Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-376/2026 17.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasından imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı cavabdehin üzərinə öhdəlik qoyulması tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # ### tarixli *-*(***)-****/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Iş üzrə məhkəmə icraatı a)Birinci instansiya məhkəməsindəki icraat 1.Iddiaçı İddiaçı MMC (bundan sonra - “iddiaçı”) cavabdeh Cavabdeh MMC-yə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona satılmış 871001 şassi nömrəli və HR16-847902V mühərrik nömrəli “Nissan Sunny” markalı avtomobilin sürətlər qutusunda yaranmış nasazlığın cavabdehin hesabına dərhal təmir olunaraq təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim K.Hüseynov). 3.Iddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 4.Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi, 2024cü il ## #### tarixli alqı-satqı müqaviləsi əsasında cavabdeh tərəfindən iddiaçıya satılmış 871001 şassi nömrəli və HR16-847902V mühərrik nömrəli “Nissan Sunny” markalı avtomobilin sürətlər qutusunda yaranmış nasazlığın cavabdehin hesabına dərhal təmir olunaraq təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 50 manat, ümumilikdə 150 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim T.Mahmudova, hakimlər Z.Şirinov və L.Əliyeva). 5.Cavabdeh tərəfindən 2026-cı il # ##### tarixində elektron kabinet vasitəsilə kassasiya şikayəti verilmişdir. 6. 7.Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş kassasiya şikayəti Mülki Prosesual Məcəllənin 407.1-ci maddəsində nəzərdə tutulmuş * saylı Əlavədə müəyyən edilmiş formada verilməmiş, məhkəmə tərəfindən düzgün tətbiq edilmədiyi iddia edilən maddi və (və ya) prosessual hüquq normaları və həmin normaların düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna dair mövqe göstərilməmişdir. 8.Həmçinin kassasiya şikayəti verən şəxsin tələbi hissəsində kassasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməli olduğu halda, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin tələb hissəsində 2026-cı il # ###### tarixli, *-*(***)-****/**** nömrəli qətnamənin ləğv edilməsi xahiş edilsə də, mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələb dəqiq bildirilməmişdir. 9.
10. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # ### tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə cavabdehin nümayəndəsi və vəkili tərəfindən kassasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizəsi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2026-cı il # ###### tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən-məruzəçi hakim T.Mahmudova, hakimlər S.Cəfərov və Z.Şirinov).
11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin materiallarında olan (II cild, i/v 59) “Məhkəmə sənədlərininin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair” “AZEMIS” Elektron Məhkəmə Informasiya Sistemindən çıxarışdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # ###### tarixli, *-*(***)- ****/**** nömrəli qətnaməsi Mülki Prosessual Məcəllənin (bundan sonra-“MPM”) 135.5 və 135.6-cı maddələrinin tələblərinə uyğun olaraq 2026-cı il # ###### tarixində, saat 14:56-da cavabdehə məxsus şəxsi elektron kabinetə yerləşdirilmişdir.
12. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin ilk kassasiya şikayəti 2026-cı il # ##### tarixində məhkəməyə daxil olmuş, şikayətin verilməsi müddəti ötürülmüşdür.
13. Məhkəmə kollegiyası cavabdehin buraxılmış prosessual müddətin bərpasına dair ərizəsindəki dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh texniki nasazlıq səbəbindən kassasiya şikayətinin elektron məhkəmə sisteminə yüklənə bilmədiyini hər iki ərizəsində bildirsə də,buna dair sübutları məhkəməyə təqdim etməmişdir.
14. Cavabdeh tərəfindən həmin qərardaddan verilmiş kassasiya şikayətində qərardadın ləğv edilməsi xahiş edilmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. MPM-in 133.3, 135.5, 135.8, 404-1.1-ci maddələri üzrə- məhkəmə işi təxirə salaraq digər tarixə qeyd etməklə hüquqi şəxsin nümayəndəsinin (vəkili) sübut təqdim etmə səlahiyyətini bərpa edə bilərdi və bunun üçün şərait yaradılmalıdır. Yaranmış problemin faktiki və hüquqi hallarına məhkəmə münasibət bildirməmişdir. Yalnız iddiaçının etirazı əsasında birtərəfli qaydada qərar qəbul etmişdir.
16. Texniki nasazlıq səbəbindən vəkillərin elektron kabinetində bildirişlərin əks olunmaması səbəbindən həmin qərardaddan məlumat əldə etmək mümkün olmamışdır. Bu səbəbdən kasassiya şikayəti yenidən tərtib olunaraq elektron kabinetə yerləşdirilmişdir. Qeyd olunanları nəzərə alaraq ötürülmüş müddətlərin üzrlü hesab edilərək işin kasassiya instansiyasına göndərilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasına vaxtında gələn nümayəndə orderin üzərində Ali Məhkəmə qeyd olunmasını və yeni orderin elektron qaydada həll edilməsini bildirsə də, məhkəmə işin təxirə salınmasının mümkün olmadığını vurğulayaraq vəkilin iştirakı olmadan baxaraq qərar qəbul edilmişdir. Belə olan halda sübutların təqdim olunması və digər prosessual zəruri hərəkətlərin həyata keçirilməsi məhdudlaşdırılmışdır. Qeyd olunanları nəzərə alaraq qərardadın ləğv edilməsi və buraxılmış müdddətin bərpa edilməsi məsələsi yenidən baxılmalıdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Kassasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
19. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması ... 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.” ... 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.
“Maddə 128. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. ... 128.3. Illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.”
“Maddə 129. Prosessual müddətlərin qurtarması 129.1. Illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. ...”
“Maddə 130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. ... 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.”
“Maddə 133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. ...”
“Maddə 135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. ... 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. ...” “Maddə 408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: ... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;...”
Kassasiya instansiya məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.
23. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-ın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il # ### tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
24. Məhkəmə kollegiyası hesab edir ki, baxılan işdə kassator tərəfindən müddətin ötürülməsini üzrlü edən, onun iradəsi və hərəkətlərindən asılı olmayan səbəblərə istinad edilmədiyindən və belə səbəblərə dair sübutlar apellyasiya məhkəməsinə təqdim edilmədiyindən, buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsindən və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
25. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edildiyindən, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir.
26. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq
qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # ### tarixli *- *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.