Məhkəmə qərarları › İş №2-2(102)-448/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-448/2024

24.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak ü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-448/2024 24.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MTK-nın Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətin ədalətli kompensasiyası, mülkiyyət hüququna müdaxilənin zəruri və mütənasib olması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı MTK-nın Cavabdeh qarşı qeyri-yaşayış sahəsinin boşaldılıb iddiaçıya təhvil verilərək sökülməsi və.s tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 5 mart tarixli 2-2(103)-112/2024 nömrəli qətnaməsind ən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İşin halları 1. ünvan 1 ünvanında yerləşən 78 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi Cavabdeh mülkiyyətindədir.

2. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 2014-cü il 10 aprel tarixli 154 nömrəli sərəncamı ilə həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi binanı da əhatə edən Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2400-cü məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksək mərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi "xxxx" MTKnın istifadəsinə verilmiş, orada yaşayan sakinlərin köçürülməsi və onlara vəsaitin ödənilməsinin qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilməsi həmin MTK-ya tapşırılmışdır. Sərəncamın 2.6-cı bəndinə əsasən, həmin sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsasdır.

3. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 2014-cü il 10 aprel tarixli 154 nömrəli sərəncamı ilə istifadəyə verilmiş torpaq sahəsinə 14/102 nömrəli, 2014-cü il tarixli ayrıc aktı tərtib olunmuş və "xxxx" MTK-nın sifarişi əsasında Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, M.Abbasov küçəsi və Nəsimi küçəsi kəsişməsində yerləşən 1,9276 ha torpaq sahəsində tikiləcək tikililərin 12899 nömrəli 2014-cü il 13 iyun tarixli inşaat pasportu hazırlanmışdır.

4. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 2018-ci il 5 mart tarixli 104 saylı sərəncamına əsasən “2014-cü il 10 aprel tarixli 154 saylı sərəncamının addan-ada keçirilməsi haqqında” İddiaçı M TK-nın 2018-ci il 21 fevral tarixli 01 saylı müraciəti və "xxxx" MTK-nın 2018-ci il 21 fevral tarixli 173 saylı razılıq məktubu nəzərə alınaraq, sözügedən ünvanda yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının 2014-cü il 10 aprel tarixli 154 saylı sərəncamı və tərtib olunmuş 12889 saylı inşaat pasportu İddiaçı MTK-nın adına rəsmiləşdirilmişdir.

5. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2020-ci il 9 aprel tarixli 27 nömrəli, 2021-ci il 10 iyun tarixli Tİ-53/21 nömrəli və 2022-ci il 5 sentyabr tarixli Tİ-85/22 nömrəli obyektin tikintisinə icazələrə əsasən, həmin ünvanda müvafiq olaraq 1, 1a, 2 və 3 saylı binaların tikintisinə icazə verilmişdir. 6. 2022-ci il 16 iyun tarixli 1708 nömrəli torpaq icarəsi müqaviləsinə əsasən, Bakı şəhəri, Nizami rayonu, həmin ünvanda yerləşən sahəsi 19.276 kv.m olan torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı MTK-ya icarəyə verilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı MTK (bundan sonra - “iddiaçı” və ya “MTK”) Cavabdeh (bundan sonra“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin boşaldılıb, iddiaçıya təhvil verilərək sökülməsi, əvəzində iddiaçı tərəfindən həmin ərazidə inşa ediləcək yeni tikilidə ona məxsus qeyri-yaşayış sahəsindən 20 % böyük qeyri-yaşayış sahəsinin cavabdehə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunl a əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 2014-cü il 10 aprel tarixli 154 saylı sərəncamına əsasən sözügedən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi istifadəyə verilmiş, daha sonra 2018-ci il 5 mart tarixli 104 saylı sərəncamla həmin ünvana dair sərəncam və 12899 saylı inşaat pasportu iddiaçının adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016cı il 25 fevral tarixli 86 nömrəli Qərarına uyğun olaraq, yerli icra hakimiyyətinin sərəncamı əsasında q əzalı vəziyyətdə olan binanın sökülərək yerində yeni bina tikintisi ilə əlaqədar Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 46-nın sökülməsi və əvəzində kompensasiya ödənilməsi ilə bağlı qeyd olunan bina sakinləri ilə razılıq əldə edilmişdir. Sözügedən binanın sakinlərindən biri də cavabdeh olmuşdur. Cavabdehə qeyd olunan binada 1 saylı mənzil məxsus olmuşdur. Həmçinin cavabdeh binanın birinci mərtəbəsində mağaza kimi istifadə edilən və onun mənzilinə bitişik sahənin də ona məxsus olduğunu bildirmişdir. ünvan 5 ünvanında yerləşən mübahisəli qeyri-yaşayış sahəsi cavabdehin mülkiyyətində olmaqla onun adına çıxarış olsa da, həmin çıxarış iddiaçıya təqdim edilməmişdir. Qeyd olunan qeyri-yaşayış sahəsi ilə əlaqədar cavabdehlə dəfələrlə danışıqlar aparılsa da, razılıq əldə edilməsi mümkün olmamışdır. Cavabdehlə razılıq alına bilinməməsi bina tikintisini uzatmaqla, digər mənzil sakinlərinin yeni tikiləcək binada mənzillərinin təhvil verilməsi prosesini uzadır, nəticədə həmin şəxslərin hüquqları pozulur.

9. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 16 noyabr tarixli e-2-2(113)-4106/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim N.Əhmədova).

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, müvafiq razılıqlar alınaraq 1, 1a, 2 və 3 saylı binanın tikintisi üçün qanunvericiliklə müəyyən olunmuş qaydada icazələr alınmış, cavabdehə məxsus qeyri-yaşayış sahəsinin yerində tikiləcək bina ilə bağlı sənədləşmə işləri aparılmamışdır. İddiaçı isə mübahisəli qeyriyaşayış sahəsi üçün pul deyil, tikintisi üçün icazə alınmış 3 saylı binada qeyri-yaşayış sahə si təklif etmiş, cavabdeh də öz növbəsində pul istəməmiş, ona məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın yerində inşa olunacaq binada qeyri-yaşayış sahəsi istəmişdir. İddiaçı sözügedən qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazidə tikintisi nəzərdə tutulmuş obyektin təyinatının müəyyənləşdirilmədiyini, ona görə də həmin binada qeyri-yaşayış sahəsinin hazırda təklif edilməsinin mümkün olmadığını qeyd etmişdir.

11. İddiaçının istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 nömrəli Qərarı 2016-cı il 25 fevral tarixində qüvvəyə minmiş, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 154 saylı sərəncamı isə 2014-cü il 10 aprel tarixində, yəni 86 nömrəli Qərardan əvvəl verilmiş və sonuncu imzalandığı andan qüvvəyə minməklə özündən əvvəlki münasibətlərə şamil edilməmişdir. Həmçinin 482 nömrəli Qərarla məhz 86 nömrəli Qərara uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə müvafiq tapşırıqlar irəli sürülmüşdür. Beləliklə, iddiaçının öz tələbini Nazirlər Kabinetinin qeyd edilən qərarları ilə əsaslandırması, cavabdehin həmin qərarların icrasına maneçilik törətməsi ilə bağlı arqumentləri əsassız olmuşdur.

12. Məhkəmə həmçinin qeyd etmişdir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində qeyd olunan məqsədlərin həyata keçirilməsi ilə bağlı tənzimləmələr ifadə olunmuş, lakin hazırkı mübahisənin hüquqi əsasını təşkil edə biləcək dəqiq qanuni tənzimləmə həmin Məcəllədə nəzərdə tutulmamışdır. İddiaçının iddiasının hüquqi əsası kimi istinad etdiyi 86 nömrəli Qərar isə bu qərarın 11-ci paraqrafında göstərilən əsaslara görə hazırkı iş üzrə qanuni əsas kimi qiymətləndirilə bilməz. Belə olan halda, hazırkı iddianın təmin olunması qanunçuluq prinsipinə cavab vermir.

13. Bundan başqa, işin müəyyən olunmuş hallarına əsasən iddiaçının sökülməsini tələb etdiyi qeyri-yaşayış sahəsində cavabdeh fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Belə olan halda, şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi qeyri-yaşayış sahəsi ilə bağlı mülkiyyət hüququna müdaxilə zamanı onun sahibkarlıq mənafelərinin də nəzərə alınması mütənasibliyin tələblərindəndir. Cavabdeh ona məxsus qeyri-yaşayış sahəsinin sahibkarlıq fəaliyyəti üçün əlverişli yerdə yerləşdiyini, iddiaçının tikintiyə icazəsini aldığı binaların əlverişsiz yerdə yerləşdiyini, ikimərtəbəli mübahisəli binanın nə vaxt sökülməsi, yerində nə tikiləcəyinin isə qeyri-müəyyən olduğunu, bina söküləcəyi halda uzun müddət gəlirindən məhrum qalacağını bildirir.

14. Məhkəmə nəzərə almışdır ki, təsərrüfat obyektinin yerinin dəyişdirilməsi zamanı qeyri-müəyyənliklər cavabdehin sahibkarlıq fəaliyyətinə mənfi təsir edəcəkdir. Belə ki, iddia tələbində qeyri-yaşayış sahəsinin hansı binadan, neçənci mərtəbədən verilməli olması, qeyri-yaşayış sahəsinin ünvanı kimi əhəmiyyətli hallar göstərilməmiş, bu məsələnin həllində qeyri-müəyyənliyə yol verilmişdir. Məhkəmə prosesi z amanı iddiaçı tərəf 3 saylı binadan qeyri-yaşayış sahəsinin veriləcəyini bildirsə də, cavabdeh bununla razılaşmamış, qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın yerində tikiləcək binada qeyriyaşayış sahəsi istəmişdir. İddiaçının nümayəndəsi bildirmişdir ki, cavabdehin qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazidə tikinti planlaşdırılır, lakin onun təyinatı dəqiqləşdirilməmişdir. Hazırkı tələb cavabdehin yalnız mülkiyyət hüququna deyil, konstitusiya ilə təminat verilən azad sahibkarlıq hüququna da müdaxiləni nəzərdə tutduğundan bu qeyri-müəyyənliklər cavabdehin ziyanına şərh oluna bilməz.

15. İddiaçının cavabdehin mülkiyyət hüququndan sui-istifadə etməsi ilə bağlı izahatları isə subyektiv mülahizələrdən ibarətdir. Belə ki, iddiaçı cavabdehin yalnız başqalarına ziyan vurmaq məqsədi ilə iddiaçını n təklifi ilə razı olmaması, yəni ikimərtəbəli binanın cavabdeh razı olduğu andan söküləcəyi, söküntüdən dərhal sonra hər hansı bir tikintiyə başlanacağı, lakin cavabdehin məqsədli şəkildə, məhz iddiaçıya və (və ya) digər şəxslərə ziyan vurmaq məqsədi ilə inşaat işlərinə mane olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, cavabdehin nümayəndəsi ikimərtəbəli binanın yerində inşası nəzərdə tutulan binanın sürüşdürüldüyünü qeyd etmiş, iddiaçı bunu təsdiq etmiş və məhkəməyə bildirmişdir ki, ikimərtəbəli binanın sökülməsi, onun yerində nəyin inşa olunması ilə bağlı qeyri-müəyyənlik mövcuddur. Həmçinin iddiaçı həmin binada yaşayan digər şəxslərlə bağlı da məhkəmə mübahisələrinin olduğunu qeyd etmişdir. Belə olan halda, cavabdehin mülkiyyət hüququndan sui-istifadə etməsi işi n halları, təqdim edilən sübutlarla təsdiqlənmir, sui-istifadə əsası ilə mülkiyyət hüququna müdaxilə legitim məqsəd güdmür.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 6.1, 152.1, 152.5, 152.6-cı, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107- 5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilmə si haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli, “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli qərarlarına və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

17. Həmin qətnamədən iddiaçı tərəifndən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin olunması xahiş edilmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat

18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 aprel tarixli 2-2(103)-226/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmi n edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim- R.Qurbanov, hakimlər V.Baxışova və A.Hüseyn).

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsdinin gəldiyi nəticə və əsaslandırma (bax bu qərarın 9-18-ci paraqrafları) ilə razılaşaraq, həmçinin qeyd etmişdir ki, iş materiallarında olan fotoşəkillərdən və iddiaçının nümayəndəsinin izahatından aydın olur ki, yaşayış binası artıq inşa edilmiş və mübahisəli sahənin yerində yaşayış binası deyil, qeyri-yaşayış sahələri inşa edilməsi planlaşdırılır. Göründüyü kimi, cavabdehin hərəkətləri digər mənzil sakinlərinin yeni tikiləcək binada mənzillərinin təhvil verilməsi prosesini uzatmır və onların hüquqlarını pozmur. Ona görə də cavabdehin mülkiyyət hüququndan sui-is tifadə etməsi təsdiqlənmir və sui-istifadə əsası ilə mülkiyyət hüququna müdaxilə legitim məqsəd güdmür.

20. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması xahiş edilmişdir. c) Kassasiya instansiya məhkəməsindəki birinci icraat

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 oktyabr tarixli 2-2(102)-427/2023 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmışdır (məruzəçi hakim B.Məmmədli, hakimlər İ.Dadaşov, Ə.Əhmədov).

22. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hazırkı vəziyyətdə apellyasiya instansiyası məh kəməsinin qətnaməsi ilə qeyri-müəyyənliklər aradan qaldırılmamış, mübahisə həll olunmadan qalmışdır. Bu da iş üzrə birmənalı nəticəyə gəlməyə imkan vermir. Belə ki, iddianın əsaslı olub-olmamasının müəyyən edilməsinin ilkin şərti iddiaçının sökülməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsinin əvəzində cavabdehə təklif etdiyi sahənin “ədalətli kompensasiya” hesab edilibedilməməsinin dəqiq müəyyən edilməsidir.

23. Apellyasiya instansiyası məhkəməsi isə bir tərəfdən qətnamənin əsaslandırıcı hissəsində cavabdehin mübahisəli binanın nə vaxt sökülməsi, yerində nə tikiləcəyinin isə qeyri-müəyyən olduğuna dair mülahizələrinə istinad edir, digər tərəfdən isə işdəki fotoşəkillərə və iddiaçının nümayəndəsinin izahatına istinadən, yaşayış binasının artıq inşa edildiyini və mübahisəli sahənin yerində yaşa yış binası deyil, qeyri-yaşayış sahələrinin inşa edildiyinin planlaşdırıldığını bildirir.

24. Lakin apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən, iddiaçının aidiyyəti dövlət qurumları tərəfindən təsdiq olunmuş tikinti layihəsinə istinad etməmiş, müvafiq sahədə ixtisaslaşmış mütəxəssislərin rəylərini almaq imkanlarını dəyərləndirməmiş, bir sözlə, mötəbər sübutlar əsasında mübahisəli yerdə yaşayış və ya qeyri-yaşayış binasının tikilməsinin planlaşdırıldığını, ərazidə konkret olaraq həmin binalardan hansının faktiki tikilib-tikilmədiyini dəqiqləşdirməmiş, əgər yaşayış binası tikilmişdirsə, orada cavabdeh üçün əlverişli sayıla biləcək qeyri-yaşayış sahələrinin olubolmadığını aydınlaşdırmamış, əlverişli qeyri-yaşayış sahələri olduğu halda, oradan cavabdehə müvafiq sahənin ayrılm asının mümkün olub-olmadığını, mümkün olduğu halda isə həmin sahənin iddiaçı tərəfindən ayrılmamasının səbələrini dəqiqləşdirməmişdir.

25. Əgər həqiqətən də layihələndirilən və ya tikilən binalardan cavabdehə onun üçün tam əlverişli qeyri-yaşayış sahəsinin ayrılması mümkün deyildirsə (səbəbləri dəqiq bilinməklə), o zaman iddiaçının faktiki təklif etdiyi sahənin cavabdehin əvvəlki sahəsinə mümkün qədər ən yaxın və ən əlverişli olan yerdə olub-olmamasının, habelə cavabdehə əvəz kimi verilən əmlakın sahəsi, mərtəbəsi, həcmi və digər fərdiləşdirici əlamətlərinin konkretləşdirilməsi də hazırkı mübahisənin düzgün həlli baxımından mühüm əhəmiyyət kəsb edir.

26. Yalnız göstərilən məsələlərə aydınlıq gətirildikdən sonra iddiaçının təklifinin “ədalətli kompensasiya” meyarına uyğun gəlib-gəlmədiyinə dəqiq cavab vermək mümkündür. ç) Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat

27. Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 5 mart tarixli 2-2(102)-112/2024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilmiş, cavabdehin mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi, həmin qeyri-yaşayış sahəsi sökülməklə əvəzində onun arxasında, yəni giriş qapısının yerləşdiyi divara əks olan divarın arxasında iddiaçı tərəfindən inşa edilmiş yeni tikilidə cavabdehin mülkiyyətində 78 kv.m sahəsi olan qeyri-yaşayış sahəsindən 20 faiz böyük, yəni 93,6 kv.metr ölçüdə qeyriyaşayış sahəsinin iddiaçı tərəfindən cavabdehə verilməsi qət edilmişdir (sədrlik edənməruzəçi hakim M.Məmmədov, hakimlər F.Talışınski və A.İmanov). 28.Apellyasiya məhkəməsi tərəfindən kassasiya instansiyası məhkəməsinin göstərişləri nəzərə alınmaqla mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazi yerində müayinə edilmiş və ərazidə iddiaçı tərəfindən layihəyə və tikintiyə icazə sənədlərinə uyğun 1, 1 “A”, 2 və 3 saylı yaşayış binalarının inşa edildiyi və mübahisəli qeyri-yaşayış sahəsinə ən yaxın binanın mübahisəli qeyri-yaşayış sahəsinin arxasında olan bina olduğu müəyyən edilmişdir.

29. Apellyasiya baxışında iştirak etmiş iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinə ən yaxın binanın 2 saylı bina olduğunu və həmin binadan cavabdehə istədiyi yerdən mübahisəli qeyri-yaşayış sahəsinə uyğun 20% sahə əlavə edil məklə qeyri-yaşayış sahəsinin verilməsinin mümkün olduğunu bildirmişdir. Bu hal iddiaçı tərəfindən etiraf edildiyindən və yerində müayinə zamanı, habelə 2 saylı binanın layihəsindən (İ cild, iş v 117-146) həmin binada qeyri-yaşayış sahəsinin mövcud olduğu müəyyən edildiyindən əlavə mütəxəssis rəyinin alınmasına zərurət görülməmişdir. Lakin cavabdeh məhz mübahisəli qeyri-yaşayış sahəsinin yerində sahənin verilməsini istədiyi üçün qeyd edilən binada qeyri-yaşayış sahəsinin verilməsi ilə bağlı razılıq əldə edilməsi mümkün olmamışdır.

30. Digər tərəfdən, iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi ikimərtəbəli binada bütün sakinlərin razılığı alına bilmədiyindən, hələ ki həmin binanın yerində aparılacaq tikinti ilə bağlı icazə sənədlərinin olmadığını bildirmişdir. Cavabdeh mübahisəli qeyri-yaşayış sahəsinin yerində qeyri-yaşayış sahəsinin tikilməsinin nəzərdə tutulduğunu bildirsə də, bununla bağlı hər hansı sübut mövcud deyil. İcazə və layihə sənədləri olmadığından mübahisəli qeyri-yaşayış sahəsinin yerində hər hansı tikintinin nəzərdə tutulmadığı, gələcəkdə isə bunun baş verəcəyinin qeyri-müəyyən olduğu müəyyən edilmişdir.

31. Hazırkı vəziyyətdə cavabdeh üçün ən əlverişli qeyri-yaşayış sahəsi mübahisəli qeyri-yaşayış sahəsinin yerində müayinə zamanı müəyyən edilmiş, mübahisəli tikiliyə olan giriş qapısının yerləşdiyi divara əks olan divarın arxasında verilə biləcək qeyri-yaşayış sahəsidir ki, iddiaçı tərəfindən orada cavabdehə müvafiq sahənin ayrılmasının mümkün olduğu müəyyən edilmişdir. Beləliklə, iddiaçının sökülməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsinin əvəzind ə ona ən yaxın inşa edilmiş binada mübahisəli qeyri-yaşayış sahəsinin arxasında 20% sahə əlavə edilməklə uyğun qeyri-yaşayış sahəsinin verilməsinin cavabdehə təklif edilməsi “ədalətli kompensasiya” hesab edilir. Bu isə cavabdehin qeyriyaşayış sahəsindən qanunsuz və əsassız olaraq çıxarılması kimi qəbul edilə və qiymətləndirilə bilməz.

32. Məhkəmə, həmçinin qeyd etmişdir ki, Bakı ŞİH-nin məlum sərəncamı hal-hazırda qüvvədə olduğundan həmin sərəncamın icra olunmasına yaranan maneələr aradan qaldırılmalıdır. Sərəncamın icrası həm də Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən zəruridir. Cavabdehə məxsus qeyri-yaşayış sahəsinin yerində yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsi ilk n övbədə yararsız binalarda yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Azərbaycan Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur.

33. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab etmişdir ki, ərazidə yaşayan çoxsaylı ailələrdən fərqli olaraq hazırkı cavabdehin mübahisəli sahə ilə əlaqədar, faktiki olaraq özünə məxsus olan ümumi qeyri-yaşayış sahəsindən 20% artıq sahəsi olan təmirli qeyriyaşayış sahəsi təklif edən iddiaçı ilə razılaşmaması onun hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir. Bu sui-istifadə isə cavabdehin öz əmlakına görə iddiaçıdan əsassız olaraq real olmayan sahənin verilməsini tələb etməsində və sair hərəkətlərdə ifadə olunur.

34. Bundan başqa, fərdi sahibkar olan cavabdehin mübahisəli qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olması yuxarıda qeyd edilənlərə görə iddianın rədd edilməsi üçün əsas ola bilməz. Cavabdeh ona dəymiş zərərin (əldən çıxmış fayda və sair) əvəzinin ödənilməsi ilə bağlı ona zərər vurmuş şəxs(lər)ə qarşı müvafiq iddialarla müraciət edə bilər.

35. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 43-cü maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə qəbul etdiyi 2009-cu il 19 fevral tarixli Qərarına və MM-nin 5.3, 16.1, 152.6, 560.1, 560.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

36. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

37. MM-nin 139.1-ci, Torpaq Məcəlləsinin 66, 67, 68-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 2.1-ci maddələri üzrə - elektron icraat materiallarında Bakı şəhər İcra Hakimiyyətinin 2014-cü il 10 aprel tarixli 154 saylı və 2018-ci il 5 mart tarixli 104 saylı sərəncamlarının kserosurətləri mövcuddur. Mülki-prosessual qanunvericiliyə görə sübut hesab olunmayan bu sənədlərin əslləri, yaxud lazımi qaydada təsdiq olunmuş surətləri, eləcə də, həmin sərəncamların hazırda da qüvvədə olmasına dair sübutlar nə iddiaçı tərəfindən təqdim olunmuş, nə də məhkəmə tərəfindən tələb edilmişdir. Bundan başqa, iddiaçının hazı rkı iddiası onun sözügedən torpaq sahəsi üzərində yaşayış binaları tikmək məqsədli icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. Nəticədə, iddiaçı iddiasının əsası kimi təqdim etdiyi sənədlərin sərəncam və inşaat pasportunun tələblərini də yerinə yetirməmişdir. Belə olan halda, hazırda iddiaçının dövlət tərəfindən tanınmamış və təsdiq olunmamış icarə hüququnun məhkəmə müdafiəsi təmin oluna bilməz.

38. MM-nin 560.1 və 560.2-ci maddələri üzrə - məhkəmə bu maddi hüquq normalarının tələblərini işin halları baxımından düzgün qiymətləndirməmişdir. Belə ki, iddiaçının cavabdehə 20% artıq sahəsi olan təmirli qeyri-yaşayış sahəsi təklif etməsi iş materiallarında, o cümlədən məhkəməyə verilən iddia ərizəsində müəyyən olunmur. İddiaçı sökdüyü binanın yerində onun sərhədləri daxilində yeni bina tikməlidir. Lakin iddiaçının nümayəndəsi bütün məhkəmə instansiyalarında bildirmişdir ki, cavabdehin əmlakının yerində yüksəkmərtəbəli binanın tikintisi üçün bu günədək hər hansı icazə alınmamış və gələcəkdə də belə bir tikintinin olub-olmayacağı qeyri-müəyyəndir. Əgər iddiaçı sökmək istədiyi cavabdehin sahəsinin yerində bina tikməyəcəksə, o zaman bu binanı hansı səbəbdən və hansı əsasla sökməsi anlaşılan deyildir. Sərəncama görə, sökülən tikilinin yerində yeni bina tikilməlidir. Belə olduqda, iddiaçının hazırkı iddiası sərəncamın icrası ilə bağlı deyil. Eləcə də, iddiaçı icazəsini aldığı binaları artıq tikmişdir və bu tikinti cavabdehin sahəsinin olduğu tikili sökülmədən icra olunmuşdur. Beləliklə də iddiaçının tikintisinə icazə aldığı binaların inşası üçün də cavabdehin əmlakının hər hansı maneəsi yoxdur, əks halda, iddiaçı yeni binaları inşa edə bilməzdi. Digər tərəfdən, sərəncamda tapşırıq kimi qoyulmuş “qarşılıqlı razılaşma”ya əməl olunmur. Cavabdehin tələbi ona məhz öz əmlakının yerində inşa ediləcək binadan qeyri-yaşayış sahəsinin verilməsidir. Bu tələb isə həm sərəncamın, həm də cavabdehin sahibkarlıq fəaliyyətinə tam uyğundur, sərəncamın icrasına hansısa maneə yaratmır. Yaşayış binası olan 2 saylı binanın yaxınlığında 2 a saylı qeyri-yaşayış binasının tikintisi layihələndirilmişdir. Bu 2 a saylı qeyri-yaşapyış binası isə cavabdehin qeyri-yaşayış sahəsinin olduğu binanın yerində layihələndirilmişdir.

39. MM-nin 203.3, 203.4-cü maddələri üzrə - hazırkı işdə istinad olunan bu maddi hüquq normaları ilə əmlakın mülkiyyətçidən məcburi alı nmasının hüquqi əsaslarından heç biri mövcud deyildir.

40. MPM-nin 14.2, 77.1-ci maddələri üzrə - iddiaçı sərəncamdakı qarşılıqlı razılaşma ilə bağlı tapşırığa uyğun olmayaraq, cavabdehlə razılaşmayaraq, sökülməsini istədiyi cavabdehin qeyri-yaşayış sahəsinin əvəzində vəsait ödənilməsini deyil, qeyri-yaşayış sahəsinin verilməsini tələb edir. Lakin iddiaçı istinad etdiyi sərəncamın ziddinə olan bu tələbini və iddiasının “20 faiz əlavə sahənin verilməsi” hissəsini əsaslandırmamışdır. Cavabdehin qeyri-yaşayış sahəsinin sökülməsi tələbi dövlət ehtiyaclarından irəli gəlmir, bu tələb iddiaçının daha çox maddi qazanc əldə etmək istəyindən irəli sürülmüşdür. Belə olan halda, təklif olunan 20 faiz əlavəni hüquqi və iqtisadi əsaslarla qanuni və ədalətli hesab etmək mümkün deyildir.

41. MPM-nin 97.1, 202.1, 202.2 və 420-ci maddələri üzrə - cavabdehin nümayəndəsi 2022-ci il 25 oktyabr tarixində kommersiya məhkəməsinə ərizə ilə müraciət edərək, cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin texniki koordinatlarının iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş tikintiyə icazə sənədində əks olunub-olunmaması, həmin sahənin tikintiyə icazə sənədində əks olunmuş koordinatlara daxil edilib-edilməməsi üzrə ekspertizanın keçirilməsini xahiş etmiş, lakin məhkəmə ekspertiza təyin etməmiş, bu barədə əsaslandırılmış qərardad qəbul etməmişdir. İşə yenidən baxmış apellyasiya məhkəməsi də Ali Məhkəmənin göstərişlərini nəzərə almamış, cavabdehin qeyri-yaşayış sahəsinin olduğu binanın Bakı şəhər İcra Hakimiyyətinin 154 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsində, həmçinin iddiaçıya tikintisinə icazə verilmiş yaşayış və qeyri-yaşayış binalarının koordinatları daxilində yerləşib-yerləşməməsini, müsbət halda cavabdehin qeyri-yaşayış sahəsinə ən yaxın olan tikilmiş binalardan hansında qeyri-yaşayış sahələrinin olması, həmin sahələrdən konkret olaraq hansı mərtəbədə və mərtəbənin hansı hissəsində cavabdehə müvafiq sahənin ayrılmasının mümkünlüyünü müvafiq ekspertiza keçirməklə müəyyən etməli olduğu halda bunu etməmişdir. Bu məsələlərin aydınlaşdırılması xüsusi bilik tələb edir və yalnız müvafiq sənədlərin əslləri əsasında müvafiq ekspertiza keçirilməklə müəyyən oluna bilər. Bundan başqa, yaşayış binalarının tikinti layihəsinin 2 saylı binanın memarlıq planlaşdırma bölməsinin kserosurətində “binalar üzrə texniki-iqtisadi göstəricilər” cədvəlindən müəyyən olunur ki, 2 saylı binada ümum i sahəsi 11036 kv.m olan cəmi 90 mənzilin inşası nəzərdə tutulmuşdur və həmin binada qeyri-yaşayış sahəsi yoxdur. Qeyri-yaşayış sahəsi 2a saylı binada nəzərdə tutulmuşdur. Beləliklə, mübahisəli ərazidə inşa edilmiş 2 saylı binada qeyri-yaşayış sahəsi olmadığından cavabdehə həmin binada qeyri-yaşayış sahəsinin verilməsi mümkün deyildir.

42. MPM-nin 150.1, 150.1.3, 150.1.4, 150.2, 152.1, 152.1.1, 152.1.4, 361.1, 361.2, 363.1, 363.1.1-1- 363.1.5 və 364.1-ci maddələri üzrə - iddia ərizəsi vəkil tərəfindən elektron imza ilə imzalanmış, lakin ərizəyə səlahiyyətini təsdiq edən etibarnamə və vəkil orderi əlavə edilməmişdir. Həmçinin iddiaçı hazırkı kommersiya mübahisəsi üzrə olan iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmədən əvvəl cavabdehə elektron qaydada təqdim etməmişdir. Bu əsasla rla hazırkı iddia ərizəsi geri qaytarılmalı olduğu halda, qanunsuz icraata qəbul olunmuşdur. Apellyasiya şikayəti də prosessual pozuntularla verilmişdir. Belə ki, şikayətin məzmunu MPM-də müəyyən olunmuş “Əlavə 2”yə uyğun tərtib olunmamış, şikayətin verildiyi məhkəmənin ünvanı, iddiaçının faktiki və rəsmi qeydə alındığı ünvanları, elektron poçt ünvanı, vəkilin orderinin nömrəsi və tarixi, şikayət verən şəxsin nümayəndəsi haqqında məlumatlar, barəsində şikayət olunan məhkəmə qətnaməsinin tarixi yazılmamış, şikayət verən şəxsin işdə prosessual vəziyyəti düzgün yazılmış, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd, qətnamənin məhz 2022-ci il 28 dekabr tarixdə alınmasını təsdiq edən sübut, o cümlədən şikayəti imzalamış şəxsin səlahiyyətlərini təsdiq edən apellyasiya məhkəməsinə yazılmış vəkil orderi əlavə olunmamışdır. Qeyd edilən prosessual pozuntularla verilmiş apellyasiya şikayətinin icraata qəbul olunması qanunsuzdur.

43. MPM-nin 220.1-ci maddəsi üzrə - qətnamənin nəticə hissəsində cavabdehə verilməli olan qeyri-yaşayış sahəsinin yeri dəqiq göstərilməmişdir. Qətnamədə göstərilən mübahisəyə açıq olan və icrası çətin (yaxud qeyri-mümkün) olan ifadələrin əvəzində binanın və mərtəbənin nömrəsi, habelə layihədən çıxarış olunmaqla mərtəbədə konkret hissə göstərilməli idi.

44. MPM-nin 218.3, 372.2, 372.4-cü maddələri üzrə - apellyasiya məhkəməsi iddia tələbindən kənara çıxaraq cavabdehə yeni qeyri-yaşayış sahəsinin iddiada yazıldığı kimi “iddiaçı tərəfindən həmin ərazidə inşa ediləcək yeni tikilidə” deyil, “giriş qapısının yerləşdiyi divara əks olan divarın arxasınd a iddiaçı tərəfindən inşa edilmiş yeni tikilidə” şəklində, yəni artıq tikilmiş olan 2 saylı binada verilməsini qət etmişdir. Elektron sistemdə vəkilin adından 2024-cü il 19 fevral tarixində imzalanmış iddianın dəyişdirilməsi ərizənin imzalandığı tarixdə ərizənin ünvanlandığı apellyasiya məhkəməsi üçün vəkilin iddiaçının nümayəndəsi kimi səlahiyyətlərini təsdiq edən sənədləri (vəkil orderi, etibarnamə) elektron icraat materiallarında yoxdur. İddiaçı tərəfindən vəkilin adına verilmiş sonuncu etibarnamə 2022ci il 7 avqust tarixində 1 il müddətinə verilmiş 241 nömrəli etibarnamədir. Bu etibarnamənin müddəti isə sözügedən ərizənin imzalandığı tarixdə bitmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

45. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

46. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

47. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tədbiq edilən hüquq

48. Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

12. Dövlətin ali məqsədi İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. İİ. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.” “Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.” “Maddə

43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz m əhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.”

49. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə

5. Mülki hüquq münasibətlərinin subyektləri... 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.” “Maddə

16. Mülki hüquqların həyata keçirilməsinin məhdudlaşdırılması 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir....” “Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əş yaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir....” “Maddə

560. Hüquqdan sui-istifadənin qadağan edilməsi 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır....”

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normaları na müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətna mə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər...” “Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır....” “Maddə

420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə koll egiyası hazırkı iş üzrə kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

52. İşdən görünür ki, iddiaçı MTK cavabdehin mülkiyyətində olan 78 kv.m qeyriyaşayış sahəsinin boşaldılıb, iddiaçıya təhvil verilərək sökülməsi, əvəzində iddiaçı tərəfindən həmin ərazidə inşa ediləcək yeni tikilidə ona məxsus qeyri-yaşayış sahəsindən 20 % böyük qeyri-yaşayış sahəsinin cavabdehə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

53. Həmin iddia tələbi üzrə işə birinci dəfə kassasiya icraatında baxmış məhkəmə kollegiyası iddianın əsassız olmasına dair məhkəmələrin mövqe ilə razılşamayaraq işi yeni apelyasiya baxışına göndərərkən göstərişləri ondan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi iş üzrə nəticəyə gələrkən, iddiaçının aidiyyəti dövlət qurumları tərəfindən təsdiq olunmuş tikinti layihəsinə istinad etməmiş, müvafiq sahədə ixtisaslaşmış mütəxəssislərin rəylərini almaq imkanlarını dəyərləndirməmiş, birsözlə, mötəbər sübutlar əsasında mübahisəli yerdə yaşayış və ya qeyri-yaşayış binasının tikilməsinin planlaşdırıldığını, ərazidə konkret olaraq həmin binalardan hansının faktiki tikilibtikilmədiyini dəqiqləşdirməmiş, əgər yaşayış binası tikilmişdirsə, orada cavabdeh üçün əlverişli sayıla biləcək qeyri-yaşayış sahələrinin olub-olmadığını aydınlaşdırmamış, əlverişli qeyri-yaşayış sahələri olduğu halda, oradan cavabdehə müvafiq sahənin ayrılmasının mümkün olub-olmadığını, mümkün olduğu halda isə həmin sahənin iddia çı tərəfindən ayrılmamasının səbələrini dəqiqləşdirməmişdir. Əgər həqiqətən də layihələndirilən və ya tikilən binalardan cavabdehə onun üçün tam əlverişli qeyri-yaşayış sahəsinin ayrılması mümkün deyildirsə (səbəbləri dəqiq bilinməklə), o zaman iddiaçının faktiki təklif etdiyi sahənin cavabdehin əvvəlki sahəsinə mümkün qədər ən yaxın və ən əlverişli olan yerdə olub-olmamasının, habelə cavabdehə əvəz kimi verilən əmlakın sahəsi, mərtəbəsi, həcmi və digər fərdiləşdirici əlamətlərinin konkretləşdirilməsi də hazırkı mübahisənin düzgün həlli baxımından mühüm əhəmiyyət kəsb edir.

54. MPM-in 420-ci maddəsinin tələblərinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

55. Kassasiya məhkəməsinin məcburi ola n göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəmə aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il tarixli 28 fevral Qərarı).

56. İşə yenidən baxan apellyasiya məhkəməsi isə kassasiya məhkəməsinin göstərişlərini qismən icra etməkl ə mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi əraziyə baxış keçirmiş və layihəyə və tikintiyə icazə sənədlərinə uyğun 1, 1 “a”, 2 və 3 saylı yaşayış binalarının inşa edildiyi müəyyən edilmişdir. Məhkəmə sadəcə yerində müayinənin nəticələrinə və MTK-nın razılığına istinad etməklə cavabdeh üçün ən ədalətli kompensasiyanın ona məxsus qeyri-yaşayış sahəsinə ən yaxın, yəni onun arxasında giriş qapısının yerləşdiyi divara əks olan divarın arxasında inşa edilmiş yeni tikilidə (iddiaçının nümayəndəsinin apellyasiya instanyası məhkəməsində verdiyi izahata əsasən həmin sahə 2 saylı binada yerləşir) sahəsindən 20 % böyük, yəni 93,6 kv.m ölçüdə qeyriyaşayış sahəsinin olduğu qənaətinə gəlmişdir.

57. Göründüyü kimi, məhkəmə cavabdehə ödənilməli olan ədalətli kompensasiyanı müəyyən edərkən yalnız iddia çı tərəfindən mübahisəli ərazidə inşa edilmiş binalardan hansının ona məxsus qeyri-yaşayış sahəsinə daha yaxın olmasını əsas götürmüşdür. Halbuki kassasiya məhkəməsinin göstərişlərindən biri də məhz iddiaçının təklif etdiyi sahənin cavabdehin əvvəlki sahəsinə mümkün qədər ən yaxın və ən əlverişli olan yerdə olub-olmamasının qiymətləndirilməsi və bununla bağlı müvafiq sahədə ixtisaslaşmış mütəxəssislərin rəylərinin alınması imkanlarının müzakirə olunması ilə bağlı olmuşdur.

58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" MənzilTikinti Kooperativinin şikayəti üzrə” 31 may 2020-ci il tarixli qərarında da göstərilmişdir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarını n ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir.

59. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi isə tərəflərin hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığına və mübahisənin düzgün hüquqi həllinə nail olmaq məqsədilə işin halları üzrə tam, hərtərəfli, obyektiv araşdırma aparmamış, mübahisə ilə bağlı bütün mümkün həll imkanlarını, iddiaçının təkliflərinin konkret olaraq nədən ibarət olmasını, cavabdehin onları qəbul edib-etmədiyini, bunun səbəblərini tərəflərlə qarşılıqlı şəkildə müzakirə etməmiş, nəticədə isə natmam araşdırma aparmaqla tərəflər arasındakı mübahisəni tam həll etməyən, qeyri-müəyyən qətnamə qəbul etmişdir.

60. Bunun nəticəsidir ki, hazırkı icraat gedişində iddiaçı MTK Ali Məhkəməyə ünvanlanmış 2024-cü il 16 oktyabr tarixli müraciətində (elektron icraatın materiallarına əlavə edilib) həmin ünvanda cavabdehin seçimi əsasında 2a saylı binanın birinci mərtəbəsindən və ya inşası başa çatmış 1a saylı binadan 93,6 kv.m ölçüdə qeyri-yaşayış sahəsi təklif etmişdir.

61. Nəzərə alınmalıdır ki, cavabdeh tərəfin məhkəmə araşdırması zamanı izahatından, hazırki kassasiya şikayətinin məzmunundan aydın olur ki, hazırki mübahisənin qarşılıqlı şəkildə həlli istiqamətində cavabdeh də, məhz öz əmlakının yerində inşa ediləcək binadan qeyri-yaşayış sahəsinin verilməsinə razıdır. Cavabdehin qeyriyaşayış sahəsinin olduğu binanın yerində isə 2 a saylı qeyri-yaşayış binasının tikintisi layihələndirilmişdir. Cavabdeh hesab edir ki, bu həm müvafiq sərəncamın, həm də cavabdehin sahibkarlıq fəaliyyətinə tam uyğundur, sərəncamın icrasına hansısa maneə yaratmır ( bax yuxarıda bu Qərarın 38-ci bəndi).

62. Göründüyü kimi, hər iki tərəf, sözügedən ünvanda, cavabdehə məxsus qeyriyşayış sahəsinin yerləşdiyi binanın yerində 2 a s aylı binadan cavabdehə yeni sahəsinin verilməsinə razıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, işin yeni apellyasiya baxışı zamanı, qeyd olunan təkliflər tərəflərlə qarşılıqlı şəkildə müzakirə edilməli, mübahisənin qanuni həlli təmin edilməlidir.

63. Həmçinin qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin nəticə hissəsi də qeyri-müəyyən olmaqla bu hissədə də kassasiya məhkəməsinin göstərişləri nəzərə alınmamış, bununla da mülki prosessual qanunvericiliyin tələbləri pozulmuşdur.

64. Belə ki, məhkəmənin qət etdiyi göstəricilərdə (cavabdehə məxsus qeyri-yaşayış sahəsinin arxasında, yəni giriş qapısının yerləşdiyi divara əks olan divarın arxasında inşa edilmiş yeni tikilidə 93,6 kv.m ölçüdə qeyri-yaşayış sahəsi) sahənin mövcudluğunun, qeyriyaşayış sahəsinin hansı binada, hansı mərtəbədə yerləşməsinin, nömrələrinin və digər fərdiləşmə məlumatların qətnamənin nəticə hissəsində dəqiq göstərilməməsi, qətnamənin icrası mərhələsində cavabdehlərə veriləcək yeni sahələrin iddiaçının mülahizəsinə görə müəyyən edilməsinə, son nəticədə cavabdehin hüquqları pozulmaqla, yeni məhkəmə mübahisələrin yaranmasına səbəb ola bilər. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün və obyektiv həlli üçün mühüm əhəmiyyətə malik olan bu halları araşdırmamış və hüquqi müəyyənlik prinsipini pozmaqla, icrası qeyri-mümkün olan qətnamə qəbul etmişdir.

65. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda h əll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

66. Hazırkı halda qətnamənin icrasının mümkünlüyünü təmin etmək məqsədilə apellyasiya instansiyası məhkəməsi iddiaçının tələbi üzrə cavabdehə hansı ünvanda yerləşən, hansı girişdə, neçənci mərtəbədə, hansı ölçüdə qeyri-yaşayış sahəsi təklif edilməsini dəqiqləşdirilməli, qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın yeri, layihəsi, sahənin planı və s. bu kim i halları araşdıraraq iddiaya qiymət verməlidir.

67. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi MPM-nin 420-ci maddəsinin tələblərinin pozulmasına görə ləğv edilməli, iş yuxarıda qeyd olunan halların araşdırılaraq hüquqi qiymət verilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

68. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 5 mart tarixli 22(103)-112/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar