Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-78/2023 10.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı, nümayəndəsi vəkil Nümayəndə və cavabeh Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, Gəncə Kommersiya Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, e-2-2(115)-2227/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat və işin halları: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 mart 2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 37214,1 manat məbləğində borcun onun hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu ərazisində istixanası vardır. Həmin istixanada kənd təsərrüfatı mallarını istehsal edib satışı ilə məşğul olur. İstixananın qızdırılması üçün təbii qazdan istifadə edir. 2022-ci ilin mart ayında qaz sayğacı cavabdeh idarənin əməkdaşları tərəfindən sökülərək yoxlanılması üçün götürülmüşdür. Bundan bir müddət sonra cavabdeh idarənin əməkdaşları Şəmkir RQİİ-nə çağıraraq ona bildiriblər ki, guya sayğaca müdaxilə olunub. Onların qeyd etdikləri ilə razılaşmamışdır. Bildirmişdir ki onun tərəfindən sayğaca heç bir müdaxilə olunmayıb. Bundan sonra Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktı ona təqdim edərək, həmin akt əsasında hesabına 37214,1 manat məbləğində borc hesablamışlar. İstifadə etdiyi təbii qazın sayğacı onun sahibkarlıq fəaliyyəti göstərdiyi ərazidə deyil cavabdeh idarənin mühafizəsində olan qaz paylayıcı stansiyasında yerləşir və həmin stansiya cavabdeh idarənin əməkdaşları tərəfindən təyin edilmiş mühafizəçi tərəfindən gecə-gündüz nəzarət olunur. Onun qaz sayğacına heç bir müdaxiləsi olmamışdır. Aktda qeyd olunanlarla bağlı onun heç bir aidiyyəti yoxdur. Aktda qeyd olunan nöqsanlar mövcud olsaydı bu barədə ay ərzində iki dəfə sərf olunan təbii qaza görə bildiriş verən nəzarətçinin və sayğaca nəzarət edən digər şəxslərin məlumatı olardı. Hesab edir ki, onun heç bir qanuna zidd hərəkəti olmamışdır. Cavabdeh idarənin güman və yaxud ehtimal edilən hadisə və hərəkətlər məsuliyyətin yaranması ilə nəticələnməməlidir. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Gəncə Kommersiya Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, e-2-2(115)-2227/2022 nömrəli qətnaməsi ilə (hakim R.Məmmədov) iddia təmin edilərək, İddiaçı (abonent kodu: **********00020) hesablamış 37214 manat 10 qəpik məbləğində dəymiş ziyanın əvəzi olaraq borcun Cavabdeh tərəfindən silinməsi qət edilmişdir. İşdə olan sübutlar: 28 oktyabr 2019-cu il tarixli, AMX-6273/19 nömrəli tərəflər arasında bağlanmış qazın alğı-satqısı müqaviləsindən görünür ki, Cavabdeh bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, fiziki şəxs olan istehlakçı İddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında xx.xx.2022-ci il tarixli, SS-29/1640- 00610 nömrəli aktdan görünür ki, “Azəriqaz" İB-nin SOCAR**********31791640X00610 saylı xx.xx.2022-ci il tarixli telefonoqramına əsasən Dövlət Yoxlamasına aparılmış Şəmkir rayon Xidmət Sahəsinin fiziki şəxs İddiaçı məxsus istixananın qaz xətti üzərində quraşdırılmış 250 markalı 80106366 nömrəli turbin tipli "ELSTER" qaz sayğacı xx.xx.2022ci il tarixində xətdən çıxarılmış (Forma-2 №9028408), xx.xx.2022-ci il tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlanması haqqında akt tərtib edilmişdir. İlkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edilmiş, impuls ötürücüsü qırıqdır. Ekranda A işarəsi var. Korrektor tərəflərindən açılıb, kalibrlənmə qıfılın yapışqan plombuna (********) müdaxilə olunub. Sayğacın korrektoruna və hesablayıcı mexanizminə vurulan xüsusi nömrəli plombların hər ikisinə müdaxilə olunub. Hesablayıcı mexanizminə vurulan qurğuşun plombların mənşəyi məlum deyil. Həm plombların üzərlərində olan nişanlanma digər qurğuşun plomblardan fərqlənir. Sayğaca hava vuruldu, hava keçir, lakin sayğac sərfiyyatı qeyd etmir. Pər sıradan çıxmışdır. Sayğacın daxilinə baxış zamanı məlum oldu ki, hesablayıcı mexanizmin axırıncı rəqəmini hərəkətə gətirən iki ədəd eyni ölçülü dişli çarxdan birinin 10 ədəd dişdən 6 ədədi kənar təsir nəticəsində kəsilmişdir. Maqnit ötürücünü kipləşdirən dəmirin üzərindəki bolt aşkarlanmadı. Həmçinin araqat kəsik vəziyyətdədir. Korrektora baxış keçirildi yapışqan plomba (1000820) müdaxilə olunub. Arxivlər oxundu. Audit arxivlərinə əsasən xx.xx.2022ci il saat 05:11 və 05:13, xx.xx.2022-ci il saat 03:13 və 03:14 tarixlərində köməkçi konfiqurasiya parametrlərinə müdaxilə olunub, nəticədə korrektor sayğacdan keçən qaz həcmi hesabını qeyd etməmiş və ya düzgün qeyd etməmişdir. Batareyanın istismar müddətinin sonuna 45 (2019) qalıb. Təzyiq borusu yoxlanıldı. Sızma yoxdur. Sayğaca müdaxilə olunduğu üçün elektron göstərici ilə Vt mexaniki göstərici arasında fərq yaranmışdır. Pbaza = 1.01325 bar, Tbaza=20°C. Temperatur çeviricisi normaldır. Təzyiq çeviricisi nazasdır. Dişli çarxın kəsilməsi səbəbindən sayğacı sınaq qurğusunda yoxlamaq mümkün olmamışdır. İmpuls ötürücüsü və təzyiq çevricisi tələb olunmuşdur. “Azəriqaz" İB ilə İddiaçı arasında bağlanmış 04 mart 2022-ci il tarixli, 1119 saylı razılaşmanın surətindən görünür ki, fiziki şəxs İddiaçı məxsus istixananın qaz xətti üzərində quraşdırılmış 250 markalı 80106366 nömrəli qaz sayğacı sərfiyyatı qeyd etmədiyi üçün xx.xx.2022-ci il tarixində xətdən çıxarılmışdır. Qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qazən sərfiyyatı 01 fevral 2022-ci il tarixdən 28 fevral 2022-ci il tarixinədək əvvəlki ayın orta günlük qaz sərfiyyatına uyğun olaraq, 156317 kubmetr (34389,74 manat məvləğində) müəyyən olundu. Şəmkir RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş qazdan istifadə qaydalarının pozulması haqqında 31 mart 2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Cavabdeh İB-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, SS-29/1640-00610 nömrəli akta əsasən 80106366 nömrəli sayğaca baxış keçirilmiş, sayğacın korrektoruna və hesablayıcı mexanizmə vurulan xüsusi nömrəli plombların hər ikisinə müdaxilə olunub. Hesablayıcı mexanizmə vurulan qurğuşun plombların mənşəyi məlum deyildir. Sayğaca hava vurulmuş, hava keçir, lakin sayğac sərfiyyatı qeyd etmir. Pər sıradan çıxmışdır. Sayğacın daxilinə baxış zamanı məlum olmuşdur ki, hesablayıcı mexanizmin axırıncı rəqəmini hərəkətə gətirən iki ədəd eyni ölçülü dişli çarxdan birinin 10 ədəd dişdən 6 ədədi kənar təsir nəticəsində kəsilmişdir. İtirilmiş qazın bərpası üçün hesabat aparılmalı və dəymiş ziyan ödənilməlidir. Dəymiş ziyanın bərpasına dair 31 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-cil tarixlərində sayğacın sərfiyyatı 23249 m3 , 2022-ci ilin fevral ayı üçün verilmiş sərfiyyat 156317 m3 , hesabat müddəti 28 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. (23249/2=11624 m3 x28=325472- 156317=169155 m3 x 0.22=37214 manat 10 qəpik). Abonentin saldosundan görünür ki, Cavabdeh tərəfindən fiziki şəxs İddiaçı abonent hesabına 2022-ci ilin fevral və mart aylarında aktlar üzrə müvafiq olaraq 34389,74 manat və 37214,1 manat məbləğində borc daxil edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Kommersiya Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli e-2-2(115)-2227/2022 nömrəli qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, e-2-2(115)-2227/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nazirlət Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə Qeyd edilən bəndə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi iddiaçıya qaz sayğacına qanunsuz müdaxilə olunduğuna sayğac sərfiyyatı düzgün qeyd etməmiş, məsrəf olunmuş (qeydə alınmamış) qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilmiş və 2022-ci ilin mart ayında iddiaçının abonent hesabına işlənilmişdir. Həmin qaydaların 3-cü maddəsinə görə “Qaz təchizatı haqqında" qanunun 3-cü maddəsinin tələblərinə görə (3.1) Qaz qurğularının tikintisi, qurulması, istismarı və işçi vəziyyətdə saxlanılması müvafiq tələblərə cavab verməlidir.(3.2) Qaz qurğuları qazın atmosferə buraxılmamasını, onun təzyiqinin, temperaturunun tərkibinin və digər göstəricilərinin müvafiq tələblərə uyğunluğunu təmin etməli, başqa qurğu və əməliyyatların təhlükəli təsirindən mühafizə olunmalıdır. Həmin qanunun 4-cü maddəsinin 2-ci hissəsində göstərilir ki, istehlakçı bu qanunun 3-cü maddəsinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Həmin qaydaların 6cı maddəsinə və Həmin qanunun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi işin hallarını səthi araşdıraraq işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Məhkəmə İnfirmasiya Texnologiyaları və Rabitə İdarəsinin nümayəndələri tərəfindən verilmiş rəyi nəzərə almamışdır. Sayğacın hesablayıcı mexanizminə vurulan xüsusi nömrəli plombların hər ikisinə müdaxilə olunması müəyyən edimişdir. Həmin müdaxilə nəticəsində təbii qazadan istifadə edildiyi üçün 169155 kubmetr itirilmiş qaz sərfi müəyyən edilərək abonentin hesabına işlənmişdir. İddiaçı iştirakı ilə tərtib olunmuş ******* nömrəli qüsur aktı ilə təbii qazdan qanunsuz istifadə öz təsdiqini tapsa da məhkəmə iddianı təmin etmişdir. Məhkəmə qətnamədə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011 -ci il 12 tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə sayğacla təchiz edilməsi, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçılara münasibətdə isə hüquqi şəxsin vəsaiti hesabına həyata keçirilir. Qeyd edilənlərdən aydın görünür ki, məhkəmə iddiaçının istismarında olan qaz sayğacının işləmədiyi işin mübahisəsiz halıdır və iddiaçıya xx.xx.2022-ci il tarixdə qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında 37214,10 manat itirilmiş qazın bərpası üçün dəymiş hesablanmışdır. Lakin, sayğacın işlək vəziyyətdə saxlanılması abonent tərəfindən təmin edilməmiş, ona görə də ünvanda sayğaca müdaxilə halı qeydə alınmışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabeh Cavabdeh nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə etdiyini bildirib, təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq isə bildirmişdir ki, qaz sayğacı həqiqətən də Cavabdeh mühafizəsində olan qaz paylayıcı stansiyasında yerləşir. İddiaçının hansı qaydada sayğaca müdaxilə etməsini bilmir. Ola bilsin ki, iddiaçı Cavabdeh hansısa nümayəndəsi ilə əlbir olaraq sayğaca müdaxilə etmişdir. Qaz sayğacının işləmədiyi dövr ərzində 04 mart 2022-ci il tarixli akta əsasən qazən sərfiyyatı 01 fevral 2022-ci il tarixdən 28 fevral 2022-ci il tarixinədək əvvəlki ayın orta günlük qaz sərfiyyatına uyğun olaraq 34389,74 manat məbləğində müəyyən olunmuş, sonradan sayğaca müdaxilə edildiyi üçün isə həmin dövr üzrə əlavə olaraq 31 mart 20222-ci il tarixli tələbnaməyə əsasən 37214,1 manat cərimə məbləği hesablanmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə izahat verib bildirmişdir ki, cavadbeh təşkilat tərəfindən sayğac işləmədiyi dövr üzrə 34389,74 manat, təkrar olaraq sayğac olmadığı dövr üzrə 37214,1 manat məbləğində borc hesablanmışdır. İddiaçı 34389,74 manat borc məbləği ilə razılaşmış, lakin əlavə olaraq yazılmış 37214,1 manat borc məbləği ilə razılaşmamışdır. Birinci instansiya məhkəməsi isə haqlı olaraq iddianı təmin etmişdir. Buna görə də apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verib bildirmişdir ki, onun tərəfindən qaz sayğacına müdaxilə edilməmişdir. Sayğac Cavabdeh mühafizəsində olan qaz paylayıcı stansiyasında yerləşdiyindən onun sayğaca müdaxilə etmək imkanı da mövcud deyildir. Buna görə məsuliyyət cavadbeh təşkilat daşımaqdadır. Apellyasiya şikayətinin isə əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, e-2-2(115)-2227/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Birinci nstansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, fiziki şəxs olan istehlakçı İddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının daşıdığı və sayğaca bilavasitə istehlakçı tərəfindən qanunsuz müdaxilə edilməsinin təsdiq edilmədiyi halda, qaz paylayıcısı tərəfindən istehlakçıya dəymiş ziyanın həcminin hesablanması qanuni sayıla bilməz. Məhkəmə sənədlərdə istehlakçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən onun tərəfindən qaz paylayıcısına ziyan vurulmasının hesablanmasını, sayğacda yaranmış qüsurun istehlakçı İddiaçı hər hansı bir mülki hüquq pozuntusu törətməsini göstərmədən ona ziyan hesablanmasını qanuni hesab etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, İddiaçı məxsus istixananın qaz xətti üzərində quraşdırılmış 250 markalı 80106366 nömrəli "ELSTER" markalı qaz sayğacı xx.xx.2022-ci il tarixində xətdən çıxarılmış və yoxlamaya təqdim edilmişdir. Sayğacın xx.xx.2022-ci il tarixdən etibarən işləməməsi müəyyən edilmiş və “Azəriqaz" İB ilə İddiaçı arasında bağlanmış 04 mart 2022-ci il tarixli, 1119 saylı razılaşmaya əsasən qaz sayğacının işləmədiyi 01 fevral 2022-ci il tarixdən 28 fevral 2022-ci il tarixinədək olan müddət üzrə, yəni 28 günə görə əvvəlki ayın orta günlük qaz sərfiyyatına uyğun olaraq, 156317 kubmetr həcmində, 34389,74 manat dəyərində sərfiyyat müəyyən olunmuşdur. İddiaçı həmin məbləğlə razılaşmışdır. Lakin, sayğac yoxlamasının nəticəsində sayğaca müdaxilə edilməsi müəyyən edildiyindən, cavadbeh təşkilat 31 mart 2022-ci il tarixli, ******* nömrəli akta əsasən 2022-ci ilin fevral ayı üçün hesabat müddəti 28 gün qəbul edilməklə 169155 kubmetr həcmində, itirilmiş qazın bərpası üçün əlavə olaraq 37214,1 manat zərər məbləği hesablanmış və həmin məbləği abonentin saldosu adlı sənəddə mart ayı üzrə hesabata daxil etmişdir ki, bununla da cavabdeh təşkilat eyni dövr üzrə, yəni sayğacın işləmədiyi 01 fevral 2022-ci il tarixdən 28 fevral 2022-ci il tarixinədək olan dövrə görə 34389,74 manat və 37214,1 manat olmaqla, təkrar hesabat aparmışdır. Cavabdehin əlavə olaraq 37214,1 manat hesabat aparması üçün hər hansı bir hüquqi əsas olmamışdır ki, bununla da bu hal iddiaçı üçün ikiqat mülki məsuliyyət yaratmışdır. Bekəliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, e-2-2(115)-2227/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Gəncə Kommersiya Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, e-2-2(115)- 2227/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli e-2-2(115)-2227/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər.