Məhkəmə qərarları › İş №2-2(1-8)-250/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-250/2026

16.07.2026 · Kommersiya mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-250/2026 16.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı “X2 Agro» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qarayev Sənan Məmməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı “X2 Agro» MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. “X2 Agro» MMC və Cavabdeh MMC arasında bağlanmış 2024-cü il ## ######## tarixli **/** nömrəli müqavilənin 5.4-cü bəndinə əsasən əgər Sifarişçi tərəfindən iş dayandırıldıqda (həmən gündən başlayaraq) sahədə olan Texnika, avadanlıq və işçi heyyətinin günlük xərcləri (icarə) sifarişçi tərəfindən ödənilir (Sənədləşmə əlavə 5.5 bəndinə əsasən).

2. “X2 Agro» MMC tərəfindən həmin müqavilə üzrə Cavabdeh MMC-yə 166.250,03 manat dəyərində görülmüş işlərlə bağlı 2025-ci il ## ##### tarixli MT2504 seriyalı ******** nömrəli elektron qaimə-faktura göndərilmişdir.

3. Hər iki hüquqi şəxsin səlahiyyətli şəxslərinin imzası və möhürü ilə möhürlənmiş 2025-ci il ## ###### tarixli ** nömrəli işlərin təhvil-təslim aktından görünür ki, “X2 Agro» MMC tərəfindən Cavabdeh MMC-yə 166.250 manat məbləğində dəyəri olan işlər təhvil verilmişdir.

İş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı “X2 Agro» MMC (bundan sonra-“iddiaçı”) cavabdeh Cavabdeh MMC -yə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 166.250,03 manat məbləğində əsas borcun, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 300 manat məbləğində xidmət haqqının və 456,25 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki tərəflər arasında 2024-cü il ## ######## tarixli **/** nömrəli xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə * nömrəli əlavəyə əsasən iddiaçı cavabdehə Heydər Əliyev adına X1 ərazisində xidmətlər göstərməyi, cavabdeh isə iddiaçıya həmin xidmətlərin qarşılığında razılaşdırılmış xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı öz öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmişdir. Lakin işin sifarişçi tərəfindən dayandırılması nəticəsində ərazidə olan iddiaçıya məxsus maşın və avadanlıqların, həmçinin işçi heyətinin xərcləri cavabdeh tərəfindən ödənilməmişdir. Belə ki, müqavilənin 5.4-cü bəndinə əsasən, sifarişçi tərəfindən iş dayandırıldıqda həmin gündən başlayaraq sahədə olan texnika, avadanlıq və işçi heyətinin günlük xərcləri, yəni icarə haqqı sifarişçi tərəfindən ödənilir. Bundan başqa, müqavilənin 5.5-ci bəndinə əsasən, xidmətlərin icra olunması qrafiki pozulduğu halda sifarişçi və icraçı tərəfindən bununla bağlı təhvil-təslim aktına qeyd daxil edilir. Tərəflər arasında imzalanmış 2025-ci il ## ###### tarixli * nömrəli işlərin təhviltəslimi aktından və 2025-ci il ## ##### tarixli MT2504 seriyalı ******** nömrəli elektron qaimə-fakturadan göründüyü kimi, cavabdehin iddiaçıya 166.250,03 manat məbləğində borcu yaranmışdır. Eyni zamanda işin materiallarına əlavə edilmiş 2025-ci il ## ###### tarixli * nömrəli işlərin təhvil-təslimi aktında müqavilə nömrəsi və tarixi səhv qeyd edilmişdir. Belə ki, 2024-cü il ## ######## tarixli **/** nömrəli xidmət müqaviləsi əvəzinə səhvən 2024-cü il # ######## tarixli **/** nömrəli icarə müqaviləsi qeyd edilmişdir.

6. Sumqayıt Kommersiya Məhkəməsinin 2025-ci il ## ######## tarixli e-*-*(***)- ****/**** nömrəli qətnaməsi ilə iddia tələbinin edilməsi qət edilmişdir (hakim F.Həmidli).

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında 2024-cü il ## ######## tarixli **/** nömrəli podrat müqaviləsinin elementlərini ehtiva edən xidmət müqaviləsi və həmin müqaviləyə 1 və * nömrəli Əlavələr bağlanılmış, həmin müqavilə və Əlavələr üzrə icraçı qismində iştirak edən iddiaçı müqavilə öhdəliyinə uyğun olaraq sifarişçi qismində çıxış edən cavabdehin sifarişinə əsasən onun tapşırdığı yerdə razılaşdırılmış xidmətləri icra etmiş, lakin cavabdeh göstərilən xidmətlərin dəyərini ödəməyərək müqavilə öhdəliklərini pozmuş və 166.250,03 manat məbləğində borcu yaranmışdır.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 389.1, 386.1, 425.1, 442, 443.1, 448 və 752.1-ci maddələri, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

9. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

b) Apellyasiya instansiya məhkəməsindəki icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim İ.Dəmirov, hakimlər R.Xəlilov və Z.Məmmədov).

11. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, qeyd etmişdir ki, müqavilə tərəfi üzrə “icraçı” üzərinə düşən öhdəliklərin vaxtında icra olunması üçün bütün zəruri tədbirləri görmüş, lakin “Sifarişçi”nin təqsirinə görə müqavilə öhdəliklərini icra edə bilməmişdir. Bununla əlaqədar müqavilə şərtlərinə müvafiq icraçının çəkdiyi xərclərlə əlaqədar tərəflər arasında könüllü olaraq 2025-ci il ## ###### tarixində ** №-li “İşlərin təhvil-təslim aktı” imzalanaraq sifarişçi tərəfindən icraçıya toplam olaraq ödəniləcək məbləğin 166.250 manat olduğu göstərilmişdir.

12. Ona görə də, məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, nəticədə iddiaçıya maddi ziyan dəymiş və tərəflər qarşılıqlı razılıq əsasında müqavilənin qüvvəyə mindiyi 2024-cü il ## ######## tarixindən sonra 3 ay 15 gün ərzində boşdayanmaya görə sifarişçi tərəfindən icraçıya ödənilməli olan toplam məbləği 166.250 manat müəyyən etmişlər.

13. Cavabdehin apellyasiya instansiya məhkəməsində iddiaçının 3 ay 15 gün ərzində çəkdiyi xərclərin rəsmi hesabatlarda əks olunub olunmaması, 2024-cü il ## ######## tarixdən 2025-ci il ## ###### tarixədək olan dövr ərzində iddiaçının neçə işçisinin olması barədə məlumatın, onlarla bağlanmış əmək müqaviləsi bildirişlərinin, habelə cəmiyyətin mülkiyyətində və balansında hər hansı texnikaların olub-olmaması barədə məlumatların təqdim edilməsi üçün Dövlət Vergi Xidmətinə sorğu verilməsi barədə verdiyi vəsatət yeni sübutların əldə edilməsinə yönəldiyindən, cavabdeh heç bir üzrlü səbəb olmadan birinci instasniya məhkəməsində iştirak etmədiyindən məhkəmə kollegiyası tərəfindən təmin olunmamamışdır.

14. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 389.1, 425.1, 442, 443.1, 448 və 752.1-ci maddələrinə və MPM-in 14.2, 47.1, 77.1, 88, 217.4, 372-ci maddələrinə istinadla əsaslandırmışdır.

15. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri:

16. Maddi və prosessual hüquq normalarının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər) bölməsində Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ, III və IV-cü hissələri, 26 və 60-cı maddələri; MM-in 324.1, 324.2, 329.1, 337.1, 337.4, 352, 385.1, 386.1, 389.1, 389.2, 389.3, 398.1, 406.1, 421.1, 421.2, 423.1, 423.2, 675, 700.1, 700.2 və 700.3-cü maddələri, MPM-nin 1.3, 3.1, 9.1-9.3, 14.1-14.2, 77.1, 77.3, 87.1-87.2, 88, 185.1-185.2, 217.1, 217.2, 218.1, 220.4, 327.1, 327.2, 327.6 və 327.7-ci maddələrinə məzmunu sadalanmaqla istinad olunmuşdur.

17. Digər məsələlər üzrə-cavabdeh tərəfindən iddiaçıya müqavilədə nəzərdə tutulmuş xidmətlərin yerinə yetirilməsi, daha doğrusu, başlanmasına dair heç bir tapşırıq verilməmiş və iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş xidmətlərlə bağlı heç bir iş görülməmişdir. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi göstərilmiş 2025-ci il ## ###### tarixli ** nömrəli təhvil-təslim aktı və 2025-ci il ## ##### tarixli MT2504 seriyalı ******** nömrəli elektron qaimə-faktura tərəflər arasında bağlanmış müqavilənin 5.4-cü bəndinə əsasən tərtib olunmuşdur. Xidmət müqaviləsinə müəyyən hallarda icarə haqqının ödənilməsi kimi 5.4-cü bənd əlavə edilmişdir. Tərəflər arasındakı müqavilənin xidmət müqaviləsi olduğunu, həmin müqavilənin 5.4-cü bəndinin qeyd olunan müqavilənin şərtlərinə uyğun olmadığını, iddiaçı ilə icarə müqaviləsinin bağlanmadığını nəzərə alaraq, 2024-cü il ## ######## tarixli **/** nömrəli müqavilənin 5.4-cü bəndi (“Əgər Sifarişçi tərəfindən iş dayandırıldıqda (həmin gündən başlayaraq) sahədə olan Texnika, avadanlıq və işçi heyyətinin günlük xərcləri (icarə) sifarişçi tərəfindən ödənilir (Sənədləşmə əlavə 5.5 bəndinə əsasən) mülki qanunvericiliklə müəyyənləşdirilmiş şərtlərin pozulması ilə tərtib edildiyindən etibarsızdır. Ona görə də, müqavilənin həmin bəndinə əsasən tərtib edilmiş təhvil-təslim aktı və elektron qaimə-faktura da etibarsızdır. Lakin birinci instansiya məhkəməsi qanunvericiliyə əsasən etibarsız olan təhvil-təslim aktını və elektron qaiməfakturanı əsas sübut kimi qiymətləndirərək (hətta qətnamədə qeyd olunan təhvil-təslim aktının və elektron qaimə-fakturanın hər hansı işlərin yerinə yetirilməsini təsdiq edən sənəd kimi nəzərə alaraq) iddianı təmin etmiş, apellyasiya məhkəməsi isə eyni əsaslarla birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayaraq, əqdin (müqavilə və ya onun bir hissəsinin) etibarlılığını müəyyən etmək kimi əsas vəzifəsini yerinə yetirməmişdir.

18. Bundan başqa, apellyasiya məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, guya cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, nəticədə iddiaçıya maddi ziyan dəymişdir. Vurğulanan maddi ziyan barədə apellyasiya məhkəməsində izahat vermiş iddiaçının hazırki direktoru nümayəndə2 məlumat verniş, lakin qeyd olunan maddi ziyanı (guya ki, çəkilmiş xərcləri) təsdiq edən heç bir sübut (sənəd) məhkəməyə təqdim olunmamışdır. Qeyd olunan xərclərin çəkilməsini təsdiq edən rəsmi sənədlərin əldə olunması ilə bağlı sorğuların verilməsinə dair vəsatət də məhkəmə tərəfindən əsassız olaraq təmin edilməmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

20. İş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

21. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

“Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi

443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. ...”

“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. ...”

“Maddə 752. Podrat müqaviləsi

752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” ...”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24.Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş üzrə qətnamənin ləğvi üçün əsas hesab etmir və qeyd edir ki, şikayətdə göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşdığından, təkrar qiymətləndirmə aparılmasını zəruri hesab etmir. 25.Cavabdehin kassasiya şikayətinin məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və işin hallarının sübut olmaması barədə dəliləri üzrə qeyd olunur ki, MPM-nin 407.2-ci maddəsinin tələbi baxımından hazırkı icraat çərçivəsində həmin dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır. 26.Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. 27.MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara alır:

Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar