Məhkəmə qərarları › İş №2-2(1-8)-247/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-247/2026

21.08.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-247/2026 21.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: özbaşına və qanunsuz tikililərlə bağlı mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qarayev Sənan Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs başçısının 1998-ci il ## ####### tarixli *** nömrəli sərəncamının surətindən görünür ki, Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ölçüləri 3x3 olmaqla 0.0009 hektar torpaq sahəsi ayrılmışdır.

2. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin 2000-ci il ## ###### tarixli ** nömrəli məktubundan görünür ki, Cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs başçısının 1998-ci il ## ####### tarixli *** nömrəli sərəncamı əsasında ayrılmış torpaq sahəsində anbar tikilməsinə icazə verilmişdir.

3. Saatlı şəhəri, Heydər Əliyev prospekti 240 ünvanında yerləşən 0.1022 hektar torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir (dövlət reyestrindən ************-***** nömrəli çıxarışın surəti).

4. Saatlı şəhəri, Heydər Əliyev prospekti 241a ünvanda yerləşən 0,214 ha torpaq sahəsi mərhum X1 məxsus olmuşdur (dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surəti).

5. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 2019-cu il ## ### tarixli şəhadətnamədən görünür ki, dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışa əsasən miras əmlak mərhum X1 məxsus olmuş Saatlı şəhəri, Heydər Əliyev prospekti 241 a ünvanda yerləşən 0,214 ha torpaq sahəsidir və İddiaçı miras əmlakdan 1/1 hissədə pay almalıdır.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2019-cu il ## #### tarixli reyestr nömrəsi 908013001101-06301 olan çıxarışa əsasən mülkiyyətinə verilmiş Saatlı şəhəri, Heydər Əliyev prospekti 240 ünvanında yerləşən 0.1022 hektar torpaq sahəsi, eləcə də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* nömrəli çıxarış üzrə mərhum X1 məxsus olan və vəsiyyətnaməyə əsasən ona miras qalmış Saatlı şəhəri, Heydər Əliyev prospekti 241a ünvanda yerləşən 0,214 ha torpaq sahəsində cavabdehin qanunsuz istifadəsinin dayandırılması, həmin sahədə cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehin öz hesabına sökülməsi, mülkiyyətində olan qeyri-yaşayış sahəsindən maneəsiz istifadəyə məhdudiyyətin aradan qaldırılması və girişçıxış yolunun açılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, dövlət reyestrindən çıxarışa əsasən Saatlı şəhəri, Heydər Əliyev prospekti 240 ünvanda yerləşən 0.1022 hektar torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Bundan başqa, dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarış əsasən mərhum X1 məxsus olmuş Saatlı şəhəri, Heydər Əliyev prospekti 241 a ünvanda yerləşən 0,214 ha torpaq sahəsi iddiaçıya miras əmlak kimi qalmışdır. Hazırda Saatlı şəhəri, Heydər Əliyev prospekti 240 ünvanında yerləşən 0.1022 hektar torpaq sahəsində yerləşən qeyri-yaşayış binası “Səma” şadlıq sarayı kimi fəaliyyət göstərir. Lakin cavabdeh iddiaçıya məxsus torpaq sahəsində, şadlıq sarayının mühafizə zolağında qanunsuz tikililər inşa etmişdir. Dəfələrlə cavabdehə xəbərdarlıq edilsə də, cavabdeh tikinti işlərini dayandırmamış və hazırda da həmin tikilidən qanunsuz olaraq istifadə edir. Cavabdehin tikdiyi tikililərin hər hansı hüquq müəyyənedici sənədləri yoxdur. Cavabdehin qanunsuz tikililər tikməsi nəticəsində şadlıq sarayı ərazisinə avtomobillərin giriş-çıxışı çətinləşmiş və maneələr yaranmışdır.

8. Cavabdeh iddia tələbinə etiraz edərək, mübahisələndirilən torpaq sahəsinin 1998ci ildən onun istifadəsində olduğunu, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs başçısının 1998-ci il ## ####### tarixli *** nömrəli sərəncamı və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin 2000-ci il ## ###### tarixli ** nömrəli icazəsi ilə Heydər Əliyev prospektinin sol tərəfində ayrılmış torpaq sahəsində tikdirdiyi mağaza binasının istismara qəbul edildiyini, əvvəllər həmin sahədə tikili olmadığını, boş sahədə sonradan iki mağaza tikdirdiyini, onun tikdiyi və istifadəsində olan tikililərin iddiaçının öz mülkiyyətindən istifadəyə hər hansı formada maneə törətmədiyini və giriş-çıxış yolunu məhdudlaşdırmadığını bildirmişdir.

9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il # ######## tarixli **/**** nömrəli rəyindən görünür ki, iddiaçının mülkiyyətinə verilmiş 2019-cu il ## #### tarixli (reyestr nömrəsi: 908013001101- 06301) çıxarış üzrə 0.1022 hektar torpaq sahəsi, eləcə də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* nömrəli çıxarış üzrə Saatlı şəhəri, Heydər Əliyev prospekti 241 a ünvanda yerləşən 0.214 ha torpaq sahəsi cavabdehə məxsus tikililərin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşmür. Cavabdehə məxsus tikililər iddiaçının mülkiyyətinə verilmiş 2019-cu il ## #### tarixli (reyestr nömrəsi: 908013001101- 06301) çıxarış üzrə 0.1022 hektar torpaq sahəsinin, eləcə də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* nömrəli çıxarış üzrə Saatlı şəhəri, Heydər Əliyev prospekti 241 a ünvanda yerləşən 0.214 ha torpaq sahəsi üzərində tikilmiş tikililərə (Səma şadlıq evinə) maneəçilik törətmir.

10. Məhkəmənin 2024-cü il # #### tarixli qərardadı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs üçüncü şəxs qismində cəlb olunmuşdur.

11. Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il ## ######## tarixli *-*(***)- ****/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmiş, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 70 manat dövlət rüsumu və 10 manat dövlət rüsumu iddiaçıya aid olunmuş, ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat pulun iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir (hakim – Z.Abbasov).

12. Məhkəmə qeyd etmişdir ki, iş üzrə təyin olunmuş məhkəmə mühəndis-texniki ekspertizasının nəticəsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 2023-cü il # ######## tarixli **/**** nömrəli rəyi ilə iddiaçının mülkiyyətinə verilmiş 2019-cu il ## #### tarixli (reyestr nömrəsi: 908013001101-06301) çıxarış üzrə 0.1022 hektar torpaq sahəsinin, eləcə də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* nömrəli çıxarış üzrə Saatlı şəhəri, Heydər Əliyev prospekti 241 a ünvanda yerləşən 0.214 ha torpaq sahəsinin cavabdehə məxsus tikililərin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşmədiyi, həmçinin cavabdehə məxsus tikililərin iddiaçının mülkiyyətinə verilmiş 2019-cu il ## #### tarixli (reyestr nömrəsi: 908013001101-06301) çıxarış üzrə 0.1022 hektar torpaq sahəsinin, eləcə də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* nömrəli çıxarış üzrə Saatlı şəhəri, Heydər Əliyev prospekti 241 a ünvanda yerləşən 0.214 ha torpaq sahəsi üzərində tikilmiş tikililərə (“Səma” şadlıq evinə) maneəçilik törətmədiyi müəyyən edilmişdir.

13. Göründüyü kimi, mübahisənin xüsusi bilik tələb edən xüsusatı ilə bağlı ekspert tərəfindən müvafiq rəy verilmişdir. Ekspertizanın nəticəsinə dair rəyin mötəbərliliyi iddiaçının nümayəndəsi tərəfindən mübahisələndirildiyinə görə, rəy məhkəmə iclasında tədqiq edilərək müəyyən olunmuşdur ki, rəy Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən hazırlanmış mütəxəssis rəyi əsasında verilmişdir. Mütəxəssis tərəfindən araşdırma aparılarkən mövcud kadastr və reyestr məlumatlarına əsasən tərtib olunmuş mübahisəli torpaq sahələrinin “Yerquruluşu planı”ndan istifadə edilmişdir.

14. Məhkəmə, ekspert rəyini (mütəxəssis rəyi ilə birlikdə) işdə olan digər sübut əhəmiyyətli materiallarla birgə qiymətləndirərək hesab etmişdir ki, rəy mövcud qanunvericiliyin tələblərinə uyğun araşdırma aparılaraq tam və obyektiv şəkildə hazırlanmışdır. Ekspert rəyinin mötəbərliliyini şübhə altına ala biləcək xüsuslar məhkəmə tərəfindən müəyyən edilmədiyi kimi, iddiaçının nümayəndəsi tərəfindən də ekspert rəyini şübhə altına alan sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də məhkəmə bu qənaətə gəlir ki, təqdim olunmuş ekspert rəyi mötəbər və yetərli sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir.

15. Iddiaçının hazırkı tələbi irəli sürməsi üçün subyektiv hüququnun olması işdə olan sənədlərlə də təkzib olunmuşdur.

16. Torpaq sahəsinin ayrılması haqqında yerli icra hakimiyyəti orqanının sərəncamında, torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluluğu haqqında aktda, sərəncama əsasən hazırlanmış torpaq sahəsinin və tikilinin planında cavabdehə ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin şimaldan avtomobillərə texniki xidmət məntəqəsinə giriş yolu ilə, cənubdan boş və yararsız torpaq sahəsi ilə, şərqdən boş torpaq sahəsi və avtotexniki xidmət məntəqəsinin ərazisi ilə, qərbdən səki və Azərbaycan xiyabanı ilə həmsərhəd olduğu qeyd olunmuşdur.

17. Sadalanan sənədlərin məzmunundan göründüyü kimi, cavabdehə torpaq sahəsi ayrılan zaman və onun tərəfindən mağaza binası inşa edildiyi vaxt həmin ərazidə iddiaçıya məxsus olan şadlıq sarayı mövcud olmamışdır. Iddiaçıya miras qalmış və mərhum X1 adına mülkiyyət hüququ ilə 2011-ci il ## ###### tarixində qeydiyyata alınmış daşınmaz əmlak isə torpaq sahəsindən ibarət olmuşdur.

18. Beləliklə, mübahisəli torpaq sahəsində ilkin olaraq cavabdeh tərəfindən tikili inşa edilmişdir, iddiaçı isə sonradan cavabdehə məxsus olan torpaq sahəsinin qonşuluğunda yerləşən ərazidə qeyri-yaşayış sahəsi inşa edərək istifadə etmişdir. Belə olan halda iddiaçının ondan əvvəl inşa olunmuş tikilinin qanunsuz hesab edilməsinə dair tələblə çıxış etməsi üçün hüquqi əsasının olmaması aşkardır.

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 152.1, 157.4 və 178.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

20. Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2025-ci il ## ######## tarixli **/**** nömrəli rəyində aşağıdakılar göstərilmişdir: - Daşınmaz əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin ** saylı Şirvan Ərazi idarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Elçin Kərimovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən müəyyən olunmuşdur ki, hüquq müəyyənedici sənədlər (Çıxarış) əsasında iddiaçının mülkiyyətində (və ya qanuni istifadəsində) olan 0.214 ha torpaq sahəsinin və üzərində olan tikilinin (“Səma” restoranının), “TEKUIS” və “AZCAD”da qeyd olunan koordinatlara uyğun olaraq sərhədləri (kontur və koordinatları) müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yer quruluşu planında əks olunmuşdur; - Iş materiallarında adıçəkilən və ilkin torpaq ayırma sənədləri əsasında cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin və üzərində olan tikililərin, “TEKUIS” və “AZCAD”da qeyd olunan koordinatlara uyğun olaraq sərhədləri (kontur və koordinatları) müəyyən olunaraq mütəxəssis rəyinə əlavə edilmiş yer quruluşu planında əks olunmuşdur. Sözügedən tikililər və yerləşdiyi torpaq sahəsi cavabdehin faktiki istifadəsində olmağına baxmayaraq, həmin mübahisəli torpaq sahəsi “TEKUIS” və “AZCAD” məlumat bazasında iddiaçının atası X3 istifadəsində olduğu göstərilmişdir; - Iddiaçının mülkiyyətində (və ya qanuni istifadəsində) olan torpaq sahəsi və ya üzərindəki tikili ilə cavabdehin istifadəsində olan torpaq sahəsi və üzərindəki tikililər “TEKUIS” və “AZCAD”da qeyd olunan koordinatlara uyğun olaraq üst-üstə düşmür; - Iddiaçının mülkiyyətində (və ya qanuni istifadəsində) olan 0.214 ha torpaq sahəsi və üzərindəki tikili cavabdeh tərəfindən zəbt edilməmişdir; - Cavabdeh tərəfindən inşa olunmuş və ona məxsus olan tikililər iddiaçının mülkiyyətində (və ya qanuni istifadəsində) olan 0.214 ha torpaq sahəsinin hüdudlarından kənarda və ya qonşuluğunda (bələdiyyə mülkiyyətində) yerləşir. Qeyd olunanlar mütəxəssis rəyinə əlavə edilmiş yer quruluşu planında əks olunmuşdur; - Cavabdeh tərəfindən inşa olunmuş və ona məxsus olan tikililər ilə iddiaçının mülkiyyətində (və ya qanuni istifadəsində) olan torpaq sahəsi üzərində yerləşən tikili (“Səma” restoranı) arasında 3 metr məsafə var və piyada gediş-gəlişi üçün heç cür maneə yaratmır.

22. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Şirvan Ərazi idarəsinin 2025-ci il ## ###### tarixli mütəxəssis rəyində aşağıdakılar göstərilmişdir: Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş reyestr nömrəsi 908013001101- 06301- olan çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Saatlı şəhəri, Heydər Əliyev prospekti 240 ünvanında yerləşən 0.1022 ha torpaq sahəsinin, eləcə də MA seriyalı ******* nömrəli çıxarış üzrə mərhum X2 məxsus olan və vəsiyyətnaməyə əsasən iddiaçıya miras qalmış Saatlı şəhəri, Heydər Əliyev prospekti 241A ünvanda yerləşən 0.214 ha torpaq sahələrinin (hər iki torpaq sahəsinin) hüquqi statusu (mülkiyyəti) - xüsusi, hüquqi rejimi (kateqoriyası)-yaşayış məntəqələrinin torpaqları, uqodiyası - tikinti altında olan torpaqlar, məqsədli istifadə növü isə sahibkarlıqdır. Həmin torpaq sahələrinin və üzərindəki tikililərin sənəd üzrə və faktiki istifadə vəziyyəti üzrə sərhədləri və döngə nöqtə koordinatları naturada müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yer quruluşu planında göstərilmişdir; - Cavabdehin istifadəsində olan torpaq sahəsinin və üzərindəki tikililərin (torpaq sahəsi və üzərindəki tikililər hüquqi qeydiyyata alınmadığı üçün sənəd üzrə yerini müəyyən etmək olmamışdır) faktiki istifadə vəziyyəti üzrə sərhədləri və döngə nöqtə koordinatları naturada müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yer quruluşu planında göstərilmişdir; - Iddiaçının mülkiyyətində və ya qanuni istifadəsində olan torpaq sahəsinin və üzərindəki tikililər və cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin və üzərindəki tikililər “TEKUIS”də qeyd olunan koordinatlara əsasən üst-üstə düşmür; - Iddiaçının mülkiyyətində və ya qanuni istifadəsində olan torpaq sahəsi və üzərindəki tikili cavabdeh tərəfindən zəbt edildiyi müəyyən olunmamışdır. Yəni cavabdehin inşa etdiyi tikililər və faktiki istifadəsində olan torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmiş torpaq sahələrinin hüdudları xaricində yerləşir; - Cavabdeh tərəfindən inşa edilmiş tikili və yerləşdiyi torpaq sahəsi ilə iddiaçıya məxsus tikili (“Səma” restoranı) və yerləşdiyi torpaq sahəsi, eləcə də iddiaçının mülkiyyətində və ya qanuni istifadəsində olan (0.1022 ha və 0.214 ha) torpaq sahəsi qonşu torpaq sahələridir. Cavabdehin istifadəsində olan torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Həmin tikililər Iddiaçının mülkiyyətində olan torpaq sahəsinin sərhəd zolağında inşa edilməmişdir. “TEKUIS” məlumat bazasında torpaq sahələri ayrı-ayrı göstərilmişdir; - Cavabdeh tərəfindən inşa edilmiş tikililər və yerləşdiyi torpaq sahəsi hüquqi qeydiyyata alınmamışdır (bələdiyyə mülkiyyətindədir). Yəni çıxarış, texniki pasport və s. işlənilməmişdir. Iddiaçının mülkiyyətində və ya qanuni istifadəsində olan torpaq sahəsində inşa edilən tikili (“Səma” restoranı) ilə cavabdeh tərəfindən inşa olunmuş tikililər arasında 3 m- 3.3 metr məsafə var və həmin yerdən avtomobil üçün gediş-gəlişə mane yaradır; iddiaçıya məxsus tikili (“Səma” restoranı) ilə cavabdehə məxsus tikililərin arasındakı məsafə 3 m -3.3 metrdir. Həmin tikililərin arasından avtomobil və digər yanğınsöndürən texnikasının sərbəst şəkildə gediş-gəlişi mümkün deyildir.

23. Adıçəkilən rəylər üzrə dindirilmiş mütəxəssis Elçin Kərimov məhkəmə iclasında bildirmişdir ki, “Səma” restoranı ilə cavabdehin tikdiyi tikililər arasında 3-3.30 m məsafə mövcuddur. Həmin ərazidə tumbalar və maneələr olduğu üçün bu məsafədən avtomobil keçməsi mümkün deyil, yalnız piyada keçid mümkündür. 3-3.30 m ölçüsündə qeyd olunan hissə yol kimi nəzərdə tutulmamışdır. Bu sahə restoranın qarşısı sayılır və bələdiyyənin mülkiyyətindədir. Restoranın qarşısında avtomobil saxlamaq mümkündür. Səma restoranının üzü yola baxan hissəsinin sağ ön hissəsində cavabdehin tikililəri yerləşir, sol ön hissəsi isə açıqdır. Restorana bir tərəfdən giriş-çıxış mövcuddur. Dayanacaq yeri restoranın qabağında yerləşir və təxminən 10 avtomobil üçün yer mövcuddur. Başqa hissələrdə dayanacaq yeri mövcud deyildir. Sağ hissədən restoranın arxasına keçid mümkündür, lakin yalnız sağ hissədə dəmir darvaza olduğu üçün giriş məhdudlaşdırılıb. Darvazanın kimə aid olduğu müəyyən edilməmişdir. Əgər həmin darvaza götürülərsə, restoranın arxasına sərbəst gediş-gəliş təmin olunacaq. Araşdırma zamanı məlum olmuşdur ki, restoranın arxa hissəsində iddiaçının atasının mülkiyyəti mövcuddur.

24. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-**/**** nömrəli nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, Məhkəmə Ekspertizası Mərkəzinin 2025-ci il ## ######## tarixli ekspertiza rəyinin verilməsi ilə üzrə ekspertiza tədqiqatın dəyəri qismində 50 manat pulun iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (sədrlik edən hakim – P.Əhmədov, hakimlər – T.Heydərov və İ.Əsədov).

25. Məhkəmə kollegiyası apellyasiya instansiyasında alınmış ekspert və mütəxəssis rəylərini, həmçinin mütəxəssisin izahatını (yuxarıda §§ 21-23) vurğulayaraq, şikayətin dəlillərinin qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün mötəbər olmaması qənaətinə gəlmişdir.

26. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 152.1, 152.5 və 157.4-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə, MPM-in 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

27. Iddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddianın isə təmin olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

28. Kassator şikayətində MM-in 152.5-ci maddəsi üzrə bildirir ki, məhkəmə cavabdehin hərəkətlərinin qonşu mülkiyyətçiyə mənfi təsirini qiymətləndirməmişdir. Cavabdehin tikililəri nəticəsində iddiaçının obyektinə giriş imkanlarının məhdudlaşması qonşuluq hüquqlarının pozulmasıdır. Buna baxmayaraq məhkəmə bu halı hüquqi baxımdan qiymətləndirməmişdir.

29. MM-in 152.1-ci maddəsi üzrə - məhkəmə iddiaçının mülkiyyət hüququnun faktiki məhdudlaşdırılmasını nəzərə almamışdır. Iş materialları ilə sübut olunur ki, cavabdehin tikililəri nəticəsində iddiaçıya məxsus obyektə avtomobillərin sərbəst giriş-çıxışı mümkün deyil. Bu isə əmlakdan normal istifadə imkanını məhdudlaşdırır. Məhkəmə isə yalnız torpaq sahələrinin üst-üstə düşməməsini əsas götürərək mülkiyyət hüququnun pozulmadığı nəticəsinə gəlmişdir ki, bu da normanın mahiyyətinə ziddir.

30. MM-in 157.4-cü maddəsi üzrə - məhkəmə normanı düzgün tətbiq etməmiş və yanlış olaraq belə qənaətə gəlmişdir ki, yalnız torpaq sahəsinin zəbt olunması halında müdafiə mümkündür. Halbuki qanuna görə, mülkiyyətçinin hüquqlarına maneə yaradan istənilən hərəkət (torpağın zəbt olunmasından asılı olmayaraq) aradan qaldırılmalıdır. Iş üzrə müəyyən olunmuşdur ki, cavabdehin tikililəri giriş-çıxışa real maneə yaradır, lakin məhkəmə bu halı nəzərə almamışdır.

31. MM-in 170-ci maddəsi üzrə - məhkəmə tərəflərin torpaq sahələrinin qonşu olmasını formal olaraq qəbul etsə də, bu qonşuluqdan irəli gələn hüquqi nəticələri tətbiq etməmişdir. Iş üzrə müəyyən olunmuşdur ki, cavabdehin tikililəri iddiaçının torpaq sahəsinə bitişik ərazidə yerləşir və birbaşa təsir imkanına malikdir. Buna baxmayaraqməhkəmə qonşuluq münasibətlərinin mövcudluğunu hüquqi baxımdan qiymətləndirməmişdir.

32. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsi üzrə cavabdehin istifadə etdiyi torpaq sahəsi hüquqi qeydiyyata alınmamış, tikililər isə müvafiq icazələr olmadan inşa olunmuşdur. Bu hallar torpaqdan qanunsuz istifadəni təsdiq edir. Lakin məhkəmə bu faktlara hüquqi qiymət verməmiş və normanın tələblərini tətbiq etməmişdir.

33. MPM-in 9-cu maddəsi üzrə - şikayət olunan məhkəmə aktı çıxarılarkən bir sıra mühüm prosessual hüquq normaları pozulmuşdur. Belə ki, qeyd olunan normanın tələblərinə zidd olaraq işə baxılarkən tərəflərin bərabərliyi və çəkişmə prinsipi təmin edilməmişdir. Iddiaçı tərəfindən təkrar və komisyon ekspertiza təyin olunması, eləcə də ekspertlərin dindirilməsi barədə vəsatətlər təqdim edilsə də, məhkəmə bu vəsatətləri əsassız olaraq rədd etmiş, nəticədə iddiaçı tərəf sübutlarını tam şəkildə təqdim etmək imkanından məhrum edilmişdir. Halbuki, həmin ekspertizaların keçirilməsi və ziddiyyətlərin müəyyən olunması iş üzrə ədalətli məhkəmə qərarının qəbul edilməsi üçün əhəmiyyətli haldır.

34. MPM-in 88-ci maddəsi üzrə - iş üzrə mövcud olan ziddiyyətli ekspert rəyləri arasında uyğunsuzluqlar aradan qaldırılmamış, sonradan təqdim edilmiş mütəxəssis rəylərinə hüquqi qiymət verilməmişdir. Halbuki həmin rəylərdə iddiaçının əmlakına girişçıxışın məhdudlaşdırılması açıq şəkildə göstərilmişdir. Iş üçün mühüm əhəmiyyət kəsb edən halların müəyyən olunması məqsədilə təkrar və ya komisyon ekspertiza təyin edilməmişdir. Halbuki iş üzrə mövcud ekspert rəyləri natamam və ziddiyyətli olmuş, torpaq sahələrinin sərhədləri, tikililərin yerləşməsi və faktiki maneənin olub-olmaması kimi məsələlər xüsusi bilik tələb etmişdir. Ekspert rəyi digər sübutlarla birlikdə tənqidi qiymətləndirilməmiş, onun natamamlığı və ziddiyyətləri nəzərə alınmamışdır. Nəticədə ekspert rəyi faktiki olaraq mübahisəsiz sübut kimi qəbul olunmuşdur. Apellyasiya instansiyası tərəfindən isə şikayətdə göstərilən əsas dəlillərə, o cümlədən ekspert rəyinin natamamlığı və iddiaçının mülkiyyət hüququna yaradılan maneələrə lazımi hüquqi qiymət verilməmişdir.

35. MPM-in 217 və 218-ci maddələri üzrə - məhkəmənin gəldiyi nəticələr işin faktiki halları və sübutlarla uzlaşmır, iş üzrə əhəmiyyətli hallar tam araşdırılmadan yekun qərar qəbul edilmişdir. MPM-in 218-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə qətnaməsində iddiaçının əsas dəlillərinə münasibət bildirilməmiş, ekspert rəyləri arasındakı ziddiyyətlər izah olunmamış və vəsatətlərin rədd edilməsinin səbəbləri əsaslandırılmamışdır. Göstərilən prosessual hüquq pozuntuları qanunsuz və əsassız məhkəmə aktının qəbul edilməsi ilə nəticələnmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

Kassasiya baxışının hədləri

37. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

39. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. ... 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın (2015-ci il ## ######## tarixli ****-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 152.5-ci maddəsində “qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə” sözləri “qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla” sözləri ilə əvəz edilmişdir). ...”

“Maddə 157. Mülkiyyətin müdafiəsi ... 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. ...”

40. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.”

41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiya məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

43. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və ilkin olaraq bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların müvafiq maddi hüquq normasının nizamlama təsirinin dairəsinə düşüb-düşməməsinin yoxlanılması və qiymətləndirilməsindən ibarətdir. Hazırki iş üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş, habelə iddiaçının arqumentləri ilə əksi sübuta yetirilməmişdir. Apellyasiya instansiyası iddiaçının kassasiya şikayətində istinad edilən normalar üzrə hər hansı hüquq pozuntusuna yol verməmişdir.

44. MPM-in 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız MPM-in 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il ## #### tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

45. Kassasiya şikayətinin dəlilləri əsassız olmaqla yanaşı, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır. MPMin 385-ci maddəsinin tələbinə görə belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi işə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.

46. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qətnaməsini mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət edilib-edilməməsi maraqlandırır, çünki kassasiya məhkəməsinin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən edilmiş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmiş olsun. Hazırkı halda mübahisələndirilən məhkəmə aktında kassasiya şikayətinin dəlilləri üzrə maddi və prosessual hüquq normalarının pozuntusunun aşkar edilməsi müəyyən olunmur.

47. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı:

Kassasiya şikayəti təmin olunmasın. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar