Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № e-2-2(3-1)-45/2026 10.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Iddiaçı X4 cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARDAD Açar sözlər: iddia ərizəsinin qaytarılması barədə qərardaddan verilmiş şikayətin təmin olunmaması Hakimlər - X3 (sədrlik edən və məruzəçi), Allahverdiyev Mehman Dünyamalı oğlu və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, Iddiaçı X4 cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “ödənilməmiş gəlirlərin ödənilməsi, növbəti ayların gəlirlərinin hesablanaraq ödənilməsi və “birgə şərikli” müqavilənin bağlanması” tələblərinə dair kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** nömrəli, 2026-cı il ## ###### tarixli qərardadından iddiaçının vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə əsasən işə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Iş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat
1. 2026-cı il ## ###### tarixdə iddiaçı X4 (bundan sonra iddiaçı) vəkilinümayəndəsi Vəkil cavabdeh “xxxx” MMC-yə (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən “ 18.206 AZN nümayəndəsi olduğu şəxs iddiaçı X4 qaytarılması; cavabdehin fəaliyyət göstərdiyi “xxxx” restoranının 2025ci ilin dekabr ayından 2026-cı ilin iyul ayınadək (iyul ayı da daxil olmaqla) aylıq gəlirinin hesablanması və nümayəndəsi olduğu şəxsə ona düşən gəlirin cavabdeh tərəfindən qaytarılması; “xxxx” restoranının fəaliyyəti ilə bağlı tərəflər arasında əvvəlki şəriklik nəzərə alınmaqla X4 ilə əmlakın digər mülkiyyətçiləri ilə 3 tərəfli “birgə ticarət fəaliyyəti” haqqında müqavilə bağlanılması” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında 1.2126 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 3338.60 m2 olan əmlak kompleksi kimi müəssisənin birgə mülkiyyət hüququ ilə digər 2 nəfərlə birlikdə (X1 və X5) mülkiyyətçisidir. Həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində ##.##.2014-cü il tarixdə qeydiyyata alınmış və 104011000425-12301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin əmlak kompleksində (qeyri-yaşayış sahəsində) 2015-ci ilin dekabr ayından “xxxx” restoranı fəaliyyət göstərir.
3. Qeyd olunan şəxslər və iddiaçı 2025-ci ilin noyabr ayınadək (noyabr ayı daxil olmaqla) həmin restoranda birgə şərikli fəaliyyət göstərmiş, qeyd olunan vaxtadək restoranın mühasibatlığı tərəfindən aylıq maliyyə hesabatları təqdim olunmuş, aylıq xərclər və məsrəflər çıxıldıqdan sonra əldə oluna xalis gəlir hər üç şəxs arasında bərabər şəkildə bölünmüşdür. Lakin iddiaçıya məlum olmayan səbəblərdən X2 (cavabdehin yeganə təsisçisi) tərəfindən 2025-ci ilin dekabr ayından iddiaçının “şərik” statusuna qanunsuz olaraq son verilmiş və restoranın aylıq gəlirindən məhrum edilmişdir. Artıq dekabr, yanvar və fevral aylarında və sonrakı aylarda (iyul ayı da daxil olmaqla) iddiaçı gəlirlərdən məhrum edilmişdir və bu proses bu gün də davam edir (həmin ayların hesabatları hazırlanmış, xərclər və gəlirlər müəyyən olunmuşdur). Aylıq hesabatlara əsasən həmin məbləğ (3 aylıq məbləğ) 18.206 AZN təşkil edir. Iddiaçı ona məxsus olan həmin məbləğin ona ödənilməsini tələb edir.
4. Əlavə olaraq qeyd etdiyi kimi iddiaçı həmin əmlakın birgə mülkiyyətçilərindən biridir. 2015-ci il tarixdə fəaliyyətə başlayan zaman hər üç şəxs arasında belə razılıq olmuşdur ki, MMC təsis edilsin, qarşılıqlı razılıq əsasında həmin MMC-nin təsisçisi və direktoru isə X2 təyin olunsun.
5. Restoranın tikilməsi, onun fəaliyyətə başlaması üçün bütün xərclər bərabər şəkildə çəkilmişdir. Bu gün isə iddiaçı ona mülkiyyət hüququ ilə məxsus olan əmlakın gəlirindən məhrum edilmişdir. Halbuki hər üç şəxs 10 ildən artıq bir müddətdir ki, şərikli olaraq fəaliyyət göstərmişlər və buna dair kifayət qədər sübut və dəlillər də vardır.
6. Məlumdur ki, mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Iddiaçının da mülkiyyətçisi olduğu əmlakdan (qeyri-yaşayış sahəsindən) X2 istifadə edərək gəlir əldə etməsi və iddiaçının bu gəlirdən məhrum edilməsi tamamilə qanunsuzdur. O, bütün bunlara son qoyulmasını tələb edir.
7. Iddiaçı birgə əmlak kompleksi kimi müəssisənin şəriki olaraq ona çatmalı olan 7 aylıq gəlirin (dekabr-iyun ayları) 18.206 (bu 3 aylıq hesablanmış və təsdiq olunmuş hesabatlara münasibətdə, digər ayların hesabatları bəlli deyil) AZN pulun ona ödənilməsini, yerdə qalan hesabatı iddiaçıya bəlli olmayan ayların gəlirlərinin ona düşən hissəsinin hesablanaraq ona ödənilməsini, bundan sonrakı aylarda aylıq ona düşən gəlirin hər ay müəyyən olunmuş vaxtda davamlı olaraq iddiaçıya ödənilməsini və hər üç şəxsin iştirakı ilə yeni şərtlə və qaydalarla “birgə ticarət fəaliyyəti” haqqında müqavilə bağlanılmasını xahiş edir.
8. Cavabdeh hazırda restoran fəaliyyəti ilə məşğuldur və Arzu Dünyamalıyev həmin restoranın gəlirlərindən iddiaçını məhrum etməkdə davam edir.
9. Restoranın 2025-ci ilin dekabr ayından 2026-cı ilin iyul ayınadək gəlirləri aşağdakı kimi olmuşdur: 2025-ci il ###### ##74 AZN; 2026-cı il: yanvar 5367 AZN; fevral 3983 AZN; mart 9415 AZN; aprel 11.051 AZN; may 10.857 AZN; iyun 10.044 AZN. Bu gəlirlər nümayəndəsi olduğu şəxsə - iddiaçıya məxsus olan, ona çatası olan gəlirlərdir.
10. Iddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 90-1, 91.1, 91-2, 213.3 və 222.2-ci maddələrinə istinad etmişdir.
11. Naxçıvan MR Kommersiya Məhkəməsinin Məhkəməsinin e-*-*(*-**)-***/**** nömrəli 2026-cı il ## ###### tarixli qərardadı ilə iddiaçının cavabdehə qarşı “ödənilməmiş gəlirlərin ödənilməsi, növbəti ayların gəlirlərinin hesablanaraq ödənilməsi və “birgə şərikli” müqavilənin bağlanması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, iddiaçı tərəfindən ##.##.2026-cı il tarixdə ********** nömrəli qəbz ilə ödənilmiş 144 manat və ##.##.2026-cı il tarixdə ********** nömrəli qəbz ilə ödənilmiş 100 manat dövlət rüsumunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2002-ci il tarixli, ** saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən iddiaçıya qaytarılması qərara alınmışdır (hakim Qabil Məmmədov).
12. Birinci instansiya məhkəməsi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. Iddia ərizəsinin “xahiş edirəm” hissəsinə münasibətdə qeyd olunmuşdur ki, məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş birinci və ikinci tələbi iddia ərizəsinin ümumi məzmunu ilə birgə nəzərdən keçirərək müəyyən edir ki, iddiaçı 2025-ci ilin dekabr, 2026-cı ilin yanvar və fevral ayları üçün 18.206 (texniki səhv olaraq 18.026 yazılmışdır) manat ödəniş tələb edir. Bu hal birinci tələbdə öz əksini tapır. Lakin ikinci tələbə nəzər saldıqda aydın olur ki, iddiaçı 2025-ci ilin dekabr ayından 2026-cı ilin iyul ayına qədər (iyul ayı da daxil olmaqla) ödənişləri tələb edir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 149-cu maddəsi iddia tələbinin aydın və konkret tərtib olunaraq məhkəməyə təqdim olunmasını nəzərdə tutsa da, iddiaçı tərəf bu imperativ tələblərə riayət etməmişdir.
14. Həmçinin məhkəmənin nəzərə aldığı digər məqam ondan ibarətdir ki, ikinci tələbdə iddiaçı mübahisə predmetinin qiymətini dəqiq müəyyən etməmişdir. Belə ki, iddiaçı tərəf iddia ərizəsində müəyyən dövrü əhatə edən ödənişlərin tutularaq ona ödənilməsini tələb etsə də, bu ödənişlərin konkret məbləği, onların hesablanma meyarları məhkəməyə təqdim edilməmişdir. Qeyd olunan hal qeyri-müəyyənlik yaratmaqla məhkəməyə həmin mübahisənin hüdudlarını müəyyən etməyə imkan vermir.
15. Üçüncü tələbə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, iddiaçı məhkəməyə müraciət edərkən cavabdeh olaraq “xxxx” MMC-ni seçmişdir. Lakin iddia ərizəsinin 3-cü tələbində məhkəmədən “xxxx” restoranının fəaliyyəti ilə bağlı tərəflər arasında əvvəlki şəriklik nəzərə alınmaqla iddiaçının əmlakın digər mülkiyyətçiləri ilə üç tərəfli “birgə ticarət fəaliyyəti” haqqında müqavilənin bağlanılması barədə qətnamə qəbul olunması xahiş edilmişdir.
16. Bu hala münasibətdə cavabdehin prosessual statusu dəqiq müəyyən olunmalı idi. Beləliklə, iddia ərizəsində seçilmiş cavabdehlə tələb hissəsinin məzmunu arasında uyğunsuzluq mövcuddur. Məhkəmə iddiaçı tərəfin diqqətinə çatdırır ki, cavabdeh olaraq “xxxx” MMC seçilmişdir. Məhkəməyə müraciət üçün təşkili olaraq yazışmalar da həmin cavabdehlə aparılmışdır. Lakin tələbdə “xxxx” restoranının fəaliyyəti mübahisələndirilir. Iddiaçı tərəf “xxxx” MMC ilə “xxxx” restoranını əlaqələndirən sübutları məhkəməyə təqdim etməmişdir. Ümumiyyətlə, “xxxx” restoranı barədə hüquqi sənədlər təqdim olunmamışdır.
17. Məhkəmə qeyd olunan əsasları iddia ərizəsinin forma və məzmununa münasibətdə çatışmazlıq hesab etməklə, bu əsasları gələcəkdə işin mahiyyəti üzrə baxılıb həll edilməsinə də mane olacaq hal kimi qiymətləndirmişdir.
18. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 114.1 və 114.1.3, 149.2.2, 149.2.3, 152.1, 152.1.1, 152.2, 152.3 və 152.4-cü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il ## #### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş "Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”nın 2.1 və 2.1.2, 4.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
19. Iddiaçının vəkili-nümayəndəsi 2026-cı il ## ###### tarixdə məhkəməyə daxil olmuş şikayətində e-*-*(*-**)-***/**** nömrəli 2026-cı il ## ###### tarixli qərardadın ləğv olunması, iddia ərizəsinin icraata götürülməsi və iddia ərizəsinin məhkəməyə verildiyi gündən verilmiş hesab edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmiş, həmin şikayət 2026-cı il # ######## tarixli qərardadla təmin olunmamış və iş materialları ilə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilmişdir.
Şikayətin dəlilləri
20. Mülki Prosessual Məcəllənin 149-cu maddəsi üzrə - Məhkəmə qərardadın 2-ci səhifəsində iddia tələbinin konkret və aydın olmadığını qeyd etmiş, “ödənişlərin konkret məbləği və onların hesablanma meyarlarını məhkəməyə təqdim etməmişdir” deyə qeyd edilmişdir. Bununla bağlı onu qeyd edir ki, məhkəmə iddia tələbinə fikir versə, ilk tələbdə konkret olaarq nə qədər olması konkret olaraq göstərilmişdir.
21. Ikinci tələbdə isə konkret olaraq müəyyən aylar üzrə hesablanaraq iddiaçıya ödənilməsi tələb edilmişdir. Iddia tələbinin həmin hissədə konkret olmamasının nədən ibarət olması onlara aydın deyildir. Hesablanma qaydası üzrə belə bir formanın nəzərdə tutulması Mülki Prosessual Məcəllədə nəzərdə tutulmamışdır. Həmin tələb konkret və dəqiq olmuşdur. Lakin məhkəmə hansı əsaslarla həmin tələbin dəqiq və aydın olmamasını əsaslandıra bilməmişdir.
22. Tələbin üçüncü hissəsinə münasibətdə isə məhkəmə restoran ilə MMC-nin qarşılıqlı əlaqəsini əks etdirən sübutların məhkəməyə təqdim edilməməsini qeyd etmişdir. Lakin onu nəzərə almaq lazımdır ki, MMC məhz restoran kimi fəaliyyət göstərir və MMC-nin ünvanı ilə restoranın ünvanı eynilik təşkil edir. Yəni restorana aid hüquqi sənədlər məhz MMC-yə aid hüquqi sənədlərdir. Restoran məhz MMC kimi fəaliyyət göstərir. Buna dair sübutlar da məhkəməyə təqdim olunmuşdur.
Tətbiq edilən hüquq
23. Mülki Prosessual Məcəllə; Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 10. Məhkəmə baxışının aşkarlığı 10.8-1. Bu Məcəllənin 159, 269,... 394-1, 397.2-ci ... maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Maddə 112. Iddianın qiyməti 112.1. Iddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.1. pul vəsaiti alınması haqqındakı iddialarda - alınan məbləğlə; ... 112.1.10. bir neçə müstəqil tələbdən ibarət olan iddialarda - bütün tələblərin ümumi məbləği ilə; ... 112.4. Iddianın qiyməti iddiaçı tərəfindən göstərilir. Maddə 114. Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır:... 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa;... Maddə 149. Iddia ərizəsinin forması və məzmunu 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: ... 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; Maddə 151. Iddia ərizəsinin mümkünlüyü 151.1. Iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. Iddia ərizəsinin qaytarılması 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır:... 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.3. Iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Maddə 365. Ümumi şərtlər Apellyasiya icraatına apellyasiya instansiyası məhkəməsində icraat fəslinin və bu Məcəllənin müddəaları tətbiq olunur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 395. Birinci instansiya məhkəmələrinin qərardadlarından şikayət vermək hüququ 395.1. Işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Maddə 397. Apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxılması müddəti və qaydası 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır... Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək;.. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
24. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının vəkili-nümayəndəsinin şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.
25. Məhkəmə kollegiyası şikayətin dəlillərini kommersiya mübahisəsinə dair işin materialları ilə birlikdə araşdırıb onlara hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin vəzifəsi yalnız şikayətdə göstərilən arqumentlərin araşdırılması ilə məhdudlaşmır və birinci instansiya məhkəməsinin qərardadının qanuniliyini və əsaslılığını bütövlükdə yoxlamağı nəzərdə tutur.
26. Azərbaycan Respublikası Konstitusiyasının; 26-cı maddəsinin İ hissəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin vasitələrindən biri də məhkəmə müdafiəsi hüququdur. 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Bu müddəa yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Həmçinin 72-ci maddəsinin İ və II hissələrinə görə dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır... Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
27. Göstərilənlərə və Mülki Prosessual Məcəllənin 47.2, 152.3 və 395.1-ci maddələrinə əsasən iddiaçının vəkili-nümayəndəsinin Naxçıvan MR Kommersiya Məhkəməsinin hazırkı kommersiya mübahisəsinə dair iş üzrə qəbul olunmuş qərardadından şikayət vermək hüququ vardır. Lakin nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 47.3-cü maddəsinə görə işdə iştirak edən şəxslər, mülki məhkəmə icraatı barədə qanunvericiliklə nəzərdə tutulan, icra olunmaması nəticə yarada bilən hallarda prosessual vəzifələr daşıyırlar. Ona görə də iddia ərizəsi verilərkən Mülki Prosessual Məcəllənin 10-1, 149 və 150-ci maddələrinin müvafiq normalarının tələblərinə riayət etmək də iddiaçının vəzifəsidir. Başqa sözlə, məhkəmə müdafiəsi hüququndan istifadə iddia ərizəsinin forma və məzmununa dair prosessual qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl etmək vəzifəsini aradan qaldırmır.
28. Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının tələbləri, həmin tələblərin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməlidir.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il ## ####### tarixli Qərarında göstərilən hüquqi mövqeyinə görə, “Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsi baxımından “iddiaçının tələbi” onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətlərdən çəkinməyə məcbur etmək məqsədilə ona qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi maddi-hüquqi tələbdir. Tələbin əsaslandırıldığı hallar isə həmin tələbi əsaslandıran hüquqi faktlar və hüquq normalarıdır”.
30. Bu hüquqi mövqedən irəli gələrək məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsində məhkəmədən tələb olunan hüquqi nəticə və həmin nəticənin həcmi elə müəyyən edilməlidir ki, məhkəmə mübahisənin predmetini öz mülahizəsinə əsasən formalaşdırmaq məcburiyyətində qalmasın və cavabdeh ona qarşı irəli sürülmüş tələbin həcmini dəqiq müəyyən edə bilsin.
31. Birinci və ikinci tələblərin qarşılıqlı münasibəti üzrə kollegiya qeyd edir ki, hazırkı işdə birinci tələb üzrə iddiaçı 2025-ci ilin dekabr, 2026-cı ilin yanvar və fevral ayları üzrə 18.206 manat tələb edir. Ikinci tələb isə eyni dövrü də əhatə etməklə 2025-ci ilin dekabr ayından 2026cı ilin iyul ayınadək olan dövr üzrə iddiaçıya düşən gəlirin hesablanmasını və ödənilməsini nəzərdə tutur. Yəni ikinci tələb birinci tələbin əhatə etdiyi dövrü də özündə ehtiva edir.
32. Iddia ərizəsindən isə ikinci tələbin birinci tələbin davamı kimi, yoxsa ondan ayrıca və əlavə pul tələbi kimi irəli sürüldüyünü müəyyən etmək mümkün deyil. Başqa sözlə, iddiaçı bir tərəfdən 2025-ci ilin dekabr, 2026-cı ilin yanvar və fevral ayları üzrə 18.206 manat tələb etdiyi halda, digər tərəfdən həmin dövrü də əhatə edən daha geniş dövr üzrə gəlirin hesablanmasını və ödənilməsini tələb etmişdir. Bu vəziyyətdə iddiaçının cavabdehdən ümumilikdə hansı məbləğin tutulmasını tələb etdiyi müəyyən olunmur.
33. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, bu hal yalnız hesablamada texniki qüsur kimi qiymətləndirilə bilməz. Çünki burada söhbət iddianın predmetinin və qiymətinin müəyyənliyindən gedir.
34. Iddia ərizəsində həmçinin 2025-ci ilin dekabr, 2026-cı ilin yanvar və fevral ayları üzrə göstərilən rəqəmlərin cəmi ilə həmin dövr üçün tələb edilən məbləğ arasında uyğunsuzluq vardır: 8.974 + 5.367 + 3.983 = 18.324 manat təşkil edir. Halbuki iddiaçı həmin üç ay üzrə ona düşən məbləğin 18.206 manat olduğunu bildirmişdir. Yəni 118 manat fərq yaranır.
35. Iddia ərizəsində həmin fərqin hansı səbəbdən yarandığı, göstərilən aylıq məbləğlərin restoranın ümumi gəliri, yoxsa iddiaçıya düşən gəlir olması və 18.206 manatın hansı hesablama əsasında müəyyən edilməsi aydınlaşdırılmamışdır.
36. Bununla yanaşı, ikinci tələb 2026-cı ilin iyul ayını da əhatə etdiyi halda, iddia ərizəsində iyul ayı üzrə gəlirin konkret məbləği göstərilməmişdir. Bu səbəbdən ikinci tələb üzrə iddia qiymətinin müəyyən edilməsi də mümkün deyil.
37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin “hesablanma meyarlarının ayrıca təqdim edilməməsi” ilə bağlı yanaşması öz-özlüyündə tam əsaslı sayıla bilməz. Prosessual qanunvericilik iddiaçının ayrıca “hesablanma meyarı” adlı sənəd təqdim etməsini tələb etmir. Lakin hazırkı işdə problem ondan ibarətdir ki, iddia ərizəsində pul tələbinin konkret həcmi və birinci tələblə ikinci tələb arasındakı münasibət müəyyən edilməmişdir. Bu isə Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinin tələblərinə uyğun olmayan vəziyyət yaradır.
38. Iddianın qiymətinə və dövlət rüsumuna münasibətdə kollegiya bildirir ki, Mülki Prosessual Məcəllənin; 112.1.1-ci maddəsinə əsasən pul vəsaitinin alınması haqqında iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 112.1.10-cu maddəsinə görə isə bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. 112.4-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti iddiaçı tərəfindən göstərilir. Bu normaların sistemli təhlilindən görünür ki, qiymətləndirilən pul tələbi üzrə iddiaçı ilk növbədə məhkəmədən tutulmasını istədiyi məbləği müəyyən etməlidir. Hazırkı işdə isə birinci tələb üzrə 18.206 manat göstərilsə də, ikinci tələb üzrə həmin məbləğin üzərinə əlavə məbləğin tutulub-tutulmadığı müəyyən deyil. Buna görə də iddianın ümumi qiyməti müəyyən edilə bilməmişdir.
39. Bu hal dövlət rüsumunun düzgün hesablanmasına da birbaşa təsir göstərir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumu 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində ödənilir. 18.206 manatlıq pul tələbi ayrıca götürüldükdə hesablanan rüsum: 120 + (18.206 - 10.000) × 0,003 = 144,618 manat təşkil edir. Beləliklə, 18.206 manatlıq tələb üzrə qanunda nəzərdə tutulmuş düsturla hesablanan məbləğ 144 manat deyil, 144,618 manatdır. Lakin kollegiya hesab edir ki, hazırkı işdə məsələyə yalnız bu 0,618 manat fərq müstəvisində yanaşmaq düzgün olmaz. Çünki əsas problem ikinci qiymətləndirilən tələb üzrə iddia qiymətinin ümumiyyətlə müəyyən edilməməsidir. Əgər ikinci tələb birinci tələbdən əlavə, müstəqil pul tələbi kimi irəli sürülmüşdürsə, həmin tələb üzrə də iddia qiyməti müəyyən edilməli və Mülki Prosessual Məcəllənin 112.1.10cu maddəsinə uyğun olaraq bütün müstəqil pul tələblərinin ümumi məbləği əsasında dövlət rüsumu hesablanmalıdır. Yox, əgər ikinci tələb birinci tələbi də özündə ehtiva edən vahid pul tələbidirsə, iddiaçı həmin vahid tələbin konkret məbləğini göstərməlidir. Hər iki halda təqdim edilmiş 244 manat dövlət rüsumunun bütün qiymətləndirilən tələblər üzrə müəyyən edilmiş dövlət rüsumunu ödəməsi təsdiq olunmur. Iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun isə qiymətləndirilməyən üçüncü tələbə aid olduğu nəzərə alındıqda, qalan 144 manat yalnız qiymətləndirilən pul tələbləri üzrə ödənilmiş rüsum kimi çıxış edir.
40. Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini geri qaytarır. Yəni hazırkı iş üzrə iddia ərizəsinin geri qaytarılması üçün Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsində nəzərdə tutulmuş müstəqil prosessual əsas da mövcuddur.
41. Məhkəmə kollegiyası üçüncü tələbə münasibətdə qeyd edir ki, iddiaçının bu tələbi “xxxx” restoranının fəaliyyəti ilə bağlı əvvəlki şərikli münasibətlər nəzərə alınmaqla iddiaçı ilə əmlakın digər mülkiyyətçiləri arasında üçtərəfli “birgə ticarət fəaliyyəti” haqqında müqavilə bağlanılmasına dair qətnamə qəbul edilməsindən ibarətdir. Iddia ərizəsində cavabdeh qismində isə yalnız “xxxx” MMC göstərilmişdir.
42. Kollegiya bildirir ki, müqavilənin bağlanılmasına dair tələbin mahiyyəti etibarilə məhkəmə tərəfindən müqavilə münasibətinin müəyyən edilməsi və ya yaradılması nəticəsinə səbəb ola biləcəyi nəzərə alınmaqla həmin müqavilənin tərəflərinin prosessual vəziyyəti aydın müəyyən edilməlidir.
43. Iddiaçının məhkəmədən müqavilənin digər mülkiyyətçilərlə bağlanılmasını tələb etdiyi halda həmin şəxslərin cavabdeh və ya işdə iştirak edən digər şəxslər kimi prosessual vəziyyətinin müəyyən edilməməsi üçüncü tələb üzrə də Mülki Prosessual Məcəllənin 149.2.3cü maddəsinin tələblərinə riayət olunmadığını göstərir.
44. Iddiaçı tərəfin “xxxx” restoranının faktiki olaraq “xxxx” MMC tərəfindən fəaliyyət göstərməsi barədə dəlili bu məsələyə hüquqi qiymət verilməsi zamanı əhəmiyyət kəsb edə bilər. Lakin restoranın MMC ilə eyniləşdirilməsi faktı üçüncü tələb üzrə müqavilənin digər tərəflərinin prosessual statusunun müəyyən edilməməsi qüsurunu aradan qaldırmır.
45. Məhkəmə kollegiyası hesab edir ki, qəbul olunan qərardadda müəyyən edilmiş çatışmazlıqların hüquqi qiymətləndirilməsi tam və sistemli aparılmasa da, birinci instansiya məhkəməsi iddia ərizəsinin qaytarılması barədə düzgün nəticəyə gəlmişdir.
46. Birinci və ikinci tələblərin qarşılıqlı münasibətinin müəyyən edilməməsi, iddianın ümumi qiymətinin müəyyən edilə bilməməsi, 18.206 manatlıq tələb üzrə göstərilən hesablamanın 18.324 manatlıq aylıq rəqəmlərlə ziddiyyət təşkil etməsi, ikinci tələb üzrə konkret məbləğin göstərilməməsi və bunun nəticəsində dövlət rüsumunun müəyyən edilmiş qaydada və məbləğdə ödənilməsini təsdiq edən sənədin təqdim edilməməsi və s. qeyd olunanlar iddia ərizəsinin qaytarılması üçün Mülki Prosessual Məcəllənin 149.2.3, 152.1.1 və 152.1.5-ci maddələri üzrə kifayət edən əsaslar yaradır.
47. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
48. Beləliklə, kollegiya bu nəticəyə gəlir ki, iddiaçının şikayətdə göstərdiyi dəlillərə görə birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi e-*-*(*-**)-***/**** nömrəli, 2026-cı il ## ###### tarixli qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən olunmur. Ona görə də iş üzrə həmin qərardaddan verilmiş şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır.
49. Kollegiya həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsində ərizənin qaytarılmasının nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etməyə mane olmadığı müəyyən edilmişdir. Deməli, iddiaçı iddia tələblərini aydınlaşdırmaq, birinci və ikinci tələblərin qarşılıqlı münasibətini müəyyən etmək, iddia qiymətini göstərmək, dövlət rüsumunu qanunla müəyyən edilmiş qaydada ödəmək və üçüncü tələb üzrə prosessual tərəfləri düzgün müəyyənləşdirməklə məhkəmə müdafiəsindən istifadə edə bilər. Hazırkı halda iddia ərizəsinin qaytarılması iddiaçının məhkəməyə çıxış hüququna qeyri-mütənasib müdaxilə təşkil etmir, əksinə, iddia icraatının düzgün qurulmasını, mübahisənin predmetinin müəyyənliyini və cavabdehin müdafiə hüququnun təmin edilməsini məqsəd qoyan prosessual tələbdir.
50. Məhkəmə kollegiyasının qəbul etdiyi hazırkı qərardaddan Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinə müvafiq olaraq kassasiya şikayəti verilə biməz.
Nəticə
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 365, 397.2, 398.0- 398.0.1, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Iddiaçının vəkili-nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** nömrəli, 2026-cı il ## ###### tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.