Məhkəmə qərarları › İş №2-2(102)-401/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-401/2023

20.09.2023 · Sair işlər - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər ü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-401/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun silinməsi 20.09.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 10 mart tarixli, 22(104)-78/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2019-cu il 28 oktyabr tarixl i AMX-6273/19 nömrəli qazın alqı-satqısı müqaviləsinə əsasən, Cavabdeh bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, fiziki şəxs olan istehlakçı İddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.

2. «Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında» 2022-ci il 8 aprel tarixli, SS29/1640-00610 nömrəli aktdan görünür ki, “Azəriqaz" İB-nin SOCAR**********31791640X00610 saylı 2022-ci il 4 mart tarixli telefonoqramına əsasən dövlət yoxlamasına aparılmış Şəmkir rayon Xidmət Sahəsinin fiziki şəxs İddiaçı məxsus istixananın qaz xətti üzərində quraşdırılmış 250 markalı 80106366 nömrəli turbin tipli "ELSTER" qaz sayğacı 2022-ci il 3 mart tarixində xətdən çıxarılmış (Form a-2 №9028408), 2022-ci il 8 aprel tarixində Metrologiya Departamentinin sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlanması haqqında akt tərtib edilmişdir. İlkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edilmiş, impuls ötürücüsü qırıq olduğu qeyd olunmuşdur. Ekranda A işarəsi var. Korrektor tərəflərindən açılıb, kalibrlənmə qıfılın yapışqan plombuna (********) müdaxilə olunub. Sayğacın korrektoruna və hesablayıcı mexanizminə vurulan xüsusi nömrəli plombların hər ikisinə müdaxilə olunub. Hesablayıcı mexanizminə vurulan qurğuşun plombların mənşəyi məlum deyil. Həm plombların üzərlərində olan nişanlanma digər qurğuşun plomblardan fərqlənir. Sayğaca hava vuruldu, hava keçir, lakin sayğac sərfiyyatı qeyd etmir. Pər sıradan çıxmışdır. Sayğacın daxilinə baxış zamanı məlum oldu k i, hesablayıcı mexanizmin axırıncı rəqəmini hərəkətə gətirən iki ədəd eyniölçülü dişli çarxdan birinin 10 ədəd dişdən 6 ədədi kənar təsir nəticəsində kəsilmişdir. Maqnit ötürücünü kipləşdirən dəmirin üzərindəki bolt aşkarlanmadı. Həmçinin araqat kəsik vəziyyətdədir. Korrektora baxış keçirildi, yapışqan plomba (1000820) müdaxilə olunub. Arxivlər oxundu. Audit arxivlərinə əsasən 2022-ci il 1 fevral saat 05:11 və 05:13, 2022-ci il 4 fevral saat 03:13 və 03:14 tarixlərində köməkçi konfiqurasiya parametrlərinə müdaxilə olunub, nəticədə korrektor sayğacdan keçən qaz həcmi hesabını qeyd etməmiş və ya düzgün qeyd etməmişdir. Batareyanın istismar müddətinin sonuna 45 (2019) qalıb. Təzyiq borusu yoxlanıldı. Sızma yoxdur. Sayğaca müdaxilə olunduğu üçün elektron göstərici ilə Vt mexaniki göstərici ara sında fərq yaranmışdır. Pbaza = 1.01325 bar, Tbaza=20°C. Temperatur çeviricisi normaldır. Təzyiq çeviricisi nasazdır. Dişli çarxın kəsilməsi səbəbindən sayğacı sınaq qurğusunda yoxlamaq mümkün olmamışdır. İmpuls ötürücüsü və təzyiq çeviricisi tələb olunmuşdur.

3. Şəmkir RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş «Qazdan istifadə qaydalarının pozulması haqqında» 2022-ci il 31 mart tarixli, ******* nömrəli aktda qeyd olunmuşdur ki, ARDNŞ-nin Cavabdeh İB-dən daxil olmuş 2022-ci il 8 aprel tarixli, SS-29/1640-00610 nömrəli akta əsasən 80106366 nömrəli sayğaca baxış keçirilmiş, sayğacın korrektoruna və hesablayıcı mexanizmə vurulan xüsusi nömrəli plombların hər ikisinə müdaxilə olunub. Hesablayıcı mexanizmə vurulan qurğuşun plombların mənşəyi məlum deyildir. Sayğaca hava vurulmuş, hava keçi r, lakin sayğac sərfiyyatı qeyd etmir. Pər sıradan çıxmışdır. Sayğacın daxilinə baxış zamanı məlum olmuşdur ki, hesablayıcı mexanizmin axırıncı rəqəmini hərəkətə gətirən iki ədəd eyniölçülü dişli çarxdan birinin 10 ədəd dişdən 6 ədədi kənar təsir nəticəsində kəsilmişdir. İtirilmiş qazın bərpası üçün hesabat aparılmalı və dəymiş ziyan ödənilməlidir.

4. Dəymiş ziyanın bərpasına dair 2022-ci il 31 mart tarixli tələbnamədən görünür ki, 2022-ci il 2 fevral tarixli və 2022-ci il 3 fevral tarixlərində sayğacın sərfiyyatı 23.249 m3, 2022-ci ilin fevral ayı üçün verilmiş sərfiyyat 156.317 m3, hesabat müddəti 28 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır (23.249/2=11.624m3x28=325.472-156.317=169.155 m3 x 0.22=37.214 manat 10 qəpik).

5. Abonentin saldosundan görünür ki, C avabdeh tərəfindən fiziki şəxs İddiaçı abonent hesabına 2022-ci ilin mart ayında qalıq və aktlar üzrə 37.214,10 manat məbləğində borc daxil edilmişdir.

6. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 2022-ci il 9 avqust tarixli arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiya xərcini ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı (bundan sonra-“iddiaçı”) cavabeh Cavabdehnə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə 2022-ci il 4 oktyabr tarixdə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqq ında 2022-ci il 31 mart tarixli ******* nömrəli akt əsasında hesablanmış 37.214,10 manat məbləğində borcun onun hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Şəmkir rayonu ərazisindəki istixanada kənd təsərrüfatı mallarının istehsalı və satışı ilə məşğul olur. İstixananın qızdırılması üçün təbii qazdan istifadə edilir. 2022-ci ilin mart ayında qaz sayğacı cavabdehin əməkdaşları tərəfindən sökülərək yoxlanılması üçün götürülmüşdür. Bundan bir müddət sonra cavabdehin əməkdaşları tərəfindən ona guya sayğaca müdaxilə olunduğu bildirilmişdir. O, bununla razılaşmayaraq bildirmişdir ki, onun tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Sonra ona 2022-ci il 31 mart tarixli ******* nömrəli «Təbii qazdan istifadə qayda larının pozulması haqqında akt” təqdim edilmişdir. Məlum olmuşdur ki, həmin akt əsasında ona 37.214,10 manat məbləğində borc hesablanmışdır. İstifadə etdiyi təbii qazın sayğacı onun sahibkarlıq fəaliyyəti göstərdiyi ərazidə deyil, cavabdeh idarənin mühafizəsində olan qaz paylayıcı stansiyada yerləşir və həmin stansiyaya cavabdeh tərəfindən təyin edilmiş mühafizəçi nəzarət edir. Onun qaz sayğacına heç bir müdaxiləsi olmamışdır. Aktda qeyd olunan nöqsanlar mövcud olsaydı, bu barədə ay ərzində iki dəfə sərf olunan təbii qaza görə bildiriş verən nəzarətçinin və sayğaca nəzarət edən digər şəxslərin məlumatı olardı.

9. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra “MM”) 21.3, 560.1 və 560.2-ci maddələrinə, “Qaz təchizatı haqqında” Qanunun 9 və 1 3.8-ci maddələrinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3 və 18.1-ci maddələrinə, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə istinad edilmişdir.

10. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, iddiaçıya məxsus istixanada müdaxiləli sayğac vasitəsilə təbii qazdan istifadə edildiyi üçün 37.214,10 manat itirilmiş qaz sərfi müəyyən edilərək abonent hesabına işlənmişdir. Abonentə bununla bağlı xəbərdarlıq edilsə də, heç bir tədbir görülməmiş, ödəniş təmin edilməmişdir. Cavabdeh “Qaz təchizatı haqqında” Qanunun 3, 4.2-ci maddələri, “Qazdan istifadə Qaydaları”nın 2.3, 5.3, 5.5-ci bəndlərinə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 6 dekabr tarixli e-2-2(115)-2227/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçıya hesablanmış 37.214 manat 10 qəpik məbləğində borcun cavabdeh tərəfindən silinməsi, 201 manat 64 qəpik məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim R.Məmmədov).

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, fiziki şəxs olan iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının daşıdığı və sayğaca bilavasitə istehlakçı tərəfindən qanunsuz müdaxilə edilməsinin təsdiq edilmədiyi halda, qaz paylayıcısı tərəfindən istehlakçıya dəymiş ziyanın h əcminin hesablanması qanuni sayıla bilməz. Məhkəmə tədqiq edilən sənədlərdə sayğacda yaranmış qüsurun iddiaçının hər hansı bir mülki hüquq pozuntusu törətməsi göstərilmədən, ona ziyan hesablanmasını qanuni hesab etməmişdir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8, 5.2, 5.5-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.

14. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 10 mart tarixli 2-2(104)-78/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiy a şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim A.Hüseynzadə, hakimlər Ş.Rzaquliyev və İ.Həsənov).

16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçıya məxsus istixananın qaz xətti üzərində quraşdırılmış 250 markalı 80106366 nömrəli "ELSTER" markalı qaz sayğacı 2022-ci il 3 mart tarixində xətdən çıxarılmış və yoxlamaya təqdim edilmişdir. Sayğacın 2022-ci il 1 fevral tarixdən etibarən işləməməsi müəyyən edilmiş və tərəflər arasında bağlanmış 2022-ci il 4 mart tarixli, 1119 saylı razılaşmaya əsasən qaz sayğacının işləmədiyi 2022-ci il 1 fevral tarixindən 2022-ci il 28 fevral tarixinədək olan müddət üzrə, yəni 28 günə görə əvvəlki ayın orta günlük qaz sərfiyyatına uyğ un olaraq, 156.317 kubmetr həcmində, 34.389,74 manat dəyərində sərfiyyat müəyyən olunmuşdur. İddiaçı həmin məbləğlə razılaşmışdır. Lakin sayğac yoxlamasının nəticəsində sayğaca müdaxilə edilməsi müəyyən edildiyindən, cavabdeh təşkilat 2022-ci il 31 mart tarixli, ******* nömrəli akta əsasən 2022-ci ilin fevral ayı üçün hesabat müddəti 28 gün qəbul edilməklə 169.155 kubmetr həcmində itirilmiş qazın bərpası üçün əlavə olaraq 37.214,1 manat zərər məbləği hesablamış və həmin məbləği abonentin saldosu adlı sənəddə mart ayı üzrə hesabata daxil etmişdir ki, bununla da cavabdeh təşkilat eyni dövr üzrə, yəni sayğacın işləmədiyi 2022-ci il 1 fevral tarixindən 2022-ci il 28 fevral tarixinədək olan dövrə görə 34.389,74 manat və 37.214,1 manat olmaqla, təkrar hesabat aparmışdır. Cavabdehin əlavə olaraq 37.214,1 manat hesabat aparması üçün hər hansı bir hüquqi əsas olmamışdır ki, bununla da bu hal iddiaçı üçün ikiqat mülki məsuliyyət yaratmışdır.

17. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 1096.1, 1096.2-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.7, 4.8, 4.9, 5.2, 5.4, 5.5-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.

18. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirzın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. MPM-in 9.1, 88 və 386 -cı maddələrinin tələbləri pozulmuşdur- məhkəmə nəzərə almamışdır ki, 34.389,74 manat dəyərində qaz sərfiyyatı “Qazdan istifadə Qaydaları”nın tələblərinə uyğun olaraq 2022-ci ilin yanvar ayının orta günlük sərfi nəzərə alınmaqla hesablanmışdır. Yoxlama zamanı qaz sayğacına müdaxilə olunması müəyyən edilmiş və bu səbəbdən sayğacın arxiv məlumatları oxunaraq, 37.214,1 manat məbləğində qaz sərfinin qeydə alınmaması müəyyən edilmiş və bu səbəbdən də qeydə alınmamış qaz sərfi abonentin hesabına əlavə edilmişdir. Məhkəmə əsassız olaraq sayğacın arxiv yaddaşına əsasən aparılmış hesabatı nəzərə almadan, eyni dövr üzrə ikiqat hesabat aparılması qənaətinə gəlmiş və apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul etmişdir.

20. Məhkəmələr iş üzrə sübutları araşdırmamış, iddiaçıya məxsus qaz sayğacına müdaxilə olunmasını, 37.214,1 manat məbləğində qaz sərfinin sayğacın arxiv məlumatları əsasında hesablanmasını nəzərə almamışlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

22. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

24. Kassasiya instansiyası məhkəməsi t ərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxar an təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.”

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “4. QAZ SAYĞACLARİNİN QURAŞDİRİLMASİ VƏ İSTİSMARİ... 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.... 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacl arı qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan təl əb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir....” “5. QAZİN DƏYƏRİNİN ÖDƏMƏ ŞƏRTLƏRİ... 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya t əqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qazın dəyəri barədə ödəniş hesabının nümunəsi bu Qaydaların 4 nömrəli əlavəsində göstərilmişdir.... 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir....” 27.“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.... 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həy ata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.” “Maddə

3. Yoxlamaların qanuniliyi 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır....” “Maddə

13. Yoxlamaların vahid məlumat reyestri 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası mü vafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 13.4. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər.”

28. Azərbaycan Respublikası Prezidentinin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-İVQ nömrəli Qanununun tətbiqi barədə” 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:... 4.3. həmin Qanunun 13.1-ci, 13.3-cü, 13.4-cü maddələrində, 15.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 16.11-ci, 33.6-cı, 34.1-ci və 34.5ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir...”

29. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “İ. Ümumi müddəalar... 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur....”

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyə n edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). 32. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir ( Konstitusiya M əhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).

33. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və qeyd edir ki, kassasiya şikayətinin həmin dəlilləri eyni zamanda, apellyasiya şikayətinin də dəlilləri olmuşdur. Kollegiya cavabdehin həmin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda, bu qərarın 16-cı bəndi).

34. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edilməsin i zəruri hesab edir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən iddiaçının mübahisələndiriyi borc məbləği 2022-ci il 31 mart tarixində cavabdeh tərəfindən iddiaçı barəsində təbii qazın uçotu və TQİQ-na riayət olunmasının yoxlanılması nəticəsində tərtib olunmuş akta əsasən hesablanmışdır.

35. Nəzərə alınmalıdır ki, həm “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda, həm də Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də (bax yuxarıda bu qərarın 27-29-cu bəndləri) hər hansı istisna olmadan, imperativ şəkildə, bütün növ yoxlamaların (o c ümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) müvafiq Reyestrdə qeydiyyata alınmasının təmin edilməsi təsbit edilmişdir.

36. Qeyd edilməlidir ki, sözügedən reyestr sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi, iqtisadi tərəqqinin təmin edilməsi, sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, sui-istifadələrin qarşısının alınması baxımından mühüm və səmərəli dövlət nəzarəti mexanizminin bir elementi kimi nəzərdə tutulmuşdur. Bu səbəbdən də, qanunvericiliyə əsasən, vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

37. Cavabdehin kassasiya şikayətinin bu qərarın 20-ci bəndində göstərilən dəlili məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və işin hallarının sübut olmaması ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından, həmin dəlillər üzrə qiymətləndirmə aparılmır.

38. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edildiyindən, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

39. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 10 mart tarixli 2-2(104)-78/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov A.Ə.Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar