Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-308/2026 21.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı xxxx şirkətinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: korporativ tələblər, nizamnamə kapitalının artırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı xxxx şirkətinin cavabdeh “xxxx” MMC-yə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(*- *)-**/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. ”xxxx” MMC-nin ümumi yığıncağının iştirakçılarının 2023-cü il ## ###### tarixli qərarınə əsasən Cəmiyyətin nizamnamə kapitalı 250.000 ABŞ dolları məbləğində müəyyən edilmiş, Cəmiyyətin nizamnamə kapitalının pul şəklində əlavə maya qoyuluşu vasitəsi ilə 249.994,12 ABŞ dolları məbləğində artırılması və əlavə maya qoyuluşu hesabına nizamnamə kapitalının 250.000 manata çatdırılması və hər biri 5 ABŞ dollar olmaqla 50.000 paydan ibarət olması, iştirakçıların mayalarının məbləğinin Musayev Namiq- nizamnamə kapitalının 25.000 pay və ya 50%-i və ya 125000 ABŞ dolları; “xxxx” MMC-nizamnamə kapitalının 25000 pay və ya 50%-i və ya 125000 ABŞ dolları aşağıdakı qaydada və nisbətdə bölüşdürülməsi qərara alınmışdır.
2. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilən 2022-ci il ## ###### tarixli, **************** nömrəli çıxarışa əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı 10 manat, təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı Musayev Namiq (Gürcüstan) - 50 %, xxxx MMC (İtaliya Respublikası) - 50 % təşkil edir.
3. 2023-cü il # ###### tarixli ödəniş sənədindən görünür ki, “xxxx” şirkəti tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına 50% səhm kapitalı (50% share capital) üzrə 50.000 USD, 2024-cü il # ###### tarixli ödəniş sənədinə əsasən isə 30.000 USD ödəniş həyata keçirilmişdir.
İş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
4. xxxx şirkəti (bundan sonra – “iddiaçı”) “xxxx” MMC-yə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nizamnamə kapitalında iştirak məqsədilə iddiaçı tərəfindən cavabdehə 2023-cü il ## ###### tarixində ödənilən 50.000 ABŞ dolları, 2024-cü il # ###### tarixində isə ödənilən 30.000 ABŞ dolları olmaqla, ümumilikdə 80.000 ABŞ dolları əsas borcun; Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra -“MM”) 449.1-ci maddəsində göstərilən qaydada iddiaçıya məxsus pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi 7.25 faizlik bank uçot dərəcəsi əsasında hər iki məbləğ üzrə ümumi 5.140 manat (3600 manat + 1540 manat) faiz məbləğinin; hüquqi xidmətlər üzrə 6.800 manat (4000 ABŞ dolları) eləcə də, iddiaçı tərəfindən ödənilmiş 437,94 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında mövcud olan razılaşmaya əsasən iddiaçı cavabdehin nizamnamə kapitalında iştirak hüququ əldə etməli və müvafiq qaydada nizamnamə kapitalının ödənilməsi həyata keçirilməli idi. Bu razılaşma daha sonra cavabdehin iştirakçılarının 2023-cü il ## ###### tarixli ümumi yığıncaq qərarı ilə təsdiqlənmiş və razılaşdırılmışdır. Ümumi yığıncaq qərarında, həmçinin cavabdehin nizamnamə kapitalının 250.000 USD miqdarına artırılması, həmin payların 50 faizinin (125.000 USD) iddiaçıya ötürülməsi və ümumi yığıncaq qərarının icrasının cavabdehin digər təsisçisi Musaev Namiqə həvalə olunması qərara alınmışdır. Tərəflər arasındakı razılaşmaya müvafiq olaraq, iddiaçı nizamnamə kapitalının özünə məxsus hissəsinin ödənilməsi məqsədilə 2023-cü il ## ###### tarixində 50.000 USD, # ###### 2024-cü il tarixində isə 30.000 USD olmaqla iki dəfə cavabdehə ödənişlər həyata keçirmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən prosesin rəsmiləşdirilməsi üçün heç bir real addım atılmamış, nəticədə iddiaçının cavabdehin nizamnamə kapitalında iştirakının dövlət qeydiyyatı bugünə qədər icra olunmamış olaraq qalmışdır. Məhz, cavabdeh tərəfindən prosesin həyata keçirilməsi istiqamətində heç bir lazımi tədbirlərin aparılmaması iddiaçınin qalan 45.000 ABŞ dolları məbləğində ödənişi həyata keçirməkdən imtina etməsinə səbəb olmuşdur.
6. Cavabdeh məhkəməyə elektron qaydada iddiaya etiraz ərizəsi ünvanlayaraq qeyd etmişdir ki, 2022-ci il ## ###### tarixdə verilmiş çıxarışa əsasən, iddiaçı cavabdehdə 50% təsis payına malikdir. Tərəf öz ərizəsində bildirir ki, 80000 USD və 30000 USD pul köçürmələri etmişdir, halbuki, bu rəqəm təsis paylarının ötürülməsi üçün təqdim edilmiş razılaşmaya əsasən, 125.000 USD olmuşdur. Göründüyü kimi iddiaçının nümayəndəsi məlumatların doğruluğunu təmin etməmişdir. Verilmiş pullar heç bir formada əsassız varlanma üçün əsas deyil, çünkü faktiki olaraq söhbət iddiaçının öhdəsinə götürdüyü, gələcəkdə Nizamnamə kapitalının artırılması məqsədi üçün etdiyi ödənişlərdən gedir.
7. Daha sonra, iddiaçı 2025-ci il ## ####### tarixdə məhkəməyə elektron qaydada iddianın hüquqi əsasının dəyişdirilməsinə dair ərizə təqdim edərək qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim olunan və məhkəməyə təqdim olunmasından əvvəl iddiaçıdan gizli saxlanılan sənədlərə müvafiq olaraq iddiaçının, cavabdehin 2023-cü il ## ###### tarixli Ümumi yığıncağın tarixinə artıq payçı olduğu barədə hüquqi şəxslərin dövlət reyestrindən 2022-ci il ## ###### tarixli çıxarış təqdim olunmuşdur və 2025-ci il ## ####### tarixli iclasda cavabdehin vəkil və nümayəndəsi öz çıxışında bu çıxarışın işin mahiyyətinə təsir etməsini vurğulamışdı. Belə olan halda, yeni açılmış faktlar əsasında yuxarıda qeyd olunanlar iddianın tələb hissəsinə təsir etməsə də, iddianın hüquqi əsasının yenilənməsində zərurət yaranmışdır. MM-in 90.7-ci maddəsinə əsasən: Bu Məcəllənin 90.6-cı maddəsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının cəmiyyətin nizamnamə kapitalının artırılması haqqında qərarı iştirakçının (iştirakçıların) əlavə maya qoyulması haqqında ərizəsi və (və ya) əgər nizamnamədə qadağan edilməmişdirsə, üçüncü şəxsin (şəxslərin) onun (onların) cəmiyyətə iştirakçı kimi qəbul edilməsi və maya qoyması haqqında ərizəsi əsasında qəbul edilir.....Cəmiyyətin ümumi yığıncağı iştirakçıların ərizəsi əsasında nizamnamə kapitalının artırılması haqqında qərarın qəbul edilməsi ilə eyni zamanda nizamnamə kapitalının məbləğinin və ərizə vermiş iştirakçının mayasının nominal dəyərinin artırılması ilə əlaqədar nizamnaməyə edilən dəyişikliklər haqqında da qərar qəbul edir.... Əgər nizamnamə kapitalının artırılması baş tutmamışdırsa, cəmiyyət ağlabatan müddətdə iştirakçıların əlavə mayalarını və üçüncü şəxslərin mayalarını müvafiq olaraq geri qaytarmalıdır. Məhkəməyə təqdim edilmiş sübutlardan göründüyü kimi nizamnamə kapitalının artırılması baş tutmamışdır. Belə olan halda MM 90.7-ci maddəsi cavabdehin üzərinə iki öhdəliyi qoyur: 1) mayaların geri qaytarılması və 2) bu əməliyyatı ağlabatan müddət ərzində həyata keçirilməsini. a) Mayaların geri qaytarılması: MM-in 90.7-ci maddəsinin son cümləsi imperativ, yəni icrası məcbur olan öhdəlik müəyyən edir. Nizamnamə kapitalının artırılması baş tutmamışdırsa, cəmiyyət iştirakçıların əlavə mayalarını geri qaytarmalıdır. Bu qaydadan hər hansı istisna hal müəyyən olunmayıb. Nizamnamə kapitalının artırılması baş tutmamasının səbəbindən asılı olmayaraq ödənilmiş maya geri qaytarılmalıdır. Yəni, Cəmiyyət məhkəmə zalında da vəsaiti qaytarmayacağını bildirməsi birbaşa MM-nin yuxarıda qeyd olunan maddəsinin pozulmasıdır. b) Bu əməliyyatı ağlabatan müddət ərzində həyata keçirilməsi. Məhkəməyə təqdim edilmiş sübutlardan göründüyü kimi 2023-cü il ## ###### tarixli Ümumi Yığıncaq qərarı qəbul edilmiş, iddiaçı həmin qərara uyğun olaraq 2023-cü il ## ###### tarixində 50.000 USD, 2024-cü il # ###### tarixində isə 30.000 USD olmaqla iki dəfə cavabdehə ödənişlər həyata keçirmişdir. Yəni Qərarın tarixindən 1 il 10 ay, sonuncu ödənişdən isə 1 il 7 ay keçib. İddiaçı, cavabdeh və digər payçılar arasında dəfələrlə danışıqlar aparılıb, pretenziya göndərilib və danışıqlar nəticəsində cəmiyyətin maliyyə durumunu, iddiaçıdan məlumatları və sənədlərin gizlədilməsini, hal-hazırda demək olar ki, iflas vəziyyətdə olmasını, iddiaçı tərəfindən qoyulmuş sərmayələr əvəzinə heç bir gəlir əldə etməyəcəyi açıq-aşkar bəllidir. Buna ən sadə sübut məhkəməyə təqdim olunmuş anbarında olan bütün malların satılması barədə elektron qaimə fakturadır. Yəni, Cəmiyyət və onun digər təsisçisi Namiq Musayevlə əlbir olub xarici investoru aldadaraq, hal-hazırda Cəmiyyətin anbarında olan bütün malları satıb, vəsaiti isə mənimsəmək niyyətindədirlər və bu azmış kimi hələ iddiaçıdan əlavə olaraq 45 000 ABŞ dolların ödənilməsini də tələb edirlər. 1 il 7 ay kifayət qədər uzun müddətdir ki, iddiaçıya cavabdeh tərəfindən ağlabatanlıq prinsipinin pozulması və cavabdehin pulunu ümumən qaytarmaq niyyətində olmaması aydın olsun.
8. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən 80000 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaiti, hüquqi yardım üçün ödənilmiş vəsaitin 1000 manatının və ödənilmiş dövlət rüsumunun 426 manatının əvəzi tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim K.Hüseynov).
9. Məhkəmə ilk növbədə hazırki iş üzrə tərəflərdən birinin xarici hüquqi şəxs olduğunu nəzərə alaraq, işə baxılması ilə əlaqədar məhkəmənin beynəlxalq səlahiyyətə malik olub-olmamadığını aydınlaşdıraraq, “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il ## ###### tarixli **/** saylı Qərarının 2.10-cu bəndində qeyd olunanlara uyğun olaraq hesab etmişdir ki, iddia Azərbaycan Respublikasının ərazisində baş vermiş əsassız varlanmadan irəli gəldiyindən Mülki Prosessual Məcəllənin (bundan sonra-“MPM”) 443.0.8-ci maddəsinə əsasən hazırkı işə baxmaq üçün Bakı Kommersiya Məhkəməsi beynəlxalq səlahiyyətlidir.
10. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarına əsasən 2023-cü il ## ###### tarixli ümumi yığıncağın qərarı ilə cavabdehin nizamnamə kapitalının 250.000 ABŞ dollarınadək artırılması, həmin kapitalın 50 %-nin (125.000 ABŞ dolları) iddiaçıya, 50 %-nin (125.000 ABŞ dolları) digər təsisçi Namig Musayevə məxsus olması və qərarın icrasının cavabdehin digər təsisçisi Musayev Namiqə həvalə edilməsi qərara alınmış, iddiaçı tərəfindən cavabdehin hesabına 2023-cü il ## ###### və 2024-cü il # ###### tarixlərdə cəmi 80.000 ABŞ dolları məbləğində pul köçürülmüş, iddiaçı 2022-ci il ## ###### tarixli, **************** nömrəli çıxarışa əsasən cavabdehdə 50 % pay hüququna malik olmuşdur.
11. Cavabdehin təsisçiləri, iddiaçı və Namig Musayev nizamnamə kapitalının 250000 ABŞ dolları məbləğində artırılması barədə ümumi yığıncaqda qərar qəbul etsələr də, bununla bağlı müddət müəyyən etməmişdir. Bununla belə, nizamnamə kapitalının artırılması üçün müddətin müəyyən olunmaması təsisçilərin qeyri-müəyyən müddətdə nizamnamə kapitalını artırması üçün lazım olan pul vəsaitini hissə-hissə ödənişlər etməsi üçün əsas kimi qəbul edilə bilməz.
12. MM-in 90.2-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının ödənilməsi, hətta müddətlə şərtləndirildiyi halda, bu müddət üç aydan çox ola bilməz.
13. Bu baxımdan məhkəmə belə qənaətə gəlmişdir ki, nizamnamə kapitalının artırılması üçün müddət nəzərdə tutulmadıqda ən geci 3 ay ərzində nizamnamə kapitalı artırılmalı, əks halda nizamnamə kapitalının artırılması baş tutmamış hesab olunmalıdır.
14. Hazırkı işin faktiki hallarından görünür ki, iddiaçı 2023-cü il ## ###### tarixli ümumi yığıncağın qərarından sonra 2 ay ərzində 80000 ABŞ dolları ödəsə də, qalan 45.000 manatı, digər təsisçi Namig Musayev isə 125000 ABŞ dollarını ümumiyyətlə ödəməmiş, 1 ildən çox müddət keçməsinə baxmayaraq nizamnamə kapitalının artırılması baş tutmamışdır.
15. Belə olan halda isə MM-in 90.6 və 90.7-ci maddələrinin tələbləri baxımından cavabdeh ağlabatan müddətdə iddiaçının əlavə maya kimi ödədiyi 80000 ABŞ dolları pul vəsaitini müvafiq olaraq geri qaytarmalı idi. Lakin cavabdeh iddiaçının əlavə maya olaraq ödədiyi 80000 ABŞ dolları vəsaiti özündə saxlayaraq xərclərinə sərf etməklə iddiaçının hesabına əsassız varlanmışdır.
16. Məhkəmənin qənaətinə görə iddiaçının MM-in 1092.1-ci maddəsinə əsasən cavabdehdən hüquqi əsas olmadan, yəni sonradan aradan qalxmış əsasa görə, əldə etdiyi 80000 ABŞ dolları vəsaiti geri tələb etmək hüququ var və onun tələbi haqlı olmuşdur.
17. İddia tələbinin həcminə nisbətdə vəkilə ödənilmiş pulun əvəzi olaraq 6800 manat ağlabatan hesab edilmədiyindən məhkəmə hesab etmişdir ki, hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində ağlabatan məbləğdə, 1000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
18. Məhkəmə, həmçinin, MPM-in 119-cu maddəsinə əsasən hesab etmişdir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 437.94 manatın 426 manat əvəzi cavabdehdən tutularaq ona ödənilməlidir.
19. Məhkəmə gəldiyi nəticəni MM-in 90.1, 90.2, 90.4, 90.5, 90.6, 90.7, 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə və MPM-in 14.2, 77.1, 106.2, 107-ci maddələrinə, “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il ## ###### tarixli **/** saylı Qərarının 2.2, 2.4, 2.10-cu bəndinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il # #### tarixli Qərarına istinadla əsaslandırmışdır.
20. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(*-*)-**/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim T.Mahmudova, hakimlər Z.Şirinov və L.Əliyeva).
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında 2023-cü il ## ###### tarixli qərarın hüquqi təbiəti mülki-hüquqi müqavilə deyil, hüquqi şəxsin daxili idarəetmə aktıdır. Həmin qərar MM-in müqavilələrə dair müddəaları mənasında “qarşılıqlı razılaşma” olmaqla tərəflər arasında müstəqil öhdəlik münasibəti yaratmır. Bu səbəbdən, iddiaçının tələbinin qiymətləndirilməsi zamanı həmin qərarın formal mövcudluğu deyil, onun əsasında cavabdehin əsassız olaraq əmlak əldə edib-etməməsi araşdırılmalıdır.
23. Mülki qanunvericilik cəmiyyətin yaranması zamanı iştirakçılara kapitalı toplamaq üçün cəmi 3 ay vaxt verirsə, bu o deməkdir ki, kapitalın qeyri-müəyyən müddətə (məsələn, 6 ay və ya 1 il) ödənilməmiş qalması mülki dövriyyənin təhlükəsizliyi və kreditorların maraqları baxımından yolverilməzdir.
24. Baxmayaraq ki, bu maddə cəmiyyətin təsis olunması zamanı ilkin kapitalın qoyulmasını tənzimləyir nizamnamə kapitalının artırılması da eyni hüquqi təbiətə malikdir. Belə ki, kapital artımı mövcud nizamnaməyə dəyişiklik edilməsini və yeni kapital strukturunun formalaşdırılmasını nəzərdə tutur. Kapital artımı nəticəsində üçüncü şəxslər üçün hüquqi əhəmiyyət kəsb edən yeni kapital göstəricisi yaranır.
25. Ümumi yığıncağın qərarında müddətin müəyyən edilməməsi cavabdehə vəsaiti qeyri-müəyyən müddət ərzində saxlamaq hüququ vermir. Müqavilə və korporativ hüquq prinsiplərinə görə, hər bir öhdəlik ağlabatan müddətdə icra edilməlidir. Digər iştirakçıların öhdəliyi icra etməməsi fonunda iddiaçının vəsaitinin müvafiq hüquqi təyinatı üzrə rəsmiləşdirilmədən təsərrüfat dövriyyəsindən kənarlaşdırılması onun mülkiyyət hüququnun mahiyyəti üzrə məhdudlaşdırılmasına səbəb olur. Belə ki, hüquqi əsasını itirmiş vəsaitin cavabdehin balansında saxlanılması iddiaçının mülkiyyət hüququna qeyrimütənasib müdaxilə təşkil edir və korporativ münasibətlər çərçivəsində hüquqların balansı prinsipini pozur.
26. Digər tərəfdən, Məhdud Məsuliyyətli Cəmiyyətlərdə (MMC) nizamnamə kapitalının artırılması yalnız o halda baş tutmuş hesab olunur ki, artım qərarında nəzərdə tutulan məbləğ tam şəkildə ödənilsin və bu dəyişiklik dövlət qeydiyyatına (reyestrə) alınsın. Lakin işin yuxarıdakı halları ilə müəyyən edilir ki, nizamnamə kapitalının artırılması baş tutmamışdır.
27. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş reyestr çıxarışından görünür ki, cavabdehin nizamnamə kapitalı cəmi 10.00 manat təşkil edir. İddiaçı tərəfindən nizamnamə kapitalının artırılması məqsədilə 80.000 ABŞ dolları ödənilsə də, bu cəmiyyətin nizamnamə kapitalına daxil edilməmiş və bu məbləğdə artım dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda MM-in 90.6 və 90.7-ci maddələrinin tələbləri baxımından cavabdeh ağlabatan müddətdə iddiaçının əlavə maya kimi ödədiyi 80000 ABŞ dolları pul vəsaitini müvafiq olaraq geri qaytarmalı idi.
28. MPM-in 77-ci maddəsinə əsasən cavabdeh həmin vəsaiti saxlamaq üçün hüquqi əsasın mövcudluğunu sübut edə bilməmişdir.
29. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, kapitalın real artımı baş vermədiyi üçün, iddiaçının bu ödənişi ilə payçı statusu arasında hüquqi bağlılıq yoxdur. Tərəfə bu qətnamə əsasında cavabdeh MMC-nin müvafiq icra hakimiyyəti orqanına (Dövlət Vergi Xidməti) müraciət edərək iddiaçının payının ləğv edilməsini və ya əvvəlki vəziyyətə qaytarılmasını təmin etmək hüququ izah edilmişdir.
30. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 90.1, 90.2, 90.4, 90.5, 90.6, 90.7, 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə və MPM-in 14.2, 77.1, 88 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
31. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
32. MM-in 90.6, 90.7, 1091.1, 1091.2 və 1092.1-ci maddələri üzrə-məhkəmələr həmin normaları formal və məhdudlaşdırıcı qaydada şərh etmişlər. MM-in 90.7-ci maddəsində yalnız nizamnamə kapitalının artırılması baş tutmadıqda əlavə mayaların ağlabatan müddətdə geri qaytarılması nəzərdə tutulur; lakin norma “ağlabatan müddət” anlayışını avtomatik olaraq 3 ay kimi müəyyən etmir. Apellyasiya instansiyası heç bir normativ əsas göstərmədən belə müddət formalaşdırmış, bununla da qanunda olmayan hüquqi meyar tətbiq etmişdir. Tərəflərin danışıqları, korporativ qərarın icra mexanizminin mürəkkəbliyi və xarici valyutada ödənişin xüsusiyyətləri nəzərə alınmaqla daha uzun müddətin niyə ağlabatan sayılmayacağı izah olunmamışdır.
33. Məhkəmə ödənilmiş 80.000 ABŞ dolarını əsassız varlanma predmetinə aid etmişdir. Halbuki ödənişlər 2023-cü il ## ###### tarixli ümumi yığıncağın qərarı əsasında və mövcud korporativ münasibətlər çərçivəsində, nizamnamə kapitalının artırılması məqsədi ilə edilmişdir. Həmin qərar nə ləğv olunmuş, nə etibarsız sayılmış, nə də başqa qaydada hüquqi qüvvəsini itirmişdir. Belə olan halda “sonradan aradan qalxmış hüquqi əsas” faktı müəyyən edilmədən MM-in 1092.1-ci maddəsinin tətbiqi mümkün deyildir. Qüvvədə olan və icrası nəzərdə tutulan korporativ akt mövcud olduqda, ödənişin hüquqi əsası var sayılır.
34. MM-in 6, 90.7, 390, 422-ci maddələri üzrə-mülki hüquqlardan vicdanla və dürüst istifadə prinsipi kifayət qədər nəzərə alınmamışdır. İddiaçı ümumi yığıncaq qərarı ilə üzərinə düşən 125.000 ABŞ dolları öhdəliyindən yalnız 80.000 ABŞ dolları hissəsini icra etmiş, qalan 45.000 ABŞ dollarını ödəməkdən boyun qaçırmışdır. Buna baxmayaraq, iddiaçı qüvvədə olan korporativ qərarı mübahisələndirmədən yalnız özünün etdiyi hissəvi ödənişi geri tələb etməklə qeyri-dürüst davranış nümayiş etdirmişdir. Məhkəmələr bu davranışın dürüstlük prinsipi baxımından nəticələrini qiymətləndirməmişlər.
35. MPM-in 14.2, 77.1, 88, 119.1, 217.1, 217.3, 372, 385-ci maddələri üzrəsübutetmə yükü düzgün bölüşdürülməmişdir. İddiaçı ödədiyi vəsaitin hüquqi əsasının aradan qalxdığını və cavabdehin əsassız varlandığını sübut etməli olduğu halda, məhkəmələr kassator tərəfindən təqdim olunmuş 2023-cü il ## ###### tarixli ümumi yığıncaq qərarı ilə bağlı sübutları nəzərə almadan faktiki olaraq cavabdehdən əksini sübut etməyi gözləmişlər. Korporativ aktın qüvvədə olduğu şəraitdə əsasın aradan qalxdığını iddia edən şəxs bunu sübut etməlidir.
36. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il ## ###### tarixli **/** saylı Qərarının 2.10-cu bəndi üzrə-apellyasiya instansiyası beynəlxalq səlahiyyət və mübahisənin hüquqi kvalifikasiyası məsələlərində vahid, ardıcıl və ziddiyyətsiz hüquqi əsaslandırma ortaya qoymamış, bir tərəfdən MM-in 90.7-ci maddəsinə, digər tərəfdən isə əsassız varlanmaya dair ümumi normalara eyni vaxtda istinad etməklə hüquqi əsası qeyri-müəyyən saxlamışdır.
37. Apellyasiya instansiyası məhkəməsi kassatorun əsas arqumentlərini müstəqil təhlil etmədən birinci instansiyanın nəticəsini saxlamışdır. Xüsusilə, (1) ödənişlərin qüvvədə olan korporativ qərar əsasında həyata keçirilməsi; (2) “ağlabatan müddət”in 3 ay kimi avtomatik qəbulunun hüquqi əsassızlığı; (3) iddiaçının öz öhdəliyini natamam icra etməsi və “nemo auditur” prinsipinin tətbiqi; (4) əsassız varlanma institutunun tətbiq edilməməsi barədə hüquqi etirazlara dolğun cavab verilməmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, kassator iddia edir ki, iddiaçının 45.000 ABŞ dollarını ödəməməsi geri qaytarma tələbini hüquqi baxımdan istisna edir. Bu mövqe MM-in 90.7-ci maddəsinin açıq mətnilə birbaşa ziddiyyət təşkil edir. MM-in 90.7-ci maddəsinin son cümləsi aydın şəkildə müəyyən edir: “Əgər nizamnamə kapitalının artırılması baş tutmamışdırsa, cəmiyyət ağlabatan müddətdə iştirakçıların əlavə mayalarını ... müvafiq olaraq geri qaytarmalıdır.” Bu norma heç bir istisna nəzərdə tutmur - geri qaytarma öhdəliyi kapitalın artırılmasının baş tutmamasının səbəbindən asılı olmayaraq yaranır. Qanun başqa iştirakçıların öhdəliklərini icra edibetməməsini, ya da iddiaçının öhdəliyini tam icra edib-etməməsini geri qaytarmanın şərti kimi müəyyən etməmişdir. İki instansiya məhkəməsi bu normanı düzgün tətbiq etmişdir. Kassatorun bu hissədəki etirazı qanunun açıq müddəasını inkar etmək cəhdindən baska bir şey deyil.
39. Kassatorun əsas arqumenti bundan ibarətdir ki, 2023-cü il ## ###### tarixli ümumi yığıncaq qərarı ləğv edilməmişdir, deməli hüquqi əsas mövcuddur və əsassız varlanma tətbiq edilə bilməz. Bu arqument MM-in 1091.2-ci maddəsinin birbaşa tətbiq sahəsini nəzərə almır. MM-in 1091.2-ci maddəsi açıq müəyyən edir ki, “hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.” Qanunverici məhz bu hal üçün - ilkin mərhələdə hüquqi əsas mövcud olsa da, həmin əsasın sonradan hüquqi qüvvəsini itirməsi halı üçün - normanı xüsusi olaraq formalaşdırmışdır. İşin faktiki halları bu normanın klassik tətbiq nümunəsidir: ödənişlər edildiyi anda hüquqi əsas (korporativ qərar) mövcud idi. Lakin nizamnamə kapitalının artırılması MM-in 90.6 və 90.7ci maddələrinin tələblərinə uyğun olaraq baş tutmadıqda, həmin qərar vəsaitin saxlanılması üçün hüquqi əsas olmaqdan çıxmışdır. Qərarın formal ləğvi tələb edilmir - MM-in 1091.2-ci maddəsi bu fərqi artıq nəzərə almışdır. Kassatorun mövqeyini qəbul etsək, bu o deməkdir ki, nizamnamə kapitalının artırılması heç vaxt baş tutmasa belə, cəmiyyətin korporativ qərarı formal qüvvədə qaldığı müddətcə ödənilmiş vəsaiti qeyrimüəyyən müddətə saxlamaq hüququ olacaq. Bu nəticə nə qanunvericinin iradəsi, nə vicdanlıq prinsipi, nə də hüquqi ədalət baxımından məqbuldur.
40. Kassator iddia edir ki, məhkəmə “ağlabatan müddəti” 3 ay kimi müəyyən etməklə qanunda mövcud olmayan meyar tətbiq etmişdir. MM-in 90.2-ci maddəsi açıq müəyyən edir ki, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının ödənilməsi müddəti “üç aydan çox ola bilməz.” Bu norma nizamnamə kapitalının ilkin formalaşmasına tətbiq edilsə də, nizamnamə kapitalının artırılması da eyni hüquqi təbiətə malikdir: hər iki halda kapital strukturunda dəyişiklik baş verir, üçüncü şəxslər üçün hüquqi nəticələr yaranır, kapital göstəricisi publik əhəmiyyət kəsb edir. Apellyasiya kollegiyası bu əsaslandırmanı müstəqil şəkildə aparmışdır: qanunverici cəmiyyətin yaranması zamanı iştirakçılara kapitalı toplamaq üçün cəmi 3 ay vaxt verirsə, kapitalın qeyri-müəyyən müddətə ödənilməmiş qalması mülki dövriyyənin təhlükəsizliyi baxımından yolverilməzdir. Kassator 3 aylıq müddəti rədd edir, lakin alternativ heç bir müddət təklif etmir. “Ağlabatan müddət” anlayışını konkretləşdirmək məhkəmənin vəzifəsidir; bu vəzifəni həyata keçirmək üçün isə qanundakı ən yaxın norma olan 3 aylıq müddətin əsas götürülməsi məhz hüquqi metodologiyanın tələbidir. Kassasiya instansiyasının bu hissədə müdaxiləsi üçün əsas yoxdur.
41. Kassator “lex specialis derogat legi generali” prinsipinə istinad edərək iddia edir ki, MM-in 90.7-ci maddəsi tətbiq edildikdən sonra əsassız varlanma normalarına müraciət edilə bilməz. Etiraz iki normanın səhv tövsif olunmasından irəli gəlir. Belə ki, MM-in 90.7-ci maddəsi geri qaytarma öhdəliyinin mövcudluğunu müəyyən edir; MM-in 1091-1092-ci maddələri isə bu öhdəliyin hüquqi mexanizmini — əsassız varlanma institutunu - təşkil edir. Birinci norma “nə qaytarılmalıdır?” sualına cavab verir; ikinci norma “hansı hüquqi əsasla qaytarılmalıdır?” sualına cavab verir. Bu iki norma bir-birini istisna etmir, tamamlayır. Apellyasiya kollegiyasının (§50) müəyyən etdiyi kimi: "Kapital artımı baş tutmamadığından, cavabdehin əldə etdiyi vəsaitin saxlanılması üçün hüquqi əsas mövcud deyildir.” MM-in 1092.1-ci maddəsi isə bu halda geri qaytarmanı əmr edir. Adətən lex specialis ümumi normanı darlaşdırır, lakin bu iş üzrə hər iki norma eyni istiqamətdə işləyir: vəsaitin qaytarılması.
42. MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası faktların yenidən qiymətləndirilməsini deyil, yalnız hüquq normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Bu prinsip işin nəticəsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Kassator öz şikayətində yeni faktlar təqdim etmir. Kassasiya şikayəti mahiyyət etibarı ilə məhkəmənin hüquqi nəticəsi ilə razılaşmamaqdan ibarətdir. Ali Məhkəmə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş “iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi” (MPM 385.1.3) və ya “qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi” (MPM 385.1.4) kateqoriyalarına daxil olmayan mübahisəni kassasiya qaydasında həll edə bilməz. Kassator bu kateqoriyalara uyğun əsas təqdim etməmişdir. Eyni zamanda, MPM-in 385.2ci maddəsi açıq müəyyən edir ki, “birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan ... qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.” Kassatorun irəli sürdüyü arqumentlər isə mahiyyətcə formal mülahizələrdən ibarətdir.
Kassasiya baxışının hədləri
43. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
44. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
45. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 87. Məhdud məsuliyyətli cəmiyyət 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. ...”
“Maddə 90. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı
90.1. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kreditorlarının mənafelərinə təminat verən məbləğdən az ola bilməz. Maliyyə bazarlarında nəzarət edilən subyektlərə münasibətdə nizamnamə kapitalının minimum miqdarı, onun formalaşdırılması qaydası sahəvi qanunların tələbləri nəzərə alınmaqla müəyyən edilir. 90.2. Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə ödənilməsi nəzərdə tutulmayıbsa, cəmiyyət dövlət qeydiyyatına alınanadək təsisçilər nizamnamə kapitalını tamamilə ödəməyə borcludurlar. Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının ödənilməsi müddətlə şərtləndirildiyi halda, bu müddət üç aydan çox ola bilməz. 90.3. Məhdud məsuliyyətli cəmiyyət iştirakçısının cəmiyyətinin nizamnamə kapitalına maya qoymaq vəzifəsindən azad edilməsinə yol verilmir. 90.3-1. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının artırılması zamanı cəmiyyət iştirakçılarının yekdil qərarı əsasında həmin cəmiyyətə qarşı pul tələbinə malik olan şəxslər pul tələblərini əvəzləşdirməklə və məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı olmaqla nizamnamə kapitalına maya qoymaq vəzifəsindən azad oluna bilərlər. Bu cür təşəbbüslə cəmiyyətə qarşı pul tələbi olan şəxslər və (və ya) cəmiyyət çıxış edə bilər. Maliyyə bazarlarında nəzarət edilən subyektlərə qarşı pul tələbi olan şəxslərin pul tələblərinin həmin subyektlərin nizamnamə kapitalında payla əvəzləşdirilməsi maliyyə bazarlarını tənzimləyən qanunlarda mühüm iştirak payının əldə olunmasına dair tələblər nəzərə alınmaqla həyata keçirilir. 90.4. Əgər ikinci və ya hər bir növbəti maliyyə ili başa çatarkən məhdud məsuliyyətli cəmiyyətin xalis aktivlərinin dəyəri nizamnamə kapitalından az olarsa, cəmiyyət öz nizamnamə kapitalının azaldığını elan etməyə və müəyyənləşdirilmiş qaydada qeydə aldırmağa borcludur. Əgər cəmiyyətin göstərilən aktivlərinin dəyəri nizamnamə kapitalının minimum miqdarından az olarsa, cəmiyyət ləğv edilməlidir. 90.4. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı yalnız onun tam ödənilməsindən sonra bu Məcəllədə və cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin əmlakı hesabına iştirakçıların nizamnamə kapitalındakı mayalarının dəyərinə mütənasib şəkildə artırılması və (və ya) iştirakçılar tərəfindən əlavə mayaların qoyulması vasitəsi ilə və (və ya) cəmiyyətə qarşı pul tələbi olan şəxslərin pul tələblərinin həmin cəmiyyətin nizamnamə kapitalında payla əvəzləşdirməsi yolu ilə və (və ya) cəmiyyətə qəbul edilən yeni iştirakçıların mayaları hesabına artırıla bilər. Maliyyə bazarlarını tənzimləyən qanunlarda pul tələblərinin cəmiyyətin nizamnamə kapitalındakı payla əvəzləşdirilməsi ilə bağlı müddəaların olduğu hallar istisna olmaqla, cəmiyyətin təsərrüfat fəaliyyəti nəticəsində ödənilməmiş zərəri onun nizamnamə kapitalından artıq olduğu halda, həmin artıq məbləğlə iştirak payı ilə əvəzləşdirilməsi nəzərdə tutulan borc məbləği arasındakı fərq əlavə maya qoyulması hesabına aradan qaldırıldıqda cəmiyyətə qarşı pul tələblərinin əvəzləşdirilməsinə yol verilir. Cəmiyyətin təsərrüfat fəaliyyəti nəticəsində ödənilməmiş zərəri müəyyən edilərkən əsas vəsaitlərə amortizasiya ayırmaları hesabına yaranan xərclər nəzərə alınmır. 90.5. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının cəmiyyətin əmlakı hesabına artırılması cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. Belə qərar yalnız cəmiyyətin ötən il üçün maliyyə hesabatlarının göstəriciləri əsasında qəbul edilə bilər. Nizamnamə kapitalının cəmiyyətin əmlakı hesabına artırılan miqdarı cəmiyyətin xalis aktivlərinin dəyəri, nizamnamə kapitalının miqdarı və cəmiyyətin ehtiyat fondu arasındakı fərqi keçməməlidir. Cəmiyyətin nizamnamə kapitalı bu maddədə müəyyən edilmiş qaydada artırıldıqda iştirakçıların mayalarının məbləği dəyişmədən bütün iştirakçıların mayalarının nominal dəyəri proporsional surətdə artır. 90.6. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının iştirakçıların əlavə payları hesabına artırılması cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. Bu qərarla əlavə payların ümumi dəyəri, həmçinin iştirakçının əlavə payının dəyəri və onun payının nominal dəyərinin artırıldığı məbləğ arasındakı nisbət müəyyən edilməlidir. Həmin nisbət iştirakçının payının nominal dəyərinin onun əlavə payına bərabər və ya ondan az məbləğdə arta biləcəyi nəzərə alınmaqla müəyyən edilir. Hər bir iştirakçı əlavə payların ümumi dəyərindən artıq olmayan, həmin iştirakçının nizamnamə kapitalında olan mayasının məbləğinə proporsional olaraq əlavə pay qoymaq hüququna malikdir. İştirakçılar tərəfindən əlavə paylar, bu barədə ümumi yığıncağın qərarı qəbul edildikdən sonra nizamnamədə və ya ümumi yığıncağın qərarında müəyyən edilmiş müddətdə qoyulmalıdır. Əlavə pay qoymaq üçün müəyyən edilmiş müddətin ötürülməsi nizamnamə kapitalının qeyd edilən üsulla artırılmasının baş tutmamasına səbəb olur. 90.7. Bu Məcəllənin 90.6-cı maddəsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının cəmiyyətin nizamnamə kapitalının artırılması haqqında qərarı iştirakçının (iştirakçıların) əlavə maya qoyulması haqqında ərizəsi və (və ya) əgər nizamnamədə qadağan edilməmişdirsə, üçüncü şəxsin (şəxslərin) onun (onların) cəmiyyətə iştirakçı kimi qəbul edilməsi və maya qoyması haqqında ərizəsi əsasında qəbul edilir. Ərizədə mayaların məbləği və tərkibi, onların qoyulma qaydası və müddəti, iştirakçının və ya üçüncü şəxsin nizamnamə kapitalında malik olmaq istədikləri mayaların məbləği göstərilir. Ərizədə mayaların qoyulmasının və cəmiyyətə daxil olmanın digər şərtləri də göstərilə bilər. Cəmiyyətin ümumi yığıncağı iştirakçıların ərizəsi əsasında nizamnamə kapitalının artırılması haqqında qərarın qəbul edilməsi ilə eyni zamanda nizamnamə kapitalının məbləğinin və ərizə vermiş iştirakçının mayasının nominal dəyərinin artırılması ilə əlaqədar nizamnaməyə edilən dəyişikliklər haqqında da qərar qəbul edir. Ümumi yığıncaq üçüncü şəxsin ərizəsi əsasında nizamnamə kapitalının artırılması haqqında qərarla yanaşı üçüncü şəxsin cəmiyyətə qəbul edilməsi, onun mayasının nominal dəyərinin müəyyən edilməsi və iştirakçıların mayalarının məbləğlərinin dəyişməsi ilə əlaqədar nizamnaməyə edilən dəyişikliklər haqqında qərar qəbul edir. Cəmiyyətə qəbul edilən üçüncü şəxsin mayasının nominal dəyəri onun payının dəyərinin məbləğinə bərabər və ya ondan az olmalıdır. Əgər nizamnamə kapitalının artırılması baş tutmamışdırsa, cəmiyyət ağlabatan müddətdə iştirakçıların əlavə mayalarını və üçüncü şəxslərin mayalarını müvafiq olaraq geri qaytarmalıdır.”
“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. ...”
46. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”
“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).
48. Baxılan iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, 2023-cü il ## ###### tarixli ümumi yığıncağın qərarı ilə cavabdeh cəmiyyətin nizamnamə kapitalının 250.000 ABŞ dollarınadək artırılması və həmin kapitalın 50 faizinin, yəni 125.000 ABŞ dollarının iddiaçıya məxsus olması qərara alınmışdır. İddiaçı həmin qərardan sonra 50.000 ABŞ dolları və 30.000 ABŞ dolları olmaqla ümumilikdə 80.000 ABŞ dolları ödəmişdir. Ümumi yığıncaq tərəfindən qərarın qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq, nizamnamə kapitalının artırılması baş tutmamışdır.
49. İddiaya etiraz edən cavabdeh tərəfindən, cəmiyyətin nizamnamə kapitalının artımının baş tutması, habelə digər təsisçisi tərəfindən cəmiyyətin 2023-cü il ## ###### tarixli ümumi yığıncağının qərarının tələblərinə əməl edilərək nizamnamə kapitalının artırılması məqsədilə hər hansı vəsaitin ödənilməsini təsdiq sübutlar təqdim olunmamışdır. 50.Məhkəmə kollegiyası işin məhkəmələr tərəfindən müəyyən edilən qeyd olunan hallarını və MM-in 90-cı maddəsinin (bax § 45) dispozisiya şərtlərini nəzərə alaraq hesab edir ki, gəlinən nəticə həmin maddənin tələblərinə uyğun olmuş, kassasiya şikayətində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinin pozuntusuna yol verilməmişdir. 51.Cavabdehin kassasiya şikayətinin işin faktiki halların aydınlaşdırılmaması barədə dəliləri üzrə qeyd olunur ki, MPM-nin 407.2-ci maddəsinin tələbi baxımından hazırkı icraat çərçivəsində həmin dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır. 52.Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. 53.MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara alır:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(*-*)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.