Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-479/2025 17.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ümumi yığıncağın keçirilməsi, təsisçi kimi dövlət qeydiyyatına alınması və dividendin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “ümumi yığıncağın keçirilməsi, təsisçi kimi dövlət qeydiyyatına alınması və dividendin ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 4 mart tarixli 2-2(105)-24/2025 nömrəli qətnaməsind ən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ümumi yığıncağının keçirilməsi, onun (iddiaçının) təsisçi kimi dövlət qeydiyyatına alınması üçün bütün hüquqi əhəmiyyətli hərəkətlərin edilməsi və ona keçmiş illərdə Cəmiyyət tərəfindən təsisçilərə (səhmdarlara) verilmiş (yaxud verilməli olan) dividendlərin ona çatası hissəsinin ödənilməsinə dair cavabdehnin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1990-cı il 19 may tarixində cavabdeh (əvvəlki Cavabdeh Səhmd ar Cəmiyyəti) ilə Səhmlərin alqı-satqısına dair 15 saylı müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehdən ümumi dəyəri 50.000 rubl (həmin dövrün məzənnəsinə əsasən 27.777 ABŞ dolları) məbləğində 5 ədəd səhm almış və dəyərini müvafiq qaydada ödəmişdir. Cavabdeh iddiaçıya satılmış səhmləri müvafiq qaydada qeydiyyata almamış, səhm sahibi olan iddiaçını ümumi yığıncaqlarına dəvət etməmiş və ona dividend ödəməmişdir. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini, yəni səhmlərin dəyərini ödəmək öhdəliyini müvafiq qaydada yerinə yetirmiş və bunun təsdiqi olaraq cavabdeh tərəfindən iddiaçıya 000017 nömrəli A seriyalı Səhm sertifikatı təqdim edilmişdir. Həmin sertifikata görə, İddiaçı 5 ədəd ödənilmiş səhmlərin sahibidir və həmin səhmlər cavabdeh və iddiaçı arasında müqavilə əsası nda təqdim edilmişdir. Cavabdeh həmçinin iddiaçıya həmin Səhm sertifikatına qoşma edilmiş və sahibliyini təsdiq edən 5 ədəd səhm (qiymətli kağız şəklində) təqdim etmişdir.
3. Cavabdeh iddia tələbinə qarşı etirazında bildirmişdir ki, iddiaçı tərəfindən cavabdehə hər hansı məbləğ ödənilsəydi, onda bu rəsmilləşdirilərdi, protokol tərtib edilərdi və ona bu barədə ödəniş qəbzi verilərdi. “Səhm qeydiyyatı haqqında” 15 saylı 1990-cı il 19 may tarixli Müqavilənin 3-cü və 4-cü bəndlərinə əsasən, səhmdar bu müqaviləni imzaladığı gündən bir il müddətində öz əmanətini və ya əmlakının bir hissəsini satın aldığı payın məbləğinə Cəmiyyətin hesabına qoymağı öhdəsinə götürür. Depozitin məbləği və onun köçürülməsi qaydası tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir və müqavilənin ayrılmaz hissəsi olan ayrıca protokolla tərtib edilir. Əgər səhmdar cavabdehə öz əmanətini və ya əmlakını köçürmək öhdəliyini yerinə yetirməmişdirsə, cavabdeh öz mülahizəsinə uyğun olaraq səhmlərə sərəncam verə bilər. Cavabdeh ASC-nin təşkilat strukturu dəyişilərək əvvəl Cavabdeh QSC, sonra isə MMC-yə çevrilib (bu barədə saytda və Vergi qəzetində elan verilib). Odur ki, nə səhm, nə də səhmdar yoxdur. Cavabdehin təsisçisi Qanuni nümayəndədur. Bundan başqa, 2023-cü ilin noyabr ayında da iddiaçı tərəfindən cavabdehə qarşı pul tələbi iddiası olmuş, lakin həmin iddia tələbi qanunsuz və əsassız olduğu üçün həmin iş üzrə Mediasiya icraatına xitam verilmişdir. 1990-cı ildə cavabdeh iddiaçıya öz təşəbbüsü ilə səhm müqaviləsi vermişdir. Lakin o, dəyərini ödəməmişdir ki, müqavilənin 3-cü və 4-cü bəndləri qüvvəyə minmiş v ə bu barədə iddiaçıya vaxtında məlumat verilmişdir. Həmçinin iddia müddəti tamamilə keçib. 2006-cı 1 yanvar tarixindən Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Azərbaycanda milli valyuta manat denominasiya olunmuş, yəni 5.000 manat 1 manata əvəzləşdirilmişdir. Ona görə də Cavabdeh SC-nin 20 milyard Nizamnamə kapitalı 4 milyon manat olmuşdur. Bu səbəbdən cavabdeh təşkilat strukturunu dəyişməli olmuşdur. İddiaçı cavabdehin səhmdarı olsaydı bu 34 il ərzində hər il İdarə Heyətinin iclaslarına dəvət edilərdi. Ümumiyyətlə, iddiaçı iddia müddətini ötürdüyü üçün məhkəmələrə müraciət hüququnu itirmişdir.
4. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək, iddia tələblərinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı cavabde h tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə qarşı etiraz edərək bildirmişdir ki, iddiaçı 1990-cı il 19 may tarixli 15 saylı müqavilə üzrə öhdəliklərini icra etmiş və cavabdeh tərəfindən ona 000017 nömrəli, “A” seriyalı səhm sertifikatı təqdim olunmuşdur. Həmin sertifikatın məzmunundan görünür ki, iddiaçı 5 ədəd ödənilmiş səhmin sahibidir və bu səhmlər yuxarıda qeyd edilən müqavilə əsasında verilib. Bundan əlavə, iddiaçıya həmin səhmləri təsdiq edən fiziki qiymətli kağızlar da təqdim olunmuşdur. Cavabdehin ödəniş qəbzinin və ya protokolun təqdim olunmaması ilə bağlı iddiasına gəldikdə, bu vəzifələr cavabdehin daxili prosedurlarına aid olub, onların icra edilməməsi səhmlərin ödənilmədiyi anlamına gələ bilməz və bununla bağlı məsuliyyət cavabdehin üzərinə düşür. Mülki Məcəllənin 50.1 və 56.5-ci maddələrinə əsasən hüquqi şəxsin təşkilati-hüquqi formasının dəyişməsi onun hüquqi varisliyinə xitam vermir. Hazırkı iş üzrə cavabdeh hazırda Cavabdeh ASC-nin hüquqi varisi hesab olunur. 1990-cı ildə səhm müqaviləsi onun tərəfindən təqdim edilsə də, dəyər ödənilmədiyi üçün müqaviləyə birtərəfli qaydada 1992-ci ildə xitam verilməsi də əsassızdır. Həmin müqavilə üzrə oferta cavabdeh tərəfindən təqdim olunmuş, iddiaçı isə şərtləri qəbul edərək imzalamışdır. Müqavilənin 3-cü bəndində səhmdarın bir il ərzində öhdəliyini yerinə yetirməsi nəzərdə tutulmuş, 4-cü bəndində isə əgər bu öhdəlik icra olunmazsa, cəmiyyətin səhmlərlə sərəncam vermək hüququ tanınmışdır. Əgər iddiaçı həqiqətən ödəniş etməmiş olsaydı, müqaviləyə xitam ən geci 1991-ci il 19 may tarixində ve rilməli idi. Halbuki bu baş verməmiş və müqavilənin ləğvi yalnız 1992-ci ildə iddia edilərək, faktiki sənədlərlə təsdiq olunmamışdır.
6. Daha sonra iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, tərəflərdən heç biri bu barədə iradə bildirmədiyindən, müqavilə hal-hazırda da qüvvədədir və öhdəliklərin pozulması bu günədək davam edir. Təqdim olunmuş sənədlərdən görünür ki, cavabdeh hazırda da fəaliyyətdədir, lakin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Bu da hüquq pozuntusunun davamlı xarakter daşıdığını göstərir. Bundan başqa, müqavilədən irəli gələn öhdəliklərə görə, cavabdeh iddiaçını səhmdar kimi qeydiyyata almalı idi. Lakin arxiv sənədlərinə əsasən, bu öhdəlik icra olunmamışdır. Arxivdən əldə edilmiş materiallara əsasən, cəmiyyətin təsis olunduğu dövrd ə digər səhmdarların da mövcud olduğu məlum olmuşdur. Bununla belə, həmin səhmdarların qeydiyyatı, səhmlərin ödənişi və ümumi yığıncaqlara çağırılmaları ilə bağlı heç bir sənəd cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Nəticə etibarilə, cavabdeh öz öhdəliklərini yerinə yetirməmiş, müqavilə və təsis sənədlərindən irəli gələn tələblərə əməl etməmiş və buna dair heç bir hüquqi əsasla sübut təqdim edə bilməmişdir.
7. Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 9 dekabr tarixli e-2-2(119)1242/2024 nömrəli qətnaməsi ilə iddianın təmin olunmaması qət edilmişdir (hakim – İ.Əliyev).
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı öz hüquqlarının pozulmasını bildiyi və ya bilməli olduğu gündən üç il ərizində məhkəmə müraciət etməli idi. Lakin, hazırki kommersiya mühabisəsindən görünür ki, tərəflər ara sında 1990-cı il 19 may tarixli 15 nömrəli səhm qeydiyyatı haqqında müqavilə bağlanmış və 34 ildən çox müddət keçdikdən sonra iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının 1964cü il 11 sentyabr tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 73, 77, 78 və 100-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
10. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegi yasının 2025-ci il 4 mart tarixli 2-2(105)-24/2025 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim M.Hüseynov, hakimlər Z.Məmmədov və İ.Dəmirov).
12. Məhkəmə qeyd etmişdir ki, MPM-in 217.2-ci maddəsinə əsasən, iş üzrə mübahisənin yarandığı dövrdə qüvvədə olmuş 1964-cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəaları tətbiq edilməlidir. İddia müddəti ilə bağlı hüquqi mövqeyin qiymətləndirilməsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2013-cü il 3 iyun tarixli qərarına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2009-cu il 7 iyul tarixli qərarına istinad edilmişdir.
13. Apellyasiya instansiya məhkəməs i hesab etmişdir ki, iş üzrə iddia qaldırılana qədər iddia müddəti ötürülmüş, hüquq münasibətinin yaranmasından 34 il keçmiş və cavabdehin hüquqi şəxs kimi təşkilati-hüquqi forması bir neçə dəfə dəyişmiş, 2022-ci il 14 oktyabr tarixindən etibarən isə Səhmdar Cəmiyyət kimi fəaliyyətinə xitam verilmişdir. Bu baxımdan, iddiaçının “ümumi yığıncağın keçirilməsi” və “təsisçi kimi qeydiyyata alınma” tələblərinin faktiki və hüquqi əsasları qalmamışdır. İddiaçının apellyasiya şikayətində irəli sürdüyü “mülkiyyət hüququnun bu günədək pozulması” barədə arqumentlər mücərrəd və əsaslandırılmamış xarakter daşıyır, çünki iddiaçı mülkiyyət hüququnun predmeti, həcmi və mövcudluğu barədə heç bir konkret əsas təqdim etməmişdir.
14. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının 1964-cü il 11 sentyabr tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 73, 77, 78 və 100-ci maddələrinə istinadla əsaslandırmışdır.
15. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 13, 149-cu maddələri, MM-in 988.1, 1077.1-ci maddələri və MPM-in 88, 175.1, 217.1, 217.2-ci maddələrinin tələblərinin pozulması qeyd edilmiş və işin faktiki hallarına istinad edilərək qeyd edilmişdir ki, məhkəmə işin hallarına və sübutlara düzgün qiymət verməmişdir.
17. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının səhmdar və səhm mülkiyyə tçisi olaraq onun hüquqlarının məhdudlaşdırılması davamlı xarakter daşıyaraq bu günədək davam etdiyindən bu kommersiya mübahisəsinə hazırda qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. 1964-cü ilin qanunvericiliyində nə səhmdar, nə də səhm anlayışı olmamışdır. İqtisadiyyatın əsası həmin dövrlərdə ictimayyətin mülkiyyəti əsasında qurulmuş, indiki dövrdə isə xüsusi mülkiyyət institutu mövcuddur. Nəticə olaraq, mübahisəyə Mülki Məcəllənin 384.0.4-cü maddəsi tətbiq olunmalı idi və iddiaçının 08 iyul 2024-cü il tarixində məhkəməyə iddia ərizəsi ilə müraciət etməsi mühüm əhəmiyyət kəsb etmir. Mülki Məcəllənin 1077.1-ci maddəsinə əsasən, səhmdar üzvü olduğu cəmiyyətin işlərinin idarə olunmasında müəyyən hüquqlara malikdir. Bu hüquqlar Mülki Məcəllənin 106-1-ci maddəsində konkretləşdiril mişdir. Bundan əlavə, Mülki Məcəllənin 56.5-ci maddəsinə əsasən bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Məhkəmə qanunvericiliyin bu müddəalarını nəzərə almamışdır. Cavabdeh tərəfindən hüquqi şəxsin təşkilati-hüquqi formasının dəfələrlə dəyişilməsi heç bir əhəmiyyət kəsb etmir. Bundan əlavə, həm Sumqayıt Kommersiya Məhkəməsinə, həm də Sumqayıt Apellyasiya Məhkəməsində iddiaçı tərəfindən müvafiq ekspertiza və araşdırma ilə bağlı vəsatətlər qaldırılmış, lakin məhkəmələr tərəfindən təmin olunmamışdır. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yax şılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Ona görə də, hazırki mübahisə hazırda qüvvədə olan qanunvericiliyə əsasən araşdırılmalı və qiymət verilməli idi, çünki iddiaçı heç bir müddəti ötürməmiş və Azərbaycan Respublikasının qanunveriviliyinə uyğun olaraq məhkəməyə pozulmuş hüquqlarının bərpası üçün müraciət etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Cavabdeh kassasiya şikayətinə qarşı etirazında bildirmişdir ki, təqdim olunan “Səhm Sertifikatı”nın şərtləri, xüsusən də onun 2, 6 və 7-ci bəndləri müqavilə öhdəliklərinin tam icrasından sonra hüquqların yarandığını göstərir. Əslində, iddiaçı müqavilə üzrə öhdəliklərini, xüsusilə ödənişi yerinə yetirməmişdir. Müqavilənin 3 və 4-cü bəndlərinə əsasən, səhmdar müqaviləni imzaladığı gündən bir il ərzində müəyyən olunmuş məbləği cəmiyyətin hesabına yerləşdirməli, bu ödəniş protokolla rəsmiləşdirilməli və təsdiqedici sənədlər təqdim edilməli idi. Belə protokol və ödənişi sübut edən heç bir sənəd təqdim olunmamışdır. Əksinə, 1992-ci ildə Cəmiyyət tərəfindən birtərəfli qaydada müqaviləyə xitam verilmişdir. İddiaçının kassasiya şikayətində göstərdiyi əsas iddialar, xüsusilə onun səhmdar olduğu və mülkiyyət hüququnun pozulduğu barədə fikirləri hüquqi və sübut baxımından əsassızdır. İddiaçı 35 ildən sonra bu hüquqları iddia etməyə çalışmış, lakin bu dövr ərzində nə ümumi yığıncaqlarda iştirak etmiş, nə də dividend almışdır. Əgər iddiaçının dedikləri doğru olsaydı, o halda bu müddət ərzində səhmdar kimi hüquqlardan istifadə etmiş olardı. Digər tərəfdən, Cavabdeh Səhmdar Cəmiyyəti təşkilati-hüquqi formasını dəyişərək MMC-yə çevrilmiş və hüquqi varis olaraq bütün hüquq və öhdəliklər ona keçmişdir. Lakin bu dəyişiklik də iddiaçının hüquqlarını yenidən bərpa etməmişdir, çünki ilkin müqavilə öhdəlikləri yerinə yetirilməmişdir. Həmçinin, tərəflər arasında mövcud olmuş hüquq münasibətləri 1990-cı ildə yaranmış və Azərbaycan Respublikasının 1964-cü il tarixli Mülki Məcəlləsinin müddəalarına əsasən tənzimlənməlidir. Kassasiya baxışının hədləri
19. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasını n 1964-cü il 11 sentyabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
73. Ümumi iddia müddətləri Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir.” “Maddə
77. İddia müddətinin tətbiq edilməsinin məcburiliyi İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur.” “Maddə
78. İddia müddəti axımının başlanğıcı İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilmə li olduğu gündən əmələ gəlir.” “Maddə
82. İddia müddətinin keçməsinin nəticələri İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır.”
21. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
7. Mülki qanunvericiliyin zamana görə qüvvəsi 7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər.” “Maddə
997. Qiymətli kağızların növləri 997.1. Qiymətli kağızlara istiqraz, səhm, veksel, depozitar qəbzi, investisiya fond payı, girov kağızı, ipoteka kağızı və daşınmaz əmlak sertifikatı aiddir. 997.2. İstiqrazlar və səhmlər investisiya qiymətli kağızlarıdır. İnvestisiya qiymətli kağızları buraxılışlarla yerləşdirilir və qiymətli kağızların əldə edilməsi vaxtından asılı ol mayaraq bir buraxılış daxilində hüquqların həyata keçirilməsinin həcmi və müddəti eyni olan qiymətli kağızlardır. Qiymətli kağızların buraxılışı emitentin qiymətli kağızların bir növünə aid olan və eyni dövlət qeydiyyat nömrəsi olan qiymətli kağızlarının toplusudur. İnvestisiya qiymətli kağızları sənədsiz olmaqla adlı formada buraxılır. İnvestisiya qiymətli kağızlarının emissiyası qaydası “Qiymətli kağızlar bazarı haqqında”Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur.” “Maddə 1077. Səhm anlayışı və onun məzmunu 1077.1. Səhm mülkiyyətçisinin həmin səhmin nominal dəyərinə mütənasib surətdə səhmi buraxmış səhmdar cəmiyyətinin nizamnamə kapitalında iştirakını, mənfəətindən dividendlər, ləğvindən sonra isə qalan əmlakının hissəsini almaq hüququnu, həmçinin səhmdar cəmiyyətinin idarə olu nmasında iştirak etmək hüququnu təsdiqləyən investisiya qiymətli kağızıdır. Səhmin emitenti yalnız səhmdar cəmiyyəti ola bilər. 1077.2. Səhm adi və ya imtiyazlı növündə buraxıla bilər. Səhmin nominal dəyəri səhmin dəyərinin cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş pul ifadəsidir. Səhmlərin nominal dəyəri Azərbaycan Respublikasının milli valyutası ilə ifadə olunur. Səhmlərin nominal dəyərindən aşağı qiymətlə ilkin yerləşdirilməsinə yol verilmir. 1077.3. Adi səhmlərin hər biri eyni nominal dəyərli olmaqla onun mülkiyyətçisinə eyni həcmdə hüquqlar verir. 1077.4. İmtiyazlı səhmlərin bir buraxılışı daxilində hər biri eyni nominal dəyərli olmaqla onun mülkiyyətçisinə eyni həcmdə hüquqlar verir. 1077.5. Adi səhm mülkiyyətçisinə emitentin mənfəətinin bir hissəsini dividendlər şəklində almaq, emi tentin fəaliyyətinin idarə olunmasında iştirak etmək və emitentin ləğvindən sonra qalan əmlakının bir hissəsini əldə etmək hüququnu verən səhm növüdür. 1077.6. İmtiyazlı səhm emitentin fəaliyyətinin nəticəsindən asılı olmayaraq, mülkiyyətçisinə səhmin nominal dəyərinin sabit faizi şəklində dividend almasına təminat verən, emitentin ləğvindən sonra qalan əmlakının bir hissəsini almaqda digər səhmdarlara nisbətən üstünlük hüququnu, habelə səhmlərin buraxılış şərtlərində və emitentin nizamnaməsində nəzərdə tutulan digər hüquqlar verən səhm növüdür. 22. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
6. İnvestisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatına alınması, emissiya prospektinin və informa siya memorandumunun təsdiq edilməsi 6.1. İnvestisiya qiymətli kağızlarının buraxılışını Mərkəzi Bank dövlət qeydiyyatına alır.”
23. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.” “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uy ğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcüd deyildir.
25. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 4 18.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
26. Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.
27. Belə ki, kassasiya şikayətində həmin maddələrin tələblərinin pozulmasının nədən ibarət olmasına dair aydın şəkildə izah verilməmişdir.
28. Həmin maddələrin tələblərinin pozulmasının işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi, habelə eyni əsaslandırma ilə kassasiya şikayətində qeyd edilən prosessual hüqun normalarının pozulması barədə dəlillər isə əsassızdır.
29. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəm iyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
30. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması na, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
31. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələ rinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.
32. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulmasına yol verməmişdir.
33. Hazırki iş üzrə MM-in 384.0.4-cü maddəsinin tətbiq edilməsi ilə bağlı qeyd edilir ki, MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zama n qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
34. Məhkəmə tərəfindən də müəyyən edilmişdir ki, tərəflər arasında olan mübahisəli hüquq münasibəti 1990-cı il 19 may tarixli 15 nömrəli səhm qeydiyyatı haqqında müqavilə əsasında yaranmışdır.
35. Ona görə də, hazırkı mübahisə üzrə xx.xx.2000-ci il tarixdə qüvvəyə minmiş MMin 384.0.4-cü maddəsi tətbiq edilə bilməz.
36. Hazırda qüvvədə olan MM-in müddəalarının iddiaçının vəziyyətinin yaxşılaşdırılması və ona görə də mübahisəyə tətbiq edilməsinin mümkünlüyü ilə bağlı dəlillərə dair qeyd edilir ki, MM-in 7.2-ci maddəsinin tələblərinə görə qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər.
37. Hazırda qüvvədə olan MM-də isə onun müddəalarının qüvvəyə mindiyi tarixdən əvvəlki münasibətlərə tətbiq edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır.
38. Tərəflər arasında olan münasibətlərin davamlı xarakter daşımasına görə mübahisəyə hazırda qüvvədə olan qanunvericiliyin tətbiq edilməsi barədə dəlillərə dair qeyd edilir ki, iddiaçının bu dəlilləri qəbul edilsə belə onun iddia tələbləri müqavilədən yaranan tələblər kimi deyil, əldə etdiyi səhmlərə əsasən yarandığı mülkiyyət hüquqlarının müdafiəsi haqqında tələblər kimi qiymətləndirilə bilməz.
39. Belə ki, MM-in 997.1, 997.2-ci maddələri və “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 6.1-ci maddəsinin tələblərinə görə investisiya qiymətli kağızlar hesab olunan səhmlərin buraxılışı dövlət qeydiyyatına alınmalı və yalnız bundan sonra səhmi əldə edən şəxs onun mülkiyyətçi si hesab olunur və MM-in 1077-ci maddəsində nəzərdə tutulmuş hüquqlardan istifadə etmək hüququnu əldə edir. İddiaçının istinad etdiyi səhmlər isə dövlət qeydiyyatına alınmamışdır.
40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
41. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 4 ma rt tarixli 2-2(105)-24/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi gündən qüvvəyə minir.