Məhkəmə qərarları › İş №2-2(1-8)-274/2026

Ali Məhkəmə Qərardad — İş №2-2(1-8)-274/2026

05.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-2(1-8)-274/2026 05.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı “xxxx” QSC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, maddi və prosessual əsaslandırma Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Iddiaçı “xxxx” QSC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDI:

1. Iddiaçı cavabdehdən 100789,034 manat məbləğində əsas borc, 18142,02 manat ƏDV məbləği olmaqla, ümumilikdə 118931,06 manat pulun, gecikmə faizinin və 449,82 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # ####### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən - 100.789,034 manat əsas, 18.142,02 manat ƏDV olmaqla, cəmi 118.931,06 manat məbləğində pul və ödənilmiş 449,82 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilmiş, iddia qalan hissədə təmin edilməmişdir (hakim P.Zamanlı).

3. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun qismən ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – T.Mahmudova, hakimlər – L.Əliyeva və Z.Şirinov).

5. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir.

6. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və şikayətin geri qaytarılması məsələsinə baxılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

7. Belə ki, MPM-in 407.1-ci maddəsində müəyyən edilmişdir ki, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir.

8. Kassasiya şikayətinin formasına dair tələbləri müəyyən edən MPM-in * nömrəli Əlavəsində isə müəyyən edilmişdir ki, kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən pozulduğu və ya düzgün tətbiq edilmədiyi iddia olunan hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli və göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.

9. Həmçinin, MPM-in 407.1.4-ci maddəsinin tələblərinə görə maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması kassasiya şikayətində aydın şəkildə ifadə olunmalıdır.

10. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində isə Azərbaycan Respublikasının Konstitusiyasının 26, 60-cı maddələrinə, MM-in 385, 425-ci maddələrinə və MPM-in 14, 88-ci maddələrinə istinad olunsa da onların qarşısında işin halları və məhkəmənin işin hallarının tam araşdırmaması qeyd olunmuş, lakin pozuntuların nədən ibarət olmasına, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının hansı formada düzgün tətbiq olunmamasına dair aydın şəkildə ifadə edən izah verilməmişdir

11. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, MPM-in 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

12. MPM-in 408.1-ci maddəsində isə təsbit edilmişdir ki, kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə (408.1.1); kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə (408.1.5).

13. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayətə kassasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş kassasiya şikayətinin geri qaytarılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.

14. Qeyd olunanları nəzərə alaraq və MPM-in 407-408-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh Cavabdeh MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin geri qaytarılması məsələsinə baxılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar