Məhkəmə qərarları › İş №2-2(105)-83/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-83/2024

08.08.2024 · Sair işlər - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-83/2024 08.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər X8 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil1, Cavabdeh və onun nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 17 may 2024-cü il tarixli, 2-2(119)-237/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı 29 mart 2023-cü ildə Cavabdeh qarşı “pulun tutulması" tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək 35675 (otuz beş min altı yüz yetmiş beş) manat məbləğində pulun və 198 (yüz doxsan səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya iş ortaqlığı təklif etmiş, lakin həmin ortaqlığın şəxsi işlərini qaydaya qoyduqdan sonra baş tuta biləcəyini bildirərək bu işləri ilə bağlı ondan müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə olmaqla ümumilikdə 63175 manat məbləğində borc pul almış və həmin məbləğdə borc almasını özü tərəfindən yazılmış əlyazma ilə təsdiq etmiş, həmin borc məbləğindən 27500 manatlıq hissəni ödəsə də, qalan 35675 manat məbləğdə borcu ödəməmişdir. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Abşeron Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli 2(012)-2388/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilərək 35675 manat məbləğində pulun və 198 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir (hakim Elman Məmmədov). Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 sentyabr 2023-cü il tarixli 2(105)-1711/2023 nömrəli qərardadı ilə şikayət qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin sözügedən qətnaməsi ləğv edilmiş və iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Ayaz Mahmudov) . Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının sözügedən qərardadından iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin 15 noyabr 2023-cü il tarixli 2(102)- 4458/2023 nömrəli qərarı ilə həmin qərardad dəyişiklik edilmədən saxlanılmış və kassasiya şikayəti təmin edilməmişdir (hakimlər Vidadi Məmmədov (sədrlik edən və məruzəçi), Bəhman Qəribov və İlqar Hüseynov) . Sumqayıt Kommersiya Məhkəməsinin 17 may 2024-cü il tarixli, e-2-2(119)-237/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 35675 (otuz beş min altı yüz yetmiş beş) manat məbləğində borc və ödənilmiş 198 (yüz doxsan səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 35873 (otuz beş min səkkiz yüz yetmiş üç) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir (hakim Fərman Həmidli). Sumqayıt Kommersiya Məhkəməsinin 17 may 2024-cü il tarixli, e-2-2(119)-237/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin xarakterinə qiymət verməklə onlar arasındakı münasibətin birgə fəaliyyətlə bağlı münasibətlər olmasını, eyni zamanda həmin fəaliyyətə vəsait xərclənməsini, lakin birgə fəaliyyətin sonunun necə olmasını müəyyən etməmiş, iş üzrə iddiaçının şikayəti əsasında araşdırılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar olduğu halda buna münasibət bildirməmişdir. Birinci instansiya məhkəməsi tərəflərin münasibətlərdən doğan işin digər hallarına, yəni bu fəaliyyətdən yaranan zərərə hansı halın səbəb olmasında tərəflərin ayrı-ayrılıqda və ya birgə məsuliyyətinə və təqsirinə qiymət verməmiş, həmin hallarla bağlı məsələ açıq qalmışdır. Halbuki tərəflər arasındakı münasibətlər müəyyən ediləndən sonra həmin münasibətlər üzrə işin halları müəyyən edilmədən iddia üzrə hər hansı düzgün nəticəyə gəlmək mümkün deyil. Ümumiyyətlə işdə olan sübutları, tərəflərin dəlillərini təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Birinci instansiya məhkəməsi iş üzrə araşdırma apararkən işi tam araşdırmamışdır. Eyni zamanda iş üzrə dindirilmiş Şahid1 adlı şəxsin hansı səbəbdən əlyazmada borc verən statusunda görünməsinə məhkəmə qiymət verməmiş, Şahid1 ilə onun ortaqlıq münasibətinin olması öz təsdiqini tapsa da, hansı səbəbdən onun borclu durumuna gəlməsi məsələsi araşdırılmamışdır. İddia ərizəsində istinad olunan əlyazmaya münasibətdə qeyd etmək zərurəti vardır ki, onun iddiaçıdan pulu təkidlə öz şəxsi problemləri üçün almasını təsdiq edən hər hansı sübut da məhkəməyə təqdim edilməmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə Abşeron RPİ-nin 09 oktyabr 2022-ci il tarixli qərarında hazırki iş üzrə iddiaçının şikayət ərizəsində qeyd etmişdir ki, 2021-ci ilin iyun ayından Mehmanla onun arasında iş birliyi başlanmış və birgə işləmək barədə razılıq əldə olunmuşdur. Birinci instansiya məhkəməsi bu halı araşdırmamış, tərflərin birgə fəaliyyəti dövründə dövriyyənin hardan yaranması və nəticə etibarı ilə iddiaçının qeyd etdiyi borc məbləğinin hansı hallardan mövcud olması məsələsinə düzgün qiymət verməmişdir. Birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibəti tövsif edərkən tərəflər arasında olan həqiqi münasibətlərə düzgün qiymət verməmiş və nəticə etibari ilə onun əsassız olaraq varlandığı qənaətinə gəlmişdir. İşin halarından və iddia tələbindən aydın olur ki, tərəflər arasında qarşılıqlı biznes münasibətləri olmuşdur. İddiaçı qeyd edir ki, işdən gəlir əldə etmək məqsədilə ona dəfələrlə pul vermiş, lakin biznes fəaliyyəti alınmamışdır. Bunun əksinin düşünülməsi halında isə iddiaçı sübut etməlidir ki, onun tərəfindən bir dəfə deyil, ardıcıl olaraq ona müxtəlif vaxtlarda pul verilməsinin səbəbləri nədir. İddiaçı bu halı sübut edən hallarla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Göründüyü kimi tərəflər arasında həqiqi münasibətlər, yəni iddiaçının ona göndərdiyi pul onun tərəfindən şərikli görəcəkləri iş üçün xərcləndiyindən və biznes fəaliyyətiisə alınmadığından onun hərəkətləri əsassız varlanma və ya öhdəlik kimi qiymətləndirilə bilməz. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan cavabdeh tərəfindən yazılmış və onun tərəfindən, həmçinin iddiaçı tərəfindən və əlavə 3 nəfər şəxs tərəfindən imzalanmış dəftər vərəqinə yazılmış əlyazma mətninin məzmununda qeyd edilir: “Mən Əlihəsənov X6 Elşad Cavad oğlu və Şahid1 xx.xx.2021-dən xx.xx.2021- dək mebel işləri üçün iş birliyi etdik və bu iş birliyi müddətində İddiaçı və Şahid1 şəxsi işlərim üçün istifadə etdiyim 63175 AZN məbləğində borc yığıldı. Bu borcu qaytarmaq öhdəliyini öz üzərimə götürürəm”. İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən aparılmış araşdırmanın nəticəsinə dair qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında 09 oktyabr 2022-ci il tarixli qərarla hazırkı iddiaçının şikayəti ilə əlaqədar toplanmış materialda cinayət tərkibli əməl olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və ərizəçiyə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməsi izah edilmişdir. İş materiallarında olan 19 noyabr 2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən X2 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 10 ünvanında yerləşən ümumi sahəsi 4396 kvadrat metr olan qeyri-yaşayış sahəsinin 40 kvadrat metrlik hissəsini İddiaçı icarəyə vermişdir. İş materiallarında olan “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı” haqqında məlumat sənədindən aydın olur ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 10 ünvanında yerləşən, fəaliyyət sahəsi mebellərin və ev üçün oxşar məmulatların təmiri olan laminat kəsim sexinin rəhbəri vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ********** olan İddiaçıdur. İş materiallarında olan fiziki şəxsin fəaliyyətinin bərpası haqqında arayışdan və fəaliyyətin bərpası bildirişindən görünür ki, iddiaçı 25 sentyabr 2020-ci il tarixindən vergi ödəyicisi kimi fəaliyyətini bərpa etmişdir. Birinci instansiya məhkəməsində işlə əlaqədar şahidlər dindirilmiş və şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, iddiaçı və cavabdehi bir-biri ilə o tanış etmiş, mebellərin hazırlanmasında istifadə edilən materialların kəsilməsini cavabdeh iddiaçıya məxsus sexdə həyata keçirmişdir. Cavabdeh bəzi problemli işlərini tamamlayıb daha böyük işlər görəcəyini, həmin işlərini tamamlamaq üçün pul lazım olduğunu bildirmiş, o da bununla əlaqədar iddiaçıdan pul alıb cavabdehə vermişdir. Cavabdehin əvvəldən işlədiyi Tural və Kamran adlı şəxslərin evindəki mebeli təhvil vermək mümkün olmamış və yenidən rəngsazlıq və əlavə işlər görülməli olmuş, o, cavabdehə işlərini tamamlamaq üçün Tural adlı həmin şəxsin evində təmənnasız kömək etmiş, cavabdehin tamamlamadığı digər iş olan Kamran adlı şəxsin evində isə olmamışdır. Cavabdehin iddiaçıdan borca aldığı pulların hesabına həmin işlərlə bağlı bəzi mebellər, materiallar və s. alınmışdır. İddiaçının cavabdehə borc verdiyi pul, əvvəlcə 67000 manatdan yuxarı olmuş, 4000 manat geri qaytarıldıqdan sonra təxminən 63000 manat məbləğində borc qalmışdır. İddiaçı pulu onun yanında cavabdehə borc vermiş, borcun verilməsində məqsəd cavabdehin işlərini tamamlaması, sonra isə birlikdə işlər görülməsi olmuşdur. Borc hissə-hissə - 30000 manat, 15000 manat, 5000 ABŞ dolları, 12000 manat və 5000 manat olmaqla pul verilmişdir. Cavabdeh iddiaçıdan axırıncı dəfə pul istəyəndə, iddiaçı pul vermədiyindən aralarında mübahisə yaranmışdır. Cavabdeh borca götürdüyü puldan əvvəlcə 4000 manat, sonra 9000 manat və 10000 manat qaytarmış, daha sonra isə onun vasitəsilə 5000 ABŞ dollar məbləğində pulu iddiaçıya qaytarmışdır. Sex iddiaçıya məxsus olmuş, o, iddiaçıya müştəri gətirmiş və bunun müqabilində pul almışdır. Onun özünün cavabdehə borc pul verməməsinin səbəbi pulunun olmaması olmuşdur. Bildiyinə görə, Elnur adlı şəxs cavabdehin sexə öz yarımçıq işlərini tamamlamaq üçün gəldiyini demiş, iddiaçı bu sözü eşidib əsəbləşmiş, Elnur adlı şəxsin bu sözündən sonra cavabdeh özü gələrək iddiaçıya 63175 manat məbləğində borcunun olması barədə ərizəni könüllü qaydada yazmış, bununla əlaqədar ona hər hansı təsir olmamışdır. Cavabdeh ölkə xaricində olarkən bank hesabından onun dayısına məxsus "xxxx" MMC-yə pul köçürülməsi barədə bildirir ki, onun dayısının hər hansı şirkəti yoxdur, həmin şirkətə mebel alınması məqsədilə cavabdeh özü pul köçürmüş, sonuncu ölkə xaricində olarkən həmin pulun köçürülməsi onun mühasibi vasitəsilə də mümkün ola bilərdi. Həmin puldan iddiaçıya hər hansı məbləğdə pul çatmamışdır. Şahid məhkəmə iclasında təqdim edilən iş materiallarında olan əlyazmalar olan dəftərin surətinə baxış keçirib həmin dəftərdəki yazıların ona məxsus olduğunu, lakin 63175 manat yazılan vərəqdəki xəttin ona məxsus olmadığını bildirdi. Şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, iddiaçı və cavabdehlə qohumluq münasibətləri yoxdur və hər ikisi ilə münasibətləri normaldır. O, təxminən 7 ildir ki, cavabdehlə bir yerdə çalışır, sürücüdür. Mebel materiallarının kəsimi işinin görüldüyü sex Şahid1 məxsus olmuş, iddiaçı həmin yerdə aksessuar mağazası işlətmiş, mebel kəsiminə kömək etməmiş, iddiaçı həmin sexdə olsa da, o, sexin rəhbəri kimi Şahid1 bilmiş, cavabdehə Şahid1 tərəfindən miqdarını bilmədiyi borc pul verilməsindən sonradan məlumatlı olmuş, bu barədə cavabdeh özü ona demişdir. İş materiallarında borcun qeyd edildiyi əlyazma ilə bağlı bildirir ki, Şahid1 cavabdehə zəng edib borcu olduğunu bildirmiş, cavabdehin bu əlyazmanı yazması barədə razılaşmışlar. Həmin əlyazma yazılanda cavabdehin yanında olmuş, ona hər hansı təsir olmamış, borcun miqdarı barədə yüngül formada etirazları olmuşdur. Borcun Şahid1 tərəfindən verildiyi halda, iddiaçının adının da qeyd edilməsinə səbəb onun şahid kimi nəzərə alınaraq yazılması olmuşdur. Əlyazmada onun imzasının olmamasına səbəb isə həmin vaxt çöldə olması olmuşdur. O, heç zaman cavabdehin iddiaçının işlədiyi sexə öz işlərini həll etmək üçün gəlməsi barədə ifadə işlətməmişdir. Şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, iddiaçını Şahid1 sexindən mebel götürəndə orada görmüş, cavabdeh isə həm qohumu, həm müdiridir və təxminən 5 ildir ki, onunla işləyir. İddiaçını sexdə mebel kəsimi ilə məşğul olan görməmiş, anbarın açarı onda olmuş, eyni zamanda aksesuar və digər xırda ləvazimatlar lazım olanda ona müraciət etmişlər. İddiaçı tərəfindən cavabdehə borcun verilməsinə şahid olmamışdır. Eyni zamanda, borc ilə əlaqədar yazılmış əlyazmadan məlumatı yoxdur. Cavabdeh ona kiməsə borcunun olması barədə nəsə deməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki,ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. İş materiallarında olan əlyazma ilə yazılmış ərizənin də məzmunundan görünür ki, cavabdeh İddiaçı və Şahid1 ilə xx.xx.2021-dən xx.xx.2021- dək mebel işləri üçün iş birliyi etmiş və bu iş birliyi müddətində İddiaçı və Şahid1 şəxsi işləri üçün istifadə etdiyi 63175 AZN məbləğində borc yığılmışdır ki, bu borcu qaytarmaq öhdəliyini öz üzərinə götürmüşdür.İddiaçı iddia ərizəsində cavabdehin borc məbləğindən 27500 manatlıq hissəni ödədiyini bildirmiş, 35675 manat məbləğində borcun ödənilməsi isə hazırki halda mübahisələndirilmişdir. Buna görə də yuxarıda qeyd edilən Mülki Məcəllənin 529.3-cü maddəsinin məzmunundan da belə müəyyən edilir ki, borclunun öhdəliyinin icrasını təsdiq etməsi yazılı qaydada həmin sənəddə və ya ayrıca sənəddə qeyd edilməlidir.İş materialları ilə də müəyyən edilir ki, cavabdeh 35675 manat məbləğində borcun ödənilməsini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə cavabdeh apellyasiya şikayətinin dəlili kimi tərəflər arasında münasibətlərin biznes fəaliyyətindən irəli gələrək yarandığını bildirsə də, biirinci instansiya məhkəməsində dindirilən şahid ifadələri ilə də sübut olunur ki, cavabdeh bəzi problemli işlərini tamamlamaq üçün iddiaçıdan borc pul almışdır.Məhkəmə kollegiyasının iclasında da cavabdeh iddiaçı ilə aralarında münasibətlərin birgə iş fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmadığını təsdiq etmiş, yuxarıda qeyd edilən əlyazmada isə cavabdeh həm İddiaçı münasibətdə, həm də Şahid1 münasibətdə götürdüyü borc məbləğini şəxsi işləri üçün istifadə etdiyini bildirmiş,sonuncu isə birinci instansiya məhkəməsində verilmiş borc məbləğinin iddiaçıya məxsus olduğunu təsdiq etmişdir. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 17 may 2024-cü il tarixli, 2-2(119)-237/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar