Məhkəmə qərarları › İş №2-2(102)-626/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-626/2023

27.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-626/2023 27.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İlkin iddia üzrə iddiaçı “X2” MMC-nin Cavabdeh MMC-yə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh “X2” MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: Vəsatətin təmin edilməməsinə dair məhkəmə qərardadından verilmiş şikayətə apellyasiya qaydasında baxılmasının qeyri mümkün olması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə ilkin iddia üzrə iddiaçı “X2” MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh “X2” MMC-yə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 8 sentyabr tarixli 22(103)-866/2023 saylı qərardadından Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı “X2” MMC ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək müqavilə üzrə ödənilməmiş 88.736 manat borcun Cavabdeh MMC-dən alınaraq “X2” MMC ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Eyni zamanda Cavabdeh MMC qaşılıqlı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək “X2 MMC-dən 43.712,26 manatın Cavabdeh MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Cavabdeh MMC-ni n nümayəndəsi və vəkili məhkəmə hazırlıq iclasında vəsatətlə (ilkin iddiaya etiraz) müraciət etmişdir.

4. Vəsatətdə(ilkin iddiaya etiraz) 3 bənd nəzərdə tutulmuş və aşağıdakılar xahiş edilmişdir. İ) Arbitraj qeyd-şərti nəzərə alınaraq, tərəflər arasında mübahisənin münsiflər məhkəməsində baxılması üçün müqavilə bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad çıxarılması; İİ) İ bənddəki etiraz təmin edilməzsə məhkəmə tərəfindən iş Almaniya Federativ Respublikasının Wiesbaden Rayon Məhkəməsinə baxılmağa verilməsi; İİİ) Etirazın İ və İİ bəndlərindəki prosessual məsələlər təmin edilməzsə, məhkəmə tərəfindən Almaniya Federativ Respublikasının hüququn un tətbiq edilməsi üçün bütün zəruri tədbirlərin görülməsi;

5. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 25 iyul tarixli, e-2-2(113)-2909/2023 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir (hakim-A.Əliyeva).

6. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, «Railistics GmbH, “X2» MMC və "xxxx" QSC arasında “Dəmir yolu infrastrukturunun saxlanılması üzrə Əməliyyat Planının hazırlanması” layihəsi üzrə AFD/CS/QCBS/S2/2019-1 №-li müqavilə imzalanmışdır. Həmin müqavilənin 49.1-ci maddəsində isə danışıqlar yolu ilə həll edilə bilməyən mübahisələrin arbitraj qaydasında həlli razılaşdırılmışdır. "xxxx" QSC arasında “Dəmir yolu infrastrukturunun saxlanılması üzrə Əməliyyat Planının hazırlanması” layihəsi üzrə AFD/CS/QCBS/S2/2019-1 №-li müqavilənin tərəfi Railistics GmbH-dır. Ha zırda tərəflər arasında olan mübahisə xx.xx.2021 tarixli müqavilədən irəli gəlir və həmin müqavilə şərtlərində mübahisələrin həlli yolu kimi arbitraj nəzərdə tutulmamışdır.

7. X3 Respublikasının Wiesbaden rayon Məhkəməsinə baxılmağa verilməsi və etirazın 1 və 2-ci bəndlərindəki prosessual məsələlər təmin edilməzsə, məhkəmə tərəfindən Almaniya Federativ Respublikasının hüququnun tətbiq edilməsi üçün bütün zəruri tədbirlər görülməsi ilə bağlı vəsatətə münasibətdə məhkəmə bildirmişdir ki, vəsatət əsassızdır və təmin edilməməlidir. Belə ki, 01 dekabr 2021-ci il tarixli "xxxx" X1 tərəfləri hüquqi ünvanı Almaniya Federativ Respublikası olan Railistics GmbH, hüquqi ünvanları Azərbaycan olan Cavabdeh MMC və İddiaçı MMC-dir və ilkin iddia bu müqaviədən irəli gələn tələb üzrə Cavabdeh MMCyə qarşı ir əli sürülmüşdür. Cavabdeh MMC və İddiaçı MMC Azərbaycan Respublikası qanunları ilə müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, hüquqi ünvanları Azərbaycan Respublikası olan hüquqi şəxslərdir.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəyə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MPM-in 35.1, 35.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

10. Cavabdeh MMC tərəfindən həmin qərardaddan şikayət ve rilmiş, arbitraj qeydşərti nəzərə alınaraq, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad çıxarılması, əks halda, məhkəmə tərəfindən X3 Respublikasının Wiesbaden Rayon Məhkəməsinə baxılmağa verilməsi, əks halda, ərizəyə məhkəmə qaydasında (Azərbaycan Respublikası məhkəmələri tərəfindən) və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 153.2.1-ci maddəsinə uyğun olaraq iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbulundan imtina edilməsi xahiş edilmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 17 avqust tarixli, e-2-2(113)2909/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir (hakim A.Əliyeva). b) Ap ellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 8 sentyabr tarixli, 2-2(103)-866/2023 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 2023cü il 25 iyul tarixli, e-2-2(113)-2909/2023 saylı qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər F.Qasımov və X.Sarıyev).

13. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırda mübahisələndirilən qərardadla mahiyyəti üzrə 3 məzmunda olan vəsatət (bax yuxarıda bu qərarın 5-ci bəndi) rədd edilmişdir.

14. MPM-nin 267.1, 395.1, 395.1.1, 395.1.2 və 395.2-ci maddələrinin tələbləri baxımından məhkəmənin yalnız ayrıca akt şəklində qəbul etdiyi qəra rdadlardan şikayət verilə bilər. Həmin qərardadlardan isə iki halda şikayət verilə bilər. Birinci halda şikayət verilmə imkanı MPM-də göstərilməli, ikinci halda isə məhkəmə qərardadı işin sonrakı hərəkətinə mane olmalıdır. Digər qərardadlardan şikayət verilə bilməz və işdə iştirak edən şəxslər qərardada dair etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər.

15. Hazırda mübahisələndirilən qərardaddan şikayət verilə bilməz. Çünki MPM-də iddia ərizəsinin baxılmamış saxlanılması barədə vəsatətin rədd edilməsi ilə əlaqədar qəbul edilmiş qərardaddan şikayət verilməsi nəzərdə tutulmamış, eyni zamanda bu növ qərardadlar işin sonrakı hərəkətinə mane olmur.

16. Həmçinin qanunvericilikdə X3 Respublikasının Wiesbaden rayon Məhkəməsinə baxılmağa verilməsi haqqında vəsatətin rədd edilməsi ilə b ağlı qəbul edilmiş qərardaddan da şikayət verilə bilməz. Belə ki, mülki prosessual qanunvericilikdə işin ərazi aidiyyatı üzrə başqa ölkənin məhkəməsinə göndərilməsi ilə bağlı hər hansı institut mövcud deyildir. Bu məzmunda vəsatət isə mahiyyət etibarı ilə iş üzrə icraata xitam verilməsi mənasını daşıyır.Çünki işə Azərbaycan məhkəmələrində deyil, xarici dövlətin məhkəməsində baxılmalıdırsa, MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.

17. Ona görə də, cavabdehin vəsatətindəki 2-ci tələb iş üzrə icraata xitam verilməsi ilə bağlı olmuşdur.

18. Lakin MPM-də iş üzrə icraata xitam verilməsi barədə vəsatətin rədd edilməsi ilə əlaqədar qəbul edilmiş qərardaddan da şikayət verilməsi nəzərdə tutulmamış, eyni zamanda bu növ qərardadlar işin sonrakı hərəkətinə mane olmur.

19. Məhkəmə tərəfindən Almaniya Federativ Respublikasının hüququnun tətbiq edilməsi üçün bütün zəruri tədbirlər görülməsi ilə bağlı vəsatətə isə ümumiyyətlə ayrıca qərardad qəbul edilməsinə zərurət olmamış və bu vəsatətin istər təmin, istərsə də rədd edilməsi ilə bağlı qəbul edilmiş qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

20. MPM-in 366.1 və 366.2-ci maddələrinin tələblərinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.Bundan başqa MPM-in 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş forma da verilməlidir.

21. Lakin cavabdeh prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, şikayəti həmin formaya da uyğun tərtib etməmişdir.

22. MPM-in 363.1 və 363.1.1-1-ci maddələrində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti bu məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MPM-in 261.0.1, 267.1, 363.1, 363.1.1-1, 366.1, 366.2, 395.1.1, 395.1.2, 395.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

24. Cavabdeh Railistics MMC tərəfindən həmin qərardaddan verilmiş kassasiya şikayətində qərardadın ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətlər inin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

25. Mülki Prosessual Məcəllənin 264.0.7, 269.3, 397.1, 397.2, 398-ci maddələri pozulmuşdur- MPM-in 264.0.7-ci maddəsinə əsasən ayrıca akt şəklində qəbul edilən qərardadda qərardaddan şikayət verilə bilərsə, şikayət vermə qaydası və müddəti göstərilməlidir. Birinci instansiya məhkəməsinin 2023-cü il 25 iyul tarixli, e-2-2(113)-2909/2023 nömrəli qərardadında şikayət verilməsi qaydası və müddəti göstərilmişdir. Bu o deməkdir ki, həmin qərardaddan şikayət verilə bilər və şikayətə baxılması mümkündür. Birinci instansiya məhkəməsi şikayəti təmin etmədiyindən MPM-in 269.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Bu tələb MPM-in 397.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Bundan başqa apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi, MPM-in 41ci fəslində yer alan 366-cı maddəsi (apellyasiya mümkünlüyünün yoxlanılması) bu halda tətbiq oluna bilməz. Belə ki, bu halda apellyasiya məhkəməsi tərəfindən MPM-in 42-ci fəslinin müddəaları tətbiq oluna bilərdi. Həmin fəsil qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından şikayət verilməsini tənzimləyir. Bu, MPM-in 395.1-ci maddəsindən də aydın olur. Həmin fəsildə isə apellyasiya məhkəməsinin şikayətin mümkünlüyünü yoxlamaq, eləcə də şikayətə baxılmasının qeyri-mümkün olması haqda qərardad qəbul etmək səlahiyyəti nəzərdə tutulmayıb. Belə ki, MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında b axır. MPM-in 398-ci maddəsində isə apellyasiya məhkəməsinin bu halda səlahiyyətləri müəyyən olunub. Qeyd olunan normaların tələbləri bğaxımından apellyasiya məhkəməsi qətnamədən ayrılıqda qərardaddan verilmiş şikayətə baxılmasını qeyri-mümkün hesab edərək işi birinci instansiya məhkəməsinə göndərə bilməz.

26. MPM-nin 32.4, 32.5-ci maddələri pozulmuşdur- MPM-in məhkəmə aidiyyəti məsələlərini tənzimləyən 3-cü fəslində yer alan 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. MPM-in 29-cu maddəsinə əsasən məhkəməyə aid olan mübahisə qanunla, beynəlxalq müqavilə lərlə və ya tərəflərin sazişi ilə nəzərdə tutulan hallarda, işdə iştirak edən şəxslərin yazılı razılığı ilə münsiflər məhkəməsinin həllinə verilə bilər. MPM-də münsiflər məhkəməsi deyilərkən arbitraj başa düşülür və münsiflər məhkəməsi ilə bağlı müddəalar arbitraj haqda məsələlərə tətbiq olunur. Bu, məhkəmə təcrübəsində də əksini tapmışdır (Ali Məhkəmənin 2022-ci il 23 fevral tarixli, 2-2(102)-3/2022 №-li qərarının 30-32-ci bəndləri). Beləliklə, arbitraj qeyd-şərti və işə Azərbaycan Respublikası məhkəmələrində baxılması barədə məsələlər həm də aidiyyət barəsindədir. MPM-in 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. MPM-in 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Bundan başqa MPM-in 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı(verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Beləliklə, Bakı Kommersiya Məhkəməsinin qərardadından arbitraj qeyd-şərti, X3 Respublikasının Wiesbaden Rayon Məhkəməsinə baxılmağa verilməsi, eləcə də işə məhkəmə qaydasında (Azərbaycan Respublikasının məhkəmələrində) baxılmamalı olması ilə bağlı hissələrdə şikayət verilməsi mümkündür. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya şikayətinin hədləri

28. MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tət biq edilən hüquq

30. Azərbaycan Respublikası müddəalarında aşağıdakılar nəzərdə tutulur: Mülki Prosessual Məcəlləsinin müvafiq “Maddə

261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə...” “Maddə

267. Qərardadlardan şikayət verilməsi 267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər....” “Maddə

363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə...” “Maddə

366. Apellyasiya mümkünlüyünün yoxlanılması 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər....” “Maddə

395. Birinci instansiya məhkəmələrinin qərardadlarından şikayət vermək hüququ 395.1. İşdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. 395.2. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi)

32. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini mübahisələndirilən qərardadın ləğvi üçün əsas hesab etmir və apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mülki prosessual qanunvericilik şikayət verilməsi mümkün olan qərardadların dairəsini müəyyən etmişdir. Mülki Prosessual Məcəllədə cavabdeh tərəfindən işə birinci instansiya qaydasında baxılarkən verilmiş, sözügedən məzmunda vəsatətin təmin edilməməsinə dair (məzmunu üçün bax yuxarıda bu qərarın 5-ci bəndi) qərardaddan şikayətin verilməsi nəzərdə tutulmamışdır.

33. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin, birinci instansiya məhkəməsinin şikayət verilməsi qanunla nəzərdə tutulmayan qərardadından verdiyi şikayətin qeyri mümkün sayılması MPM-nin 366-cı maddəsinin tələblərinə uyğun olmuşdur.

34. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən həmçinin onu nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən, birinci instansiya məhkəməsinin iş üzrə 2023-cü il 25 iyul tarixli qərardadından verilmiş şikayətin apellyasiya qaydasında baxılmasının qeyri-mümkün olması, MPM-nin müvafiq normalarına istinad edilməklə, cavabdehin vəsatətində qaldırdığı hər bir məsələ üzrə qiymətləndirmə aparılmaqla əsaslandırılmış və bu zaman hər hansı prosessual hüquq normasının pozuntusuna yol verilməmişdir. Kollegiya həmin qiymətləndirmənin (bax yuxarıda bu qərarın 14-23-cü bəndləri) təkrar qeyd edilməsinə zərurət görmür və kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.

35. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından qərardadı dəyişdirilmədən saxlanılmalı, cavabdehin kassasiya şikayəti isə təmin edilməməlidir.

36. Məhkəmə kollegiyası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 8 sentyabr tarixli, 2-2(103)-866/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov V.T.Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar