Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-248/2026 25.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı iddiaçı2 X3 cavabdeh Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik Hüquqi Şəxsinin * saylı Beyləqan Ərazi Idarəsi, Imişli Rayon Icra Hakimiyyəti, Imişli Rayon Yalavac Bələdiyyəsi cəlb olunmaqla) qarşı iş üzrə QƏRARİ Açar sözlər: Mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi), özbaşına tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakim Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, Iddiaçı iddiaçı2 X3 cavabdehlər Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik Hüquqi Şəxsinin * saylı Beyləqan Ərazi Idarəsi, Imişli Rayon Icra Hakimiyyəti, Imişli Rayon Yalavac Bələdiyyəsi cəlb olunmaqla) qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması və qanunsuz tikililərin sökülməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
1. Iddiaçı iddiaçı2 X3 (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh (bundan sonra – “cavabdeh”) (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Beyləqan Ərazi Idarəsi, Imişli Rayon Icra Hakimiyyəti, Imişli Rayon Yalavac Bələdiyyəsi cəlb olunmaqla) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Imişli Rayon XDS Icraiyyə Komitəsinin 1991-ci il ## ######## tarixli, ** nömrəli iclas protokolundan çıxarışa və 1991ci il ## ######## tarixli *** saylı qərarına əsasən iddiaçıya ayrılmış 0,50 ha torpaq sahəsindən cavabdehin çıxarılması, onun üzərinə qanunsuz olaraq zəbt edərək həmin sahədə inşa etdiyi tikililərin öz hesabına sökülməsi, ərazidən daşınması və ərazinin ilkin vəziyyətə gətirlməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Iddia onunla əsaslandırılmışdır ki, Imişli Rayon XDS Icraiyyə Komitəsinin 1991-ci il ## ######## tarixli ** nömrəli iclas protokolundan çıxarışa və 1991-ci il ## ######## tarixli, *** saylı qərarına əsasən Imişli-Bəhramtəpə avtomobil yolunun sol tərəfindən keçmiş “Ulduz” kolxozunun əkinə yararsız ərazisindən avtomobillərə texniki xidmət sexinin tikintisi məqsədilə iddiaçı2 Xırda Müəssisəsinə 0,5 ha torpaq sahəsi ayrılmış və həmin sahənin planı hazırlanaraq təsdiq edilmişdir. iddiaçı2 Xırda Müəssisəsi iddiaçı2 X3 (hazırkı iddiaçı) çevrilmiş və hüquqi varis olaraq sələfinin bütün hüquq və vəzifələrini qəbul etmişdir. 1991-ci ildə yuxarıda qeyd edilən qərar verildikdən sonra ayrılmış sahədə tərəflərindən avtomobillər üçün yuyucu sexi inşa etdirilmiş və 35 metr dərinlikdən diametri 300 mm olan artezian quyusu qazdırılmışdır. Sonradan obyektiv vəziyyətlə əlaqədar olaraq uzun müddət Bakı şəhərində olmuş, lakin bu dövr ərzində daim müəssisə üçün ayrılmış sahədəki tikililərə nəzarət etmişdir. Həmin dövrlərdə iddiaçıya ayrılmış torpaq sahəsinin yaxınlığında cavabdeh tərəfindən kiçik bir sex tikilirdi. Əldə edilmiş məlumata əsasən həmin şəxsə torpaq sahəsi ayrılmamış və tikinti qanunsuz aparılmışdır. Sonradan cavabdeh iddiaçıya ayrılmış torpaq sahəsində qanunsuz olaraq daş sexi və ona əlavə yardımçı tikililər inşa etməklə ərazisini daş hasara alaraq genişləndirmişdir. Dəfələrlə ərazini boşaltmağı tələb edilsə də tezliklə ərazini təmizləyəcəyini bildirmiş və dedikləri bu günədək söz olaraq qalmaqdadır. 2021-ci ilin yanvar ayının 29-da cavabdehlə görüşülərək iddiaçıya aid torpaq sahəsini indiyədək hansı səbəbə görə boşaltmadığı soruşulduqda o bildirmişdir ki, guya həmin torpaq sahəsi ona verilib və özəlləşdirmə məqsədilə müvafiq sənədləri Imişli Rayon Icra Hakimiyyəti aparatına təqdim etmişdir. Dediyinə görə Imişli Rayon Icra Hakimiyyəti tərəfindən qısa müddətdə ona özəlləşdirmə sənədi veriləcəkdir. Respublika ərazisində özəlləşdirmə ilə bağlı hüquqi hərəkətlərin edilməsi qanunvericiliyə əsasən Iqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidmətinə həvalə edilmişdir. Yuxarıda qeyd edilən torpaq sahəsi qanunsuz olaraq cavabdeh tərəfindən zəbt edilmiş və sahə ilə bağlı həmin şəxsin xeyrinə hər hansı sənədin verilməsi qanunsuzdur. Cavabdeh Imişli Rayon Icra Hakimiyyəti vasitəsilə sahənin özəlləşdirilməsi üçün işlər görüldüyünü yalandan deyərək iddiaçını yanlış istiqamətə yönəltmək istəmişdir. Bu cür bəhanələrlə uzun illərdir ki, cavabdeh iddiaçıya həmin ərazidə müəssisənin planlaşdırdığı müvafiq tikililərin inşasının, o cümlədən yeni iş yerlərinin açılmasının qarşısını almışdır. Imişli rayon Yalavac Bələdiyyəsinə müraciət edilərək iddiaçıya ayrılmış 0,5 ha torpaq sahəsindən cavabdehə hansı sənədlər əsasında və nə qədər torpaq sahəsi ayrıldığı barədə arayış verilməsi xahiş edilmişdir. Imişli rayonu Yalavac Bələdiyyəsinin 2013-cü il ## ####### tarixli iclasının *** saylı Protokoluna əsasən cavabdehə Bələdiyyənin perspektiv inkişaf fondundan 0,04 ha torpaq sahəsinin ayrıldığını bildirilmiş, qeyd edilən iclas protokolunun təsdiq edilmiş surəti məktuba əlavə edilmişdir. Iddiaçıya ayrılmış 0,5 ha torpaq sahəsinin Bələdiyyənin perspektiv inkişaf fonduna aid olubolmaması barədə heç bir məlumat verilməmiş, ümumiyyətlə Bələdiyyənin perspektiv inkişaf fondu dedikdə hansı ərazinin başa düşüldüyü, həmin ərazinin koordinatları və digər təsdiqedici məlumatlara istinad edilməmişdir. Bakı şəhəri ** saylı Vəkil Bürosu tərəfindən Milli Arxiv Idarəsinə 2021-ci il ## ###### tarixdə rəsmi məktubla Imişli Rayon XDS Icraiyyə Komitəsinin 1991-ci il ## ######## tarixli ** nömrəli iclas protokolundan çıxarışa və 1991-ci il ## ######## tarixli *** saylı qərarına əsasən Imişli-Bəhramtəpə avtomobil yolunun sol tərəfindən keçmiş “Ulduz” kolxozunun əkinə yararsız ərazisindən avtomobillərə texniki xidmət sexinin tikintisi məqsədilə iddiaçıya 0,5 ha torpaq sahəsinin ayrılması ilə bağlı arxiv sənədlərinin olub-olmaması, cavab müsbət olduğu təqdirdə mövcud sənədlərin təsdiq edilmiş surətlərinin verilməsi xahiş edilmişdir. Həmin müraciət Imişli rayon Dövlət Arxivinə göndərilmiş və Imişli rayon Dövlət Arxivi özünün 2021-ci il ## ###### tarixli, *** nömrəli məktubu ilə 7 vərəqdən ibarət arxiv sənədini (1991-ci il 28 sentyabr tarixli qərar, akt, ayrılmış 0,50 ha torpaq sahəsinin planı, protokoldan çıxarış, məktub) təsdiq edərək Vəkil Bürosunun ünvanına göndərmişdir. Tərəflərindən Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Beyləqan Ərazi Idarəsinə iddiaçıya ayrılmış 0,5 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olub-olmaması, mənsubiyyəti, onun hazırkı statusu və baş plandan çıxarışı barədə məlumat verilməsi üçün 2022-ci il # #### tarixdə Bakı şəhəri ** saylı Vəkil Bürosu tərəfindən ** saylı məktubla müraciət edilmişdir. Bildirilmişdir ki, kiçik müəsisəyə ayrılmış 0,5 ha torpaq sahəsinin 0,1 ha hissəsi cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Həmin şəxs çöl ölçmə işlərinə hər vasitə ilə mane oldu və bu səbəbdən Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Beyləqan Ərazi Idarəsinin əməkdaşları 2022-ci il ## #### tarixdə müvafiq çöl ölçmə işlərini apara bilmədilər. Iddiaçıya ayrılmış torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədlər hazırda qüvvədədir, müəssisənin yazılı razılığı olmadığı təqdirdə yalnız məhkəmə qətnaməsi ilə dəyişdirilə bilər. Rayon XDS Icraiyyə Komitəsinin Qərarı ilə 1991-ci ildə sahibkarlıq fəaliyyəti üçün hüquqi şəxsə verilən (0,5 ha) torpaq sahəsinin bələdiyyələr yaranarkən 2000-ci ildə qanunvericiliyin tələblərinə uyğun olaraq, bələdiyyə mülkiyyətinə verilməsi nəzərdə tutulmamışdır və belə torpaqlara bələdiyyələrin subyektiv hüququ yaranmır.
3. Cavabdeh iddiaya etiraz etmiş və iddia müddətinin tətbiqi barədə ərizə verərək, bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi və cavabdehin istifadəsində olan torpaq sahəsi iddiaçıya torpaq sahəsi ayrılmasından 2 il əvvəl cavabdehə ayrılmışdır. Belə ki, cavabdehə Imişli rayonu M.B.Qasımov adına kolxozun idarə heyətinin 1989-cu il ## ### tarixli * nömrəli qərarı əsasında Məmmədli kəndindəki su anbarının sol tərəfindən 15 metr aralı, Bəhramtəpə-Imişli magistral avtomobil yolunun 16 metr aralığından bu yolun sağ tərəfindən eni 30 metr, uzunluğu isə 35 metr olmaqla boş ərazidən ümumilikdə 0,10 ha torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsinin qonşuluqları və istinad nöqtələri açıq mətnlə göstərilməklə ilkin torpaqayırma sənədi planı (sxemi) yerquruluşu qaydasında hazırlanmaqla 1989-cu il # #### tarixli akt əsasında ona təhvil verilmişdir. Cavabdehə 0,10 ha torpaq sahəsi 1991-ci ildə qüvvədə olmuş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 23-cü maddəsi, hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2, 3, 6-cı bəndləri, 1991-ci ildə qüvvədə olmuş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 32-ci maddəsinin 8-ci bəndi, hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun ayrılmışdır və halhazırda da onun istifadəsindədır. Cavabdehin müraciəti əsasında “xxxx" MMC-nin mütəxəssisləri tərəfindən ərziyə baxış keçirilmiş, təqdim olunmuş sənədlər əsasında araşdırılma aparılmaqla müvafiq mütəxəssis rəyi tərtib olunmuşdur. Həmin rəydən də müəyyən olunur ki, cavabdehin faktiki istifadə etdiyi 0,10 ha torpaq sahəsi Imişli rayonu M.B.Qasımov adına kolxozun idarə heyətinin 1989-cu il ## ### tarixli ** nömrəli qərarı əsasında onlara ayrılmış ölçülər daxilində olmaqla ilkin torpaqayırma sənədlərinə planına (sxeminə) uyğundur. Eyni zamanda mütəxəssislər tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinin ilkin torpaqayırma sənədləri əsasında yerdə naturada müəyyən edilməsi üçün araşdırma aparılarkən o da müəyyən olmuşdur ki, sözügedən müəssisəyə ayrılmış torpaq sahəsinin ilkin torpaqayırma sənədi plan (sxemi) ilə natura arasında ciddi uyğunsuzluq mövcuddur. Belə ki, ilkin sxemdə göstərilən su anbarının yeri və kənddaxili yolun yeri naturada olduğundan tamamilə fəqli yerlərdə yerləşir. Mütəxəssislər tərəfindən xüsusi proqram vasitəsi ilə iddiaçıya ayrılmış torpaq sahəsinin 1:10000 miqyasında olan sxem və həmin sxemdə tərpənməz nöqtələr kimi göstərilmiş kənddaxili yol və su anbarına əsasən Google Yer proqramının ortofoto görüntüləri üzərinə, yəni naturaya yerləşdirilərkən məlum olur ki, kiçik müəssisəyə ayrılmış torpaq sahəsi ərizəçilərə ayrılmış torpaq sahələrindən kənarda yerləşir, Bu da onu göstərir ki, iddiaçıya məxsus torpaq sahəsi cavabdehlər tərəfindən zəbt olunmamışdır. Cavabdeh qanuni istifadəsində olan torpaq sahəsində inşa etdiyi tikililər Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən 2006-cı il ## #### tarixdə reyestrdə 133 nömrə ilə qeydiyyata alınmaqla Qeydiyyat Vəsiqəsi və tikililərə texniki pasport verilmişdir. Göründüyü kimi cavabdehə torpaq sahəsi yuxarıda qeyd olunan qanunların tələbinə uyğun ayrılmış və həmin cavabdeh tərəfindən 30 ildən artıqdır ki, torpaq sahəsi fasiləsiz istifadə edilir, hətta torpaq sahəsinin üzərində inşa edilmiş tikililər onun mülkiyyətindədir. Imişli rayonu Yalavac Bələdiyyəsinin 2013-cü il ## ####### tarixli ** saylı iclas protokolundan çıxarışa əsasən cavabdehə satılmış 0,04 ha torpaq sahəsinə gəldikdə isə bildirilir ki, həmin dövrdə bələdiyyənin belə qərar vermək səlahiyyəti olmamış, mövcud qanunvericiliyə əsasən torpaq sahələri ancaq hərrac və müsabiqə yolu ilə vətəndaşların mülkiyyətinə verilə bilərdi.
4. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il # #### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Imişli rayon XDS Icraiyyə Komitəsinin 1991-ci il ## ######## tarixli ** nömrəli iclas protokolundan çıxarışa və 1991-ci il ## ######## tarixli *** nömrəli qərarına əsasən iddiaçıya ayrılmış 0,50 ha torpaq sahəsinin 0,10 ha hissəsindən cavabdehin çıxarılması, həmin ərazidə inşa edilmiş tikililərin cavabdeh tərəfindən sökülməsi və ərazi ilkin vəziyyətə gətirilərək iddiaçıya təhvil verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Z.Abbasov).
5. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında mövcud olan mübahisə iki halın, tərəflərin faktiki istifadələrində olan torpaq sahələrinin və həmin sahələrdə inşa edilmiş olan tikililərin müvafiq hüquq müəyyənedici sənədlərə əsasən ayrılması və inşası faktının araşdırılması və həmin torpaq sahələrinin üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi ilə öz hüquqi həllini tapa bilər. Qeyd edilən xüsusatlar isə ilk növbədə iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi və eləcə də torpaq sahələrinin zəbt edilməsi məsələsi xüsusi bilik tələb etdiyindən bu sahədə ixtisaslaşmış mütəxəssislərin müvafiq rəyinin alınması, daha sonra isə işdə mövcud olan sənədlər və digər sübutlar əsasında qiymətləndirilməsi yolu ilə aşkara çıxarıla bilər. Işin yuxarıda qeyd edilən mübahisəli hallarının müəyyən edilməsi ilə baxılan işdə iddiaçının hazırki tələblə çıxış etməsi üçün subyektiv hüququnun olubolmaması, bununla da iddianın uğurluluq şərtlərinin mövcudluğu məsələləri həllini tapa bilər.
6. Məhkəmə, belə qənaətə gəlmişdir ki, iddiaçıya 1991-ci ildə Imişli rayonu “Ulduz” kolxozunun əkinə yararsız ərazisindən Imişli-Bəhrəmtəpə avtomobil yolunun sol tərəfindən avtomobillərə texniki xidmət sexinin tikintisi altına 0,5 ha torpaq sahəsinin ayrılması işin mübahisəsiz halıdır. Belə ki, qeyd edilən torpaq sahəsinin ayrılmasına dair Imişli rayon XDS Icraiyyə Komitəsinin müvafiq qərarının və həmin qərarın qəbul edilməsinə əsas olan digər sənədlərin (kolxozun idarə heyətinin qərarı, akt və s.) arxiv çıxarışları işdə mövcuddur və həmin sənədlərin mötəbərliyi cavabdeh tərəfindən mübahisələndirilməmiş, həmçinin buna səbəb ola bilən hallar məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsinə dair cavabdehin etirazının əsaslarından biri həmin torpaq sahəsinin cavabdehin istifadəsində olan torpaq sahəsi ilə tamamilə başqa ərazilərdə olmasından ibarətdir ki, bu hala daha sonra hüquqi qiymət veriləcəkdir. Sözügedən torpaq sahəsinə dair hüquqla bağlı cavabdehin etirazının bir başqa əsası ondan ibarətdir ki, iddiaçı istifadə hüququ ilə ona ayrılmış torpaq sahəsindən uzun müddət istifadə etmədiyinə görə həmin dövrdə və hazırda qüvvədə olan torpaq qanunvericiliyinə əsasən torpaq sahəsi üzərində istifadə hüququna xitam verilmişdir, buna görə də iddiaçının hazırki tələblə çıxış etməsi üçün subyektiv hüququ yoxdur.
8. Məhkəmə, cavabdehin istinad etdiyi həmin hala qiymət verərək qeyd etmişdir ki, 1991-ci il # ###### tarixli, ***XII nömrəli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 32-ci maddəsinin 8-ci bəndinə əsasən, kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən bir il ərzində və qeyri-kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal iki il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə torpaq sahəsinə və ya onun bir hissəsinə mülkiyyət, sahiblik və istifadə hüquqlarına bu torpaqları vermiş rayon, şəhər xalq deputatları Sovetləri xitam verir.
9. Həmin Məcəllənin 36-cı maddəsinin birinci abzasında təsbit olunmuşdur ki, bu Məcəllənin 32-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulan halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, həmin maddədə göstərilən digər hallarda isə torpaq üzərində mülkiyyət hüququna, torpağa sahiblik, torpaqdan istifadə və digər hüquqlara rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən xitam verilir.
10. Hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 9-ci abzasında nəzərdə tutulmuşdur ki, kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir.
11. Sadalanan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, torpaq sahəsi üzərində istifadə hüququna, torpaq sahəsindən istifadə edilməməsi halında xitam verilməsi yalnız həmin torpaq sahəsinin istifadəyə verilməsi barədə qərarı qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı tərəfindən xitam verilə bilər. Bu isə həmin orqan tərəfindən inzibati aktın qəbul edilməsi yolu ilə həyata keçirilə bilər. Lakin, iş materiallarında iddiaçının ayrılmış torpaq sahəsi üzərində istifadə hüququna xitam verilməsinə dair akt (qərar, sərəncam və s.) mövcud deyildir və aidiyyəti icra hakimiyyəti orqanı tərəfindən belə bir aktın qəbul edilməsinə dair sübut da məhkəməyə təqdim edilməmişdir.
12. Buna görə də, məhkəmə hesab etmişdir ki, iddiaçının istifadə hüququ ilə ona ayrılmış torpaq sahəsindən uzun müddət istifadə etmədiyinə görə həmin dövrdə və hazırda qüvvədə olan torpaq qanunvericiliyinə əsasən mübahisəli torpaq sahəsi üzərində istifadə hüququna xitam verilməsi, buna görə də hazırki tələblə çıxış etməsi üçün subyektiv hüququnun olmamasına dair cavabdehin etirazı əsassızdır.
13. Məhkəmə, cavabdehin mübahisəli torpaq sahəsi və həmin sahədə inşa edilmiş qeyri-yaşayış sahəsinə dair hüququnu təsbit edən sənədlərə hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd etmişdir ki, işin hallarından göründüyü kimi hüquqi qiymət verilməsi tələb olunan həmin sənədlər M.B.Qasımov adına kolxozun idarə heyətinin 1989cu il ## ### tarixli iclas protokolu (0,10 ha ölçüdə), qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair “Qeydiyyat vəsiqəsi” və istinad olunan Imişli rayon Yalavac bələdiyyəsinin 2013-cü il ## ####### tarixli ** saylı qərarıdır. Son adı çəkilən bələdiyyə qərarının qanuniliyi və mötəbərliliyi cavabdehin özü tərəfindən mübahisələndirildiyinə, cavabdeh etirazının əsası kimi həmin qərara istinad etməkdən imtina etdiyinə görə, məhkəmə həmin qərarın geniş hüquqi dəyərləndirilməsinin aparılmasına zərurət görmür. Bununla yanaşı bir fakt qeyd olunmalıdır ki, iş materiallarında bələdiyyə torpaqlarının idarə edilməsinə, bələdiyyələrin statusuna, bələdiyyə mülkiyyətində olan torpaqların satılmasına dair həmin vaxt qüvvətə olan qanunvericilik normalarına uyğun torpaq sahəsinin hər hansı bir hüquqla ayrılması və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin özgəninkiləşdirilməsi haqqında qəbul edilmiş sənəd (qərar, protokol, alqısatqı müqaviləsi və s.) mövcud deyildir. Şərh olunanlarə əsasən məhkəmə bu qənaətə gəlmişdir ki, cavabdehin mübahisəli torpaq sahəsi üzərində hər hansı bir hüququnun mövcud olmasının təsbit edilməsi üçün sözügedən bələdiyyə sənədinə istinad edilməsi istisna olunur.
14. Tədqiq olunan Imişli rayon M.B.Qasımov adına kolxozun Idarə Heyətinin 1989-cu il ## ### tarixli * №-li iclas protokolu qəbul edilən zaman qüvvədə olmuş maddi hüququ normalarının tələblərindən göründüyü kimi, kolxozların daimi istifadəsində olan həyətyanı torpaq sahələrinin kolxozçu həyətinə verilməsi kolxoz üzvlərinin ümumi yığıncağının həmin kolxozun yerləşdiyi rayon və ya şəhərin zəhmətkeş deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilən qərarı əsasında həyata keçirilə bilər. Qanunvericilik normalarının imperativ tələbinə görə torpaqdan istifadə hüququ müvafiq zəhmətkeş deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən verilən torpaqlardan istifadə hüququ barəsindəki dövlət aktı ilə təsdiq olunur. Eləcə də, belə sənəd verilməmişdirsə həmin sahədən istifadəyə başlamaq qadağan olunmuşdur. Cavabdeh tərəfindən isə kolxoz üzvlərinin ümumi yığıncağının həmin kolxozun yerləşdiyi rayon və ya şəhərin zəhmətkeş deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilən qərarı məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin sorğusuna yerli icra hakimiyyətindən, reyestr və arxiv idarələrindən verilmiş cavablara əsasən adı çəkilən sənədlərə dair məlumatların həmin təşkilatlarda mövcud olmadığı bildirilmişdir.
15. Məhkəmə, cavabdeh tərəfindən sübut qismində təqdim olunmuş mübahisəli torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun cavabdehin adına qeydiyyata alınması haqqında “Qeydiyyat vəsiqəsi”nə hüquqi qiymət verərək müəyyən etmişdir ki, işdə olan Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin * saylı Beyləqan Ərazi Idarəsinin 2023-cü il ## #### tarixli arayışına əsasən, arxiv materialları üzrə aparılmış axtarışın nəticəsi olaraq cavabdehə məxsus olan “Məzar daşı sexi”nə aid olan “Texniki pasport”un verilməsinə əsas olan ilkin sənədlər barəsində məlumat aşkar edilməmişdir. Məhkəmə, cavabdeh tərəfindən təqdim olunmuş, onun mübahisəli torpaq sahəsi və onun üzərində inşa edilmiş qeyri-yaşayış sahəsinə dair hüquq müəyyənedici sənədlərin tədqiqinə dair araşdırmanın nəticələrini ümumiləşdirərək bu qənaətə gəlmişdir ki, həmin sənədlər mənşəyi, forma və məzmunları və aidiyyəti nəzərə alınmaqla mötəbər sübut vasitələri kimi qəbul edilə bilinmədikləri üçün cavabdehin mübahisəli torpaq sahəsi üzərində hüquqlarının müəyyən və təsbit edilməsində nəzərə alına bilməzlər.
16. Məhkəmə hesab etmişdir ki, baxılan işin digər mübahisəli halını təşkil edən tərəflərin faktiki istifadələrində olan torpaq sahələrinin üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən bu sahədə ixtisaslaşmış mütəxəssislərin müvafiq rəyinin alınması, daha sonra isə işdə mövcud olan sənədlər və digər sübutların qiymətləndirilməsi yolu ilə aşkara çıxarıla bilər. Belə ki, iddiaçı istifadə hüququ ilə ona məxsus olan 0,50 ha ölçüdə torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini və orada qanunsuz tikili inşa etdiyini, cavabdeh isə istifadə etdiyi torpaq sahəsi ilə iddiaçının istifadəsində olan torpaq sahələrinin başqa-başqa yerlərdə yerləşdiyinə görə üst-üstə düşmədiyini iddia edirlər.
17. Məhkəmə qeyd etmişdir ki, işdə olan məhkəmə tikinti-texniki ekspertizasının nəticəsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin **/**** saylı 2023-cü il # #### tarixli və *-**-**/*-**/**** saylı 2024-cü il ## #### tarixli rəyləri ilə tərəflərin faktiki yerləşdikləri ərazinin yerquruluşu sənədlərində göstərilən ərazi ilə eynilik təşkil etdiyi, Imişli rayon XDS Icraiyyə Komitəsinin 1991-ci il ## ######## tarixli ** nömrəli iclas protokolundan çıxarışa və 1991-ci il ## ######## tarixli, *** saylı qərarına əsasən, iddiaçıya ayrılmış 0.50 ha torpaq sahəsinə müdaxilə olunmaqla 0.10 ha hissəsinin cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edilmişdir.
18. Ekspertizanın nəticəsinə dair rəyin mötəbərliliyi cavabdeh tərəfindən mübahisələndirildiyinə görə, rəy məhkəmə iclasında tədqiq edilərək müəyyən edilmişdir ki, rəy Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən hazırlanmış mütəxəssis rəyi əsasında verilmişdir. Mütəxəssislər tərəfindən araşdırma aparılarkən mövcud kadastr və reyestr məlumatlarına əsasən tərtib edilmiş mübahisəli torpaq sahələrinin “Yerquruluşu planı”ndan istifadə edilmişdir. Məhkəmə, ekspert rəylərini (mütəxəssis rəyi ilə birlikdə) işdə olan digər sübut əhəmiyyətli materiallarla birgə qiymətləndirərək hesab etmişdir ki, rəylər mövcud qanunvericiliyin tələblərinə uyğun araşdırma aparılaraq tam və obyektiv şəkildə hazırlanmışdır. Ekspert rəylərinin mötəbərliliyini şübhə altına ala biləcək xüsuslar məhkəmə tərəfindən müəyyən edilmədiyi kimi, cavabdeh tərəfindən də ekspert rəylərini şübhə altına alan sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də məhkəmə bu qənaətə gəlmişdir ki, təqdim olunmuş ekspert rəyləri mötəbər və yetərli sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir.
19. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia qanuni və əsaslıdır. Məhkəmə, iddia tələbini qismən təmin edərək nəzərə almışdır ki, işdə olan ekspert rəyinə əsasən zəbt edilmiş torpaq sahəsinin ölçüsü 0,10 hektar təşkil edir. Buna görə də, iddia həmin hissədə təmin edilməlidir.
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 158.1 və 158.1.2 158.4-ci, 1991-ci il # ###### tarixli, ***XII nömrəli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 32-ci maddəsinin 8-ci bəndi, 36-cı maddəsinin birinci abzası, halhazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50-ci maddəsinin 1-ci hissəsi, 73-cü maddəsinin 1-ci bəndinin 9-cu abzası, 75-ci maddəsinin 1-ci bəndi, 111-ci, 1970-ci il # #### tarixli Qanunla təsdiq olunmuş Azərbaycan SSR Torpaq Məcəlləsinin 13, 16, 24, 25, 26, 73, 74, 75, 91-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 80, 88, 106.1 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır.
21. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia rədd olunmuşdur (sədrlik edən – C.Imanov, hakimlər T.Kərimov və Q.Əliyev).
23. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, məhkəmənin sorğusuna əsasən Imişli Rayon Dövlət Arxivinin müdiri X2 tərəfindən Imişli Rayon Dövlət Arxivi, Imişli rayon XDS Icraiyyə Komitəsinin 1991-ci il tarixli, vərəq sayı 315 olan protokolları əks etdirən Fond № **, Siyahı № **, Sax/vahidi № ** və Imişli Rayon Dövlət Arxivi, Imişli rayon XDS Icraiyyə Komitəsinin 1991-ci il tarixli, vərəq sayı 699 olan protokolları əks etdirən Fond № **, Siyahı № **, Sax/vahidi № ** materialları Kollegiyaya təqdim edilmiş və həmin materiallar mübahisə predmeti üzrə tədqiq edilmişdir.
24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in 2025-ci il ## ###### tarixli, */**** saylı məhkəmə-xətşünaslıq ekspertizası rəyinə əsasən ekspertizaya təqdim edilmiş, Imişli Rayon Dövlət Arxivi, Imişli rayon XDS Icraiyyə Komitəsinin 1991-ci il tarixli protokolları əks etdirən 315 vərəqdən ibarət işin (Fond №**, Siyahı №**, Sax/vahidi №**) 285-ci vərəqindən əvvəldə yerləşdirilən “Imişli rayonu iddiaçı2 K/M-nə ayrılmış 0.50 ha torpaq sahəsinin” Plan sənədinin aşağı hissəsində “Баш jep гурулушчусу: Ə.АFАММƏДОВ” qrafasında möhür üzərindəki imza ilə Imişli Rayon Dövlət Arxivi, Imişli rayon XDS Icraiyyə Komitəsinin 1991-ci il tarixli protokolları əks etdirən 699 vərəqdən ibarət işin (Fond №**, Siyahı №**, Sax/vahidi № **) 640-cı vərəqində olan “Imişli rayon Aerodrom ərazisindən Bioloji labarotoriya ayrılmış idarə binasının” Planında “Баш jep гурулушчусу: Ə.Аğаммəдов” qrafasında möhür üzərindəki imza, 694-cü vərəqində olan “Imişli Rayonunun “Bəhramtəpə” Kolxozunun ərazisindən “Uğur təmir-tikinti Kooperativinə ayrılmış 5 hektar torpaq sahəsinin” Planında “Баш jep гурулушчусу: Ə.Аğаммəдов” qrafasında möhür üzərindəki imza, 698-ci vərəqində olan “Imişli Rayonunun Şərbət Qobusunun cənub hissəsində olan 44№-li azad dövlət fondu torpağından 30 hektar Karton tarası “Ruslan” kooperativinə ayrılması” Planında “Баш jep гурулушчусу: Ə.Аğаммəдов” qrafasındakı imza - Müxtəlif Şəxslər tərəfindən icra olunmuşdur.
25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in 2025-ci il ## ###### tarixli */**** saylı sənədlərin məhkəmə-texniki ekspertizası rəyinə əsasən tədqiqata təqdim edilmiş Imişli rayon iddiaçı2 k/m-nə ayrılmış 0,50 ha sahənin planında, Imişli rayon Aerodrom ərazisindən Bioloji laboratoriya ayrılmış idarə binasının planında, Imişli rayonunun “Bəhrəmtəpə” kolxozunun ərazisindən “Uğur” təmir-tikinti kooperativinə ayrılmış 5 hektar torpaq sahəsinin planında, Imişli rayonunun Şərbət Qobusunun cənub hissəsində olan ** №li azadə dövlət fondu torpağından 30 hektar Karton tarası “Ruslan” kooperativinə ayrılması planında olan möhür əksləri öz aralarında eynilik təşkil edirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in 2025-ci il ## ###### tarixli, */**** saylı məhkəmə-xətşünaslıq ekspertizası ilə müəyyən edilmişdir ki, Imişli Rayon Dövlət Arxivi, Imişli rayon XDS Icraiyyə Komitəsinin 1991-ci il tarixli protokolları əks etdirən 315 vərəqdən ibarət işin (Fond №**, Siyahı №**, Sax/vahidi №**) 285-ci vərəqindən əvvəldə yerləşdirilən “Imişli rayonu iddiaçı2 K/M-nə ayrılmış 0.50 ha torpaq sahəsinin” Plan sənədinin aşağı hissəsində “Баш jep гурулушчусу: Ə.АFАММƏДОВ” qrafasında möhür üzərindəki imza ilə Imişli Rayon Dövlət Arxivi, Imişli rayon XDS Icraiyyə Komitəsinin 1991-ci il tarixli protokolları əks etdirən 699 vərəqdən ibarət işin (Fond №**, Siyahı №**, Sax/vahidi № **) 640-cı vərəqində olan “Imişli rayon Aerodrom ərazisindən Bioloji labarotoriya ayrılmış idarə binasının” Planında “Баш jep гурулушчусу: Ə.Аğаммəдов” qrafasında möhür üzərindəki imza, 694-cü vərəqində olan “Imişli Rayonunun “Bəhramtəpə” Kolxozunun ərazisindən “Uğur təmir-tikinti Kooperativinə ayrılmış 5 hektar torpaq sahəsinin” Planında “Баш jep гурулушчусу: Ə.Аğаммəдов” qrafasında möhür üzərindəki imza, 698-ci vərəqində olan “Imişli Rayonunun Şərbət Qobusunun cənub hissəsində olan 44№-li azad dövlət fondu torpağından 30 hektar Karton tarası “Ruslan” kooperativinə ayrılması” Planında “Баш jep гурулушчусу: Ə.Аğаммəдов” qrafasındakı imza - Müxtəlif Şəxslər tərəfindən icra olunmuşdur.
26. Göründüyü kimi iddiaçıya XDS Icraiyyə Komitəsinin 1991-ci il tarixli protokolu və həmin tarixli qərarı ilə torpaq sahəsi verilsə də həmin torpaq sahəsinin harada, hansı koordinat məlumatları üzrə ayrılaraq iddiaçıya təhkim edilməsi müəyyən edilmir. Qeyd edilən XDS qərarı ilə iddiaçıya ayrılmış 0.50 ha torpaq sahəsinin “Plan sənədi” həqiqi deyil, həmin sənəd saxta yolla tərtib edilərək səhifələnmədən və tikilmədən Arxiv materiallarına əlavə edilmişdir. Belə olduğu halda da iddiaçı hazırda cavabdehi ona aid olmasını sübut edə bilmədiyi torpaq sahəsindən çıxarılmasını tələb edə bilməz.
27. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının hazırkı tələblə məhkəmədə iddia qaldırmağa subyektiv hüququ olmadığından, apellyasiya şikayəti təmin olunaraq, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir.
28. Apellyasiya məhkəməsi gəldiyi nəticəni 1991-ci il # ###### tarixli, ***XII nömrəli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 32-ci maddəsinin 8ci bəndi, 36-cı maddəsinin birinci abzası, hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50-ci maddəsinin 1-ci hissəsi, 73-cü maddəsinin 1-ci bəndinin 9-cu abzası, 75-ci maddəsinin 1-ci bəndi, 111-ci, 1970-ci il # #### tarixli Qanunla təsdiq olunmuş Azərbaycan SSR Torpaq Məcəlləsinin 13, 16, 24, 25, 26, 73, 74, 75, 91-ci, MPM-in 14.2, 77.1, 107, 217, 384.0.2 və 385.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
29. Iddiaçı kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, işin yenidən baxılmaq üçün digər apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
30. MPM-in 97.3-cü maddəsi üzrə - məhkəmə tərəfindən ekspertiza təyin edilməsi elan edilən zaman ekspert qarşısına qoyulacaq suallarının olduğunu bildirirərək və bunun üçün iddiaçıya vaxt verilməsini xahiş etmişlər. Hakimlər bu məqsədlə 5 gün vaxtlarının olduğunu bildirsələr də 2 gün sonra 14 ədəd sualı sistemə yerləşdirdikdən bir neçə saat sonra 11 səhifədən ibarət sistemə yerləşdirilən qərardadda iddiaçının heç bir sualı nəzərə alınmamışdır.
31. MPM-in 97.4-cü maddəsi üzrə - məhkəmə ekspertizanın təyin olunması barədə qərardadında iddiaçının təqdim etdiyi 14 sualdan heç birini ekspert qarşısında qoyulan suallara əlavə etməmiş və bunu əsaslandırmağa borclu olduğu halda etməmişdir. Nəticədə cavabdehin əvvəlcədən arxiv işçilərinin köməyi ilə arxiv sənədlərinə müdaxilə edərək, müəssisəyə aid sənədlərdən qəsdən plan-cizgini kəsib çıxararaq axırıncı vərəqə tikilmədən və nömrələnmədən qoyulması və digər vərəqlərin nömrələnməsi barədə sualları cinayət faktının müəyyən edilməsi üçün zəruri olduğunu prosesdə bildirsələr də məhkəmə bu mövzuda nə özü sual qoymamış, nə də iddiaçının suallardan istifadə etməmişdir.
32. MPM-in 9.1-ci maddəsi üzrə - hakim Qasım Əliyev istisna olmaqla digər iki hakim açıq-aşkar cavabdehə rəğbətlərini nümayiş etdirmişlər. Belə ki, hakim hər iki şəxsə fikirlərini bildirmək üçün kifayət qədər şərait yaratmaqla, yönəldici suallar verir, iddiaçı olaraq analoji şəraiti yaratmamaqla iddiaçını haqsız duruma salmağa çalışmışlar. Mötəbərliliyi 1-ci instansiya məhkəməsi tərəfindən yoxlanılmış konkret dəlil və sübutların olmasını bildirmələrinə baxmayaraq, nəticədə hakimlər prosesin süni surətdə uzadılmasına səbəb olan sorğular verilməsini qərara almaqla bir daha işin nəticələrinə maraqlı və iddiaçı tərəfə qərəzli olmasını aşkar göstərmişlər. Prosesdə tərəflərin bərabərliyi prinsipi hakimlər tərəfindən aşkar pozulmuşdur.
33. MPM-in 19.1.7-ci maddəsi üzrə - hakimlər qərəzsizlik barədə normaları kobud şəkildə pozaraq işin gələcək nəticəsi barədə mövqelərini və iddiaçı tərəfə qarşı qərəzli münasibətlərini çəkinmədən nümayiş etdirmişlər. Bu və digər əsaslandırılmış səbəblərlə hazırkı işə baxan bütün tərkibə 2025-ci il # ####### tarixli etiraz ərizəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin sədrinə rəsmi etiraz verilsə də bu etiraza heç bir münasibət bildirilməmişdir.
34. MPM-in 88, 103.1-ci maddələri, Ali Məhkəmə Plenumunun ##.##.2005-ci il tarixli,* №-li Qərarının 3.3.və 3.4-cü bəndləri üzrə - məhkəmə tərəfindən ekspert qarşısına qoyulan 2 sualdan birincisi məhkəmə-xətşünaslıq ekspertizasına aiddir. Qoyulan sual mahiyyətcə qanunvericiliyin tələblərinə zidd olaraq eksperti səhv məcraya yönəltməklə obyektiv nəticə almaq məqsədi daşımır. Belə ki, həmin sualda mötərizə içərisində yazılan “həmin vərəqədə olan möhürün üzərində əksini tapan imza” ilə digər səhifələrdəki yerləşən plan ölçü sənədlərində olan Baş yer quruluşçusu Ə.Ağammədova məxsus imzalarla eynilik təşkil edirmi? sualı yönəldici olmaqla problemin mahiyyətinin müəyyən edilməsinə deyil, əldə etmək istədiyi nəticəyə hesablanmış sualdır. Ekspert sənəddə olan möhürün ekspertiza üçün təqdim edilmiş digər sənədlərdəki möhürlərlə eynilik təşkil etdiyini bildirmişdir. Lakin qərardad və qətnamədə məhkəmə bu fakta heç bir əhəmiyyət verməmiş və münasibət belə bildirməmişdir. Məhkəmə qətnamənin 19-cu səhifəsinin 4-cü abzasında müəssisəyə aid sənədlərin saxta yolla tərtib edilərək səhifələnmədən və tikilmədən Arxiv materiallarına əlavə edildiyini və 44-cü fond, siyahı 01-də saxlanıldığını qeyd edir. Eyni zamanda 18-ci səhifənin sonuncu abzasında sənədlərin 285-ci vərəqdən əvvəl yerləşdirildiyini bildirir. Eyni qətnamədə sənədlərin həm nömrələndiyi, həm də nömrələnmədiyi qeyd olunur. 2021-ci il ## ###### tarixli * nömrəli vəkil sorğusuna Imişli rayon Dövlət Arxivinin müdiri, mərhum Yaşar Cəfərov tərəfindən verilmiş 2021-ci il ## ###### tarixli *** nömrəli məktubda iddiaçıya aid 7 vərəqdən ibarət arxiv sənədləri ardıcıl tikilib möhürlə təsdiq edilməklə büronun ünvanına göndərilmiş və bu zaman arxiv sənədləri nömrələnməmiş olmaqla ayrılmış torpaq sahəsinin plan-cizgisi 5-ci vərəqdə olmuş və qaytanlanmış vəziyyətdə olmuşdur. Həmçinin də sənədlərin protokollar kitabında fond №**, saxlanma vahidi 11 iş qeydiyyatlı olmuşdur. Lakin məhkəmə sənədlərin 54-cü fonddan, 11-ci saxlama vahidindən 44-cü fonda neçə “düşməyinə” və nömrələnməsinə aydınlıq gətirməmiş və bu barədə qərardadda ekspert qarşısında qoyulacaq iddiaçının suallarını qəsdən nəzərə almamışdır. Nəticədə süni surətdə subyektiv hüququn olmaması görüntüsü yaratmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz verilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, şikayətdə MM və MPM-in tələblərinin pozulduğu formal olaraq göstərilsə də, buna dair heç bir konkret əsaslandırma aparılmamışdır. Apellyasiya məhkəməsi iddia tələbini ətraflı araşdırmış, təqdim edilən rəsmi sənədlərə hüquqi qiymət vermiş və düzgün nəticəyə gəlmişdir. Iddiaçının şikayətinin məqsədi cavabdehi sahibkarlıqdan məhrum etmək üçün saxta yolla əldə etdiyi sənədləri ələ götürməkdir. Iddiaçının şikayətinin heç bir qanuni əsası yoxdur.
Kassasiya baxışının hədləri
36. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.”
“Maddə 97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. Işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Işdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 97.3. Işdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar. 97.4. Ekspert rəyinin alınmasına dair sualların yekun məzmununu məhkəmə müəyyən edir. Işdə iştirak edən şəxslərin təqdim etdiyi sualların rədd edilməsini məhkəmə əsaslandırmağa borcludur.”
“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”
“Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir.”
“Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”
“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
“Maddə 418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
39. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
40. Kassasiya şikayətində qeyd edilən prosessual hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.
41. Belə ki, iddiaçı ekspert qarşısında qoyulmasını təklif etdiyi sualların nəzərə alınmamasını, ekspertizanın predmetinin düzgün müəyyən edilməməsini, məhkəmənin qərəzli davranmasını və tərəflərin prosessual bərabərliyinin pozulduğunu göstərsə də, həmin dəlillərdən heç biri apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aktının ləğvinə səbəb olan prosessual pozuntulara yol verildiyini təsdiq etmir.
42. MPM-in 97.3 və 97.4-cü maddələrindən göründüyü kimi, ekspert qarşısında qoyulacaq sualların müəyyən edilməsi məhkəmənin səlahiyyətinə aiddir. Tərəflərin təqdim etdikləri sualların hamısının ekspert qarşısında qoyulması məhkəmənin vəzifəsi deyildir. Məhkəmə iş üzrə əhəmiyyət kəsb etməyən, hüquqi qiymətləndirməyə aid olan və ya ekspert tədqiqatının predmetinə daxil olmayan sualların ekspert qarşısında qoyulmasından imtina edə bilər. Kassasiya şikayətində göstərilən hallar isə məhkəmənin bu prosessual səlahiyyətindən istifadə etməsi ilə bağlı narazılığı ifadə edir və özlüyündə prosessual hüquq normasının pozulması kimi qiymətləndirilə bilməz.
43. Bundan başqa, iddiaçı ekspertiza qarşısında qoyulmasını zəruri hesab etdiyi sualların cavablandırılmamasının iş üzrə hansı hüquqi nəticəyə təsir göstərə biləcəyini də əsaslandırmamışdır. Kassasiya şikayətində göstərilən arqumentlər mahiyyət etibarilə ekspert rəylərinin nəticələri ilə razılaşmamaqdan və həmin sübutların yenidən qiymətləndirilməsinə nail olmaq istəyindən ibarətdir. Ümumiyyətlə kassasiya şikayətində irəli sürülmüş dəlillərin əhəmiyyətli hissəsi apellyasiya instansiyası məhkəməsinin ekspert rəylərinə verdiyi qiymətlə, sübutların kifayətliliyi barədə gəldiyi nəticə və işin faktiki hallarının müəyyən edilməsi ilə bağlıdır.
44. Halbuki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
45. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPMin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı).
46. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır. Kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən MPM- 47.217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv in 14.1, tədqiqinə lazımi şərait yaradılmasın, iddiaçının istinad etdiyi dəlillərə və təqdim edilmiş sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, apellyasiya instansiyası məhkəməsi tərəflərin bütün əsas arqumentlərini araşdırmış, ekspert rəylərini digər sübutlarla birlikdə qiymətləndirmiş, gəldiyi nəticələrin hüquqi və faktiki əsaslarını qətnamədə ətraflı göstərmiş, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edildiyini qətnamədə göstərmişdir.
48. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə səbəb olan prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
49. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI:
Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-***/**** nömrəli nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.