Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-508/2026 21.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı1 cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə öhdəliklərindən irəli gələn mübahisələr, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı iddiaçı1 cavabdeh “xxxx” MMC-yə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # #### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. Icraçı qismində iddiaçı1 ilə sifarişçi qismində “xxxx” MMC arasında bağlanmış 2023-cü il # #### tarixli, * nömrəli xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən icraçı ona məxsus olan və * nömrəli cədvəldə əks olunmuş texnikaları sifarişçiyə xidmət göstərməyə verir, sifarişçi isə texnikaları təyinatı üzrə istifadə edib, icraçıya xidmət haqqı ödəyir. * nömrəli cədvələ əsasən “Ekskovator JCB JS330” markalı, ***-FA-*** dövlət qeydiyyat nişanlı texnika 26 iş günü üçün vergi xaric olmaqla, 11000 manat xidmət haqqı müəyyən edilmişdir. Həmin müqavilənin: - 2.1-ci bəndinə əsasən texnika(lar) xidmət yerinə çatdıqdan sonra sifarişçi həmin yol vərəqəsinə müvafiq qeydlər edir, qeydlərini səlahiyyətli nümayəndəsinin imzası ilə təsdiq edir. Xidmət bitdikdən sonra və ya hər hansı səbəbdən icraçının göstərişi ilə texnikanı geri göndərildikdə sifarişçi yol vərəqəsində müvafiq qeyd edir, qeydlərini səlahiyyətli nümayəndəsinin imzası ilə təsdiq edir; - 3.1-ci bəndinə əsasən icraçı texnika(lar) üçün ayrıca gündəlik xidmət cədvəli tərtib edir. Hər növbəti ayın ilk 3 günü ərzində göstərilmiş xidmətlər üçün tərtib etdikləri cədvəllər əsasında tərəflər arasında xidmətlərin təhvil-təslim aktı tərtib olunur, imzalanır, möhürlənir; - 3.3-cü bəndinə əsasən bayram günlərində texnikalar xidmət göstərməsələr, həmin gün üçün icarə haqqı 50% hesablanacaq; - 3.5-ci bəndinə əsasən müqavilə üzrə xidmət haqqı görülmüş işlərə dair tərəflər arasında təhvil təslim aktı imzalandıqdan sonra növbəti ayın ilk 5 iş günü ərzində bank köçürmə yolu ilə həyata keçirilir; - 8.1-ci bəndinə əsasən tərəflər Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyır; - 8.2-ci bəndinə əsasən icraçı müqavilə ilə nəzərdə tutulmuş müddətlərdə öz öhdəliklərini yerinə yetirməlidir. Sifarişçi öz öhdəliyinin icrasını gecikdirdiyi təqdirdə hər gecikdirilən gün üçün aylıq xidmət haqqının 0,1%-i həcmində məsuliyyət daşıyır.
2. Müqaviləyə əsasən cədvəldə adları göstərilən nəqliyyat vasitələri və xüsusi texnikaların “xxxx” MMC-nin tikinti obyektlərində işləməsi barədə tabel vərəqəsindən (xidmətlərin təhvil-təslim aktı) müəyyən olunur ki, “JCB JS330” markalı, ***-FA-*** dövlət qeydiyyat nişanlı texnikadan istifadəyə görə “xxxx” MMC-nin 2023-cü ilin may ayı üçün ümumi borcu 12223 manat, 2023-cü ilin iyun ayı üçün ümumi borcu 9732,9 manat, 2023-cü ilin iyul ayı üçün ümumi borcu 11861 manat təşkil edir.
3. iddiaçı1 tərəfindən “xxxx” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2023-cü il ## ###### tarixli, EBDT seriyalı, ****** nömrəli elektron qaiməyə əsasən 9732,84 manat, ****** nömrəli elektron qaiməyə əsasən 12222,63 manat, ****** nömrəli elektron qaiməyə əsasən 11860,48 manat təşkil edir. Qaimələrin əsası kimi * nömrəli müqavilə qeyd edilmişdir.
4. “xxxx” QSC tərəfindən tərtib və təsdiq edilmiş ödəniş tapşırığından müəyyən olunur ki, “xxxx” MMC tərəfindən iddiaçı1 bank hesabına 15000 manat vəsait köçürülmüşdür. Ödənişin təyinatı kimi * saylı müqaviləyə əsasən tərtib edilmiş EBDT seriyalı, ****** nömrəli, EBDT seriyalı, ***** nömrəli, EBDT seriyalı, ****** nömrəli elektron qaimələr üzrə ödənişlər qeyd edilmişdir.
5. iddiaçı1 tərəfindən “xxxx” MMC-yə ünvanlanmış 2025-ci il ## ###### tarixli pretenziya məktubu ilə mövcud borcun 3 gün ərzində tam ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
6. iddiaçı1 (bundan sonra – “iddiaçı”) 2025-ci il ## ###### tarixində “xxxx” MMCyə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 18.816 manat borc, hüquqi xidmətə görə ödənilən 320 manat, ödənilmiş dövlət rüsumuna görə 148 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Iddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh müqavilə üzrə öhdəliyini tam icra etmədiyi üçün iddiaçıya 18.816 manat borcu yaranmışdır. Buna dair cavabdehə qanunvericiliyin tələbinə uyğun pretenziya bildirişi və iddia ərizəsi, ona əlavə edilmiş sənədlərin göndərilməsinə baxmayaraq, cavabdeh həmin pretenziya bildirişinə cavab verməmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 18.816 manat əsas borc, 320 manat hüquqi yardım xərci və 147,41 manat dövlət rüsumu olmaqla, ümumilikdə 19283,41 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması qət edilmişdir (hakim – Z.Axundova).
9. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş tabel vərəqələrindən (xidmətlərin təhvil-təslim aktı) müəyyən olunur ki, cavabdeh tərəfindən 2023-cü ilin may-iyul ayları üçün ödənilməli olan ümumi xidmət haqqı 11.861+9.732,9+12.223=33.861,9 manat təşkil edir. Bundan əlavə, “xxxx” QSC tərəfindən tərtib və təsdiq edilmiş ödəniş tapşırığından müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının bank hesabına 15.000 manat vəsait köçürülmüşdür. Belə olan halda cavabdeh tərəfindən ödənilməli olan qalıq borc 33.861,9-15.000=18.861,9 manat olacaqdır.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “Mülki Məcəllə”) 385.1, 386.1, 390.1, 425.1, 425.2, 442 və 448.1 və Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “Mülki Prosessual Məcəllə”) 14.2, 76.1, 77, 107, 119.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # #### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – S.Cəfərov, hakimlər E.Həsənov və T.Qocayev).
13. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, hazırkı halda mübahisəli müqavilə üzrə göstərilmiş xidmətlərə görə cavabdehin iddiaçıya 18816 manat məbləğində borcunun olması faktı iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş elektron qaimələr, həmin qaimələr üzrə cavabdehin qismən ödənişlərini təsdiq edən ödəniş tapşırığı və tabel vərəqələri (xidmətlərin təhvil- təslim aktı) ilə öz təsdiqini tapmışdır. Hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən təsdiq edilmiş tabel vərəqələri (xidmətlərin təhviltəslim aktı) görülmüş işin həcmini və faktiki xidmət müddətini əks etdirdiyi üçün, cavabdeh tərəfindən bu sənədlərin düzgün olmaması və ya qeyd olunan məbləğlərin şişirdilməsi təkzibedilməz faktlarla sübuta yetirilmədiyindən, onlar borcun hesablanması üçün əsas götürülür. Cavabdehin "məbləğin şişirdilməsi" barədə dəlilləri yalnız formal mülahizələrdən ibarət olduğundan və iddiaçı tərəf bu məbləği sənədlərlə əsaslandırdığından, sübutetmə yükü cavabdehin üzərinə düşür. Cavabdeh isə iddia olunan məbləğin daha az olmasını təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etmədiyi üçün, onun apellyasiya şikayətinin dəlilləri əsassızdır.
14. Məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə cavabdehin vəsatətinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş sənədlərdə məbləğlər aydın göstərildiyindən və xüsusi bilik tələb etmədiyindən hazırki halda iş üzrə ekspertiza təyin edilməsi üçün heç bir əsas mövcud deyil. Həmçinin, iddiaçı tərəfindən cavabdehə qeyd olunan məbləği təsdiq edən elektron qaimələr də göndərilmişdir. Cavabdeh apellyasiya şikayətində qaimələrin cavabdeh tərəfindən təsdiq edilməmədiyini bildirsə də, həmin qaimələrə etiraz etməmiş, qaimələri düzəlişə göndərməmiş, ləğv edilməsi ilə bağlı iddiaçıya müraciət etməmişdir. Əksinə həmin qaimələr üzrə müəyyən ödənişlər etmişdir. Bundan başqa, cavabdeh məhkəməyəqədərki mərhələdə də iddiaçı tərəfindən ona göndərilmiş pretenziya məktubuna heç bir münasibət bildirməmiş, eləcə də iddia ərizəsinə yazılı etiraz təqdim etməmişdir.
15. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 398.1, 399.1, 425.1, 425.2, 442, 448.1, 752.1, 753.1, 762.2, 762.3-cü; Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 106.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
16. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
17. Mülki Məcəllənin 398, 700.1-ci maddələri üzrə - məhkəmə tərəfindən mülki iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, iddia edilən məbləğlər isə əsassız şəkildə şişirdilmişdir. Tələb edilən məbləğ şirkətin əmlak mənafeyinə uyğun deyildir və bu məbləğin ödənilməsi iddiaçının əsassız olaraq varlanmasına səbəb olacaqdır. Müqavilə bağlanarkən, müqavilənin qiyməti müəyyən edilmişdir. Həmin müqavilədə qiymətin sonradan birtərəfli qaydada dəyişdirilməsi nəzərdə tutulmamışdır. Müqavilə bağlandıqdan sonra da tərəflər arasında qiymətin dəyişdirilməsinə dair müqaviləyə hər hansı əlavə saziş və ya dəyişiklik edilməmişdir. Eyni zamanda, mülki qanunvericiliyin tələblərinə əsasən də bu cür birtərəfli qiymət dəyişikliklərinə yol verilmir. Bu səbəbdən məhkəmə MM-in 398, 467, 567 və 597.1-ci maddələrinin tələblərini pozaraq qətnamə qəbul etmişdir.
18. Mülki Prosessual Məcəllənin 14.1, 64, 77.3, 87.2, 88, 217.3, 217.4-cü maddələri üzrə - məhkəmə işdə olan sənədlərə-sübutlara düzgün hüquqi qiymət verməmiş və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Iddiaçı tərəfindən tələb edilən məbləğlərin əsaslılığı və düzgünlüyü lazımi qaydada yoxlanılmamışdır. Iddia olunan məbləğlərin şişirdildiyinə dair əsaslı şübhələr mövcud olduğundan, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə zərurət yaranmışdır. Bundan əlavə, iddiaçı tərəfindən cavabdehə təqdim edildiyi bildirilən elektron qaimələr cavabdeh tərəfindən təsdiq edilməmiş, həmin sənədlərin qəbul edilməsi və ya onlarda əks olunan məlumatların düzgünlüyü cavabdeh tərəfindən etiraf olunmamışdır. Bu hal da iddia tələblərinin əsaslılığının əlavə araşdırılmasını və xüsusi bilik tələb edən məsələlərin ekspertiza vasitəsilə müəyyən edilməsini zəruri edir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
20. Iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
21. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasnı təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətinin dəlillərində göstərilən hüquqi məsələlərə mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası da apellyasiya instansiyası məhkəməsinin yoxlanılan hissədə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
26. Məhkəmə tərkibi kassasiya şikayəti verən tərəfin müqavilə qiymətinin birtərəfli dəyişdirilməsi və iddiaçının əsassız varlanması barədə dəlillərini əsaslı hesab etmir. Belə ki, iş materiallarında tədqiq edilmiş sübutlarla ümumiyyətlə müqavilə qiymətinin sonradan birtərəfli qaydada dəyişdirilməsi baş verməmişdir və iş üzrə tələb olunan məbləğ isə, müqavilə üzrə faktiki göstərilmiş xidmətlərin həcmi və müddəti, tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən təsdiq edilmiş tabel vərəqələri, elektron qaimələr və həyata keçirilmiş qismən ödənişlər əsasında müəyyən edilmişdir. Cavabdeh həmin sənədlərin düzgün olmadığını və məbləğlərin şişirdildiyini təsdiq edən və mötəbər sayılacaq hər hansı sübut təqdim etməmişdir.
27. Həmçinin, kassasiya şikayəti verən tərəfin sübutlara düzgün qiymət verilməməsi və məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməməsi barədə dəlilləri də əsassızdır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan sübutları, o cümlədən elektron qaimələri, tabel vərəqələrini və ödəniş tapşırığını qarşılıqlı əlaqədə qiymətləndirmişdir. Cavabdehin qaimələrə vaxtında etiraz etməməsi, onları düzəlişə göndərməməsi və həmin qaimələrin əhəmiyyətli hesab ediləcək hissəsi üzrə ödənişlər etməsi nəzərə alınmışdır. Ekspertizanın təyin edilməməsi əsaslı olmuşdur.
28. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # #### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Göstərilənlərə əsasən və Mülkü Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI: Cavabdeh “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # #### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.