Məhkəmə qərarları › İş №2-2(102)-288/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-288/2024

03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-288/2024 03.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: Öhdəliklərin icra edilməməsi, öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 31 yanvar tarixli 2- 2(103)-183/2024 nömrəli qətnaməsindən cavabdeh şikayətinə yazılı icraat qaydasında baxılmışdır. tərəfindən verilmiş kassasiya İşin halları

1. Satıcı İddiaçı MMC ilə alıcı "xxxx" ASC arasında 2020-ci il 30 iyun tarixində 1-10/128 saylı “Toplu SMS göndərilməsi hüququnun satılması haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilənin: - 2-ci bəndinə əsasən müqaviləyə uyğun olaraq satıcı istehsal edilən və ya satılan mallar, göstərilən xidmətlər, yerinə yetirilən işlər və onların qiymətlərinə dair informasiyanın abonentlərə SMS yolu ilə qısa mesaj (toplu SMS) göndərilməsi hüququnun alıcıya aylıq satışını, habelə "İnterfeys”in yazılmasını və ona texniki dəstək göstərilməsini öz öhdəsinə götürür. Alıcı isə həmin ay üçün müştərilərə çatdırılmış SMS-İərin haqqının ödənilməsinə öhdəlik daşıyır; - 3.1.1-ci bəndinə əsasən alıcıya, “Bakcell” abunəçilərinə g öndərilmiş toplu sms-lərin sayına, xidmətin reallaşma müddətinə dair məlumatların əks olunduğu təhvil-təslim aktını təqdim etmək, alıcının işin icrası ilə bağlı etirazı olmadığı təqdirdə sənədləri imzalayaraq qarşı tərəfə vermək satıcının öhdəliklərinə aid edilmişdir. - 4.1-ci bəndinə əsasən ay ərzində istifadə edilmiş toplu sms paketi üçün nəzərdə tutulan bir SMS-in qiyməti Bakcell operatoru üçün 0.02 AZN (iki qəpik) təşkil edir. Bu məbləğə ƏDV daxil deyil. - 6.1-ci bəndində onun müddəti 2021-ci il 10 aprel tarixinədək müəyyən olunsa da, 6.2-ci bənddə qeyd edilmişdir ki, hazırkı müqavilənin müddətinin bitməsinə ən azı 30 təqvim günü qalmış ona xitam verilməsi haqqında hər hansı tərəfin yazılı müraciəti olmadıqda müqavilə eyni şərtlərlə eyni müddətə uzadılmış hesab edilir. Müqavilə müddəti nin 2021-ci il 10 aprel tarixindən sonra uzadıldığı cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

2. İddiaçı MMC tərəfindən göstərilmiş xidmətlərin dəyəri: - 2022-ci il 1 sentyabr tarixli, 360/22 saylı hesab fakturaya əsasən 14212,79 (ƏDV daxil) manat; - 2022-ci il 3 oktyabr tarixli, 411/22 saylı hesab fakturaya əsasən 13283,26 (ƏDV daxil) manat; - 2022-ci il 1 noyabr tarixli, 465/22 saylı hesab fakturaya əsasən 11818,71 (ƏDV daxil) manat

3. İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə müvafiq olaraq eyni məbləğləri əks etdirən və həmin hesab fakturaların tarixləri ilə üst-üstə düşən elektron qaimələr göndərilmişdir.

4. İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə 2023-cü il 12 may tarixli pretenziya məktubu göndərilərək 49.143,45 manat borc məbləğinin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müra ciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı (bundan sonra – “iddiaçı”) "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – “cavabdeh”) qarşı 2023-cü il 16 may tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 49.143,45 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi § 1 və 2-də göstərilənlərə istinadən onunla əsaslandırılmışdır ki, cavabdeh qeyd edilən borc məbləğinin olması haqqında məlumatlıdır, borcun ödənilməsi ilə bağlı 2022-ci il 2 dekabr və 2023-cü il 7 fevral tarixlərində cavabdehə yazılı müraciətlər edilmişdir. Müqaviləyə əsasən cavabdeh 39.314,76 manat yerinə yetirilmiş toplu SMS xidmətinə görə pul vəsaitinin ödənil məsini öhdəsinə götürmüş, lakin 2023-cü il 8 may tarixinə kimi qeyd olunan pul vəsaitini ödəməmişdir. Müqavilənin 9.3-cü bəndində ödənişin gecikdirilmiş hər günü üçün 0,1% miqdarında cərimə ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən cavabdehə müqavilə üzrə xidmətlərin göstərilməsi 2022-ci il 1 noyabr tarixində başa çatmışdır. Lakin cavabdeh müqavilənin tələblərini pozaraq aldığı toplu SMS xidmətinin dəyərini bugünə kimi ödəmədiyinə görə, cavabdehə əsas məbləğdən başqa əsas borc ödənişini gecikdirdiyinə görə cərimə də hesablanmalıdır. Qeyd edilən tarixdən iddia ərizəsinin məhkəməyə göndərilmək üçün hazırlandığı 2023-cü il 8 may tarixinə kimi olan dövr üzrə keçən 250 günə görə 39.314,76 manat əsas borca görə 9.828,69 manat (39314,76 manat x 0,1% = 39,31 manat x 250 gün = 9828,69 ma nat) cərimə ödənilməlidir.

7. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 18 avqust tarixli e-2-2(113)-2932/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdehdən 39314,76 manat əsas borc, 800 manat cərimə olmaqla, cəmi 40114,76 məbləğində pulun iddiaçının xeyrinə tutulması qət etmişdir (hakim Z.Axundova).

8. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqavilə alqı-satqı müqaviləsi adlansa da, mahiyyət etibarilə müqavilə xidmət müqaviləsidir. İddiaçı həmin müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları, eləcə də tərəflər arasında tərtib edi lmiş üzləşmə aktları ilə öz təsdiqini tapır.

9. Məhkəmə iddianın əsas borca görə 39.314,76 manat məbləğində pulun tutulması hissəsinə münasibətdə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia həmin hissədə təmin olunmalı, cavabdehdən əsas borca görə 39.314,76 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, qeyd olunan borcun mövcudluğu hesab-fakturalar, elektron qaimələr və yuxarıda qeyd olunan digər sübutlarla öz təsdiqini tapır (bax § 2).

10. Məhkəmə iddianın borcun ödənilməsinin gecikdirilməsinə görə 9.828,69 manat dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, tərəflə r arasında bağlanmış 2020-ci il 30 iyun tarixli 1-10/128 saylı “Toplu SMS göndərilməsi hüququnun satılması haqqında” müqavilənin 9.3-cü bəndinə əsasən alıcı hazırkı müqavilənin 4.1-ci bəndinə nəzərdə tutulmuş haqların ödənilməsini gecikdirdikdə, gecikdirilmiş hər gün üçün ödənilməli məbləğin 0,1 faizi (lakin 5 faizdən artıq olmamaq şərtilə) həcmində satıcıya cərimə ödəyir.

11. Məhkəmə həmçinin tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, cərimə məbləği azaldılaraq 800 manat məbləğində müəyyən olunmalıdır.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 448.1, 462.1, 467-ci maddələrinə, "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 36.5- ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

13. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamə çıxarılaraq iddianın təmin olunmamasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 31 yanvar tarixli 2-2(105)-183/2024 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və A.Hüseyn).

15. Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçı tərəfindən göndərilmiş elektron qaimələrə (bax § 2) hər hansı pre tenziya verməmiş, borcla bağlı göndərilmiş xəbərdarlıq məktubuna, o cümlədən birinci instansiya məhkəməsində irəli sürülmüş iddiaya hər hansı etiraz bildirməmişdir.

16. Məhkəmə cavabdehin birinci instansiya məhkəməsində bildirmədiyi və yalnız apellyasiya şikayətində qeyd etdiyi “tərəflər arasında bağlanmış müqavilənin 3.1.1-ci bəndinə əsasən xidmətlərin göstərilməsi barədə təhvil-təslim aktı tərtib edilməsi nəzərdə tutulmuş və cavabdeh tərəfindən təhvil-təslim aktları üzrə ödənişlər aparılmışdır” dəlilinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 3.1.1-ci bəndində satıcı tərəfindən alıcıya “Bakcell” abunəçilərinə göndərilmiş toplu sms-lərin sayına, xidmətin reallaşma müddətinə dair məlumatların əks olunduğu təhvil-təslim aktının təqdim edilməli olduğu nəzərdə tutulsa da, məhkəməyə bu barədə nə iddiaçı, nə də cavabdeh tərəfindən qeyd olunan aktlar təqdim edilmədiyindən tərəflərin işgüzar münasibətlərində müqavilənin bu şərtinə uyğun davrandığı müəyyən olunmur.

17. Bundan başqa məhkəmə vurğulamışdır ki, cavabdeh apellyasiya şikayətində təqdim edilmiş təhvil-təslim aktları əsasında ödənişlərin həyata keçirildiyini, qarşı tərəfə hər hansı borc qalmadığını qeyd etsə də, nə aktlar, nə də ödəniş sənədləri apellyasiya şikayətinə əlavə olunmadığından, o cümlədən cavabdeh məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etmədiyindən şikayət əsassız hesab edilir.

18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 442, 448.1, 462.1, 467-ci maddələrinə, MPM-in 154.1, 154.3, 154.4, 385.2-ci maddələrinə istinadla əsas landırmışdır.

19. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. MM-in 442, 448.1-ci maddələrinin tələbi üzrə - cavabdehə təqdim edilmiş təhviltəslim aktları üzrə ödənişlər cəmiyyət tərəfindən aparılmışdır. Lakin iddiaçının iddia tələbi üzrə qeyd edilən borc məbləği üzrə cavabdehə təhvil-təslim aktı təqdim edilməmişdir.

21. Cavabdeh kassasiya şikayətinin digər məsələlər hissəsində qeyd edir ki, iddiaçı ilə bağlanmış müqavilə üzrə öhdəliklər tam olaraq yerinə yetirilmiş və hazırda cavabdehin iddiaçı qarşısında heç bir borc öhdəliyi mövcud deyildir. Belə ki, tərəflər arasında bağl anmış müqavilənin 3.1.1-ci bəndinə satıcının öhdəliyi kimi qeyd edilmişdir ki, alıcıya “Bakcell” abunəçilərinə göndərilmiş toplu sms-lərin sayına, xidmətlərin reallaşma müddətinə dair məlumatların əks olunduğu təhvil-təslim aktını təqdim etməlidir. Odur ki, cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmamışdır. Ödənişlər görülən işlər üzrə təqdim edilmiş təhvil-təslim aktlarına uyğun olaraq hesablanıb ödənilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

23. Kassasiya şikayətinin dəlilləri nəzərə alınaraq hazırki icraat çərçivəsidə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq mübahisələndirilən hissədə yoxlanılacaqdır.

24. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tədbiq edilən hüquq

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və m üqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərk ən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.”

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

154. İddia ərizəsinə etiraz etmə 154.1. İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir.... 154.3. İddiaya etirazda ardıcıl və tam şəkildə iddiaçının göstərdiyi hər bir dəlilə münasibət bildirilməli, işin faktiki halları və sübutlara dair dəlillər əks olunmalıdır. İşdə iştirak edən şəxs iddiada göstərilən hər hansı halla razılaşmadıqda bunun səbəblərini və əsaslandırılmış dəlillərini göstərməlidir. 154.4. İşdə iştirak edən şəxs iddiaya etirazda göstərilən bütün sübutların siyahısını təqdim etməlidir. Ondan asılı olmayan səbəblərə görə hər hansı sübut barədə məlumatın iddiaya etiraz ilə birgə təqdim edilməsi mümkün olmadıqda, işdə iştirak edən şəxs bunu göstərməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş pro sessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

27. Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş (zamana görə qüvvədə olan) “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: 2.5.3. elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaiməfakturanın “Əsas” sətrində qeyd olunur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kim i qiymətləndirilməməlidir.

30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən ilk öncə nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 31. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məh kəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

32. Kassasiya şikayətinin dəlillərini isə kollegiya əsassız hesab edir. Belə ki, elektron qaimə-faktura elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir (bax yuxarıda §27 ).

33. İlkin uçot sənədi olan elektron qaimə fakturaların kommersiya m übahisələrinin həlli zamanı sübuti əhəmiyyəti ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli «HTM Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Qərarında göstərilmişdir ki, «... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar ad ətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir».

34. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış müqavilənin 3.1.1-ci bəndində satıcı tərəfindən alıcıya “Bakcell” abunəçilərinə göndərilmiş toplu sms-lərin sayına, xidmətin reallaşma müddətinə dair məlumatların əks olunduğu təhvil-təslim aktının təqdim edilməli olduğu nəzərdə tutulsa da, məhkəməyə bu barədə nə iddiaçı, nə də cavabdeh tərəfindən qeyd edilən aktlar təqdim edilmədiyindən tərəflərin işgüzar münasibətlərində müqavilənin bu şərtinə uyğun davrandığı müəyyən olunmamışdır.

35. Cavabdeh təqdim edilmiş təhvil-təslim aktları əsasında ödənişlərin həyata keçi rildiyini, qarşı tərəfə hər hansı borc qalmadığını qeyd etsə də, nə aktları, nə də ödəniş sənədlərini aşağı instansiya məhkəmələrinə təqdim etməmiş və MPM-in 77.1ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin cavabdehin müqavilə ilə üzərinə düşən öhdəliyini yerinə yetirməməsinə dair qənaəti, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları ilə yanaşı, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olmuşdur.

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi işdə olan sübutlar əsasında hüquqi qiymətləndirməni mülki prosessual qanunvericiliyin tələblərinə əsasən düzgün aparmışdır.

38. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

39. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikay əti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 31 yanvar tarixli 2-2(103)-183/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar