Məhkəmə qərarları › İş №2-2(1-8)-346/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-346/2026

11.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-346/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ##### tarixli *-*(***)-***/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Iş üzrə məhkəmə icraatı

1. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 43.147 manat borc, 325 manat vəkilə ödənilmiş haqq və 220 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Şəki Kommersiya Məhkəməsinin 2025-ci il # ####### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – M.Hüseynov).

3. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia rədd olunmasını xahiş etmişdir.

4. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – E.Hüseynov, hakimlər – Ə.Kərimov və Z.Sadiqov).

5. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ##### tarixli *-*(***)-***/**** nömrəli qərardadı ilə kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (sədrlik edən hakim – E.Hüseynov, hakimlər – Ə.Kərimov və Z.Sadiqov).

7. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, apellyаsiyа məhkəməsinin qətnаməsi cavabdehin “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə 2026-cı il ## ###### tarixində, saat 14:46-da yerləşdirilmişdir (iş vərəqi 145). Bununla da qətnamə 2026-cı il ## ###### tarixində cavabdehə rəsmi qaydada verilmişdir.

8. Cavabdehin qətnаmədən kаssаsiyа şikаyəti verə biləcəyi sоn tаrix 2026-cı il ## ##### tarixi olmuş, lаkin kassasiya şikаyəti qanunla müəyyən edilmiş müddət 3 gün ötürüldükdən sоnrа, yəni 2026-cı il ## ##### tarixində “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə verilmişdir.

9. Mülki prosessual qanunvericiliyə görə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən olunmuş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

10. Cavabdeh kassasiya şikayətində “qətnamənin elektron kabinetə 2026-cı il ## ###### tarixində yerləşdirildiyi, lakin sistemdə aparılan texniki yenilənmə işləri ilə bağlı elektron kabinetin 2026-cı il ## #### tarixdən 2026-cı ilin aprel ayının əvvəllərinə kimi işləməməsini” bildirərək, qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir.

11. Lakin kassasiya şikayətində qeyd olunan həmin dəlilləri əsassız hesab edən məhkəmə kollegiyası bildirmişdir ki, kassasiya şikayətinə əlavə olunmuş orderdən cavabdehlə vəkil vəkil1 2026-cı il ## ##### tarixində müqavilə bağlandığı görünür.

12. Eyni zamanda kassasiya şikayətinin dövlət rüsumunun ödənilməsi haqqında məlumatında, həmçinin kassasiya şikayətinə əlavə olunmuş mədaxil qəbzindən görünür ki, ödəniş tarixi 2026-cı il ## ##### tarixidir.

13. Göründüyü kimi, iş üzrə cavabdeh həm vəkillə müqavilənin bağlanılmasını, eyni zamanda kassasiya şikayətinin verilməsi üçün dövlət rüsumunun ödənişini kassasiya şikayətinin müəyyən edilmiş müddətini ötürdükdən sonra həyata keçirmişdir.

14. Beləliklə, apellyasiya məhkəməsinin iş üzrə qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti prosessual müddət ötürülməklə verilmişdir. Buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət də verilməmişdir.

15. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2007-ci il ## ###### tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 130.1, 405.0.1 və 408.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək onun ləğv olunması və qətnamədən verilən kassasiya şikayətinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il # ###### tarixli Qərarının tələbləri pozulmuşdur. Həmin qərarda göstərilmişdir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit olunmuş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli qərarının tələbləri pozulmuşdur. Həmin qərarda göstərilmişdir ki, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Lakin apellyasiya məhkəməsinin 2026-cı il ## ##### tarixli qərardadı şəxsin məhkəmələrə şikayət etmək imkanlarını mümkünsüz etmişdir.

19. MPM-in 4.1-ci maddəsi üzrə - məhkəmə müdafiəsi ilə bağlı konstitusiya təminatı hüquq və azadlıqların müdafiə sisteminin əsasını təşkil etməklə Konstitusiyada öz əksini tapmış digər hüquq və azadlıqların səmərəli müdafiəsinin təmin edilməsi məqsədini daşıyır. Məhkəmə müdafiəsi ən mühüm müdafiə mexanizmi olmaqla, hər kəsin hüquq və azadlıqları ilə bağlı yaranmış istənilən mübahisənin məhkəmədə həll olunmasını əhatə edir. Bu baxımdan, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi isə qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması ilə həyata keçirilir.

20. MPM-in 405.0.1-ci maddəsi üzrə - apellyasiya məhkəməsinin qətnaməsi elektron məhkəmə sistemində yaradılan elektron kabinetinə 2026-cı il ## ###### tarixində yerləşdirilmişdir. Lakin “Elektron məhkəmə” informasiya sistemində aparılan texniki yenilənmə işləri ilə bağlı elektron kabinet 2026-cı il ## #### tarixindən 2026-cı ilin aprel ayının əvvəllərinə kimi işləməmişdir. Cavabdeh elektron kabinetin işləmədiyi günlərin nəzərə alınacağını zənn edərək, 2026-cı il ## ##### tarixində müqavilə bağlamışdır. Elektron kabinetin işləmədiyi günlər nəzərə alınmaqla, kassasiya şikayəti icraata qəbul edilməlidir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

22. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qərardadın qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

Tətbiq edilən hüquq

23. Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2007-ci il ## ###### tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur:

“... Qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. ... Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından, prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. ...”

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. ...”

“Maddə 135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi ... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. ... 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.”

“Maddə 405. Kassasiya şikayəti vermə müddəti

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; ...”

“Maddə 408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: ... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa; ...”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri

416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiya məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman qanunvericiliyin tələblərinə riayət edildiyindən, habelə qərardadın ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ##### tarixli *-*(***)- ***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

26. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək bildirir ki, MPM-in 135.5 və 138.8-ci maddələrinin (bax § 25) məzmunundan aydın olur ki, işdə məhkəmə sənədləri iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirildikdə və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırıldıqda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

27. Beləliklə, məhkəmə sənədlərinin işdə iştirak edən şəxsə rəsmi qaydada çatdırılmış hesab edilməsi üçün qanunda iki qayda müəyyən edilmişdir: a) sənədin, şəxsin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”ində yerləşdirilməsi; b) ona bu barədə həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) məlumat çatdırılması.

28. Iş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2026-cı il ## ###### tarixində cavabdehin elektron kabinetinə yerləşdirilmişdir (i/v 145).

29. Bu barədə çıxarışa əsasən, cavabdehin təsdiq edilmiş elektron ünvanı (email) vardır (HYPERLINK "mailto:elektron ünvan 1" elektron ünvan 1).

30. Bu o anlama gəlir ki, cavabdehə münasibətdə MPM-in 135.8-ci maddəsində nəzərdə tutulmuş qaydalara riayət edilməklə, həm qətnamə “elektron kabinet”də yerləşdirilmiş, həm də ona bu barədə həmin sistem üzərindən elektron poçt vasitəsilə məlumat çatdırılmışdır.

31. Belə ki, istənilən şəxs “Elektron Məhkəmə” informasiya sistemində elektron kabinet yaradarkən təsdiq edilmiş elektron ünvanını (e-mail) qeyd etdiyi halda, sözügedən informasiya sistemi məhkəmə sənədlərinin elektron kabinetdə yerləşdirilməsi barədə həmin şəxsə təsdiq edilmiş elektron poçt vasitəsilə məlumat çatdırmaq funksionallığına malikdir.

32. Belə olan halda, məhkəmə kollegiyasının mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehə MPM-in 135.5 və 135.8-ci maddələrinin tələblərinə uyğun olaraq, 2026-cı il ## ###### tarixində rəsmi qaydada çatdırılmış hesab edilməlidir.

33. Cavabdehin qətnаmədən kаssаsiyа şikаyəti verə biləcəyi sоn tаrix isə 2026-cı il ## ##### tarixi olmuş, lаkin kassasiya şikаyəti qanunla müəyyən edilmiş müddət 3 gün ötürüldükdən sоnrа, yəni 2026-cı il ## ##### tarixində “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə verilmişdir.

34. Mülki prosessual qanunvericiliyə görə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən olunmuş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (bax § 25).

35. Cavabdehin hazırkı şikayətin də dəlillərini əhatə edən “qətnamənin elektron kabinetə 2026-cı il ## ###### tarixində yerləşdirildiyi, lakin sistemdə aparılan texniki yenilənmə işləri ilə bağlı elektron kabinetin 2026-cı il ## #### tarixdən 2026-cı ilin aprel ayının əvvəllərinə kimi işləməməsi” ilə bağlı arqumentlərinə gəldikdə apellyasiya məhkəməsi əsaslı olaraq bildirmişdir ki, kassasiya şikayətinə əlavə olunmuş orderdən cavabdehlə vəkil vəkil1 2026-cı il ## ##### tarixində müqavilə bağlandığı görünür. Eyni zamanda kassasiya şikayətinin dövlət rüsumunun ödənilməsi haqqında məlumatında, həmçinin kassasiya şikayətinə əlavə olunmuş mədaxil qəbzindən görünür ki, ödəniş tarixi 2026-cı il ## ##### tarixidir.

36. Göründüyü kimi, iş üzrə cavabdeh həm vəkillə müqavilənin bağlanılmasını, eyni zamanda kassasiya şikayətinin verilməsi üçün dövlət rüsumunun ödənişini kassasiya şikayətinin müəyyən edilmiş müddətini ötürdükdən sonra həyata keçirmişdir. Bu isə hazırkı şikayətin dəlillərinin formal xarakterli olduğunu göstərir. Digər tərəfdən, cavabdehin arqumentlərinin əsaslı olmasına dair hər hansı mötəbər sübut təqdim etməsi iş materiallarından görünmür.

37. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsinin iş üzrə qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti prosessual müddət ötürülməklə verilmişdir. Buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət də verilməmişdir.

38. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, qanuni və əsaslı qərardad qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ##### tarixli *-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ##### tarixli *-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar