Məhkəmə qərarları › İş №2-2(102)-111/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-111/2024

18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İca
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-111/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh firmasına qarşı iş üzrə QƏRARİ Bakı şəhəri Açar sözlər: müqavilənin bağlanması ilə bağlı tələblər, müqavilə azadlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh firmasına qarşı müqavilə bağlanması öhdəliyinin qoyulması və pul tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 26 oktyabr tarixli 22(103)-754/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 20062010-cu illər üçün Kompleks tədbirlər planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 sentyabr tarixli sərəncamına əsasən, X1 boyunca yerləşmiş yarmarkaların köçürülməsinə dair “Yeganə” firmasına, "xxxx" fırmasına, Cavabdeh firmasına torpaq sahəsi ayrılması nəzərə alınaraq, Qaradağ rayonu Lökbatan qəsəbəsinin cənub-şərqi Bakı-Salyan-Lökbatan dairəvi yolayrıcının qərbində ticarət mərkəzlərinin tikintisinin layihələndirilməsi üçün 60 ha torpaq sahəsi icarə əsasında həmin firmaların istifadəsinə verilmişdir (2007-ci il 7 iyun tarixli 253 nömrəli Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı).

2. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2007-ci il 7 iyun tarixli 253 nömrəli sərəncamına əsasən, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsinin cənub-şərqində, Bakı-Salyan-Lökbatan yolayrıcının qərbində, 25 ha ərazi ticarət mərkəzinin layihələşdirilməsi və tikintisi üçün Cavabdeh firmasına verilmişdir (2007-ci il 13 iyun tarixli 07/744 nömrəli ayrıc aktı).

3. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2007-ci il 7 iyun tarixli 253 nömrəli sərəncamı və 2007-ci il 13 iyul tarixli 12110 nömrəli inşaat pasportuna əsasən Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsinin cənub-şərqi Bakı-Salyan-Lökbatan dairəvi yolayrıcının qərbi ünvanda yerləşən 250.000 m2 torpaq sahəsi 49 il müddətə Cavabdeh firmasına icarəyə verilmişdir (2007-ci il 19 iyul tarixli 0784 nömrəli Cavabdeh firması ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə).

4. Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsinin cənub-şərqi Bakı-SalyanLökbatan dairəvi yolayrıcının qərbi ünvanda yerləşən 25 ha torpaq sahəsinin 2021-ci il 16 avqust tarixinə bazar dəyəri 30.000.000 milyon manat təşkil edir (2021-ci il 16 avqust tarixli UNİ/A 202670/21 nömrəli "xxxx" MMC-nin qiymətləndirmə rəyi).

5. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2021-ci il 19 noyabr tarixli 299 nömrəli (Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2007-ci il 7 iyun tarixli 253 nömrəli, 2009-cu il 29 dekabr tarixli 497 nömrəli və 2012-ci il 5 noyabr tarixli 478 nömrəli sərəncamlarının add anada keçirilməsi haqqında) sərəncamında qeyd edilmişdir ki, "xxxx" MMC-nin 2021-ci il 15 noyabr tarixli 33 nömrəli müraciətini və “Yeganə” firmasının 2021-ci il 15 noyabr tarixli 3 nömrəli, Cavabdeh firmasının 2021-ci il 15 noyabr tarixli 17 nömrəli razılıq məktublarını nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələbləri rəhbər tutularaq qərara alınır: - Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsinin cənub-şərqi Bakı-SalyanLökbatan dairəvi yolayrıcının qərbində ticarət mərkəzlərinin tikintisi məqsədilə torpaq sahəsinin ayrılması haqqında Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2007-ci il 7 iyun tarixli 253 nömrəli, 2009-cu il 29 dekabr tarixli 497 nömrəli və 2012-ci il 5 noyabr tarixli 478 nömrəli sərəncamları və aparılmış müvafiq sənədləşmə işləri "xxxx" MMC-nin adına rəsmiləşdirilsin; - "xxxx" MMC Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66, 67 və 68-ci maddələrinin tələblərinə uyğun olaraq, torpaq sahəsinə dair icarə hüququnun yaranması üçün Bakı Şəhər İcra Hakimiyyəti nəzdində “İnterservis” müdiriyyəti ilə 3 ay müddətində torpaq icarə müqaviləsinin bağlanmasını və bu sərəncamdan irəli gələn digər sənədləşmə işlərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasını təmin etsin. 6. 2023-cü il 13 fevral tarixli 10707208 nömrəli - 13.060 manat, 2023-cü il 13 fevral tarixli 10707201 nömrəli - 8.734 manat, 2023-cü il 13 fevral tarixli - 5.100 manat, 2023-cü il 13 mart tarixli ********** nömrəli - 6.528 manat, 2023-cü il 13 mart tarixli 15 nömrəli - 3.000 manat, 2023-cü il 13 mart tarixli ********** nömrəli - 1.362 manat məbləğlərində ödəniş qəbzlərindən görünür ki, Cavabdeh firması ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında bağlanmış icarə müqaviləsi üzrə Cavabdeh firması tərəfindən icarə haqqı ödənilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

7. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – “iddiaçı”) 2022-ci il 15 aprel tarixində Cavabdeh firmasına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi, daha sonra iddianın dəqiqləşməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənub-şərqi, Bakı-SalyanLökbatan dairəvi yolayrıcının qərbi hissəsində yerlə şən 250.000 m2 torpaq sahəsinə dair aylıq icarə haqqı 75.000 manat olmaqla, iddiaçı ilə icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması, icarə haqqının iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi tarixdən hesablanması və 400 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, monitorinq zamanı cavabdeh tərəfindən dövlət mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənub şərqi, Bakı-Salyan-Lökbatan dairəvi yolayrıcının qərbi ünvanında yerləşən 250.000 m2 torpaq sahəsinin iddiaçı ilə icarə müqaviləsi olmadan istifadə edilməsi müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq iddiaçı tərəfindən cavabdehə müraciət olunsa da, sonuncu tərəfindən torpaq sahəsinin satın alınmasından və ya icarə müqaviləsinin bağlanılmasından imtina edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti (bundan sonra – “BŞİH”) başçısının 2007-ci il 7 iyun tarixli 253 nömrəli sərəncamı ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənub-şərqi, Bakı-Salyan-Lökbatan dairəvi yolayrıcının qərbi hissəsində ticarət mərkəzlərinin tikintisinin layihələndirilməsi üçün 60 ha torpaq sahəsi icarə əsasında “Yeganə” firmasının, "xxxx" firmasının və cavabdehin istifadəsinə verilmişdir. BŞİH-in başçısı ilə cavabdeh arasında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənub-şərqi, Bakı-Salyan-Lökbatan dairəvi yolayrıcının qərbi ünvanında yerləşən 250.000 m2 torpaq sahəsinin icarəyə verilməsi barədə 2007-ci il 19 iyul tarixli 0786 nömrəli icarə müqaviləsi bağlanmışdır. BŞİH dövlət torpaqlarının fiziki və ya hüquqi şəxsin icarəsinə və ya istifadəsinə yalnız o halda verə bilər ki, həmin torpaq sahəsi boş olsun və onun üzərində heç bir tikili mövcud olmasın. Qeyd edilən sərəncamlar verilərkən, torpaq sahələri boş olduğu üçün BŞİH həmin torpaq sahəsinin cavabdehin icarəsinə verməkdə səlahiyyətli olmuşdur. Ticarət mərkəzi inşa edildikdən sonra həmin qeyriyaşayış obyektinin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi və özəlləşdirilməsi səlahiyyəti iddiaçıya məxsus olmuşdur. İddiaçı tərəfindən qeyd olunan torpaq sahəsinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün qiymətləndiriciyə müraciət olunmuş və qiymətləndiricinin 2021-ci il 16 avqust tarixli UNİ/A 202-670/21 nömrəli rəyinə əsasən, torpaq sahəsinin bazar dəyəri 30.000.000 manat müəyyən edilmişdir.

9. Cav abdeh iddiaya qarşı yazılı etiraz verərək bildirmişdir ki, iddiaçı tələbini “icarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 6 sentyabr tarixli Fərmanı ilə əsaslandırmışdır. Lakin, Fərmanın dərc edildiyi tarixdə dövlət əmlakı və dövlət mülkiyyətində olan torpaq sahələri fərqləndirilirdi. Mübahisə isə cavabdehə icarəyə verilən torpaq sahəsi ilə bağlı olduğundan, tələb əsassız olmuşdur. Fərmanın dərc edildiyi və iddiaçının yaradıldığı tarixə diqqət etdikdə görünür ki, Fərmanda iddiaçının adının olması mümkün deyildi. Belə ki, torpaq sahələri istisna olmaqla, dövlət əmlakının idarə olunması sahəsində səlahiyyətlər 1997-ci il tarixində İqtisadiyyat Nazirliyinin Dövlət Əmlakının idarə edilməsi və özəlləşdirilməs i departamentinə məxsus olmuş, lakin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 sentyabr tarixli Sərəncamı ilə bu qurumun əsasında Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi təsis olunmuşdur. Sonradan Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 19 may tarixli Sərəncamı ilə sonuncu dövlət qurumunun bazasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yaradılmışdır.

10. Həmçinin, cavabdeh ilə BŞİH arasında 2007-ci il 19 iyul tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında 0786 nömrəli icarə müqaviləsi mövcud olmuşdur ki, həmin müqavilə ilə dövlət mülkiyyətində olan torpaq sahəsi cavabdehin icarəsinə verilmişdir. İcarə müqaviləsinin tarixinə diqqət etdikdə görünür ki, icarə müqaviləsi iddiaçı təşkilatın yaradılmasından 2 il əvvəl bağlandığından i ddia ərizəsində torpaq sahəsinin müqaviləsiz istifadə edilməsi ilə bağlı qeyd edilənlər əsassız olmuşdur. Əmlak Məsələləri Dövlət Komitəsi yaradıldığı günə qədər bağlanan müqavilələrdə varis hesab edilir. BŞİH dövlət torpaqlarının fiziki və ya hüquqi şəxsin icarəsi və ya istifadəsinə yalnız o halda verə bilər ki, həmin torpaq sahəsi boş olsun və onun üzərində heç bir tikili mövcud olmasın. Qeyd edilən sərəncamlar verilərkən, torpaq sahələri boş olduğu üçün BŞİH həmin torpaq sahəsinin cavabdehin icarəsinə verməkdə səlahiyyətli olmuşdur. Cavabdehlə üçüncü şəxs arasında bağlanan icarə müqaviləsi hazırda qüvvədə olmaqla tərəflər üçün hüquq və öhdəliklər müəyyən edir. Aerofoto çəkilişdən də görünür ki, torpaq sahəsi icarəyə verilərkən orada heç bir tikinti olmamış, həmin sahə göl və altında yer ləşən boş torpaq sahəsindən ibarət olmuşdur.

11. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 11 aprel tarixli e-2-2(113)-69/2023 nömrəli qətnaməsi ilə iddiası rədd edilmişdir (hakim – E.Əliyev).

12. Məhkəmə qeyd etmişdir ki, 2007-ci il 7 iyun tarixli 253 nömrəli BŞİH-in başçısının sərəncamına əsasən, Qaradağ rayonu Lökbatan qəsəbəsinin cənub-şərqi Bakı-SalyanLökbatan dairəvi yolayrıcının qərbində ticarət mərkəzlərinin tikintisinin layihələndirilməsi üçün 60 ha torpaq sahəsi “Yeganə” firması, "xxxx" fırması və hazırki iş üzrə cavabdehə icarəyə verilməsi qərara alınmış, 2007-ci il 19 iyul tarixli 0784 nömrəli icarə müqaviləsinə görə isə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsinin cənub-şərqi Bakı-SalyanLökbatan dairəvi yolayrıcının qərbi ünvanda yerləşən 250.000 m2 torpaq sahəsi 49 il müddət ə cavabdehə icarəyə verilmişdir.

13. Müqavilə bağlamaq vəzifəsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində (bundan sonra – “MM”) və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Müqavilə bağlamaqda azad olan mülki hüquq subyektlərinin müqavilə bağlamağa məcbur edilməsinə, bir qayda olaraq, yol verilmir. Lakin qanunverici bu qaydaya müqavilə bağlamaq vəzifəsinin MM-də və ya tərəfin könüllü götürdüyü öhdəlikdə nəzərdə tutulması halını istina kimi müəyyən etmişdir. Hazırkı işdə qeyd olunan hallar mövcud olmamışdır. Cavabdehin belə vəzifəsi MM-də nəzərdə tutulmamış, onun iddiaçı qarşısında eyni öhdəliyi götürməsi də iş materialları ilə təsdiqini tapmamışdır.

14. Mübahisəli ünvanda yerləşən torpaq sahəsinin icarəyə verilməsi barədə vaxtilə buna səlahiyyəti olan inzibati orqanla, yəni eyni əmlakla bağlı eyni hüquqi əsasla eyni tərəflər (hüquqi şəxslə dövlət orqanı) arasında müqavilə bağlanmışdır və həmin müqavilə hazırda da qüvvədə olmaqla yanaşı, iddiaçı da öz növbəsində sözügedən müqavilənin qanuniliyini mübahisə etməmişdir.

15. Digər tərəfdən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn müna sibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.

16. Cavabdehin nümayəndəsinin təqdim etdiyi ödəniş qəbzlərindən göründüyü kimi, BŞİH ilə cavabdeh arasında icarə münasibətləri hələ də davam etmiş və dövlət büdcəsinə icarə haqqı ödənilmişdir.

17. Məhkəmə gəldiyi nəticəni MM-in 390.1, 390.2, 390.3, 399.1, 700.1, 700.2 və 706.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

18. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 26 oktyabr tarixli 2-2(103)-754/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – A.Hüseyn, hakimlər – R.Qurbanov və V.Baxışova).

20. Apellyasiya məhkəməsi bu qərarın 13-14-cü bəndlərindəki göstərilənləri vurğulamaqla hesab etmişdir ki, iddia tələbi əsassızdır.

21. İddiaçının tələbinin qanuni əsası kimi istinad etdiyi normativ hüquqi aktlarda onların qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunması nəzərdə tutulmamışdır.

22. Cavabdehin üzərinə müqavilə bağlamaq vəzifəsinin qoyulması ilə bağlı nə müqavilə, nə də qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmadığından, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Sonradan qüvvəyə minmiş və mülki hüquq münasibətlərini tənzimləyən hər hansı normativ-hüquqi aktın müddəalarının geriyə qüvvəsi yalnız həmin aktın özündə retroaktivliyə dair müəyyən olunmuş qaydanın mövcudluğu halında mümkündür.

23. BŞİH tərəfindən 2021-ci il 19 noyabr tarixli sərəncamın verilməsi, həmin sərəncama əsasən, "xxxx" MMC-nin yeni icarə müqaviləsini bağlamalı olması, lakin belə bir müqavilənin bağlanmaması, 2007-ci il 19 iyul tarixli 0786 nömrəli icarə müqaviləsi üzrə tərəflər arasında icarə münasibətlərinin mövcud olmadığına dəlalət etməmişdir. Sözügedən sərəncam ilə 2007-ci il 7 iyun tarixli 253 nömrəli sərəncama dəyişiklik edilməsi də 2007-ci il 19 iyul tarixli 0786 nömrəli icarə müqaviləsinin qüvvədən düşməsi anlamına gəlməmişdir.

24. Bundan başqa, ödəniş qəbzlərindən göründüyü kimi, BŞİH ilə cavabdeh arasında icarə münasibətləri hələ də davam etmiş və dövlət büdcəsinə icarə haqqı ödənilmişdir.

25. A pellyasiya məhkəməsi gəldiyi nəticəni “Normativ-hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.5-ci maddəsinə, MM-in 7.2, 390.1, 390.2, 390.3, 399.1, 700.1, 700.2 və 706.1-ci maddələrinə, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin ikinci hissəsi və 29cu maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 116 nömrəli Fərmanının 2.3-cü bəndinin zamana görə qüvvədə olan redaktəsinə, 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanının 1-ci bəndinə, 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanının 4.1-ci bəndinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

26. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. MM-in 241.2-ci maddəsi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – “Torpaq Məcəlləsi”) 66.1-ci maddəsi, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsi, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqına Əsasnamə”nin 11-ci bəndi, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərman ı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.48-ci bəndi üzrə - Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 11 yanvar tarixli qərardadı və daha sonra eyni məsələ ilə bağlı 2022-ci il 10 fevral tarixli qərardadı ilə müvəqqəti təminat tədbiri barədə Xidmətin ərizələri təmin edilərək, mübahisəli torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanılması cavabdehə və üçüncü şəxsə qadağan edilmişdir. Beləliklə, BŞİH-in 2021-ci il 19 noyabr tarixli 299 nömrəli sərəncamının 2-ci bəndinə əsasən, "xxxx" MMC ilə torpaq sahəsinə dair BŞİH-nin nəzdində fəaliyyət göstərən “İnterservis” müdiriyyəti arasında yeni icarə müqaviləsinin bağlanılması nəzərdə tutulsa da, yeni müqavilə hazırkı vaxta qədər bağlanılmamışdır. Məhkəmə B ŞİH-ə sorğu göndərərək, cavabdeh ilə torpaq sahəsinə dair yeni icarə müqaviləsinin bağlanılıb-bağlanılmaması və əvvəlki müqavilənin qüvvədə olubolmamasını araşdırmadan, həmin tərəflər arasında qüvvədə olan müqavilənin olduğunu və bu halda iddiaçı ilə yeni müqavilənin bağlanılması tələbinin əsassız olduğunu qeyd etmişdir.

28. Apellyasiya məhkəməsinin qeyd etdiyi hallar (bax § 23) əvvəlki, yəni 2007-ci il 19 iyul tarixli müqavilə üzrə münasibətlərə xitam verilməsini təsdiqləyir.

29. BŞİH-in 2021-ci il 19 noyabr tarixli 299 nömrəli sərəncamından görünür ki, məhkəmənin istinad etdiyi BŞİH-in 2007-ci il 7 iyun tarixli 253 nömrəli sərəncamına dəyişiklik nəticəsində hüquqi qüvvəsini itirmişdir. Beləliklə, ondan irəli gələn nəticələr də qüvvədən düşmüş sayılır. Məhkəmənin BŞİH ilə cavabdeh arasınd a hazırda qüvvədə olan icarə müqaviləsinin mövcudluğuna dair mövqeyi mötəbər sübutlarla təsdiqini tapmır.

30. MM-in 390.3-cü maddəsi üzrə - mübahisəli torpaq sahəsinə dair ilkin olaraq BŞİH ilə cavabdeh arasında 2007-ci il 19 iyul tarixli 0786 nömrəli icarə müqaviləsi bağlanılmışdır. Qeyd olunan torpaq sahəsində artıq tikili inşa edildiyindən, iddiaçının tələbi icarə müqaviləsinin onunla bağlanılmaqla icarə münasibətlərinin davam etdirilməsi barədədir. Cavabdehlə BŞİH arasında icarə müqaviləsi bağlanıldığından, iddiaçının tələbi müqavilə bağlamağa məcburetmə kimi qəbul edilə bilməz.

31. Məhkəmə hazırki mübahisənin torpaq sahəsi ilə bağlı olduğunu və MM-in 2.3-cü maddəsinə əsasən torpaq sahəsi ilə bağlı mübahisənin torpaq qanunvericiliyinin müddəalarına əsasən həll edilməli olduğunu nəzərə almamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 16 iyun tarixli qərarında da göstərilmişdir ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 2.5-ci maddəsinə əsasən, MM mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə, MM tətbiq edilir. Göründüyü kimi, bu norma mülki hüquq münasibətlərini tənzimləyən eyni növ normativ hüquqi aktlar sırasından MM-i ayırır və onun digər qanunlara nisbətən üstün hüquqi qüvvəyə malik olduğunu müəyyən edir. Lakin, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu 2011-ci il 17 fevral tarixindən qüvvəyə minmiş və Konstitusiya Qanununda onun geriyə qüvvəsi nəzərdə tutulmamışdır. Bu səbəbdən, MM-in Torpaq Məcəlləsi və “Torpaq icarəsi haqqında” Azərba ycan Respublikası Qanunundan üstün qüvvəyə malik olması qənaətinə gəlmək düzgün deyildir.

32. Bundan əlavə, məhkəmə əsassız olaraq müqavilə bağlamağa məcburetməyə yol verilən istisna halların hazırkı işdə mövcud olmadığı qənaətinə gəlmişdir. Belə ki, məhkəmə tərəfin könüllü olaraq öhdəlik götürmədiyini bildirmiş, lakin dövlət mülkiyyətində olan həmin torpaq sahəsindən cavabdehin qanunsuz olaraq faktiki istifadə etdiyini nəzərə almamışdır. Dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində olan qeyri-yaşayış sahəsi cavabdehin mülkiyyətində olsa da, torpaq sahəsi özəlləşdirilməmişdir və dövlətin mülkiyyətində qalmaqda davam edir. Bu halda isə torpaq ya özəlləşdirilməli, ya da icarə müqaviləsi əsasında istifadə edilməlidir. Həm Torpaq Məcəlləsinin 51-ci maddəsinin altıncı hissəsində, həm də “To rpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin ikinci bəndində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasında icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Həmin müddəa imperativ normadır və icrası iddiaçının üzərinə qoyulmuşdur.

33. Məhkəmə qeyd etmişdir ki, tələbinin qanuni əsası kimi istinad edilən normativhüquqi aktlarda onların qüvvəsinin əvvəllər bağlanılmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunması müəyyənləşdirilməmişdir. Lakin, iddiaçı bu mövqedən çıxış etməmişdir. İddia ərizəsində mübahisəli torpaq sahəsində artıq tikili inşa edildiyindən, “Torpaq icarəsi haqq ında” Azərbaycan Respublikası Qanununa və onun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən, cavabdehlə icarə müqaviləsinin bağlanılması səlahiyyətinin iddiaçıya aid olduğu qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı yeni qəbul olunmuş normativ hüquqi aktın qüvvəsinin əvvəllər bağlanılmış müqavilələrə şamil olunması ilə bağlı hər hansı əsasa istinad etməmişdir. Məhkəmə işin hallarını tam, hərtərəfli, obyektiv araşdırmamış, əsaslandırılmamış qərarla birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır.

34. MPM-in 217.3 və 372.7-ci maddələri üzrə - apellyasiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsi ətraflı və obyektiv araşdırılmamış, nəticədə özü də eyni pozuntulara yol verərək əsass ız qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz verərək, onun təmin olunmaması və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

36. Etiraz onunla əsaslandırılmışdır ki, şikayətdə qeyd olunanlar biri-digərini təkzib edir. Hazırda torpaq sahəsinin mülkiyyətçisi (dövlət) tərəfindən qanunvericiliklə məsul edilmiş orqanla, cavabdeh arasında müqavilə rəsmiləşdirilməmiş, tərəflər arasında bağlanan 2007-ci il 19 iyul tarixli 0786 nömrəli müqavilə hal-hazırda da qüvvədə olmaqla, müqavilə tərəfləri arasında 2056-cı ilədək öz hüquqi qüvvəsini saxlayır və öhdəliklər müəyyən edir.

37. Bundan başqa, kassator sərəncama istinad etməklə hazırda tərəflər arasında qüvvədə o lan icarə müqaviləsinin olmaması ilə bağlı MM-in tələblərinin ziddinə fikir bildirir. Əvvəla, şikayətinin qanuni əsası kimi istinad etdiyi normativ hüquqi aktlarda onların qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunması nəzərdə tutulmamışdır. “Normativ-hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.5-ci maddəsinə görə, Azərbaycan Respublikasının MM mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə MM tətbiq edilir.

38. Bundan əlavə, tərəflər arasında hazırda qüvvədə olan mülki hüquqi əqdin (icarə müqaviləsi) mövcud olması və bu əqdin normativ hüquqi akt olmaması kassasiya şikayətinin həmin hissəsinin qanunsuzluğunu təsdiq edir. Oxşar mövqe analoji iş üzrə Azərbaycan Respublikası Ali Mə hkəməsi Kommersiya Kollegiyasının 2023-cü il 31 may tarixli 2-2(102)-209/2023 nömrəli qərarında da öz əksini tapır.

39. Həmçinin, MM-in 421 və 423-cü maddələrində müqavilələrin ləğvinin əsasları qeyd olunur və bu ləğvin hansı qaydada həyata keçirilməli olduğu barədə prosedur qaydalar müəyyən edilir. Hazırki işdə qeyd olunanlar mövcud deyil.

40. Hələ də BŞİH ilə cavabdeh arasında olan 2007-ci il 19 iyul tarixli müqavilə ləğv edilməmişdir və hazırda da qüvvədədir. Hətta həmin müqavilənin qüvvədə olduğu və qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün rəsmiləşdirildiyi elə kassatorun özünün həm iddia ərizəsində, həm də ki, apellyasiya şikayətlərindəki etiraflarından da öz təsdiqini tapır.

41. Bundan başqa, əvvəlcə kassator iddiasının iddiaçı ilə icarə müqaviləsi bağlanılmaqla icarə münasib ətlərinin davam etdirilməsi barədə olduğunu qeyd edir, lakin, sonradan, müqavilənin (BŞİH ilə bağlanan 2007-ci il 19 iyul tarixli 0786 nömrəli müqaviləni nəzərdə tutur) artıq bağlanıldığını bildirir. Yəni, dolayısı ilə də olsa kassator artıq tərəflər arasında müqavilə olduğunu etiraf edir. Belə olan halda artıq 8-ci iclasdır ki, cavabdeh iddiaçıya bildirir ki, əslində mülkiyyətçi deyil, bu mübahisədə mülkiyyətçi Dövlət olmaqla, iddiaçı da BŞİH kimi, bu mülkiyyətçinin qanun üzrə səlahiyyətli nümayəndəsidir. Bu səbəbdən də eyni predmet barəsində mülkiyyətçinin hər nümayəndəsi ilə müqavilə bağlanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Lakin, iddiaçı israrla öz qanunsuz və əsassız fikrini diktə etməyə, əsassız süründürməçiliyə nail olmağa çalışır.

42. Torpaq sahəsinin qanunsuz istifadəs i ilə bağlı isə cavabdeh bildirir ki, kassatorun yuxarıdakı etirafları və qanunvericiliyin tələbləri cavabdehin torpaq sahəsindən qanunsuz istifadə etmədiyini təsdiq edir və tərəflər arasında olan müqavilə torpaqdan qanuni istifadənin əsas göstəricisidir. Kassasiya baxışının hədləri

43. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

44. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olun ması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

45. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

7. Mülki qanunvericiliyin zamana görə qüvvəsi... 7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. 7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz....” “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin o na zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir....” “Maddə

399. Müqavilənin qüvv əsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur....” “Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər....” “Maddə

706. Torpaq icarəsi müqaviləsinin məzmunu 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər....” 46. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qa nununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

10. Torpaqların icarəyə verilməsinin ümumi qaydaları... Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət və bələdiyyə torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır....” “Maddə

29. Torpaq icarəsi haqqında qanunvericiliyin pozulması ilə bağlı əqdlərin etibarsızlığı Torpaq icarəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır.” 47. “Normativ-hüquqi aktlar haqqınd a” Azərbaycan Respublikasının Konstitusiya Qanununun müvafiq müddəasında aşağıdakılar nəzərdə tutulur: “Maddə

2. Normativ hüquqi aktlar və onların hüquqi qüvvəsi... 2.5. Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir....” 48. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 116 nömrəli Fərmanının müvafiq bəndində aşağıdakılar nəzərdə tutulur: “2.3. həmin Qanunun 10-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarının yerləşdiyi dövlət mülkiyyəti ndə olan torpaqlara münasibətdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər hallarda Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirirlər. (2022-ci il 28 dekabr tarixli 1935 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 2.3-cü və 2.7-ci bəndlərdə “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilmişdir.)” 49. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanının müvafiq bəndində aşağıdakılar nəzərdə tutulur: “1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilsin.” 50. “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanının müvafiq bəndində aşağıdakılar nəzərdə tutulur: “4.1. bu Fərmanın 1–3-cü hissələri ilə əsasnamələri təsdiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, müvafiq olaraq, Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Azər baycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və Azərbaycan Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı aidiyyəti üzrə yuxarıda adları çəkilən dövlət xidmətlərinə keçir;”

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdı qdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Ali məhkəmənin mövqeyi

52. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apell yasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

53. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

54. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkən ilk öncə nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 55. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normalar ı ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. Kassasiya şikayətinin dəlillərinə dair kollegiya qeyd edir ki, həmin dəlillər məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

58. Əlav ə olaraq kollegiya qeyd edir ki, həmin dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda olmuş və apellyasiya instansiyası məhkəməsi tərəfindən onlara qətnamənin əsaslandırılması zamanı hüquqi qiymət verilmişdir.

59. Belə ki, işin faktiki hallarını araşdıran apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırda torpaq sahəsinin mülkiyyətçisi (dövlət) tərəfindən qanunvericiliklə məsul edilmiş orqanla, cavabdeh arasında müqavilə rəsmiləşdirilməmiş, tərəflər arasında bağlanan 2007-ci il 19 iyul tarixli 0786 nömrəli müqavilə hal-hazırda da qüvvədə olmaqla, müqavilə tərəfləri arasında 2056-cı ilədək öz hüquqi qüvvəsini saxlayır və öhdəliklər müəyyən edir.

60. Həmçinin, MM-in 421 və 423-cü maddələrində müqavilələrin ləğvinin əsasları qeyd olunur və bu ləğvin hansı qaydada həyat a keçirilməli olduğu barədə prosedur qaydalar müəyyən edilir. Hazırki işdə qeyd olunanlar mövcud deyil.

61. Kassasiya şikayətinin MM-in 390.3-cü maddəsinin pozuntusuna dair dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, BŞİH ilə icarə müqaviləsinin bağlanmasından asılı olmayaraq hazırki iddia tələbləri mahiyyəti üzrə məhz müqavilə bağlamağa məcburetmədən ibarətdir. Həmçinin mübahisənin torpaq sahəsi ilə bağlı olması da iddia tələblərinin məhz müqavilə bağlamağa məcburetmədən ibarət olması faktını istisna etmir.

62. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

63. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 26 oktyabr tarixli 2-2(103)-754/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar