Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-306/2026 16.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh IB-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qarayev Sənan Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh IB-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. İddiaçı ilə Cavabdeh IB arasında təbii qazın alqı-satqısı barədə 2016-cı il # ###### il tarixli, ****-**-** saylı müqavilə bağlanmışdır. Müqaviləyə görə paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir.
2. İddiaçı məxsus abonentin saldosuna əsasən ona 2021-ci ilin mart ayında 26.470,60 manat və 2022-ci ilin mart ayında 26.262,06 manat borc hesablanmışdır.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
3. Iddiaçı İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh IB-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia və onun həcminin azaldılması barədə ərizələrlə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Dübəndi bağları ünvanda yerləşən iddiaçıya məxsus fərdi istixanaya (kod: 100312600200000) əsassız olaraq hesablanmış 52.732,66 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı ona məxsus Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Dübəndi bağları ünvanda yerləşən fərdi istixanada əsasən şəxsi təlabatlarımı ödəmək üçün əkin işləri ilə məşğul olur. Istixana çox xırda və ailəsini dolandırmağa yeganə gəlir mənbəyidir. Istixanada təbii qazdan istifadəyə görə tərəfindən vaxtı-vaxtında ödənişlər aparılmışdır. Qaz sərfiyyatı abonent saldosundan da göründüyü kimi qış aylarında orta hesabla 1000-1200 manat, yaz-payız aylarında isə 300-500 manat dəyərində təbii qazdan istifadə edilir. Xeyli vaxtdır ki, bu tendensiya davam edir. Lakin 2020-ci ilin mart ayında qaz tənzimləyicinin yeri dəyişdirilərək qaz sayğacından sonraya quraşdırılmışdır. Bundan sonra mart ayında bir aylıq sərfiyyat olaraq ona cavabdeh tərəfindən 16.886,80 manat, 2021-ci ilin mart ayında 26.470,60 manat, 2022-ci ilin mart ayında isə 26.262,06 manat (ümumilikdə 69.619,46 manat) borc hesablanmışdır. Göründüyü kimi cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 3 ay üçün 69.619,46 manat məbləğində borc hesablanmışdır. Abonent saldosundan göründüyü kimi borclar hər ilin mart ayında hesablanmışdır. Mart və aprel ayı isə yaz mövsümüdür, havalar artıq isti keçir və belə olan halda ona 3 ay üçün 69.619,46 manat borc hesablanmışdır. Mart ayı artıq havaların qızması deməkdir və belə olan halda ağlasığmaz dərəcədə borc məbləğinin hesablanması anlaşılmazdır. Qaz tənzimləyicinin yerinin dəyişərək sayğacdan sonraya keçirilməsi heç bir texniki norma və qaydalara uyğun deyil. Belə ki, tənzimləyicinin funksiyası qazı tənzimləyərək qaz sayğacına ötürməsindən ibarətdir. Tənzimləyici olmadığı halda isə qaz tənzimlənmədən sayğaca daxil olur və sayğac qüsurla işləyərək artıq hesabat aparmağa başlayır. Abonent saldosundan da göründüyü kimi o, hər il demək olar ki, bir ay təbii qazdan istifadə etmişdir. Bundan başqa, istixananın ölçüləri dəyişmədiyi təqdirdə necə ola bilər ki, aylıq sərfiyyat on dəfədən artıq olsun. Digər bir vacib məsələ ondan ibarətdir ki, cavabdeh iddiaçıya qarşı Xəzər Rayon Məhkəməsinə müraciət edərək, təbii qazdan istifadəyə görə yaranmış 18.386,35 manat borcun ondan tutulmasını xahiş etmişdir. Xəzər Rayon Məhkəməsində iştirakı təmin edilmədən işə baxılmış və məhkəmənin 2020-ci il ## ###### tarixli *(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Sözügedən qətnamədən məlumatı olan kimi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya Məhkəməsində işə artıq nümayəndə və vəkilinin iştirakı ilə baxıldıqda məhkəmənin 2022-ci il # ####### tarixli *(***)-***/**** saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək Xəzər Rayon Məhkəməsinin 2020-ci il ## ###### tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi rədd edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Hazırda mübahisələndirdiyi ümumi borc məbləğinin 18.386,35 manat hissəsi ilə bağlı artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur və qətnamədən də göründüyü kimi ona əsassız borc hesablanmışdır. Apellyasiya icraatı zamanı iş üzrə kompleks məhkəmə-mühəndis və məhkəmə mühasibat ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2022-ci il ## ###### tarixli 10/4795 və */**** nömrəli ekspert rəyinə görə, “Qaz təchizatı. Layihələndirmə normaları”nın (AzDTN 2.13-1) 7.14-cü bəndinin tələblərinə əsasən qaz tənzimləyici qurğu nəzarət-ölçü cihazından (sayğacdan) əvvəl quraşdırılmalıdır. Qaz tənzimləyici qurğunun sayğacdan sonraya keçirilməsi istifadə edilən real qazın həcmindən artıq hesabat aparılmasına səbəb ola bilər.
5. Cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, iddiaçıya 2021-ci ilin mart ayında yazılmış 26.470,60 manat və 2022-ci ilin mart ayında yazılmış 26.262,06 manat borc, ümumilikdə 52.732,06 manat borc sərfiyyat borcudur, silinməsi üçün əsas yoxdur, digər aylara nisbətdə sərfiyyatın çox olması isə ehtimal ki, iddiaçının təbii qaza olan tələbatının artması ilə bağlıdır.
6. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # ####### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin olunması, iddiaçıya məxsus Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Dübəndı bağları ünvanda yerləşən fərdi istixanaya (abonent kodu: 100312600200000) əsassız olaraq hesablanmış 51.006,98 manat borcun silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – Ü.Həsənova).
7. Məhkəmə qeyd etmişdir ki, 2021-ci ilin mart ayında yazılmış 26.470,60 manat borcun əsaslı olub-olmamasının müəyyən edilməsi məqsədilə borcun hansı qaydada hesablanması, sayğacın həmin ay üzrə göstəricilərinin müəyyən edilməsi üçün iddiaçıya təqdim edilmiş hesab fakturaların, zəruri əlavə sübutların təqdim edilməsi cavabdehə təklif edilsə də, məhkəməyə bununla bağlı hər hansı sübut təqdim edilməmişdir. Məhkəməyə cavabdeh tərəfindən abonent haqqında məlumatdan başqa hər hansı sübut təqdim edilməmiş, borcun əsaslı olub olmamasının müəyyən edilməsi mümkün olmamışdır.
8. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş abonent haqqında məlumatdan görünür ki, 2021-ci ilin yanvar və fevral aylarında hər hansı qaz sərfi olmadığı halda, mart ayında iddiaçıya 26.470,60 manat borc yazılmışdır. Halbuki, saldodan görünür ki, iddiaçının əvvəlki illərdə bir il üzrə olan borcu belə 5.464,20 manatdan artıq olmamışdır. Belə ki, iddiaçının 2017-ci il üzrə ümumi sərfi 3076,30 manat, 2018-ci il üzrə 2376,20 manat, 2019-cu il üzrə 5464,20 manat olmuşdur. Iddiaçının əvvəlki illərə nisbətən bir ay ərzində 26.470,60 manat (bir ildə sərf etdiyindən ən azı dörd dəfə çox) həcmində təbii qazdan istifadə etməsi ağlabatan və inandırıcı deyildir. Abonent haqqında məlumatdan görünür ki, 2021-ci ilin digər aylarında isə ümumiyyətlə qaz sərfi olmamışdır (2021-ci ilin noyabr ayı üzrə yazılmış 95,26 manat istisna olmaqla).
9. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, həmin borcun əsaslı olması, habelə iddiaçının həmin dövrdə təbii qazdan istifadə etməsi məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən iddiaçı hazırda ona 2021-ci ilin mart ayında yazılmış 26.470,60 manat borcun silinməsini tələb etməklə haqlıdır. 10.Məhkəmə 2022-ci ilin mart ayı üzrə hesablanmış 26.262,06 manat borcun silinməsi hissəsində isə iddianı qismən əsaslı hesab etmişdir. Belə ki, məhkəmə tərəfindən həmin borcun da əsaslı olub olmamasının müəyyən edilməsi məqsədilə iddiaçıya həmin ay üzrə, həmin borcla bağlı təqdim edilmiş hesab fakturanın, zəruri əlavə sübutların təqdim edilməsi cavabdehə təklif edilsə də, məhkəməyə bununla bağlı hər hansı sübut təqdim edilməmişdir. Məhkəməyə cavabdeh tərəfindən abonent haqqında məlumatdan başqa hər hansı sübut təqdim edilməmiş, həmin borcun da əsaslı olub olmamasını müəyyən etmək mümkün olmamışdır. Iddiaçıya məxsus abonent haqqında məlumatdan görünür ki, 2022-ci ilin yanvar və fevral aylarında ümumiyyətlə qaz sərfi olmamış, 2022-ci ilin digər aylarında isə iddiaçının orta qaz sərfi 2331,42 manat (1.725,68 manat + 188,98 manat + 130,90 manat + 3.863,42 manat + 5.748,16 manat)/5 ay) olmuşdur. Cavabdeh tərəfindən həmin borcun da əsaslı olmasını təsdiq edə biləcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında iddiaçı tərəfindən həmin ayda təbii qazdan istifadə edildiyini bildirmişdir. 11.Bu səbəbdən məhkəmə hesab etmişdir ki, həmin ay üzrə iddiaçının borcu həmin ilin aprel ayı üzrə yazılmış borc (1.725,68 manat) nəzərə alınmaqla müəyyən edilməli, qalan 24.536,38 manat borc (26.262,06 manat – 1.725,68 manat) əsassız hesab edilməklə silinməlidir. 12.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı, 2011-ci il ## ### tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.2-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 217.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. 13.Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnaməsinin təmin edilmiş hissədə ləğv edilməsini və iddianın tam rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14.Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, həmin hissədə iddia rədd edilmişdir (sədrlik edən-məruzəçi hakim L.Əliyeva, hakimlər T.Mahmudova və Z.Şirinov). 15.Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının abonent saldosundan da göründüyü kimi mübahisəli borc məbləğləri sayğac göstəricilərinə əsasən hesablanmışdır. Abonent haqqında məlumatda müvafiq aylar üçün sayğacın göstəriciləri, eləcə də əvvəlki dövrdəki sayğac göstəriciləri göstərilmişdir. Iddiaçı həmin hissədə tələbinin əsası kimi qaz sayğacının sərfiyyatı düzgün qeydə almamasına istinad etsə də, həmin hal iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, birincisi, iddiaçı mübahisəli aylarda qaz sayğacında hər hansı nasazlıq olması, bununla bağlı iddiaçının cavabdehə müraciət etməsi, qaz sayğacının nasazlıqla bağlı təmirə göndərilməsi və s. halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ikincisi, mövcud qanunvericilikdə və tikinti normalarında qaz tənzimləyici və qaz sayğacının quraşdırılma ardıcıllığına aid tələb yoxdur. Qaz tənzimləyici və qaz sayğacının quraşdırılması yeri qaz paylayıcı tərəfindən verilən texniki şərt əsasında hazırlanan qazlaşma layihəsində layihəçi tərəfindən sayğac və tənzimləyicinin işləmə təzyiqinə uyğun olaraq müəyyən olunur. Odur ki, qaz tənzimləyicinin qaydalara uyğun quraşdırılmaması barədə dəlillər də əsassız olmaqla borcun əsassız hesablanması üçün əsas vermir. Üçüncüsü, cavabdeh yalnız müvafiq olaraq 2022-ci ilin mart ayında və 2023-cü ilin mart ayında hesablanmış borclarının əsaslılığını mübahisələndirir. Halbuki qaz sayğacında nasazlıq və ya tənzimləyicinin düzgün quraşdırılmaması səbəbindən qaz sərfiyyatı artıq qeydiyyata alınmasaydı, yalnız ildə bir dəfə deyil, abonentə büten aylarda yüksək məbləğdə borclar hesablanardı. Qaz sayğacının hər il məhz mart ayında sərfiyyatı düzgün qeydə almaması isə inandırıcı və ağlabatan görünmür. 16.Müvafiq illərin digər aylarında sərfiyyat aşağı olduğu halda mart aylarında sərfiyyatın yüksək olması, göstərilən halın qaz sayğacının düzgün işləməməsinə dəlalət etməsi barədə iddiaçının dəlillərinə münasibətdə isə kollegiya qeyd etmişdir ki, işin mübahisəsiz hallarına görə iddiaçıya məxsus obyekt mübahisəli sahədə istixana kimi fəaliyyət göstərir. Digər tərəfdən iddiaçı mübahisəli dövrlərdə qazdan istifadə etməsi faktını da inkar etmir, yalnız qaz sərfiyyatının düzgün hesablanmamasına istinad edir. Göstərilən hallar nəzərə alınaraq kollegiya tərəfindən istixanalarda əsas sərfiyyatın qış mövsümünə təsadüf etdiyi halda 2020-2021-ci il və 2021-2022-ci il mövsümlərində sərfiyyatın yalnız qış aylarında sərfiyyatın ümumiyyətlə olmamasının səbəbləri barədə iddiaçının nümayəndəsi və vəkilinə sual verilmiş, sonuncu qış aylarında sərfiyyatın olmamasını istixananı qızdırmaq üçün qış aylarında alternativ vasitələrdən (mazutdan) istifadə edilməsi ilə izah etmiş, lakin nə istixanada mazutdan da istifadə etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmiş, nə də qış aylarında yanacaq qismində mazutdan istifadə edildiyi halda məhz hər ilin mart ayında təbii qazdan istifadə edilməsinin səbəblərinə aydınlıq gətirmişdir. 17.Göstərilən hallar isə belə qənaətə gəlməyə əsas verir ki, istixanada qış aylarında sərfiyyatın qeydiyyata alınmaması və mart ayında yüksək sərfiyyatın qeydiyyata alınması qazpaylayıcı tərəfindən qış aylarında sərfiyyatın ölçülməməsi, yəni qaz paylayıcı tərəfindən qış mövsümündəki sərfiyyatın yalnız mart ayında ölçülməsi ilə bağlı olmuşdur. Eyni zamanda, cavabdeh tərəfindən sərfiyyatın hər ay ölçülməməsi “Qazdan istifadə qaydaları”nın pozulması kimi dəyərləndirilsə də, göstərilən pozuntuya yol verilməsi iddiaçını sayğac göstəricilərinə əsasən hesablanmış borcun ödənilməsi öhdəliyindən azad etmir və mübahisəli borcun silinməsi üçün əsas vermir. 18.Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli dövrdə qaz sayğacının sərfiyyatı düzgün qeydə almaması iş materialları müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək cavabdeh tərəfindən iddiaçıya sayğac göstəricilərinə əsasən hesablanmış 51.006,98 manat məbləğində borcu silməkdə haqlı olmamışdır. Odur ki, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir. 19.Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385-ci maddəsinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ### 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə, MPM-in 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır. 20.Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
21.Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları AzDTN 2.13-1-7.12-ci və 7.14-cü bəndləri üzrə - Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış *(***)- ***/**** saylı qətnaməsindən də göründüyü kimi hazırki mübahisə predmetinə aid olan hallar üzrə daha öncə Bakı Apellyasiya Məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il ## ###### tarixli, 10/4795 və */**** nömrəli ekspert rəyi verilmişdir. Həmin rəydə qeyd edilmişdir ki, “Qaz təchizatı. Layihələndirmə normaları”nın (AzDTN 2.13-1) 7.14-cü bəndinin tələblərinə əsasən qaz tənzimləyici qurğu nəzarət-ölçü cihazından (sayğacdan) əvvəl quraşdırılmalıdır. Qaz tənzimləyici qurğunun sayğacdan sonraya keçirilməsi istifadə edilən real qazın həcmindən artıq hesabat aparılmasına səbəb ola bilər. Göründüyü kimi qaz tənzimləyicinin qaz sayğacından öncə quraşdırılması AzDTN tələblərinə ziddir. Qaz sayğacı nasazlıq nəticəsində deyil məhs texniki qaydaya riayət edilməməmsi nəticəsində sərf edilən qazın həcmini düzgün qeyd etməmişdir. Həmçinin AzDTN 2.13-1 “Qaz təchizatı, Layihələndirmə normaları”nın 7.14cü bəndində Qaztənzimləyici Məntəqənin (QTM) və Qaztənzimləyici Qurğuların (QTQ) avadanlıqlar göstərilmiş və orada aydın olaraq X1 avadanlıqları və quraşdırılma ardıcılığı göstərilmişdir. Bundan başqa qaz tənzimləyicinin sayğacdan öncə quraşdırılmalı olduğu hər bir istehlakçıya məlum olan haldır. Xüsusilə 2022-ci ildən sonra qaz tənzimləyici qaz sayğacından öncəyə keçirilmişdir və hazırda istixanada təbii qazdan istifadə edilir. Yəni tənzimləyicinin yerdəyişməsi hesabatın aparılması təsir göstərməsəydi və eyni zamanda onun quraşdırılma yeri layihə ilə tənzimlənsəydi o zaman bu gündə tənzimləyici sayğacdan sonra qalardı. Cavabdeh təşkilatda bu halın yolverilməz olduğunu anlayaraq tənzimləyicinin yerini dəyişmiş və AzDTN tələblərinə uyğun olaraq qaz sayğacından öncəyə quraşdırmışdır. 22.Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndi üzrə - cavabdeh özü bildirmişdir ki, mübahisə məbləğləri bir ay istifadənin nəticəsində hesablanmış borclardı. Bundan başqa istifadələrində olan istixana xırda istixanadır və mübahisə dövrü ərzində istixanada alternativ yanacaqdan istifadə edilmişdir. Bütün aylarda isə yüksək borcun hesablanmamasının səbəbi ondan ibarətdir ki, bir ay təbii qazdan istifadə etdikdən sonra belə yüksək məbləğdə qazın dəyərinin hesablanmasını gördükdə dərhal təbii qazdan istifadəni dayandıraraq alternativ yanacaqdan istifadə edilmişdir. Abonent saldosuna baxdıqda aydın görmək olar ki, yalnız qaz tənzimləyicinin təkrar sayğacdan öncə quraşdırıldıqdan sonra təbii qazdan istifadəyə başlanmışdır. Iş materiallarına əlavə edilmiş qanuni qüvvəsini almış qətnamədəndə göründüyü kimi daha öncədə bu cür hesablanmış məbləğ silinmişdir. Abonent saldosundan da göründüyü kimi 2021-ci ildən bugünədək bir dəfə də olsun olmamışdır ki, cavabdeh təşkilat bir neçə ayın borcunu bir ay üçün hesablasın. 23.MPM-in 76.1, 76.2, 88, 97.1-ci maddələri üzrə - apellyasiya məhkəməsi iş üzrə təqdim edilən sübutlara baxaraq iddianı rədd edərkən iddiaçı tərəfin iddia tələbi üzrə sübutların təqdim edilməməsinə istinad etmişdir. Bundan başqa tərəflər arasında daha öncə baxılmış eyni mübahisə üzrə lakin bir il öncəki dövrü əhatə edən mübahisə üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi təqdim edilmiş, həmin iş üzrə ekspert rəyi təqdim edilmişdir. Bundan başqa məhkəmə qətnamədə mövqeyini irəli sürsə də bunun açıqlamasını verməmiş gəldiyi nəticənin hüquqi əsasını göstərməmişdir. Belə ki qətnamədə qeyd edilmişdir ki, qaz tənzimləyici və qaz sayğacının quraşdırılması yeri qaz paylayıcı tərəfindən verilən texniki şərt əsasında hazırlanan qazlaşma layihəsində layihəçi tərəfindən sayğac və tənzimləyicinin işləmə təzyiqinə uyğun olaraq müəyyən olunur. Aydın məsələdir ki, işə baxan məhkəmə kollegiyası qaz təchizatı sahəsi üzrə mütəxəssis deyil. Hansı norma və qaydaya, sübuta istinadən məhkəmə bu nəticəyə gəlmişdir bəlli deyil. Halbuki bu mövqeyin əksini sübut edən ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Bundan başqa istehlakçıların layihə sənədləri məhs cavabdehin özü tərəfindən hazırlanır və layihədə tənzimləyicinin haraq quraşdırılmasının göstərilməsi qanunun tələblərindən üstün ola bilməz. Apellyasiya instansiyası isə layihə sənədlərinin Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarından üstün hüquqi qüvvəyə malik olduğu qənaətinə gəlmişdir və bu səbəbdən də layihə sənədlərinə istinad etmişdir. Daha sonra məhkəmə qeyd etmişdir ki, mübahisə məbləği bir neçə ayın borcudur və cavabdeh sayğac oxunmasını hər ay həyata keçirmədiyindən əmələ gəlmişdir. Halbuki, cavabdeh təşkilat daha öncəki iclaslarda (birinci instansiyada) mübahisələndirilən məbləğlərin bir ay üçün hesablandığı borcun olduğunu qeyd etmişdir. Məhkəmə qətnaməsindən göründüyü kimi apellyasiya məhkəməsi cavabdeh tərəfin şifahi və heç bir sübuta əsaslanmayan mülahizələrini əsas götürmüş iddiaçı tərəfin isə təqdim etdiyi sübutlara ötəri yanaşmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24.Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
25. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikası “Qaz təchizatı haqqında” qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 13. Qazın istehlakı 13.8. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru qanunsuz xətti dərhal qaz şəbəkəsindən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir.”
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ### 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Bənd 5. Qazın dəyərinin ödəmə şərtləri 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.”
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. 30.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir. 31.Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz. 32.Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar üzrə hüquqi dəyərləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi dəyərləndirmə ilə razılaşır və təkrarlanmasına zərurət görmür. 33.Kassasiya şikayətində qeyd edilən prosessual hüquq normalarının pozulması barədə dəlillər də əsassızdır. Belə ki, həmin dəlillər işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əsaslandırılmışdır. 34.Halbuki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz. 35.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPMin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı). 36.Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır. 37.Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir. 38.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 39.Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.