025ci il ## ###### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.