Məhkəmə qərarları › İş №2-2(1-8)-252/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-252/2026

13.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-252/2026 13.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Iş № *-2(1-8)-252/2026 Açar sözlər: alınmış əşyanın ödənilməsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakim Əsgərov Çingiz Isgəndər oğlunun məruzəsi ilə, hakimlər Babayev Zəki Baba oğlu və Qurbanov Raqib Əliddin oğlundan barət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. Işin halları

1. Sifarişçi Cavabdeh MMC ilə icraçı “xxxx” MMC arasında 2023-cü il # #### tarixli ***/** nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı, müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavələrdə göstərilən malları hazırlayıb emal etdikdən sonra sifarişçiyə təhvil verməyi, sifarişçi isə təqdim edilmiş malların dəyərini müqavilədə nəzərdə tutulmuş qaydada ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən icraçı, həmçinin malların emal edilməsi xidmətini göstərmək və mal-materialların vaxtında hazırlanmasını təmin etmək öhdəliyi daşımışdır.

II. Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı (bundan sonra - “iddiaçı”) 2025-ci il # ##### tarixində Cavabdeh (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 13.515,01 manat məbləğində əsas borc, 41.614,59 manat məbləğində cərimə, hüquqi yardımla bağlı ödənilmiş 978 manat məbləğində xidmət haqqının və 258,32 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 56.365,92 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə 2023-cü il # #### tarixli EBDJ ****** nömrəli e-qaimə üzrə ƏDV daxil 1.888 manat, 2024-cü il # ##### tarixli EBEB ****** nömrəli e-qaimə üzrə ƏDV daxil 11.391,01 manat, 2024-cü il ## ##### tarixli EBEC ****** nömrəli e-qaimə üzrə ƏDV daxil 2.761,2 manat, 2024-cü il ## ##### tarixli EBEC ****** nömrəli e-qaimə üzrə ƏDV daxil 212,4 manat, 2024-cü il # ### tarixli EBEC ****** nömrəli e-qaimə üzrə ƏDV daxil 1.200,06 manat, 2024-cü il # ### tarixli EBEC ****** nömrəli eqaimə üzrə ƏDV daxil 2.124 manat dəyərində mallar təqdim edilmişdir. Yuxarıda qeyd olunan e-qaimələrə əsasən cavabdeh tərəfindən 2023-cü il # #### tarixində ƏDV daxil 1888 manat, 2024-cü il ## ##### tarixində ƏDV daxil 2.761,2 manat, 2024-cü il # ### tarixində ƏDV daxil 1.412,46 manat, cəmi 6.061,66 manat ödəniş edilmişdir. 2024-cü il # ##### tarixli EBEB ****** nömrəli e-qaimə üzrə ƏDV daxil 11.391,01 manat, 2024-cü il # ### tarixli EBEC ****** nömrəli e-qaimə üzrə ƏDV daxil 2.124 manat və bu e-qaimələr üzrə gecikdirilmiş hər bir gün üçün 1% həcmində hesablanmış cərimə məbləği cəmi 41.614,59 manat olmaqla, cəmi 55.129,6 manat azn hal-hazıradək iddiaçıya geri qaytarılmamışdır.

4. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclaslarında iştirak etməmiş və iddiaya heç bir münasibət bildirməmişdir.

5. Sumqayıt Kommersiya Məhkəməsinin 2025-ci il ## ### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən 13.515,01 manat məbləğində əsas borcun, 700 manat məbləğində cərimə, hüquqi yardımla bağlı ödənilmiş 750 manat məbləğində xidmət haqqının və 132,64 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 15.097,65 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – Fərman Həmidli).

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış müqavilə üzrə malların təqdim edilməsi elektron qaimə-fakturalarla təsdiqlənmiş, tərəflər arasında formalaşmış işgüzar praktikaya əsasən elektron qaimələr öhdəliyin icrası üçün kifayət hesab edilmişdir. Cavabdeh əvvəlki 4 ədəd qaimə-faktura üzrə ödəniş etdiyindən, qalan 2 qaimə-faktura (2024-cü il # ##### tarixli EBEB seriyalı ****** nömrəli və 2024-cü il # ### tarixli EBEC seriyalı ****** nömrəli) üzrə də borcu qəbul etmiş sayılmış və 13.515,01 manat əsas borcun tutulması əsaslı hesab edilmişdir.

7. Bununla yanaşı, müqavilədə nəzərdə tutulan gündəlik 1% cərimə məbləği əsas borca münasibətdə tənasübsüz yüksək olduğundan, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 467-ci maddəsini tətbiq edərək 41.614,59 manat cəriməni 700 manata endirmişdir.

8. Məhkəmə gəldiyi nəticəni MM-in 10.1, 14.1, 385.1, 442, 443.1, 448, 567, 600.1 və 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 106.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

9. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Zahid Məmmədov, hakimlər Ilqar Dəmirov və Ramin Xəlilov).

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış, əlavə olaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında müqavilə bağlanarkən cavabdehin üzərinə malların dəyərinin elektron qaimə cavabdehə təqdim edildikdən sonra 5 iş günü müddətində nağdsız qaydada ödənilməsi öhdəliyi qoyulmuş, müqavilədə malların ayrıca təhvil-təslim aktı əsasında verilməsi barədə hər hansı müddəa müəyyən edilməmişdir.

12. Kollegiya qeyd etmişdir ki, cavabdeh əvvəlki elektron qaimələr üzrə ödənişlər etmiş, lakin mübahisəli 2 ədəd qaimə üzrə malların təhvil alınmadığını təsdiq edən hər hansı sübutu təqdim etməmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi normalarla yanaşı MM-in 404, 425, 427, 430-cu və MPM-in 372, 384.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

14. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir.

III. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

15. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi və MM-in 152-155-ci maddələri üzrə - Müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 13.515,01 manat dəyərində malların verilməsi ilə əlaqədar 2024-cü il # ##### tarixli EBEB seriyalı ****** nömrəli və 2024-cü il # ### tarixli EBEC seriyalı ****** nömrəli elektron qaimə-fakturalar təqdim edilsə də, həmin qaimə-fakturalar üzrə cavabdehlə hər hansı təhvil-təslim aktı mövcud olmamışdır. Qeyd olunan qaimə fakturalar malın faktiki olaraq cavabdehə təhvil verildiyini təsdiq etmir. Göründüyü kimi, qeyd olunan malların faktiki olaraq cavabdehə təhvil verildiyini təsdiq edən təhvil-təslim aktı mövcud deyildir və iddiaçı bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və əsassız olaraq cavabdehə qarşı qeyd olunan iddianı qaldırmışdır. Bu səbəbdən məhkəmənin gəldiyi nəticə onun konstitusiya ilə qorunan mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur.

16. MPM-in 9.3, 14.1, 77, 88, 387-ci maddələri üzrə - işə baxan məhkəmə qeyd olunan prosessual hüquq normasının tələblərini kobud surətdə pozaraq, qətnamə qəbul etmişdir.

b) Kassasiya şikayətinə qarşı etiraz

17. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir.

IV. Kassasiya baxışının hədləri

18. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.

19. Kassasiya instansiyası faktları yenidən araşdırmır, lakin apellyasiya məhkəməsinin hüquqi qiymətləndirməsinin düzgünlüyünü yoxlamaq üçün iş üzrə müəyyən edilmiş faktiki hallara istinad edə bilər.

V. Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. …”

“Maddə 404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. …”

“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.”

“Maddə 427. Öhdəliyin icrası müddəti ... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.”

“Maddə 430. Öhdəliyin icrasından imtina 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. ...”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

“Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. ...”

“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. ...”

“Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”

“Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. … 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.”

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...” “Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...” “Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 1.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 2.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

VI. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Kassasiya baxışının hədləri nəzərə alınmaqla məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermir.

23. Ilk növbədə kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış 2023-cü il # #### tarixli, ***/** nömrəli müqavilə təkcə malların təqdim edilməsini deyil, eyni zamanda həmin malların hazırlanması və emal edilməsini də nəzərdə tutur. Müqavilədə tərəflərin “sifarişçi” və “icraçı” adlandırılması, icraçının malların hazırlanması və emal edilməsi xidmətini göstərmək öhdəliyinin müəyyən edilməsi həmin münasibətdə podrat elementlərinin də mövcudluğunu göstərir.

24. Bununla belə, müqavilənin əsas iqtisadi məqsədi sifariş edilmiş malların hazırlanaraq cavabdehə təqdim edilməsi və onların dəyərinin ödənilməsi olduğundan, aşağı instansiya məhkəmələrinin mübahisəyə əsasən alğı-satqı münasibətlərini tənzimləyən Mülki Məcəllənin 567 və 600-cü maddələrini, habelə öhdəlik hüququna dair ümumi normaları tətbiq etməsi iş üzrə gəlinmiş nəticənin qanuniliyinə təsir edən pozuntu kimi qiymətləndirilə bilməz.

25. Kassasiya şikayətinin əsas dəlili mübahisəli 2024-cü il # ##### tarixli EBEB ****** nömrəli və 2024-cü il # ### tarixli EBEC ****** nömrəli elektron qaimələr üzrə malların cavabdehə faktiki təhvil verilmədiyi və bunu təsdiq edən ayrıca təhvil-təslim aktının mövcud olmadığı ilə bağlıdır.

26. Işdən görünür ki, tərəflər arasında bağlanmış müqavilədə malların yalnız ayrıca təhvil-təslim aktı ilə verilməsi barədə tələb müəyyən edilməmiş, əksinə, ödənişin elektron qaimə təqdim edildikdən sonra həyata keçirilməsi nəzərdə tutulmuşdur. Tərəflər arasında yaranmış işgüzar praktikadan da görünür ki, əvvəlki elektron qaimələr əsasında cavabdeh tərəfindən ödənişlər həyata keçirilmiş və həmin qaimələr üzrə ayrıca təhvil-təslim aktlarının olmaması tərəflər arasında mübahisə doğurmamışdır.

27. Kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin qeyd olunan sübutları hansı prosessual qaydanı pozmaqla tədqiq etdiyi və ya qiymətləndirdiyi konkret göstərilməmişdir. Şikayətdə irəli sürülmüş dəlillər mahiyyət etibarilə məhkəmələrin işin faktiki hallarını və sübutları düzgün qiymətləndirməməsi ilə əlaqəlidir.

28. Halbuki MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə mənasına görə, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin nəticəsi üçün əhəmiyyətli olan faktiki halların tam aydınlaşdırılmamasına və ya məhkəmə nəticələrinin faktiki hallara uyğun olmamasına istinad edilməsi yolverilməzdir. Kassasiya instansiyası məhkəməsinin vəzifəsi sübutları yenidən qiymətləndirmək deyil, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etmədiyini yoxlamaqdan ibarətdir.

29. Iş materiallarından həmçinin görünür ki, birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh lazımi qaydada məlumatlandırılmış, bildirişlər onun apellyasiya şikayətində də göstərdiyi mobil telefon nömrəsinə göndərilmişdir. Buna baxmayaraq, cavabdeh öz nümayəndəsinin məhkəmə iclaslarında iştirakını təmin etməmiş, iddiaçının irəli sürdüyü hallara etiraz bildirməmiş və mübahisəli malların ona təqdim edilmədiyini birinci instansiya məhkəməsində irəli sürməmişdir.

30. Cavabdeh malların ona təqdim edilməməsi barədə dəlilə ilk dəfə apellyasiya şikayətində istinad etmişdir. MPM-in 209.3, 361.4, 372.2 və 380.1-ci maddələrinin mənasına görə isə işdə iştirak edən şəxs birinci instansiya məhkəməsində araşdırılmamış yeni hallara və sübutlara apellyasiya baxışında yalnız onların əvvəllər təqdim edilməsinin özündən asılı olmayan səbəblərdən mümkün olmadığını əsaslandırdığı halda istinad edə bilər. Hazırkı iş üzrə cavabdeh belə bir əsaslandırma təqdim etməmişdir.

31. Kollegiya bununla yanaşı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi sübutetmə yükünün bölgüsü ilə bağlı əsaslandırmasında müəyyən qeyri-dəqiqliyə yol vermişdir. Belə ki, məhkəmə elektron qaimələrin mövcudluğunu əsas götürərək malların təqdim edilmədiyini sübut etmək vəzifəsinin cavabdehin üzərinə düşdüyünü göstərmişdir. Halbuki MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, malların faktiki təqdim edilməsini sübut etmək yükü ilkin olaraq iddiaçının üzərinə düşür.

32. Bununla belə həmin qeyri-dəqiqlik apellyasiya məhkəməsinin gəldiyi nəticənin mahiyyət etibarilə düzgünlüyünə təsir etmir. Belə ki, iş üzrə yalnız elektron qaimələrin mövcudluğu deyil, tərəflərin əvvəlki münasibətlərində yaranmış işgüzar praktika, əvvəlki qaimələr üzrə ödənişlərin həyata keçirilməsi, müqavilədə ayrıca təhvil-təslim aktının zəruri şərt kimi müəyyən edilməməsi və cavabdehin birinci instansiya məhkəməsində malların təqdim edilmədiyini mübahisələndirməməsi birlikdə qiymətləndirilmişdir.

33. MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normasının pozulması yalnız həmin pozuntu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olduqda və ya səbəb ola bildikdə məhkəmə aktının ləğvi üçün əsas yaradır. Hazırkı halda sübutetmə yükünün ifadəsində yol verilmiş həmin qeyri-dəqiqlik iş üzrə qəbul edilmiş nəticənin yanlış olmasına səbəb olmamışdır.

34. Kassasiya şikayətində Konstitusiyanın 29-cu maddəsinin və Mülki Məcəllənin 152-155-ci maddələrinin pozulmasına istinad edilsə də, cavabdehin mülkiyyət hüququnun hansı konkret hüquqi mexanizmlə pozulduğuna dair əsaslandırma verilməmişdir. Cavabdehdən pul vəsaitinin tutulması onun mülkiyyət hüququna əsassız müdaxilə deyil, məhkəmələr tərəfindən müqavilə öhdəliyinin icra edilməməsinin hüquqi nəticəsi kimi qiymətləndirilmişdir.

35. Eyni zamanda, kassasiya şikayətində MPM-in 9.3, 14.1, 77, 88 və 387-ci maddələrinin pozulmasına ümumi şəkildə istinad edilmiş, lakin həmin normaların hər birinin konkret olaraq hansı hərəkət və ya hərəkətsizliklə pozulduğu göstərilməmişdir. Iş materiallarından isə görünür ki, cavabdeh proses barədə məlumatlandırılmış, apellyasiya şikayətində irəli sürdüyü dəlillər araşdırılmış və həmin dəlillərə məhkəmə tərəfindən hüquqi qiymət verilmişdir.

36. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iş üzrə əhəmiyyət kəsb edən sübutları tədqiq etmiş, tərəflər arasında formalaşmış müqavilə münasibətlərini və işgüzar praktikanı nəzərə almış, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərə hüquqi qiymət vermişdir. Kassasiya şikayətində isə apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini şərtləndirən maddi və ya prosessual hüquq pozuntusunun mövcudluğu əsaslandırılmamışdır.

37. Məhkəmə kollegiyası həmçinin MPM-in 418.4-cü maddəsində nəzərdə tutulan və məhkəmə aktının şikayətin dəlillərindən asılı olmayaraq ləğvinə səbəb olan prosessual hüquq pozuntularının iş üzrə mövcud olmadığını müəyyən edir.

38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # ###### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Məhkəmə kollegiyası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq

QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # ###### tarixli 2- *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar