Məhkəmə qərarları › İş №2-2(1-8)-256/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-256/2026

25.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-256/2026 25.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: komissiya müqaviləsi üzrə pulun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya mübahisəsi üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. Komitent İddiaçı QSC ilə komisyonçu Cavabdeh arasında 2022-ci il ## #### tarixli komissiya müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən komitent özünün mallarının öz hesabına lakin komisyonçunun adından satılması barədə müqavilələrin bağlanmasını komisyonçuya tapşırmağı və əvəzində razılaşdırılmış muzd ödəməyi, sonuncu isə bu müqavilədə nəzərdə tutulmuş qaydada muzd müqabilində tapşırığın yerinə yetirilməsini öhdəsinə götürmüşdür.

2. Qalıq borcun dəqiqləşdirilməsi məqsədilə tərəflər arasında 2022-ci il ## ###### tarixli qarşılıqlı üzləşmə aktı tərtib edilmişdir. Həmin akta əsasən Cavabdeh İddiaçı QSCyə 2022-ci il ## ###### tarixinə satılan mallar üzrə 38.600 manat məbləğində debitor borcu qalmışdır.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

3. Iddiaçı İddiaçı QSC (bundan sonra - “iddiaçı”) cavabdeh Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 38.600 manat debitor borc, 3.045,69 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 41.645,69 manat məbləğində pulun və və 214,94 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Iddia onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı 2022-ci il ## #### tarixli ** nömrəli komissiya müqaviləsinə əsasən ona verilmiş malları adları iddiaçıya məlum olmayan şəxslərə nisyə olaraq satmış, həmçinin pərakəndə satış zamanı malların dəyərini iddiaçıya ödəməmişdir. 2022-ci il ## ###### tarixli üzləşmə aktına əsasən 38.600 manat dəyərində təhvil verilmiş malın ödənişi cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş və debitor borcu qalmışdır. Öhdəliyini icra etməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə 2024-cü il ## ##### tarixində cavabdehə pretenziya məktubu göndərilsə də, cavabdeh hərəkətsizlik göstərərək borcu ödəməmişdir. Bundan əlavə, cavabdeh iddiaçıya ödənməli olan məbləği gecikdirdiyinə görə iddiaçıya 3.045,69 manat əldən çıxmış fayda ödəməlidir.

5. Cavabdeh birinci instansiya məhkəməsinin iclaslarında iştirak etməmişdir.

6. Şəki Kommersiya Məhkəməsinin 2024-cü il # ######## tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – R.Məcidov).

7. Məhkəmə tələbin 38.600 manat borcun ödənilməsinə münasibətdə qeyd etmişdir ki, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və ödənilməmiş 38.600 manat borcu qalmışdır. Qalıq borcun dəqiqləşdirilməsi məqsədilə tərəflər arasında onların imzaları ilə təsdiq edilmiş qarşılıqlı üzləşmə aktı tərtib edilmiş və həmin akta əsasən cavabdehin debitor borcunun 38.600 manat olması təsdiqlənmişdir. Göründüyü kimi cavabdeh qalıq 38.600 manat borcun mövcudluğuna dair tərtib edilmiş üzləşmə aktına imza etməklə həmin məbləğdə borcun olmasını etiraf etmişdir. Bu səbəbdən 38.600 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

8. Həmçinin məhkəmə hesab etmişdir ki, 3045,69 manat borc məbləği Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 445.7-ci maddəsinə əsasən illik 5 % olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin konkret müddəti müəyyən olunmadığından qarşılıqlı üzləşmə aktının tərtib olunduğu 2022-ci il ## ###### tarixdən məhkəməyə müraciət edildiyi 2024-cü il ## #### tarixə 19 ay üçün illik 5%-lə ödənilməli faiz məbləği 3055,83 manat təşkil edir. Iddiaçı isə 3045,69 manat tələb edir ki, məhkəmə tələbdən kənara çıxmağa haqlı olmadığından iddiaçının tələbi üzrə tələb olunan məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

9. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 386.1, 442, 445.2, 445.7, 448.1, 448.2, 752.1, 752.2, 753.1-ci maddələrinə istinadla əsaslandırmışdır. 10.Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11.Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni cavabdehdən tutulan “38600 manat əsas” borcun - 2600 manat hissəsində, “3045,69 manat faiz borcu” - tam hissədə və “214,94 manat dövlət rüsumu” - 16,94 manat hissəsində ləğv edilməsi və həmin hissələrdə iddianın rədd edilməsi, cavabdehdən 36000 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 198 manat olmaqla, cəmi 36198 manat məbləğində pul vəsaitinin alınaraq, iddiaçıya ödənilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim Z.Sadiqov, hakimlər E.Hüseynov və Ə.Kərimov). 12.Məhkəmə qeyd etmişdir ki, iş materiallarına əsasən cavabdeh iddiaçıya 2023-cü il ## ####### tarixdə *** nömrəli kassa mədaxil orderi ilə nağd şəkildə 2000 manat məbləğində və 2023-cü il ## ####### tarixdə isə bank kartı vasitəsi ilə 600 manat məbləğində olmaqla, 2022-ci il ## ###### tarixli üzləşmə aktı tərtib edildikdən sonra ümumilikdə cəmi 2600 manat məbləğində pul vəsaiti ödəmişdir. Həmin ödənişlər barəsində birinci instansiya məhkəməsində aparılan icraat zamanı iddiaçı tərəfindən məhkəməyə heç bir məlumat verilməmiş, cavabdeh tərəf isə ümumiyyətlə birinci instansiya məhkəməsində aparılan məhkəmə icraatında iştirak etməmişdir. Bu barədə məlumatlar və sübutlar yalnız cavabdeh tərəfindən verilən apellyasiya şikayəti ilə birlikdə məhkəməyə təqdim olunmuşdur. Iş materialları və iş üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə olan məlumatlarla müəyyən olunur ki, hazırkı iddia ərizəsi 2024-cü il ## #### tarixində Şəki Kommersiya Məhkəməsinin icraatına daxil olmuş və məhkəmə tərəfindən həmin tarixdə qəbul edilmiş qərardadla iş üzrə məhkəmə hazırlıq iclası 2024-cü il ## ###### tarixə təyin edilmişdir. Iş üzrə 2024-cü il ## ###### tarixdə cavabdeh tərəfin iştirakı olmadan keçirilən hazırlıq iclasında qəbul edilmiş qərardadla isə iş üzrə 2024-cü il # ######## tarixinə məhkəmə baxış iclası təyin edilmiş və həmin tarixdə cavabdeh tərəfin iştirakı olmadan keçirilən baxış iclasında qəbul edilmiş məlum qətnamə ilə iddia tələbi təmin edilmişdir. Odur ki, işin bu qeyd edilən halları nəzərə alınmaqla, cavabdeh tərəfin apellyasiya şikayəti ilə birlikdə təqdim etdiyi sənədlər sübut qismində nəzərə alınaraq qiymətləndirilmişdir. Zəruri maliyyə-mühasibatlıq sənədlərinin olmaması səbəbindən iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə rəy verilməsindən imtina olunsa da, həqiqətən də iddiaçı tərəfin məhsullarının satışını həyata keçirməsi faktını, məlum üzləşmə aktını imzalaması faktını və tərəflər arasında işgüzar əlaqələrin olmasını təsdiq edən bu kimi digər xüsusatları cavabdehin etiraf etməsi - 2022ci il ## ###### tarixinə “38600 manat” məbləğində borcun olmasının təsbit olunduğu 2022-ci il ## ###### tarixli üzləşmə aktının mötəbər sübut kimi qəbul olunmasına əsas verir. Lakin, həmin akt imzalandıqdan sonra yuxarıda qeyd olunan ümumilikdə cəmi 2600 manat pul vəsaitinin cavabdeh tərəfindən ödənilməsi, bu qənaətə gəlməyə əsas verir ki, cavabdehin məlum akt üzrə 38600 manat məbləğində deyil, cəmi 36000 manat məbləğində əsas borcu qalmışdır. Odur ki, hazırkı iddia tələbinin əsaslandırıldığı 2022-ci il ## ###### tarixli üzləşmə aktı üzrə cavabdehdən iddiaçının xeyrinə 36.000 manat məbləğində borc tutulmalıdır. 13.Eyni zamanda məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının xeyrinə cavabdehdən 2022-ci il ## ###### tarixinə “38.600 manat” məbləğində borcun olmasının təsbit olunduğu 2022-ci il ## ###### tarixli üzləşmə aktı üzrə 3045,69 manat faiz borcunu tutmaqda haqlı olmamış və həmin hissədə iş üzrə düzgün nəticəyə gəlməmişdir. 14.Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 14.2.1, 385.1, 386.1, 399.1, 425.1, 425.2, 427.3, 430.1, 442, 443.1, 445.1, 445.7, 448.1, 448.2, 808.1, 808.3, 809.1, 809.2, 809.3, 811.1, 812.1, 813, 881.1, 881.2, 882.1, 882.2, 882.4, 882.5-ci maddələrinə və MPMin 2.1, 2.2, 9, 10-1.1, 10-1.3, 14.2, 76.1, 76.2, 77.1, 88, 106.1, 106.3, 217.2, 217.3, 217.4, 217.5, 218.1, 218.3, 372.1, 372.2, 372.4, 384.0.2, 385.1.2, 385.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. 15.Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

16.MM-in 337, 340-cı maddələri üzrə - iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən müvafiq müqavilə sənədləri ilə bərabər ərizəsinə 2022-ci il ## ###### tarixli üzləşmə aktı əlavə etmişdir və həmin aktda borc məbləği 38.600 manat göstərilmişdir. Həmin tarixdən bu günədək tərəfindən iddiaçının hesabına “TAPAGRO” üzərindən ödənişlər edilmişdir və sözügedən ödənişlərin qeydiyyatı isə həm Kapital Bankda (sistem həmin bankın üzərindən işlədiyindən) və iddiaçı müəssisənin mühasibatlıq bazasında mövcuddur. Bundan əlavə həmin borcdan iddiaçı müəssisənin hesabına 2023-cü il ## ####### tarixdə 2000 manat və 2023-ü il 14 oktyabr tarixdə 600 manat ödənilmişdir. Beləliklə, 2022-ci il ## ###### tarixdən iddianın qaldırıldığı tarixədək onun tərəfindən aparılmış xidmət ödənişləri barədə məlumatlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin, müqavilə şərtlərində nəzərdə tutulan 16,5 % bonuslar iddiaçı tərəfindən ona ödənilməmiş və ya tələb etdiyi borcda nəzərə almamışdır. Bu səbəbdən də hazırda tələb edilən və onun qəbul etmədiyi qeyri-müəyyən borc məbləği meydana gəlmişdir. Mübahisəli məhkəmə qətnaməsi kimi digər məhkəmə sənədləri hesab edilən bildirişlərin elektron kabinetə yerləşdirilməsi ilə bağlı ona elektron qaydada, elektron poçt, SMS və s. vasitəsilə məlumat verilmədiyindən, məhkəmə iclaslarında iştirak edə bilməmişdir. Bu səbəbdən də iş üzrə sübutların məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki,təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırılmamışdır. Onun tərəfindən təqdim edilən ödənişlərlə bağlı sənədlər iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Əgər edilsə idi hazırda tələb olunan borc məbləği kifayət qədər az olacaqdır. Cavabdeh işdən çıxandan sonra qeyri-rəsmi işləmişdir. Müəyyən təzyiqlər və təhdidlər nəticəsində hazırda iddianın əsasını təşkil edən sənədlərə imza etdirilmişdir. Hansı ki, həmin sənədlərin formal olması məhkəmə iclaslarında, iddiaçının nümayəndəsinin izahatı ilə və ekspertizaya təqdim edə biləcək heç bir sənədlərinin olmaması ilə sübuta yetirildi. Əgər həqiqətən də aralarında belə münasibət olmuşdursa məhkəmə iclasında iddiaçı tərəfdən ona hansı məhsulların verilməsini təsdiq edən maliyyə sənədlərini (qaimələr, təhviltəslim aktları, qəbzlər və s.) tələb etmələrinə baxmayaraq məhkəməyə təqdim edərdilər. Onun hüquqi savadı olmadığından istifadə edərək sənədlərə imza etdirməklə hazırda əsassız iddia ilə məhkəməyə müraciət edilib. Iddiaçı şirkət ondan tələb etdiyi borcun əsasını təşkil edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Hər halda şirkətin bazasından mallar çıxarkən müvafiq yol vərəqəsi ilə hər hansı nəqliyyat vasitəsinə yüklənmişdir. Bütün bunları əks etdirən sənədlərini təqdim etmələrini tələb etsələr də borcun mövcudluğunu təsdiq edən maliyyə-hesabat sənədləri məhkəməyə təqdim olunmamışdır. 17.MM-in 354.1-ci maddəsi üzrə - tərəflər arasında bağlanmış müqavilənin konkret müddəti müəyyən olunmadığından qarşılıqlı üzləşmə aktının tərtib olunduğu 2022-ci il ## ###### tarixdən məhkəməyə müraciət edildiyi 2024-cü il ## #### tarixədək sözügedən müddət keçmişdir. Göründüyü kimi iddia tələbi mahiyyəti etibarı ilə əsassız olmaqla yanaşı həm də qanunla nəzərdə tutulan müddət ötürüldükdən sonra məhkəməyə müraciət edilmişdir. 18.MPM 9.3-cu maddəsi üzrə - cavabdehin iş üzrə məhkəmə sənədlərindən məlumatı olmadığından, iclaslarda iştirak edə və sübutları təqdim edə bilməmişdir. Halbuki, bu mübahisə hazırda işdə olan sənədlərlə və onun hazırda təqdim etdiyi sübutlarla müqayisəli şəkildə araşdırılmalıdır. Ona görə də, mövcud qətnamə işin faktiki hallarını əks etdirmir. Ilk növbədə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl mülkiprossesual qanunvericilikdə nəzərdə tutulmuş pretenziya qaydasına əməl etməmişdir. Belə ki, iddiaçı elektron kabinetə əlavə etdiyi Elektron Məhkəmə Sistemində pretenziyalar bölməsindən çıxarışda cavabdeh tərəfə pul tələbinə dair pretenziya göndərilməsi göstərilmişdir. Lakin, bu göndəriş pretenziya qaydasına əməl olunması qənaətə gəlinməsinə əsas deyildir. Çünki, MPM-in 150.1-150.2-ci maddələrinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərə aid sənədlər onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırıldığı halda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Bununla belə, iddiaçı mübahisəli pretenziyanın elektron kabinetə yerləşdirilməsi ilə bağlı ona elektron poçt, SMS və s. vasitələrlə məlumat verməmişdir. Bununla bağlı ona sistem vasitəsi ilə məlumat verilməsinə dair iş materiallarında sübut mövcud deyildir. Iddia ərizəsi isə ümumiyyətlə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilməmişdir. Iddiaçı cavabdehin elektron kabinetinə pretenziya məktubunun yerləşdirildiyi göstərilsə də, “Təsdiq olunmuş elektron ünvanı (e-mail)” bölməsi boşdur və SMS məlumatlandırma barədə məlumat mövcud deyildir. Ona görə də, cavabdehin elektron kabinetinə pretenziyanın yerləşdirilməsi barədə ona məlumatın verilməsinə dair iş materiallarında sübutlar mövcud olmadığından, iddiaçının məhkəməyə qədər pretenziya qaydasına əməl etməsi müəyyən edilmir. 19.MPM-in 217.1 və 218.1-ci maddələri üzrə - məhkəmənin qətnaməsi və qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Ümumiyyətlə əgər cavabdeh 2014-2018-ci illərdə “xxxx” MMC-də işləyibsə 2021-ci ildə necə “xxxx” MMC ilə müqavilə bağlaya bilərdi. Bu suala da aydınlıq gətirilməmiş və işin halları hərtərəfli araşdırılmadan qətnamə qəbul edilmişdir. 20.Məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına dair dəlillər üzrə hissədə *-*(***)- ***/**** nömrəli 2022-ci il ## #### tarixli, *(***)-***/**** nömrəli 2025-ci il # #### tarixli və *(***)-***/**** nömrəli 2025-ci il ## ##### tarixli məhkəmə qərarlarına istinad edilmişdir b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

22. Kassasiya şikayətində 36000 manat məbləğində borcun tutulması hissəsi mübahisələndirildiyi üçün apellyasiya məhkəməsinin qətnaməsi yalnız həmin hissədə və MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə yoxlanılacaqdır.

Tətbiq edilən hüquq

23.Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 808. Komissiya müqaviləsi 808.1. Komissiya müqaviləsinə görə bir tərəf (komisyonçu) digər tərəfin (komitentin) tapşırığı ilə muzd müqabilində öz adından, lakin komitentin hesabına bir və ya bir neçə əqd bağlamağı öhdəsinə götürür. Komisyonçunun üçüncü şəxslə bağladığı əqd üzrə hüquqları, əqddə komitent adlandırılmış olduqda və ya əqdin icrası üzrə üçüncü şəxslə bilavasitə münasibətlərə girdikdə belə, komisyonçu əldə edir və komisyonçu mükəlləfiyyətli olur. 808.3. Komissiya müqaviləsi müəyyən müddətə və ya qüvvədə olma müddəti göstərilmədən, icra ərazisi göstərilməklə və ya göstərilmədən, komitentin onun mənafeləri üçün və onun hesabına bağlamağı komisyonçuya tapşırdığı əqdləri bağlamaq hüququnu üçüncü şəxslərə verməmək öhdəliyi nəzərdə tutulmaqla və ya nəzərdə tutulmadan, komissiya predmeti olan malların çeşidi barəsində şərtlər qoyulmaqla və ya qoyulmadan bağlana bilər.”

“Maddə 809. Komisyonçunun ümumi vəzifələri 809.1. Komisyonçu tapşırılmış işi vicdanla aparmalı və komitentin mənafelərini qorumalıdır. 809.3. Komisyonçu öz işlərinin gedişi, o cümlədən komisyon tapşırığının icrası gedişi barəsində komitentə məlumat verməlidir.”

“Maddə 819. Öz adından və sifarişçinin hesabına hərəkətlərin yerinə yetirilməsi haqqında əqd 819.1. Komisyonçu öz adından və sifarişçinin hesabına hərəkətlərin yerinə yetirilməsi haqqında üçüncü şəxslər ilə əqd üzrə kreditor və borcludur. 819.2. Komisyonçu komissiya müqaviləsinin icrasından əldə etdiklərinin hamısını komitentə verməyə borcludur.”

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.”

“Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.”

“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiya məhkəməsinin mövqeyi

21.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. 22.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir. 23.Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz. 24.Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar üzrə hüquqi dəyərləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi dəyərləndirmə ilə razılaşır və təkrarlanmasına zərurət görmür. 25.Kassasiya şikayətində qeyd edilən pretenziya qaydasına əməl edilməməsi və elektron kabinetə bildirişlərin göndərilməməsi barədə dəlillər də əsaslı hesab edilə bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə elektron məhkəmə materiallarını araşdıraraq həmin məsələlərə hüquqi qiymət vermiş, eyni zamanda cavabdehin birinci instansiyada iştirak etməməsi səbəbindən təqdim edə bilmədiyi ödəniş sənədlərini MPM-in 372.2-ci maddəsinə uyğun olaraq qəbul etmiş və onun xeyrinə nəzərə almışdır. Belə olan halda göstərilən prosessual dəlillərin cavabdehin müdafiə hüququnun pozulmasına və ya iş üzrə qəbul edilmiş qətnamənin qanuniliyinə təsir göstərən xarakter daşıdığı müəyyən edilmir. 26.Kassasiya şikayətində istinad olunan Ali Məhkəmənin müxtəlif qərarları üzrə hüquqi mövqelər də hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvini şərtləndirmir. Çünki həmin qərarlar konkret işlərin özünəməxsus faktiki halları əsasında qəbul edilmişdir. Hazırkı iş üzrə isə apellyasiya instansiyası məhkəməsi işdə olan və əlavə təqdim edilmiş sübutları qiymətləndirmiş, həmin sübutlar əsasında faktiki halları müəyyən etmiş və tətbiq edilməli maddi hüquq normalarını düzgün tətbiq etmişdir. 27.Həmçinin kassasiya şikayətində cavabdeh üzləşmə aktının təzyiq altında imzalandığını, iddiaçının bonus borclarını nəzərə almadığını, ilkin maliyyə sənədlərini təqdim etmədiyini və borcun düzgün hesablanmadığını göstərsə də, həmin hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymətləndirilmiş işin faktiki hallarına aiddir. Kassasiya instansiyası məhkəməsi isə həmin halların yenidən araşdırılmasını deyil, apellyasiya instansiyası məhkəməsinin bu məsələləri qiymətləndirərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etmədiyini yoxlayır.

28. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz. 29.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı). 30.Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının araşdırılması və sübutların qiymətləndirilməsi ilə bağlı məsələlər işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır. 31.Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir. 32.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissədi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 33.Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar