Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-47/2026 01.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı İddiaçı MMC-nin cavabdehlər Cavabdeh, Ağayeva Aydan İdrak qızı, X3, Sadıqzadə Gülnar İdrak qızı və Zeynalova Töhvəxanım İdrak qızına qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı MMC-nin cavabdehlər Cavabdeh, Ağayeva Aydan İdrak qızı, X3, Sadıqzadə Gülnar İdrak qızı və Zeynalova Tövhəxanım İdrak qızına qarşı borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və digər tələblərinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı İddiaçı MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ## ###### 2021- ci il tarixli, **/MS-AVTO/** nömrəli “Nəqliyyat vasitəsinin icarəyə verilməsi haqqında müqavilə”nin: 1.1-ci bəndinə əsasən, İcarəyə verən ona məxsus olan və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Nəqliyyat vasitələrinin təhvil-təslim aktı”nda göstərilən nəqliyyat vasitələrini icarəçiyə icarəyə verməyi, icarəçi isə həmin nəqliyyat vasitələrini öz müvəqqəti istifadəsinə qəbul etməyi, onları saz vəziyyətdə qoruyub saxlamağı və bu Nəqliyyat vasitələrinin təhvil-təslim aktında müəyyən edilmiş icarə haqqını icarəyəverənə ödəməyi öz öhdəsinə götürür. 4.1.1-ci bəndinə əsasən, İcarəçi tərəfindən İcarəyə verənə hər ay nəqliyyat vasitələrinin icarəsinə görə nəqıliyyat vasitələrinin təhvil-təslim aktında göstərilən (razılaşdırılmış) məbləğdə aylıq icarə haqqı ödəməlidir. 4.1.2-ci bəndinə əsasən, icarə haqqı hər növbəti ayın 13-nə qədər Azərbaycan manatı ilə bank köçürməsi yolu ilə ödənilməlidir. 5.3-cü bəndinə əsasən, İcarəçi aylıq icarə haqqını bu müqavilənin 4.1.2-ci bəndində göstərilən vaxtda ödəmədiyi halda hər gecikdirilən gün üçün ödənilməyən məbləğin 0,1% qədər cərimə ödəyir. Cərimənin ümumi miqdarı icarə haqqının 10 faizini keçməməlidir. Cərimənin ödənilməsi İcarəçini icarə haqqının ödənilməsi öhdəliyindən azad etmir. 6.1-ci bəndinə əsasən, bu müqavilə 5 (beş) il müddətinə bağlanılır və imzalandığı andan qüvvəyə minir. Müqavilənin müddətinin bitməsinə 30 təqvim günü qaldıqda müqavilənin ləğv edilməsi və yaxud şərtlərinin dəyişdirilməsi haqqında tərəflərin birinin digərinə yazılı bildirişi olmadıqda, o eyni şərtlərlə hər il 1 il müddətinə uzadılmış hesab edilir.
2. X1 LTD” MMC-nin nümayəndəsi və Cavabdeh tərəfindən imzalanmış və hər iki tərəfin möhürü ilə təsdiq edilmiş ## ###### 2021-ci il tarixli, **/MS-AVTO/** nömrəli “Nəqliyyat vasitəsinin icarəyə verilməsi haqqında müqavilə” əsasında avtomobillərin Təhvil-Təslimi haqqında” ##.##.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (İcarəyəverən) 1 ədəd “İsuzu NPR66L Yük” markalı, **JB*** dövlət qeydiyyat nömrəli və 1 ədəd “İsuzu NPR66P Yük” markalı, **JB*** dövlət qeydiyyat nömrəli nəqıliyyat vasitələri işlək və istifadəyə yararlı vəziyyətdə, hər biri aylıq 380 manat icarə haqqı ilə Cavabdeh (İcarəçi) təhvil verir, Cavabdeh isə öz növbəsində həmin avtomobilləri qəbul edib, saz vəziyyətdə qoruyub saxlamağı və “Akt”da müəyyən olunmuş icarə haqqını ödəməyi öhdəsinə götürür.
3. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (Şirkət) ilə Cavabdeh (Distribüter) arasında bağlanan 2021-ci il ## ###### tarixli, 13\DİS-MS\** nömrəli “Distribüter müqaviləsi”nin: 1.1-ci bəndinə əsasən, bu müqavilə üzrə Distribüter Şirkət tərəfindən müəyyən olunmuş fəaliyyət regionunda Şirkətə məxsus məhsulların, Şirkətin müəyyənləşdirdiyi qaydalar və strategiyalar əsasında satışının təşkil edilməsini öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən, Şirkət tapşırır, Distribüter isə irəlidə “Məhsul” adlanacaq içəcək və qida məhsullarının Azərbaycan Respublikasının bu müqavilənin 1.1 bəndində qeyd olunmuş regionlarında satışını həyata keçirməyi öz öhdəsinə götürür. 1.3-cü bəndinə əsasən, göndərilən malların adı, miqdarı, çeşidi və qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Qiymət razılaşma protokolunda göstərilir. Bu müqavilə əsasında göndərilən malların siyahısı və qiymətləri yalnız Şirkət tərəfindən dəyişdirilə bilər. 2.1.1-ci bəndinə əsasən, Şirkət Distribüterə bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən aylıq və rüblük 3 ay aylara bölnmüş satış hədəf planları müəyyən edir. Şirkət zərurət yarandıqda satış hədəf planlarını istədiyi vaxt dəyişmək hüququna malikdir. 2.1.2-ci bəndinə əsasən, Şirkət malların bazarda satış qiymətlərini Distribüterə tövsiyyə edir. 2.1.3-cü bəndinə əsasən, Şirkət Distribüterin təsərrüfat fəaliyyətinə müdaxilə etməmək şərti ilə istənilən vaxt Distribüter tərəfindən hazırki müqavilə ilə üzərinə düşən öhdəliklərinin yerinə yetirilməsini yoxlamaq hüququna malikdir. 2.1.6-cı bəndinə əsasən, Şirkət Distribüterin satış qiymətlərini və kredit limitini müəyyən etmək və dəyişdirilmək hüququnu özündə saxlayır. 3.1.1-ci və 3.1.2-ci bəndlərinə əsasən, Distribüter Şirkətdən aldığı malları üçüncü şəxslərə realizə etmək, malları üçüncü şəxslərə Şirkət tərəfindən tövsiyyə olunmuş qiymətlərlə satmaq hüququna malikdir. 3.2.1-ci bəndinə əsasən, Distribüter Şirkət tərəfindən ona hər ay aylıq satış hədəfləri protokolu ilə təyin olunmuş aylıq satış hədəflərinə çatmağı öhdəsinə götürür. 3.2.7-ci bəndinə əsasən, Distribüter malların müddətinin bitməsinə həm öz anbarında, həmçinin satış nöqtələrində daim nəzarət etməyi öhdəsinə götürür. Şirkət tərəfindən Distribüterin anbarında və ya satış nöqtələrində yoxlamalar aparılarkən vaxtı keçmiş Məhsullar aşkarlandıqda Distribüter vaxtı keçmiş malların ümumi dəyərinin 2 misli miqdarında cərimə olunacaqdır. 4.1-ci bəndinə əsasən, Distribüterin Şirkətə məxsus malların satışını həyata keçirmək üçün anbar şəraiti olmalıdır. 4.3-cü bəndinə əsasən, Distribüterin anbarı malların təhlükəsiz və keyfiyyətli saxlanmasını, eləcə də əməyin, sağlamalığın və ətraf mühitin qorunmasını, yanğından mühafizə üzrə normativ hüquqi aktlarda nəzərdə tutulmuş digər tələblərə cavab verməlidir. 6.1-ci bəndinə əsasən, Distribüterin Şirkətin mallarının daşınması üçün istismara yararlı, yükdaşıma standartlarına uyğun yük avtomobilləri olmalıdır. 6.2-ci bəndinə əsasən, Distribüter satış strategiyasını yaxşılaşdırmaq məqsədi ilə Şirkətdən əlavə icarə müqaviləsi əsasında icarəyə yük satışını götürə bilər. 7.1-ci bəndinə əsasən, Distribüter Şirkətdə nağd və ya kredit vasitəsi ilə mal almaq hüququna malikdir. 7.2-ci bəndinə əsasən, Distribüter nağd şəkildə mal almaq istədiyi təqdirdə, o elektron qaimə faktura aldığı tarixdən etibarən 3 iş günü ərzində aldığı malın 100% dəyərini Şirkətin bank hesabına köçürməyi öhdəsinə götürür. 7.3-cü bəndinə əsasən, Distribüter Şirkətlə kredit şərtləri ilə çalışmaq istədiyi təqdirdə, o Şirkətin qəbul etdiyi qaydada və şərtlər çərçivəsində Bank qarantiyası təqdim etməlidir. Bu halda Şirkət Distribüterə təqdim olunan bank qarantiya məbləğinin 1.5 mislində kreditə mal sata bilər. 7.4-cü bəndinə əsasən, Distribüter Şirkətə bank qarantiyası təqdim edə bilmədiyi təqdirdə, o, Şirkətin razılığı ilə daşınmaz əmlakını girov qoyaraq kreditə mal ala bilər. Bu halda Distribüter daşınmaz əmlakını müstəqil ekspert tərəfindən dəyərləndirməlidir və Şirkət Distribüterə girov qoyulan daşınmaz əmlakın dəyərinin 1.5 mislində kreditə Mal sata bilər. 7.5-ci bəndinə əsasən, Distribüter kreditlə alıdığı malın dəyərini 30 təqvim günü ərzində Şirkətin bank hesabına ödəməlidir (yanvar, fevral, noyabr və oktyabr ayları 40 təqvim günü olmaqla). 8.1-ci bəndinə əsasən, malların çatdırılması Distribüterin sifarişi əsasında partiyalar (ton, say və sair) ilə həyata keçirilir. Sifariş həm yazılı, həm də elektron bildiriş (məktub) şəkildə Şirkətin ünvanına göndərilir və sifarişi satış meneceri təsdiq etməlidir. Malların təhvil alınması tarixi mallar Şirkət tərəfindən Distribüterə məxsus Salyan şəhəri, ƏlətAstara magistral şossesi 120 km ünvanında yerləşən anbarda təhvil verildiyi gün və malın Distribüter tərəfindən tərəfindən təhvil-təslim aktı əsasında təhvil alındığı andan mal üzərində mülkiyyət Distribüterə keçir. 14.1-ci bəndinə əsasən, müqavilə imzalandığı andan qüvvəyə minir və 5 il müddətində qüvvədə qalır.
4. İddiaçı MMC (İpoteka saxlayan) ilə Cavabdeh, Ağayeva Aydan İdrak qızı, X3, Sadıqzadə Gülnar İdrak qızı və Zeynalova Töhvəxanım İdrak qızı (İpoteka qoyanlar) arasında bağlanan 2021-ci il 10 fevral tarixli, *M/*** nömrəli İpoteka müqaviləsinin: 1.1-ci bəndinə əsasən, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 3M\*** saylı distribüter müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir; 2.3-cü bəndinə əsasən, ipoteka predmetinin dəyəri İpoteka qoyanın və İpoteka saxlayanın razılığına əsasən 97200 manat məbləğində müəyyən edilmişdir; 3.1-ci bəndinə əsasən, öhdəliyin yaranma əsası distribüter müqaviləsidir; 3.2-ci bəndinə əsasən, öhdəliyin ölçüsü (məbləği) 145800 manat 00 qəpik məbləğində sərinləşdirici alkaqolsuz və təbii şirə içkiləridir.
5. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın surətinə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.07 ha olan torpaq sahəsi və ümumi sahəsi 253.7 kv/m olan fərdi yaşayış evi ipoteka hüququ ilə İddiaçı MMC-nin xeyrinə yüklü edilmişdir.
6. İddiaçı MMC tərəfindən Cavabdeh e-qaimələr göndərilmişdir.
7. Qarşılıqlı borc vəziyyətinin üzləşdirilməsi barədə 2022-ci il # ###### tarixli aktda 2022-ci il ## ###### tarixinə Cavabdeh İddiaçı MMC-yə borcunun 184220,63 manat təşkil etdiyi qeyd olunmuşdur.
İş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı İddiaçı MMC (bundan sonra-“iddiaçı”) cavabdehlər Cavabdeh, Ağayeva Aydan İdrak qızı, X3, Sadıqzadə Gülnar İdrak qızı və Zeynalova Töhvəxanım İdrak qızına ( bundan sonra birlikdə –“cavabdehlər”, ayrı-ayrılıqda Cavabdeh, A.Ağayeva, Ş.Ağayeva, G.Sadıqzadə və T.Zeynalova) qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh ## ###### 2021-ci il tarixli 13/DİS-MS/21 saylı distribüter müqaviləsi üzrə 106452,54 manat məbləğində əsas borc, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanan 5322,63 manat faizlər olmaqla, cəmi 111775,17 manat pulun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 401,78 manat dövlət rüsumunun tutularaq xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın (yüklü edilən əmlakın reyestr nömrəsi: 805013067796-10301) açıq hərracda satılmasından əldə edilmiş vəsaitə yönləndirilməsi, cavabdeh Cavabdeh # ###### 2021-ci il tarixli **/MS-AVTO/** saylı nəqliyyat vasitəsinin icarəyə verilməsi haqqında müqavilə üzrə 3697,19 manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 369,71 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 4066,90 manat pul və 60,67 manat ödənilmiş dövlət rüsumu tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi işin yuxarıda qeyd edilən hallarına istinadla əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, cavabdeh Cavabdeh fevral 2021-ci il tarixli 13/DİS-MS/21 Distribüter Müqaviləsi üzrə 106452,54 manat və # ###### 2021-ci il tarixli **/MS- AVTO/** saylı nəqliyyat vasitəsinin icarəyə verilməsi haqqında Müqavilə üzrə 3697,19 manat, ümumilikdə 110149,73 manat iddiaçıya borcu yaranmışdır. Müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi üçün pretenziya yollanmış, lakin heç bir nəticə alınmamışdır. Cavabdeh nəticə etibarilə iddiaçı ilə aralarında bağlanmış müqavilə şərtlərinə əməl etməyərək, müqavilə üzrə öhdəliklərini icra etməmişdir.
10. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh izahatında iddia tələbini qəbul etmədiyini, iddiaçı ilə uzun müddət əməkdaşlıq etdiyini, iddiaçıdan ümumilikdə 500000 manat məbləğində mal aldığını bildirmişdir.
11. Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** saylı, 2025-ci il ## ### tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
12. Birinci instansiya məhkəməsi tərəflər arasında alqı-satqı və komissiya müqavilələrinin ünsürlərini əhatə edən qarışıq müqavilənin, həmin müqavilə üzrə öhdəliklərin təminatı məqsədi ilə ipoteka müqaviləsinin və yük avtomobillərinin əvəzli istifadəyə verilməsinə dair icarə müqaviləsinin bağlandığı, həmin müqavilələrin etibarsızlığına dəlalət edən halların olmadığı, qarışıq müqavilə və icarə müqaviləsi üzrə cavabdehin mal alışı və yük avtomobillərinin icarəsinə görə iddiaçıya 2022-ci il ## ###### tarixə ümumilikdə cəmi 184220,63 manat məbləğində borcunun olduğu (üzləşmə aktına əsasən) işin mübahisəsiz hallarını təşkil etmişdir. Məhkəmə araşdırması zamanı və ondan əvvəl də cavabdeh tərəflər arasında imzalanmış üzləşmə aktını mübahisələndirməmiş, həmin aktın etibarsızlığına dair tələb irəli sürməmişdir. Buna görə də, tərəflər arasında imzalanmış 2022-ci il ## ###### tarixli üzləşmə aktının məzmunu ilə müəyyən edilən xüsusatlar işin mübahisəsiz hallarından biri kimi qəbul edilməlidir. Göründüyü kimi, cavabdeh 2022-ci il ## ###### tarixinə iddiaçıya 184220,63 manat məbləğində borcunun olmasını üzləşmə aktı ilə etiraf etmişdir.
13. Məhkəmə hesab etmişdir ki, cavabdeh borcunu etiraf etdiyinə və onun tərəfindən mübahisələndirilməmiş üzləşmə aktı mövcud olduğuna görə həmin hissədə iddiaçı sübutetmə vəzifəsindən azad olunmuşdur. Beləliklə, üzləşmə aktı ilə müəyyən edilmiş hal, yəni cavabdehin 2022-ci il ## ###### tarixə iddiaçıya 18420,63 manat məbləğində borcunun olması işin mübahisəsiz halı kimi qəbul edilməlidir.
14. İşin mübahisəli halını cavabdeh tərəfindən təhvil alınmış malların dəyərinin və icarə haqqının tam şəkildə ödənilməməsi barədə iddiaçının tələbi təşkil etmişdr. Belə ki, iddiaçı cavabdehin təhvil aldığı mallara görə ödənilməmiş 106.452,54 manat, icarə haqqı olaraq 3697,19 manat məbləğlərində borcunun qaldığını iddia etmişdir. İddiaçı, cavabdehin müqavilələr üzrə öhdəliklərini icra etməyərək aldığı malların qiymətini və icarə haqqını tam ödəməməsi haqqında tələbinin faktiki əsası kimi tərəflər arasında bağlanmış alqı-satqı və icarə müqavilələrinin şərtlərinə, cavabdehə göndərilmiş elektron qaimələrə, üzləşmə aktına və borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər pretenziya qaydasında tələblə çıxış etməsinə istinad etmişdir.
15. İddia ərizəsində tələb olunan borc məbləğlərinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh iddia tələbini qəbul etmədiyini bildirsə də, öz etirazının əsası kimi hər hansı bir hala istinad etməmişdir, etirazını əsaslandıra bilməmişdir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, iddiaçı qarışıq (alqı-satqı) müqavilə üzrə öhdəliyini icra edərək malları cavabdehin mülkiyyətinə vermişdir, həmçinin icarə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərək icarə obyekti olan avtomobilləri cavabdehin istifadəsinə vermişdir, lakin cavabdeh malları və avtomobilləri təhvil alsa da üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməyərək malların dəyərini və icarə haqqını tam şəkildə ödəməmişdir. Buna görə də, iddiaçının ödənilməmiş malların dəyərinin və icarə haqqının cavabdehdən tutulması tələbinə dair iddiası qanuni və əsaslıdır. Göstərilənlərə əsasən, iddiaçının cavabdehə qarşı pul tələbinin təmin edilməsi üçün hüquqi əsas, tərəflər arasında mövcud olmuş alqısatqı və icarə müqavilələri üzrə alıcının və icarəçinin vəzifə və məsuliyyətini müəyyən edən, həmçinin öhdəlik hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin müvafiq normalarının tələblərindən irəli gəlir.
16. Tərəflər arasında bağlanmış müqavilələrdən yaranan öhdəlik cavabdeh tərəfindən lazımi qaydada icra edilmədiyinə görə həmin müqavilələr üzrə borcun cavabdehdən tutulması barədə iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüququ yaranmışdır və həmin hüquq cavabdehin qanunsuz hərəkətləri nəticəsində pozulmuşdur. Buna görə də, iddia tələbi ödənilməmiş malların dəyərinin və icarə haqqının tutulmasına münasibətdə tam təmin edilməlidir.
17. Məhkəmə iddia tələbinin distribütor müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 5322,63 manat pulun cavabdehdən tutulması hissəsində əsaslı olduğu qənaətinə gələrək qeyd etmişdir ki, gecikdirmə faizinin tutulmasına dair iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin ( bundan sonra-“MM”) 445.7-ci maddəsi təşkil edir. Buna görə də, həmin hissədə iddianın uğurluluğu onun faktiki hallarının MM-in 445.7-ci maddəsinin dipozisiya şərtlərini ödəməsindən asılıdır. MM-nin 445.7-ci maddəsi borclu tərəfindən öhdəlik icra edilmədiyi təqdirdə kreditorun gecikdirilmiş vaxt üçün məruz qaldığı zərərin qarşılanması (kompensasiyası) üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş imkanlardan biri kimi çıxış edir.
18. Şərh olunanları baxılan işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə bu nəticəyə gəlmişdir ki, iddiaçı, Mülki Məcəllənin 445.7-ci maddəsinə istinadən cavabdehə qarşı müqavilə üzrə öhdəliklərin lazımi şəkildə icra edilməməsi səbəbi ilə gecikdirilmiş vaxt üçün məruz qaldığı zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
19. Məhkəmə, iddia tələbini icarə müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklərin pozulması ilə əlaqədar cərimənin tutulması hissəsində əsaslı hesab edərək qeyd etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtlərinə görə, icarəçi müqavilə üzrə öhdəliklərin pozuntusuna yol verdiyi təqdirdə icarəyə verənə cərimə ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İşin halları ilə cavabdeh Cavabdeh tərəfindən icarə haqqının ödənilməsini gecikdirildiyi müəyyən edildiyinə görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən icarə müqaviləsi üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi əsaslıdır.
20. İddianın “tutmanın ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsi, əmlakın açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin borcun tutulmasına yönəldilməsi”nə dair hissəyə münasibətdə göstərilmişdir ki, iddiaçı ilə cavabdehlər arasında etibarlı şəkildə ipoteka müqaviləsi bağlanmışdır və ipoteka hüququ daşınmaz əmlakın müvafiq rəsmi reyestrində qeydiyyata alınmışdır. İpoteka müqaviləsi ilə təminat verilmiş distiribütorluq müqaviləsindən irəli gələn əsas öhdəlik lazımınca icra edilmədiyinə görə, ipoteka müqaviləsinin şərtlərinə əsasən ipoteka saxlayan iddiaçının tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. Buna görə də, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır.
21. Eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək belə nəticəyə gəlinmişdir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsi, ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satışı yolu ilə realizə edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
22. Məhkəmə, ipoteka predmeti əşyanın ilkin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar vurğulamışdır ki, ipoteka predmeti olan əmlakın mövcud bazar və likvid dəyərinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsinə baxmayaraq, cavabdeh öz hərəkətləri ilə ekspertizanın keçirilməsinə mane olmuşdur. Buna görə də, ekspert tərəfindən qərardad icra olunmadan məhkəməyə qaytarılmışdır. Belə olan halda, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin ipoteka müqaviləsində tərəflərin qarşılıqlı razılığına əsasən şərtləşdirilmiş məbləğdə müəyyən edilməsini məhkəmə məqbul hesab etmişdir. Bu baxımdan, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti məhkəmə tərəfindən 97200 manat məbləğində müəyyən edilməklə, qeyd edilən əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satışından əldə edilən vəsaitdən borc ödənilməlidir.
23. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 390.1, 390.4, 404.5, 425.1, 427.3, 442, 445.1, 445.2.1, 445.7, 462.1, 465.2, 466.2.1, 567, 597.1, 598.1, 600.1, 600.4, 700.1, 882.1, 882.2 və 882.5-ci maddələrinə, “İpoteka haqında” Azərbaycan Respublikası Qanununun 33, 34 və 39.3.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ( bundan sonra-“MPM”) 14.2, 77.1, 97.5 və 217-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il ## ###### tarixli Qərarına , Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ** saylı, 2020-ci il ## #### tarixli Qərardadına istinadla əsaslandırmışdır.
24. Cavabdeh K.Sasdıqov tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim Q.Əliyev , hakimlər T.Kərimov və C.İmanov).
26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, işin materiallarına əlavə olunan sənədlərlə tərəflər arasında 2021-ci il # ###### tarixli nəqliyyat vasitəsinin icarəyə verilməsi, 2021-ci il ## ###### tarixli distribüter müqavilələrindən irəli gələn münasibətlərin formalaşdığı, icarəçi və distribüter qismində çıxış edən Cavabdeh icarəyə verən və satıcı qismində çıxış edən iddiaçı qarşısında avtomobil icarəsi və almış olduğu mallara görə malların dəyərinin ödənilməsi formasında icra edilməmiş pul öhdəliyinin yarandığı müəyyən olunur. Belə ki, iddiaçı tərəfindən lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş, eyni zamanda cavabdehin özü tərəfindən təsdiq edilmiş elektron vergi-hesab fakturaları üzrə yaranan borc məbləği, 2022-ci il # ###### tarixli və 2022-ci il # #### tarixli “Qarşılıqlı borc vəziyyətinin üzləşməsi Aktları”, verilmiş pretenziyanın cavablandırılmaması ilə təsdiqini tapmışdır.
27. İşin materiallarında olan elektron qaimə fakturalardan, iddiaçının nümayəndəsi ilə Cavabdeh arasında imzalanmış “Qarşılıqlı borc vəziyyətinin üzləşməsi haqqında Aktlardan” müəyyən olunmuşdur ki, tərəflər həmin aktı imzamaqla Cavabdeh mal alışı və yük avtomobillərinin icarəsinə görə iddiaçıya 2022-ci il ## ###### tarixə ümumilikdə cəmi 184220,63 manat məbləğində borcunun olduğunu təsdiq etmişlər. Sadalanan qanunvericilik aktı normaları tələbin hüquqi əsasını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh iddiaçı ilə bağlamış olduğu distribütor və nəqliyyat vasitələrinin icarəsi müqavilələrindən irəli gələn öhdəliklərini icra etmədiyindən, iddiaçı satdığı malın dəyərinin və nəqliyyat vasitələrinin icarə haqqının ödənilməsi tələbini irəli sürməkdə haqlı olmuşdur. “Qarşılıqlı borc vəziyyətinin üzləşməsi haqqında” aktın cavabdehin aldadılaraq imzalanmasına, işin həqiqi vəziyyətini əks etdirməməsinə dair apellyasiya şikayətinin dəlilləri iş materialları təsdiq olunmur, buna dəlalət edən hər hansı bir mötəbər sübutla təsdiq oluna biləcək hal yoxdur.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Qərarında verilmiş şərhə görə, “kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
29. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında formalaşan hüquqi mövqedən çıxış edərək belə nəticəyə gəlmişdir ki, cavabdehin distribüter müqaviləsindən irəli gələn və cavabdehin 2022-cü ilin fevral ayına kimi ödəməli olduğu 106452,54 manat məbləğində borca iddia ərizəsinin məhkəməyə daxil olduğu 2024-cü ilin sentyabr ayına kimi keçən müddət üçün illik 5% ilə hesablanan gecikdirmə faizinə görə tələbi də əsaslı olmuşdur. Belə ki, öhdəliyin lazımınca icra edilməməsi və bunun nəticəsində iddiaçının zərərə məruz qalması işin hallarından aşkar görünür.
30. Apellyasiya şikayətinin dəlillərinin ipoteka predmetinə aid hissəsində tədqiq edən kollegiya qeyd etmişdir ki, tutmanın kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə ipotekaya qoyulmuş, mülkiyyət hüququ əsasında cavabdehlərə məxsus olmaqla Masallı rayonunun Xıl kəndində yerləşən daşınmaz əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən olunaraq yönəldilməklə açıq hərrac yolu ilə satılması tələbini təmin edən birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, distribüter müqaviləsi üzrə Cavabdeh müqavilədən irəli gələn öhdəliklərini vaxtında və lazımınca icra etmədiyindən kreditor qarşısında icra edilməmiş öhdəliyi yaranmış və kreditor təminat kimi ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması tələbini irəli sürməkdə tam haqlı olmuşdur.
31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normalarına istinadla əsaslandırmışdır.
32. Cavabdeh Cavabdeh tərəfindən həmin qətnamədən verimiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
33. MM-in 152.1, 158.3, 340.1, 422.1, 425.1, 425.2-ci maddələri üzrə- İş materiallarında olan elektron qaimələrdə konkret olaraq 13/DİS-MS/21 saylı Distribüter Müqaviləsinə, habelə müvafiq təhvil-təslim aktlarına istinad edilməmişdir. Halbuki, Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il ## ##### tarixli qərarına əsasən, elektron qaimə fakturalar öz-özlüyündə malın təqdim olunmasını təsdiq etmir və digər sübutlarla qarşılıqlı şəkildə qiymətləndirilməlidir. Məhkəmələr bu hüquqi mövqeni nəzərə almadan yalnız qaimələrə əsaslanmışdır ki, bu da maddi hüququn pozulmasıdır. İddiaçı tərəfindən iddia edilən ümumi dövriyyə məbləğinin mühüm hissəsi üzrə cavabdeh Cavabdeh faktiki olaraq mal təqdim edilməmişdir. Qaimələr üzrə ödənişlər edilmiş, lakin əlavə olaraq əsassız borc formalaşdırılmışdır. 2022-ci il ## ###### tarixli üzləşmə aktı real iradə ifadə etmir. Akt cavabdehin iqtisadi asılı vəziyyətindən istifadə olunmaqla, aldadılma yolu ilə imzaladılmışdır. Məhkəmələr MM-in maddəsini formal tətbiq etmiş, aktın yaranma şəraitini və iradə azadlığını araşdırmamışdır.
34. MPM-in 5.1, 14.2, 77.1-ci maddələri üzrə- Məhkəmələr cavabdeh tərəfindən təqdim edilən bank ödəniş tapşırıqlarına, qaimələrlə uyğunluq cədvəllərinə və faktiki mal dövriyyəsinə qiymət verməmiş, yalnız iddiaçının birtərəfli maliyyə arayışını əsas götürmüşdür. Bu hal MPM-in tələbinin pozuntusudur. Apellyasiya instansiyası məhkəməsi MPM-in 392.2-ci maddəsinin tələblərinə zidd olaraq, apellyasiya şikayətinin hər bir dəlilinə ayrıca, aydın və əsaslandırılmış hüquqi qiymət verməmişdir. Bu isə Konstitusiyanın 60-cı maddəsi ilə təmin edilən ədalətli məhkəmə araşdırması hüququnun pozulmasıdır. Məhkəmə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən halları və faktları araşdırmamışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
Kassasiya baxışının hədləri
36. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi borcun tutulması tələbinə aid hissədə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq həmin hissədə yoxlanılacaqdır.
37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
38. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 6. Mülki qanunvericiliyin prinsipləri ... 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. ...”
“Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi
14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər ...”
“Maddə 269. Girov və ipoteka hüququ anlayışı
269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. ...”
“Maddə 319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. ...”
“Maddə 390. Müqavilə azadlığı
390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. ... 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. ...”
Maddə 404. Müqavilənin təfsiri ... 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir.
“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq
425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. …”
“Maddə 427. Öhdəliyin icrası müddəti … 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. ...”
“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”
“Maddə 445. Borclunun icranı gecikdirməsi ... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; ... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər (2023-cü il ## ###### tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 445.7-ci maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir). ...”
“Maddə 567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”
Maddə 597. Satılan əşyanın qiyməti
597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. ...”
“Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. ...”
“Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi
600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. ... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. ...”
“Maddə 882. Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə
882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. ... 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il ## ##### tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur:
“... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. ...”
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur: “... “kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.” ...”
41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”
“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. ... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. ...”
Kassasiya instansiya məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
43. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir. Belə ki, hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən tərəflər arasında bağlanmış müqaviləyə əsasən kassatorun iddiaçıya borcunun olması tərəflərin təsdiq etdikləri üzləşmə aktı ilə öz təsdiqini tapmışdır.
44. Məhkəmə kollegiyası cavabdehin həmin üzləşmə aktının mübahisələndirilməsi ilə bağlı irəli sürdüyü dəlilləri təsdiq edən sübutların işə mahiyyəti üzrə təqdim olunmamasını nəzərə alaraq, eyni məzmunlu apellyasiya şikayətinin dəlillərinin əsassız və ağlabatan olmaması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır.
45. Nəzərə alınmalıdır ki, “Xəyal” kəndli fermer təsərrüfatının başçısı Ə.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi Mübahisələrə dair İşlər üzrə Məhkəmə Kollegiyasının ## ###### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ###### 2005-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi göstərmişdir ki, “... tərəflər arasında tərtib olunmuş üzləşmə aktında da etiraf olunmuşdur. Belə olan halda aydındır ki, tərəflər arasındakı hüquq münasibətləri həmin andan təzələnmişdir”.
46. Kassasiya şikayətinin məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı dəlilləri üzrə hazırkı icraat çərçivəsində araşdırma aparılmır, onlara qiymət verilmir (MPM-nin 407-ci maddəsi).
47. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mübahisəli hüquq münasibətinə tətbiq edilən maddi hüquq normaları ilə yanaşı, MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
48. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara alır:
Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.